24 Haziran 2018 Pazar

Əbülfəz Elçibəyin 80 illik yubleyinə həsr edirəm!


Salam olsun o pak ruhuna, bəy! 80 yaşın mübarək!

Əbülfəz Elçibəy həyatımda və siyasi dünyagörüşümdə misilsiz rolu olan şəxsiyyətlərdən biridir. Onu ilk dəfə canlı olaraq 30 il öncə BDU-da təhsil aldığım vaxt tanımışam. Sonradan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın ilk və hələlik sonuncu demokratik yolla seçilmiş prezidenti, Bütöv Azərbaycan məfkurəsinin siyasiləşməsinin şəriksiz müəllifi olan siyasətci, ədalətli insan, alim, ideoloq və demokrat kimi hörmət bəsləmişəm.

Elçibəy əsil insanliq nümunəsi olan siyasi xadim kimi çağdaş tariximizə adını əbədi yazdırıb. Prezidentliyi müddətində xalqın və dövlətin bir manatına da əl uzatmayıb. Dünyanın ən kasıb prezidenti kimi qürurlu titul yəqin ki əbədi olaraq ona məxsus olacaq.
Hətta bəzən onu kasıb olduğuna, rüşvət almadığına, özünə sərvət toplamadığına, övladlarının adına xaricdə bank hesabları açmadığına, xalqı ilə yumşaq davrandığına, hakimiyyətini qorumaq üçün qardaş qanı tökmədiyinə görə qınayanlara da rast gəlirik.
Amma hətta ona müxalifətdə olanlar da heç vaxt onun barəsində korrupsioner, rüşvətxor, oğru, tamahkar, hakimiyyət hərisi, zülmkar, ədalətsiz prezident sözünü işlətmədilər. Nəinki işlətmədilər, heç ağıllarından belə keçirmədilər.

Elçibəy hakimiyyətinin ən kiçik məmuru və ya nümayəndəsi olmasam da, vaxtilə onu bir gənc kimi fəal dəstəkləyənlərdən olmuşam. Bir illik iqtidarı dönəmində çox böyük işlərə imza atdığı kimi, səhvləri də olmuşdu. Səmimi söhbətlərində səhvlərini etiraf etməkdən çəkinmir və bir gün onları düzəltmək fürsəti olacağına inanırdı. Təəssüf ki, əcəl imkan vermədi...

Sağlığında Elçibəy onu tənqid və hətta təhqir edənləri də bağışlamışdı. Onun şəxsiyyətini bəyənməyən, hakimiyyətdən getməsi üçün çalışan insanların heç birinə kin bəsləmirdi. Millətin həmrəyliyi, ölkənin ərazi bütövlüyü və müstəqilliyi naminə daim güzəştə hazır idi.

O, iqtidardan salındıqdan sonra ölkənin xarici siyasət kursu qismən sabit qalsa da, daxili siyasətdə çox ciddi mənfi dəyişiklik baş verdi. Ölkə tamamilə fərqli siyasi kurs götürdü. İnsan hüquq və azadlıqlarına hörmət ortadan qalxdı, qanunun aliliyi arxa plana keçdi, söz və mətbuat azadlığı boğuldu, siyasi azadlıqlar yox edildi, ənənələrə və hüquqa söykənən bütün münasibətlər sistemi pozuldu, vətəndaşların ləyaqətli yaşaması imkanları tükənmək üzrədir.

Zaman göstərdi ki dövlətimiz üçün Elçibəyin də daim sadiq qaldığı “demokratik cümhuriyyət” kursunun alternativi yoxdur. Tale elə gətirdi ki nə Elçibəy özü, nə də yüzlərlə dünyasını dəyişən əqidədaşları bu kursun qəti qələbəsini görmədən haqq dünyasına köçdülər.
Təəssüf ki hələlik müsbət nəticələrə nail olunmasa da, bu kursun indi də kifayət qədər layiqli, prinsipial, savadlı davamçıları var. Ölkəni düşdüyü bu ağır sosial-siyasi durumdan çıxarmaq üçün çalışmalar artmaqdadır. Beynəlxalq və yerli şərait yaranan kimi bu siyasi kursun ölkədə yenidən iqtidar olacağına qətiyyən şübhə etmirəm.  
Allahdan Elçibəyə rəhmət diləyirəm.

20 Haziran 2018 Çarşamba

Türkiyədə seçkilərin gözlənilən nəticəsinə baxış.



Türkiyədə iyunun 24-də keçiriləcək seçkilər başa çatmaq üzrədir. Seçicilər 16 aprel 2017-ci ildə qəbul edilən yeni Konstitusiya ilə ilk dəfədir ki dövlət başçısını birbaşa seçəcək. Bu seçki həm də Türkiyədə geniş səlahiyyətlərə malik prezident üsul idarəsinə keçid olacaq. Eyni zamanda Böyük Millət Məclisinə seçkilər də həmin gün keçirilir.

Ölkədə fövqəladə vəziyyət şəraiti hökm sürsə də, siyasi azadlıqlara heç bir məhdudiyyət gətirilməyib. Son illər yaxın və uzaq regionların ən hərarətli və çox rəqabətli seçki kampaniyası aparılır. Açıq ifadə edilməsə də, bu rəqabət şəxsi yarışdan daha çox ideolojidir. Seçkiyə qatılan əsas tərəflər üçün son dərəcə həyati əhəmiyyət kəsb etməsi diqqət çəkir.
Hakim partiyanın uzun müddət iqtidarda qalmasına və güclənməsinə səbəb kimi dini cərəyanların dövlət işlərinə sirayət etməsi göstərilir. Sekulyar müxalifətin isə Atatürk ideyalarının gələcəyi ilə bağlı narahatlığı getdikcə artır. Odur ki bu seçkini ölkə tarixinin ən gərgin və həlledici siyasi proesei adlandırmaq olar.

Bu seçki Türkiyənin daxili və xarici siyasətinin öncəliklərini, regional və qlobal siyasətdə mövqelərini, ölkə daxilində ideoloji, siyasi və sosial münasibətlər sistemini müəyyən edəcək. Türkiyənin də yerləşdiyi coğrafiya hazırda dünyanın ən mürəkkəb və ziddiyyətli hərbi-siyasi münaqişələrinin mərkəzi halındadır.

Bu gərginlik qarşıdakı illərdə daha da yüksələcək və Türkiyə üçün çox məsuliyyətli dönəm olacaq.
Ərdoğan iqtidarının yürütdüyü çağdaş xarici siyasət qənaətbəxş olsa da, risklidir və dayanıqlı deyil. Daha çox xarici faktorların təsiri altındadır. Həmçinin, daxili siyasətdə də möhkəm və dayanıqlı sosial-iqtisadi sabitlik yoxdur. İstər milli-etnik, istər dini-ideoloji, istərsə də sosial-siyasi baxımdan həlli çətin ziddiyyətlər mövcuddur.

Analizlər göstərir ki 24 iyun seçkisində seçicilərin iştirak faizi indiyədək müşahidə edilməyən ən yüksək həddə çatacaq. Türkiyə və ölkə xaricində keçirilən seçkilərdə ümumilikdə 59 milyon 391 min 328 nəfər seçici iştirak edəcək. Ölkənin bütün siyasi təşkilatları, ictimai qurumları, vətəndaş cəmiyyəti, sahibkarlar və media bu seçkidə çox fəal iştirak edir. Hər kəsin açıq dəstəklədiyi namizədləri var. Seçicilərin iradəsi həlledici olduğundan milyonlarla seçici açıq təbliğat və təşviqat prosesində iştirak edir. Xüsusilə də prezidentliyə namizədlərin uğurlu və azad seçki kampaniyası ölkədə seçici fəallığına ciddi təsir edib.

Türkiyə prezidentliyinə 6 namizəd mübarizə aparır. Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasından Məhərrəm İncə, "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Təməl Karamollaoğlu, Xalqların Demokratik Partiyasından Səlahəddin Demirtaş, Vətən Partiyasından Doğu Perinçek namizəd kimi iştirak edirlər. XDP-nin namizədi S.Demirtaşdan başqa bütün namizədlərə bərabər şərait yaradılıb. Hətta həbsxanada olmasına baxmayaraq S.Demirtaşın da seçicilərə müraciət etmək imkanı təmin edilib.  Namizədlər hamısı əsas rəqib kimi hazırkı prezident Ərdoğanı açıq hədəf alaraq təbliğat aparır.

Müstəqil rəy sorğuları göstərir ki prezidentlik uğrunda əsas mübarizə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla-Məhərrəm İncə arasında olacaq. Namizədlərdən kimin qalib gələcəyini hələlik qəti şəkildə demək çətin olsa da müəyyən ehtimallar var.

Ərdoğanın uzun müddət iqtidarda olmasını və dövlət başçısı kimi inzibati resurslara qismən təsir imkanlarını kənara qoysaq belə, o, bəlli bir sabit elektorata sahibdir. Bütün sorğular göstərir ki Ərdoğan kifayət qədər güclü rəqibdir və yenidən prezident seçilməsi ehtimalı xeyli yüksəkdir. MHP-nin dəstəyi də ona əlavə güc qazandırır. Müxtəlif rəy sorğularında ölkənin ən reytinqli siyasətçisidir və 48-53 faiz səs alacağı proqnoz edilir.

CHP-nin namizədi Məhərrəm İncə də kifayət qədər hazırlıqlı və yetkin siyasətçidir. Apardığı seçki kampaniyası göstərdi ki, o da Türkiyə cəmiyyətini hərəkətə gətirə bilən natiq siyasətçilərdəndir. Arxasında dayanıqlı siyasi güc və stabil elektorat var. CHP-nin təqribən 25 faizlik sabit seçiciləri ilə yanaşı, tərəddüdlü seçicilərin də qismən dəstəyini ala bilər. Rəy sorğularına görə 28-33 faiz səs alması ehtimalı var.

Təhlillər göstərir ki hər iki namizədin həm xalqdan, həm də beynəlxalq aləmdən güclü dəstəyi var. Nəzəri baxımdan hər iki namizədin ikinci tura qalması ehtimalını da istisna etmək olmaz. Müxalifətin seçkiyə daha çox namizədlə qatılması iqtidar namizədinə çoxsaylı tənqidlər istiqamətləndirmək baxımından uğurlu taktika olsa da,  eyni zamanda müxalifətin səslərinin bölünməsinə də səbəb olacaq. Əgər seçkinin ilk turunda qalib müəyyən olmasa, o zaman ikinci turda Ərdoğana qarşı geniş koalisiya formalaşması imkanları hələ də var.

Parlament və prezident seçkisinin eyni vaxtda keçirilməsi müxalifətin iqtidara qarşı vahid güc kimi çıxış etməsini də müəyyən qədər əngəllədi. Parlamentin səlahiyyətləri qismən azalsa da, ölkənin əsas siyasi müstəvisi kimi qalır. Partiyalar da məhz öz siyasi maraqları baxımından seçkilərdə ayrılıqda iştirak etməyi üstün tutdular.

Parlament seçkisinin təhlili göstərir ki hakim AKP-nin əvvəlki kimi böyük üstünlülər əldə etməsi real deyil. Ərdoğan prezident seçilsə belə, parlamentdə həlledici çoxluğa sahib olması xeyli çətindir. Bu, Türkiyə cəmiyyətinin demokratik ənənələrini qoruyub saxlaması baxımından əhəmiyyətli ola bilər.
Seçki sonrası ölkədə müəyyən etirazların olmasını istisna etməsək də, irimiqyaslı qeyri sabitliyin yaranması ehtimalı aşağıdır. Türkiyədə dövlət-vətəndaş münasibətlərinin dərin tarixi kökləri, ənənələri və qanuni əsasları var. Regionda sabit və güclü Türkiyənin olması ölkəmizin də marağındadır.

20 iyun 2018-ci il.

Müxalifətin birləşməsi yeni siyasi proseslərə təkan verə bilərmi?


Müxalifətin birləşməsi yeni siyasi proseslərə təkan verə bilərmi?

11 aprel 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkisindən sonra ölkə daxilində ictimai-siyasi münasibətlərin daha da kəskinləşməsi müşahidə edilir. Cəmiyyətdə ümumi gərginlik və qeyri-müəyyənlik hökm sürür. Sanki iqtidar öz maraqları baxımından hansısa həlli çətin mürəkkəb vəziyyətlə üzləşib. Ən kiçik ictimai-siyasi fəallıq nəinki narahatlığına, hətta böyük təlaşına səbəb olur. İqtidarın narahatlığının artması ilə cəmiyyətin fəallaşması arasında əlaqə olduğu aydın görünür. Odur ki müxalifətə qarşı təzyiqləri durmadan artırır və yeni həbs dalğası ilə ölkədə qorxu mühitini saxlamağa çalışır.

Ölkədə və regionda cərəyan edən siyasi prosesləri təhlil etdikdə iqtidarın təşvişinə əsas olmasa da, əslində narahatlığına müəyyən əsasların olduğu üzə çıxır. Keçən müddət ərzində ölkədə iqtisadi-siyasi və idarəetmə islahatları istiqamətində heç bir ciddi addım atılmayıb. Yoxsulluq, işsizlik, hüquq pozmalar artmaqdadır. Söz, mətbuat, ifadə, birləşmək, sərbəst toplaşmaq, siyasi və digər fundamental azadlıqlarla bağlı böhranlı durum dərinləşir. Ölkənin demokratikləşməsi, sosial-iqtisadi, siyasi və digər problemlərinin həlli ilə bağlı da vəziyyət pisləşməyə doğru gedir.
Həmçinin Rusiya və İranın regional siyasətinə təsir edə bilən qlobal proseslərin inrensivləşməsi, Avropa Şurası ilə Azərbaycan arasında siyasi məhbus probleminə görə münasibətlərin gərginləşməsi iqtidarın narahatlığını artıran məsələlərdəndir.

Əsasən sosial şəbəkələrdə ölkənin bugünkü durumu və gələcəyi ilə bağlı müzakirələr də genişlənir. Cəmiyyətin lokomotivi olan müxalif siyasi qurumların hansı addımlar atacağı, proseslərə necə təsir edəcəyi maraqla izlənir. Hətta belə bir situasiyada müxalifətin birləşməsinə yönəlik çağrışlar da artmaqdadır. Məsələnin aktuallığını nəzərə alaraq bu istiqamətdə real durumu təhlil etməyə çalışaq.
Müxalifətin birliyi ölkədə yeni siyasi proseslərə təkan verə bilərmi? Belə bir birlik sosial sifarişdirmi? İndiki şəraitdə müxalifət nə etməlidir?

Öncə ondan başlayaq ki, cəmiyyətdə hökm sürən apolitik vəziyyət ölkədaxili bütün münasibətlər sisteminə olduqca mənfi təsir edib. İnsanların sosial-siyasi məsələlərə yanaşmasındakı neqativ ovqat müxalifətin də fəaliyyətindən yan keçmir. Belə şəraitdə geniş xalq kütlələrinə çatan təbliğat aparmaq, onları cəlb etmək, təşkilatlandırmaq olduqca çətindir. Digər tərəfdən isə ölkədə real müxalifətin mövcudluğunda maraqlı olmayan iqtidarın sistemli çalışmaları mütəmadi diqqət çəkir.

Ölkədə prezident səviyyəsində real müxalifətçiliyə qarşı çox mənfi münasibət var. Rəsmi çıxışlarda mütəmadi olaraq müxalifətin ünvanına olduqca sərt və aşağılayıcı ifadələr işlədilir. Rəsmi dövlət səviyyəsində müxalifətin fəaliyyət imkanları ciddi nəzarət altına alınıb. Davamlı olaraq müxalifət nümayəndələrinə qarşı təqiblər, inzibati həbslər həyata keçirilir. Sanki hüquq mühafizə orqanlarının qarşısına əsas vəzifələrdən biri kimi müxalifətin siyasi proseslərdən tamamilə sıxışdırılması vəzifəsi qoyulub.

Xüsusilə də müxalifətin xaricdən maliyyələşməsi ilə bağlı siyasi ittihamların son günlər qanuniləşdirilməsi istiqamətində rəsmi addımlar atılıb. 26 may 2018-ci il tarixdə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında AXCP üzvlərinə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2-ci və sair maddələri ilə cinayət işi açılıb və 5 nəfər partiya üzvü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Faktiki olaraq ictimai-siyasi proseslərdə təsir imkanları xeyli zəifləmiş müxalifətə qarşı iqtidarın apardığı davamlı təzyiq kampaniyasının səbəblərini anlamaq çətindir.
Hazırda ölkədə ictimai-siyasi fəallığın yüksəlməsi hiss edilsə də, bu, müxalifətin fəaliyyəti ilə bağlı deyil. Cəmiyyətin bütün yetkin insanları anlayır ki, bu şəraitdə ölkədə yeni siyasi proseslərə təkan müxalifətin birliyinə bağlı deyil. Odur ki müxalifətin birliyi istiqamətində sosial sifariş hiss edilmir.

İqtidar ölkədə və mühacirətdə müxalifət adına iddialıların çoxluğunu və fərqliliyini süni şəkildə cəmiyyətə təqdim etməkdə maraqlıdır. Bunun üçün bütün resurslar səfərbər edilib və sosial şəbəkələr üzərindən məqsədyönlü iş aparılır. Proseslər göstərir ki bu tendensiya qarşıdakı dövrdə daha da arta bilər. Son günlər müxtəlif səpkili ictimai-siyasi müzakirələrin və diskussiyaların artması da təsadüfi deyil.

Ölkədə dinc, demokratik və köklü dəyişiklik istəyən müxalifət, habelə müstəqil fərdlər hazırkı situasiyada qanunların imkan verdiyi çərçivəni aşmamalıdır. Hətta bu istiqamətdə istənilən provakasiyalara, kənardan təqdim edilən yeni yanaşmalara təmkinli reaksiya verməlidir. Cəmiyyətdə bir sıra sosial-siyasi amillər tam yetişmədən demokratik proseslərin yüksəlməsi gözlənilən, eyni zamanda arzulanan deyil.        

Hazırda xalq ölkədə bütün sosial-siyasi məsələlərdə müşahidəçidir. Cəmiyyətiçi münasibətlərdə tərəf olmağa nə özü cəhd edir, nə də onu tərəf olmağa sövq edə bilən siyasi qüvvə var.
İqtidar isə monolitdir və ya hələlik öz daxili problemlərini maksimum cəmiyyətdən gizlədə bilir. Vəzifədə olan və ya vəzifəsindən çıxarılan məmurlar da bu barədə danışmqda maraqlı deyil. Bu susqunluğun səbəblərini mövcud vəziyyətdə anlamaq elə də çətin deyil.

Son olaraq, ölkədə ciddi dəyişikliklərdə maraqlı olan qüvvələr əsas hədəfdən yayınmamalıdır. Diqqətini və enerjisini birmənalı olaraq daxili müzakirələrə sərf etməməlidir. Nəinki sağlam tənqidə, hətta qarayaxma, böhtan və təhqirə də maksimum reaksiya verməməlidir. Belə təşəbbüsləri tamamilə susqunluqla izləməlidir.

Fikrimizcə müxalifət Azərbaycan cəmiyyətinin real durumunu və ətrafda baş verənlərə necə reaksiya verdiyini dərindən öyrənərək hazırlıq işlərini artırmalıdır. Sosial şəbəkələrin imkanlarını nəzərə alaraq sadə vətəndaşlarla, siyasi iddialı şəxslərlə, sahibkarlarla, məmurlarla necə iş qurulacağı barədə peşəkar yanaşmalar sərgiləməlidir. Ölkədə ümumi sosial-siyasi vəziyyət çox kövrəkdir. İqtidarın cəmiyyəti monipulyasiya etmək imkanları xeyli tükənib. Bütövlükdə informasiya-təbliğat siyasəti müasir tələblərə cavab vermir. Həmçinin, idarəetmədə gözlənilmədən daha böyük böhran yaranması ehtimalı xeyli artıb.

9 Haziran 2018 Cumartesi

AXC-nın 100 ili: Dialoq ümidləri özünü doğruldmadı
Müsahibə 

Azərbaycan ictimaiyyətində prezident seçkilərindən sonra islahat gözləntisi vardı. Bəzi siyasi şərhçilər Cümhuriyyətin 100 illiyi ilə bağlı imzalanacaq əfv sərəncamına da böyük ümidlər bəsləyirdilər. Amma bu gözləntilər özünü doğrultmadı. Eyni zamanda son günlər AXCP üzvlərinə qarşı cinayət işi açıldı, Cümhuriyyətin 100 illiyi ilə bağlı dinc yürüşdə iştirak etdiklərinə görə REAL Partiyasının üzvləri müxtəlif ittihamlarla inzibati həbsə məhkum olundu. Bütün baş verənlərlə bağlı siyasi şərhçi Nəsimi Məmmədli Turan İA suallarını cavablandırır.
***
- Nəsimi bəy, əfv sərəncamından öncə bəzi gözləntilər var idi. Xüsusən siyasi məhbuslar mövzusunda. Verilən proqnozlarda da bu dəfə siyahıda daha çox siyasi məhbusun adını görəcəyimiz vurğulanırdı. Amma nəticə proqnozlardakından fərqli oldu. Sizcə, hakimiyyət bununla nə demək istəyir?
Nəsimi Məmmədli - Prezident seçkilərinin növbədənkənar keçirilməsi ətrafında aparılan diskussiyalar zamanı həqiqətən də belə ehtimallar səslənirdi. Hətta seçkidən sonra siyasi-hüquqi islahatların aparılacağı, növbədənkənar parlament seçkisinin keçiriləcəyi, siyasi məhbusların hamılıqla azad olunacağı və iqtidar-müxalifət münasibətlərinin yeni müstəvidə tənzimlənəcəyi barədə proqnozlar da var idi. Buna səbəb kimi nüfuzlu beynəlxalq qurumların və aparıcı dövlətlərin qeyri-müəyyən reaksiyaları, iqtidar yetkililərinin seçkinin önə çəkilməsini heç bir ağlabatan sosial-siyasi və hüquqi arqumentlərlə izah edə bilməməsi, həmçinin ölkədəki real böhranlı durumdan çıxmağın yolunun islahatlarla mümkün olacağı rol oynayırdı. O zaman bütün çıxışlarımda cəmiyyətin fəal kəsiminə çatdırmağa çalışırdım ki, azadlıq indeksinə görə qeyri-azad ölkələrdə siyasi məsələlərlə bağlı qanunauyğun proqnozlar vermək mümkün deyil. Bu ölkələrdə siyasi qərarların qəbulu mexanizmi məlum deyil. İqtidarın özəl maraqları, hansısa xarici amillər və siyasi iradə sahibinin ovqatı nəyi tələb edəcəksə onu da edə bilərlər. Bu kimi ehtimalları nə təsdiq, nə də inkar etmək mümkündür. Bundan sonra da məhz belə olacaq. Siyasi məhbusların "əfv edilməməsinə" gəldikdə isə burada iki əsas amil var. Birincisi, iqtidarın cəmiyyətdə xof yaratmaq istəyindən qaynaqlanır. İnsanlara göstərmək istəyirlər ki, biz heç kimdən çəkinmədən təqsiri olmayan insanları istənilən an həbs edə və məhkəmə qərarı ilə 5-10 il zindanda saxlaya bilərik. Bizim üçün beynəlxalq təzyiq, ölkədaxili ictimai rəy önəmli deyil. İkinci amil isə bu kimi əfvlərin məhkum edilmiş şəxsləri "islah" etməməsidir. Müşahidələr göstərir ki, son illərin əfv sərəncamları hökumətə siyasi divident qazandırmır, müxalifətin tənqidlərini azaltmır, cəmiyyətdə iqtidara itaəti dərinləşdirmir və səs-küylü beynəlxalq təqdir almır. Əfv sərəncamı şamil edilən siyasi məhbusların əksəriyyəti, habelə müstəqil və müxalif mövqeli insanlar da artıq bu kimi sərəncamları humanizm nümunəsi kimi təqdir etmir. Əfv o zaman humanizm nümunəsi sayılır ki, insanlar ədalətli məhkəmə ilə mühakimə edilir. Müəyyən müddət öz cəzalarını çəkdikdən sonra cəmiyyətdə təhlükə törətmədiyi üçün əfv olunur. Belə qərarlar cəmiyyətdə münasibətlər sisteminə müsbət təsir edir və islahedici xarakter daşıyır. Ancaq təqsiri olmadığı halda müxtəlif səbəblərdən məhkum edilmiş insanların əfv edilməsi təcrübəsi onlara qarşı ən böyük mənəvi işgəncədir. Odur ki son vaxtlar hökumət əfv sərəncamları imzalayarkən bu tendensiyanı nəzərə almağa başlayıb.
- Yenidən həbs dalğası başlayıb. AXCP üzvlərinə qarşı cinayət işi açıldı. Cümhuriyyət yürüşü keçirənlər inzibatı həbs edilir. Bununla hakimiyyət xof yaratmaq istəyir, yoxsa növbəti 7 il ərzində də siyasətində dəyişikliklərin olmayacağı mesajını verir?
- Son həbsləri daha öncə yaşanan həbslərdən ayıraraq qiymətləndirmək doğru olmaz. Artıq bu kimi həbslər mütəmadi xarakter alıb. İqtidarın daxili siyasətini müşahidə etdikdə aydın görünür ki, bu yanaşma ali siyasi iradənin ifadəsidir və idarəetmə forması kimi tətbiq edilir. Son günlər AXCP üzvlərinə qarşı açılmış cinayət işləri də qorxu mühitini saxlamağa hesablanıb. Ancaq AXCP gənclərinin təşkil etdiyi "məni tut" aksiyası hökumətin qorxu yaratmaqla bağlı bir sıra planlarına müvəqqəti olsa da psixoloji zərbə vurdu. Basqılar əks-effekt verdi və cümhuriyyət bayramı ilə bağlı keçirilən tədbirlərin daha çox rezonans yaratması bunun sübutu idi. Həm İstiqlal abidəsi önündə və Nizami küçəsində, həm də Novxanı kəndində keçirilən bayram tədbirləri kütləviliyi və coşğusu ilə xeyli fərqlənirdi. REAL Partiyasının məclis üzvü Azər Qasımlının və digər fəalların inzibati həbsi də məhz bu uğurlu aksiyalarla bağlıdır. Hakimiyyət cəmiyyətdə qorxu mühitinin dağılmasından və demokratik proseslərin başlanmasından ciddi narahatdır. İqtidar sosial dayaqlarının getdikcə zəiflədiyini hiss edir. Güzəranının ağırlığına görə əhali arasında narazılıq artır. Beynəlxalq arenada mütəmadi olaraq qanunsuz əməllərinə görə gündəmdədir. Regionda demokratik siyasi proseslər dərinləşir. Xüsusilə də Ermənistanda baş verən dinc demokratik dəyişiklik psixoloji olaraq Azərbaycan iqtidarına və cəmiyyətə təsir edir. Hakimiyyətin özünüqoruma instinkti işə düşüb. Cəmiyyətin fəal kəsiminin daha çox cəmləşdiyi müxalifətin üzərinə basqıların artması da bununla bağlıdır. İqtidar hesab edir ki fəal şəxslər həbs edildikcə cəmiyyətdə qorxu mühitini saxlamaq və bununla da özünü daha 7 il qorumaq mümkün olacaq.
- Amma belə nəticə çıxaranlar da var ki, hakimiyyət özü qorxduğu üçün belə addımlar atır. Yəni, narazı kütlədən ehtiyatlandığı üçün ən xırda aksiyalara belə dözümsüz yanaşır. Ən kiçik səsləri belə boğmağa çalışır. Bu fikirlərlə razılaşırsınızmı?
- Son illər qeyri- azad və qismən azad ölkələrdə yaşanan siyasi dəyişikliklərin öyrətdiyi ciddi dərslər var. Kütləvi etirazlara iqtidarların yumşaq davranışları dinc demokratik məxməri inqilablara, sərt davranışları isə qanlı və dağıdıcı inqilablara səbəb olur. Hökumət ən kiçik təşəbbüsləri, ara-sıra görünən etirazları boğmaqla bu prosesin qarşısını almağa çalışır. Peşəkar müşahidələr göstərir ki, ölkəmizdə əhali arasında narazılıq həddindən çoxdur. Ancaq bu narazılıqların etirazlara çevrilməsi hələ tam yetişməyib. Yetişəcəyi halda onun qarşısını heç bir qüvvə ala bilməyəcək. İqtidarın bütün davranışlarının analizi göstərir ki, onlar ölkədə narazılıqların miqyasını bilir və hər an böyük etiraz hərəkatının yarana biləcəyiehtimalına qarşı önləyici tədbirlər görürlər. İqtidar önləyici tədbirləri siyasi vasitələrlə, islahatlarla deyil, yalnız dövlətin güc strukturları ilə almaqdadır. Hələlik ictimai rəyi istiqamətləndirməyə müvəffəq olur, özünü güclü və monolit təqdim edə bilir, habelə, cəmiyyətə və müxalifətə nəzarət imkanlarını da əldə saxlayır. Ancaq eyni zamanda etirazlardan qorxması da təbiidir. Çünki ölkədə bütövlükdə münasibətlər sistemi pozulub və bu situasiyada dayanıqlı sabitlik mümkün deyil.
- Hakimiyyətdən islahat gözləyənlər var. Amma görünən odur ki, hələ ki hakimiyyət buna lüzum görmür. Siz necə? İslahat gözləyənlərdənsiz?
- İqtidar faktiki olaraq dövləti bu şəkildə idarə etməklə daha təhlükəsiz davam etdiyinə inanır. Cəmiyyətdə xüsusi nəzərəçarpan etirazlar da yox səviyyəsindədir. Ara-sıra müxalifətin təşkil etdiyi etiraz aksiyalarına isə xalq əsasən qoşulmur. İstənilən monitorinqlər göstərir ki, cəmiyyət kollektiv etirazlara meylli deyil. İnsanlar hələ də öz sosial problemlərini fərdi şəkildə həll edə bilir. Həm də bu yol sadə vətəndaşlar üçün daha təhlükəsiz və risksizdir. Odur ki iqtidar da cəmiyyətin üzdə görünən real durumuna uyğun davranır. İstənilən iqtisadi-siyasi islahat cəmiyyətdə gözlənilməz sosial-siyasi dalğa yarada bilər. Mən iqtidarın hansısa ciddi islahata gedəcəyinə inanmasam da islahatların vacibliyinə inanıram. Bunun olmayacağı təqdirdə ölkənin iqtisadi-siyasi gələcəyi ilə bağlı heç bir müsbət gözlənti ola bilməz.
- Nə vaxt islahat ola bilər? Hakimiyyət buna nə vaxt gedə bilər?
- Azərbaycan hakimiyyətinin islahatlara nə zaman gedəcəyini heç bir sosioloji, politoloji qanunauyğunluqla izah etmək olmur. Çünki ölkədə mövcud olan idarəetmə rejimini klassik rejim formalarının heç biri ilə eyniləşdirmək mümkün deyil. Ölkəmizdə çox qarışıq və özünəməxsus bir rejim var. Elmi baxımdan öyrənilmiş diktarura, avtoritarizm, totalitarizm, monarxiya və demokratiya rejimlərinin ayrı-ayrı elementlərini özündə cəmləşdirib. Belə rejimlərin nə atdığı, nə də atacağı addımları proqnozlaşdırmaq olmur. Bir anda gözlənilməz dəyişikliklərin şahidi ola bilərik. Xatırlayırsınızsa neftin dünya üzrə bazar qiyməti aşağı endiyi vaxtlarda hökumət iqtisadi və struktur islahatlarından hər gün danışmağa başlayırdı. Ancaq neftin qiyməti yüksəldikcə hökumət islahatları yenidən unutdu. Görünən budur ki, hökumət heç bir islahat paketinə sahib deyil. Neftin qiymətlərinə bağlı mövsümi yanaşma mövcuddur. Ölkədə islahatların vacibliyini əksəriyyət ekspertlər söyləsə də onun zamanını deyə bilməz. Çünki hakimiyyətin özəl siyasi maraqları dövlətin və vətəndaşın maraqlarından qat-qat yuxarıda dayanır. O maraqların qalıcı təminatı bütövlükdə islahatları istisna edir.
- İslahatlar olmasa, bu gedişat ölkəni hara aparır? Sizcə, bu vəziyyətdən hakimiyyət üçün, xalq üçün, ölkə üçün çıxış yolu nədir?
- Ölkədə işsizlik, yoxsulluq, qanunsuzluq dərinləşdikcə sosial gərginlik də paralel olaraq artır. Vətəndaşlar arasında ölkədən mühacirət etmək istəyənlər çoxalıb. Fəal mübarizəyə can atan vətəndaşlara qarşı indi hakimiyyət daha aqressivdir. Ən qorxulusu budur ki, yetkin vətəndaşlar arasında dövlətə güvənən şəxslər demək olar ki, qalmayıb. Ölkə əhalisinin əksəriyyəti indiki sosial-siyasi durumun daha da pis olacağına özünü psixoloji hazırlayıb. Bu "hazırlıq"da bir tərəfdən ümumölkə televiziyalarının, digər tərəfdən isə təəssüf ki cəmiyyətin nüfuzlu müstəqil və müxalif şəxslərinin də rolu var. Bəzən real durumu obyektiv analiz edərkən işlədilən ehtiyatsız ifadələr insanların altşüuruna qorxu və tərəddüd yükləyir. Əksəriyyət gələcəkdə ümumi vəziyyətin daha da pisləşəcəyini eşitdikcə fəal mübarizəyə qoşulmur, əksinə bugünkü durumu ilə barışır. Sosial şəbəkələrin yaratdığı geniş imkanlar cəmiyyətin fəallaşmasında yeni mərhələ açıb. Qeyri peşəkarlıq nəzərə çarpsa da alternativ informasiya mənbələrinin günbəgün artması yeni siyasi müzakirələr doğurub. Ölkədə siyasi fəallıq yüksələn xətlə inkişaf edir. Belə davam etməyin mümkün olmayacağını anlayanların da sırası genişlənir. Hökumətin basqıları artsa da bu şəraitdə müxalifətin sıradan çıxarılması, cəmiyyətin uzunmüddətli ətalətə məhkum edilməsi də artıq mümkün olmayacaq. Ölkədə sosial-siyasi durum mürəkkəb və ziddiyyətlidir. İqtidar öz mövqelərini qorumaq üçün yalnız əlindəki inzibati resurslara ümid edir. Müxalifətin fəaliyyətinin uğurlu olması isə xalqın etirazlara reaksiyasından asılıdır. Hazırkı apatiya durumundan çıxmaq üçün hələ ki müxalifətin konseptual yanaşması da nəzərə çarpmır. Bu situasiyanın kəskin dəyişməsində daxili və xarici fors-major ehtimalları kənara qoysaq, hələlik cəmiyyət siyasi proseslərdə aparıcı faktor deyil. Son olaraq, ölkədə etimadlı hüquqi-siyasi və iqtisadi islahatlar aparılmasa dövlətin təhlükəsizlik zirehi tamamilə söküləcək. Hökumətin yersiz inadkarlıqdan imtina etməsi və siyasi məhbusların hamılıqla azad olunması ən ideal variant ola bilər. Həmçinin köklü iqtisadi islahatların aparılması, seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsi, azad və ədalətli parlament seçkisinin keçirilməsi ölkə üçün olduqca vacib məsələlərdir.