9 Nisan 2017 Pazar

Milli Şuranın "8 Aprel Mitinqi" barədə fikirlərim

               Milli Şuranın “8 Aprel Mitinqi” barədə analizim

Milli Şuranın təşkil etdiyi “8 Aprel Mitinqi”ni meydanda izləyənlər arasında idim. Yaranmış fürsətdən istifadə edərək hökumətin siyasətinə etirazlarını ifadə edən insanların bir hissəsi böyük ruh yüksəkliyi ilə meydana toplaşmışdı. Mitinqdən öncə yazmağı məqbul saymadığım bəzi fikirlərlə birlikdə mitinqin yekununa da münasibətimi bildirmək istəyirəm. Heç də o iddiada deyiləm ki, mənim subyektiv düşüncələrim bir çox məsələyə aydınlıq gətirə bilər. Sadəcə olaraq bir fəal vətəndaş kimi hər zaman siyasi proseslər barəsində subyektiv fikirlərimi ifadə etməyə çalışıram.

Qeyd 1: Mitinqə ictimai maraqla bağlı

Cəmiyyətin əksəriyyət fəal kəsimi mitinqdən öncə və sonra kütləvi aksiyanı qızğın müzakirə edir. Hər kəs öz dünyagörüşünə, sosial statusuna, siyasi baxışına uyğun dəyərləndirmə aparır. Müzakirələr təkcə virtual müstəvidə deyil, həm də bir sıra iri, strateji dövlət və özəl müəssisələrin kollektivlərində, dini qrupların arasında da canlı gedir. İndiyə kimi hakimiyyətin hansısa repressiv addımları müxalifəti müzakirə gündəminə çıxarırdısa, nəhayət uzun müddətdən sonra müxalifət özü ictimai müzakirə müstəvisinə mövzu təqdim etməyə nail ola bilib. İstər-istəməz əksəriyyətin bu müzakirələrə qoşulması cəmiyyətin və müxalifətin xeyirinə işləyir. İqtidarın bu müzakirələri tezliklə necə dəyişəcəyini təxmin etsək də, müxalifətin ictimai müzakirə mühitində status-kvonu bir müddət saxlamağı bacardığını müsbət qəbul etmək lazımdır. Deməli artıq müxalifətin ictimai rəyə nəzarət imkanları yaranıb və artır. Bu ərəfədə ictimai müzakirəyə iqtidar heç bir mövzu diqtə edə bilmədi. 

Qeyd 2: Mitinqlərin zəruriliyi

Bir müddət öncə sosioloji tədqiqatlara əsaslanaraq “avtoritar idarəçiliyin xalqı tədricən uşağa çevirdiyini“ yazmışdım. Uşaqlarda olan xüsusiyyətlərin əksəriyyəti xalqın davranış və yanaşmalarında özünü göstərir. Uşaq kimi tez sevinir və kədərlənir, bir anlıq qızışır və soyuyur, unutqandır, asanlıqla aldanır, küsür, məsuliyyətini dərk etmir, qorxaq olur, sığal-tumar umur, nə istədiyini dəqiq dərk etmir, ərköyünlük edir, əyləncəyə, şouya və parıltılara meyilli olur, düşünməyi beyninə yük etmək istəmir. İstəyir ki kimsə onu yedizdirib-içirtsin, qayğısına qalsın, qucağında gəzdirsin və hətta döyülməsi də qüruruna toxunmur. Demək istədiyim budur ki, “uşaqlıq sindromu”na yoluxmuş xalqlardan düşünülmüş ictimai-siyasi fəallıq ummaq olmaz.  Bu fikir heç də o anlama gəlməməlidir ki, artıq xalqımız “uşaqlıq sindromu”na tam yoluxub. Lakin etiraf etməliyik ki, cəmiyyətimiz sürətlə o istiqamətə gedir.
Təcrübələr göstərir ki siyasi təfəkkürü zəif olan antidemokratik cəmiyyətlərdə adətən sosial böhranın dərinləşməsi əhalini etirazlara sövq edir, lakin özbaşına siyasi nəticələr doğurmur. Hətta, bir müddət keçdikdən sonra cəmiyyət bu duruma tədricən uyğunlaşır və öncəki sərt reaksiyalar xeyli zəifləyir. Sosial çətinliklər yoxdursa, bütün hallarda toplum öz “halından məmnun” yaşamağa davam edir. Yalnız mütəşəkkil və təşkilatlanmış qurumların lokomotivliyi ilə siyasi proseslərə keçid mümkün olur. Müxalifətin açıq və gizli təşkilatçılığı olmadan cəmiyyətdə baş qaldıran istənilən lokal sosial etirazların qarşısını iqtidarın yanıltıcı qərarları və cüzi güzəştləri təəssüf ki asanlıqla ala bilir. Müxalifətin vasitəçiliyi olmadan iqtidarla üz-üzə qalan xalqın narazılığı dərinləşsə də, onun özbaşına hansı halda etirazlara keçəcəyini proqnoz etmək xeyli çətindir. Odur ki, xalqla iqtidarın üz-üzə qalmasına hələ bir müddət də seyriçi olmağın effektli olmayacağı qənaəti müxalifət düşərgəsində artmaqdadır.
Xalqımızı bu sindromdan qorumaq və hərəkətə gətirmək üçün bəzi ictimai-siyasi institutların müxtəlif vasitələrdən istifadə edərək daha gərgin çalışmalara çağırış etməsi yaxşı haldır. Çalışmaların arasında mitinqi də əsas vasitələrdən biri kimi qəbul edənlər və mitinqləri təşkil etməyə resursları çatan qüvvələr bu taktikadan qətiyyən vaz keçməməkdə haqlıdırlar.

Qeyd 3: Mitinqin təşkili barədə

Xatırlayırsınızsa mitinq ərəfəsində qeyd etmişdim ki, indiki halda təşkilatçılar üçün nə mitinqin kütləviliyi böyük qələbə, nə də zəif olması böyük məğlubiyyət olacaq. Bu aksiya bir siyasi qurum tərəfindən təşkil edilsə də, yalnız o siyasi qurumun maraqlarına deyil, bütövlükdə cəmiyyətin maraqlarına hədəfləndiyindən, kütləvi də, zəif də olsa təşkilatçılar uduzmayacaq. Onlar əhaliyə fəallaşmaq və etiraz etmək üçün üçün növbəti bir fürsət təqdim edir, əhalinin də gələcək siyasi durumu onun öz reaksiyasından asılı olacaq. Yenə də bu fikirdəyəm ki, müxalifət tərəfindən cəmiyyətə mütəmadi olaraq müxtəlif fürsətlərin yaradılması doğru yanaşmadır. Dəyişiklik iddiasında olan hər bir ciddi qurum öz resurslarına uyğun vasitələri xalqa təqdim etdikcə cəmiyyətdə seçim imkanları artır. Müxalifət təşkilatları bir-birini təftiş və tənqid etməklə deyil, özlərinin konkret fəaliyyətləri ilə xalqın arasında görünməklə cəlbedici olurlar. Əks halda belə qurumlar nə özlərinə, nə müxalifətə, nə də cəmiyyətə fayda verəcəklər. Onsuz da hər füsətdə, hər bir görünən fəaliyyətləri təftiş edən, “qulp qoyan” çoxsaylı şəxslər var və belə faydasız işləri onların öhdəsinə buraxmaq lazımdır.
Mitinqin vaxtı ilə bağlı diskussiyalarda da onun “çox gecikdiyi”, “zamanında keçirildiyi”, ”tələsik çağırıldığı” iddiaları təəssüf ki daha çox siyasi maraqları olan tərəflərin təbliğat və antitəbliğatında istifadə olunan yanaşmadır. Bu mitinqin seçilən zamanı ilə onun şüarları arasında hər hansı bir bağlılıq yox idi və siyasi nəticələri də onun zamanlanması ilə ölçülə bilməz.

Qeyd 4: Müxalifətin birliyi

Müşahidələrimizə əsasən deyə bilərik ki, cəmiyyətin altşüuruna davamlı olaraq müxalifətin birliyinin ən yaxşı çıxış yolu olduğu təlqin edilir. Burada məqsədyönlü təbliğatçılarla, sadə əhalinin yanaşması üst-üstə düşdüyündən, davamlı olaraq bu tezislər gündəmə gəlir. Əksəriyyət dəyişiklik istəsə də anlayır ki, bunu yalnız kütləvi şəkildə ayağa qalxmaqla etmək mümkündür. Lakin dəyişiklik prosesində ya özünü ümumiyyətlə təsəvvür etmir, ya da müəyyən subyektiv səbəblərdən iştirakçı olmaq istəmir. Düşünür ki, başqaları birləşməklə, bu işi daha asan edə bilər və davamlı olaraq hərəkəti məhz başqalarından umur. Dəyişiklik üçün “mən nə etməliyəm” düşüncəsinə deyil, “başqaları nə etməlidir” məsləhətçisinə çevrilir.  İqtidarın da zaman-zaman müxalifətin geniş birliyindən daha asan faydalanması və prosesləri istiqamətləndirməsi nəzəri baxımdan daha əlverişlidir. Gərgin situasiyada iqtidarın çoxbaşlı müxalifətlə gizli əməkdaşlığı, sövdələşməsi imkanları daha rahatdır. Amma, bu halı geniş əhaliyə və sadə müxalifətçilərə izah etmək elə də asan deyil. Dərhal müxalifət düşərgəsində qarşılıqlı ittihamlar başlayır və zərərli nəticələr ortaya çıxır.
Etirazları qismən olsa da səfərbər etməyi bacaran qüvvələr nə qədər çətinliklərlə üzləşsələr də yollarını ardıcıl davam etdirməsi zəruridir. Müxalifətin geniş birliklərinə meyllənmək yanlış addım olar. Dəyişikliklərə iddialı olan təşkilatların nə etdiyini və ya etmədiyini cəmiyyətin siyasətlə birbaşa məşğul olmayan əhəmiyyətli hissəsi diqqətlə izləyir. Bu gün müəyyən səbəblərdən açıq dəstək verə bilməsə də, qapalı şəkildə onlara rəğbət bəsləyir.

Qeyd 5: Mitinqin təşkilatçılığı

Avtoritar rejimlərin ən çox çəkindiyi paradiqma xalqın təşkilatlanmış şəkildə idarə olunan kütləvi etirazlarıdır. Bunu zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edilir. Təəssüf ki, indiki durumda kütləvi aksiyalara təşkilatçılıq etmək müxtəlif istiqamətlərdən çox ağır zərbə altına düşməkdir. Sosial-siyasi mühitin ən mürəkkəb və ziddiyyətli dönəmindəyik. Etirazları təşkil etmədikdə narazı kəsim real müxalifəti xalqın önünə düşməməkdə qınayır və tənqid edir, təşkil etdikdə isə əhalinin proseslərə qoşulmamasına görə siyasi zərbələr almalı olur. Bütün neqativləri təşkilatçıların üzərinə yükləyərək əksəriyyət “ağıl verməyə” və “yol göstərməyə” başlayır. Təşkilatçılar isə siyasi nəticələrin müzakirəsindən çox, iqtidarın və digər müxalifət adına iddia edən qüvvələrin hücumunu dəf etməyə vaxt ayırmalı olur.

Qeyd 6: Mitinqin şüarları

Kütləvi aksiyanın şüarlarının etirazçı kəsimin istəklərinə uyğun seçilməsi onların təşkilatçıya çevrilməsinə gətirib çıxarır. Mitinqin şüarlarında xalqın altşüurunda güvənsizlik, inamsızlıq, tərəddüd yaradan yanaşmalar yoxdur. Bəlkə cəmiyyət üçün daha təşviq edici tezislərdən də istifadə oluna bilərdi, lakin belə situasiyada əsas şüarlar adətən təşkilatçıların siyasi gücünü artırmağa hədəflənir.  Onsuz da cəmiyyətin durumu çox ümidsiz və ziddiyyətli olduğundan bir neçə şüarla onu düzəltmək mümkün deyil. 

Qeyd 7: Mitinqin kütləviliyi

Əslində "8 aprel mitinqi" xalqımız üçün çox mühüm bir fürsət idi. Meydana onminlərlə insan çıxıb ən azı hakimiyyətə real durumunu göstərməyə cəhd edə bilərdi. Amma, bu ciddi şansı yenə də əldən verdi. Hakimiyyət indi daha inamla iddia edəcək ki, xalqımız çox yaxşı yaşayır, ciddi problemləri yoxdur və hökumətin siyasətini də dəstəkləyir. Təmasda olduğumuz çoxsaylı insanlar isə bəzən pıçıltı ilə bəzən də hayqıraraq bunun belə olmadığını söyləyir. Dinc mintiqdə iştirak etməklə hakim komandaya real durumu göstərmək istəməyən əhalinin nəyə ümid etdiyini anlamaq çox çətindir. Gəlin razılaşaq ki yaşayışı çətin olan xalqımız yerindən tərpənmədiyi üçün, yaşayışı əla olan korrupsionerlər xeyli rahat nəfəs alacaq.
Ən çətin şərtlər altında meydana çıxan fədakar insanların zəhməti qətiyyən hədər getmir. Şəxsən mən, bu qədər insanın hələ də etiraza qalxmaq cəsarətində olduğunu görməkdən motivasiya aldım. Müxalifət mitinqlərə davam etmək qərarı verərsə, bu zaman hazırlıq işlərində yeniliklər etməsı yaxşı olar. Mitinq öncəsi ictimai rəyi öyrənmək məqsədilə keçirdiyimiz sorğuda əhalinin 23% -nin mitinq barədə xəbəri olduğu halda, 77%-nin bundan xəbəri yox idi. Mitinqdən xəbərdar olanların yalnız 11%-i dəqiq vaxtı bilirdi. Hökumətin mitinqin vaxtını dəyişməsi, müxalif fikirli insanların ziyarət etdiyi saytlara girişin məhdudlaşması və digər inzibati tədbirlərin görülməsi də öz mənfi təsirini göstərdi. Müxalifət bu kimi neqativ halları növbəti tədbirlərində nəzərə alarsa itkisi az olar.  
Xalq ona can yandıran, davamlı olaraq problemlərini cəsarətlə qabardan və buna görə haqsız hücumlara tuş gələn qüvvələrə gec-tez mütləq dəstək verəcək. Odur ki, mitinqin təşkilatçıları, dəstəkçiləri daha inamlı davranmalıdır. Apardığı mübarizəyə inanan, yolunu yorulmadan davam edən mübariz insanların bir gün mütləq qalib gələcəyi şübhəsizdir.

Qeyd 8: Xalq etirazdan çəkinir

Hazırda cəmiyyətdəki tendensiyanı müxtəlif üsullarla öyrənib bilsək də, hansı çıxış yollarının daha effektli olduğunu deməyə çətinlik çəkirik. Cəmiyyətin fəal, mübariz kəsimi davamlı açıq etiraza meylləndiyi kimi, mübarizə əzmi qırılmış hissəsi də ümidsizliyə, çarəsizliyə, itaətə və hətta intihara meyllənib. Mübarizə əzmi olan insanların azlıqda olması siyasi proseslərin böyük təkanla qalxmasına ciddi əngəl yaradır. Hətta çoxluğun neqativ yanaşmasını müşahidə edən azlığın da tədricən ruhdan düşməsi halları baş verir.
Belə bir situasiyada cəmiyyətin fəal kəsiminin əksəriyyəti tərəddüd içərisindədir və sadə xalq kimi onlar da seyriçiyə çevrilib. Xalqı ictimai-siyasi baxımdan səfərbər etmənin yolları barədə sağlam müzakirələr aparmaq da olduqca çətinləşib. Müxalifət adına iddia edənlərin sırası geniş olduğu üçün bəzən təbii fikir müxtəlifliyinin düzgün qavranılmaması ucbatından da narazı kəsimin parçalaması baş verir. İqtidarın da müxtəlif vasitələrlə siyasi müzakirələrə yön vermək imkanları yüksəkdir.

Qeyd 9: Siyasi nəticələr


Ağır basqılar altında olsa da, yenə yalnız müxalifət etirazları təşkil etməyə qadir olduğunu nümayiş etdirdi. Əhali meydana gəlməsə də sosial duruma meydanda açıq etiraz edənləri tanıdı. Hakimiyyət mitinqlərdən çəkindiyini, narahat olduğunu bir daha biruzə verdi və bütün inzibati resurslarla mitinqin kütləviliyini əngəlləməyə çalışdı. Cəmiyyətdə ictimai oyanış yarandı və siyasi müzakirələr üçün aktual mövzu verildi. Əhalinin düşüncəli kəsimi özü üçün ciddi mesajlar aldı. Müxalifət sıralarında olan insanlar bütün metodlarla təşkilatlanmanı və hazırlığı davam etdirməyin əhəmiyyətini bir daha anladı.
                                                                  09 aprel 2017-ci il.

4 Nisan 2017 Salı

Sankt-Peterburq terrorundan kim qazanacaq?

                             Rusiya çətin sınaq qarşısındadır...

Terror dünyanın bir çox yerlərində dinc insanların canını almaqdadır. Harada baş verməsindən asılı olmayaraq terroru pisləyir və insanlığa qarşı ən təhlükəli cinayət hesab edirəm. Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş terror hadisəsini qınayır, yaralılara şəfa diləyir və dünyasını dəyişən insanların yaxınlarına baş sağlığı verirəm.



Müasir dünyada terrorçuluq yalnız dövlətlərin xüsusi xidmət orqanları tərəfindən deyil, həm də demokratik prinsiplərdən uzaq cəmiyyətlərin sosial-siyasi və ideoloji iradəçiliyindən bəslənir. Dünyanın istənilən yerinə sıçramaq imkanı olan terrorun müxtəlif siyasi nəticələr doğurduğu da sirr deyil. 

Terrorun məqsədi ilə nəticəsi arasında heç də həmişə nəzərdə tutulan ehtimallar doğrulmur. Terrordan həm onu törədənin, həm də terrora məruz qalanın yararlanması və zərər görməsi halları mövcuddur. Odur ki, çox zaman terrorun törədildiyi zaman və məkan təhlil edilərkən onun daha çox kimin işinə yaradığı barədə mübahisəli yanaşmalar ortaya çıxır. Terrordan sonra ortaya çıxan prosesləri müşahidə edərkən, qanlı olaydan daha çox kimin faydalandığını və şübhələrin kimin üzərinə getdiyini nəzəri olsa da müəyyən etmək mümkün olur.

Demokratik cəmiyyətlərdə irimiqyaslı terror olayları siyasi nəticə doğura və yerli rejimlərin zəifləməsi ilə nəticələnə bilir. Totalitar və avtoritar rejimlərdə isə hətta kütləvi ölümlər də siyasi nəticə doğurmaya bilir. Terror nəticəsində demokratik rejimlər əsasən zəifləyir, totalitar rejimlər isə daha da güclənə bilir. Bu baxımdan terrorun miqyası və intensivliyi demokratik cəmiyyətlərdə daha geniş və əks-sədalı olur. Terrorun məqsədinə nə dərəcədə çatması adətən dövlətlərin siyasi-hüquqi formasından da asılıdır.

Rusiyada irimiqyaslı terror aktlarının törədilməsi ilk dəfə deyil. Belə terrorlardan sonra adətən Putin hakimiyyətinin xeyli gücləndiyinin şahidi olmuşuq. Terror aktlarından sonra nəinki Rusiyada baş qaldıran milli-etnik münaqişələr tamamilə boğulub, hətta müstəqil medianın, vətəndaş cəmiyyətinin və real siyasi müxalifətin də əl-qolunun bağlanmasında samballı bəhanə rolu oynayıb.

RF-də yaşanan terrorların nəticələrini analiz edərkən ilk qənaət bundan ibarət olur ki, həmişə qazanan tərəf nədənsə hökumətdir. Amma, bu qənaətlər heç də o anlama gəlməməlidir ki, terrorun arxasında məhz Rusiyanın xüsusi xidmət orqanları dayanıb. Sadəcə olaraq Rusiya hakimiyyəti, bu teraktlardan maksimum yararlanmağı bacarıb və terrorçuların hədəflədiyi ictimai rəyi öz lehinə dəyişməyə nail olub. Təxminən belə bir nəticəni ortaya qoyublar ki, terroru kim planlaşdırırsa da ondan yalnız dövlət və hakimiyyət qazanacaq. 

Bəs indi durum necədir? Rusiya hakimiyyəti indiki situasiyada cəmiyyətdə öncəki qənaəti yarada biləcəkmi? Əlbətdə ki, hazırda bu sualın cavabı müsbət deyil. Dünyada olduqca ziddiyyətli geosiyasi proseslər cərəyan edir. Dünyanın qloballaşması tendensiyasının qismən arxa plana keçdiyi dövrə qədəm qoymuşuq. ABŞ administrasiyasının tətbiq etməyə çalışdığı yeni xarici siyasət kursu da Avropada, Orta Şərqdə, Rusiyada və Çində regional maraqların və ziddiyyətlərin yeni mərhəyəyə keçməsinə stimul yaradıb. Yaxın dövr üçün ziddiyyətlərin açıq üzə çıxacağı istisna deyil.

Təsadüfi deyil ki, Rusiya da dünya syasətində ağır çəkisi olan bir oyunçu kimi artıq öz sərhədlərindən uzaqlarda maraq savaşına qalxıb. Bu yanaşmanın cavabsız qalmayacağı istisna deyil. Onu müxtəlif üsullarla durdurmaq, diqqətini daha çox daxili auditoriyaya yönəltmək istəyən beynəlxalq güclərin də arsenalında çox təsirli vasitələr var. Hazırda Rusiya hakimiyyəti öz sərhədləri daxilində istənilən addımı maneəsiz atmaq imkanında olduğu halda, onun belə bir terror aktında maraqlı olduğunu söyləmək doğru olmaz.

Hökumətin belə terrordan faydalanaraq daxili və xarici siyasətində uğur imkanları xeyli tükənib. Rusiya cəmiyyəti indi elə bir həssas sosial-psixoloji dövrünü yaşayır ki, burada hətta ən kiçik qığılcım belə nəhəng siyasi proses doğura bilər. Rusiyanın indiyədək öyündüyü və hakimiyyətin də sığındığı vətənpərvərlik “qalası” artıq cəmiyyətin özü tərəfindən də istehza ilə qarşılanır. Hər tərəfdən sıxılan Rusiya hakimiyyəti daxili və xarici rəqibləri üçün əlverişli hədəf olmağa yaxınlaşır. Rusiya xeyli çətin sınaq qarşısındadır..


                                                                                         03 aprel 2017-ci il.