19 Kasım 2017 Pazar

Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi?

Müxalifətin bundan yararlanması mümkündürmü? 

Ölkədə növbəti prezident seçkiləri ilə bağlı geniş müzakirələr müşahidə edilməsə də, ictimai rəyin öyrənilməsi və gələcək qərarların qəbulu istiqamətdə hərdən ötəri fikirlərə rast gəlirik. Son vaxtlar bu mövzuda medianın çoxsaylı suallarına verdiyim ümumiləşmiş cavabları müzakirənizə təqdim edirəm.

Seçki nə zaman keçiriləcək? 

26 sentyabr 2016-cı il Konstitusiya dəyişikliyindən sonra bu barədə birmənalı fikir demək çətinləşib. Konstitusiyada heç bir keçid maddələrinin olmaması və hakimiyyətin Konstitusiyaya və qanunlara münasibətinin təhlili göstərir ki, onun hansı qərarı verəcəyi qeyri-müəyyəndir. Yerli və beynəlxalq situasiyanın uyğunluğu, habelə hakimiyyətin psixoloji ovqatı da bu məsələdə ciddi rol oynaya bilər. Prezidentlik müddətinin 7 il olmasını əsas tutub, 2018-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulan seçkini 2020-ci ilə də ertələyə bilərlər, günü sabah da keçirə bilərlər. Bu məsələdə həlledici amil hakimiyyətin siyasi iradəsidir. Hələlik nə cəmiyyətimiz, nə də beynəlxalq ictimaiyyət hakimiyyətin siyasi qərarını durdurmağa qadirdir. İqtidar özü üçün uyğun olan nədirsə, onu da tətbiq edəcək. 

Müxalifətin seçkidə iştirakı, yoxsa boykotu faydalıdır?

Ölkəmizdə azad seçki sistemi tamamilə sıradan çıxarılıb. Seçkinin yalnız adı və onun ətrafında bayağı imitasiya qalıb. İstənilən peşəkar müşahidəçilər seçkilərin bir siyasi vasitə kimi artıq mövcud olmadığını təsdiq edər. Odur ki "seçki”lərdə "iştirak” və ya "boykot” kimi çağırışlara mümkün qədər reaksiya verməməyə çalışıram. Olmayan bir şeyi necə boykot etmək və ya onun iştirakçısı olmaq olar? Bunlar hələlik dəyişməyə gücümüz çatmayan reallıqlardır və mübarizə müstəvisi olmayan yerdə nəyin uğrunda mübarizə aparılacağını anlaya bilmirəm. İndidən "seçki”də iştirakın, yoxsa boykotun faydalı olacağını birmənalı demək də mümkün deyil. Hər birinin özünəməxsus üstünlükləri və zərərləri var. Məncə, iddialı qüvvələr cəmiyyətəki siyasi mövqeyinə uyğun qərar verməli və bir-birinin qərarlarını təftiş etmədən öz strategiyalarını həyata keçirməlidirlər. 

 "Seçki”də iştirak hansı siyasi nəticə doğura bilər? 

Hazırkı siyasi şəraitdə iqtidar namizədindən başqa digər namizədlərin niyə "seçki”yə qoşulduqlarının səbəbləri cəmiyyətə aydın izah edilməlidir. Onlar özlərinə, təşkilatlarına və cəmiyyətə nə qazandırmaq  niyyətindədirlər? Bu sualların əksəriyyət tərəfindən qəbul edilən aydın cavabları indidən hazır olmalıdır:
- Qalib gələrək prezidentlik postuna sahib olmaq?
- Hakimiyyətin daxili və xarici siyasətini televiziya efirindən tənqid etmək?
- Hakimiyyətin qanuna zidd əməllərini ifşa etmək?
- Hakimiyyətin seçkiləri saxtalaşdırdığını dünyaya sübut etmək?
- Müxalifətin və ya özünün mövcudluğunu cəmiyyətə göstərmək?
- Təşkilatlanmaq fürsəti kimi yararlanmaq?
- Siyasi sabitliyi pozmaqla yeni situasiya yaratmaq?

Gəlin birlikdə bu suallara cavab axtaraq. Mövcud siyasi şəraitdə və seçki konyukturasında qalib gələrək prezident seçiləcəyini düşünən müxalif namizədin olacağını təsəvvür edə bilmirəm. Əgər belə bir şəxs varsa, bu, möcüzə olar. Hər halda ciddi şəxslər arasından belə birinin çıxacağını zənn etmirəm. Çünki ölkədə seçki olmadığını onların hər birinin daha yaxşı bildiyi qənaətindəyəm.  

Hakimiyyətin daxili və xarici siyasətini tənqid etmək, onun qanunazidd əməllərini ifşa etmək üçün də namizəd olmağa gərək yoxdur. Sosial şəbəkələrdə və sosial mediada, habelə mitinqlərdə siyasətçilərin bunu mütəmadi etmək imkanı var. Hakimiyyətin seçkiləri saxtalaşdırdığını dünyaya sübut etmək kimi iddialar da yumşaq desək, gülüş doğurur. 2013-cü il seçkisində ATƏT-in müvafiq qurumları seçkinin 58% saxtalaşdırıldığını bəyan etdi. Guya 2018-ci ildə bu rəqəm 68% olsa, nə dəyişəcək ki? Belə bir məqsəd naminə "seçki”yə qatılıb əhaliyə müsbət nə isə qazandırmaq çətindir. Əgər MSK imkan yaradarsa, televiziya çıxışları ilə müxalifətin mövcudluğunu cəmiyyətə göstərmək də qalıcı siyasi nəticə doğurmayacaq. 

"Seçki”dən heç təşkilatlanmaq fürsəti kimi yararlanmaq da mümkün deyil. İndi təşkilatlanmanın bu vasitə ilə uğurlu olacağını düşünmək çox qeyri-peşəkar yanaşma olar. Ölkəmizdə təşkilatlanmanın fərqli yollarından istifadə edilməlidir. İnanmıram cəmiyyətdə siyasi sabitliyin pozulmasını kimsə arzulasın. Bu, hər kəsə zərər verə bilən bir proses deməkdir. Həm də siyasi sabitliyin pozulmasını şərtləndirən amilləri hərəkətə gətirəcək resurslar müxalifətin əlində deyil. Deməli, namizədlərin öz təşkilatlarına və cəmiyyətə nə qazandıracaqları ilə bağlı suala müsbət cavab yoxdur. Özlərinə nə qazandıracaqlarının cavabını isə özlərindən eşitmək yaxşı olar. 

 "Seçki”ni boykot etmək hansı siyasi nəticə doğura bilər?

Boykotun da doğuracağı ciddi siyasi nəticələrdən danışmağın çətin olduğunu qəbul etməklə yanaşı, həm də özümüzə sual verək ki, boykot etməkdə məqsədimiz nədir? Təqribən aşağıdakı suallara birlikdə cavab tapmağa çalışaq:

- Seçiciləri "seçki”də iştirakdan çəkindirməklə ”seçki”nin baş tutmamasına və legitimlik problemi yaradaraq nəticələrin beynəlxalq aləmdə tanınmamasına nail olmaq?
- Ölkədə demokratik seçki olmadığını beynəlxalq aləmə göstərmək və onlardan demokratik islahatlar üçün təsirli dəstək almaq?
- Hakimiyyətə siyasi təzyiq edib demokratik seçkiyə məcbur etmək?
- Cəmiyyəti boykot ideyası ətrafında səfərbər edib, ölkəboyu "Seçki Hərəkatı”na siyasi zəmin yaratmaq? 
- Hakimiyyətin təklif etdiyi aşağılayıcı siyasi müstəvidən imtina edərək kənarda hərəkat yaratmaq? 

Öncə qeyd edək ki "Mütləq səs çoxluqlu” mojaritar seçki sistemində boykotun nəzəri baxımdan siyasi nəticə doğurması mümkün olsa da, praktik olaraq buna nail olmaq üçün çox nəhəng təşkilati resurslar lazımdır. Sovet hakimiyyəti zamanında və müstəqilliyin ilk illərində ölkəmizdə "Mütləq səs çoxluqlu” mojaritar seçki sistemi tətbiq edilsə də, sonradan bu qayda tamamilə dəyişdirildi və hazırda "Nisbi səs çoxluqlu” seçki sistemi tətbiq edilir.  

"Nisbi səs çoxluqlu” mojaritar seçki sistemində isə boykotun hüquqi nəticə doğurması ümumiyyətlə mümkün deyil. Çünki ölkənin seçki qanunvericiliyində seçicinin iştirakının minimum həddi nəzərdə tutulmayıb. Seçkidə seçicinin ən aşağı faizi iştirak etsə belə, seçki baş tutmuş sayılır və hakimiyyət üçün legitimlik problemi yaranmır. 

Boykot etməklə beynəlxalq birliyin diqqətinin ölkəmizdəki antidemokratik seçkiyə cəlb olunacağına və bu yolla onlardan demokratik islahatlar üçün təsirli dəstək alınacağına ümid etmək də vaxt itkisidir. Bunun təfərrüatlarına toxunmaq istəmirəm.

Cəmiyyətin indiki zəif durumunda hakimiyyətə siyasi təzyiq göstərib demokratik seçkiyə məcbur etmək də real deyil. Bunun üçün yerli və beynəlxalq şərtlər hələlik uyğun görünmür. Boykot ideyasını cəlbedici edən yeganə amil bu ola bilər ki, cəmiyyəti tədricən "boykot ideyası” ətrafında səfərbər edib, ölkəboyu "Seçki Hərəkatı”na və ya başqa bir ümumxalq hərəkatına siyasi zəmin yaradılsın. Onu da qeyd edək ki, "seçki”ni boykot etmədən də bu istiqamətdə müəyyən addımlar atıla bilər və belə təşəbbüslər müşahidə edilməkdədir.

Müxalifətin seçkiyə "vahid namizəd”lə qatılmasına zərurət varmı?

Müxalifət adına iddialı qurumların sayı bilərəkdən hökumət tərəfindən süni şəkildə çox şişirdilib. Məqsəd cəmiyyətin məlumatsız kəsiminin fikirlərini qarışdırmaq, müxalif düşərgənin guya çox dağınıq olması görüntüsünü yaratmaqdır. Hətta bu imitasiyaya aludə olan bəzi qüvvələr də özlərinin müxalifət olduqlarına ciddi şəkildə inanmağa başlayıblar. İstənilən şəxs öz imkanları ilə hakimiyyətə müxalifətdə olan qurumların monitorinqini aparsa, o zaman görəcək ki, bu düşərgədə hər kəsin bəlli yeri var. Hakimiyyət müxalifəti nə qədər çoxbaşlı və rəngarəng göstərməyə cəhd etsə də, bu istəyi beynəlxalq müstəvidə ciddi qəbul edilmir. Yerli və xarici peşəkar müşahidəçilər müxalifət kimi fəaliyyəti görünən çox az qurumun adını çəkə bilər. Belə bir dar çərçivədə seçim etmək isə elə də çətin deyil. 

Məncə, müxalifət üçün "vahid namizəd” anlayışı və onun ətrafında müzakirələr artıq dəfələrlə yaşanmış təcrübədir. Cəmiyyətin narazı kəsimini bu "düstur”la səfərbər etmək mümkün deyil və indiki situasiyada həm də zərərlidir. Hazırkı siyasi şəraitdə "vahid namizəd” ideyası ətrafında müzakirələr müxalifətdən çox iqtidara lazımdır. Diqqət etsəniz, kiçik istisnalarla bu barədə ən çox tezislər məhz iqtidara yaxın şəxslər və qurumlar tərəfindən mütəmadi gündəmə çıxarılır. Real gücü olan müxalifət qurumları belə diskussiyalarda demək olar ki, həvəsli görünmür. 

Hər seçki öncəsi bir sual yaranır, "vahid namizəd” müxalifətə nə üçün lazımdır?  Bu amil əgər seçkidə iqtidara qalib gəlməyə yardım edən əsas faktor kimi qəbul edilirsə, indiki situasiyada bunun heç bir əhəmiyyəti yoxdur. Çünki həm seçki bir prosedur kimi sıradan çıxarılıb və yox sayıla bilər, həm də əksəriyyət seçkidə müxalifət namizədinin seçicidən səs almaq problemi də olmayıb. "Vahid namizəd” oldu və ya olmadı, müxalifət namizədi seçicidən dəstək ala bilir. Bunu müxalif namizədlər özləri də dəfələrlə iddia ediblər. 

Ancaq müxalifət heç vaxt seçicidən aldığı səslərin sonradan saxtalaşdırılmasının qarşısını ala bilməyib. Problem də məhz bundadır. Cəmiyyət məhz bu səbəbə görə "seçki”ni faktiki olaraq boykot edib, çünki hər dəfə müxalifətin çağırışlarına inanıb və onlara səs versə də, sonda  nəticəsini görə bilməyib. Öz səsini necə qoruya biləcəyini təsəvvür etməyən seçicidən belə bir şəraitdə hər dəfə səs istəmək və onu "seçki”yə çağırmaq yumşaq desək, istehza doğurur. Seçicini bu qədər avam hesab etmək olmaz. Namizədlər öncə nəticələri necə qoruyacağını müəyyən etməli, seçicini buna inandırmalı və yalnız bundan sonra iştirakın formasını müzakirəyə çıxarmalıdır.  

Yeri gəlmişkən, hazırda ölkəboyu sadə insanlar arasında bu istiqamətdə rəy sorğusu aparıq. İlkin nəticələrdən biri belədir ki, seçkidə iştirak etməyənlərin böyük əksəriyyəti məhz seçkiyə inanmadıqlarına görə səsverməyə getmirlər. 

"Vahid namizəd” kim ola bilər?

Öncəliklə, "vahid namizəd” məsələsini bu şərtlər altında əhəmiyyətli hesab etmirəm. Məncə, hakimiyyətə ən ciddi alternativ müxalif siyasətçini müxalifət qurumlarının müəyyən etməsi indi işə yaramayacaq və əlavə dağıdıcı mübahisələrə səbəb olacaq. Siyasi proseslərin dinamikasına uyğun şəkildə cəmiyyət belə bir namizədin kimliyini tədricən öz altşüurunda formalaşdıracaq. Onun üzə çıxarılmasının zamanını və formasını isə ənənəvi şəkildə təsəvvür etmirəm. Hazırda bu istiqamətdə müəyyən monitorinqlər aparırıq. Ancaq hələlik bu barədə danışmağın zamanı deyil. İndi sosial şəbəkələrdən tutmuş, canlı diskussiyalara qədər çox geniş bir analiz müstəvisi var. Obyektiv müşahidəsi olan ən ortabab siyasi düşüncəli şəxslər də bu tendensiyanı izləyə bilər. 

Məncə, bu seçkidə müxalifətin "vahid namizəd”lə deyil, çoxsaylı namizədlərlə qatılması da nəzərdən keçirilə bilər. Hətta müxalif namizədlər arasında qadın namizədlərin olması da çox yaxşı olar. Müxalifətin sıralarında hazırda qadın siyasətçilər çox olmasa da, yerli və beynəlxalq ictimaiyyətin yaxşı tanıdığı xüsusi seçilənləri var.     

Antidemokratik cəmiyyətlərdə hakimiyyətə müxalifətçilik təkcə sərt tənqidlə qazanılmır, həm də hakimiyyətin qarşı tərəfə sərt münasibətindən, təzyiqlərindən və repressiyalarından doğulur. Siyasi proses tədricən o qüvvəni və ya şəxsi narazı insanların önünə çıxarır. Siyasi liderlər anidən, hansısa fors-major situasiyada ortaya çıxarsa, onlar yalnız müvəqqəti funksiya daşıya bilir. Ancaq cəmiyyəti uzun müddət istiqamətləndirən liderlər elə cəmiyyətin gözlərinin önündə tədricən həzm edilərək ali məqama çatır. Qəbul etməliyik ki Azərbaycan ictimai-siyasi mühitinin əsas problemi liderlə və ya təşkilatla bağlı deyil, əhalinin əksəriyyətinin siyasi təfəkkürünün zəif olması ilə bağlıdır.  

Prezident seçkisi cəmiyyət üçün növbəti fürsət ola bilərmi? 

Seçkilər tam və ya qismən demokratik olan dövlətlərdə cəmiyyət üçün növbəti fürsət sayıla bilər. Ancaq azadlıqların əsasən boğulduğu dövlətlərdə seçki qətiyyən cəmiyyət üçün fürsət yarada bilməz. Mənim qənaətim belədir ki, nə əsas müxalifət, nə də müstəqil şəxslər seçkiyə növbəti fürsət kimi baxıb özlərini aldatmamalı və cəmiyyəti də bu istiqamətdə yersiz ümidləndirməməlidirlər.

Bu günün şərtləri ilə baxsaq, müxalifətin bu "seçki”dən hansısa formada yararlanması hələlik mümkünsüzdür. Dinc və kütləvi demokratik proseslər üçün cəmiyyətdə müəyyən hazırlıq işlərinin aparılması daha yaxşı olar. 

Son olaraq, Növbəti "seçki” iqtidar üçün çox önəmli bir fürsət ola bilər. Əgər ölkədəki və regiondakı durumu obyektiv analiz etsələr, bundan yararlana bilərlər. İqtidar düşərgəsində dərinləşməkdə olan mənəvi-psixoloji və iqtisadi-siyasi tənəzzülü dayandırmağın yalnız bir yolu var, o da siyasi sistemi köklü dəyişməkdir. Ancaq ənənəvi konyukturanın nəyin bahasına olursa-olsun qorunub saxlanması cəmiyyət üçün çox təhlükəli gələcək vəd edir.

19 noyabr 2017-ci il.

29 Eylül 2017 Cuma

ABŞ Konqresində Azərbaycan rəsmilərini hədəf alan qətnamə layihəsi ölkəmizə nə vəd edir?

ABŞ Konqresində Azərbaycan rəsmilərini hədəf alan qətnamənin təqdim olunması ölkəmizə nə vəd edir? Bu sanksiyalara səbəb nədir və nəticəsi nə olacaq? Bu kimi suallar ətrafında cəmiyyətin fəal kəsiminin maraqlı müzakirələrini nəzərə alıb fikirlərimi bölüşmək istəyirəm.
Öncə qeyd edim ki ölkəmizə qarşı hər hansı sanksiyanın tətbiqinin tərəfdarı olmasam da bəzən başqa yolun qalmadığını görəndə, məcburən onunla razılaşmalı oluruq. İstənilən məsələ dialoq və anlaşma ilə çözülmədikdə radikal addımların gündəmə gəlməsi qaçılmaz olur.
Layihədə yazılanları təkrarlamadan qısaca qeyd etməliyəm ki sənəd ölkədəki reallığı əsasən əks etdirir. Həm də indiyədək təklif olunanlardan daha geniş, əhatəli və çox sərt ifadələrlə seçilir. Qətnamə layihəsini təqdim edən nüfuzlu konqresmenlərdən birinin Respublikaçı, digərinin isə Demokrat partiyalasının nümayəndəsi olması da xüsusilə diqqət çəkən məsələlərdən biridir. Artıq bu layihə ilə bağlı hökumət təbliğatçılarının “erməni lobbisi” demaqogiyası da işə yaramayacaq. Layihənin giriş hissəsində “Azərbaycan Respublikasında qanunun aliliyinin möhkəmləndirilməsi və insan hüquqlarına hörmətlə yanaşmanın təmin edilməsi”, habelə “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti məqsədləri naminə” ifadəsi də ciddi strateji mesajlardan sayıla bilər.
Bu qətnaməni zəruri edən başlıca səbəblər nədir? Əlbətdə bu sualın cavablarını bir çox bucaqdan cavablandırmaq olar. Ancaq indiki halda Qətnamənin hansısa görünməyən səbəbdən doğması ilə bağlı “uzaqgörən”, “müdrik” nəticələr çıxarmağa kimsə çalışmasın. Burada insan hüquq və azadlıqlarının pozulmasından qaynaqlanan çox sadə və aydın görünən səbəblər var və konqresmenlər tərəfindən açıq şəkildə ifadə edilib. Bununla yanaşı son vaxtlar ciddi beynəlxalq tribunalarda Azərbaycandakı korrupsiya, hüquq pozmalar, total seçki saxtakarlığı, öhdəliklərin yerinə yetirilməməsi kimi davranışlar ciddi beynəlxalq qurumları və nüfuzlu qərb dövlətlərini real addımlar atmağa vadar edib.
Hazırda ölkəmizdə insan hüquq və azadlıqlarının durumu elə bir təhlükəli həddə çatıb ki, əgər kənardan təsirli müdaxilə olmasa yaxın gələcəkdə burada yaşamaq çox dözülməz olacaq. Sosial çətinliklərin məngənəsində sıxılan insanları bir tərəfdən də hüquqsuzluq tam çarəsiz hala salıb.
Heç bir təqsiri olmadığı halda düşüncəsinə görə fəal insanların qondarma ittihamlarla məhkum edilməsi ölkəmizdə adi hala çevrilib. Dövlətin bütün inzibati orqanları siyasi hakimiyyətin əlində nəhəng cəza aləti olaraq vətəndaşlar üzərində öz gücünü sınaqdan keçirir. Hüquq-mühafizə orqanlarının təcridxanalarında həyata keçirilən amansız işgəncələr, həbsxana divarları arasında məhkumların müəmmalı “intiharı”, cəzaçəkmə müəssisələrində orta əsrlərə aid edilən “çarmıxaçəkmə” əməliyyatları barədə tükürpədici xəbərlər yayılsa da heç bir məsul şəxsin cəzalandırılması hallarına rast gəlmirik. Sanki ölkədə repressiyalar dövlət siyasətinin məqsədyönlü elementinə çevrilib.
Pozulan hüquqlarını heç bir məhkəmə instansiyasında təmin edə bilməyən vətəndaşların çox cüzi hissəsi ya Avropa Məhkəməsinə üz tutur, ya da ölkəni həmişəlik tərk edir. Əli hər yerdən üzülən vətəndaşların əksəriyyəti isə hüquqsuzluqla barışaraq, qanunsuzluğa boyun əyərək ağır şərtlər altında yaşamağa məcbur olub. Əlində hər cür zor alətinə sahib olan və onu qıypınmadan insanlara tətbiq edən bir idarəetməni etiraf edək ki artıq daxili resurslarla durdurmaq, qanunsuz əməllərindən çəkindirmək müşkülə çevrilib. Görünən budur ki hökumət nəinki bu davranışından çəkinmək fikrindədir, əksinə etdiklərindən həzz almaqdadır.
Ölkə əhalisi sözün həqiqi mənasında çox böyük təhlükə ilə üz-üzədir və təəssüf ki bu təhlükəni öz gücü ilə dəf edəcəyinə də inamı sarsılıb. Hətta tez-tez qərbi, xüsusilə də ABŞ administrasiyasını qınayırlar ki hökumətin qanunsuz davranışlarına göz yumur, onu ruhlandırır və iş başında saxlamaqda maraqlıdır. Məqsədyönlü şəkildə qərbi gözdən salmaq istəyənlərlə yanaşı, belə bir halın mövcudluğuna səmimi şəkildə inanlar da az deyil.
Əgər belə bir qətnamə qəbul ediləcəksə, bu, ölkəmizə nə vəd edir? Son vaxtlar ABŞ administrasiyasının yanaşmasını incələyəndə sərt qərarların qəbul ediləcəyi barədə müəyyən qənaət yaranır. ABŞ kimi nüfuzlu bir dövlətdən belə addımın atılması Azərbaycan hökumətinin sonunun başlanğıcı ola bilər. Azərbaycan nə Rusiyadır, nə İrandır, nə də Şimali Koreyadır ki haqlı beynəlxalq təzyiqlərə duruş gətirə bilsin. Sanksiyaların psixoloji təsiri ilk növbədə sivil dünya ilə bütün diplomatik əlaqələrə çox mənfi təsir edəcək. Ölkənin ən ağrılı problemi olan Qarabağla bağlı çox ciddi siyasi-diplomatik zərbə alacağıq. İqtisadi sahədə də itkilərimiz qaçılmaz olacaq.
Ölkə daxilində isə yeni siyasi dövrün başlanğıcı kimi qəbul edilə bilər. İctimai-siyasi qurumların, fəal vətəndaşların, orta və kiçik sahibkarların hakimiyyət dəyişikliyinin mümkünlüyünə inamı artacaq. Hakimiyyət düşərgəsində çatlar dərinləşəcək və gizli şəkildə alternativ arayışları sürətlənəcək. Ağlı başında olan yüksək və orta məmur təbəqəsi gələcək aqibətini qarantiya altına almaq üçün müəyyən gizli addımlar atacaq. Çünki qanunsuzluq edən məmurların gələcəkdə çox ağır cəzalanması üçün beynəlxalq əsaslar yaranacaq.
Hökumət bu təzyiqlərdən doğru nəticə çıxaracaqmı? Əlbətdə bu suala da birmənalı müsbət cavab vermək çətindir. Hələlik hökumət Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun dili ilə qismən öz mövqeyini açıqlayıb. Beynəlxalq qurumlar hədələnir ki əgər bizə təzyiq etsəniz o zaman vətəndaşlarımızı daha çox əzəcəyik, daha amansız divan tutacağıq. Bu yanaşma onu göstərir ki hökumət sanksiyalardan çox narahatdır və onun siyasi nəticələrinin altında əziləcəyini anlayır. Ancaq hələlik geri addım atmağa da tərəddüd edir. Təcrübələrə əsaslansaq, hakimiyyət sərt davranışını artırdıqca, daha ağır duruma yuvarlanacaq və cəmiyyəti də təhlükəyə sürükləyəcək.
29 sentyabr 2017-ci il.

Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna baxış

Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumu Orta Şərqdə uzunmüddətdir hökm sürən qanlı qarşıdurmaların məntiqi nəticəsidir.
Burada iki əsas amilin həlledici təsirlərini qeyd etmək lazımdır. Birincisi, qlobal və regional güclərin Orta Şərqdə toqquşan strateji maraqlarının doğurduğu ziddiyyətlərdən yaranan tarixi şəraitdir. Xüsusilə də son 15 ildə bölgədəki diktatura rejimlərinin çöküşü ilə bağlı qərbin hərbi-siyasi həmləsi və regionun yenidən şəkilləndirilməsi ilə bağlı planlarının icrası belə bir durumu sürətlə yetişdirdi.
Sovetlər İttifaqı dağıldıqdan sonra ABŞ-ın xarici siyasətinin əsas öncəliklərdən biri məhz Orta Şərqdə yeni düzənin qurulmasını, idarəetmə rejimlərinin dəyişməsini hədəfləmişdi. Birbaşa hərbi müdaxilələrlə Əfqanıstanda və İraqda həyata keçirilən dəyişikliklər ABŞ-ın beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, ona qarşı nifrəti və düşmənçiliyi də artırmağa başladı. Odur ki ABŞ birbaşa müdaxilələrdən ciddi zərər gördüyünü nəzərə alıb, yeni siyasi xətt aparmağa məcbur oldu. Birbaşa müdaxilələr arxa plana keçdikdən sonra regionda “ərəb baharı” adlanan inqilablar, təriqət-məzhəb, milli-etnik qarşıdurmaların qızışdırılması və terror örgütlərinə geniş imkanlar yaradılması ilə bölgə nəhəng xaosa sürükləndi. Bölgənin bu durumunda kənardan gələn hər kəs özünü bölgə xalqlarına asanlıqla xilaskar kimi sırımaq fürsəti əldə etdilər. Bu gün təsadüfi deyil ki həm Rusiya, həm də ABŞ bölgə xalqlarının siyasi-hərbi qrupları arasında xilaskar kimi qəbul edilir. Kürdlər də bu ziddiyyətlərdən maksimum yararlanmağa çalışır.
İkincisi isə regionda tarixən mövcud olan iri dövlətlərin tərkibində konpakt yaşayan kürdlərin sürətli artımından qaynaqlanan sosial-siyasi proseslərdir. Kürdlərin ciddi demoqrafiq faktora çevrilməsi regionda maraqları olan beynəlxalq güclərin də diqqətindən yayınmırdı və bu faktordan siyasi məqsədlər üçün yararlanmaq istəyi son onillikdə getdikcə artırdı. Orta Şərqdə özünəməxsus spesfik maraqları olan kənar güclərin əksəriyyəti öz maraqlarının gələcək təminatçısı kimi kürd faktorundan yararlanmağa çalışırdı. Artıq “kürd məsələsi” iri dövlətlərin geosiyasətin əsas təsir riçaklarından birinə çevrilib.
Qərb dairələri əsasən müsəlman ərəblərin, farsların və türklərin əhatəsində müsəlman kürdlərdən istifadə edərək yeni strateji təhlükəsizlik platforması yaratmağı hədəfləyib. Orta Şərqdə müsəlman dövlətlərinin əhatəsində yəhudi dövləti olan İsrailin vasitəsilə uzunmüddətli sabitliyə və təhlükəsizliyə qarantiya azdır. Ancaq çoxmilyonlu müsəlman kürdlərin vasitəsilə regionda yeni platformanın yaradılması həm türklərə, həm farslara, həm də ərəblərə təsir riçaqları məqsədi ilə kənar güclər tərəfindən ən əlverişli variant kimi qəbul edilir və dəstəklənir. Qərb bu regionda bir-biri ilə ziddiyyətli durumda olan çoxsaylı kiçik dövlətlərin olmasında maraqlıdır və bu strategiyanı bacardığı qədər davam etdirməyə çalışacaq. Hətta Türkiyənin və İranın da belə bir aqibətlə üzləşməsində maraqlıdırlar. Bu baxımdan bölgədə Kürdüstan dövlətinin yaradılmasını hədəfləyən qüvvələr qanlı toqquşmaların dərinləşməsindən maksimum yararlanmağa çalışırlar. Kürdlərin siyasi-mədəni haqlar uğrunda mübarizəsi və öz müqəddəratını təyinetmə istəyi qərb üçün də bir fürsətə çevrilib.
Əslində Şimali İraqda bir neçə ildir ki faktiki olaraq idarəetmə Bərzaninin nəzarətindədir və burada bütün məsələlər onunla müzakirə edilir. İndi keçirilən referendum Bərzani yönətimini çətin sınaq qarşısında qoyacaq və qonşularla normal münasibətləri davam etmək çətinləşəcək. Həmçinin İraqın BMT-də tanınan ərazi bütövlüyünün və İraq konstitusiyasının tələblərinin pozulması Kürdüstanın BMT-də müstəqil subyekt kimi tanınmasını da mümkünsüz edəcək. Kürdlərin müstəqillik referendumunun nəticələrini sərhəd dövlətlərin heç birinin qəbul etməməsi regionda yeni gərginliklərə də meydan açacaq.
İndi regionda mövcud olan durumu qətiyyən 70 il öncəki ilə müqayisə etmək olmaz. Fələstin ərazisində İsrail dövlətinin yaradılması və bunun zorla ətraf dövlətlərə qəbul etdirilməsi nümunəsi təkrar edilə bilməz. Suriyada davam edən böhran regionda kənar güclərin istədiyi planı asanlıqla həyata keçirə bilməyəcəyi gerçəkliyini ortaya qoyub. İndi bölgədə kifayət qədər güclü və nüfuzlu dövlətlərin iradəsinin və maraqlarının ziddinə yeni dövlətin yaranması real deyil. Belə bir cəhd çox qanlı avanturadan xəbər verir.
Türkiyə qərbin Orta Şərq siyasətinin təfərrüatlarından məlumatlı olduğu üçün son illər xarici və daxili siyasətində nəzərəçarpacaq düzəlişlər edib. Artıq Türkiyə üçün regionda həyati əhəmiyyətli təhlükə əsasən sovuşub. Çağdaş qlobal siyasətin konyukturasına uyğun davranış sərgiləyir. Öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin etmək taktikasından uğurla yararlanır. Ən riskli məqamlarda belə hərbi gücdən istifadədən çəkinmir və çəkinməyəcək. İraqın ərazi bütövlüyü pozularsa, Türkiyənin atacağı addımlar özünü çox gözlətməyəcək. İran da eyni taktika ilə öz təhlükəsizliyini qorumaqda israrlıdır. Qəbrin Orta Şərq siyasətindəki yanlışlıq Türkiyəni İran və Rusiya ilə zorən müttəfiq edib. Hadisələrin analizi göstərir ki qərbin bu regiondakı siyasəti uğursuzluğa düçür olub və təşəbbüs onların əlində deyil. Türkiyənin hazırkı xarici siyasəti onun regional təhlükəsizliyinə ən yaxşı qarantiyadır.
Son olaraq qeyd edək ki, Azərbaycan hökuməti Şimali İraqda keçirilən referenduma səssiz qalmaqla ciddi yanlışlığa yol verir. İraqın ərazi bütövlüyünün pozulması ölkəmiz üçün də təhlükəli presidentdir. Habelə Kərkük və Mosul tarixən soydaşlarımızın yaşadığı ərazilərdir və onlara mənəvi-siyasi dəstək vermək borcumuzdur. Təəssüf ki Rusiyanın rəsmi münasibətini öyrənmədən Azərbaycan hökuməti mövqe bildirməyə tələsmir. Bu isə ölkəmizin xarici siyasətində çox təhlükəli meyllərdən xəbər verir.
25 sentyabr 2017-ci il

13 Eylül 2017 Çarşamba

Dinc və demokratik dəyişikliklər nə zaman baş verəcək? (I YAZI)

Dinc və demokratik dəyişikliklər nə zaman baş verəcək?  (I yazı)

Xeyli müddətdir ölkəmizdə davam edən sosial-siyasi böhranın doğurduğu mənfi nəticələr tədricən artmaqdadır. Oxucularımın üstün səviyyəsini, bilgisini nəzərə alıb mənfi nəticələri bir-bir bu yazıda sadalamağa gərək duymuram. Onların çoxu imkan daxilində öz resursları ilə bu mənfi nəticələri mütəmadi ictimai müzakirəyə təqdim edir və onun ətrafında cəsarətlə diskussiya aparırlar.

Ölkədəki real durum hələlik yalnız onun mahiyyətini anlayan yetkin insanlarda narahatlıq yaradır. Mahiyyəti anlamayan insanlarda xüsusi narahatlığın müşahidə edilməməsi uyğun davranış olduğundan təəccüblü də deyil. Lakin bu şəraitdə hökumətin yanaşması təəcüb və təəssüf doğurmaya bilmir. Ölkəni mövcud durumdan az itki ilə çıxarmaq istiqamətində nə zəruri addım atır, nə də heç buna cəhd edir. Cəmiyyətin belə bir sosial-psixoloji halı hər kəs üçün təhlükəli olsa da, hələlik mövsümi olaraq iqtidarın işinə yaradığı üçün ondan imtina etmir.

Hakimiyyət sosial böhrandan doğa biləcək siyasi gərginliyi demokratik proseslərlə idarə etmək əvəzinə, çarəni müstəqil və müxalif fikirli fəal vətəndaşlara qarşı sərt siyasətdə görür. Repressiv siyasət fəal insanların qarşısını müvəqqəti kəssə də, problemlərin həllini də qəlizləşdirir. Sadə əhalidə ümidsizliyi, çarəsizliyi, qorxunu, tərəddüdü artmaqla yanaşı, iqtidara qarşı neqativ münasibətləri də tədricən dərinləşdirir.

Basqı altında olan cəmiyyətin fəal kəsimi ölkədəki mürəkkəb və ziddiyyətli durumdan öz gücünə necə çıxacağını hələlik qəti müəyyən edə bilməyib. Ara-sıra bəzi səthi müzakirələrə rast gəlsək də sistemli çalışmalar yoxdur. Siyasi proseslərdən uzaq durmaqla başını qorumağı seçən insanların əksəriyyət təşkil etdiyi cəmiyyətlərdə uğurlu demokratik proses başlamaq çox çətindir. Proseslərin əsas yükünü yenə də yetkin və fəal insanlar çəkməli olur.

Ən pisi də budur ki, yaranmış bu mühitdə fəal insanlarla işləməyin də öz çətinliyi var. Adətən uzun müddət basqı altında mübarizə aparan fəal insanlar ani bir sıçrayışla böyük siyasi uğura nail olmağa can atır. Addım-addım hazırlıq mərhələsini keçmək belə insanlar üçün cansıxıcıdır. Onlar reallıqdan uzaq olsa belə, arzuladıqları fikirləri eşitməkdən xoşlanır və rahatlıqla onun təsirinə düşürlər. Odur ki, bu qəbildən olan çoxsaylı fəal insanları bəzən sistemli və mərhələli hazırlığa cəlb etmək xeyli problemdir.

Dinc və demokratik dəyişikliklərin yetişdiyini müəyyən etmək üçün mütləq çoxsaylı zəruri paradiqmalar nəzərdən keçirilməli, habelə hazırlıq işləri aparılmalıdır. Onlardan əsasən 4 məsələ üzərində geniş dayanmaq istəyirəm. Birincisi, əlverişli situasiya; ikincisi, asan qavranılan və çoxluğun marağına xidmət edən ideya; üçüncüsü, strukturlaşmış təşkilat və nəhayət dördüncüsü, prosseləri idarə edəcək liderdir.

Bu yazı giriş xarakterlidir və yuxarıda sadaladığım 4 məsələ ətrafında ciddi düşünməyimiz vacibdir. Növbəti yazıda “situasiya” barədə fikirlərimizi bölüşməyə çalışacağıq. Daha sonra ideya, təşkilatlider barədə də fikirlərimizi ayrıca yazı ilə müzakirənizə təqdim edəcəyəm.


13 sentyabr 2017-ci il.

20 Ağustos 2017 Pazar

Qarabağa sahib ola biləcəyikmi?

Bu sualın cavabını cəmiyyətin bütün fəal insanlarının davranışında axtarmalıyıq!

Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılmasının Azərbaycan-Rusiya siyasi münasibətlərinə təsirləri ilə bağlı yazının ardından, bu sazişdən sonra Qarabağ məsələsində gözlənilən durumdan bəhs edən yazını müzakirənizə təqdim edirəm.

Ölkəmizin hazırkı sosial-siyasi durumu, habelə gələcəyə yönəlik daxili və xarici siyasəti heç bir ümidverici proqnozlarla təsəlli edilə bilməz. İndiyədək aparılan avtokratik siyasət faktiki olaraq dövlətimizi olduqca əlverişsiz və zəif hala salıb. Öz vətəndaşlarından başqa heç kəsə güc göstərmək imkanı qalmayan hökumətin indi xarici təzyiqlər qarşısında müqavimət imkanları da xeyli tükənib və dövlət üçün real təhlükələr artmaqdadır.

Azərbaycanın zəiflədiyi dönəmlərdə məkrli düşmənlərimiz havadarlarının dəstəyi ilə bundan maksimum faydalanmağa cəhd edib və təəssüf ki çox zaman bu cəhdlərini reallaşdıra biliblər. Yenə də erməni siyasi dairələrində belə bir qənaət yaranıb ki Azərbaycan hökumətini ciddi güzəştlərə məcbur etmək üçün fürsət yaranmaqdadır.

Son dövrlər hüquq-mühafizə orqanlarının birgə bəyanatında səslənən “orduda casusluq” iddiaları ilə bağlı müzakirələr də göstərir ki istər Rusiyanın, istərsə də Ermənistanın Azərbaycanın real durumu ilə bağlı ən konfidensial bilgilərə çatmaq imkanları olub. Rusiya və Ermənistan siyasi dairələrindən gələn açıqlamalar göstərir ki, onlar dövlətimizin zəifləməsinin dərinləşdiyi andan etibarən, paralel olaraq Qarabağla və Avrasiya İttifaqı ilə bağlı hərbi-siyasi təzyiqləri daha da artıracaqlar. Yaxın bir neçə il ərzində Azərbaycan hökumətinin daxili siyasəti nəticəsində cəmiyyətin güzəştə, təslimçi təkliflərə ən az müqavimət göstərəcəyi məqamın yetişəcəyini hesablayırlar.

Çağdaş beynəlxalq siyasi konyuktura tədricən Rusiyanın əlehinə inkişaf etdiyi üçün Rusiya tez bir zamanda sərhədlərinə yaxın ölkələrdə öz təhlükəsizliyi üçün daha konkret qarantiyaya can atır. Azərbaycan faktiki olaraq Rusiyanın siyası orbitində olsa da, bu durum sürüşkəndir və indi Rusiyanı qane etmir. İsrarla Azərbaycanı da rəsmi şəkildə öz çətiri altına çəkməklə həm RF daxilində, həm də xaricində müvəqqəti üstünlük əldə etməyə, sanksiyaların psixoloji təsirlərini qismən azaltmağa ümid edir.

Qərb isə artıq heç bir strateji siyasi məsələni Azərbaycan hökumətindən israrla tələb etmir. Bir tərəfdən Rusiyanın aqressiv yanaşmalarına bəhanə verməmək üçün hələlik regionda öz siyasətini passiv fazaya keçirib, digər tərəfdən isə Azərbaycan hökumətinin apardığı siyasətə görə ölkəmizin qərb üçün cazibəsi də xeyli azalıb. Hətta müəyyən diplomatik qaynaqlardan sızan bilgilərə görə qərb dairələri siyasi həbslər, söz, ifadə, siyasi və digər azadlıqların kobud şəkildə boğulmasına öncəki reaksiyasını da ertələyib. Artıq qərb standartlarının kiməsə zorla qəbul etdirilməsi siyasətindən əsasən imtina edilib. Əgər könüllü şəkildə bu standartları qəbul edirsənsə, buyur gəl, etmirsənsə özün bilərsən.

Faktiki olaraq ölkəmiz güclü qərb müttəfiqlərinin dəstəyindən məhrum olmağa doğru addımladıqca, Qarabağla bağlı təslimçi sülhün detalları da konkretləşir. İndi Rusiya çətin durumda olan Azərbaycan hökumətinə elə bir təklif verməlidir ki, o, həm öz cəmiyyətində güclü görünsün, həm də Qarabağla bağlı güzəştləri qəbul etməyə məcbur olsun. Hətta Ermənistanın guya Rusiyadan qərbə doğru üz çevirməsi görüntüsü ilə Azərbaycan cəmiyyətini rahatlatmaq və hökumətin arqumentlərini gücləndirmək üçün müxtəlif variantlar üzərində çalışmalar var. İstər Ermənistanın NATO təlimlərində iştirakı, istər KTMT-dan çıxmaqla bağlı səslənən bəyanatlar, istərsə də qərblə aparılan fəal diplomatiyanın arxasında Azərbaycanı Rusiyaya daha sıx bağlamaq üçün müəyyən gedişlər hazırlanır.

Rusiya və Ermənistan ittifaqı indiki geosiyasi şəraitdə Azərbaycan hökumətinin siyasi səhnədən tam atılacaq hala gəlib çatmasından heç nə qazanmadıqlarını yaxşı anlayır və bu situasiyanın dərinləşməsində maraqlı deyillər. İstənilən yeni hökumət dəyişikliyi bu cütlüyə yeni situasiya və həlli çətin əlavə problemlər yarada bilər. Bütün siyasi məsələləri, xüsusilə də Qarabağ məsələsini tamamilə öz monopoliyasına almağı bacarmış bir iqtidardan istənilən güzəştləri almaq daha asan olduğundan, onun davam etməsinə bütün vasitələrlə yardımçı olmağa çalışırlar. Rusiyaya müttəfiqsiz və zəif Azərbaycanı öz birliyində görmək, Ermənistana isə Qarabağa sahib olmaq üçün Azərbaycan dövləti adından imzalanan təminatlı sülh müqaviləsi lazımdır. Ermənistan anlayır ki danışıqlar sonsuza qədər uzana bilməz və bir gün müharibə yenidən alovlana bilər. Rusiyanın üzləşdiyi situasiyanı da təhlil edən erməni dairələri anlayır ki gələcəkdə Rusiyanın hərbi-siyasi dəstəyi öz həlledici əhəmiyyətini itirə bilər. Odur ki rəqiblər indi ən sərfəli variantları məhz bu əlverişli zamanda dəyərləndirməyə çalışırlar.
 
Ermənistan anlayır ki indiyədək beynəlxalq hüquqa məhəl qoymadan işğalı davam etdirsə də, bir gün bu ərazilərdən çəkilməlidir. Qarabağ ətrafındakı ərazilərin işğalda qalması artıq Rusiya üçün də baş ağrısına çevrilib. Hətta Rusiyanın ölkəmizlə bağlı bir sıra strateji planları məhz bu işğal faktına görə öz həllini tapa bilmir. Rusiya müəyyən əraziləri Azərbaycana qaytarmaqla daha böyük uduş əldə edəcəyini düşünür. Azərbaycanda Rusiyanın strateji birliklərinə qoşulmaq istiqamətində müsbət ictimai rəyin formalaşması, “xilaskar və böyük qardaş” təbliğatına yenidən ciddi zəmin yaradılması, qərbin regiona təsirlərinin tamamilə zəiflədilməsi, habelə aktiv münaqişəni önləməklə regionda söz sahibi kimi uzunmüddətli qalmağa təminat qazanmağı hədəfləyir. Rusiyanın regionda möhkəmlənməsi İranın da maraqlarına cavab verir. Hazırda Rusiya və Ermənistan faktiki olaraq işğalın uzanmasından heç nə əldə bilmirlər. 

İndi yeganə problem “Dağlıq Qarabağ”ın statusu ilə bağlıdır. Erməni tərəfi “Dağlıq Qarabağ”ın müstəqil dövlət kimi tanınması müqabilində sülhə razıdır. Ən pis halda isə “Dağlıq Qarabağ”ın müəyyən müddətdən sonra referendumla müstəqil dövlət olması yolunda ciddi beynəlxalq təminat almadan işğal etdiyi ərazilərdən çəkilmək niyyətində deyil. Azərbaycan ona ərazi bütövlüyü çərçivəsində ən yüksək statusu verməyə hazır olduğunu bəyan etsə də, bu, erməniləri qane etmir. Erməni tərəfi öz üstünlüyünü yalnız Azərbaycanın güzəştlərinə dəyişmək niyyətindədir. Rusiyanın müəyyən etdiyi səddi aşaraq Azərbaycan hökumətinin hərbi əməliyyatlar aparmaq iradəsinin olmaması da onları xeyli arxayınlaşdırıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri “Dağlıq Qarabağ”ın yekun statusu ilə bağlı hər iki tərəfi qane edən yekun sənədi ortaya qoya bilmədikləri üçün, bir tərəfdən “öz müqəddəratını təyinetmə”, digər tərəfdən isə “ərazi bütövlüyü” prinsipinin arasında silahlı qüvvələrdən istifadə etmədən yeni kompromis variant hazırlayıblar. Bu varianta əsasən “Dağlıq Qarabağ”a təhlükəsizlik və özünüidarə hüququnu təmin edən müvəqqəti statusun verilməsi, “Dağlıq Qarabağ”ın ətraf ərazilərinin (5 rayon Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun 13 kəndinin) Azərbaycanın nəzarətinə qaytarılması, “Dağlıq Qarabağ”ı Ermənistanla birləşdirən dəhlizin tanınması, iradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun gələcəkdə müəyyən edilməsi, bütün məcburi köçkünlərin öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququna təminat verilməsi, sülhməramlı qüvvələrin daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin yaradılmasından ibarətdir.

Faktiki olaraq bu variantda Kəlbəcər və Laçının taleyi qeyri-müəyyən olaraq qalır, habelə Qarabağın zamanla tam itirilməsi reallaşa bilər. Yanlış olaraq problemi tamamilə öz monopoliyasında saxlayan Azərbaycan hökumətinin bu plana yetərli müqavimət göstərməyə siyasi iradəsi çaracaqmı? Bunu birmənalı demək çətindir. Yubanmadan cəmiyyətin bütün fəal kəsiminin iştirakı ilə Qarabağla bağlı ardıcıl və sistemli müzakirələrə başlamaq, habelə vahid siyasi-hərbi mövqe ortaya qoymaq vacibdir. Qarabağ məsələsində heç kim yaxasını kənara çəkməməli, əgər imkanı yalnız bir kəlmə söz söyləməyə çatırsa, onu mütləq deməlidir.

                                                                                  20 avqust 2017-ci il.

29 Temmuz 2017 Cumartesi

Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılması ölkəmizə nə vəd edir?

Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılması ilə bağlı xəbər ölkəmizdə narahatlıqla müzakirə edilməkdədir. Xüsusilə də Qarabağın gələcək taleyi ilə bağlı daha da pessimist fikirlər dolaşmaqdadır. Bu qərarın ölkəmizə hərbi-siyasi təsirləri nə ola bilər?
Mütəmadi olaraq Rusiya-Azərbaycan dostluğundan məqsədyönlü şəkildə pafosla dəm vuran, strateji müttəfiqlikdən ağız dolusu danışan, habelə bu dostluğun perspektivinə inanlar üçün bəlkə də hansısa gözlənilməzlik baş verib. Ancaq Rusiyanın dövlət siyasətinin mahiyyətini bilənlər üçün heç bir gözlənilməzlik və təşviş doğuracaq hal yoxdur. İndiyədək qeyri-rəsmi mövcud olan bu ittifaqın indi açıq şəkildə ortaya çıxması əslində xeyli müsbət haldır. Rusiya regionda yerləşən və maraqları olan hər bir dövlətə bu addımı ilə açıq mesajını verib.
Faktiki olaraq Azərbaycan ərazilərində erməniləri məskunlaşdıran, Ermənistan dövlətinin yaranmasına dəstək verən və onun mövcudluğuna qarantiya olan dövlət Rusiyadır. Hazırda işğal altında olan Azərbaycan ərazilərini də erməni-rus hərbi birləşmələri birgə işğal edib. Xocalıda minlərlə dinc insana qarşı əsrin ən dəhşətli soyqırım cinayətini törədən də bu ittifaq olub.
Putin administrasiyasının Orta Şərq siyasəti getdikcə iflasa uğrayır. Nizamlama prosesində qlobal güc kimi onunla masa arxasına əyləşib bazarlıq etmək istəyən yoxdur. Rusiyanın iqtisadi resursları Orta Şərq siyasətini uzun müddət bu şəkildə sürdürməyə imkan vermir. Sanksiyalar Rusiya iqtisadiyyatını getdikcə zəiflədir və daxili sosial-siyasi tarazlığı tədricən pozur.
Rusiya MDB üzvü olan keçmiş sovet respublikalarını yeni birlik formatında öz nəzarəti altına almaqla daxili və xarici siyasətinə yeni nəfəs vermək ümidindədir. Putin iqtidarı bu ölkələrə son siyasi həmləsini etməyə hazırlaşır. Bir tərəfdən qərbində və cənubunda mövcud olan dövlətlərin müstəqil xarici siyasətini özünə təhlükə hesab edir, digər tərəfdən də sadə rus xalqının diqqətini daxili sosial problemlərdən yayındırmaq üçün yeni geosiyasi ideyaların arxasına sığınmaq istəyir. Beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayaraq qonşularının daxili işinə bütün vasitələrlə müdaxilə etmək niyyətini göstərir.
Azərbaycan hökumətinin demokratik islahatlardan yayınmaq üçün daim sığındığı “etibarlı dost” artıq Ermənistanla açıq hərbi ittifaqını təsdiq etdi. Azərbaycan hökuməti fakt qarşısında qalıb və çətin seçim etməli olacaq. Hakimiyyət marağının təminatı dövləti təhlükəyə sürüklədiyi kimi, dövlət marağının qorunması da hakimiyyət üçün arzuolunmaz proseslərə təkan verəcək.
İndi hakimiyyətin əsas iki yolu var. Ya üzünü aydın şəkildə qərbə tutub onun siyasi dəyərlərini qəbul edərək ölkənin təhlükəsizliyinə qlobal qarantiyanı təmin etməli, ya da Rusiyanın şərtlərinə razılaşaraq onun istəklərinə boyun əyməlidir.
Görünən budur ki hakimiyyət komandası son anadək Rusiyaya müəmmalı bağlılığına sadiq qalacaq. Bu yanaşma ilə Rusiyanı neytrallaşdırmağa çalışacaq. Rusiyanın şərtləri qəbul edilərsə, yaxın perspektivdə öncə suverenliyimiz, sonra isə Qarabağ itiriləcək. Nisbi müstəqilliyimiz qalsa da, burada bütün siyasi dəyişikliklərin təşəbbüsü daha açıq şəkildə Rusiyanın əlinə keçəcək. Hətta bir müddət sonra özünə daha yaxın olan hakimiyyət də formalaşdırmağa cəhd edilə bilər. Azərbaycanın belə bir seçimi İranın da, Ermənistanın da maraqlarına cavab verir. Onlar hakimiyyəti və cəmiyyəti buna təşviq etmək üçün bütün vasitələrdən yararlanacaqlar.
Qərblə sıx siyasi əməkdaşlıq dövlət təhlükəsizliyimizə təminat yaratsa da, hakimiyyət üçün arzuolunmaz proseslərə start verəcək. Həm Rusiyanın, həm İranın, həm də Ermənistanın iqtisadi, siyasi, hərbi təzyiqləri artacaq. Demokratik açılım, iqtisadi-siyasi islahatlar, hüquqların təminatına imkan yaradan siyasət bir müddət sonra hakimiyyətin dinc yolla dəyişməsinə gətirib çıxaracaq. Ölkənin demokratik inkişaf yoluna qədəm qoyması reallaşa bilər.
Çox güman ki, hakimiyyət özünə yaxın müxlif siyasi qüvvələrlə birgə dövlət maraqlarının təhlükədə olması ilə cəmiyyəti bir müddət şantaj etməyə çalışacaq. Beynəlxalq münasibətlərin elə bir çərçivəsi yaranıb ki, artıq qərbin heç nə ilə şantaj edilməsi mümkün deyil. İqtidarın nə qədər vaxt uda biləcəyini demək çətin olsa da, bu gərgin situasiyanı itkisiz aşa bilməyəcəyini demək çətin deyil. Qarabağ məsələsi və daxili siyasi proseslərlə bağlı gözlənilən duruma növbəti yazıda birgə nəzər salmağa çalışacağıq.

21 Temmuz 2017 Cuma

Jurnalistlərə göstərilən qayğının, səxavətin səbəbi nədir?


Azad mətbuat nəfəs aldıqca, jurnalistlərin mükafatlanması da davam edəcək!

Jurnalistlərin bir qrupuna büdcə vəsaitləri hesabına mənzil hədiyyə edilməsi sosial şəbəkələrdə maraqlı müzakirələr yaradıb. Təriflərin, təşəkkürlərin, tənqidlərin bir-birinə qarışdığı ortamda məsələyə fərqli aspektdən münasibət bildirmək birmənalı qarşılanmasa da, onu yazmağın zəruri olduğu qənaətindəyəm.

Öncə qeyd edim ki, ayrı-ayrı peşə sahiblərinin dövlət büdcəsi hesabına mükafatlandırılması ənənəsi sovet idarəetməsindən qalma təfəkkürün davam etdiyini göstərir. Bu yanaşma cəmiyyətdə qismən mövcud olan azad düşüncə müstəvisinin önünə yeni sədd çəkmə cəhdidir. Necəki illər öncə müxtəlif təqiblərlə, döyməklə, yüksək cərimələrlə, həbslərlə ifadə və söz azadlığının önünə sədd çəkilmişdi, indi eyni siyasət daha fərqli və effektli üsulla həyata keçirilir. Bütün basqılara baxmayaraq azad mətbuat nəfəs aldıqca, jurnalistlərin mükafatlanması da davam edəcək!

Əgər indiyə kimi özünəsenzura qorxudan tətbiq edilirdisə, indi həm də şəxsi maraqların təminatı əksər jurnalistləri buna könüllü təşviq edəcək. Qorxudan yaranan özünəsenzura açıq və gizli nifrət doğururdusa, maraqların təminatından doğan könüllü özünəsenzura nifrət yaratmayacaq və bəzi hallarda hətta rəğbət də oyadacaq. İstər-istəməz az da olsa ədalət görüntüsü yaradıcı insanların düşüncəsinə və davranışına müəyyən təsir göstərəcək və hakimiyyətə yönəlik tənqidlərini də bir az zəiflədəcək.

Ölkədə real durum elədir ki istənilən peşə sahibləri halal əməkhaqqı ilə özlərinə mənzil, maşın, bağ almaq üçün 100-200 il yaşayıb, işləməlidir. Bir insanın dövlət büdcəsindən və çalışdığı digər işlərdən aldığı rəsmi əməkhaqqı ilə mənzil sahibi olması faktiki olaraq mümkünsüzdür. Yaş artdıqca insanlar məişət problemlərin altında daha çox əzilir və tədricən bu problemləri həll etmək üçün ümümi axara qoşulmağa məcbur olurlar. Belə yanaşma bütün sahələrdə çalışan insanlara aiddir və kimsəni bu davranışlarına görə qınamaq da olmur. Son illər əksəriyyət insanlarda belə düşüncə möhkəmlənib ki, onsuz da dövlət büdcəsi necə gəldi talanır və onu durdurmaq hələlik mümkün deyil. Bu şəraitdə açıq cinayətə bulaşmadan böyük talandan kiçik pay almaq yarışında iştirak etməkdə hər hansı qəbahət görmürlər.

Bütün sahələrdə olduğu kimi, mənzil hədiyyə edilməsi prosesində də korrupsiya hallarının baş verdiyini iddia edənlər az deyil. Bu iddiaları təsdiq və ya təkzib edəcək faktlara sahib olmasam da, idarəetmənin xarakterini bildiyim üçün belə halların mümkünlüyünə şübhə edə bilmirəm. Bütün neqativlərə baxmayaraq mənzil alan jurnalistlər arasında şəxsən tanıdığım və qələminə hörmət etdiyim insanlar da var. Onların hər biri ən yaxşı mənzillərdə yaşamağa layiq insanlardır. Hər birini təbrik edir və bu mənzillərdə sağlıqla yaşamaq arzulayıram. İdarəetmənin yaratdığı ağrılı problemlərin həllində heç bir vətəndaşımıza yardım edə bilmədiyimə görə, onları tənqid etməyə də özümü mənəvi cəhətdən haqlı saymıram. Özünün belə haqqa sahib olduğunu düşünən insanlar varsa, onları da alqışlayır və hörmət edirəm.

Ölkəmizdə demokratiyadan əsər-əlamət olmaması, ifadə, söz, vicdan və siyasi azadlıqlardan istifadə etməyə cəhd etdiklərinə görə yüzlərlə insanın həbs edilməsi, təqibə məruz qalması, işdən çıxarılması və ya mühacirət etməsi heç kimə sirr deyil. Hakimiyyətin cəmiyyətlə istədiyi kimi əzici davrandığı belə bir şəraitdə onun jurnalistlərə göstərdiyi bu qayğının, səxavətin səbəbləri hər halda düşündürücüdür.

Ölkədə sosial böhran davam edir, yoxsulluq artır, hüquqsuzluq və məmur özbaşınalığı insanlarda qəzəb, çarəsizlik, nifrət doğurmaqdadır. Ölkədə bütün ənənəvi münasibətlər sistemi tənəzzülə uğrayır. Maliyyə, iqtisadi, sosial, siyasi sahələrdə geriləmə sürətlə gedir. İdarəetmə sərtləşdikcə cəmiyyətdə gərginlik də yüksəlir. Beynəlxalq platformalarda da hakimiyyətin ənənəvi geniş imkanları əldən çıxır. Beynəlxalq siyasətin yeni doktrinasına uyğunlaşmadan hakimiyyətdə təhlükəsiz davam etmək də xeyli çətinləşib.

Ölkə daxilində iqtidar sürətlə nüfuz itirir. Səsli-küylü məhkəmələrdə açıqlanan korrupsiya faktlarından tutmuş, illərlə davam edən açıq qanunsuzluq mühitinə görə iqtidarın ictimai-siyasi dayaqları xeyli zəifləyib. Sadə vətəndaşlardan tutmuş, büdcə təşkilatlarında çalışanlaradək hər kəs anlayır ki belə davam etmək limiti bitib. İctimai rəyə təsir göstərən sosial qruplar üzərində zorakı metodlar artdıqca savadlı insanların, fəal gənclərin müxalifətə rəğbəti və meyli də artır. Sosial şəbəkələr üzərindən apardığımız səthi monitorinqlər göstərir ki, hakimiyyətin basqısına məruz qalan fərdlər və təşkilatlar daha çox izləyici qazanır. Hətta bəzən bu fərq 50-60 min civarında dəyişir. 2-3 min izləyicisi olan şəxslərə basqı edildiyi andan izləyici fərqi 15-20 dəfə artır. 

Hakimiyyət özünü əmin göstərsə də, əhalinin real durumunu və özü barədə formalaşmış rəyi dəqiq bilir. Mövcud rəyin onlara yaxşı gələcək vəd etmədiyini də anlayırlar. İctimai rəy yaradılmasında rolu olan cəsarətli və prinsipial insanları hər dəfə repressiv üsullarla susdurmaq iqtidarı gücləndirmir, əksinə daha çox zərər vurur. Odur ki, hakimiyyət müstəqil media və jurnalistlərlə öz arasında təminatlı bufer yaratmağa çalışır. Jurnalistlərin qarşı-qarşıya qoyulması ilə həm özünü birbaşa hədəf olmaqdan yayındırır, həm də cəmiyyətin diqqətini fərqli istiqamətə yönləndirə bilir. Bu metod müxalifətin və QHT-lərin üzərində də uğurla sınaqdan keçirilib. Kütlə onsuz da “mən kiməm ki?”, “mənlik nə var ki?” düşüncəsindədir və onun sükunət halını yalnız fəal insanlar dəyişə bilər. Hakimiyyət təkcə repressiyalarla deyil, indi həm də “kökə siyasəti” ilə cəmiyyətin fəal kəsimini neytrallaşdırmaqla kütləni zərərsizləşdirir.

Bu siyasətin nəticəsi nə ola bilər? Yaxın perspektivdə hakimiyyət bu siyasətdən qazancla çıxa bilər. Yeni mediada çalışan çoxsaylı gənc jurnalistlər yəqin ki ölkə rəhbərliyi ilə bağlı tənqidlərdə özünəsenzura tətbiq edəcək. Böyük dəyişikliyə inam yaradan siyasi situasiya olmadıqca, gənclərin əksəriyyəti “böyük talandan kiçik pay” fürsətindən yararlanmağa meyllənəcək. Kimisi hədiyyə aldığı üçün, kimisi də gələcəkdə mükafatlanacağına ümid bəslədiyi üçün ehtiyyatlı davranacaq.

Məsələnin müsbət tərəfi budur ki jurnalistkaya müxtəlif istiqamətlərdən böyük axın başlayacaq. Bu isə özlüyündə yeni nəfəs, yeni müzakirə mühiti yaradacaq. Ölkə ictimai-siyasi həyatı ilə bağlı fəallıq artacaq. Habelə, digər peşə sahələrində də bir rəqabət, fəallıq müşahidə ediləcək. Hər kəs “böyük talandan kiçik pay” qoparmaq uğrunda yeni yollar axtaracaq. İstər-istəməz bəzi peşə sahiblərində jurnalistlərin pulsuz mənzil alması qıcıq yaradacaq və onların da hökumətdən umacağı artacaq.

Son olaraq, ölkənin ictimai-siyasi həyatı ilə bağlı müşahidələr, monitorinqlər aparan bir şəxs kimi qeyd etməliyəm ki, ictimai rəyi artıq sosial şəbəkələr istiqamətləndirir. İndi hökumət mükafatlandırdığı jurnalistlərin vasitəsilə elə də böyük nəticəyə nail ola bilməyəcək. Sosial böhran daha da şiddətləndikcə, işsizlər ordusu, yoxsulluq, xəstəlik, intiharlar artdıqca narazılıq da çoxalacaq. İnsanlar həqiqəti ifadə edə bilən ünvanlara üz tutacaq və doğru söz söyləyən şəxslərə etimad yüksələcək. Dəyişiklik istəyən qüvvələr sosial şəbəkələrdən yararlanaraq samballı fəliyyətlər ortaya qoya bilərlər. Əgər iqtidar internet üzərində daha sərt qadağalara cəhd edəcəksə, bu, cəmiyyətin daha da qaranlığa sürüklənməsi olar. Ancaq əminliklə bildirirəm ki “qaranlıq tunel” bitmək üzrədir və cəmiyyət tezliklə aydınlığa qovuşacaq.

7 Temmuz 2017 Cuma

Diplomatiyamız hökumətin perspektivsiz avtokratik siyasətinin girovudur!


Diplomatiyamız hökumətin perspektivsiz avtokratik siyasətinin girovudur.

Azərbaycan hökumətinin son vaxtlar həyata keçirdiyi xarici siyasət ölkəmizə yaxşı gələcək vəd etmir. Bu siyasətin davam etməsi həm təhlükəsizliyimizə ciddi təhdid yarada, həm də ölkəmizin beynəlxalq aləmdən təcridinə gətirib çıxara bilər. Dünyanın nəhəng dövlətlərinin toqquşan və uzlaşan maraqları kontekstində yeni beynəlxalq siyasi münasibətlər sistemi yaranmaqdadır. Belə bir şəraitdə kiçik dövlətlərin balanslı xarici siyasət yürütmələri mümkün olmadığı üçün seçim etmək məcburiyyəti qaçılmaz olacaq. Bu dilemma ilə üzləşmiş hökumət rəsmilərinin, hakimiyyət təbliğatçılarının, media dəstəkçilərinin davranışlarından və çıxışlarından görünən budur ki, seçim öncəliyi Rusiyaya istiqamətlənib. Faktiki olaraq, qərblə münasibətlərin süni şəkildə gərginləşdirilməsi istiqamətində intensiv addımların atıldığı bir vaxtda, hərbi, siyasi, iqtisadi, coğrafi cazibəsi heç də qərbdən üstün olmayan Rusiya ilə açıq və gizli həmrəylik nümayiş etdirilir. Qərb standartları çərçivəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarla münasibətlər bilərəkdən gərginləşdirilib. ATƏT-in Bakı ofisi və nüfuzlu beynəlxalq humanitar təşkilatların yerli ofisləri qapadılıb, qərbin insan hüquqları təşkilatları ilə əməkdaşlıq edən şəxslər ya həbs edilib, ya da mühacirət edib. Ardıcıl olaraq insan hüquq və azadlıqlarının qorunmasına, demokratik islahatların aparılmasına çağırış edən beynəlxalq qurumlar və Avropa dövlətləri hökumətimizin tənqid hədəfindədir.

Rusiyanı cazibəli edən hansı dəyərləridir?

Son illər avtoritar rejimlərin çöküş proseslərində də müşahidə etdik ki, özlərini qoruma və əbədi hakimiyyətdə qalma iddiasına dəstək üçün, bu rejimlərin üz tutduqları yeganə ünvan məhz Rusiya oldu. Xalqına zülm edən bütün rejimlərin son pənahı, son qalası hələ də Rusiyadır. Bütün sonluqların faciə ilə nəticələnməsinə baxmayaraq, heç kim olanlardan dərs çıxarmaq istəmir. Təəssüf ki, bu düşüncə sahibləri üçün Rusiyanın qəyyumluğu ilə ən repressiv üsullarla nə qədər mümkündür davam etmək, qərblə eyni dəyərləri yaşayıb demokratikləşmədən daha cazibəli və prespektivli görünür. Rusiya ilə müttəfiq olan bütün rejimlərdə dövlət maraqları hakimiyyət maraqlarının arxasında qalıb. Bu “təfəkkür” sahibləri hakimiyyətin dəyişməsindənsə, dövlətin dağılmasını və özlərinin də faciəli sonluqlarını seçirlər. Təəssüf ki, bizim hakimiyyət də hesab edir ki, qərbə yaxınlaşmaq hüdudsuz səlahiyyətdən və hətta tam hakimiyyətdən çəkilməklə sonuclana bilər. Bu zərərli yanaşma hakimiyyəti addım-addım qaranlığa sürükləyir.

Tariximizdə Rusiyanın silinməz izləri...

Ölkəmizin tarixi haqqında ən elementar bilgisi olan, hətta ən savadsız insanlar da Rusiyanın bizə yaşatdıqlarından xəbərdardırlar. Bu barədə mübahisəlik heç nə olmadığı üçün geniş yazmağa da lüzum görmürəm. Elə tariximizdə Azərbaycanın ikiyə parçalanması, Xalq Cümhuriyyətinin süqutu, Dərbəndin, Borçalının, Zəngəzurun, Qarabağın aqibətinə nəzər salmaq kifayətdir. Ərazilərimizə erməniləri kütləvi köçürən, onların məskunlaşmasına şərait yaradan, əzəli torpaqlarımızda erməni dövləti yaratmaqla bizi əbədi bəlaya məhkum edən də Rusiyadır. Ən kütləvi və amansız qətllərin ya birbaşa törədicisi, ya da arxasında dayanan onlar olub. Müasir tariximizdə onların “şah əsəri” olan Xocalı faciəsinin, 20 yanvarın yaraları hələ də qaysaqlamayıb. Bu günümüzdən geriyə boylansaq, tariximizin elə bir dönəmi yoxdur ki, ağır və sarsıdıcı faciələrimizdə, bəlalarımızda Rusiyanın rolu olmasın. 70 ildən çox davam edən sovet hakimiyyəti illərində on minlərlə seçilmiş soydaşımız represiya qurbanı oldu, təbii sərvətlərimiz talandı, özümüzdən başqa hər kəs ölkəmizdən yararlandı. Hətta, bir çox sahələrdə inkişafımız, heç bir təbii sərvəti olmayan Ermənistandan da geri qalırdı. Rusiya ilə qonşu olmağa məhkum olsaq da, yaxın dost olmaq üçün heç bir səbəbimiz yoxdur. Rusiyanın böyük və güclü qonşu kimi bizə gerçək münasibətini bildiyimiz halda yenidən ona doğru açıq və gizli meyli anlamaq çox çətindir. Biz cəmiyyət olaraq Rusiya ilə münasibətlərimizə bu tarixi reallıqların işığında baxmalıyıq. Əks halda itkilərimizin və faciələrimizin sırası daha da genişlənəcək.

ABŞ və Avropadan imtinaya əsasllarımız varmı?

İstər qədim, istərsə də çağdaş tariximizdə Rusiyanın bizə yaşatdıqları ilə müqayisədə qərbdən gələn bəlalarımız yox səviyyəsindədir. Bizim coğrafiya əsrlər boyu rusların təsir dairəsində olduğu üçün burada qərbin nəzərəçarpan qanlı izlərinə rast gəlmirik. Əksinə, həm siyasi-diplomatik, həm də iqtisadi inkişafımızın təminatçısı qərb olub. Qərblə dost və əməkdaş olmamaq üçün tək bir köklü səbəb belə tapmaq mümkün deyil. Qlobal enerji layihələrinin reallaşması qərbin ciddi dəstəyi olmasaydı həyata keçə bilməzdi. Müstəqilliyimizin möhkəmlənməsi, karbohidrogen ehtiyyatlarının səmərəli və təhlükəsiz istismarı, Xəzər dənizinin statusu, Qarabağın tam itirilməməsi hələ ki qərbin fəal siyasi-diplomatik dəstəyi ilə mümkün olub. Son illər həyata keçirilən uğurlu infrastruktur layihələrin təminatçısı birmənalı olaraq qərbdir. Milli maraqlarımızın ziddinə olan heç bir fəaliyyəti olmadığı halda qərbdən uzaq qaçmağın, üz döndərməyin məntiqli izahı ola bilməz. Ölkəmizdə ardıcıl və sistemli şəkildə insan haqlarının kobud şəkildə pozmasına göz yummadığı üçün qərbi durmadan düşmən obrazında təqdim etmək, milli mənafelərimizə birbaşa zərbədir. Qərblə açıq strateji müttəfiq, tərəfdaş olmaq əvəzinə, onunla münasibətləri korlamaq olduqca qaranlıq perspektiv vəd edir.

Qarabağın itirilməsinə aparan yoldan dönmək lazımdır.

Bütün dünyaya bəllidir ki, Qarabağ probleminin yaradıcısı və ətraf rayonların da
daxil olduğu işğalı gerçəkləşdirən Rusiyadır. Bu həqiqəti Azərbaycan hökuməti beynəlxalq tribunalardan sərt şəkildə səsləndirmədikcə, ünvanı dünya ictimaiyyətinə birbaşa göstərmədikcə, başqa dövlətlərin bu həqiqəti səsləndirməsi və problemin həllində müsbət dönüş mümkün olmayacaq. Rusiya Ermənistanın strateji müttəfiqi və etibarlı dostu kimi durmadan onları ən müasir silahlarla silahlandırır. Bu bədnam qonşularımız isə hər əlverişli məqamda torpaqlarımıza göz dikib, suverenliyimizə təhlükə törədib və milli mövcudluğumuza qənim kəsilib. Ölkəmizlə bağlı düşmənlərimzin ən məkrli planlarının rahatlıqla həyata keçməsində özümüzün də payımız az deyil. Xüsusilə də hər addımda vətəndaşlarımızın hüquqlarını pozan, insanlarımızla zor və təhdidlə danışan, ictimai-siyasi fəallığa imkan verməyən, demokratik seçkilərdən imtina etmiş hökumətimiz istəməsə belə düşmənlərimizin müttəfiqinə çevrilir.

Cəbhədə döyüşlər yenidən başlaya bilərmi?

Sürətlə cərəyan edən prosesləri diqqətlə izlədikcə, belə bir ehtimalı istisna etmək olmur. Avropa oyunlarının təmtəraqlı təqdimatının, yarışların təşkilinə külli miqdarda vəsaitin xərclənməsinin arxasında çox ciddi daxili və regional siyasi amillər dayanır. Rusiya ilə iqtisadi-siyasi ittifaqa qərbin və Azərbaycan cəmiyyətinin müqaviməti birmənalıdır. Bu müqaviməti qıra biləcək yeganə nöqtə məhz Qarabağda status-kvonun Azərbaycanın xeyrinə dəyişməsi görüntüsü ola bilər. Belə bir məsələdə Rusiyanın Ermənistanı və Azərbaycanı razı salmaq imkanları kifayət qədərdir. Qərbin ardıcıl olaraq demokratik islahatlarla bağlı təzyiqi qarşısında qalan hakimiyyət nümayəndələri hesab edir ki, iqtidarın ömrünü daha da uzatmaq və qərbi şantaj etmək üçün ən samballı dəstəyi Rusiyadan ala bilərlər. İslahat tələbi qarşısında hakimiyyət nümayəndələrinin təlaşlı davranışını müşahidə etdikcə bəzən adama elə gəlir ki, bu zehniyyət demokratik islahatlardansa hətta Qarabağı da itirməyə hazırdır. Rusiyaya yaxınlaşmaqdan cəmiyyətimizin uda biləcəyi heç nə olmadığı üçün, bu dostluq cəmiyyətə müsbət heç nə verə bilməz. Olsa-olsa hakimiyyət özəl maraqlarına müvəqqəti təminat alacaq, dövləti isə yenidən bataqlığa sürükləyəcək.

Ermənistan gec-tez Qarabağ ətrafı rayonlardan çəkiləcəyini bilir...

Bu, nə zaman və nəyin müqabilində baş verməlidir ki, erməni cəmiyyəti də bunu məğlubiyyət kimi qəbul etməsin? Erməni cəmiyyətində sosial-siyasi gərginlik yaratmaqla bu planın hayata keçirilməsi daha asan ola bilər. Ermənistanda mövcud olan daxili iqtisadi gərginliyi, süni şəkildə artırmaqla siyasi gərginliyə çevirmək perspektivləri davam edir. Ola bilsin ki, belə gərginliyin və etirazların fonunda Qarabağ ətrafı bir-iki rayon razılaşdırılmış lokal hərbi əməliyyatla qaytarılsın. Ermənistan hökuməti lazımi müqavimət göstərə bilməməsini daxili etirazlarla əlaqələndirib siyasi məsuliyyətin bir qismini müxalifətin və etirazçıların üzərinə atmaqla cəmiyyətin təbii etirazını özündən uzaqlaşdırmağa nail olsun. Rusiya isə yenidən Ermənistana müasir silahlar verməklə, onların təhlükəsizliyində maraqlı olduqlarını bir daha sübut edərək cəmiyyəti sakitləşdirməyə müvəffəq olacaq. Erməni və rus ittifaqı anlayır ki, bir-iki rayonun qaytarılması müqabilində Ermənistanın qazanacaqları daha çox olacaq. Onlar bu tarixi fürsətdən yararlanmaq üçün Azərbaycanı da müharibəyə şirnikləndirirlər...

Nəinki bir-iki rayon, hətta bir kənd azad edilsə belə, günlərlə atəş-fəşanlıq izləyəcəyik...

Artıq 5-ci dönəmdir hakimiyyətdə olan komanda cəmiyyətə fərqli təqdim olunmalıdır. Sosial şəbəkələrin və sosial medianın geniş imkanları ilə hakimiyyətin gerçək mahiyyəti çox sürətlə cəmiyyətə təqdim olunur. Musiqi və idman yarışmalarının təmtəraqlı təşkilatçılığı, iri korrupsiya layihələrində hökumət üzvlərinin adının hallanmasını, milyardlarla dövlət vəsaitinin mənimsənilməsini ört-basdır etməyə qadir deyil. Cəmiyyətin dəstəyini hakimiyyətə qazandıra bilən yeganə yol işğal edilmiş ərazilərdən gələn qələbə xəbərləri ola bilər. Hər bir vətəndaşın səbrsizliklə və ümidlə gözlədiyi hadisə Qarabağ məsələsində ölkəmizin qələbə çalmasıdır. Bunu isə öz gücü ilə həyata keçirmək riskinin altına hakimiyyətin girəcəyi qəti inandırıcı deyil. İndiki məqamda bir-iki rayonun razılaşdırılmış şəkildə azad olunması hakimiyyətə də hava su kimi lazımdır. Qələbə təbliğatı ilə növbəti seçkilərin taleyini və hakimiyyətinin ömrün uzatmaq, həm də Rusiyanın regional maraqlarını təmin etmək imkanı genişlənər. Rusiyanın əsl dost obrazında təqdimatı üçün bütün resurslar hərəkətə gətirilə və onunla strateji birliklərdə yer almağa mane olan psixoloji amillər ortadan qalxar. Daxildə isə bütün real siyasi rəqiblərin amansız təqiblə tam sıradan çıxarılmasına müvəffəq oluna bilər. Avropa yay oyunlarının göz qamaşdıran təqdimatı onu göstərir ki, cəmiyyətimiz təmtəraqlı təbliğatın təsiri altına çox asanlıqla düşür. Ağdamın, Fizulinin və ya başqa bir rayonun işğaldan azad edildiyinin hay-küylü təbliğatı, qələbə ab-havası yaradılması cəmiyyətimizdə istənilən siyasətin həyata keçirilməsinə imkan yaradar. Hətta, bu toy-bayramla Qarabağın əbədi itirilməsinə siyasi-hüquqi zəmin hazırlanarsa, buna da qətiyyən təəcüblənmək lazım deyil. Eyforik qələbə havasına salınmış cəmiyyətə heç bunu izah etmək də mümkün olmaz. Rusiya Azərbaycan dostluğundan bizim qazancımız, “qapaz dəyən başımızın papağı” olacaq.
                                                                                          07 iyul 2015-ci il.



PS: Bu yazını gec də olsa bloqumda yerləşdirirəm ki, arxivimdə qalsın.

23 Mayıs 2017 Salı

Orta Şərqdə nəhəng hərbi sövdələşmələr yeni qarşıdurmalar doğuracaq?!

Orta Şərqdə nəhəng hərbi sövdələşmələr yeni qarşıdurmalar doğuracaq?!

Müasir dünyanın yeni siyasi mərhələyə qədəm qoyduğunu söyləsək, yəqin ki yanılmarıq. Bu dönəmdə bəşəriyyəti hansı sürprizlər gözlədiyini dəqiq proqnoz etmək çətin olsa da, qlobal güclərin atdığı addımları izlədikcə yaxın dövr üçün beynəlxalq münasibətlərin xeyli gərginləşəcəyi ehtimalı getdikcə artır.

Son günlər dünyanın qlobal və regional güclərinin çağdaş Orta Şərq siyasətini dərindən incələyərkən olduqca qorxulu senarilərin hələ gələcəkdə işə düşəcəyini ehtimal etmək olar. Orta Şərqdə hökm sürən hərbi-siyasi böhran regionda daha böyük fəlakətlərin yaşanacağını, müsəlmanlar arasında ziddiyyətlərin daha da dərinləşəcəyini deməyə əsas verir. Bu bölgədə ağır müharibələrin genişlənməsi, qarşıdurmaların dərinləşməsi, terrorizmin artması, yeni dövlətlərin doğulması yolunda nəhəng layihələr mövcuddur. Görünən budur ki, region hələ bir müddət də dünyanın ən qanlı senarilərinə meydan olacaq.

Dünyanın super güc ünvanına sahib olan ABŞ-ın prezidenti 9 gün sürəcək xarici səfər proqramları çərçivəsində Orta Şərq və Avropa ölkələrində mühüm görüşlər keçirir. Tramp ilk rəsmi səfərini gerçəkləşdirdiyi Orta Şərqin iri müsəlman dövləti olan Səudiyyə Ərəbistanı ilə imzaladığı hərbi razılaşmalarla regionun gələcək hərbi-siyasi mənzərəsinə də xeyli işıq (qaranlıq) saldı. Çox güman ki bununla da özünün gələcək xarici siyasətinin əsas mesajlarını da dünyaya çatdırmağa nail oldu. Bu səfər ABŞ-ın müsəlmanlara verdiyi önəmi deyil, regiondakı siyasi-iqtisadi maraqlarının gələcək mənzərəsini ifadə edir. 50 İslam ölkəsinin təmsilçilərini Riyadda bir araya gətirən ABŞ-Ərəb və İslam ölkələri zirvə toplantısı həm də müsəlman dövlətlərinin gələcək əməkdaşlığına da aydınlıq gətirdi.
 
Heç kəsə sirr deyil ki, antidemokratk rejimlərin yaratdığı nəhəng ekoloji, iqtisadi, hərbi, ideoloji və siyasi problemlər demokratik cəmiyyətlərə də mənfi təsir göstərir. Çağdaş dünyada terrorizmin kökünü kəsmək, demoqrafik problemləri önləmək, dayanıqlı sülhü bərqərar etmək naminə antidemokratik rejimlərə son verilməsi zərurətini kimsə inkar edə bilməz. Bu istiqamətdə konkret addımların atılmasını qərb dairələri mütəmadi bəyan etsə də, təəssüf ki əməldə fərqli davranırlar. İqtisadi-siyasi maraqlar naminə ikili standartların tətbiqi adi hala çevrilib və diplomatiyanın normalarından biri kimi qəbul edilir.

Tramp Orta Şərq böhranı ilə bağlı ABŞ administrasiyasının yeni və prinsipial siyasi kursunu açıq şəkildə ifadə edərkən, ölkəsinin öncəliklərini də göstərməyə çalışdı. Bəşəriyyətin problemlərinin mədəniyyətlər arasındakı fərqlərdən deyil, yaxşı ilə pisin mübarizəsindən qaynaqlandığını deyən prezident, bu məsələdə Orta Şərq ilə birlikdə savaşacaqlarına, qarşılığında isə radikal İslamın və hər bir İslamçı terror təşkilatlarının kökünü kəsməkdə ərəb dövlətlərindən ciddi addımlar gözlədiyini qeyd etdi.

Trampın prezident seçilməsi ilə ABŞ-ın yeni xarıci siyasət kursunun konturları da artıq özünü göstərməyə başlayıb. Əsədin hərbi bazalarına raket zərbələrinin ardından Tramp administrasiyası açıq şəkildə İran və Rusiyanı Suriya böhranında Əsədi dəstəkləməməyə çağırış etmişdi. Hətta ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycan hökumətindən də Suriya məsələsində açıq dəstək istəyirdi. Azərbaycan hökuməti həmin vaxt susqunluq nümayiş etdirsə də, bu zirvəyə özünəməxsus formada qatılmaqla ABŞ-ın mesajlarına ehtiyyatlı və müsbət reaksiya verməyə çalışdı. Ancaq görünən budur ki, ABŞ-ın Azərbaycandan istədiyi bu deyil və istədiyini hələlik almayıb. Təəssüf ki ölkəmizi sürətlə təhlükəli gələcəyə yaxınlaşdıran Azərbaycan diplomatiyası nə qlobal, nə də regional güclərlə etibarlı əlaqələr yarada bilib.
 
Zirvə görüşündəki çıxışında da əsas hədəfə və ortaq düşmənə qarşı vahid mövqedən çıxış ediləcəyinin anonsunu verən Tramp, Bəşər Əsədin İranın dəstəyi ilə törətdiyi qoxrunc cinayətlərin hələ də davam etdiyini bildirdi. Habelə, İran rejimini qlobal terrorizmə öncüllük edən, bölgədə dağıntıların, xaosun səbəbkarı olan ölkə kimi xarakterizə etdi. Xüsusilə də İranın Suriyada, Livanda, İraqda və Yəməndə həyata keçirdiyi məzhəpçi siyasətin doğurduğu təhlükələrdən, iranlı silahlıların bölgədə sabitliyin və təhlükəsizliyin pozulmasının əsas qaynağı olduğundan bəhs etdi.

Səfər zamanı ABŞ və Körfəz ölkələri arasında terror gruplarının maliyyələşdirilməsinə qarşı cəhdlərin birləşdirilməsi və bir sıra məsələlərlə bağlı razılaşmalar imzalanıb. ABŞ-ın S.Ərəbistanı ilə imzaladığı hərbi müqavilə isə daha çox müzakirələrə səbəb olub. İrana qarşı müdafiənin gücləndirilməsi məqsədilə imzalanan müqavilədə 110 milyard dollarlıq müasir silahların alınması və 10 il ərzində bu məqsədlə 350 milyarda qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu sövdələşmələrin regionda yeni hərbi-siyasi proseslərə gətirib çıxaracağı ehtimalı yüksəkdir. İranla S.Ərəbistanı arasında olduqca gərgin münasibətlər yeni fazaya keçə bilər. ABŞ-ın əsas müttəfiqləri kimi Misirin və S.Ərəbistanının ərəb dövlətləri arasında siyasi nüfuz dairəsini genişləndirməsi, Türkiyənin İslam dünyasındakı yeri və rolunun qismən məhdudlaşdırılması, İranın isə regiondakı siyasi maraqlarının yaxın gələcəkdə tam nəzarət altına alınması nəzərdə tutulur.
 
Bəzi ehtimallara görə ABŞ-ın İranla bağlı siyasətinə Türkiyənin ehtiyyatlı davranması və qarşıdurmalara səbəb olacaq proseslərə dəstək verməyəcəyi bəlli olub. Türkiyə öz təhlükəsizliyi və ərazi bütövlüyü naminə həm İranla, həm də Rusiya ilə balanslı siyasətinə sadiq qalacağını ifadə edib. Çox güman ki İran da öz növbəsində Rusiya ilə hərbi-siyasi əməkdaşlığını genişləndirməyə cəhd edə bilər. Regionun yeni gərginliklərə istiqamət götürəcəyi istisna edilmir. Rusiyanın resurslarının tədricən tükəndiyini nəzərə alsaq, bu nüfuz mübarizəsində kimin məğlubiyyətə uğrayacağını yaxın dövrdə proqnoz etmək çətin olmayacaq.