10 Haziran 2016 Cuma

"Yeni qüvvə" toplumun fəallaşmasına təkan ola bilər?

   
    “Yeni qüvvə” toplumun fəallaşmasına təkan ola bilər? 
                 (2-ci yazı)

“Köhnə iqtidarın “yeni müxalifət” arzusu dəyişməyib” başlıqlı yazının davamını oxucularımızın rəyinə təqdim edir və mövzu ətrafında əsasən siyasi hazırlıqlı şəxslərin müzakirələrinin faydalı olacağını düşünürəm. Bu yazıda “yeni qüvvə” haqqında hakimiyyətin, toplumun fəal kəsiminin və “yeni qüvvə” iddiasında olanların bir-birindən fərqlənən yanaşmalarını göstərməyə çalışacağam. Həmçinin, müxalifət adına iddialıların real təsnifatına və “yeni qüvvə” nin necə təsəvvür olunduğuna birlikdə nəzər salmağımız məqsədə uyğun olar.

   Hakimiyyətin görmək istədiyi “yeni qüvvə”

Hakimiyyət birmənalı olaraq “yeni qüvvə”dən toplumu siyasi baxımdan manipulyasiya etmək üçün yararlanmaq niyyətindədir. Onun təsəvvürü və arzusu budur ki, toplumun ictimai şüurunda qəbul edilən müxalifətə qarşı istifadə edəcəyi yeni, daha cəlbedici bir müxalif platforma ortaya çıxsın. Demokratiyadan əsər-əlamət olmayan bir sistemdə (qeyri azad) müxalifətdaxili çoxtərəfli siyasi rəqabətin, demaqogiyadan başqa nəticə doğurmadığı təcrübələri uğurla sınaqdan keçib.

Müxalifət adına iddialıların rəngarəngliyi hakimiyyətin uzun illərdir böyük maliyyə sərf edərək tətbiq etdiyi sistemli siyasətinin tərkib hissəsidir. Hakimiyyət müxalifətin sırasını geniş göstərmək üçün siyasət vitrininə süni şəkildə sırınmış şəxsləri və qurumları müxtəlif üsullarla ayaqda tutmağa çalışır. Bu siyasətlə real alternativlərin təsir gücünü azaltmaq, siyasi yetkinliyi aşağı olan əhalidə tərəddüd yaratmaq, toplumun fəal kəsimində isə ümidsizliyi dərinləşdirməyə əsasən nail olur.

Müşahidələr göstərir ki, avtoritar rejimlərin (qeyri azad) mövcud olduğu heç bir ölkədə yeni demokratik qüvvələrin yaranması baş verməyib. Avtoritar hakimiyyətlər “yeni qüvvə” tezisi ilə əsasən demokratiyanı imitasiya edib. Öz korporativ maraqlarını təmin etmək və ya diqqəti siyasi baxımdan özünə təhlükə hesab etdiyi əsas qüvvədən yayındırmaq məqsədilə bundan yararlanmağa çalışıb.

Avtoritar idarəetmə təfəkkürünü mənimsəyən rejimlər ölkənin demokratikləşməsi və inkişafı naminə yeni qüvvənin formalaşmasına qətiyyən imkan verməz. Belə “təhlükə”ni hiss etdiyi andan mütləq onun sonuna çıxmaq istəyəcək.

                     “Yeni qüvvə” iddiasında olanların ənənəvi baxışı

Siyasi fəaliyyətin qanunvericiliyə söykənən demokratik müstəvisi yoxdursa, belə şəraitdə yeni və kütləvi demokratik qüvvənin yaranması olduqca çətindir. Həyatın davamlılığı tədricən nəsil dəyişmələri ilə siyasi elitada təbii dəyişikliklərə gətirib çıxarsa da, bu dəyişiklik yeni siyasi qüvvənin doğulması anlamına gələ bilməz.  

İndiyə kimi özünü “yeni qüvvə” adlandıraraq meydana atılan şəxslərin və qurumların öncəliklə hədəfi əsasən müxalifət olub. Sanki, hər dəfə meydana yeni atılan şəxslərin və qurumların siyasətdə ilk sınağı ənənəvi müxalifətə vurduğu zərbələrlə ölçülür. “Yeni qüvvə” iddiasında olanların müxalifətin indiyə kimi tətbiq etdiyi siyasi-təşkilati metodlardan kəskin şəkildə fərqlənən hər hansı yeniliyə imza atdığını da müşahidə etməmişik.

Bu təsisatlar həm də toplumu inandırmağa çalışır ki, siyasi dəyişikliklərin uğursuzluğa düçar olmasının səbəbi elə müxalifətdir. Müxalifətin tənqidinə istiqamətlənən tezislər isə istisnasız olaraq hakimiyyət tərəfindən hazırlanan və topluma təlqin edilən total anti-təbliğatın qalib gələn nümunəsidir.

Özünü təsdiq etmək üçün mövcud şərtlər altında siyasi uğur qazanmaq xeyli çətin olsa da mümkünsüz də deyil. Siyasət müstəvisində belə uğurlu nümunələr də var. Müxalifət adına iddia edərək hər addımbaşı müxalifəti hədəfə almaqla siyasi gündəmdə mövcud olmaq acı istehza ilə qarşılanır.

Xüsusilə də, AXCP-Müsavat iqtidarında təmsil olunmamağı hansısa üstünlük kimi təqdim edərək siyasi iddia irəli sürmək, tamamilə hakimiyyətin müxalifətə qarşı anti-tezislərini gücləndirmək üçün sərgilənən davranış kimi görünür.

Gerçəkdən səmimi şəkildə yeni qüvvə olmaq iddiasında olanlar hakimiyyətə sərf edən ənənəvi baxış bucağını dəyişməlidir. Müxalifəti qətiyyən hədəf almamalıdır. Əvvəlki dövrün şərtləri indi çox dəyişib. Sosial media, sosial şəbəkələr yeni ictimai mühit yaradıb. Toplumu manipulyasiya etmək üçün meydana çıxan “yeni qüvvə” çox da nəzərə çarpacaq uğur qazana bilməz və qısa müddət içərisində ifşa olunacaq.

                        Toplumun fəal kəsimi “yeni qüvvə” axtarır?

Real siyasi qüvvələrin uzun illər müxalifətdə qalması toplumda belə təsəvvür yaradıb ki, bəlkə də yeni demokratik qüvvənin meydana çıxması siyasi durumu köklü surətdə dəyişə bilər. Hətta, iqtidarın yeni qüvvələrlə dil tapacağına və siyasi islahatlara meyllənəcəyinə hələ də sadəlövcəsinə inanan insanlar var. İqtidar yetkililəri də toplumun bu yanaşmasından faydalanmaq, əsas müxalifəti siyasi səhnədən sıxışdırmaq və müxalif elektoratda tərəddüd yaratmaq üçün yararlanmağa cəhd edir.

Təəssüf ki, bəzən toplumun fəal kəsimi də prinsipial müxalifətçiliyin müsbət ənənəsi ilə, ənənəvi müxalifəti ucdantutma eyniləşdirir. Əslində isə ənənəvi müxalifət kimi təqdim edilənlərin heç də hamısı prinsipial müxalifətçilik ənənəsinə sadiq deyil. Ölkədə mövcud olan prinsipial müxalifətçilik ənənəsi kifayət qədər dərin köklərə və nüfuza malikdir. Təsadüfi deyil ki, toplumun siyasi hazırlıqlı fəal kəsimi üçün də yeni qüvvə deyil, əsas qüvvə daha cəlbedicidir.

Hakimiyyəti ənənəvi müxalifət deyil, prinsipial müxalifətçilik ənənəsi daha çox narahat edir və heç bir vasitə ilə bu yanaşmanı dəyişdirməyə nail ola bilməyib. Hətta, tamamilə gənc nəslin nümayəndələrindən ibarət yeni simalar var ki, ən ağır şərtlər altında belə prinsipial müxalifətçilik ənənəsini uğurla davam etdirirlər

                            Müxalifət adına iddia edənlərin real təsnifatı

Fürsətdən istifadə edərək müxalifəti ümumi şəkildə təsnifatlaşdırmaqla qeyd etmək istəyirəm ki, yeni yaranacaq istənilən qüvvə bu mövcud təsnifatdan kənarda ola bilməz. Qısa zaman içərisində onun harda olduğunu müəyyən etmək mümkün olacaq.

Birincisi, mövcud rejimi dəyişmək uğrunda prinsipial və güzəştsiz mübarizə aparanlardır. Bunlar hakimiyyəti bütövlükdə sərt tənqid edərək bütün resurslarını narazı insanları səfərbər etməyə və fürsət düşdükcə etirazların təşkil olunmasına çalışırlar. Təzyiqlərə, mərhumiyyətlərə və həbslərə baxmayaraq hakimiyyəti zəiflətmək, demokratik dəyişikliklərə məcbur etmək istiqamətində göstərdikləri siyasi fəaliyyətdən bir addım da geri çəkilmirlər. Toplumun maraqlarını öz siyasi maraqlarından üstün tutmağa çalışan bu qüvvələrə qarşı hökumət və ona yaxın qüvvələr ən barışmaz mövqe sərgiləyir. Məhz bu kateqoriyadan olan insanların fəaliyyətinə görə ölkədə siyasi məhbus problemi yaranıb.

İkincisi, hakimiyyətə açıq müxalifətçılık etməklə yanaşı, onun dəyişməsində də maraqlıdırlar. Lakin, iqtidar davam etdiyi müddətdə onun zərbələrindən maksimum yayınmağa və hətta fürsət düşdükcə ondan yararlanaraq öz mararaqlarını təmin etməyə çalışırlar. Maraqlarına uyğun gəldikdə gah prinsipial müxalifətlə birgə mübarizədə yer alır, gah da hakimiyyətin imitasiya siyasətində vasitəyə çevrilirlər. Bu qüvvələri hər bir cinahda müşahidə etmək mümkündür. Onlar müxalifətin bütün spektri ilə əməkdaşlığa və dialoqa açıqdırlar. Maraqlarının hüdudlarından kənara çıxmırlar.

Üçüncüsü isə müxalifət adı altında rejimə xidmət edənlərdir. Onlar hakimiyyəti gücləndirmək məqsədilə açıq və gizli fəaliyyət göstərirlər. Hər bir strateji addımları hökumətə dəstək üçün atılır. Əsas hədəfləri isə prinsipial müxalifətçilik ənənəsinə sadiq olan müxalifətdir.

                         “Yeni qüvvə” tezisləri kimin marağındadır?

Məqsədimiz yeni qüvvələrin yaranmasına kölgə salmaq yox, onun daha sağlam əsaslar üzərində formalaşmasına yardımçı olmaqdır. Nə qədər ki, “yeni qüvvə” anlayışı yeni yanaşmalarla deyil, yeni simalarla və qurumlarla təsəvvür edilir, hansısa yeni qüvvədən danışmaq əbəsdir. Ölkədə yeni situasiya olmadan yeni qüvvə yarana bilməz.
               
Ölkədə yeni qüvvə varmı və onlar hansıdır? 2018-ci ilin Prezident seçkisində “yeni qüvvə” tezisi aktual olacaqmı? Yaxın vaxtlarda meydana yeni demokratik qüvvələr çıxa bilərmi? Hakimiyyət daxilindən və ya radikal dini qüvvələrin sırasından meydana yeni qüvvə çıxması perspektivi varmı? Anti-demokratik şəraitdə yeni qüvvə tədricən formalaşacaq, yoxsa anidən meydana çıxacaq? Bu kimi suallar ətrafında bəzi aydın cavablar olsa da peşəkar müzakirələrin hələ davam edəcəyini də istisna etmirik.

İlkin qənaətimiz budur ki, “yeni qüvvə” tezisləri daha çox iqtidarın və ona yaxın çevrələrin təqdimatında qabardılacaq. Tamamilə təsadüfi seçmə üsulları ilə apardığımız monitorinqlər əsasında deyə bilərik ki, problemlərdən, hüquqsuzluqdan, qanunsuzluqdan əziyyət çəkən narazı toplumun siyasi müzakirələrində yeni müxalif qüvvə axtarışlarına çox az rast gəlinir. 

(Bu mövzu ətrafında araşdırmalarımız davam edəcək) 10 iyun 2016-cı il.

3 Haziran 2016 Cuma

Köhnə iqtidarın "yeni müxalifət" arzusu dəyişməyib.

         Köhnə iqtidarın “yeni müxalifət” arzusu dəyişməyib...  (1-ci yazı) 

 Bu mövzu hal-hazırda mövcud gündəmin aktual məsələləri sırasında olmasa da, mütəmadi olaraq gündəmə gəlir və müzakirələrə açıqdır. Əsasən də bu müzakirələrə maraq göstərən şəxslər siyasi iddialı, təşkilatlanmaya meylli və dəyişikliklərə can atan fəal insanlar olduqları üçün daha peşəkar yanaşma sərgiləyə bilirlər. 

Siyasi maraqlarının aydın çərçivəsi olan yetkin insanlar üçün siyasi müzakirələrdə “xoşlamıram”, “bəyənmirəm”, “dəstəkləmirəm”, “nifrət edirəm” kimi özəl baxışlardan doğan ifadələr və ya onların tam əksi çox az əhəmiyyətlidir. İctimai-siyasi münasibətlərin əsasını geniş mənada maraqlar təşkil etdiyindən məsələyə emosional yanaşmanın qüsurlu nəticə doğuracağını belə şəxslərə izah etməyə də lüzum yoxdur.  

Heç kəsə sirr deyil ki, ölkənin siyasi həyatında nəzərə çarpacaq durğunluq hökm sürür. Demək olar ki, bütün kütləvi demokratik institutların ən kəskin fəaliyyət böhranı yaşanır. Belə bir şəraitdən necə çıxmaq yolları ətrafında diddət çəkən təşəbbüslərə rast gəlməsək də, müzakirələri vacib hesab edirik. 


                                    Siyasi durğunluğun təməl səbəbləri

Oxucu auditoriyamız əsasən savadlı, sosial-siyasi proseslərdən xəbərdar olan, bilgili və fəal vətəndaşlar olduğu üçün mövcud siyasi durğunluğun, böhranın səbəbləri haqqında da geniş izahata zərurət olmadığını düşünürük.

Qısaca olaraq deyə bilərik ki, dövlətin bütün resursları hökumət tərəfindən səfərbər edilərək real alternativ görüntünün yox edilməsinə yönəldilib. Hüquq-mühafizə orqanlarının gücü ilə vətəndaş cəmiyyəti total təzyiq altına salınıb, müxalif siyasi partiyaların ən elementar fəaliyyət imkanları repressiv metodlarla məhdudlaşdırılıb, ən cüzi demokratik ortam belə mövcud deyil. 

Sərbəst toplaşmağa, birləşməyə, fikir pülüralizminə, ifadə azadlığına və digər təməl siyasi hüquqlara qənim kəsilən avtoritar rejimlərin mənimsədiyi idarəetmə metodlarının tətbiqi istiqamətində cəhdlər açıq-aydın müşahidə edilir. Hökumətin vətəndaş cəmiyyəti və müxalifət üçün müəyyən etdiyi məhdud çərçivədən kənara çıxmaq maddi sıxıntı, cərimələr, inzibati həbslər və hətta çox ağır repressiyaya məruz qalmaqla sonuclana bilir. 

Öz siyasi mübarizəsini haqlı olaraq hüquq və qanunlar çərçivəsində dinc mübarizə metodları ilə təsəvvür edən müxalifətin mövcud şəraitdə bundan artıq nə isə etməsi mümkünsüzdür. Geniş vətəndaş fəallığı baş vermədikcə, bu imkanlar məhdud olaraq qalacaq. Belə bir ortamın yaratdığı siyasi durğunluğu ənənəvi yanaşmalarla aşmaq xeyli mümkünsüz göründüyü üçün haqlı olaraq yeni yanaşmalar tətbiq edə bilən yeni qüvvələrin yaranmasına gözləntilər artmaqdadır. 

                         “Yeni qüvvə” anlayışı ilə ilk tanışlığım
   
Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, ölkə siyasətində “yeni qüvvə” anlayışı ilə ilk tanışlığım təqribən 18 il öncəyə, 1998-ci ilə təsadüf edir. O zaman siyasi fəaliyyətlə yanaşı, həm də müxalif yönümlü Gənc Demokratlar Hərəkatı adlı kütləvi gənclər təşkilatına rəhbərlik etdiyim üçün tez-tez gündəmin mövzuları ilə bağlı medianın suallarını cavablandırırdım. 

Həmin dövrü xatırlayan hər kəs təsdiq edər ki, o zaman eks-prezident AXCP sədri mərhum Əbülfəz Elçibəy Prezident seçkisi öncəsi fəal siyasi mübarizəyə rəhbərlik edirdi və ümumiyyətlə, müxalifətin yüksəliş dövrü başlamışdı.  Xüsusilə də siyasi proseslərdə gənclərin çəkisi sürətlə artırdı. Hər iki siyasi düşərgə gənclərə yönəlik fəal siyasət aparırdı. 
1997-ci ildə təsis olunan “Gənclər günü”nün ildönümündə eks-prezident mərhum Heydər Əliyevin öz çıxışında səsləndirdiyi “ölkə gənclərinin siyasətdə yeni qüvvə kimi ortaya çıxmasına ehtiyac olduğu” tezisi gənclər arasında geniş müzakirəyə səbəb olmuşdu. Bu fikirin ətrafında açılan müzakirələrdə mən də GT-nın rəhbəri kimi iştirak etmişdim və o zaman nəşr edilən “Axşam” qəzetində bu mövzuya münasibətim ifadə olunan geniş müsahibəm də nəşr olunub. 

Həmin ərəfədə hətta müxalif partiyaların daxilində də “yeni qüvvə” anlayışı ətrafında süni müzakirələr aparılır, yeni-yeni partiyaların yaranması, özünü üçüncü qüvvə kimi topluma təqdim etmək cəhdləri kifayət qədər populyar idi. 

Bir müddət siyasi gündəmdə dolaşan “yeni qüvvə” tezisi hakimiyyət daxili müəyyən siyasi addımlardan, xüsusilə də 1999-cu ildə İlham Əliyevin YAP sədrin 1-ci müavini seçilməsindən sonra  gündəmdən müvəqqəti olaraq çıxarıldı. Konkret olaraq bu tezis o zaman birmənalı olaraq iqtidarın yeni görüntüdə davam etməsinə xidmət etdi. 

           “Yeni qüvvə” tezisinin ikinci dəfə aktuallaşması

“Yeni qüvvə” tezisinin ikinci dəfə aktuallaşması 2005-ci ildə müxalifətin ətrafında nəhəng güc mərkəzinin yaranması və real alternativə çevrilməsi prosesininin yüksəldiyi dövrə təsadüf edir. İqtidar hərbi-polis və iqtisadi gücə tam sahib olsa da ictimai fikirdə siyasi oponentlərinə ciddi şəkildə uduzurdu.

Narıncı inqilabların dalğasında meydanlarda kütləvi etirazlardan doğan müxalif gücün hakimiyyət üçün törətdiyi siyasi təhlükəni önləmək məqsədilə polis zorakılığı ilə yanaşı, “yeni qüvvə” təbliğat tezisləri də gündəmə qaytarıldı. Toplumda belə rəy yaradılırdı ki, MDB məkanında baş verən hakimiyyət dəyişikliklərini o ölkələrdə mövcud olan “yeni qüvvə” lər reallaşdırdı və ənənəvi siyasi qüvvələrlə bu işin perspektivi yoxdur.

Repressiv metodlardan istifadə edərək müxalifətin zəiflədilməsi ilə paralel, “yeni qüvvə” tezisləri ərtafında total təbliğat kampaniyası da aparıldı. Hətta, bu müzakirələrə müxalifətin daxilindən də dəstək almaqla medianın gücü ilə ictimai fikri xeyli dərəcədə istiqamətləndirmək mümkün oldu. 

                   “Yeni qüvvə” tezisi təkrar gündəmə qayıdır...  
  
Üçüncü dəfə “yeni qüvvə” tezisinin təkrar gündəmə gəlməsi aktuallaşmaqdadır. Ölkədə dərin maliyyə-iqtisadi böhranı hökm sürür, sosial-siyasi gərginlik pik həddədir, geosiyasi maraqların regiona fokslanması prosesi başlayıb. Bu gərginliklər fonunda 2018-ci ilin növbəti Prezident seçkisi və 2020-ci ilin parlament seçkisi çox təlatümlü dövrə təsadüf edə bilər.

İqtidar yetkililəri anlayır ki, belə sosial-siyasi gərginlikdə 23 il iş başında olan eyni komanda ilə Prezident və parlament seçkisinə getmək çox böyük siyasi risk yarada bilər. Mövcud komanda toplumun etimadını kifayət qədər itirib. Ən yumşaq ifadə etsək, tamamilə korrupsiyaya uğramış, monopolist, faydalı iş əmsalı sıfırın altına düşmüş bir imic daşıyır. Belə bir komanda ilə demokratik seçkiyə girmək ən ağır məğlubiyyətlə yekunlaşar.

Odur ki, hələlik ciddi nəzərə çarpmasa da, hansısa daxili dəyişikliklərə hazırlıq işlərinə start veriləcəyini də gözləmək olar. Yəqin ki, yaxın vaxtlarda komandanın zahiri görünüşünə də nəzərə çarpacaq əl gəzdirilməsi mümkündür. Əks halda hökumətin keçirəcəyi seçkilərə beynəlxalq münasibət daha da kəskin olacaq.
Bununla yanaşı, həm müəyyən qanunvericilik islahatları, həm də siyasi gediş imitasiyası ilə mövsimi siyasi situasiya da yaradıla bilər.

İlk növbədə, “yeni qüvvə” tezisi ilə diqqəti müxalifətin əsas güc mərkəzindən yayındırmağa və şirnikləndirici gedişlərlə etirazçı fəal elektoratın əsas qüvvə ətrafında birləşməsinin qarşısını almağa cəhd ediləcəyi istisna deyil.
Çünki müxalifətin uzun zaman dəyişikliklərə nail ola bilməməsinin toplumda doğurduğu təbii mənfi ictimai rəy mövcuddur və bu hal, doğrudan da, ənənəvi müxalifətin zərərinə işləyir. Həm də belə bir rəyin möhkəmləndirilməsi üçün iqtidarın nəzarətində çalışan gizli mərkəzlərin olması da istisna deyil.

Dəyişiklik arzusunda olan insanların, xüsusilə də gənclərin müəyyən bir qismi yanlış olaraq belə düşünür ki, ənənəvi müxalifətin meydandan çəkilməsi ilə bəlkə də köklü dəyişikliklərə nail olmaq mümkün olacaq. Durumun təhlili onu göstərir ki, yaxın vaxtlarda elə bir siyasi situasiya yarana bilər ki, iqtidarın gizli təbliğatçıları ilə, səmimi olaraq özlərini “yeni qüvvə” hesab edənlərin təbliğatçıları arasında razılaşdırılmayan bir ittifaq yaranar.

İndiyədək hər hansı dəyişikliklərin baş verməməsinin səbəblərini ənənəvi müxalifətin rolu kimi topluma qəbul etdirmək istiqamətində total fəaliyyətə start veriləcəyi də istisna deyil. İqtidarın belə bir planının olması ehtimalı əlbəttə ki, səmimi şəkildə ortaya çıxmağa cəhd edən yeni şəxslərdən şübhələnmək üçün əsas olmamalıdır. Toplumun sürətlə təşkilatlanması üçün bütün təşəbbüslər şəffaf şəkildə davam etməlidir. İstənilən halda “yeni qüvvə”nin gerçək hədəfi qısa zaman içərisində siyasi münasibətlərdə özünü göstərəcək.
(mövzunun davamı var...)