19 Mayıs 2016 Perşembe

Məsuliyyətsizliyin faciəli sonluğu, yoxsa başlanğıcı?

        Məsuliyyətsizliyin faciəli sonluğu, yoxsa başlanğıcı?

Bakı şəhərində hündür mərtəbəli yaşayış binasının yanması nəticəsində faciəli şəkildə dünyasını dəyişən bütün insanlara Allahdan rəhmət, yaxınlarına və doğmalarına səbr diləyirəm. Əksəriyyətimiz bu faciəni ürək yanğısı ilə izlədik və hələ də hüzn içərisindəyik. Görünən budur ki, kədərimizin tezliklə keçməsi asan olmayacaq. Hər dəfə sosial şəbəkələrdə, mediada bu qorxunc mənzərə ilə qarşılaşanda yaralarımız təkrar açılacaq.

 Müharibə və terror cəmiyyəti düşmənə qarşı səfərbər edir

Müstəqillik əldə etdikdən sonra bir çox uğurlarımızla yanaşı, uğursuzluqlarımız və faciələrimiz də olub. Qarabağda yaşadığımız faciələri, Bakı şəhərində törədilən qanlı terror hadisələrini xarici düşmənlərimizin vurduğu amansız yaralar kimi qəbul etmiş və düşməni sevindirməmək üçün bir-birimizə sarılmışıq. Vətəndaşlarımızın təhlükəsizliyini lazımı səviyyədə təmin etmədikləri və ya edə bilmədikləri üçün hökuməti tənqid etsək də, cəmiyyətimizin düşmənə qarşı səfərbər olmasından təsəlli tapmışıq.

                   Təbii fəlakətlər və qəzalar problemləri ortaya çıxarır
Təbii fəlakətlərdən, kütləvi insan itkiləri ilə nəticələnən qəzalardan və ya hansısa ehtiyyatsızlıqdan baş vermiş təsadüfi hadisələrdən də heç bir cəmiyyət sığortalanmayıb. Belə halların baş verə biləcəyini nəzərə alıb, insan itkilərinin olmaması və ya az olması üçün hökumət tərəfindən öncədən zəruri tədbirlər həyata keçirilir. Hətta, bütün zəruri tədbirlərə baxmayaraq, çox saylı insan itkisi ilə nəticələnən faciələr baş versə belə, bu elə də ciddi etiraz yaratmır. Hər kəs anlayır ki, burada açıq sabotaj, təxribat, məsuliyyətsizlik yoxdur. Hökumətin daha yaxşı tədbir görməməsi tənqid olunsa da, cəmiyyət daha çox problemlərin həllinə səfərbər olur.

Vətəndaş etimadsızlığına səbəb və ya dövlətin təhlükəsizliyinə qarşı təxribat

Cəmiyyətə ən sağalmaz yaralar o zaman vurulur ki, insanlar bilərəkdən təhlükə ilə baş-başa qoyulduğunu anlayır. Daşıdığı vəzifənin məsuliyyətini dərk etməyən idarəçilərin, insan həyatını heçə sayan qərarlara imza atdığının şahidi olur. Daha çox pul toplamaq üçün bütün dəyərlərin tapdandığını, qanunların heçə sayıldığını müşahidə edir. Bahalı geyinib, bahalı maşınlarda gəzən, təmtəraqlı həyat və saysız-hesabsız mülkiyyətə sahib olmaq üçün ağlasığmaz cinayətlərə imza atan məsuliyyətsiz idarəçilərin at oynatdığının şahidi olur. Belə faciələr təkcə məsum insanların itkisi kimi yox, həm də cəmiyyətə vurduğu ağır yara ilə tarixə düşür. Cəmiyyət daxili münasibətləri zədələyən, insanların qəlbində nifrət və kin yaradan, dövlət vətəndaş münasibətlərində etimadsızlığa səbəb olan bütün neqativ hadisələr dövlətin təhlükəsizliyinə qarşı ən böyük təxribatdır.

Belə faciələrin təkrar baş verməsini önləmək üçün cəmiyyətin fəal kəsiminin prinsipial vətəndaş mövqeyi ifadə etməsinə ehtiyac var. Dövlətin ciddi tədbirlər görməsi üçün vətəndaşların ardıcıl və qətiyyətli mövqeyi ortaya qoyulmalıdır. Faciənin baş verməsinin əsil səbəbi obyektiv olaraq araşdırılmalı, terror, ehtiyyatsızlıq və ya təsadüf nəticəsində olduğu cəmiyyətə açıqlanmalıdır. Baş verə biləcək digər oxşar hadisələrin qarşısını almaq məqsədilə, yanğının törənmə səbəblərini öyrənmək lazımdır. Binaların tez alışan maddələrlə üzlənməsinə göz yummaqla, şərait yaratmaqla çox saylı insan itkilərinə səbəb olmuş əsil günahkar şəxslər mütləq aşkar edilməlidir. Təqsirkarlar qanun qarşısında cavab verməli və layiq olduqları cəzanı almalıdırlar. Cəmiyyət bu cəzalandırmanın ədalətli olduğuna inanmalı və gözdən pərdə asmaq məqsədi daşımadığına əmin olmalıdır.

                        Müstəqil media toplumun ən təsirli silahıdır

Bir vacib məqama da toxunmaq istəyirəm. Hadisə ilə bağlı rəsmi qurumların operativ informasiya verməməsini və ya verə bilməməsini, həmçinin rəsmi informasiya orqanlarının da ləngliyinin şahidi olduq. Əminliklə deyə bilərəm ki, bu ekstrimal hadisə ilə bağlı ictimai rəyin yaranmasını və istiqamətləndirilməsini sosial şəbəkələr və sosial media müəyyən etdi.

Hər bir müasir mobil telefon istifadəçisi informasiya yayıcısı və alıcısıdır. Hadisə yerindən bütün məlumatları birbaşa sosial şəbəkələrdən çox operativ almaq mümkün idi. Həm şəkillər, həm video görüntülər, həm də yazılı informasiyalar çox aydın və obyektiv təsəvvür yaradırdı.
Çox böyük maddi-texniki bazası olan televiziyaların bu faciəni işıqlandırmasında sosial şəbəkələrə uduzduğunu müşahidə etdik. Hətta, bəzi hallarda nəinki uduzmaq, həm də fors-major vəziyyətdə aydın proqram siyasətinin olmaması üzə çıxdı.

Bəzi televiziya jurnalistlərinin ehtiyyatsız ifadələri zərər çəkmiş insanları, hadisələri izləyən sadə və vicdanlı vətəndaşları sakitləşdirmək əvəzinə qızışdırmağa xidmət etdi. Kütləvi insan itkiləri və faciəsi zamanı televiziya jurnalistlərinin peşəkarlığının hələ də zəif olduğunu göstərdi. Efir tribunasından insanların kədərini, həyacanını və qəzəbini azaltmaq məqsədilə sakitləşdirici ifadələr seçməli olan jurnalistlərin məsuliyyətsiz ifadələri çox ciddi provakasiyalara gətirib çıxara bilər. Bu yanlışları düzəltmək üçün mütləq müvafiq tədbirlər görülməlidir.

                     Televiziyalar şou məkanı kimi əhalinin xidmətindədir

Bu yanğın baş verərkən Bakıdan kənarda idim və xəbərləri rayonlardan izləyirdim. Müşahidə etdiyim və gəldiyim növbəti qənaəti də sizinlə bölüşmək istəyirəm. Obyektiv informasiya qaynağı kimi əhalinin əksəriyyətinin güvəndiyi görüntülü media qurumlarının olmaması belə vəziyyətlərdə ağır fəsadlar verə bilər. Televiziyalara şou məkanı kimi baxan əhali, ciddi məlumatları alternativ qaynaqlardan dəqiqləşdirməyə can atır. Hətta, ən ucqar kəndlərdə yaşayan insanlar da televiziyalarda gördüklərini, internetdə mövcud olan müstəqil qaynaqlardan dəqiqləşdirməklə bilgi alır.

İzləyicilərin informasiya almaq üçün asan çata biləcəyi televiziyalara güvəni sarsılıb. Nə hadisənin mahiyyəti haqqında, nə səbəbləri, nə ölü, nə də yaralı sayı barədə məlumatlarını mötəbər hesab etmir. Sosial şəbəkənin adi bir istifadəçisinin yazdığına daha az şübhə edir, nəinki rəsmi məlumat yayıcılarına və televiziyalara. Teleməkanın tam hökumətin inhisarında olması heç də o demək deyil ki, ictimai rəyə hökumət nəzarət edir. Bu sahəyə yenidən ciddi tənzimləmə gətirilməli, televiziyaların müstəqilliyi təmin edilməli və həqiqi alternativ fikrə müstəvi yaradılmalıdır.

                    İdarəetmə islahatları təxirə salınmadan aparılmalıdır

Bu vacib məqama da toxunmağı özümə borc bilirəm. Prezidentin keçirdiyi son müşavirə ölkədə mövcud olan real mənzərənin mahiyyətini bir daha ortaya qoyur. Rüşvət və korrupsiyanın geniş yayılması idarə etməni ciddi şəkildə iflic etdiyindən, hər sahədə cavabdehlik və məsuliyyət yox səviyyəsindədir. Məmur özbaşınalığı elə bir mərhələyə qədəm qoyub ki, heç kəsin şəxsi və ailə təhlükəsizliyinə qarantiya qalmayıb. İri miqyaslı bədbəxt hadisələr yaşanmadığı üçün hələlik hansı təhlükəli “barıt çəlləklərinin” əhatəsində olduğumuzu bilmirik. Bəlkə də yediyimiz qidalar, içdiyimiz sular, istifadə etdiyimiz dərman pereparatları ilə bağlı da bir gün dəhşətli təhlükələrlə qarşılaşacağıq. Orta gücdə bir zəlzələ baş verərsə, bu yeni tikililər bizə daha böyük faciələr yaşatmayacağına necə əmin ola bilərik?

              Laqeyd vətəndaşla qulun fərqi yalnız adındadır

Son olaraq ən narahat edici məsələyə toxunmaq istəyirəm. Əksəriyyət vətəndaşlarımızın öz hüquqlarına biganə olduğunu, onu qorumaq üçün heç bir təşəbbüs göstərmədiklərini, hətta hansisa təşəbbüslərə də qoşulmadıqlarını çox yaxşı bilirik. Təəssüf ki, bu hadisə göstərir ki, insanlarımız təkcə hüquqlarına deyil, həm də öz həyatları üçün də laqeyddirlər. Şəxsinə birbaşa yönəlik olmayan ən qorxunc ümumi təhlükənin içərisinə gözü yumulu daxil olur və onun acılarını yaşamaqdadırlar. İstərdim ki, prezidentin sərəncamı ilə yaradılmış dövlət komissiyasının baş vermiş neqativ hallarla bağlı həlledici qərarlar qəbul etməsinin şahidi olaq. Əgər məlum olan bütün bu neqativ hallarla bağlı ciddi addımlar atılmayacaqsa, daha qorxunc gələcək bizi gözləyir.

(Bu yazını 19 may 2015-ci ildə Bakının Binəqədi rayonundakı yaşayış binasında baş verən dəhşətli yanğından 2 gün sonra yazmışam.)

4 Mayıs 2016 Çarşamba

Birlikdə alınan nəticə kollektiv iradə formalaşdırır!

                 Birlikdə alınan nəticə kollektiv iradə formalaşdırır.

Keçən yazımızda erməniləri bizdən güclü edən, zaman-zaman torpaqlarımıza göz dikməyə şirnikləndirən səbəblərə diqqət çəkmişdik. Bu məsələlər sırasında ən vacib məqamlardan biri kimi onların milli özünüdərki, vahid milli ideoloji konsepsiyaya sahib olması, kollektiv maraqlara sadiqliklərini izah etməyə çalışmışdıq. Ən barışmaz erməni müxalifəti ilə iqtidarı bir anda vahid mövqe ifadə edə biləcək milli və kollektiv iradəyə sahibdir. Bizim onlardan geri qaldığımız bu məsələlər bütövlükdə onların qalibiyyət düsturunun əsasını təşkil edir. 

Kollektiv iradə kimə qorxu yaradır? 
 
Hüquq və azadlıqların təmin olunduğu istənilən ölkəni götürüb analiz etsək görərik ki, bu toplumlarda fərdi azadlıqlardan doğan kollektiv iradə çox güclüdür. İctimai-siyasi birliklər, assosisasiyalar, həmkarlar ittifaqları, icma koalisiyaları dövlət üzərində böyük təsir gücünə və ictimai nüfuza malikdir.

Qətiyyətlə deyə bilərik ki, kollektiv ruhun zəif olduğu heç bir məkanda toplumun maraqlarına xidmət edən güclü dövlət yoxdur və ola bilməz. Güclü dövlətin olmadığı hər yerdə vətəndaşı ilə zor dilində danışan hökumət, əhalinin maraqlarını heçə sayan qanunlar, insanları əzməkdən və hüquqlarını pozmaqdan həzz alan ədalətsiz idarəçilərə meydan sulamağa şərait yaradan zorakı hakimiyyətlər mövcuddur. 

Sosioloji araşdırmalar sübut edir ki, avtoritar rejimlərin ən çox qorxduğu və yaranmasını əngəlləməyə çalışdığı fenomen kollektiv iradədir. Çünki kollektiv iradənin olduğu heç bir məkanda toplumu itaətə məhkum etmək mümkün deyil. Hüquqları heçə sayılan, əzilən toplumların isə yeganə nicatı kollektiv iradəni formalaşdırmaqdır. Hər bir vicdanlı vətəndaş bu iradənin formalaşdırılması prosesində fəal iştirakçı olmalıdır.
                  
Kollektiv iradəsi sıradan çıxan toplum tənəzzülə uğrayır

Kollektiv iradənin formalaşmasına yaradılan süni əngəllər idarəetmənin səfeh xarakterindən qaynaqlanır. Azad birləşmək və birlikdə nəticə almaq mümkün olmadıqca, ibtidai şüurun doğurduğu sosial mühit yaranır. Bu mühitdə, ilk növbədə, dövlətin əsas müxalifəti, barışmaz rəqibi öz vətəndaşlarıdır. Orta əsr monarxiya təfəkkürünə enən belə toplumlarda ailə və tayfa bağlarından doğan münasibətlər, dövlət-vətəndaş münasibətlərindən daha üstün təsirə malik olur. 

Kollektiv iradəni məhv etməyə yönəlik sistemli tədbirlər planı olmasa belə, ailə və tayfa bağlılığının ibtidai mahiyyəti yoluxucudur və idarəetməyə yayılmasında ciddi problem olmur. 
Kollektiv həyata keçirilməli olan bütün fəaliyyətlər və cəmiyyətiçi münasibətlər, ailə bağlarından doğan mexanizmlərlə əvəz olunur. İdarəetmənin bütün pillələrində ailə maraqlarından başqa heç bir maraq öncəlik təşkil etmir. Sadə vətəndaşlarda da ictimai olan hər şeyə qarşı laqeydlik, biganəlik hökm sürməyə başlayır. Əksər insanlar yalnız özlərini və ailə üzvlərini düşünərək yaşamağa üstünlük verirlər. 

Hətta ən təsirli ideoloji-siyasi birliklərin yerini də daha ibtidai kiçik ailə və tayfa ittifaqı alır. Bununla da, toplumda ümumi maraqlara xidmət etmək, insanların rifahı naminə birgə addımlamaq təşəbbüsləri istehza ilə qarşılanır. Kollektiv ruhunun topluma qazandırdığı yardımlaşmaq, paylaşmaq, xeyriyyəçilik və təəssübkeşlik tədricən sıradan çıxır. İnsanlığa xidmət etməyən münasibətlər sistemi formalaşır. Öz ailəsindən kənarda baş verən heç bir sosial-ictimai məsələ ilə maraqlanmayan vətəndaş, əslində özü də bilmədən dövlətin gizli düşməninə, avtoritarizmin dostuna çevrilir. Ümummilli təəssübkeşlik, vətən uğrunda fədakarlıq arxa plana keçir və milli mənəvi dəyərlərin, sosial-ictimai münasibətlərin dağıdılması ön planda olur. 

Kollektiv ruhunu yaradan və zəiflədən amillər nədən qaynaqlanır?

Demokratik qanunların hökm etdiyi toplumlarda azad insanların könüllü olaraq birlikdə həyata keçirdikləri və ümumi maraqlara xidmət edən açıq fəaliyyətlər kollektiv ruhunu formalaşdırır. Toplumun bütövlüyü, həmrəyliyi və gücü kollektiv fəaliyyətdən doğan nəticələrlə formalaşdığı kimi, insanların da ictimai əxlaqı, bir-birinə güvəni, inamı, hörməti məhz kollektiv iradənin üzə çıxardığı düşüncədən doğulur. İctimai maraqlar uğrunda könüllü olaraq başqaları ilə birlikdə çalışmaq, nəticə almaq, qorunmaq imkanı hüzurlu və güvənli ortam yaradır. Fərdi hüquqların könüllü olaraq ən etibarlı və qalıcı ictimai çərçivəsi yaranır. 

İstisnasız olaraq bütün anti-demokratik rejimlərin yuxusunu ərşə çəkən fenomen toplumun kollektiv ruhuna və iradəsinə sahib olmasıdır. Demokratik toplumlarda istedadlı, bacarıqlı, savadlı insanların əl-qolu açıq olduğu kimi, antidemokratik mühitdə də bunun tam əksi yaşanır. Avtoritar rejimlərin əsas “müttəfiqləri” savadsız, bilgisiz, biganə və təşkilatlanmadan qaçan vətəndaşlardır. Onları daha rahatlıqla avtoritar iradəyə tabe etdirmək mümkündür. 

Topluma fərdi azadlıq, yoxsa kollektiv iradə önəmlidir.

Avtoritar rejimlərdə bu paradiqmaların qarşı-qarşıya qoyulması tamamilə yersizdir. Hüquq anlayışının bütövlükdə böhran keçirdiyi mühitdə, onun fərdi və ya kollektiv pozulmasının nə önəmi ola bilər ki? Hüquq olan yerdə hər iki paradiqma bir-birini doğurur və qoruyur. 

Təcrübələr göstərir ki, kollektiv ruhunu, iradəsini sıradan çıxarmadan anti-demokratik idarəçiliyi möhkəmləndirmək mümkün deyil. Kollektiv müqavimət daha etibarlı zirehdir və onu asanlıqla aşmaq mümkün olmur.

Kollektiv ruhu olmayan milyonları ən kiçik mütəşəkkil qruplar da çox asanlıqla uzun illər istismar edə və əzə bilir. Uzun zaman müstəmləkə siyasətinin təsirində olan, dərin dövlətçilik ənənələri olmayan və demokratik idarəçiliyi mənimsəməyən toplumların kollektiv iradəsini daha asanlıqla qırmaq mümkün olur. 

Kollektiv fəaliyyətdən nəticə almaq imkanları məhdudlaşdıqca, vətəndaşlar tədricən fərdi fəaliyyətə meyl edir. Bu hal təkcə dövlət vətəndaş  münasibətlərinə deyil, kollektiv iradə ilə formalaşan bütün qurumlara təsir göstərir. Antidemokratik rejimlərin hökm sürdüyü cəmiyyətlərdə bəzən siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları və hətta ən kiçik icmalar da öz üzvlərinin kollektiv iradəsindən məmnun qalmır. Hətta bəzən o iradəni qırmağa çalışırlar. Mütləq hakimiyyət arzusu yuxarıdan aşağıya yolxucudur. Səlahiyyət sahibləri, inhisarçı qruplar, mütəşəkkil tayfa ittifaqları belə vəziyyətdən məmnumdur və özlərini bu mühitdə rahat hiss edirlər. 

Lakin unutmaq lazım deyil ki, bu, normal hal deyil və mütləq çoxluğun iradəsini süni şəkildə uzun müddət istiqamətləndirmək mümkün olmur. Müasir dünya standartlarının konyukturasına da ziddir və toplumu məhvə sürükləyir. 
Sosioloji araşdırmalar göstərir ki, toplumun bu vəziyyətdə idarə olunması bir müddət sonra dağıdıcı sosial fəlakət hazırlayır. 100 il, 50 il öncə bu idarəetmə uğurlu ola bilərdi, amma indi tamamilə sosial təhlükə mənbəyidir.  

Təəssüf ki, ölkəmizdə də ardıcıl olaraq xanlıqlar dövrünün, çar Rusiyasının, sovet totalitar idarəetmə rejiminin möhkəm təsiri olub və hazırda da avtoritar idarəetmə hökm sürür. Toplumun daha asanlıqla avtoritar təsirlərə boyun əyməsi və kollektiv iradəyə can atmaması son illər daha qabarıq müşahidə edilir. Hakimiyyətin total basqılarına baxmayaraq, ölkədə çox məhdud sayda ictimai-siyasi qurum kollektiv iradəsini qoruyub saxlamağa müvəffəq olub. Bu sindromdan qurtulmanın ictimai düsturları var və növbəti yazılarımızda bu istiqamətdə fikirlərimizi bölüşəcəyik.