16 Mart 2017 Perşembe

Gərginləşən Türkiyə-Almaniya münasibətlərinə baxış.

Türkiyə ilə Almaniya arasındakı gərginləşən münasibətlərlə bağlı müzakirələrin davam etdiyini nəzərə alaraq, bu barədə qısa fikirlərimi bölüşmək istəyirəm.

Öncə qeyd edim ki, səbəblərinin nə olmasından aslı olmayaraq, bu gərginlik hər iki tərəfin zərərinədir. Çox guman ki, müşahidə etdiyimiz hazırkı diplomatık böhran uzun davam etməyəcək. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri və NATO-dakı hərbi-siyasi müttəfiqliklə yanaşı, dərin tarixi köklərə malik yüksək insani münasibətlər də diqqətdən qaçmamalıdır. Qarşılıqlı maraqlar, müştərək siyasi-hərbi əlaqələr və geniş bizneslərin olması, bu iki dövləti münasibətləri yaxşılaşdırmağa vadar edəcək. Almaniyada yaşayan milyonlarla türk Almaniya iqtisadiyyatına töhfə verdiyi kimi, istirahət üçün əsasən Türkiyəni seçən alman turistlərinin də Türkiyə iqtisadiyyatına böyük qatqısı var. Hətta, türk-alman qarşılıqlı nigahları da digər slavyan xalqları ilə müqayisədə daha çoxdur.

Almaniya-Türkiyə münasibətlərini gərginləşdirən səbəbləri anlamaq üçün son illər baş verən bəzi proseslərə diqqət çəkmək doğru olar. Orta Şərq böhranı ilə başlayan yeni dönəm Avropada nəzərəçarpan həyəcan yaratmaqdadır. İstər qaçqın axını, istərsə də radikal islam təhlükəsi Avropanın yerli hökumətlərini sərt addımlara vadar edir. İslam pərdəsi altında törədilən və çoxsaylı insan itkilərinə səbəb olan terror aktları cəmiyyətdə radikal əhval-ruhiyənin artmasına rəvac verib. 


Konkret olaraq Almaniya-Türkiyə əlaqələrinə kölgə salan addımlar daha çox alman tərəfinin davranışlarında özünü göstərib. Türkiyənin PKK terroru ilə mübarizəsi həlledici mərhələyə qədəm qoyanda Almaniyadan gələn bəyanatlar və davranışlar türklər üçün gözlənilməz oldu. Qarşılıqlı ittihamlara yol açan bu davranışların ardından PKK-nın alman şəhərlərində etiraz aksiyalarına və toplantılarına imkan yaradılması Türkiyəni daha da qıcıqlandırdı.  Xüsusilə də Türkiyənin Almaniyanı PKK-ya açıq dəstək verməkdə ittiham etməsi ilə münasibətlər bir az da pisləşdi. Ardınca, 2016-cı ilin iyun ayında Almaniya Federal Məclisinin 1915-ci il hadisələrini "soyqırım" kimi xarakterizə edən qanun layihəsini qəbul etməklə münasibətləri bir az da gərginləşdirdi. Türkiyə bu qərara cavab olaraq almaniyalı deputatların İncirlik bazasındakı alman əsgərlərini ziyarət etmələrinə icazə verməməsi yaşanan gərginliyin daha da artmasına səbəb oldu.

Ötən ilin 15 iyulunda Türkiyədə uğursuz nəticələnən dövlət çevrilişindən sonra Almaniyanın Köln şəhərində türklərin keçirdiyi “dəstək” nümayişində prezident Ərdoğanın video müraciətinin yayılmasına icazə verilməməsi münasibətləri daha da gərginləşdirdi. 2016-cı ilin noyabr ayında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağın həbs olunmasına alman nümayəndələrinin sərt münaibəti isə Ankarada əlavə narahatlığa yol açdı.
Ümumiyyətlə, Türkiyə ilə mədəni əlaqələr elə bir mərhələyə gəlib çatıb ki, artıq Türkiyənin daxili siyasəti Almaniyaya da daşınıb. Əksər Avropa şəhərlərində qızğın referendum təbliğatının aparılması yerlərdə ciddi psixolji narahatlıq yaşatmaqdadır. Türk siyasətçilərinin öz seçiciləri ilə görüşmələrinə imkan verilməməsi qərarı həm də bu amillə bağlıdır. Türkiyə iqtidarına mənfi münasibətdən doğan bu qərarlara qarşı kəskin etirazlar gələcəkdə siyasi münasibətlərə təsirsiz ötüşməyəcək. Türkiyə ilə gərgin münasibətlərin yaradacağı islamofobiyanın, anti-türkçülüyün və irqçiliyin zərərini Avropa da çəkəcək. Türkiyə ilə Almaniya arasında maraq müxtəlifliyinin getdikcə dərinləşməsi də iki ölkə münasibətlərində gərginliyə əsas verir.

Baş verən olayların çağdaş siyasi səbəbləri ilə yanaşı, həm də dərin tarixi köklərə bağlı psixoloji amilləri də qabarıq görünür. Avropanın Türkiyəyə ənənəvi baxışı dəyişməlidir. Türkiyənin artıq üçüncü dünya dövləti olmadığını qəbul etmələri vacibdir. Regionda baş verən siyasi-hərbi münaqişələr, ABŞ-ın Orta Şərq siyasəti, Rusiya-Türkiyə əməkdaşlığının yeni məzmun alması Türkiyənin rolunu getdikcə artıracaq. Təsadüfi deyil ki, Türkiyənin hazırkı xarici siyasət kursu bir hakim siyasi qüvvənin deyil, həm müxalifətin, həm də toplumun əksər kəsiminin iradəsini ifadə edir. Odur ki, bu siyasətin ardıcıl və dönməz xarakter alacağı qənaəti getdikcə güclənməkdədir.


Son olaraq qeyd edim ki, Türkiyə ilə Avropa münasibətlərindəki gərginlik referendumdan sonra tam ortadan qalxmasa da, zəifləyəcək. ABŞ və İngiltərənin Türkiyə ilə əlaqələrini dərinləşdirmək istiqamətində niyyətləri, Rusiyanın Türkiyə ilə əməkdaşlığa önəm verməsi Türkiyə üçün yeni dönəmin başlandığını göstərir. Məncə, yeni beynəlxalq siyasət doktrinasında qloballaşmanın yaxın illərdə qismən arxa plana keçdiyini və regional güclərin rolunun qabardığını da müşahidə edəcəyik.
                                                                                                      15 mart 2017-ci il.