28 Aralık 2015 Pazartesi

Ənənəvi “əfv” hakimiyyətə müsbət dvident gətirməyəcək.

      “Əfv” günahsız insanlara mənəvi işgəncədir!

Ölkəmizdə siyasi düşüncələrinə görə vətəndaşların qondarma ittihamlarla həbs edilməsi və təqsirsiz olduqları halda məhkəmə hökmü ilə cəzalanması adi hal alıb. Sanki məhkumluqdan daha çox girovluq həyatı yaşayan bu insanların bir müddət sonra “humanizm” nəticəsində “əfv” edilməsi praktikası da geniş tətbiq olunur. Ehtimal olunur ki, bu “humanizm”ənənəsi yenə də təkrar ediləcək və bir çox günahsız insan öz nisbi azadlığına qovuşacaq. Nisbi azadlığına qovuşan insanların sevincinə şərik olmaqla yanaşı, bunu heç də nə onların, nə də toplumun qələbəsi hesab etmirəm.

Siyasi məhbus probleminin səbəbləri.

Dünya təcrübəsində siyasi məhbus probleminin səbəbləri müxtəlifdir. Bu barədə beynəlxalq normalardan, siyasi-hüquqi kriteriyalardan ətraflı danışmaq və faktoloji incələmək xeyli zaman tələb etdiyi üçün o məsələlərə toxunmadan keçək ölkəmizlə bağlı olan əsas mətləbə.
Ölkəmizdə siyasi məhbus probleminin çox qabarıq mövcudluğu birbaşa hakimiyyətin siyasi zəifliyindən və idarəetmədə mövcud olan nöqsanlardan qaynaqlanır. İqtidara sahib olduqdan keçən 22 il ərzində ölkəyə milyardlarla vəsait daxil olmasına baxmayaraq, vətəndaşların heç bir sosial-iqtisadi, ictimai-siyasi və hüquqi problemlərini həll etməyən hakimiyyət komandası öz səriştəsizliyini müxtəlif vasitələrlə ört-basdır etməyə çalışır. Həm də hakimiyyətdə olduğu bu uzun müddətdə topluma yeni-yeni ağır problemlər yaradıb və gələcək nəsillərə miras qoymasını dərk etdikcə daha da aqressiv siyasətə meyllənir. Baş verənləri tədricən anlayan əhalinin artan haqlı narazılığını dinc və effektli etiraza çevirə biləcək şəxslərə və qurumlara qarşı iqtidarın repressiv davranmağa üstünlük verməsi yalnız bu səbəblərdən doğan nəticədir. Heç bir əsas olmadan günahsız fikir və düşüncə adamlarını, siyasi oponentləri zindana doldurmaqla toplumda qorxu yaratmaq və idarəetməyə polis gücü ilə davam etmək yolunun uğurlu olacağının yanlış qənaətidir. Məhz bu repressiv idarəetmənin əsas səbəbi odur ki, hakimiyyət yürütdüyü siyasətin təhlükəli mahiyyətini anlayır və müvəqqəti də olsa azad mühitin olmaması üçün bütün zəruri tədbirləri görməyə çalışır. Siyasi məhbus probleminin bu qədər qabarıq ortaya çıxması, əslində hökumətin öz oponentlərinin siyasi arqumentləri qarşısında acizliyinin də etirafıdır.

            Siyasi oponentlərin həbslə “islah” edilməsi totalitar düşüncədir.

Siyasi mübarizədə hökumətlərin rəqiblərinə qarşı istifadə etdikləri ən primitiv önləyici vasitə həbs və repressiyalardır. Dialoqların, müzakirələrin, diskussiyaların tamamilə tükəndiyi bir ortamda cəmiyyətiçi münasibətləri zədələyən qanundan kənar fəaliyyətləri durdurmaq üçün son çarə kimi seçilirsə, bunu bəlkə də anlamaq olar. Lakin, öz səriştəsizliyini pərdələmək, fərqli fikri boğmaq, hakimiyyət hərisliyindən doğan qanunsuz əməllərini daha rahat davam etdirmək üçün seçilirsə, bu hüquq terrorudur və qətiyyən qəbul edilə bilməz. Tarixi təcrübə göstərir ki siyasi mübarizə aparan, özünü ifadə etmək potensialı olan insanları həbslə məqsədindən çəkindirmək mümkün deyil. Təkcə müstəqilliyimizdən keçən 24 illik zaman kəsiyində, xalqına qarşı çox qəddar və amansız davranan diktatorların faciəli sonluğunu görən mübarizə adamlarını belə primitiv üsllarla sıradan çıxarıb yox etmək arzusunda olanlar ciddi yanlışlığa yol verirlər. Görünən budur ki, hakimiyyətin dövlət resursları ilə “qara gün” üçün gen-bol bəsləyib, siyasi vitrinə düzdüyü kadrları arasında 5-10 nəfər yoxdur ki, müxalifətin qarşısına çıxıb onları siyasi arqumentlərlə susdura bilsin. Bu aqressivlik sürətlə zəifləməyin, sadə vətəndaşı və müxalifəti qarşısında arqumentsizliyin təzahürüdür. Təcrübə göstərir ki, günahsız şəxslərin siyasi motivli həbsləri cəmiyyəti müvəqqəti olaraq siyasi proseslərdən çəkindirsə də, siyasi iddialı şəxsləri daha da mətnləşdirir və sıralarını möhkəmləndirir.
                    
                    Təqsirsiz insanların həbsi cəmiyyətə qarşı sui-qəsddir.

Cinayət törətmiş şəxslərin həbsi ədalətin təntənəsi olduğu üçün cəmiyyətdən təqdir alır və ictimai münasibətləri sağlamlaşdırır. Hətta, həbs olunan şəxslər özləri və yaxınları da bunu şüuraltı ədalətli sayır. Məhkum olunan şəxs öz törətdiyi əməlin qarşılığında cəza aldığını dərk etdiyi üçün bu qərara daxilən üsyan etmir, onu məhkum edənlərə dərin nifrət bəsləmir. Cəmiyyət də ədalətli cəzaların insanları islah etdiyinə inandığı üçün, onların müəyyən müddətə təcrid olunmasını normal qəbul edir.
Heç bir cinayət törətmədiyi halda müxalif fikir və düşüncələrinə görə insanların təqib olunması, həbs edilməsi totalitar düşüncə tərzidir və dövlət üçün ağır təhlükələrə yol açır. Son illər günahsız insanların kütləviləşən həbsi sanki cəmiyyətin vicdanlı kəsimindən intiqam almağa yönəlib. Çoxluq tərəfindən açıq etiraz ifadə olunmasa da bu qanunsuz əməl cəmiyyətdə ciddi gərginlik və narazılıq yaradır. Dövlət vətəndaş münasibətlərində etimadsızlıq dərinləşir.
                            
                             Qanunsuz həbslər topluma hansı mesajı verir?

Əlindəki nəhəng gücdən suistifadə edib təkəbbürcəsinə öz vətəndaşına meydan oxuyan, onları siyasi düşüncəsinə görə günahsız həbsə məhkum edən rejimlər müvəqqəti qalib olsalar da əbədi məğlubiyyətə uğradıqlarını şüuraltı anlayırlar. Odur ki, fərqli görünən heç bir mütərəqqi qüvvəni, demokratik təşəbbüsləri qəbul edə bilmirlər. Ona düşməncəsinə münasibət bəsləyir və məhv etməyə çalışırlar. Ölkəmizdə də əhalinin xeyli hissəsi hökumətin repressiv siysətinin gizli mahiyyətini anlayır. Bu sadə, işsiz əhalidən tutmuş, aşağı və orta məmura kimi böyük bir təbəqəni əhatə edir. Hökumət xalqa qəbul etdirməyə çalışır ki, qanuni və ya qanunsuz vasitələrlə əldə etməsindən asılı olmayaraq ona məxsus olan heç nəyin təminatlı sahibi deyil. Qanunların tətbiqi siyasi iradənin əlindədir və heç kim bu “nizamı” poza bilməz.
                     
                        Hökumətin həbs siyasətindən qazanan və itirənlər...

Bütün qondarma həbslər dövlətimizi nüfuzlu demokratik dünyanın gözündən salmaqla yanaşı, topluma da ağır zərbə vurur. Davamlı olaraq əzəli düşmənlərimiz olan, müstəqilliyimizi həzm edə bilməyən qonşularımıza tutarlı arqumentlər qazandırmaqdadır. Həmçinin, korrupsiya və rüşvət girdabında olan mütəşəkkil komanda da təqsirsiz şəxslərin həbsindən ustalıqla özünü qorumaq üçün yararlanır. Dovlətimiz və cəmiyyətimiz adına nə qədər təhlükəli tərəflər varsa, hamısı bu siyasətdən maksimum qazanır. İtirən isə yalnız ölkəmizin vicdanlı vətəndaşları və dövlətimizdir. Təhsilindən, səhiyyəsindən, iqtisadiyyatından, ordusundan, diplomatiyasından tutmuş, bütün dövlət-idarəetmə sisteminə qədər hər sahə itirməkdədir. Xalqımızın mənəvi-psixoloji aşınmasını, öz talehinə biganəliyini və cəmiyyətiçi etimadsızlığını şərtləndirən əsas səbəblər də məhz bu siyasətdir.
                                  
                                Günahkarı əfv etmək humanistlikdir.

Həm dinimizdə həm də ictimai münasibətlərdə humanizm nümunəsi sayılacaq addım odur ki, günahkarı və islah olunmuş cinayətkarı bağışlayırsan. Bu addım cəmiyyətə həmrəylik, barış, sevgi və etimad gətirir. Günahsız cəza alanların “əfv”i isə mənəvi işgəncədir. Düşüncəsi və fəaliyyəti ilə cəmiyyəti azad, firavan, təminatlı və təhlükəsiz görmək istəyən, bunun üçün fədakarlıqla mübarizə aparan yüzə yaxın insan təqsirsiz məhbus həyatı yaşayır. Məhkum edilmiş insanlar və onların yaxınları ilə yanaşı, cəmiyyətin bütün sağlam düşüncəli insanları da bilir ki bu şəxslər qondarma ittihamlarla, siyasi sifarişlə həbs ediliblər. Belə şəxslərin “əfv”ini humanist addım kimi təqdir edənlər haqlı olaraq cəmiyyət tərəfindən qınanır. Ağlı başında olan sağlam insanlara necə izah edəsən ki, günahsız şəxsləri zindana salıb, işgəncələrə məruz qoyub, təhqir etdirib, şərəf və ləyaqətini alçaldıb sonra da bir bağışlanma ərizəsi yazdırıb “əfv”etdirmək humanistlikdir? Məncə, təqsirsiz məhkum edilmiş şəxslər və demokratik düşüncəli insanlar heç bir zaman bu davranışı humanistlik kimi qəbul etməyəcək.  
        
             Ənənəvi “əfv” hakimiyyətə heç bir müsbət dvident gətirməyəcək.

Hökumətin “əfv” siyasətinin mahiyyətini anlamaq çox çətindir. Kiçik bir monitorinq aparılsa məlum olacaq ki, nə günahsız məhkum olmuş insanlar, nə onların yaxınları və doğmaları, nə də fəal vətəndaşlar bunu ədalətin təntənəsi hesab etmir. Təqsirsiz məhkum olunmuşları zorla imdad diləməyə məcbur etmək, süni ədalət fenomeni yaratmaq məzhəkəsi yalnız əks reaksiya doğurur. Günahsız qadınları, gəncləri, ictimai-siyasi xadimləri qanunsuz olaraq həbs etmək, işgəncə verərək yarımcan etmək və sonra da beynəlxalq təyziqlər qarşısında onları azad etmək məcburiyyətində qalmaq heç bir halda humanistlik kimi qəbul edilməyəcəkdir. Bunu qəbul etmək lazımdır ki, günahsız məhkum həyatı yaşayanlara zorla bağışlanma ərizəsi yazdırmaq və sonra da “əfv” edilməsi cəmiyyətdən təqdir almayacaqdır. Özünə hörmət edən hökumətlər vətəndaşını həbslə deyil, siyasi arqumentlərlə, debatlarla susdurmalıdır. Nəhəng resurslara malik hökumət təmsilçiləri müxalifəti fikirləri, düşüncələri, şəffaf idarəçiliyi və demokratik seçki ilə məğlub etməlidir. Onları qondarma ittihamlarla həbs edib adını tarixin amansız səhifələrinə yazdırmaq, ciddi təyziqlərə, sanksiyalara məruz qalmaq və sonra da məcburiyyət qarşısında “məhkumları” azad etmək prinsiplərindən bir dəfəlik imtina edilməlidir. İstisnasız olaraq bütün siyasi və vicdan məhbusları qeyd şərtsiz sərbəst buraxılmalı və bu repressiv siyasət bir daha təkrar edilməməlidir. Bu, hökumətin ağır böhran dövründə ən doğru addımı olmaqla yanaşı, həmrəylik günü ərəfəsində cəmiyyətə yüksək əhval-ruhiyyə və həmrəylik də qazandırar. 

Qərb Azərbaycandan nə istəyir?

Qərb Azərbaycandan nə istəyir və biz qərbə nəyi vermək istəmirik?

Azərbaycan-Qərb münasibətlərinin real durumu, gələcək perspektivləri daim cəmiyyətimizin gündəmində öncəlik təşkil edir. Çünki, mövcud dünya düzənində ən önəmli, etibarlı və güclü tərəfdaş dövlətlər məhz bu geosiyasi məkana daxıldır. Təsadüfi deyil ki, bu münasibətlərdə ən kiçik addımlar da böyük müzakirələrə yol açır.

Qərblə münasibətlərimizin real durumu necədir?

Bir cümlə ilə ifadə etsək, siyasi münasibətlərimiz pisləşməyə doğru gedir. Təkcə bu il ərzində Azərbaycan-qərb münasibətlərinin korlanması yönündə xeyli qarşılıqlı addımları müşahidə etmişik. Ən nüfuzlu beynəlxalq təşkilatlar dəfələrlə ölkəmizdə insan hüquq və azdlıqlarının pisləşməsi ilə bağlı  hesabatlarla çıxış edib. Avropa Parlamentinin Azərbaycan hakimiyyətinə qarşı çox sərt qətnamə qəbul etməsi, ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı bir neçə dəfə müzakirələr keçirməsi, Avropa Şurasının Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxması, siyasi məhbuslarla bağlı AŞ-nın məruzəçi təyin etməsi, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının ölkəyə gəlməkdən imtina etməsi və digər fəaliyyətlər vəziyyətin gərginliyindən xəbər verir.
Öz növbəsində Azərbaycan iqtidarı da cavabsız qalmır və qərblə münasibətlərin daha da kəskinləşməsinə doğru ardıcıl addımlar atır. ATƏT-in Bakı ofisinin qapadılması, Avronest PA-da iştirakımızın dayandırılması, BMT-nin İşgəncələrin qarşısının alınması üzrə alt komitəsinin (İQAT) ölkəmizdə öz mandatını həyata keçirməyə imkan verilməməsi , hətta beynəlxalq QHT-lərin və KİV-lərin fəaliyyətini dayandırması kimi addımlar buna misal ola bilər.
Nəhayət, Azərbaycanın hakimiyyət nümayəndələrinə qarşı Helsinki Komissiyasının “Azərbaycanda Demokratiya 2015” adlı qanun layihəsini konqressə təqdim etməsi ilə yeni siyasi-hüquqi mərhələnin təməli qoyuldu. Bu addımın atılmasına səbəb ölkədə siyasi məhbus probleminin çox qabarıq şəkildə mövcudluğu, demokratik azadlıqların boğulması və bunların aradan qaldırılmaması istiqamətində hökumətin yersiz inadkarlıq göstərməsidir. Rəsmi şəxslərin bəyanatlarından açıq şəkildə görünən budur ki, hökumətimiz qərblə yalnız iqtisadi-ticarət əməkdaşlığını məqbul sayır. Bununla belə, iqtisadiyyatın liberallaşmasını və rəqabətə davamlı iqtisadiyyatı əngəlləmək üçün hətta Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan da imtina edir. Təsadüfi deyil ki, dünyada yegənə ölkəyik ki, müxtəlif bəhanələrlə 17 ildir bu quruma üzv olmağı gecikdiririk. Digər əməkdaşlıqların da yalnız Azərbaycan standartları çərçivəsində baş verdiyi təqdirdə qəbul ediləcəyinə işarə vurulur. Hakimiyyət öz məntiqinə əsaslanaraq insan hüquqları sahəsində üzərinə götürdüyü belnəlxalq öhdəliklərə məhəl qoymur. Artıq bu çərçivədə əməkdaşlıq imkanlarının ortadan qalxdığını və hakimiyyətin getdikcə daha da özünü təcridə yuvarladığını deyə bilərik.

Biz niyə Avropaya üz tutduq, buna zərurət nə idi?

Ölkəmiz müstəqilliyini bərpa etsə də, onu qoruyub saxlamaq və möhkəmləndirmək istiqamətində ciddi problemlərimiz mövcud idi. Bir tərəfdən Rusiyanın açıq dəstəyi ilə Qarabağ cəbhəsində qanlı döyüşlərin getməsi, çoxsaylı insan itkiləri, ərazilərimizin işğalı, digər tərəfdən isə müstəqilliyimizə qənim kəsilmiş məkirli qonşularımızın təxribat xarakterli fəaliyyəti ölkəmizi təhlükə çənbərinə salmışdı. Bir-birinin ardınca qanlı terror aktları, dövlət çevrilişləri senariləri cəmiyyəti sosial-siyasi gərginlikdə saxlayırdı.

Zəngin karbohidrogen ehtiyyatlarının istismarı və dünya bazarına çıxarılması müstəqilliyimizin möhkəmlənməsində yeganə təsirli vasitə olsa da, bu şəraitdə onu uğurla həyata keçirmək mümkün deyildi. Odur ki, dövlətimizin bu coğrafiyada mövcudluğunun yeganə qarantiyası 1992-ci ildən start görürən qərbə inteqrasiya xəttinin daha da sürətlənməsi idi. Təməli mərhum eks-prezident Əbülfəz Elçibəyin zamanında qoyulan və sonra da davam etdirilən iqtisadi-siyasi əməkdaşlıq ölkəmizi təhlükə çənbərindən çıxarmağa istiqamətlənmiş doğru strategiya idi. Bir tərəfdən "əsrin müqaviləsi", digər tərəfdən isə Avropa qurumlarına inteqrasiya xətti ölkəmizi xarici təhlükələrdən qoruya bilən əsas addımlar oldu. Bu baxımdan Azərbaycan könüllü olaraq öz təhlükəsizliyini təmin etmək üçün qərbə doğru istiqamət götürdü. Qərbin sosial-siyasi standartlarına uyğun olaraq ölkəmiz üzərinə götürdüyü öhdəliklərlə 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu.

Nüfuzlu Avropa qurumlarında təmsilçilik bizə nə verdi?
 
Bu, arxada qalan illər ərzində Azərbaycana neft gəlirlərindən maneəsiz olaraq milyardlarla vəsait daxil oldu. Ölkəmizin beynəlxalq miqyasda yeri möhkəmləndi. Müstəqilliyimizə yönələn regional hərbi-siyasi və iqtisadi təhlükələr səngiməyə başladı. Ölkəyə daxil olan böyük pullardan sadə vətəndaşlara çox cüzi pay düşsə də hökumət üzvləri və onlara yaxın qüvvələr küllü miqdarda sərvətə sahib oldular. Xeyli infrastruktur layihələrin maliyyələşməsi imkanları artdı. Hakimiyyət Avropa ilə əməkdaşlığı yalnız iqdisadi mənfəətlə məhdudlaşdırıb, ölkə daxilində insan hüquqlarını sistemli olaraq kobud şəkildə pozmaq xəttini tutdu. Siyasi sabitliyin pozulacağı ilə cəmiyyəti şantaj edib, qeyri qanuni üsullarla hakimiyyətini möhkəmləndirdi. Öz öhdəliklərinə ardıcıl və məqsədyönlü şəkildə əməl etməməklə etibarsız beynəlxalq imic qazandı.
                     
Qərb bizdən nə istəyir?

Qərbin Azərbaycandan istədikləri demək olar ki, bütün vətəndaşlarımıza bəllidir. Onların ölkəmizdən gizlində nəyisə tələb etdiyini və cəmiyyətin də bundan xəbərsiz olduğunu zənn etmirəm. Nə istəyirlərsə, onu rəsmi təmaslarda, beynəlxalq tədbirlərdə, müxtəlif tribunalardan açıq dillə səsləndirirlər. Heç hakimiyyət nümayəndələrinin də dilindən belə gizlin məqamların olduğunu eşitməmişik. Əgər belə bir hal olsaydı bunu mütləq hansısa formada cəmiyyətə sızdırardılar. Qərb öz iqtisadi-siyasi istəyini açıq formada ifadə etdiyinə görə, hakimiyyət də ya birbaşa, ya da dolayı yollarla bunu təsdiq edib.
Əsasən qərbin bizdən istədikləri qarşılıqlı maraqlara söykənib. Bu əməkdaşlıq iqtisadi, siyasi və təhlükəsizlik baxımından daha çox ölkəmizin maraqlarına xidmət etdiyi üçün həmişə cəmiyyətin bütün sağlam kəsimindən dəstək alıb. Hər kəsin anlayacağı dillə desək, biz satışa neft çıxarmışıq, onlar əlverişli alıcı olub. Biz qlobal və regional təhlükələrdən müstəqilliyimizi qorumaq istəmişik, onlar beynəlxalq konvensiyalara qoşulmaqla bunu təmin edəcəyimizə zəmanət verib. İkitərəfli və çoxtərəfli əməkdaşlığın elə bir sahəsi olmayıb ki, o bizim milli maraqlarımıza xələl gətirsin. Yalnız öz vətəndaşlarının hüquq və azadlıqların təminatı ilə bağlı məsələlər istisna olmaqla, bütün digər sahələrdə əməkdaşlıq qaydasında olub. Qərb son illər dünyada artan iqtisadi-siyasi böhran fonunda bu tələblərində daha prinsipial mövqe sərgilədiyi üçün antidemokratik rejimlərlə münasibətləri gərginləşib. Məhz qərbin hal-hazırda hakimiyyətdən istədiyi budur ki, öz vətəndaşlarınla bağlı üzərinə götürdüyün öhdəlikləri yerinə yetirməlisən.

Hakimiyyət bu tələbi təmin etmək istəmir və ya edə bilmir?

Qərbin siyasi standartlarında öncəlik təşkil edən insan hüquq və azadlıqlarının təminatı ilə bağlı prinsiplər bizim hakimiyyət tərəfindən hələ də qəbul edilməyən əsas paradiqmadır. Azad dünyanın nüfuzlu ekspertləri birmənalı olaraq hesab edirlər ki, dünyada hökm sürən hərc-mərciliyin, böhranın, qanlı qarşıdurmaların, qaçqın probleminin əsas səbəbi öz vətəndaşlarını geniş hüquq və azadlıqlardan məhrum edən rejimlərdir. Dəhşətlisi budur ki, bu rejimlər vətəndaşlarının təbii haqqı olan hüquqları onlara verməmək üçün öz əhalisini təhqir edir, döyür, həbsə atır, işgəncələrə məruz qoyur, öldürür və qanlı toqquşmalarla siyasi səhnədə qalmaq istəyirlər. Basqasına məxsus olanı uzun müddət zorakı üsulla əlində saxlayan rejimlər bəşəriyyətin ən böyük bəlasına çevrilməkdədir. Təcrübə göstərir ki, heç bir xalq öz qəddar rejimi ilə təkbaşına mübarizə apara bilmədiyi üçün mütləq güclü beynəlxalq dəstəyə möhtacdırlar. Korrupsiyalaşmış, monopolist hakimiyyətlərin ən böyük düşməni azad və şəffaf cəmiyyətlərdir.
Pülüralist, hesabatlı, ifadə azadlığının geniş çərçivəsi olan, demokratik seçki keçirən cəmiyyətlərdə vətəndaşlar tam güvənli yaşaya bilir. Belə cəmiyyətə gedən yol isə hüquq və azadlıqlara sahib olan vətəndaşlardan keçir. Təəssüf ki, hakimiyyətin dəyişməsini normal qanunauyğun hal kimi deyil, faciə kimi qəbul edən düşüncə, bu hüquqları təmin etməyə imkan vermir. Əbədi hakimiyyətdə olmaq duyğusu demokratik qərarların qəbulunu xeyli çətinləşdirdiyi üçün insan hüquq və azadlıqlarının təmin edilməsi ciddi problem olaraq qalır.
Hökumət yubanmadan öz öhdəliklərinə əməl etməli, siyasi məhbusları sərbəst buraxmalı və cəmiyyətin etimad göstərəcəyi siyasi islahatlara başlamalıdır. Vətəndaşların təməl hüquqlarını pozmağı daxili işimiz hesab edənlər çox ciddi yanlışlığa yol verir. İnsan hüquq və azadlıqları dövlətlərüstü qaydalarla qorunur. Buna mütləq əməl olunmalıdır. Öz vətəndaşlarının davamlı olaraq hüquqlarını pozan hakimiyyətlərin və hüquqları pozulan xalqların amansız faciələr yaşadığını unutmamalıyıq.


                                                        28 dekabr 2015-ci il.

25 Kasım 2015 Çarşamba

Rusiya özünü dərin bataqlığa sürükləyir!

Suriya ətrafında cərəyan edən hərbi-siyasi böhran artıq yeni və həlledici mərhələyə qədəm qoyub. Hadisələrin bu istiqamətdə inkişafı gözlənilən olmaqla yanaşı həm də qaçılmaz idi. Ağır müharibənin yaratdığı dağıntılara, fəlakətlərə, insan itkilərinə, qaçqınçılığa son qoymaq üçün regionda hərbi-siyasi vəziyyətin bu həddə gəlməsi olduqca müsbət haldır.

Artıq bu andan etibarən region yeni düzənləməyə qədəm qoyacaq. Çünki, böyük dövlətlərin iştirakı ilə müharibə heç kəsə lazım deyil. Regionda onun qalibi yoxdur. ABŞ və Avropa da proseslərə daha aktiv müdaxilə yolunu seçmək məcburiyyətində qalacaq. Hərbi əməliyyatlar bir müddət artsa da, dinc insanların itkiləri ilə müşayət olunan hərbi zərbələr də tədricən məhdudlaşacaq və münasibətlər başqa müstəviyə keçəcək.

Uzun müddətdir Türkiyəni regionda münaqişəyə cəlb etmək istəyən maraqlı qüvvələr var idi. Amma, Türkiyə daha çox təmkinlə davranır və hadisələrə bir başa qarışmaqdan yayınırdı. Artıq Suriya məsələsi elə bir həddə gəlib çatıb ki, bu məsələdə seyriçi olmaq Türkiyəni bir dövlət olaraq təhdid edir. İndi Türkiyə özünün ən güclü dövrünü yaşadığı bir vaxtda münaqişədə rol almaq üçün addım atdı. Yeni hökumət iş başında, PKK silahlıları ölkə daxilində əsasən sıradan çıxarılıb və kürd probleminin daha təhlükəli mərhələyə keçməsi əngəllənib. Faktiki olaraq kürd problemini alovlandıran xarici kəşfiyyatın dayaqları məhv edilib. Regionun müsəlman əhalisinin ən çox etimad göstərdiyi dövlət olmaq yolunda da Türkiyə alternativsizdir. Güman edirəm ki, Türkiyənin fəal hərbi-siyasi addımları region üçün uğurlu nəticələr yaradacaq. Təbii ki, NATO-nun da Türkiyəyə dəstək verməkdən başqa alternativi yoxdur. Avropa yaxşı anlayır ki, Rusiya-İran ittifaqının yarada biləcəyi təhlükə daha böyük fəlakətlərə meydan aça bilər. Həm də bu ittifaq qərbin maraqlarını ciddi təhlükə altına alıb. Avropanın daxilində hər an baş verə biləcək qanlı terrorun mənbəyini qurutmaq üçün hansısa müsəlman dövlətinə havadan bomba yağdırmaq çıxış yolu ola bilməz. Müsəlman dünyası ilə münaqişələrin azalması üçün qərbin Türkiyə ilə dərin münasibətləri çox önəmlidir. Artıq qərb dairələrinin davranışlarından bunu anlamaq olur. Fransada törədilən terrorun ardından Fransa prezidentinin ABŞ-da Obama ilə görüşməsi və terrorla mübarizədə daha fəal siyasətin aparılacağı anonsu idi. Məhz Türkiyənin də belə bir vaxt da öz sərhədlərini dəfələrlə pozan Rusiya təyyarəsini vurması ciddi ölçülüb-biçilmiş addım idi və təsadüfi sayıla bilməz. Hətta, Putinin "Türkiyə bizi arxamızdan vurdu" fikrində də Rusiyanın ciddi bir qayğısının və narahatlığının etirafı var. 

Rusiya artıq özünü dərin bataqlığa sürükləyib. Amma, Putin administrasiyası hələlik öz aqressiv siyasətinə o qədər aludə olub ki, yaxınlaşan fəlakətini görmür. Bir-birinin ardınca zəif qonşuları ilə münaqişəyə girən və mövsimi qələbələr qazanan rəsmi Rusiya özünü məğlubedilməz sanır. İŞİD-lə mübarizə adı altında regionda öz iqtisadi-siyasi və strateji maraqları üçün mübarizə aparan Rusiyanın əsas müttəfiqi İrandır. Çünki, hər iki dövlət çalışır ki Suriyada Əsəd rejimini qorusunlar. Yüz minlərlə dinc insanın qatili olmasına, ölkəsinə misilsiz fəlakət gətirməsinə baxmayaraq onun hakimiyyətdə qalmasını təmin etsinlər. Əsas düşmanları isə regionun güclü və sabit dövləti olan Türkiyədir. Hər iki dövlət Türkiyəni və türkləri  özləri üçün düşmən hesab edirlər və hər fürsətdə məhvinə çalışırlar. Bu dəfə də eyni məkrli düşmənlər Türkiyəyə diş qıcayıb. Həm Rusiyanın həm də İranın iqtisadi-siyasi, sosial-ictimai durumu çox ağırdır. Hər iki dövlət yaxın zamanlarda ictimai-siyasi təlatümlərin meydanı olacaq və daha da zəifləyəcəklər. Rusiya Türkiyə ilə açıq müharibəyə girərsə proqnoz etmədiyi məğlubuyyəti alacaq. Çünki, həm daxili həm də xarici faktorlar tamamilə onların zərərinədir. Hələ çox önəmli olan iqtisadi əlaqələri bir kənara qoysaq, Rusiyada Türkiyəyə doğma münasibətdə olan on milyonlarla müsəlman-türk yaşayır. Bu müsəlmanlar Rusiyanın bütün strukturlarında təmsil olunur və heç də gözü qıpıq, qorxaq deyillər. Həmçinin Rusiyanın aqressiv siyasətindən zərər çəkən Avropa və ABŞ-da NATO çərçivəsində dolayısı ilə olsa da Türkiyəyə hərbi-siyasi dəstək verəcək. Hal-hazırda Avropa faktiki olaraq Rusiyanı özünə çox ciddi təhlükə hesab edir. Odur ki, Rusların Türkiyə ilə belə bir müharibəyə cəhd edəcəyi inandırıcı deyil. Rusiyanın hay-küyü daxili auditoriyaya hesablanmış siyasətdən uzağa gedə bilməyəcək. Beynəlxalq müstəvidə bu hədə-qorxu sabun köpüyü qədər əhəmiyyətlidir. Ruslar anlamalıdır ki hər aqressiv addımına adekvat cavab alacaqlar. Bu aqressiya davam edəcəyi təqdirdə fəlakət və zərər Rusiyanın olacaq.


Bir qədər qəribə səslənsə də, Suriya ətrafında Rusiya-Türkiyə münasibətlərinin bu həddə gəlməsi bizim də milli maraqlarımıza uyğundur. Bu minvalla münaqişəli bölgələrdə status-kvo mütləq dəyişməyə istiqamət götürəcək. Xüsusilə də regionda ənənəvi hərbi-siyasi vəziyyət davam etməyəcək. Bu isə regonda yeni münasibətlər sisteminin yaranması baxımından olduqca vacib amildir. Azərbaycan hökuməti tərəddüd etmədən haqlı və güclü tərəf olan Türkiyənin yanında yer almalıdır. Düzdür son illər hökumətimizin apardığı xarici siyasəti izləyərkən gəlinən qənaət budur ki, hökumətimiz doğru qərar qəbul etmək imkanında deyil. Dünyada sülhpərvər olmaq ən ideal variant olsa da, bəzən çox böyük müharibələrdən də qaçmaq olmur. Müharibədən, döyüşdən qorxan millət və dövlət öz vətənini, vətəndaşını qoruya bilməz. Gələcəkdə baş verə biləcək heç bir aktiv münaqişədən qətiyyən narahat olmaq lazım deyil. İndi dünyada elə bir iqtisadi-siyasi böhran hökm sürür ki, onu yalnız müharibələrlə tənzimləmək istəyində olanlar az deyil. Deməli dünya yeni hərbi qarşıdurmalardan da sığortalanmayıb. Odur ki, cəmiyyətimizi müharibə qorxusu ilə tərbiyyə etməyə son qoyulmalıdır.

8 Kasım 2015 Pazar

"Seçki"nin analizi və topluma verdiyi mesajlar

Əksəriyyət peşəkar siyasətçilər üçün nəticəsi öncədən bəlli olan Milli Məclisə seçkilər artıq başa çatmış hesab oluna bilər. Seçkilərə start verilməmişdən öncə seçki ilə bağlı real durumu analiz edərək iki yazı hazırlamışdıq. “Hakimiyyətə açıq və gizli vəkillik edə biləcək şəxslər parlamentə “seçiləcək” ””Seçkidə iştirak, yoxsa boykot” başlıqlı yazılarda toxunduğumuz məsələlər əsasən öz təsdiqini tapdı. Cəmiyyətin siyasi baxımdan maarifləndirilməsi işinə dəstək vermək məqsədilə “seçki” məzhəkəsindən sonra növbəti analizimizi müzakirənizə təqdim edirik. Bu yazı da cəmiyyət daxili münasibətlərdə rolu olmayan, ictimai təşəbbüslərdən və siyasətdən uzaq insanlar üçün deyil, birbaşa siyasi iddiası olan, ictimai-siyasi proseslərə maraq göstərən savadlı şəxslər üçün nəzərdə tutulub.
                     Cəmiyyət demokratik siyasi fəaliyyətə qapadılır?!  
Son “seçki”nin topluma verdiyi bir neçə aydın mesaj var. Bunları aşağıdakı kimi qruplaşdırmağa çalışaq.
1. Xalq – Artıq özünü hakimiyyətin mənbəyi hesab etmədiyini açıq nümayiş etdirir. Zaman-zaman ölkədə mövcud olan sosial-siyasi münasibətlərə qarışmamaqla ən dəyərsiz siyasi resurs halına gəlib. Seçki saxtakarlığının miqyası və heç bir hüquqi dirəniş imkanlarının olmaması xalqın fəal kəsimini də ümidsizləşdirib. Seçkilərlə hər hansı müsbət dəyişikliyə inam sarsıldığı üçün seçmək hüququnun əlindən alınması ilə barışıb. Görünən budur ki qorxu, itaət, ümidsizlik zolağında hələlik xalqımız özünü daha rahat və təhlükəsiz hiss edir. Xalqın ictimai-siyasi həyatdan kənar qalan bütün təbəqələrində təslimçilik əhval-ruhiyyəsi hökm sürür. Bununla belə, etiraza çevrilməyən olduqca geniş narazılıqlar mövcuddur. Əhali seçkiyə yaşayışını müsbətə dəyişəcək bir vasitə kimi baxmır. Böyük alimimiz mərhum Xudu Məmmədov 1980-ci illərin sonunda deyirdi ki, dünyada 7 möcüzə var, 8-ci möcüzə isə öz taleyinə biganə olan xalqımızdır. Təəssüf ki, böyük alimimizin acı fəryadı bu gün də aktuallığını saxlayır.   
2. Müxalifət - Sadə xalqla siyasi münasibətlərində, müxalif düşüncəli fəal insanlarla əlaqələrində və əhali ilə iş prinsiplərində böhran yaşamaqda davam edir. Cəmiyyəti səfərbər etmək, hərəkətə gətirmək və siyasi gücünü artırmaq üçün müxalifətin yeni tezislərə və təşkilati islahatlara ciddi ehtiyacı var. Anti-demokratik rejimlərlə mübarizədə siyasi fəaliyyətin müstəvisi partiyalar və siyasi bloklarla məhdudlaşmır. Siyasi partiyalar əsasən demokratik cəmiyyətin siyasi elementi olduğu üçün anti-demokratik mühitdə uğurlu nəticəyə nail ola bilmir. Partiya və bloklardan kənar siyasi mübarizə üsulları mövcud olsa da, müxalifətin səyi nəticəsində hələlik ölkəmizdə yalniz demokratik mübarizə formaları geniş yayılıb. Cəmiyyətdə mübarizənin daha geniş forma və sərhədləri hələlik nəzərdən keçirilmir. Demokratik proseslərə birmənalı istiqamət vermək gücündə olmasa da, artıq müxalifətin rəngarəng tərkibi arasında lokomotiv təşkilat müəyyənləşib. Xalq müxalifətə açıq dəstək verməsə də, daha çox onların mövqeyini nəzərə alır. İqtidarın son “seçki” siyasətindən ən az ziyan çəkən tərəf də məhz müxalifətdir.
3. İqtidar -Xalqın siyasi fəallığını və seçim azadlığını özü üçün ciddi təhlükə hesab edir. Ən yüksək səviyyədə bəyan olunan iradə onu göstərir ki, hakimiyyətin seçki siyasəti və idarəetmədə sərgilədiyi yanaşma təsadüfi deyil. Görünən budur ki, iqtidar tərəfindən azadlıqların daha da məhdudlaşdırılmasına cəhdlər davam edəcək, müxalifətin demokratik siyasət müstəvisində əl-qolu daha da bağlanacaq və öz ətrafında güc həlqəsini daha da artırmaq istiqamətində addımlayacaq. Qaşıdakı dönəmdə cəmiyyətin demokratik siyasi fəaliyyətə qapadılması siaysəti daha kəskin davam edəcək. İqtidar MSK-nın qərarı ilə rəsmən “seçki”nin qalibi elan edilsə də faktiki uduzduğunu anlayır, cəmiyyəti və beynəlxalq ictimaiyyəti qarşısına alaraq demokratik müstəvidən tamamilə imtina edir.
                                                “Seçki” aydınlaşdırdı ki...
Seçkilərə start verilməsi ilə eyni zamanda “seçiləcək” şəxslərin siyahısı da topluma bəlli idi. İstisnalar olsa da siyahıda adları keçən şəxslər əsasən “seçki” qalibi elan edildi. “Seçki”dən sonra xüsusilə diqqət çəkən bir neçə məqamı qeyd etmək yerinə düşər.
Birincisi; Müxalifətin əsas hissəsi və cəmiyyətin sağlam kəsiminin əksəriyyəti iqtidarın təklif etdiyi aşağılayıcı müstəvidə oynamaqdan nəhayət imtina etdi. Hakimiyyət ənənəvi olaraq öz müstəvisində qarşısında görmək və əzmək istədiyi müxalifəti o müstəviyə çəkə bilmədi. Boykot qərarı verən müxalifət ilk dəfədir ki, “seçki”dən əzilməmiş çıxdı. Müxalifət düşərgəsində məyusluq və məğlubiyyət psixologiyasından əsər-əlamət yoxdur. Əksinə, hakimiyyət və ona yaxın qüvvələrin seçki sonuclarını qələbə kimi qəbul etməməsi, narazılıqlar və tərüddüdlər açıq-aşkar sezilməkdədir.  
İkincisi; Hakimiyyət bu “seçki” prosesində “müxalifətin” xidmətinə zərurət hiss etmədi. Çünki, gerçək müxalifətin əsas hissəsinin “seçki”də iştirak etməməsi və beynəlxalq ictimaiyyətin seçki öncəsi sərgilədiyi mövqeyi “müxalifətə” təlabatı minimuma endirdi. Adətən hakimiyyət daha çox gerçək müxalifətin gücünü zəiflətmək, cəmiyyəti çaşdırmaq və beynəlxalq ictimaiyyətə təqdimat üçün seçki prosesində “müxalifətin” sərhədlərini genişləndirməkdə maraqlı olurdu. Bu dəfə yaranmış şəraitə uyğun yeni yanaşma sərgiləndi və “seçki”də müxalifət imitasiyasına ehtiyac olmadı.
Üçüncüsü; Əksəriyyət iddialı, mübariz, cəsarətli və sosial bazası olan insanların namizəd olmadığı "seçki"də də hakimiyyət total saxtakarlığa məcbur oldu. "Seçki"də iştirak edən və seçiləcəyi təqdirdə hakimiyyət üçün heç bir problem yaratmayacaq az bir qism şəxsə də azad seçki ilə qalib gəlməyin mümkün olmadığını nümayiş etdirdi. Nə normal kampaniya üçün şərait yaradıldı nə də azad səsvermə təşkil edildi. İqtidar siyasətinə loyal olan, nəticəsiz olsa belə dialoq tamaşasında müxalifət adına iştirak edən şəxsləri və təşkilatları da narazı salmaqdan qətiyyən narahatlıq keçirmədi. Toplum birmənalı olaraq gördü ki, iqtidar hətta müxalifətsiz seçkini belə uduzdu.
Dördüncüsü; Müxalifətin və müstəqil şəxslərin “seçki”də sonadək iştirak edən hissəsi prosesdən heç nə qazana bilmədi. Cəmiyyətin diqqətini çəkmək, seçicini maraqlandırmaq, hərəkətə gətirmək tezisləri və resursları çox zəif idi. Bir tərəfdən “seçki”ni boykot edənlərin tənqidi, bir tərəfdən cəmiyyətin “seçkiyə” ironik və laqeyd münasibəti, digər tərəfdən isə iqtidarın müəyyən etdiyi oyun qaydası onları daha da çətin duruma saldı. Bu iştirakçılar nə özləri qazandı, nə də topluma qazandıra bildi.
Beşincisi; Seçki saxtakarlıqları və qanun pozuntuları ilə bağlı elə bir yenilik ortaya çıxmadı ki, öncəki seçkilərdə onun baş verdiyini müşahidə etməyək. Faktiki olaraq saxtakarlığın miqyası və mahiyyəti namizədlərin özü və ətrafından başqa heç kəsə maraqlı olmadı. Əsasən öncəki “seçki”lərdə qarşılaşdığımız halların təkrarı baş verdi. Cəmiyyəti təəcübləndirə biləcək, siyasi nəticə yaradacaq heç bir mühüm əhəmiyyət kəsb edən yeni nə isə baş vermədi. Sosial şəbəkələrin və sosial medianın imkanları öncəki illərlə müqayisədə genişləndiyi üçün faktlar nisbətən geniş auditoriyaya yayıla bildi. Elə bu biabırçılıqların təkrarlanacağını əsas tutan müxalif siyasi qurumlar və xeyli müstəqil insanlar seçkiləri haqlı olaraq öncədən boykot etmişdilər.
Altıncısı; Hakimiyyət hər zaman parlamentdə müxalif fikrin ifadəsi üçün kiçik də olsa bir platforma nəzərdə tuturdu. Ora “seçilən” şəxslərin cəmiyyətə müxalifət kimi təqdimatına hər cür şərait yaratmaqla yanaşı, təmsil olunduqları partiyalara da əngəl törədilmirdi. Hətta, real müxalifətçilərin bu platformada toplaşmasına və fəal fəaliyyətinə maraq da göstərilirdi. Artıq öz siyasətinin sərhədlərini dəqiqləşdirən hakimiyyət parlamentdə “müxalifətçi” imitasiyasına ehtiyac olmadığını da nümayiş etdirdi. İndi iqtidara parlamentdən kənarada “müxalifət” daha çox lazım olacaq.
            Hüquqları pozulmuş namizədlər və partiyalar birgə addım ata bilərmi?
Adətən hər parlament seçkisindən öncə və ya sonra müxtəlif adlar altında belə qurumlar yaradılıb. 2010-cu ilin parlament seçkilərindən sonra İctimai Palatanın timsalında da göründü ki, pozulmuş hüquqların bərpası və demokratik seçkiyə nail olunması istiqamətində bu praktika özünü doğrultmur. Seçki sonuclarının dəyişdirilməsi ilə bağlı müxalifətin ortaya qoyduğu istənilən kollektiv fəaliyyət ciddi nəticəyə nail ola bilməyib. Müstəqil məhkəmələrin olmaması ucbatından ədalətli hüquqi nəticələrin alinması və cəmiyyətin passivliyindən doğan kütləvi-siyasi prossesin yaranması mümkün olmayıb. İndiki durum isə öncəkilərdən daha da əlverişsizdir. Belə ki, hökumətə müqavimət göstərməyə qadir olan əsas iddialı siyasi təşkilatlar seçkiyə start verilməmiş və ya səsvermə gününə qədər onu boykot ediblər. Görünən budur ki, onlar seçki saxtakarlığı ilə mübarizə istiqamətdə heç bir təşəbbüsə dəstək verməyəcəklər. “Seçki”də sona qədər iştirak edib, uduzan şəxslərin və qurumların isə belə bir addım atmaq imkanları yox səviyyəsindədir. Ola bilər ki, hansısa fərdi və ya kollektiv təşəbbüslər olsun, lakin bunlar nə cəmiyyətin nə də beynəlxalq aləmin diqqətini çəkəcək gücdə olmayacaq. Ümumiyyətlə, seçkidə sona qədər iştirak edib uduzan tərəflərin saxtakarlıqlara qarşı çoxsaylı şikayətlərinin olacağını və samballı siyasi qurum yaradacaqlarını istisna edirik.
Beynəlxalq təşkilatların “seçki”də uduzan tərflərlə əməkdaşlıq perspektivləri varmı?
Nüfuzlu beynəlxalq qurumlar seçki ilə bağlı indiyə kimi etmədikləri aydın və prinsipial mövqe ifadə ediblər. Faktiki olaraq seçki öncəsi bəyan edildi ki, bu seçkini müşahidə etməyə gərək qalmayıb. Hər şey öncədən bəllidir. Hökumət öhdəliklərini yerinə yetirməkdən imtina edib və demokratik seçki keçirmək niyyəti yoxdur. “Seçki”dən sonra da ifadə olunan mövqe onu göstərdi ki, öncəki yanaşma davam edir. Odur ki, beynəlxalq təşkilatları hansısa seçki saxtakarlığı ilə bağlı təəcübləndirmək mümkün deyil. Onların hansısa siyasi-təşkilati təşəbbüslərə dəstək verəcəyini də real saymırıq.
                                                  Təkrar seçki reallaşa bilərmi?
Faktiki olaraq müxalifətin və cəmiyyətin tamamilə boykot etdiyi bir “seçki” keçirildi. Boykota səbəb seçki komissiyalarının tərkibi və formatı, seçki qanunvericiliyinin təkmilləşməməsi, hakimiyyətin seçkiyə və müxalif siyasi partiyalara münasibəti olub. Hökumət seçki ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsə, aydın siyasi iradə nümayiş etdirməsə, qanunvericiliyi dəyişməsə, siyasi məhbusları azad etməsə yeni seçki keçirilməsi tələbi tamamilə mənasızdır. Müxalifətin demokratik seçki uğrunda mübarizə aparması məntiqli görünsə də, bunun indiki məqamda edilməsi əhəmiyyətsizdir. Azad seçki təkcə siyasi müxalifətin problemi deyil. Bu bütövlükdə cəmiyyətin problemidir. Saxta seçkidən bəlkə də ən az zərər çəkən elə müxalifət olacaq. İqtidarı dəstəkləyən tərəflər və sadə xalq saxta seçkinin daha amansız zərbələrini alacaq. Müxalifət bütün çətinliklərə, repressiyalara baxmayaraq müxtəlif üsullarla və bəzən ən sərt formada da tənqidlərini davam etdirə bilir. Cəmiyyətə zəruri mesajlarını verir və yol göstərir. Təsadüfi deyil ki, həbsxanalar ifadə azadlığından istifadə edən müxalif siyasi məhbuslarla doludur. İndiki halda ən yaxşı imkanlardan biri hər kəsi qane edəcək demokratik seçki keçirmək olardı. Lakin, bu sütuasiyada hökumət səhv siyasətinə düzəliş edərək təkrar seçki keçirməyə qadir deyil. 
                    
                          Elan edilən hansısa nəticələrin dəyişdirilməsi realdırmı?
Kütləvi seçki saxtakarlıqlarının qeydə alındığı hansısa komissiyanın sonuclarının dəyişdiriləcəyini güman etmirik. Parlamentin tərkibinin belə formalaşması iqtidarın siyasi iradəsinin təzahürüdür. Hakimiyyətin heç bir pilləsində bu iradəni dəyişəcək güc mövcud deyil. Düşünürük ki, seçki sonuclarından narazı qalanların öz iddialarından geri durması çox çəkməyəcək. Öncəki illərin təcrübəsini və iqtidarın yanaşmasını analiz etsək aydın olur ki, heç bir nəticə təsadüfi deyil.                            
                                     Müxalifət bir daha seçkilərə hazırlaşmamalıdır.
Hakimiyyətin müəyyən etdiyi bu “aşağılayıcı müstəvi”də seçicinin önünə çıxmaq və ondan səs istəmək yumşaq desək vətəndaşları siyasətdən iyrəndirir. Gerçəkdən müxalifət olduqlarını iddia edən qüvvələr iqtidarın "seçki" müstəvisindən tamamilə imtina etməlidir. Heç bir normal siyasi təfəkkürü olan insan iddia edə bilməz ki, indiyədək keçirilən “seçki” cəmiyyətə müsbət nə isə verə bilib. Müxalifətin əsas hissəsi anlayır ki, təklif olunan bu siyasi müstəvidə iqtidarın hansısa rəqibinin qalib olması mümkünsüzdür. Artıq hər kəsə bəllidir ki, “seçki”də seçicilərin iradəsi ilə mandat qazanmaq mümkün deyil. Müxalifətin bütün seçkiləri uduzması ilə bağlı elan edilən rəsmi nəticələri haqlı olaraq cəmiyyət qəbul etmir. Ölkə və beynəlxalq ictimaiyyətin bütün sağlam kəsimi bunu nə müxalifətin məğlubiyyəti, nə hazırlıqsızlığı, nə də seçici dəstəyinin olmaması kimi qəbul edir. Odur ki, indiki sosial-siyasi konyukturada müxalifətin bir daha seçkilərə hazırlaşması mənasızdır. Müxalifət məncə bundan sonrakı fəaliyyətini onun üzərində qurmalıdır ki, ölkədə seçki yoxdur. Savadlı və siyasi təfəkkürü olan bütün vətəndaşlar bilir ki, seçkiləri saxtalaşdırmaqla qalib olmaq iqtidar siyasətinin öncəliyinə çevrilib. Hakimiyyətin aydın siyasi iradəsi ifadə olunmasa və mütərəqqi qanunvericilik qəbul edilməsə “seçki”lərə hazırlaşmaq iqtidarın ömrünü uzatmağa xidmət edən siyasi davranışdır.
Zorakı iqtidarla təşkilatlanmamış zəif cəmiyyətin üz-üzə qalmasına müxalifət əngəl olmamalıdır.
Fikrimizcə siyasi fəaliyyətin yeni müstəvisi üçün geniş təbliğat tezisləri və fəaliyyət strategiyası işlənib hazırlanmalıdır. Müxalif blokların, ictimai-siyasi birliklərin yaradılması və kütləvi aksiyaların keçirilməsi bir müddət mütləq təxirə salınmalıdır. Müxalifət elə bir siyasət yürütməlidir ki, hakimiyyətlə cəmiyyətin üz-üzə qalmasına əngəl olmasın. Müxalifətin sosial tələblərlə bağlı təşkil etdiyi son kütləvi aksiyalar onu göstərdi ki, hələlik cəmiyyət kütləvi etirazlara ciddi maraq göstərmir. Hətta, bu aksiyalar birmənalı olaraq əhalinin maraqlarını təmin etməyə yönəlmiş olsa belə onlardan dəstək gəlmir. Əhalidə həm qorxu, həm də tərəddüd var. Bəzən bu psixoloji durumun ortadan qalxmamasında müxalifətin vaxtsız təşkil edilən kütləvi aksiyalarının da rolu olur. Əksər əhali elə düşünür ki, bu vəzifə müxalifətindir və yalnız onlar hərəkətdə olmalı və etiraz etməlidir. Xalqı bu arxayınlıqdan qurtarmaq lazımdır. Xalqla hakimiyyət arasında bufer rolundan imtina edilməlidir. Müxalif siyasi partiyalara hansı münasibəti göstərməsindən asılı olmayaraq, iqtidarla kütləvi qarşılaşma təxirə salmalıdır. Bu sosial-iqtisadi və siyasi şərtlər altında cəmiyyət ağır böhrana doğru gedir və hökumət xalqın dəstəyini get-gedə daha da itirir. Sürətlə artan gərginliyin yumşaldılması yönündə iqtidara dəstək ola biləcək tələsik və düşünülməmiş siyasətdən çəkinmək lazımdır. Yəqin ki, bir müddət sonra hakimiyyət qondarma müxalifət birlikləri yaradıb etirazçı rolunda meydanlara çıxarmağa cəhd edəcək. Gərginliyi öz nəzarətində olan süni etirazçı müxalif obrazlı təşkilatlarla və şəxslərlə istiqamətləndirməyə səy göstərəcək. Bu planın qarşısını almaq üçün indidən müxalifətin sərhədləri dəqiq cızılmalı və çəkinmədən ardıcıl olaraq cəmiyyətə bəyan edilməlidir ki, digər təşkilatlar hakimiyyətin siyasi orbitində olan peyklərdir. Hakimiyyət tərəfindən hazırlanmış heç bir siyasi qurumun və siyasətçilərin davranışlarına, çıxışlarına əhəmiyyət verilməməlidir. Cəmiyyətə mütəmadi olaraq onların “missiyası” ilə bağlı mesaj ötürülməli, lakin onların özləri ilə qətiyyən ilgilənilməməlidir. Onlara ciddi baş qoşduqca, cavab verdikcə cəmiyyətdə tərəddüd yaranır. Müxalifətin əlində olan Azərbaycan Saatı, Azadlıq qəzeti kimi etibarlı və populyar tribunalardan bu siyasi kurs dəstəklənməlidir.    
           Xalqın istənilən fərdi və kollektiv etirazlarına siyasi dəstək ifadə edilməlidir.

Siyasət meydanı daim hərəkətdədir və mütləq yeni siyasi sütuasiya doğuracaq. Dini qurupların sürətlə təşkilatlanması və fəallaşması, iqtisadi böhranın dərinləşməsi, beynəlxalq vəziyyətin iqtidarın əlehinə inkişaf etməsi, həmçinin toplumun dəstəyindən məhrum olmaq yeni siyasətə yol açacaq. Xüsusilə nəzərə alınmalıdır ki, yaranmış böhrandan çıxmaq üçün iqtidarın bütün cəhdlərinin ağır zərbəsi məhz xalqın üzərində hiss ediləcək. Əminliklə deyə bilərik ki, siyasi dəyişikliyə cəmiyyəti qoşmanın yolu açılır. Müxalifət birbaşa iqtidarla qarşılaşmadan yayınmalıdır. Nə razılaşdırılmış, nə də razılaşdırılmamış kütləvi etiraz aksiyaları təşkil etməlidir.  Cəmiyyətdə baş verən istənilən kortəbii etiraza kənardan dəstək ifadə etməlidir. İqtidarın sosial-siyasi vəziyyəti dəqiq analiz etmədiyi və komandasının ciddi səhvlərə yol verdiyi aydın görünür. Yaşanacaq ağır sosial-siyasi durumun amansız dalğasından cəmiyyəti az zərərlə çıxarmaq üçün müxalifətlə səmimi əməkdaşlıq və demokratik seçki əvəzinə, saxta parlament seçkisi ilə durumu daha da mürəkkəbləşdirdilər. Təəssüf ki, hökumət qəbul etmək istəmir ki, cəmiyyətin bütün sosial qrupları onların bu davranışlarından narazıdır. Görünən budur ki, iqtidar dövlətin bütün resurslarını xalqın itaətdə saxlanılmasına səfərbər edəcək. Proseslər onu göstərir ki, bu siyasətin ikinci dalğası reallaşdıqca iqtidarın sürprizlər yaşaması ehtimalı artır. Məhz bu sütuasiyada iqtidar ciddi seçim qarşısında qala bilər. Ya özü müxalifətlə gerçək dialoqa cəhd edəcək və yeni əlverişli müstəvi təklif etmək məcburiyyətində qalacaq, ya da cəmiyyətlə qarşıdurmaya gedərək daha böyük itkilərin müəllifi olacaq. Siyasi proseslərin demokratik müstəvidə davam etməsi üçün təkliflərimizi mütəmadi olaraq müzakirənizə təqdim etməyə çalışacağıq.

26 Ekim 2015 Pazartesi

"Seçki"nin qalibləri, siyasətin məğlubları olacaq!

                              Bu hadisələr seçkini tamamilə gözümdən saldı...
Seçki"də iştirak etməyəcəyimin qəti qərarını 5 il öncə vermişəm. Dostlarıma və əqidədaşlarıma o zaman bəyan etmişdim ki, seçki komissiyalarının tərkibi və formatı dəyişməsə, hakimiyyətin seçkiyə və müxalif siyasi partiyalara münasibəti normallaşmasa, aydın siyasi iradə ifadə olunmasa bir daha belə mənasız vaxt itkisi olan mərəkədə rol almayacam. Hakimiyyət qarşısında açıq və gizli öhdəlikləri olmadan “seçki”də rol almaq istəyən müstəqil və müxalif şəxslərə də bunu rəva görməyəcəm. Seçicilərin də bu şəraitdə səsverməyə gəlib vaxt itirməyindənsə, aktiv boykot etmələrinin daha faydalı olacağını təbliğ edəcəm. Səbəb isə sadədir. Hakimiyyətin müəyyən etdiyi bu “aşağılayıcı müstəvi”də seçicinin önünə çıxmaq və ondan səs istəmək vətəndaşları yumşaq desək siyasətdən uzaqlaşdırır. Bir-iki boşboğazı istisna etsək, heç bir normal siyasi təfəkkürü olan insan iddia edə bilməz ki, indiyədək keçirilən “seçki” cəmiyyətə müsbət nə isə verə bilib.
     “Seçki”də seçicilərin iradəsi ilə deputat mandatı qazanmaq mümkün deyil.
2010-cu il parlament seçkisində 44 saylı Abşeron-Sumqayıt seçki dairəsindən namizəd olduğum zaman çox fəal və maraqlı seçki kampaniyası aparmışdıq. Təbliğat komandamız işgüzar, təcrübəli və intellektual şəxslərdən ibarət idi. Kütləvi görüşləri intellektul komandamız, fərdi ev-ev təbliğat kampaniyasını ağsaqqallar və qadınlardan ibarət komandamız, təşviqat materiallarını paylamaq və yapışdırmaq işinə isə gənclərdən ibarət komandamız məsul idi. Mükəmməl bir seçki kampaniyası apardıq. Auditoriya qarşısında çox təsirli çıxışlarla hərarətli seçici dəstəyi qazanmışdıq. Seçki Qərargahımın rəhbəri çox hörmətli dostum Səməd Hətəmovun auditoriyanı dərhal səfərbər edən, titrədən bənzərsiz səsi, nitqi və siyasi çıxışları, seçki qərargahımızın hüquqşünası Ələsgər Məmmədlinin hüquqi-siyasi baxımdan əsaslandırılmış arqumentləri, adlarını müəyyən səbəblərdən qeyd etməyi münasib bilmədiyim digər tanınmış gənc elm, mədəniyyət və siyasət adamlarının əsaslandırılmış çıxışları seçiciləri valeh etmişdi. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, mənim də sistemli və səmimi çıxışlarım böyük rəğbət və coşğu ilə qarşılanırdı. Hətta, görüşlərdə iştirak etmək tapşırığı alan yerli icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının savadlı nümayəndələri də görüşlərdən sonra sadə seçicilər kimi bizə yaxınlaşır əllərimizi sıxır, təşəkkür edir və uğurlar arzulayırdılar. Mükəmməl komanda və mükəmməl kampaniya ilə nə etmək mümkün idisə, onu etmişdik. Amma, nəticəyə gedən yol qapalı idi.
                  ”Seçki”də kampaniya aparmaq ən əhəmiyyətsiz məşğuliyyətdir.
Əgər azacıq normal seçki olsaydı, komandamız mütləq qalib olacaqdı. Amma, seçki olmadığı üçün heç kimin tanımadığı, seçicilər qarşısında bir dəfə də olsun ağzını açmayan, nə siyasi təfəkkürü, nə də siyasi məsuliyyəti olan bir adam deputat “seçildi”. Seçki dairəsi ərazisində abadlıq işləri aparan, kütləvi görüşlərdə seçicilərə açıq-aşkar kolbasa və pul paylayan, hətta guya İlham Əliyevlə tələb yoldaş olduğunu deməkdən belə çəkinməyən Hacı Salayev adlı bir şəxs 17662 səslə mandat aldı. Ən dəhşətlisi budur ki, bu qədər açıq və geniş miqyaslı qanunsuzluqlardan dəfələrlə DSK-ya və MSK-ya əsaslandırılmış şikayət məktubları ünvanlasaq da heç bir dövlət qurumu öz qanuni vəzifəsini icra edib, tədbir görmədi. Bizim fəaliyyətimizi “qayda-qanunların” ən sərt üzü tənzimləsə də, rəqibimizə heç bir əngəl, standart olmamaqla yanaşı həm də bütün imkanlar açıq idi.
           Total saxtakarlığın və qanunsuzluğun miqyası ölçüyə gəlməz idi.
Baş Nazirin müavini Əli Həsənovun qardaşı, Sumqayıt İH başçısının müavini Ramiz Həsənov birbaşa bütün bu qanunsuzluqların başında dayanırdı. Hətta, günün çox vaxtını ya DSK-da olur, ya da H.Salayevin “abadlıq” işlərinə rəhbərlik edirdi. Görüşlərimizə maneələr yaratmaq üçün min bir oyundan çıxırdılar. Görüş qrafikində boş günləri və saatları nəzərə alıb görüş üçün DSK-ya yazılı məlumat verirdik. Sakinləri dəvət edib həmin yerə gələndə görürdük ki, başqa bir qadın namizəd 7-8 adamla yenicə görüşə başlayıb. Hətta, əlində köhnə tarixə icazə verilmiş sənəd də var. 2 saat gözləməli olurduq ki, bu təxribatçılar zalı tərk etsin. Belə hallara görə başqa yerdə təyin etdiyimiz görüşlərə faktiki olaraq çata bilmirdik. Sonralar dəqiqləşmələr apardım ki, bu cür açıq qanunsuz və əxlaqsız davranışı heç bir DSK özünə rəva görməyib, 44 saylı DSK-dan başqa. 
Seçki günü xüsusi avtobuslarla, mülki geyimli polislərin və icra hakimiyyəti nümayəndələrinin müşayəti ilə 80-100 adam məntəqələrə gətirilir “karusel” təşkil edilirdi. Hansı məntəqədə müşahidəçilərim, vəkillərim qətiyyət göstərdisə, onları dərhal müxtəlif bəhanələrlə zorla məntəqələrdən uzaqlaşdırırdılar. Bir qrup “müşahidəçi” mənim vəkillərimdən komissiyaya şikayət edirdilər ki, guya nümayəndələrim bunlara müşahidə aparmağa mane olur. Polis və məntəqə sədri dərhal “şikayəti” təmin edirdi. Novxanıda yerləşən məntəqələrin birində daha biabırçı qanunsuzluq baş vermişdi. Cəsarətli nümayəndələrimdən birini məntəqədən uzaqlaşdırmaq üçün ondan şikayət yazmışdılar və zor tətbiq edərək məntəqədən çıxarmağa çalışırdılar. Amma, o fəal müqavimət göstərir, məntəqəni tərk etmirdi. Hüquqşünasımız Ələsgər bəy yaxın ərazidə olduğu üçün məsələni aydınlaşdırmaq üçün hadisə yerinə getdi. O gələnə qədər polis Sadiq Əkbərov adlı nümayəndəmizi “zərərsizləşdirmişdi”. Ələsgər bəy məntəqəyə daxil olanda məntəqə sədri əlində H.Salayevin lehinə hazırlanmış 60-70 hazır bülleteni qutuya atmağa çalışırdı. Telefon vasitəsilə çəkiliş apararaq məntəqə sədrinə kobud qanunsuzluq etdiyi üçün irad bildirərkən, mülki geyimli polislər və digər komissiya üzvləri onun üzərinə hücuma keçərək qanuni vəzifəsini icra etməyə zor tətbiq edərək mane olmağa başladılar. Bülletenlər isə qutuya atıldı. Telefonun çəkiliş aparmasından xəbərsiz olduqları üçün əminliklə hayqırırdılar ki, bu qanunsuzluğa görə onları kimsə cəzalandıra bilməz. MSK üzvü Akif Qurbanova dərhal hadisə haqqında məlumat verdim. Həmin vaxt MSK-nın iclası keçirilirdiyi üçün o birbaşa iclasda məsələni səsləndirdi və əldə sübutların olduğunu elan etdi. Artıq bu məntəqədə qalmağın heç bir əhəmiyyəti yox idi. Azyaşlı xəstə körpəsi olan nümayəndəm polis tərəfindən saxlandığı üçün onun azad olunması üçün cəhdlər edirdik. Ələsgər bəy məntəqədən çıxıb maşınına oturmaq istəyəndə orta yaşlı bir kişi özünü onun maşınına çırpıb, çığıraraq təkərin altına uzandı. Mülki və formada olan polislər, “şahidlər” dərhal hadisə yerinə toplaşdılar. “Zərərçəkən” iddia edirdi ki, bu şəxs məni maşınla vurdu. Halbuki Ələsgər bəy hələ maşına oturmamış və mühərriki işə salmamışdı. Polislərin gözü qarşısında qondarma “cinayət” hadisəsinə görə Ələsgər bəyi həbs etməyə calışırdılar. Böyük çəhdlərdən sonra bu “qondarma” işləri həll etdik. Böyük əsəb gərginliyi ilə müşayət olunan “seçki”ni beləcə başa vurduq. 
Bütün stüasiyalarda qanunun tələbləri ilə haqlı tərəf biz olsaq da, güclü tərəf bütün qanunsuzluqlara baxmayaraq prosesdən qalib çıxırdı. (əlimizdə o zaman çəkilmiş 200-dən çox şəkil, və video çəkilişlər var.) Qanunsuzluğun miqyası elə böyük idi ki, bir çox məntəqələrdə 100% seçici fəallığı olmuşdu. H.Salayevin səsini o qədər şişirtdilər ki, ölkə üzrə Mehriban Əliyeva (31797 səs) və Vasif Talibovdan (22433 səs) az, spiker Oqtay Əsədovdan (16786 səs) çox səs alaraq deputat oldu. MSK-nın iclasında şikayətimi əsaslandırmaq üçün M. Pənahov mənə 30 saniyə vaxt verdi. Bu 30 saniyədə şikayət əsaslandırmaq yox, ancaq söyüş söymək olardı. Təmkinlə çıxışıma başladım və yuxarıda qeyd etdiyim rəqəmləri səsləndirib sual verdim ki, doğrudanmı H.Salayev spiker Oqtay Əsədovdan daha çox nüfuza malikdir? Doğrudanmı bu adam 17662 səslərlə ilk üçlükdə olacaq qədər vacib adamdır? M.Pənahovun məni sona qədər dinləməyə hövsələsi çatmadı və çıxışımı yarımçıq kəsdi. Tanınmış vəkil Xalid Bağırov tərəfindən Apelyasiya Məhkəməsinə 30 səhifəlik şikayət hazırladıq. Saat 16:30-da sənədləri şəxsən Bakı Apelyasiya Məhkəməsinə təqdim etdim. Məhkəmə binasından yenicə çıxmışdım ki, mənə zəng gəldi. Məhkəmənin katibi saat 17:00-da işə baxılmaq üçün məni iclasa dəvət edirdi. Geri qayıtdım və məhkəmə iclasına qatıldım. Hakim Mehparə Nəbiyevanın sədrliyi ilə iclas keçirildi və şikayətim təmin edilmədi. Bir onu deməyə macal tapdım ki, siz analoqu olmayan rekorda imza atdınız, 30 dəqiqəyə 30 səhifəlik bir şikayətlə tanış olub, iclas keçirib və qərar verdiniz? Beləliklə, məhkəmə instansiyaları da “ədaləti” operativ “bərpa” etdilər. Ali Məhkəmə də gözlənildiyi kimi eyni davranışı təkrarladı.  
Ötən “seçki” dən sonra bu müstəviyə yenidən qayıtmağım ciddi siyasi səhv olardı.
Müstəqil namizəd olsaydım mütləq geri çəkilərdim. Lakin, partiya qarşısında öhdəliklərim olduğu üçün bu mənəvi işgəncəni sonadək yaşamaq məcburiyyətində qaldım. Sonradan bizə aydın oldu ki, partiyanın parlamentdə bir nəfərlə təmsilçiliyi, heç bizim sonadək iştirakımız olmadan da mümkün olacaqmış. Bu keçən 5 il ərzində MM-də bir dəfə də olsun ağzını açıb çıxış etməyən H.Salayev total qanunsuzluqlarla deputat oldu. “Seçki”dən sonra cəmiyyətin iradəsini zorlamaq məharəti olan idarəçilərin “xidmətləri” yüksək səviyyədə qiymətləndirildi. Bir müddət sonra qanunları heçə sayan Ramiz Həsənov Zəngilan rayon İH-nin başçısı oldu. Bu bir tarixdir və əminəm ki, bu qanunsuzluqları həyata keçirən şəxslər gec-tez cəmiyyət qarşısında cavab verəcəklər. “Seçki”də cəmiyyətə və özümüzə bu qanunsuzluqlarla bağlı nəyi sübut etmək mümkün idisə, 20 ildir siyasətlə məşğul olan hər kəs ən azı bir, ən çoxu isə 2-3 dəfə bunu edib. Siyasətə yeni qədəm qoyan insanların “seçki”yə qatılmasını hardasa anlamaq olar. Çünki, kimisi təcrübə qazanmaq, kimisi öz fəaliyyəti ilə qanunsuzluqlara əmin olmaq, kimisi də nə isə qazanmaq həvəsindədir. Yaşanmış acı təcrübələrə inanmaq istəməyən şəxsləri anlamaq mümkün olsa da, özünü sadəlövhlüyə vurub bu məzhəkəyə canlılıq qatmaq istəyənləri nə indi, nə də gələcəkdə anlamaq mümkün deyil. Hakimiyyət qarşısında öhdəliyi olmadan “seçki”də iştirak edən bütün insanları öz qərarlarına yenidən baxmağa çağırıram. Bu dəfə "seçki"nin qalibləri, siyasətin məğlubları olacaq.



21 Eylül 2015 Pazartesi

“Seçki”də iştirak edənlər özlərinə, boykot edənlər cəmiyyətə qazandıracaq!

Bu yazı cəmiyyət daxili münasibətlərdə rolu olmayan sadə, ictimai təşəbbüslərdən və siyasətdən uzaq insanlar üçün deyil, birbaşa siyasi iddiası olan, ictimai-siyasi proseslərə maraq göstərən savadlı şəxslər üçün nəzərdə tutulub.
 2015-ci ilin Milli Məclisə seçkilərinə iqtidarın, müxalifətin və bütövlükdə cəmiyyətin yanaşması istiqamətində müzakirə açmağa çalışacağıq. Müşahidələr onu göstərir ki, bu parlament seçkisi son Bələdiyyələrə seçkilərdən də xeyli sönük və maraqsızdır. Nəinki müxalifət, vətəndaş cəmiyyəti, fəal insanlar, hətta ən məlumatsız vətəndaşlarımız da 125 dairənin tək birində belə, təsadüfi seçimə yer qoyulmadığını yaxşı bilir. Mandata sahib olacaq şəxslərin böyük əksəriyyətinə “seçiləcəklərinin” məxfiliyini seçki gününədək qoruyub saxlamaq tapşırıqları verilsə də bu göstərişə əvvəlki seçkilərdə olduğu kimi yenə də nail olmaq mümkün olmadı. İstənilən şəxs, istənilən dairə ərazisində kiçik bir müşahidə aparmaqla, seçki bitməmiş də 125 yerin sahiblərini müəyyən edə bilər. Artıq “seçiləcək” şəxslərin yaxınları müvafiq dairələrin ərazilərində ənənəvi yenidənqurma, təmir, təchizat və təbliğat işlərinə start verdikləri kimi, hökumətin yerli strukturları da “seçiləcək” şəxslərin qarşısından bütün maneələri qaldırmaq üçün hərəkətə keçiblər. Məsələnin bu tərəfinin peşəkarlar üçün o qədər də maraqlı və təəcüblü olmadığını nəzərə alıb bir başa keçək mətləbə.

   İndiyədək keçirilən parlament seçkiləri tarixə necə düşüb?

Qısaca olaraq deyə bilərik ki, indiyədək keçirilən parlament seçkilərinin heç biri azad, ədalətli və şəffaf hesab edilə bilməz. Bu yazını yazarkən kiçik bir araşdırma apardıq. Məlum oldu ki, bütün dönəmlərdə həm qanunvericilik, həm də onun tətbiqi müxalifətin və müstəqil şəxslərin əl-qolunu bağlamağa, fəaliyyət imkanlarını məhdudlaşdırmağa yönəlib. Siyasi durum əlverişli olmasa da müxalifət bütün seçkilərdə böyük insan resursları ilə iştirak edib, nüfuzlu namizədlər irəli sürüb, ciddi təbliğat aparıb və seçki günü peşəkar müşahidələr təşkil edib. Bir-iki istisnalar olsa da əksər dairələrdə qazanılmış qələbələr açıq-aşkar zorakılıqla dəyişdirilib və hökumət öz istədiyi şəxsləri deputat “seçib”. Müxalifətin böyük bir hissəsi saxtakarlıqlara etiraz məqsədilə hər dəfə iri miqyaslı dinc aksiyalar təşkil etsədə saxta nəticələrə təsir edə bilməyib. Aksiyalar zorakılıqla dağıdılıb, kütləvi həbslər həyata keçirilib, partiyalar zəifləyib və siyasi azadlıqlar getdikcə məhdudlaşıb. Belə dilemmalar qarşısında qalan müxalifət seçkinin total şəkildə saxtalaşdırıldığını əsas tutub nəticələri qəbul etməyiblər. Müxalifətlə yanaşı, fəal müşahidə aparan nüfuzlu beynəlxalq təşkilatların missiyası da seçkiləri demokratik hesab etməyib. Saxtalaşdırma faktlarına diqqət çəkməklə nəticələr sərt şəkildə tənqid olunub və sonda demokratya istiqamətində atılan növbəti addım kimi dəyərləndirilib. Nə seçki komissiyaları, nə də məhkəmə instansiyaları şikayətlərə məhəl qoyub. Hakimiyyət pozuntuları araşdırıb ədalətli qərar verməkdənsə, əksinə yüzlərlə cinayət tərkibli faktları ört-basdır edərək şikayətçilərin cəzalandırılmasını həyata keçirib.

Bu seçkini əvvəlkilərdən fərqləndirən mühüm amillər hansıdır?

Oxşarlıqlar əsasən dəyişməyib. Hakimiyyət və onun maraqlarının təminatçısına çevrilmiş dövlət məmurları tam tərkibdə yerində, bütün instansiya seçki komissiyaları olduğu kimi iş başında, repressiyaların yaratdığı qorxu mühiti, cəmiyyətin apolitik vəziyyəti daha da ağır davam etməkdədir. Fərqliliklərə diqqət etsək görərik ki, bir neçə ciddi amillər mövcuddur. Ölkəmizin seçki və siyasi tarixində ilk dəfədir ki, prezident seçkisində əsas alternatv olan təşkilat parlament seçkisini boykot qərarı verib. Bu hal öncəki seçkilərin heç birində baş verməyib. 1998 və 2008-ci illərdə keçirilən Prezident Seçkilərində boykot qərarları verilsə də, parlament seçkilərində iştirakdan heç vaxt imtina edilməyib. İlk fərq budur ki, prezident seçkilərində hakimiyyətin əsas alternativi, yəni rəsmi nəticələrə görə ana müxalifət olan Milli Şura parlament seçkisinə qatılmır. İkinci mühüm fərq budur ki, seçkilərə start verilərkən yüzə yaxın siyasi məhbus olduğunu həm yerli, həm də beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Avropa Parlamenti qətnamə ilə bəyan edir. Üçüncü fərq budur ki, seçkilərin nəticəsi öncədən nüfuzlu beynəlxalq qurumlar tərəfinfən şübhə altına alınıb və ATƏT-seçkiləri müşahidə etməkdən imtina edib. Başqa fərqləri də sadalamaq olar, lakin bu əsas fərqlərlə kifayətlənək.

    Partiya və fərdlərin seçkidə iştirakının klassik səbəbləri.

Nəzərdə tutduğumuz oxucuların hər birinə gün kimi aydındır ki, partiyaların yaranmasının əsas məqsədi hakimiyyətə gəlmək və öz proqram məqsədlərini həyata keçirməkdən ibarətdir. Bunun üçün də ən geniş yayılmış və qəbul edilən legitim yol seçkilərdir. Seçiklər həm də cəmiyyət daxili münasibətlərin legitim tənzimlənməsinin yeganə üsuludur. Məhz azad və ədalətli seçkilər nəticəsində cəmiyyətin seçilmiş insanları onun önünə çıxa bilər. İdarəetmənin bütün pillələrində təbii seçim cəmiyyətin inkişafının, sabitliyinin, tərəqqisinin və dövlətin gücünün yeganə qarantiyasıdır. Təkrar olaraq vurğulamaq istəyirəm ki, bu yalnız demokratik seçkilərlə mümkün olan paradiqmadır. Total şəkildə saxtalaşdırılacağı öncədən bəlli olan, antidemokratik seçkilərdə partiyaların və fərdlərin dəfələrlə iştirakı cəmiyyətin müqavimətini zəiflətməklə yanaşı, həm də iştirak edən tərəfləri də nüfuzdan salır. Antidemokratik seçkilər cəmiyyətdaxili təbii münasibətləri pozmaqla yanaşı, həm də süni vitrin yaratmağa xidmət edir.   

Anti-demokratik seçkilərdə iştiraka haqq qazandıran səbəblər.

İndiyədək keçirilən seçkilərin heç biri demokratik olmasa da müxalifət bu seçkilərdə iştirak edib. Antidemokratik seçkilərdə iştirak etdiklərinə haqq qazandıran müxalifət siyasətçilərinin arqumentlərini təxminən belə ümumiləşdirmək olar. İlk növbədə, cəmiyyətin müqvimətini səfərbər etməklə hakimiyyəti təzyiq altında saxlamaq, geniş təbliğat imkanlardan istifadə etməklə çoxluqla tənqid etmək. Seçki günü toplanmış pozuntuları həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırmaqla nəticələri şübhə altına almağa nail olmaq. Nüfuzlu beynəlxalq qurumların tövsiyyələrini nəzərə alaraq, demokratik prosesin davam etməsinə töhfə vermək, həmçinin partiyaların təşkilatlanması fürsəti kimi baxmaq və mümkün olarsa mandata sahib olmaq da məqsədlərdən biri sayılıb.

           Müxalifət qarşıya qoyduğu vəzifələrə nail ola bilibmi?

Əvvəla, müşahidələr onu göstərir ki, hər seçkidə bir-iki müxalif mandata sahib olmaqla parlament tribunasından tənqid səsləndirmək cəmiyyətədə hər hansı siyasi nəticə doğurmayıb və doğura da bilməz. Olsa-olsa bir iki müxalif şəxs 5 il yaxşı əmək haqqı alıb və bəzi güzəştlərdən yararlanıb. Amma, on minlərlə müxalifətçilərə bu mandatların heç bir faydası toxunmayıb. Hakimiyyətə qarşı müqavimətə səfərbər edilmiş yüzminlərlə etirazçı sayı isə minlərə, yüzlərə qədər azalıb və xeyli fəal insan proseslərdən çəkilib. Müxalifətin cəmiyyətdən dəstəyinin azalması heç də ölkənin sürətli inkişafı, insanların maddi rifahının yüksəlməsi, hakimiyyətin xalqın maraqlarına uyğun siyasəti ilə bağlı deyil. Burada hakimiyyətin repressiv siyasəti ilə yanaşı, müxalifətin yanlış taktiki gedişləri də az rol oynamayıb.

Müxalifətin seçkidə iştirak etməməsi reallığın qəbul edilməsidir.

İndiyədək müxalifətin seçkilərdə iştirakından qazanılan nəticələr nə müxalifət, nə də cəmiyyət üçün uğurlu sayıla bilməz. Hər seçkidən sonra hakimiyyətin total repressiyası nəticəsində onminlərlə fəal insan siyasi proseslərdən çəkilib, partiyalar zəifləyib və ümumi etimadsızlıq mühiti hökm sürür. Nə cəmiyyətin demokratikləşməsinə, nə insan hüquq və azadlıqlarının qorunmasına, nə hakimiyyətin qanunsuz əməllərinin qarşısını almağa, nə də ictimai-siyasi proseslərə zərrə qədər müsbət qatqısı olmayan bu siyasətin davam etməsi müxalifətin və cəmiyyətin ziyanınadır. Müxalifətin seçkini boykot etməsi reallığın səmimi şəkildə qəbul edilməsi baxımından cəmiyyətdə rəğbət oyadacaq.

 Milli Şuranın boykot qərarı müxalifətin ümumi maraqlarına xidmətdir.

İlk dəfədir ki, müxalifətin önəmli hissəsi parlament seçkisinə start verilməmiş onun boykot edilməsinin zəruriliyini bəyan etdi. Digər müxalifət partiyalarından bu çağrışlara müsbət reaksiya verilməsə də kifayət qədər siyasi-hüquqi əsasları olan bu yanaşma indiki durumda ciddi siyasi nəticələr doğura bilər. Boykotun effektli siyasi nəticə doğurmayacağını əsaslandıran hər kəs, boykot olunmuş prezident seçkilərinin nəticələrinə əsasən fikir bildirir. İndiki vəziyyətin fərqli siyasi nəticə doğuracağına ümid yaradan bir neçə ciddi amil var. Əvvəla, ölkədaxili sosial, iqtisadi və siyasi vəziyyət sürətlə pisləşməyə doğru gedir. Neft hasilatı və gəlirləri kəskin şəkildə azalıb, manatın alıcılıq qabiliyyəti xeyli zəifləyib, dövlət büdcəsi kəskin şəkildə ixtisar olunub.
Beynəlxalq müstəvidə də hakimiyyətin apardığı balanslı siyasət öz qeyri-müəyyən sonluğuna yaxınlaşıb. Nə Avropadan , nə də MDB məkanından özü üçün təminat ala bilir. Qarşısında rəsmi öhdəliyimiz olan beynəlxalq qurumlar seçkini müşahidə etməkdən imtina edib və nəticələri bəri başdan şübhə altına alıb. Artıq seçkinin legitimliyinin nüfuzlu beynəlxalq arenada qəbul edilməyəcəyi nigarançılığı əsas müzakirə mövzusudur. Gələcək parlamentin Avropa qurumları ilə praktik və hüquqi baxımdan əməkdaşlığı əvvəlki səviyyədə olmayacaq.

Müxalifətin və beynəlxalq təşkilatların seçkiyə münasibəti ölkənin deyil, hakimiyyətin siyasi gücünü zəiflədəcək.

Seçkidə iştirak edən heç bir tərəf hökumətin rəqabətli, azad və ədalətli seçki keçirəcəyinə inanacaq qədər sadəlöv deyil. Hətta, hər birinin bəyanatlarında seçkinin antidemokratik və saxta keçiriləcəyi ilə bağlı açıq və birmənalı mövqelər ifadə olunub. Haqlı olaraq belə bir sual ortaya çıxır ki, bütün bunlar aydın olduğu halda seçkidə iştirak nəyə hesablanıb?
Yuxarıda anti-demokratik seçkilərdə iştiraka haqq qazandıracaq amillərlə bağlı fikirlərimizi qeyd etmişik və təkrarlamağa lüzum yoxdur. Antidemokratik seçkidə iştirakdan başqa qazanclar da var. Lakin, bu qazanclar nə cəmiyyətin, nə də müxalifətin ümumi maraqları ilə bağlı deyil. Ya həmin şəxslərin özlərinin, ya da partiyaların korporativ maraqları ilə bağlıdır. ADP seçkilərdə iştirakla bağlı qərar versə də sonradan bu qərarını dəyişməli oldu. Çünki, partiya yetkililəri aydın şəkildə analiz etdilər ki, onların seçkiyə qatılmasından nə cəmiyyət, nə müxalifət, nə də partiya qazanacaq. Odur ki, qazanılacaq heç nə olmadığı üçün seçkidən çəkilməklə bağlı çox doğru qərar verdilər. Əgər seçkidə iştirak etməyə israr edən digər müxalifət qurumları mandat əldə etmək və ya 3%-lik səs barajını keçmək üçün hakimiyyətlə hər hansı razılaşma əldə ediblərsə, o zaman sona qədər davam etmələri doğrudur. Çünki, indiki şəraitdə cəmiyyət və müxalifət qazanmasa da müəyyən bir qism müxalifətçi qazanacaqsa, bundan da imtina etmək lazım deyil. Belə razılaşmalar yoxdursa, onda seçkidə iştirak edən müstəqil şəxslərin və müxalifət təşkilatların öz qərarlarına yenidən baxmaları məsləhətdir. Bütün təhlillər onu göstərir ki, məhz bu “seçki”də razılaşma olmayacağı təqdirdə nəyinsə əldə ediməsi qeyri mümkündür. 
                                        
                                           Son olaraq...

Mühüm hazırlıqlar aparılmalıdır. Siyasi proseslərin yeni dalğasının başlayacağı gün çox da uzaqda deyil. Təəssüf ki, bizim kimi ölkələrdə daxili siyasəti çox zaman xarici faktorlar hərəkətə gətirib. Əgər daxildə monolit siyasi xətt ardıcıl qorunub saxlansa, xarici faktorlardan qaynaqlanan proseslər nəticə doğuracaq. Seçkilərin boykot olunmasını bəyan edən təşkilatların ilk növbədə aktiv boykotla bağlı bir eksperment aparmaları doğru olar. Bütün ölkə üzrə çətin olacağını nəzərə alıb Bakı şəhərinin bir rayonunda aktiv baykot siyasəti həyata keçirilə bilər. Məsələn, Xətai rayonunda 4 dairə var və nəqliyyat imkanları əlverişli olduğu üçün bu rayon hədəf kimi seçilə bilər.
                                              Təklif...

* Seçkinin baykotunu evdə oturmaqla deyil, vətəndaşlarla səmimi ünsiyyəti təşkil etməklə həyata keçirmək;
*Bakıda yaşayan fəal müxalifətçiləri səfərbər edərək mənzil-mənzil boykotun əsaslarını seçicilərə izah etmək;  
*Müxalifət liderlərinin əsaslandırılmış müraciətlərini, məktublarını bir-bir vətəndaşlara paylamaq və seçicilərlə məxsusi iş aparmaq;
* Hər gün yüzlərlə fəal insan bu aksiyada rastlaşdıqları halları sosial şəbəkələr vasitəsilə cəmiyyətə təqdim etmək;
*Mobil telefonların imkanları ilə görüntülər, videolar çəkib sosial mediada yerləşdirmək;
* MSK-ya fərdi müraciət etməklə yüzlərlə müşahidəçi və ya məşvərətçi səs hüquqlu komissiya üzvü kimi qeydiyyatdan keçmək;
*Seçki günü hər məntəqəyə 10-15 nümayəndə təyin etməklə həm məntəqənin içərisində, həm də çölündə ciddi müşahidə aparmaq;

Bu aksiya müxalifəti hərəkətə gətirən maraqlı bir aksiya ola bilər. Əminliklə deyə bilərik ki, yeni metod kimi bunun siyasi nəticələri də kifayət qədər uğurlu olacaq. Ələ düşən bu fürsətdən müxalifətin yararlanması lazımdır.