26 Ocak 2016 Salı

Müxalifətin yeni birliyi daha çox kimə lazımdır?

Yeni ictimai-siyasi mərhələ ərəfəsindəyik. Təsadüfi deyil ki, sadə xalqdan, siyasətçilərə kimi hamı fəallaşıb. Ölkənin bugünkü durumu və gələcəyi ilə bağlı müzakirələr də genişlənir. Toplumun lokomotivi olan siyasi qurumların hansı addımlar atacağı, proseslərə necə təsir edəcəyi getdikcə daha da aktuallaşır. Bu məqamda müxalifətin birləşməsinə yönəlik çağrışlar da artmaqdadır. Məsələnin aktuallığını nəzərə alaraq bu istiqamətdə real durumu birlikdə təhlil etməyə çalışaq.

              Artıq hamı böhranı hiss edir

 Sosial böhran artıq ölkəmizi məhəllə-məhəllə silkələməkdədir. Apardığımız araşdırmalar onu göstərir ki, ən ucqar kəndlərdən tutmuş böyük şəhərlərə qədər elə bir kollektiv və ya yetkin insan yoxdur ki, mövcud durumla bağlı hansısa müzakirələr aparmasın. Hələlik tam çılpaqlığı ilə təzahür etməsə də, toplum dərin tərəddüd, ümidsizlik, təlaş və axtarış içərisindədir. Sadə insanlar televiziya ekranlarından “təsəlliedici” çıxışları izlədikcə və üz tutduqları dövlər idarələrində məmurların, səlahiyyətli şəxslərin yanaşmalarını gördükcə, daha da çarəsizliyə yuvarlanır. Müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, xalqımız belə kollektiv ictimai oyanış mərhələsinə qədəm qoyur. Təəssüf ki, bu oyanış və hərəkətlilik aclıqdan, yoxsulluqdan, işsizlikdən, ümidsizlikdən qaynaqlandığı üçün arzuolunmaz istiqamətdə inkişaf edə bilər.
                 
                          Mövcud böhran siyasi idarəetmənin nəticəsidir.

İctimai-siyasi fəal insanlar hələ xeyli müddət öncə həm sosial şəbəkələrdə, həm də digər müstəqil KİV-lərdə geniş diskussiyalar apararaq yaxınlaşan böhranın anonsunu verirdi. Ölkənin ağır duruma düşəcəyi ilə bağlı dəfələrlə müxalifət, vətəndaş cəmiyyəti, müstəqil media və ayrı-ayrı müstəqil şəxslər həyəcan təbili çalsa da, təəssüf ki, nə hökumət, nə də xalq belə çağrışlara diqqət ayırırdı. Toplum hüquqsuzluqdan, korrupsiyadan, pis idarəçilikdən daha ağır zərbələr alsa da, bu neqativ hallara qarşı açıq etirazlara meyl etmirdi. Uzun müddətdir siyasi böhranın məngənəsində sıxılsa da, buna etinasız yanaşırdı. Sərbəst toplaşmaq, özünüifadə etmək, azad seçım və digər siyasi hüquqların məhdudlaşması, siyasi düşüncələrinə görə həbslərin artması ölkəni addım-addım təhlükələrə yaxınlaşdırsa da, xalqın böyük əksəriyyəti elə davranırdı ki, sanki bu siyasi problemlərin ona heç bir dəxli yoxdur və olmayacaq. Ən acınacaqlısı budur ki, belə düşncə hələ də davam etməkdədir. Halbuki indiki sosial böhranın ən böyük səbəbi ölkənin siyasi sistemindən və idarəetmədəki qüsurlardan qaynaqlanır. Ən narahatedici hal budur ki, hökumət nəinki böhran təhlükəsini proqnozlaşdırıb, hətta olacağını heç təsəvvür də etməyib. Vəzifəsi nefti baha satıb, necə gəldi israfçılıqla xərcləməkdən ibarət olan hökumət neft ucuzlaşdıqda isə bu dlemma ilə baş-başa qalıb. Toplumu böhrana sürükləyən hökumətin qəbul etdiyi bütün qərarlar onu göstərir ki, bu komanda ölkəni böhrandan çıxarmağa qadir deyil və təkbaşına bu işin öhdəsindən gələ bilməyəcək. 

Müxalifət adına iddiasını sürdürənlər toplumun diqqətini çəkə biləcəklərmi?

Bu gün ölkədə real müxalifətlə yanaşı, həm də müxalifət adına iddia edərək müəyyən çərçivədə fəaliyət göstərən xeyli partiya var. Müxalifət adına iddia edən bu partiyaların hamısına ucdantutma bir qiymət vermək doğru olmaz. Onların arasında ölkəni gerçəkdən demokratik görmək və bütövlükdə dəyişməsini istəyənlərlə yanaşı, hakimiyyətin siyasi maraqları naminə ərsəyə gətirilmişlər də var. Nə qədər paradoksal olsa da, belə partiyaların çoxluğu və mövcudluğu ölkədə pülüralizmin deyil, avtoritarizmin təntənəsinə xidmət edir. Hakimiyyət uzun illərdir çalışır ki, siyasi sistemdə müxalifət adı altında daha çox iddiaçı göstərsin. Hətta qondarma alternativlik üçün böyük miqdarda vəsait də xərcləyir. Çünki siyasi yetkinliyi olmayan, azad informasiya almaq imkanları məhdud olan toplumu bu metodla çaşdırmaq, onlarda tərəddüd yaratmaqla siyasətdən kənar tutmaq ən sınanmış metodlardandır. Hakimiyyət müxalifət adına “iddialılar” dan müxalif düşərgəni məsxərəyə qoymaq, nüfuzdan salmaq və daxili çəkişmələrə sövq etmək üçün yararlanmağa çalışır və bəzən də nail olur. Dərindən baxdıqda isə hakimiyyət nə qədər cəhd göstərib pul və insan resursları səfərbər etsə də, bu istiqamətdə nəzərə çarpacaq uğur qazana bilməyib. Real durum belədir ki, gerçək müxalifətin rol almadığı heç bir ictimai-siyasi təşəbbüs nəinki toplumdan dəstək almaq, heç ötəri diqqət çəkmək gücündə də deyil.  
Bu mərhələdə müxalifət adına iddialarını davam etdirən, lakin etirazları səfərbər etmək potensialı olmayan qurumların hansı addım atmasının və nə bəyanat verməsinin elə də ciddi əhəmiyyəti yoxdur. Heç hakimiyyət də bu qüvvələrə imkan verməz ki real müxalifətin qatılmadığı hansısa meydan etirazları təşkil etsinlər. Çünki onların istənilən fərdi və kütləvi təşəbbüsləri, etirazları səfərbər etmək potensialı olan real müxalifətin mövqelərini və sıralarını gücləndirəcək. Hətta onların tənqidi belə gerçək müxalifətin müsbət təbliğatına çevriləcək. Müxalifət bu durumda heç bir qeyri-müəyyən ictimai-siyasi təşəbbüslərə dəstək verməməlidir.

Gerçək müxalifətin birliyi toplumu siyasi mübarizəyə səfərbər edə bilərmi?

Son prezident və parlament seçkiləri birmənalı olaraq müxalifətin sərhədlərini və münasibətlərini müəyyən edib. Kiminsə bunu qəbul edib-etməməsi mövcud olan gerçəkliyi pərdələmək imkanında deyil. İctimai fikrin hətta ən səthi monitorinqi belə kifayət edər ki, bu barədə dolğun qənaət yaransın. Həm beynəlxalq ictimaiyyət, həm də ölkənin məlumatlı və fəal kəsimi həqiqətin nədən ibarət olduğunu aydın bilir. Biz də bu istiqamətdə yersiz mübahisələrə əhəmiyyət verməyin doğru olmadığı qənaətindəyik.

Özünü hakimiyyətin əsas müxalifəti kimi təsdiq etmiş qüvvələr bu məqamda “müxalifətin birliyi” müzakirələrinə vaxt sərf etməməlidirlər. Bir anlıq təsəvvür edək ki, müxalifət partiyaları birləşdi. Elan edilən siyasi məqsəd nə olacaq? Vahid məqsəd və lider ətrafında birləşmək mümkün olacaqmı? Siyasi hədəflərə doğru sonadək addımlaya biləcəkmi? Ümumiyyətlə, toplumdan belə bir sosial-siyasi sifariş varmı?  
Əlbəttə, bu sualların hələlik heç birinin müsbət cavabı yoxdur və hadisələri qabaqlamaq yanlış nəticələrə gətirib çıxara bilər. Həm də müxalifət daxili münasibətlərin tarixinə nəzər saldıqda əminliklə deyə bilərik ki, indiki halda birlik çağrışları faydalı deyil. 1993-cü ilin hərbi qiyamı ilə hakimiyyətdən uzaqlaşdırılmış qüvvələr konkret məqsədlər uğrunda dəfələrlə birləşib. Bu birliklər məqsədə çatmaqda ciddi uğur əldə edə bilməsələr də, müxalifətin siyasi hədəflərə birgə istiqmətlənməsində önəmli addımlar ata biliblər. Müxtəlif dönəmlərdə birlikləri zəruri edən onlarla səbəb saymaq olar. Adətən, qalibiyyət düsturunun ən vacib elementlərindən biri birlik hesab edilir. Odur ki, bəzən bir çoxu bu çağırış altında öz “siyasi maraqlarını” asanlıqla gizləməyə və ya həyata keçirməyə çalışır. Heç bir siyasətçi ictimai qınağa tuş gəlməmək üçün birlik çağırışlarını açıq rədd etmir. Təcrübə göstərir ki, demokratik cəmiyyət və seçkilərin uğurlu nəticəsi naminə yaradılan birliklər, koalisiyalar belə geniş dəstək qazansa da, son məqsədə nail olmadığı üçün uzunömürlü ola bilməyib. Maraqların dəyişən dinamikası və hakimiyyətin heç bir siyasi çərçivəyə sığmayan oyun qaydaları, birliklərin dağılmasına səbəb olub. Hakimiyyətin maraqlarının gizli təminatçıları birmənalı olaraq bu müstəvidə daha rahat fəaliyyət göstərib və məqamı çatanda isə birlik daxili gərginlik yaratmaq üçün bir-iki planlı addımlar atmaqla birliklərin dağılmasına bəhanə yaradıblar. Hər dağılma prosesi həm partiyaların qarşılıqlı münasibətlərinə, həm üzvlərinin əhval-ruhiyəsinə, həm də toplumun davamlı dəstəyinə mənfi təsir göstərib. Səthi ümumiləşdirmə etsək, müxalifətin xalqdan dəstək, seçicidən səs almaq problemi yox, alınmış nəticədən yararlanmaq problemi var.
Biz hesab edirik ki, indiki mərhələdə istənilən təşkilati birlik təşəbbüsləri müxalifətin güclənməsinə deyil, sosial etirazların istiqamətinin dəyişməsinə və zəifləməsinə gətirib çıxara bilər. Odur ki, müxalifət tamamilə fərqli siyasi-təşkilati düsturları nəzərdən keçirməlidir. Müxalif düşüncəli insanların bu gün vahid platformada birləşməməsi bəzi insanları səmimi şəkildə narahat etsə də, bu, ümumi ictimai-siyasi şəraitə və proseslərə mənfi təsir göstərmədiyi üçün təhlükəli deyil.

 Müxalifətin yeni formatda birləşməsi və mitinqlərə başlaması iqtidarın da marağındadır.

Hakimiyyət hazırkı durumda müxalifətin yeni böyük birlik yaradaraq meydana çıxmasında çox maraqlıdır. Bunu açıq ifadə etməsələr də gizli çalışmalar nəzərə çarpmaqdadır. Hətta çox güman ki yaxın zamanlarda bu birliyin yaranmasını sürətləndirmək üçün səlahiyyətli şəxslərin dilindən hansısa şirnikləndirici siyasi mesajlar da səslənə bilər.  Bu, Konstitusiya islahatlarından tutmuş, yeni parlament seçkilərinə kimi müxtəlif mövzuları əhatə edə bilər. Bu tezislər hansısa siyasi-hüquqi islahatlar keçirmək üçün deyil, sosial etirazların bir müddət səngiməsinə və hökumətin vaxt udmasına nail olmaq baxımından lazımdır. Hökumət dəqiq hesablayır ki yeni birlik yaranarsa, onun daxilində hansısa real qüvvələrlə “dil taparaq” ümumi vəziyyətə təsir göstərmək və prosesi idarə etmək daha asan ola bilər. Birləşmiş müxalifətin sosial-siyasi tezislər və tələblərlə meydana atılması indiki böhranı pərdələmək və etirazların istiqamətini dəyişmək üçün hökumətə yaxşı fürsət ola bilər. Əgər hakimiyyət müxalifəti bütövlükdə bir araya gətirə bilməsə, son anda əhəmiyyətli hissəsini bir araya gətirməyə cəhd edəcəkdir.  
Birlikdən imtina edən müxalifətə qarşı çoxtərəfli təyziqlərin artması, xalqın bu ağır durumunda birliyə gəlmədiyi üçün müxalif düşərgədən qınaq və tənqidlərin yağdırılması onları qətiyyən hədəfdən çəkindirməməlidir. Heç kəsə sirr deyil ki toplum siyasi yox, sosial problemlərə görə etirazlara meyllənib. Hələ də xalqımız üçün həyatı əhəmiyyət daşıyan siyasi sistemin dəyişməsi tezisləri cəlbedici deyil. Onu yalnız sosial qayğıları etiraza sövq edir. Buna görə də xalqımıza imkan verilməlidir ki, öz təbii halı ilə hökumətlə münasibətlərini həll etsin. İddialı, ciddi siyasi partiyaların müəyyən müddətədək arxa planda olması vacibdir. Toplumu yetişməmiş fərqli hədəflərə istiqamətləndirmək zərərlidir. Onsuz da sosial etirazlar mütləq siyasi proseslərə təkan verəcək. O zaman müxalifət dövlətin və xalqın naminə siyasi proseslərə lokomativlik etməyə indidən daha ciddi hazırlaşmalıdır.

                                                (25 yanvar 2016. )

22 Ocak 2016 Cuma

Ölkədəki etirazları kimlər təşkil edir?

                                              
           Hakimiyyət bu etirazları ənənəvi addımları ilə önləyə biləcəkmi?

Ölkədə mövcud olan hüquq pozmalardan, məmur özbaşınalığından, korrupsiya və rüşvətdən cana doymuş insanların narazılığı xeyli müddətdir mövcud olsa da, indiyədək bu hallara qarşı toplumun təşəbbüsü ilə hər hansı kütləvi etirazlar baş verməyib. Müxalifət bu durumun gələcəkdə daha ağır təhlükələrə yol açacağını müxtəlif vasitələrlə topluma çatdırmağa çalışsa da, xalqdan uyğun reaksiya və dəstək ala bilməyib. Yalnız müxalifət fəallarının iştirakı ilə etiraz aksiyaları təşkil etməklə bu neqativ halların ictimailəşməsinə cəhd göstərib. Geniş xalq kütlələri isə bu taleyüklü etirazlara qoşulmaq əvəzinə, daha çox seyriçi olmağa üstünlük verib.
Ümumiyyətlə toplumda uzun müddətdir belə bir yanlış düşüncə hakimdir ki ölkədə müxalifət varsa zaman-zaman ictimai-siyasi və sosial problemlərin üzərinə onlar getməli, həllinə nail olmalıdırlar. Demokratik fəaliyyət müstəvisi olmayan müxalifətin bu vəzifəni uğurla sonuclandırmasının mümkünsüzlüyü hər kəsə bəlli olsa da, bəzən müxalifətçilərin də əksəriyyəti bu düşüncədən imtina etmək istəmirdi. Bütün çətinliklərə, mərhumiyyətlərə, sıralarından çoxsaylı həbslər verməsinə baxmayaraq müxalifət bu missiyanı daşımaq iddiasından geri çəkilmir və toplumun siyasi yükünü sona qədər çiyinlərində saxlamaqdan usanmırdı.
Sadə insanlar isə öz üzərlərində birbaşa hiss edilməyən bütün sosial, siyasi və milli problemlərə etinasız yanaşmaqla özlərini daha təhlükəsiz hiss edirdilər. Hətta hökumətin və toplumun əksəriyyətinin “xor”undan ruhlanaraq etiraz aksiyalarını qınayan, əlehinə açıq təbliğat aparanlar arasında özünü müalifət adlandıran partiyalara da rast gəlmək olurdu. Müxalifət faktiki olaraq etirazların təşkilatçısı kimi həm iqtidardan ağır zərbələr alır, həm də toplumun laqeydliyindən və etinasızlığından siyasi-təşkilati zərər görürdü.
Artıq indiyədək hökm sürən sosial-siyasi durum ciddi şəkildə dəyişməyə doğru gedir. Bu günədək idarəetmədə üzləşdikləri haqsızlıqlara dözən insanların indi üzləşdikləri durumda etiraz etməkdən başqa çarəsi qalmayıb. Hüquqsuzluq və ədalətsizliyin üzərinə kütləvi işsizliyin, yoxsulluğun, bahaçılığın da əlavə olunması toplumda ümidsizlik, tərəddüd və qəzəb yaradıb. Böhrandan özünü qorumaq üçün hökumət həm atdığı addımlara, həm də toplumun marağı baxımından atmalı olduğu halda atmadığı addımlara görə xalq arasında dayaqlarını sürətlə itirir. Nəinki müxalifət, vətəndaş cəmiyyəti, müstəqil şəxslər və hətta iqtidarın aşağı və orta təbəqəsi də hökumətin yanlış qərarlar qəbul etdiyini fəal müzakirə edir. Sanki xalq kiçik qruplar şəklində kütləvi hipnozdan ayılır və nə baş verdiyini tədricən dərk etməyə başlayıb.
                                                
                            Etirazların təşkilatçıları ilə bağlı versiyalar.

Bir-birinin ardınca baş verməkdə olan etiraz aksiyaları toplumu yüngül də olsa silkələməkdədir. Etirazların təşkili ilə bağlı müxtəlif versiyalar irəli sürülür və müzakirələr aparılır. Bu ehtimalların hər birini ardıcıllıqla qeyd edib, birlikdə analiz etməyə çalışaq:

1. Xarici faktorlar:  Bu iddianın müəllifləri hesab edir ki etirazların təşkilatçıları beynəlxalq güclərdir. Məqsəd dövləti zəiflətmək, ölkədə xaos yaratmaq, hakimiyyəti fakt qarşısında qoymaqla öz maraqlarını reallaşdırmaqdır.
2. İqtidardaxili qruplar:  Bu fikirdə olanlar bildirir ki etirazları oliqarx-məmurlar təşkil edir. Məqsəd iqtisadi-siyasi islahatları əngəlləmək, monapoliyanın davam etməsinə nail olmaq və ölkə prezidentini təzyiq altında saxlamaqdır.
3. Hakimiyyət:  Bu düşüncə sahibləri sübut etməyə çalışır ki xalq qorxu və itaətdən özbaşına belə sürətlə qurtula bilməz. Etirazları yəqin ki iqtidar özü təşkil edir. Məqsəd isə sosial narazılıqların kütləvi etirazlara çevrilməsinin qarşısını planlı şəkildə almaq, süni gərginlikdən istifadə edib güc tətbiq edərək əhalinin gözünü qorxutmaq və kütləvi təbii etirazlardan çəkindirməkdir.
4. Müxalifət: Bu iddianın müəllifi yalnız iqtidardır. Rəsmi təbliğat tezisləri də bunun üzərində qurulub ki müxalifət sosial gərginlikdən istifadə edərək ölkədə gərginlik yaratmaq, siyasi məqsədlərinə nail olmaq və hakimiyyətə gəlmək üçün fürsət əldə etmək istəyir.
5. Xalq: Bu fikiri daha çox müstəqil və müxalif şəxslər səsləndirir. Hesab edilir ki baş verənlər sosial problemlərin altında əziyyət çəkən, mərhumiyyətlərdən təngə gəlmiş xalqın təbii etirazlarıdır.
Bu iddiaların heç birini bəri başdan inkar və ya təsdiq etməyəcəyik. Güman edirik ki obyektiv qənaətə gəlmək üçün ən səthi dəyərləndirmə aparmaq da kifayət edəcək.

                                           Etirazlar xaricdən təşkil edilir?

Bu etiraz aksiyalarında xarici dövlətlərin əli olduğunu iddia etmək fikrimizcə primitiv yanaşmadır. Bu ya real stüasiyadan xəbərsiz olmağın ya da fikir yayındırmağın nəticəsidir. Bəlkə də bu ehtimalı heç sələndirib təhlil etməmək də olardı. Lakin istənilən halda bu fikirlər dövriyyəyə buraxıldığı üçün biz də üstündən sükutla keçməməyə çalışaq. Regional siyasi durumu dərindən təhlil etdikdə bir daha əmin olmaq olar ki, bu versiya tamamilə əsassızdır. İndiki halda ölkədə yaşanacaq qeyri sabitlik dalğasının önə çıxara biləcəyi yeni ideoloji-siyasi xətt daha çox milli və demokratik təmayüllü olacaq. Bu isə antidemokratik şimal və cənub qonşularımızın heç birinin marağında deyil. Mövcud hakimiyyətin zəifləməsi və ya arzuolunmaz ideoloji-siyasi istiqamətə dəyişməsi onlara əlavə problemlər yaradar. Rusiya və İran bu məsələlərdə çox aydın siyasi iradə sərgiləyir. Onlar mövcud hakimiyyətə problem yaradacaq heç bir dağıdıcı addımlara rəvac verməyəcək. Qərb dövlətləri də indiki durumda ölkəmizdə hansısa qeyri-sabitliyin yaranmasında maraqlı deyil və bunun üçün məqsədyönlü addımlar atmır. Azərbaycan artıq qərbin təhlükəsizlik doktrinasında öncəki rola və əhəmiyyətə malik deyil. Hakimiyyətin istənilən strateji seçimi qərb üçün böyük itki sayıla bilməz. Birmənalı olaraq görünür ki Azərbaycana təsir gücündə olan heç bir dövlət indiki məqamda belə etirazlarda maraqlı deyil. Onu da qeyd edək ki əgər hakimiyyətin dəyişməsi real olsaydı, o zaman fərqli stüasiyanın yaranması mümkün ola bilərdi.

                                  Etirazları iqtidardaxili qruplar təşkil edir?

İqtidardaxili qrupların da təsir imkanları və siyasi maraqlarını gerçəkləşdirmək hazırlığında olmasi hədsiz dərəcədə şişirdilir. Hakimiyyətin daxilində vahid siyasi iradəyə qarşı hazırlıqlı və məqsədyönlü qrup qətiyyən mövcud deyil. Bu tezislər daha çox abıvatelə hesablanıb. Hakimiyyətə yaxın çevrələr elə görüntü yaratmaq istəyirlər ki, guya problemlərin həllinə əngəl olan ciddi qüvvələr var və bu amillər hökumətin bir çox mütərəqqi addımlar atmasına imkan vermir. Əslində aydın şəkildə görünür ki, hakimiyyətin şəffaf şəkildə nə siyasi, nə iqtisadi, nə də sosial islahatlar həyata keçirmək niyyəti var. Belə olan halda hökumətin daxilindən hansı islahatlara əngəl törətməkdən danışmaq olar? Bu fikirlər hakimiyyətin müəyyən mərhələyədək özünü ümumi narazılıqdan qoruma taktikasinin bir hissəsidir. Proseslər onu göstərir ki yaxın gələcəkdə hökumət təmsilçiləri arasında da hakimiyyətin böhrandan uğurla çıxa biləcəyinə inam tədricən sarsılacaq. O zaman belə halların açıq və gizli şəkildə təzahür edəcəyi, hətta alternativ axtarışları da istisna deyil. İndiki şəraitdə isə bu tezislər təbii etirazların mahiyyətini kölgələməklə yanaşı, həm də istiqamətini dəyişmək və hakimiyyətin əsas sütununu qorumaq üçün ortaya atılmış bir imitasiyadır.

                                   Etirazları hakimiyyət təşkil edir?  

İlk baxışda elə görünür ki etirazların hazırlıqsız və kiçik miqyasda baş verməsində hökumət maraqlıdır. Etiraz potensialı yüksək olan ərazilərdə vaxtından öncə bir eksperment keçirilir və süni yollarla gərginlik azaldılır. Lakin bu qətiyyən belə deyil. Apardığımız monitorinqlər onu göstərir ki etirazların baş verməsində iqtidar maraqlı ola bilməz. Hakimiyyət çox yaxşı anlayır ki belə bir durumda cüzi etiraz imitasiyası böyük hərəkatlara təkan ola bilər. Yaşayışından narazı olan, yoxsulluq hədinə düşmüş insanlar üçün etirazlar “domino effekti” verə bilər. Etirazların konkret məsuliyyətini öz üzərinə götürən ictimai-siyasi təşkilatların olmaması da hakimiyyət üçün əlavə problemlər yarada bilər. Siyasi baxımdan üzərinə gedilə biləcək konkret hədəf olmadıqca, hakimiyyət çox sürətlə zəifləyəcək. Özü etiraz təşkil edib və nəticədə xalqla açıq qarşıdurmaya gedəcəksə bu hətta hakimiyyətin fəlakətli sonu ola bilər. Odur ki heç bir halda hakimiyyət belə bir addıma risk etməzdi. Etirazlardan dərhal sonra inzibati yollarla bir neçə zəruri qida məhsullarının qiymətinin endirilməsi və rəsmi açıqlamalar hökumətin ilk dəfə geri addım atmasını göstərdi.
                                
                                   Etirazları müxalifət təşkil edir?

Hökumət etirazlara siyasi don geyindirməklə onu daha rahat ram edəcəyini zənn edir. Çünki buna nail olacağı təqdirdə səslənən tələbləri qulaqardına vurmaq və prosesin istiqamətini dəyişmək nisbətən asan olacaq. Odur ki ilk olaraq bu etirazların müxalifətin adına bağlanmasına cəhd edildi. Bununla da hökumət iki məqsədə nail olmaq istəyirdi.
Birincisi, etirazlara siyasi yön verməklə narazı insanlarda qismən tərəddüd yaratmaq, etirazların yayılmasının qarşısını almaq, xüsusi üsullarla aksiyaçılara edilən müdaxiləyə haqq qazandırmaq və yerli fəal müxalifətçiləri həbs etməklə əsasən qorxu yaratmaq idi.
İkincisi isə müxalifəti siyasi hədəfdən yayındırmaq, mümkün qədər tez etirazlara sövq etmək, arzuolunmaz xaotik müstəviyə sürükləmək və yerlərdə narazı insanlar arasında sərbəst təşkilatlanmaya maksimum əngəl törətməkdən ibarət idi.
Müxalifət belə etirazlarda maraqlı olsa da onun təşkilatçılığı kimi qeyri-müəyyən perspektivə qol qoya bilməzdi. Çünki hər kəs anlayır ki sosial narazılıqların artması siyasi proseslərə münbit müstəvi açacaq. Odur ki real müxalifət indiki durumda meydana atılmağa cəhd etməyəcək.
                  
                          Mövcud durum xalqı kütləvi etirazlara sürükləyir

Etirazlarda iştirak edən hər kəs bilir ki nə xarici və daxili qruplar, nə hakimiyyət, nə də yerli müxalifətçilər onları hansısa sosial-siyasi tələblərlə meydana çağırıb. Hər kəs öz dərdini deməyə yer axtardığı üçün kollektiv olaraq yerli icra orqanlarının qarşısına toplaşıbdır. Hətta, etirazçıların sırasında çoxsaylı sıravi YAP üzvləri də iştirak edib və tələblər irəli sürübdür. Artıq əksəriyyət anlayır ki, evində oturmaqla düşdüyü durumdan xilas ola bilməyəcək. Nəsə etməlidir və bunu təkbaşına edə bilməyəcək. Qorxu o zaman hakim olur ki, itiriləcək çox şeylə yanaşı, həm də sosial vəziyyətin düzələcəyinə, çətinliklərin bitəcəyinə ümid olsun. Bunlar heç biri yoxdursa çətin ki insanlar sakitləşsin. Hələ ölkədə etirazlar cücərmək mərhələsinə qədəm qoyur. Onun geniş ictimai-siyasi prosesə keçəcəyi bir müddət sonra baş verəcək. Əlbətdə ki yuxarıda qeyd edilən tərəflərin hər birinin hansısa maraqları indiki mərhələdə üst-üstə düşə bilər. Lakin birmənalı olaraq deyə bilərik ki baş verən olaylar sosial vəziyyətin ağırlığından doğan kortəbii xalq etirazlarıdır.
                                             Müxalifətin etirazlara yanaşması

Müxalifətin olaylara yanaşması onu göstərir ki, hələlik onlar təşkilatlanmış şəkildə hökumətin qarşısına çıxmaq niyyətində deyillər. Çünki bu gün ən əlverişli mövqe müxalifətindir. Dəfələrlə xalqa çağrış edərək onu qarşılaşacağı təhlükələrdən agah etməklə yanaşı, həm də hökumətə də böhrandan çıxmaq üçün xeyli faydalı təkliflər təqdim ediblər.
Açıq siyasi tələblər irəli sürüb meydana çıxmamaqla həm hökumətə imkan verirlər ki vəziyyətdən çıxış yolu tapsın, həm də siyasətdən uzaq durmaqla qazanmağa vərdiş etmiş xalqa da imkan verirlər ki növbəti dəfə hökumətlə problemlərini vasitəçilərsiz həll etsin. Müxalifətin bu taktikası islahatlardan qaçmaq istəyən hakimiyyətin zərərinə işləməklə yanaşı onu daha da çətin vəziyyətə yaxınlaşdırır. Hökumət yaxın vaxtlarda müxalifəti daha tez meydanlara çəkmək üçün hansısa gözlənilməz hüquqi-siyasi addımlar da ata bilər. Çünki baş verməkdə olan lokal etirazlar müxalifət üçün ən uduşlu haldır. Milli və syasi mübarizələr yuxarıdan aşağıya yayıldığı üçün qlobal liderlərini, aşağıdan başlayan sosial etirazlar isə məhəlli liderlərini ortaya çıxarır. Bu sosial etirazlar aşağıdan başladığı üçün yalnız öz məhəlli liderlərini yetişdirə bilər. Məhəlli liderlərin isə nə sosial durumu düzəltmək imkanı var, nə də hakimiyyətə qarşı mərkəzləşmiş müqaviməti təşkil etmək. Deməli qısa müddət sonra xalqın və məhəlli liderlərin üz tutacağı yeganə ünvan yenə də müxalifət olacaq. Hətta onu sevməsə, inanmasa belə başqa seçimi yoxdur. Müxalifət qlobal liderlərinə sahib olduqları üçün prosesə nəzarəti qısa müddət sonra tam ələ ala biləcəkdir. Hakimiyyət bu etirazları zorla yatırmağa davam etdikcə, müxalifətin sosial bazası da böyüyəcək. Bu paradiqmanı dəyişmək mümkün deyil.

                            Hakimiyyətin addımları effekt verəcəkmi?

Ölkədə ciddi sosial böhranın baş verəcəyi xeyli öncədən məlum idi. Bu barədə iqtisadçılar və siyasətçilər tərəfindən hökumətə tədbir görmək üçün xeyli çağırışlar edilmişdi. Belə bir güman var idi ki hökumət ciddi böhran təhlükəsini görürüb, qarşısını almaq üçün müəyyən siyasi addımlar atacaq. Lakin məsələyə peşəkar yanaşılmadı və fürsətlərin çoxu qaçırıldı. Nardaran əməliyyatından sonra hökumətin cəmiyyətlə necə rəftar edəcəyi dəqiq görünməyə başlamışdı. Hökumət vaxtilə İsmayıllıda və Qubada uğurla yatırılmış etirazlarla indiki etirazların çox fərqli mahiyyət kəsb etdiyini unutmamalıdır. O zaman əhalinin təhqir edilməsi kimi ictimai-psixoloji amillər səbəb idisə, indiki etirazlar aclıq və yoxsulluğun nəticəsidir. Hətta Nardaranda da səbəblər dini-siyasi tezislərlə pərdələndiyi üçün onun miqyası genişlənmədi. Son etirazların mahiyyəti isə çox fərqlidir. İnsanlar evlərində üzləşdiyi yoxsulluqdan, aclıqdan, işsizlikdən, pulsuzluqdan, güzəranın ağırlığından evdən baş götürüb çıxır. Onları qınamaq, əzmək, döymək, tutmaqla problemləri həll etmək mümkün olmayacaq. Hər kəs görür ki, onun qonşusu, qohumu, dostu ağır sosial vəziyyətini yerli idarəçilərə çatdırmaq üçün küçələrə çıxdığına görə təyziqlərə tuş gəlib.
Etirazların mahiyyəti sosial xarakterlidir. Səbəblər ortadan qalxmadıqca bu etirazların qarşısını almaq daha da çətinləşəcək. Dünya təcrübəsi göstərir ki belə etirazları güc yolu ilə önləmək çox çətindir. Siyasi, milli etirazlar mərkəzdən bölgələrə yayılırsa, sosial etirazlar yerlərdən mərkəzə doğru istiqamət götürür. Həm də məhəlli etirazlar antidemokratik hakimiyyətlər üçün ən arzuolunmaz dilemmadır. Ona heç bir halda fərqli don geyindirmək və susdurmaq mümkün olmur. Çünki çarəsizlikdən meydana çıxan bu insanlar niyə belə addım atdıqlarını hər kəsdən daha yaxşı bilirlər. Onları hansısa televiziya təbliğatı ilə ovundurmaq mümkünsüzdür. Hökumət proseslərin hansı istiqamətə getdiyini anlamalı və yubanmadan siyasi islahatlara başlamalıdı.
                          (Bakı şəhəri, 22 yanvar 2016-cı il, saat 17:16)

8 Ocak 2016 Cuma

Böhran dərinləşdikcə Nardaran ekspermenti aktuallaşacaq.

 Böhran dərinləşdikcə Nardaran ekspermenti aktuallaşacaq.

Nardaranda baş verən məlum olaydan dərhal sonra “Nardaranda ölümlə nəticələnən səs-küylü əməliyyatdan kim qazanacaq?” başlıqlı təhlili yazı hazırlamışdıq. Bir sıra məqamlar aydın olmadığından o zaman məsələyə obyektiv qiymət vermək xeyli çətin idi. Lakin, bütün çətinliklərə baxmayaraq olaya verdiyimiz qiymət geniş oxucu müzakirəsi yaratmaqla bərabər, əməliyyatın qaranlıq tərəflərinə də xeyli işıq sala bildi və rəğbətlə qarşılandı. Artıq əməliyyatdan 40 gün müddət keçib və olayı daha soyuq başla analiz etmək mümkündür. Əməliyyat zamanı həlak olan vətəndaşlarımıza Allahdan rəhmət diləyir və vəd etdiyimiz kimi bu mövzuya yenidən qayıtmaq zərurəti hiss edirik.

 Hökumət olayı topluma necə təqdim etməyə çalışdı?

Rəsmi mövqe əsasən bunun üzərində quruldu ki, Nardaranda ölümlə nəticələnən silahlı əməliyyatın keçirilməsi qaçılmaz idi. İctimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi məqsədi daşıyıb.

Televiziyalardan aparılan təbliğat da əlavə olaraq belə qənaət yaradırdı ki, İranın Azərbaycanla bağlı hansısa gizli təhdid planı olub və buna hazırlıq işləri Nardaranda aparılırdı. Konkret olaraq dini zəmində hansısa siyasi prosesin hazırlandığı barədə hökumət məxvi məlumatlara malik olub. Qəsəbədə terrorçular var idi və terror aktları planlaşdırılırdı. Ölkə qanunlarının bu ərazidə işləməsinə imkan verilmirdi və bu hal digər bölgələr üçün pis nümunə olmaqla yanaşı həm də dövlət konyukturasına xələl gətirirdi. Təsadüfi deyil ki prokurorluğun elan etdiyi rəsmi ittihamlar və cinayət işinin istintaqı da əsasən bu yöndə aparılır.

              Rəsmi iddianın cəmiyyətə qəbul etdirilməsi üçün iki xətt müəyyən edildi:
 
Birincisi, ciddi əsas olmadan hüquq mühafizə orqanları böyük canlı qüvvə və zirehli texnikalarla döyüş hazırlığına gətirilərək əməliyyat-axtarış tədbirlərinə cəlb edildi. Həm Nardaranda həm də ölkənin bəzi bölgələrində səs-küylü əməliyyatlar keçirməklə sadə insanlarda qorxu, təşviş yaratmağa, həmçinin hüquq mühafizə orqanlarının qətiyyətini nümayiş etdirməyə cəhdlər edildi. Əməliyyatlar daha çox o bölgələrdə keçirildi ki, orada yerli əhalinin əksəriyyəti dini-təriqət ayinlərinə bağlıdır, sosial-siyasi neqativlərə müqavimət duyğusu hələ tam ölməyib. İctimai-siyasi proseslərə münasibətdə də tarixi ənənələrin davam etdiyi və kollektiv müqavimət şüurunun nümunələri qalmaqdadır.
İkincisi isə hökumətin nəzarətində olan mediadan, xüsusilə də televiziyalardan birtərəfli qaydada intensiv təbliğat aparmaqla olayın əsil motivini deyil, rəsmi iddianı cəmiyyətə qəbul etdirmək oldu. Görüntülərdə əməliyyatlara cəlb edilən canlı qüvvə və zirehli texnikaların miqyası elə təqdim edilirdi ki, sanki yüksək döyüş hazırlığı olan terrorçu hərbi birləşmələrlə döyüş aparılacaq. Yerli və beynəlxalq ictimaiyyətin diqqətini də məhz bu aspektdən olaya cəlb etmək istəyi hiss edilirdi. Əməliyyatlarla bağlı atılan addımları müstəqil medianın birbaşa izləməsinə imkan verilməməsi də rəsmi iddiaları topluma istədikləri kimi qəbul etdirə bilməməkdən qaynaqlanırdı. Buna baxmayaraq əməliyyatın şübhəli məqamlarını qəsəbə sakinlərinin həvəskar çəkilişləri əsasında sosial şəbəkələrdə yayılan kadrlardan və müstəqil mediadan daha əhatəli almaq mümkün oldu.
                                  

                                               Rəsmi iddiaları toplum necə qarşıladı?

 Son illər buna bənzər ittihamlarla çoxsaylı fəal insanlar həbs edilib və haqlarında məhkəmə hökmü çıxarılıbdır. Lakin, məhkəmə istintaqı zamanı rəsmi ittihamların əsasən qondarma olduğu, hakimiyyətin siyasi maraqlarına xidmət etdiyi cəmiyyətə və beynəlxalq ictimaiyyətə aydın olubdur. Odur ki, haqlı olaraq cəmiyyət bu tip rəsmi iddialara etibar etmir və bu istiqamətdə müstəqil müzakirələrə daha çox maraq göstərir. Həmçinin, nüfuzlu belnəlxalq qurumlar da haqlı olaraq bu həbsləri siyasi motivli hesab edir və ölkədə ağır siyasi məhbus problemini ardıcıl qabardır. Məhz belə bir yanaşma, həbslərin prodsedur pozuntuları ilə həyata keçirilməsindən və məhkəmə istintaqı zamanı rəsmi ittihamların təsdiqini tapmadan hökm çıxarılmasından qaynaqlanır. 
Təsadüfi deyil ki, Avropa Məhkəməsində yüzlərlə belə iş rəsmi icraata götürülüb və komunikasiya mərhələsindədir. Nardaran olayından keçən müddətdə bir daha bu halı xüsusi olaraq müşahidə etdik ki, əməliyyatın məqsədi ilə bağlı rəsmi iddialar cəmiyyət tərəfindən növbəti dəfə şübhə ilə qarşılandı. Çünki hökumət dəfələrlə belə hay-küylü həbslər həyata keçirib və cəmiyyətə elə təqdim etməyə çalışıb ki, guya hansısa ixtişaşların, dövlət çevrilişlərinin, vətənə xəyanətin qarşısı qətiyyətlə alınıb.

Nəticə bundan ibarətdir ki, həbs olunmuş şəxslər onlara elan edilmiş ittihamlarla özlərini təqsirli hesab etmədiyi kimi, Nardaran sakinləri və nüfuzlu müxalifət partiyaları da bu iddiaları birmənalı qarşılamır. Məsələyə münasibətdə ciddi fərqlərin olduğunu nəzərə alaraq bəzi məqamlara birlikdə nəzər salaq.

Öncə hökumətimizin İranla bağlı siyasətini ötəri analiz etsək görərik ki, münasibətlərin gərginləşməsi istiqamətində diplomatiyamız ən kiçik addım belə atmayıb. Bir dəfə də olsun İran üçün ən həssas məsələ olan Güney Azərbaycan türklərinin milli haqları ilə bağlı haqlı mübarizəyə nə açıq nə də gizli dəstək ifadə edib. Milli maraqlara biganə olan, İran üçün təhdid yaratmayan bir hökumətə İran tərəfinin problem yaratması və indiki geosiyasi münaqişələrin fonunda onun dayaqlarını zəiflətməsi qətiyyən inandırıcı deyil. 

Hökumət çox güman ki bu arqumenti daha çox qərb auditoriyası üçün düşünüb və bir müddət də gündəmdə saxlamağa çalışacaq.
Düzdür Nardaranda sosial-ictimai həyat dini qaydaların ciddi təsiri altında idi. Qız uşaqları məktəbdən yayındırılırdı, kənd əhalisi əsasən İran rejiminə rəğbət bəsləyirdi, dini-təriqət mərasimləri həddini aşırdı, yerli icra hakimiyyəti icra işini ola bilsin ki çətinliklə həyata keçirirdi və s. Lakin bunların heç biri hökumətin ölümlə nəticələnən əməliyyatına adekvat sayıla bilməz. Ədalətsiz qərarlardan əziyyət çəkən insanların şikayət edib, ədaləti bərpa edəcəyi məkan yoxdursa o zaman daha kütləvi şəkildə dinə meyllənməsi qanunauyğunluqdur. Bu olaylarla bağlı  hökumətin iddialarının heç biri cəmiyyət tərəfindən dəstək almadı. Hadisələrin gedişi göstərdi ki, toplum xeyli müddətdir rəsmi məlumatlara etibar etmir. Televiziyaların təqdim etdiyi məlumatların həqiqəti əks etdirmədiyini və əhalinin şüuraltına qorxu və itaət aşılamaq məqsədi daşıdığını çox yaxşı anlayır.
                     
                 Nardaran əməliyyatının məqsədi nə ola bilərdi və nə baş verdi?

Bu sualın cavabı hökumət qurumlarının rəsmi açıqlamalarında deyil, atdığı addımlarda daha aydın ifadə olunur. Öncə bir məsələni özümüz üçün aydınlaşdıraq ki, doğrudanmı Nardaranda mövcud olan durum dövlət üçün təhlükə yaradacaq miqyasda idi və bunun üçün silahlı əməliyyat son çarə olaraq seçilməli oldu? 
Nardaran olayının tam aydınlığa çıxdığını söyləmək hələ də çətin olsa da, artıq xeyli məqamlar topluma aydınlaşıb. Əlbətdə ki, zamanla bütün gizli məqamlar faktlarla tamamilə ortaya çıxacaq və dəqiq hüquqi-siyasi qiymətini alacaqdır. İndi görünən budur ki, hakimiyyət cəmiyyətin diqqətini əsas problemlərdən yayındırmaq üçün müxtəlif kombinasiyalı cəhdlər edir. Bir tərəfdən MTN olayı ilə hüquq-mühafizə orqanlarının timsalında hakimiyyətin tamamilə sarsılan imici,
digər tərəfdən isə neftin sürətlə ucuzlaşması, sosial-iqtisadi böhranın kəskinləşməsi, manatın dəyərdən düşməsi, 
büdcənin 20%-dən çox azaldılması hökuməti riskli addımlara vadar edir. Məhz Nardaran əməliyyatı da toplumun inanclı kəsimini müvəqqəti olsa da qorxutmaq, etirazlardan çəkindirmək üçün tələsik düşünülmüş gediş təsiri bağışlayır. Sosial-iqtisadi böhran dərinləşdikcə hökumət də Nardaran ekspermentini aktuallaşdıracaq.

Əlbətdə ki Nardaranda əməliyyatlar üçün hökumətə bəhanə tapmaq elə də çətin deyildi. Bunun üçün həm yerli sosial-ictimai mühit, həm də beynəlxalq rəy əlverişli idi. Xeyli müddətdir hökumətyönlü medianın yaratdığı təbliğat əsasları da hökumətə əlavə imkanlar açırdı. Qanunların vətəndaşlara qarşı daha da sərtləşdirilməsi və polisə əlavə səlahiyyətlərin verilməsi üçün Nardaran ciddi bəhanə rolu oynaya bilərdi. Deməli çətin sınaq qarşısında effektli çıxış yolu tapa bilməyən hökumətin hüquq-mühafizə orqanlarının gücündən istifadə etməklə atacağı bu tip addımlar sonuncu olmayacaq.
                                             
                                          Əməliyyat məqsədinə çatdımı?   

Əməliyyat çəkilişlərinin olmaması və əməliyyat sonrası ekspertizaların keçirilməməsi əməliyyata hazırlıqsız qərar verildiyinə işarədir. Əldə ciddi əməliyyat məlumatları olsaydı yəqin ki bütün bunlar topluma maddi sübut kimi təqdim edilərdi. Hətta əməliyyat sonrası yerli sakinlərin həvəskar çəkilişləri də sübut edir ki əməliyyat qeyri peşəkarlıqla həyata keçirilib.   
İlk günlər əməliyyatın əks-sədası elə təsir bağışlayırdı ki, hökumət istədiyinə nail ola bilib. Lakin qısa müddət sonra bu təəsürat ortadan qalxdı. Nüfuzlu ictimai-siyasi qurumların və vətəndaş cəmiyyəti fəallarının əməliyyatlarla bağlı rəsmi iddiaları şübhə ilə qarşılaması və tutarlı arqumentlərlə onların əsassızlığını cəmiyyətə təqdim etməsi durumu dəyişdi. Təsadüfi deyil ki Nardaranda ölümlə nəticələnən əməliyyatı alqışlayacaq və hökumətə haqq qazandıracaq bir nəfər də olsun müstəqil şəxs tapılmadı. Bu əməliyyatın hökumət üçün hansısa müsbət təsirli ictimai-siyasi effektindən danışmaq mümkün deyil.

Hökumətin Nardarana işıq, su, qaz verməməklə durumu gərginlikdə saxlaması, qəsəbəyə yenidən silahlı qüvvə yeritməsi və 60-dan çox sakini həbs etməsi də məhz istədiyinə nail ola bilməməsindən qaynaqlanan təşvişin nəticəsi idi. Xeyli gəncin ölümünə səbəb olan əməliyyatı əsaslandırmaq üçün əlavə “sübut” lara ehtiyac var idi. Əməliyyat zamanı əlavə provakasiyaların baş verməsi hökumətə müəyyən qədər haqq qazandıra bilərdi. İddia edildiyi kimi orada hazırlıqlı terrorçular olsaydı hansısa fərqli nəticə yaşanardı. Ancaq bunların heç biri baş vermədi.
Həlak olan insanların cənazəsini dəfn etmək üçün sahiblərinə verməmək də Sovet Rusiyasının 30-cu illərdə Azərbaycanda yerli üsyanları yatırdarkən istifadə etdikləri qeyri-insani davranışın təkrarı oldu. Hökumət bu davranışı ilə həm əhalini qorxutmaq, həm də kütləvi dəfn mərasimlərinin böyük etirazlara yol aça biləcəyi ehtimalından sığortalanmaq üçün belə biabırçı addımı atdı.

Təqsirləndirilən şəxslərin vəkili Cavad Cavadovun Baş Prokuror Zakir Qaralova etdiyi müraciətdə, müvəkkili Taleh Bağırzadə ilə bu günə qədər konfedensial şəkildə görüşə bilmədiyini, onun üzərində görünən çox ciddi xəsarətlərin və işgəncə hallarının olduğunu, ailəsinin ona göndərdiyi paltar, digər zəruri ləvazimatların qəbul edilmədiyini açıqlayıb. Həbs olunan insanların hüquqları ilə bağlı belə ciddi qanun pozuntularının olduğu və onların durumu haqqında heç bir məlumatın olmaması da dövlətin nüfuzunu zədələyir. Hətta heç bir əsas olmadan Milli Şuranın adını bu olaylara bağlamaq cəhdləri də uğursuz əməliyyatı pərdələmək və siyasi müxalifəti qorxutmaq cəhdləridir. İstənilən halda bütün bu yanaşmalar hökumətlə xalqın arasında yaranmış dərin uçrumdan xəbər verdi.

                                                                  Son olaraq

Olaya münasibətdə toplumun reaksiyasını, yanaşmalarını əsaslı analiz etdikdə aydın olur ki, xalqımız dinin siyasətdə aktiv rolunu dəstəkləmir. Müsəlman Birliyi Hərəkatının strukturlaşmış təşkilat kimi mövcudluğu da həqiqəti əks etdirmədi. Görünən budur ki bu qurum hətta öz sədrinin adicə ictimai müdafiəsini belə təşkil edəcək imkana malik deyilmiş. Odur ki rəsmi iddianı topluma qəbul etdirmək üçün həbslərin başqa istiqamətdə davam edəcəyi ehtimalı artmaqdadır. Hökumət çox güman ki mövcud sosial-iqtisadi böhrandan çıxış yolları tapmadıqca bu istiqamətdə yeni səs-küylü həbslər həyata keçirəcək. Hətta müxalifətin narazı insanlarla ünsiyyətini və fəal əlaqələrini məhdudlaşdırmaq, əhalinin etirazlarını önləmək üçün bu həbslər siyasi partiyalardan da yan keçməyə bilər.