29 Şubat 2016 Pazartesi

Siyasəti kənardan izləyən toplum təhlükəsiz yaşaya bilməz!

   Siyasəti kənardan izləyən toplum təhlükəsiz yaşaya bilməz!


Ölkədəki real sosial-iqtisadi böhranın toplumun siyasətə münasibətinə necə və nə zaman təsir edəcəyi mütəxəsislər tərəfindən təhlil edilməkdədir. Yaranmış durumdan çıxış yolları ətrafında müzakirələr intensivləşsə də xalqın siyasi fəallığı istiqamətində geniş təşəbbüslər hələki müşahidə edilmir. Fərdlərin siyasətə münasibəti ilə toplumun inkişafı arasında birbaşa əlaqə olduğunu nəzərə alaraq, bu barədə müzakirələrin faydalı olduğu qənaətindəyik.

                     Siyasət kimin silahı, kimin zirehidir?

Siyasətə geniş tərif verib onun tarixini və mahiyyətini yenidən izah etməyə yəqin ki lüzum yoxdur. Sosial şəbəkələrdən və digər internet resurslarından istifadə edən oxucu auditoriyası üçün bu, kifayət qədər tanış terminologiyadır.

Tarixə nəzər saldıqda adətən işğalçı dövlətlərin öz müstəmləkələrində yaşayan xalqlara siyasi fəaliyyətin qapılarını bağladıqlarını görürük. Hətta, əksər zamanlarda yerli əlaltıları vasitəsilə, bu məhdudiyyətlərə uzun müddətli nail də olublar. Siyasi proseslərdən uzaq tutulan xalqların üzərində hər cür eybəcər ekspermentlər çox asanlıqla həyata keçirilib. Tarixdə buna aid onlarla misal gətirmək mümkündür. Sadə xalqın siyasətə qoşulmasının qarşısı daim müstəmləkəçilər tərəfindən planlı şəkildə alınıb, onlara siyasətin “çirkin peşə” olması aşılanıb, siyasətdən uzaq durmaq alqışlanan davranış olubdur. 

Müstəmləkəçilər tərəfindən müxtəlif üsullarla toplumu siyasətdən uzaq tutmağa şirnikləndirmək ənənəsi də kifayət qədər sınaqdan keçmiş metoddur. Siyasətə etinasız qalan toplum müstəmləkəçiliyin parlaq qələbəsinin təzahürüdür. Sosioloji tədqiqatlar göstərir ki, təkcə müstəmləkəçilər deyil, avtoritar rejimlər də öz xalqını siyasətdən uzaq tutmaqla idarə etməyə üstünlük verir. Əksər diktatorlar üçün öz xalqının dəyəri mal-mülkün dəyərindən aşağıdır. Onunla necə gəldi davranır. Toplum anlamalıdır ki, siyasət imtiyazlı kəsimin silahı və zirehi olamaqdan daha çox, ləyaqəti alçaldılmış insanların azadlığını, hüquq və təhlükəsizliyini qoruyan silahı və zirehidir.

Siyasətə alət olmaqla, siyasətə resurs olmağı qarışdırmaq olmaz.

Ölkəmizin real sosial-siyasi mənzərəsinə nəzər salsaq qarşımıza çıxan durum çox acınacaqlıdır. Tətbiq edilən məqsədyönlü siyasətin nəticəsində vətəndaşların siyasi qurumlara inamının sarsılması, hüquq və azadlıqlarına, firavan və təhlükəsiz yaşamalarına biganəliyi adi həyat normasına çevrilib. Ölkənin şüurlu insanları unutmamalıdır ki, toplumun bu durumundan qazananlar ölkənin yüksəlişinə düşmən kəsilən çevrələr olacaq.

20% torpağı işğalda olan, əhalisinin əksəriyyəti yoxsulluq həddində yaşayan, ədalətli məhkəmə və hüquq mühafizə sistemindən məhrum edilmiş, sərvətləri israfçılıqla talan edilən bir toplumun siyasətə qarışmamağı fəlakətdir. Belə bir durumda olan ölkənin vətəndaşları siyasətə qarışmamağı yüksək səslə və bəzən hətta qürrələnərək deməsi acı istehza doğurur. Narkotik istifadəçilərinin uyuşdurucu təsir altında yaşadığı müvəqqəti “xoşbəxtlik” sindromunu təəssüf ki toplumda izləməkdəyik.

Siyasətdən uzaq durmalarına açıq və gizli bəraət qazandıranlar üçün ən böyük bəhanə budur ki, siyasi partiyalara və siyasətçilərə güvənmirlər. Siyasətəçilərə alət olmaqdan, aldanmaqdan özlərini qoruyurlar. Əslində, bu tezislərin səmimi müəllifləri özləri də bilmədən irticaya xidmət edirlər. Unutmamalıyıq, insan psixologiyasında sübut olunub ki, özlərinə güvəni olmayan insanlar bir qayda olaraq başqalarına güvənə bilmir və ictimai fəallığa tərəddüd edirlər. Aparılan təhlillər onu göstərir ki, bu tezislərin müəllifləri geriçi siyasətin senaristləridir. Bir qism siyasi hazırlıqlı şəxslər, bu tezislərin məqsədyönlü yayıcıları olduğu halda, digər qism də onların səmimi olaraq toruna düşən vətəndaşlarımızdır.

Əlləri qoynunda hökumətin atacağı addımları izləyən, fərdi qaydada öz problemlərini çözmək üçün ora-bura vurnuxan, intihara, cinayətə daha çox meyl edən toplumun hələ də siyasətə biganə qalması geriçi siyasətin “uğuru” sayıla bilər. İqtidar öz siyasi maraqlarının təminatı yolunda insanları bir alət kimi istifadə etməkdən qətiyyən çəkinmir. Əmindir ki, siyasi yetkinliyi olmayan toplum bundan fərqli münasibətə layiq deyil. Siyasətə alət olmaq yox, resurs olmaq üçün insanlar ya müstəqil ictimai-siyasi fəallıq göstərməli, ya da kütləvi şəkildə müxalif siyasi partiyalarda birləşərək mübarizə aparmalıdır.

             Dəyişmək üçün inam təşkilatlanmadan keçir.

Yaranmış aporia vəziyyətində müxalifəti qınayanların da az olmadığını nəzərə alaraq bu məsələyə də səthi fikir ifadə emək istərdik. Müxalifət demokratik toplumun siyasi institutunun bir həlqəsidir. Real stüasiyanın yaranmasında müxalifətin həddindən artıq qınanmasını haqlı hesab etmədiyimizdən, bu istiqamətdə sərt tənqidi tezisləri də ədalətli hesab etmirik. Demokratik siyasət müstəvisinin olmadığı və geniş xalq kütlələrinin siyasətdən uzaq durduğu bir ortamda qanunları rəhbər tutan və demokratik mübarizə metodlarını mənimsəmiş müxalif partiyalar topluma bundan artıq töhfə verə bilməz.

İddialı, real gücü, strukturları olan müxalifət indiki durumda ictimai qınaqdan çəkinmədən zəiflədiyini xalqa bəyan etməli, özünün güclü olması ilə bağlı iddialı tezisləri dəyişməlidir. Güclüyük deməklə, güc qazanılmır. Onsuz da narazı xalq müxalifətin real vəziyyətini bildiyi halda, real olmayan bəyanatları anlamağa çətinlik çəkir. Əksinə, xalqa zəifləməklə bağlı səmimi müraciət edilərsə, bu zəifləmənin müxalifətdən daha çox əhaliyə mənfi təsirləri izah olunarsa daha yaxşı effekt əldə etmək olar. Müxalifət hər bir insana səmimi müraciət ünvanlamalı, onlardan fərdi kömək istəməli, siyasətə qoşulması üçün yeni diqqətçəkən addımlar atmalıdır.  

Mövcud şəraitə uyğun yeni təbliğati-təşkilari konsepsiya hazırlanmalı, hər bir vətəndaşa rahat və təhlükəsiz çatım imkanları nəzərdən keçirilməlidir. Siyasi fəaliyyətin ən əsas resursu insandır. Odur ki, siyasi fəaliyyətin yeni müstəvisini yaratmaq üçün xalqın yenidən kütləvi təşkilatlandırılması istiqamətində konseptual yanaşma olmalıdır. Biz böyük potensialı olan toplumuq. Ən ağır şərtlər altında təşkilatlanıb, hərəkətə keçmək nümunəsini həm özümüz yaratmışıq, həm də ətraf qonşularımızda onlarla belə müsbət nümunələr var. Xalq hər zaman siyasətin hazır komponentidir, onu hərəkətə gətirəcək ideya, siyasi tezislər və təşkilatçılar olmalıdır. Müstəqil və cəsarətli ziyalılar, sosioloqlar, politoloqlar, siyasətçilər yeni bir ictimai-siyasi “yol xəritəsi” hazırlamalıdırlar. Hal-hazırda yeni innovasiyalardan maksimum yararlanmaqla xalqa sərbəst və keyfiyyətli çatım imkanları xeyli çoxdur. Həm də əlverişli sosial-siyasi şərait yetişib. Toplumu arxasınca aparmağa qadir olan müxalif qurumlar yalnız öz hədəfinə baxmalı, hər sözləri və davranışları ilə üzvlərinə, tərəfdarlarına mübarizə əzmi verməli, dəqiq ünvan göstərməlidirlər. Qənaətimiz bundan ibarətdir ki, sadə əhaliyə yönəlik səmimi və intensiv əlaqələr olduqca müsbət nəticə verə bilər.

22 Şubat 2016 Pazartesi

Hüquqsuz yaşamağa vərdiş edənlər köləliyin bir addımlığındadır!

Hüquqsuz yaşamağa vərdiş edənlər koləliyin bir addımlığındadır.

Cəmiyyətiçi münasibətlərin taksonomiyası çox qədim tarixi köklərə, ənənələrə bağlı olsa da, sosiologiyası həmişə müasir və maraqlı araşdırma mövzusudur. Odur ki, hələ də sosiologiyanın hər iki ontoloji cərəyanı (obyektivizm və konstruktionizm) tərəfindən bu sahədə çox maraqlı və əhatəli elmi araşdırmalar aparılmaqdadır.

Çağdaş idarəetmə konyukturası müxtəlif olsa da, elmi texniki tərəqqinin və innovativ resursların təsiri ilə müsbətə doğru çox sürətlə dəyişməkdədir. Dünyanın mütərəqqi siyasi düşüncəsi insanların azadlığı, rifahı və təhlükəsizliyi üzərində təşəkkül tapan idarəetməni mənimsəməkdədir. Bu idarəetmə mexanizmi insanların düşüncə və hərəkətlərində, cəmiyyətdəki institutlar üzərində hakimiyyətin təsirini azaltmaqla ciddi uğurlara imza atıb. Müasir demokratik idarəetmənin insanların fərdi psixologiyasına, yaradıcılığına, fəaliyyətinə, təşəbüskarlığına, hətta toplumun həmrəyliyinə və sağlamlığına ciddi müsbət təsirləri tam sübut olunub. Nə qədər qəribə səslənsə də sağlam, savadlı, ağıllı toplumun əsas immuniteti açıq, şəffaf və kollegial idarəetmədir.

                                   Avtoritarizm azad düşüncənin qənimidir.

XX əsrin despotizmi adlanan və ictimai həyatın bütün sahələrini sərt dövlət nəzarətinə tabe etdirən, totalitar idarəetməyə sadiq qalan rejimlər təəssüf ki, hələ də mövcuddur. Tarixin təkərlərini saxlamağa uğursuz cəhd edən belə liderlər, diktatorlar bu köhnəlmiş idarəetmə ideologiyasının altında bir-bir əzilib məhv olmaqdadır. Lakin, bütün pis nümunələrə baxmayaraq iqtisadiyyat, silahlı qüvvələr, media, məhkəmə və parlament üzərində vahid nəzarəti saxlamaq, habelə cəmiyyəti kütləvi represiyalarla boğmaq ənənəsindən imtina etmirlər. Belə rejimlər vətəndaşlarda özünə qarşı sadəcə itaət yox, həm də toplumda hakimiyyətə pərəstiş, insan hüquqlarına hörmətsizlik və qarşıya çıxan sosial-ictimai məsələləri sadəlövhcəsinə anlamaq psixologiyası formalaşdırır.

İnsanaların uzun müddət avtoritar idarəçilkidə yaşaması onların önündə hündür divar, sədd yaradan təfəkkür stili formalaşdırır. Əksəriyyət bu divarın əks tərəfini nə görə bilir, nə də görməyə təşəbbüs göstərir. Ölkənin düşdüyü ağır durumda heç kəs özünü suçlu bilmir. Nə belə vəziyyətin yaranmasında, nə də düzəldilməsində öz rolunu təsəvvür edir. Düşünür ki, o evdar qadındır, fəhlədir, işsizdir, təqaüdçüdür, müəllimdir, tələbədir, həkimdir, məmurdur və s. Həmişə başını aşağı salıb öz işləri ilə məşğul olub, o günahsızdır, tər-təmizdir, onun edə biləcəyi bir şey yoxdur. Yalnız siyasi iddiası ilə öndə olan fəal şəxslərdən umur ki, mütləq onlar nə isə etməlidir. Açıq və gizli qınaqlarının hədəfi də istisnasız olaraq kənardadır. Belə toplumu sabit sosial-siyasi şəraitdə öz gücünə inandırmaq, məsuliyyətli vətəndaşa çevirmək ictimai-siyasi institutlardan xeyli zaman və resurs tələb edir. Lakin, təcrübələr göstərir ki, ənənəvi yaşam standartlarına təsir edən böhran toplumu sürətlə ictimai-siyasi proseslərə sürükləyir və cəmiyyətiçi proseslərdə iştirakçıya çevirir. Qaşığı əlindən alınmış toplumun sosial-iqtisadi çətinlikləri artdıqca öz qaşığını axtarması və yemək tələb etməsi xeyli aktuallaşacaq. İnsanlar əllərini daşın altına qoymadıqları sürəcə kimsə onların əvəzindən bunu etməyəcək. Bu, sınaqdan keçmiş bir sosiologiyadır.

Avtoritar rejimlərin apardığı əzici siyasət ilk mərhələdə toplumun birliyini ciddi şəkildə sarsıdır və onu iki hissəyə ayırır.
Birincisi, toplumda azlıq təşkil etsə də cəsarətli, təşəbbüskar, hüquqsuzluqla barışmayan, prinsipial vətəndaş olmaqla ardıcıl mübarizə aparmaq yolunu tutan, hakimiyyəti çəkinmədən tənqid edən və davamlı olaraq rejimin təyziqləri ilə üzləşənlərdən ibarətdir.
İkincisi isə böyük çoxluq təşkil etsə də rejimin siyasətinə etiraz etməyən, hüquqsuzluğa boyun əyən, bəzən qorxaqlıq, acizlik, tamahkarlıq, yaltaqlıq nümunələrinə əl çalmaqla, belə halları qınamamaqla, üzərinə düşən vəzifəyə məsuliyyətsiz yanaşmaqla pisliklərə fürsət verib və ölkənin acınacaqlı duruma düşməsində dolayısı ilə vasitəçi olanlardır.

Avtoritar hakimiyyətlər azlıqda olan mütərəqqi hissəni ardıcıl olaraq əzməklə uzun müddət iqtidarlarını sürdürmək arzusunda olsalar da, çağdaş dünyada bu siyasətin perspektivi qalmayıb.
O da həqiqətdir ki, beynəlxalq təcridlə uzun müddət davam edən avtoritarizm toplumu ram etməyə, ictimai-siyasi institutları tamamilə məhv etməyə nail ola bilir. Son illər dağıdıcı inqilablarla sona çatan rejimlər hamısı bu “qələbəni” qazanmış və öz xalqını kölə etmək yolunun yolçuları idi.

                  Avtoritarizmin ram etdiyi xalqlar sahibsiz qala bilmir.

Sosioloji tədqiqatlar göstərir ki, avtoritar idarəçilik xalqı tədricən “uşağa” çevirir. Uşaqlarda olan xüsusiyyətlərin əksəriyyəti xalqın davranış və yanaşmalarında özünü göstərir. Uşaq kimi tez sevinir və kədərlənir, bir anlıq qızışır və soyuyur, unutqandır, asanlıqla aldanır, küsür, məsuliyyətini dərk etmir, qorxaq olur, sığal-tumar umur, nə istədiyini dəqiq dərk etmir, ərköyünlük edir, əyləncəyə, şouya və parıltılara meyilli olur, düşünməyi beyninə yük etmək istəmir. İstəyir ki kimsə onu yedizdirib-içirtsin, qayğısına qalsın, qucağında gəzdirsin və hətta döyülməsi də qüruruna toxunmur. 

Avtoritarizmdən əziyyət çəkən dünya xalqlarının bir çoxunda bu sindrom müşahidə edilməkdədir. Belə duruma salınmış xalqa "sahib çıxmaq", ədalətli tənqidlərdən "qorumaq" ənənəsinə son vermək, qucaqda gəzdirmək iddiasından qəti şəkildə imtina etmək lazımdır. Ona təminatlı yaşayan xalqların nümunəsini aşılamaq, aydın hədəflərə istiqamətləndirmək və qucağa götürməmək zəruridir. “Uşaqlaşan xalq” qürurlu ola bilmir, özü yerimək, işləmək, qazanmaq, döyüşmək, mübarizə etmək istəmir, rahat qucaq axtarır ki otursun, sahib axtarır ki sığınsın.

Adətən bir çox siyasətçilər ictimai qınaqdan çəkinərək, özlərini “vətənpərvər” göstərir, saxta millətçiliklə bəyan edirlər ki, xalqı heç bir məsələdə tənqid etmək olmaz. Maraqlıdır, görəsən niyə? Bu hansı politoloji qanuna uyğunluqdur? Qətiyyətlə deyə bilərik ki, bu, çox yersiz və əsassız “sahiblənmədir” Öz vəzifəsini icra etməyən hər bir şüurlu tərəf tənqid olunmalıdır, o cümlədən də xalq. Əgər bir ölkə acınacaqlı durumdadırsa, mütləq əsas günahkarlardan biri məhz xalqın passiv çoxluğudur. Xalqların müəyyən tarixi nailiyyətlərə imza atması, nəhəng tarixi şəxsiyyətlərinin olması onları arxayınlaşdırmamalıdır. Gecə-gündüz öz taleyinə sahib çıxmalı, ona xidmət edən idarəetmə mexanizminin yaradılmasına dəstək olmalıdır.

Təəssüf ki son illər xalqımızın da davranışında çox qorxulu tendensiyalar, laqeydlik, tənbəllik, çarəsizlik, acizlik müşahidə edilməkdədir. Əsasən ən vacib ictimai-siyasi proseslərdə də xalqımız özünü tamaşaçı kimi görür. İqtidar və müxalifət arasında gedən mübarizəyə kənardan baxmaqla özünü hakimiyyətin mənbəyi olmaqdan təcrid edir. Proseslərdən kənarda dayanan sadə insanlar elə bilirlər ki bununla özlərini qoruyurlar. Əslində isə ən sağalmaz yaranı özlərinə, ailələrinə və övladlarına vururlar. Xalq qanunların imkan verdiyi formada mütləq təşkilatlanmalı və hüquqlarının təminatına nail olmalıdır. Sosioloji tədqiqatlar sübut edir ki, hüquqsuz yaşamağa vərdiş edən insanlar koləliyin bir addımlığındadır. Kölə psixologiyasında olan insanlar nə zaman ayağa qalxsa topluma ağır fəlakət gətirir. Gələcəyimizi fəlakətlərdən, faciələrdən qorumaq üçün yubanmadan iqtidar topluma geniş siyasi azadlıqlar verməli, xalq isə etimad göstərdiyi siyasi qurumların ətrafında təşkilatlanmalıdır.



11 Şubat 2016 Perşembe

Yoxsullaşan toplum böhrandan hansı çıxış yolunu seçəcək?


Ölkədə mövcud olan böhran bütövlükdə dövlət sektorunu əhatə etməklə yanaşı, həm də günü-gündən dərinləşməkdədir. Elə bir ailə yoxdur ki, bunu öz yaşamında hiss etməsin. Hətta böhranın mahiyyətindən doğan fərdi və kollektiv ictimai-siyasi təşəbbüslər də genişlənməkdədir. Vəziyyətin belə davam etməsi toplumu hansı istiqamətə meylləndirəcək, hansı yeni siyasi nəticələr doğuracaq? Toplumu vahid hədəfə kim və necə səfərbər edə bilər? Təbii ki bu sualların hamısını bir yazı ilə ətraflı cavablandırmaq çətin olsa da qısaca ümumi durumu analiz etməyə çalışacağıq. Növbəti yazılarımızda məsələlərin daha dərin təhlilinə cəhd edəcəyik.




                     Durumu bu həddə çatdıran səbəblərə qısa nəzər salaq

İqtidar toplum üzərində anti-demokratik siyasətini sistemli və ardıcıl həyata keçirməyə nail ola bilib. Bu siyasətin uğurla həyata keçirilməsində onların ən böyük müttəfiqi demokratik vərdişlərə yiyələnməyən, öz hüquq və azadlıqlarına etinasız yanaşan, siyasi təfəkkürdən yoxsul olan, asan varlanmaq və işini həll etmək üçün rüşvətxorlarla ortaqlıq edən toplum olub. İqtidar toplumun bu "məmnun halı”ndan maksimum yararlanaraq dövlətin resursları ilə hakimiyyətini gücləndirməkdə ciddi fürsət kimi yararlandı. İlk növbədə toplumun iqtidara alternativ kimi qəbul edə biləcəyi siyasi institutlar zəiflədildi və təməl hüquqların qorunduğu qanunvericiliyin bütün pillələrində mürtəce tənzimlənmə aparıldı. Ardınca azad medianın boğulması, sərbəst toplaşma və birləşmə azadlıqlarının faktiki yox edilməsi, vətəndaş cəmiyyətinin əsas sütunu olan müstəqil QHT-lərin sıradan çıxarılması, vətəndaşların və ictimai-siyasi qurumların özünüifadə müstəvisinin daraldılması mərhələsi aparıldı. Toplum isə bütün bu baş verənlərə tamaşa etməkdən sanki məmnun görünürdü. Ölkənin gələcəyi ilə bağlı narahatlıqları ifadə edənlərə dəstək vermək əvəzinə bu fəlakəti gətirənlərə öz seyriçiliyi ilə dəstək verdi. İqtidarın bu "uğuru”nun təhlükəli nəticələri indi artıq özünü daha açıq biruzə verməkdədir və hər kəs öz üzərində təhlükəni hiss edir. Yetkin xalq özü seçmədiyi hökumətin heç bir vədinə inanmamalı olduğu halda bizdə əksi baş verdi. Bu gün xalqımızın yaşadığı maddi və mənəvi problemlərin tamamı bu məntiqsiz yanaşmadan qaynaqlanır. Demokratik idarəetməyə can atmayan, təşkilatlanmış siyasi qrumlara dəstək verməyən toplum mənəvi və maddi çətinliklərdən, hakimiyyətin təyziqlərindən qurtula bilməz.

       Böhranın davam etməsi toplumu hansı istiqamətə meylləndirəcək

Dağınıq və kortəbii etirazların yeni müstəviyə keçməməsinin səbəbləri aydındır. Bu, hökumətin daxili qoşunları tam döyüş hazırlığı ilə dinc insanların üzərinə yeritməsi və bütün zorakı vasitələrlə etirazları yatırması, kiçik də olsa güzəştlər etməsi və proseslərlə bağlı alternativ qüvvələrdən təşəbbüslərin olmaması hesabına müvəqqəti mümkün olub.
Qeyd etdiyimiz kimi, bu hal müvəqqəti olmaqla yanaşı, həm də yeni hazırlıq mərhələsinə keçiddir. Bizim üçün də maraqlıdır ki, ölkədə ictimai-siyasi müzakirələrə münbit şərait yaradan bu ərəfəni alternativ qüvvələr ciddi dəyərləndirməyi bacaracaqlarmı?
Müxalifət haqlı olaraq toplumun əhval-ruhiyyəsi və arzusu ilə deyil, öz strateji planlaşdırması ilə hərəkət etməkdə qərarlı görünür. Toplum elə bir durumdadır ki, ən kiçik güzəşt, parıltılı vədlər belə ona yanlış istiqamət verə bilir. Odur ki, heç bir halda müxalifət toplumun arxasınca getməməli, onu öz məqsədlərinə doğru çəkməyi bacarmalıdır.
Müşahidələrimizə əsasən deyə bilərik ki, toplumun ən aciz və avtoritarizmin tamamilə ram etdiyi hissəsi ənənəvi sükunət halını son anadək qoruyub saxlayacaq. Onlar da hökumət üzvləri kimi əlləri qoynunda neftin qiymətinin yenidən yüksələcəyini gözləyəcəklər.
Hakimiyyətin siyasətini dəstəkləyib ondan bəhrələnənlər də müəyyən istisnalarla hökumətə qarşı etirazlara meyl etməyəcəklər. Mövsümi atəşfəşanlıqları, gül bayramlarını, idman yarışlarını şövqlə izləyib, hüquqsuzluq şəraitində xoşbəxt yaşamağın nümunəsini yaradanlar da toplumun etirazlarına qoşulmayacaq. Ümumiyyətlə, toplumun bu kəsimi adətən müstəqil ictimai-siyasi təşəbbüsləri dərk etməyə çətinlik çəkir.
Toplumun nisbətən fəal, savadlı və anlaqlı kəsimi bu idarəetmənin davam etməməsi üçün yeni təşəbbüslərə və dəyişikliklərə mütləq dəstək verəcək. Hətta müxalifətin ətrafında təşkilatlanmaya meyllər də yüksələcək. İndiyədək baş tutmuş etirazlarda iştirak edən insanlar anlayır ki böyük hərbiləşmiş nizamı qüvvələrin qarşısında kortəbii etirazlarla bundan artıq müqavimət göstərə bilməyəcəklər. Problemlər isə günü-gündən artır, yaşamaq çətinləşir,  ailədaxili və cəmiyyətiçi münasibətlər kəskinləşir. Bəs nə etməli ki, vəziyyətdən çıxmaq mümkün olsun? Bu suala etiraz potensialı olan insanlar arasında hələlik vahid cavab yoxdur. Amma tezliklə bu sualların aydın cavabını toplumun sağlam kəsimi ortaya qoyacaq.

İqtidar proseslərin normal demokratik müstəvidə davam etməsində qətiyyən maraqlı görünmür. Bütün plan və isterik hazırlıqlar onun üzərində quqrulub ki toplumu qeyri-stabil durumla şantaj edib, siyasi təşəbbüsləri və tələbləri dəstəkləməkdən çəkindirsin. Bu təbliğatın təsiri altında müxalifəti də, toplumun fəal kəsimini də asanlıqla boğa bilsin. İqtidarın xarakterini, davranışlarını, yanaşmalarını illərlə müşahidə edən şəxslər durumun çox mürəkkəb olduğunun fərqindədir. Həm iqtidardaxili problemlər, həm cəmiyyətdaxili sosial-ictimai gərginliklər, həm də regional və beynəlxalq durum çox qarışıqdır. Anlaşılan budur ki, hökumət gələcək sosial-siyasi təlatümləri önləmək üçün yalnız güc üzərindən hazırlıq aparır. Təəssüf ki, bu gün "cəhənnəmə” çevrilən ərəb coğrafiyasındakı rejimlər də cəmiyyətdaxili münasibətlərin yalnız güc müstəvisində həllini təsəvvür edirdi. Dinc siyasi tənzimləmələri qəbul etməyən rejimlər başqa alternativ tətbiq edə bilmir. Belə bir şəraitdə topluma elə istiqamət verilməlidir ki, çoxluğun onu qəbul etməsi çətin olmasın və bu istiqamətdə təşəbbüslərə qoşulsun.

                              Bəs topluma bu mesajları kim verməlidir?

İlk baxışda toplumun lokomotivi olan ictimai-siyasi institutlar yada düşür. Dövlət və toplum adına bütün hallarda bunun alternativi yoxdur. Müəyyən təcrübələrə istinad etsək, nə beynəlxalq dairələrin, nə də dini qrupların mesajları toplumu arzu olunan demokratik hədəflərə aparıb. Odur ki, bu mesajların daxili auditoriyadan alınması ən effektli nəticə yarada bilər. Bunları səthi ümumiləşdirsək təxmini belə bir siyahı müəyyən edə bilərik. İqtidar, müxalifət, vətəndaş cəmiyyəti, ziyalılar və xalqın hansısa nümayəndələri. 

İqtidar təmsilçiləri mütəmadi olaraq topluma yönəlik çıxışlarında ardıcıl və sistemli etimad zədələnməsi ilə yadda qalıb. Hökumətdə elə bir səlahiyyətli şəxs qalmayıb ki, onun dediklərinə toplumu inandırmaq mümkün olsun. Xüsusilə də manatın aqibəti ilə bağlı, sürətli iqtisadi inkişaf tendensiyası, yeni iş yerlərinin açılması, sahibkarlara hərtərəfli yardım göstərilməsi adlı bütün bəyanatlar real həyatda əks nəticə doğurub. Həmçinin böhranın acınacaqlı səbəbləri iqtisadi amillərdən çox, siyasi-idarəetmə qüsurlarından qaynaqlandığını da toplum anlamaqdadır. Bütün bunlardan sonra hansı ağlı başında olan insanı inandırmaq olar ki, hökumət sənə doğru yol göstərir. Düşdüyün ağır durumdan çıxmaq üçün mütləq onun təklif etdiyi yolu getmək lazımdır. Hələ də iqtidarın real duruma baxışı qeyri-müəyyəndir. Gah böhran etiraf olunur və ondan çıxış yolları istiqamətində kosmetik addımlar atılır, gah da ümumiyyətlə böhran olduğu qəbul edilmir. Hökumət üzvləri əlləri qoyunlarında gözlərini dikiblər neft birjalarına ki bəlkə neft bahalaşdı və idarəetməyə beləcə davam etmək mümkün oldu. Bir qədər sərt səslənsə də, müşahidələr göstərir ki iqtidarın topluma verdiyi bütün mesajlar istehza ilə qarşılanır.

Müxalifət adına iddia edənlərin sayı çox olsa da, onlardan yalnız bir neçəsi ictimai rəyə və toplumun müəyyən siyasi aktiv hissəsinə təsir etmək imkanına malikdir. Müxalifətin fəaliyyəti elə həddə kimi məhdudlaşdırılıb ki, nəinki sadə əhali, hətta öz üzvləri ilə də təmaslara imkanı yoxdur. Çoxsaylı üzvləri həbs edilən, fəaliyyət müstəvisi əsasən əlindən alınan müxalifəti hansısa zəruri mesajları canlı olaraq topluma çatdırmamaqda qınamaq indiki halda çox yersizdir. Müşahidələr göstərir ki, toplumun müəyyən fəal kəsimi çətinliklə olsa da müxalifətin mesajlarını ala bilir. Bu mesajlar sadə insanların müxalifətə etibarını və rəğbətini qazandırsa da, hələ ki hərəkətə gətirməyə yetərli deyil. Müxalifət əhaliyə geniş çatım imkanı əldə edərsə, heç şübhəsiz ki toplumun fəal hissəsini istiqamətləndirməsi mümkün ola bilər.

Vətəndaş cəmiyyətinin də ölkəmizdə tam təşəkkül tapmasına iqtidar imkan verməyib. Toplumla ən yaxşı xarakterik iş metodları olan bu ictimai institut da ciddi basqılara məruz qalib. Az-çox fəaliyyət imkanları və resursları olan müstəqil QHT-lər hüquq-mühafizə orqanları tərəfindən qapadılıb, vətəndaş cəmiyyətinin bir neçə fəal nümayəndəsi həbs olunub, mühacirət edib və ya nəzarət altındadır. Bu platformada toplumun etibar edəcəyi nüfuzlu, işgüzar, savadlı, peşəkar şəxslər olsa da, dağınıq halda hansısa təsir imkanlarına malik deyillər. Müşahidələr göstərir ki mövcud strukturlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti topluma zəruri mesajlar ötürə bilsə də hələlik onu istiqamətləndirmək gücündə və iddiasında deyil.

Ziyalı adlandırılan kəsimə toplumun münasibəti heç də birmənalı deyil. Çox az sayda öz ləyaqətini, vicdanını qoruyub saxlayan ziyalımız qalıb. Onlar da ictimai-siyasi təşəbbüslərdə bir o qədər də həvəsli görünmürlər. Təəssüf ki, ümumi baxdıqda ziyalı adı son illər ən çox istismar edilmiş və nüfuzdan salınmış kateqoriyadır. Bu adın zirehi altında yaltaqlıq, riyakarlıq, rüşvətxorluq, korrupsiya, qanunsuzluqlar, seçki saxtakarlıqları o qədər geniş meydan sulayıb ki hansısa cəlbediciliyi qalmayıb. Toplumun ziyalı sözünə möhtac olduğu bütün dönəmlərdə bu "missiya” nın daşıyıcıları susmağa üstünlük verib. Xalqın fəal kəsiminin bu istiqamətdən hansısa mənəvi nicat gözləməsi inandırıcı deyil. Müşahidələr göstərir ki, vitrində olan ziyalılarla toplumu hansısa hədəfə istiqamətləndirmək  mümkün olmayacaq.

Xalqın nüfuzlu nümayəndələri anlayışı da ölkəmizdə öz dəyərini itirib. Ümumiyyətlə belə fərdlər və icmalar uzun müddətdir ki, mövcud deyil. Hətta belə bir kəsim mövcud olsaydı belə, o da ciddi təsir gücünə sahib ola bilməzdi. Çünki mövcud ictimai münasibətlərdə belə bir institutun sosial təsir dairəsi yoxdur.

Deməli böhranın səbəbləri, aradan qaldırılması yolları və əhalinin necə davranması ilə bağlı mesajları topluma qəbul etdirmək imkanı olan ən böyük sosial qrup hələ də müxalifətdir. Təsadüfi deyil ki, iqtidar da öz davranışlarında müxalifətin bu imkanlarına qarşı açıq və real addımlar atır. Müxtəlif vasitələrlə aparılan monitorinqlər də təsdiq edir ki, topluma daha çox kimlər təsir edə bilir. Toplumun növbəti hərəkətlərində bu təsirlər müsbət şəkildə təzahür edə biləcəkmi? Topluma təsir resursları olan təşkilatların zəruri mesajları cəlbedicidirmi? Bu sualların cavabı hələ ki müsbət deyil.


             Nəsimi Məmmədli                                                 11 fevral 2016