21 Eylül 2015 Pazartesi

“Seçki”də iştirak edənlər özlərinə, boykot edənlər cəmiyyətə qazandıracaq!

Bu yazı cəmiyyət daxili münasibətlərdə rolu olmayan sadə, ictimai təşəbbüslərdən və siyasətdən uzaq insanlar üçün deyil, birbaşa siyasi iddiası olan, ictimai-siyasi proseslərə maraq göstərən savadlı şəxslər üçün nəzərdə tutulub.
 2015-ci ilin Milli Məclisə seçkilərinə iqtidarın, müxalifətin və bütövlükdə cəmiyyətin yanaşması istiqamətində müzakirə açmağa çalışacağıq. Müşahidələr onu göstərir ki, bu parlament seçkisi son Bələdiyyələrə seçkilərdən də xeyli sönük və maraqsızdır. Nəinki müxalifət, vətəndaş cəmiyyəti, fəal insanlar, hətta ən məlumatsız vətəndaşlarımız da 125 dairənin tək birində belə, təsadüfi seçimə yer qoyulmadığını yaxşı bilir. Mandata sahib olacaq şəxslərin böyük əksəriyyətinə “seçiləcəklərinin” məxfiliyini seçki gününədək qoruyub saxlamaq tapşırıqları verilsə də bu göstərişə əvvəlki seçkilərdə olduğu kimi yenə də nail olmaq mümkün olmadı. İstənilən şəxs, istənilən dairə ərazisində kiçik bir müşahidə aparmaqla, seçki bitməmiş də 125 yerin sahiblərini müəyyən edə bilər. Artıq “seçiləcək” şəxslərin yaxınları müvafiq dairələrin ərazilərində ənənəvi yenidənqurma, təmir, təchizat və təbliğat işlərinə start verdikləri kimi, hökumətin yerli strukturları da “seçiləcək” şəxslərin qarşısından bütün maneələri qaldırmaq üçün hərəkətə keçiblər. Məsələnin bu tərəfinin peşəkarlar üçün o qədər də maraqlı və təəcüblü olmadığını nəzərə alıb bir başa keçək mətləbə.

   İndiyədək keçirilən parlament seçkiləri tarixə necə düşüb?

Qısaca olaraq deyə bilərik ki, indiyədək keçirilən parlament seçkilərinin heç biri azad, ədalətli və şəffaf hesab edilə bilməz. Bu yazını yazarkən kiçik bir araşdırma apardıq. Məlum oldu ki, bütün dönəmlərdə həm qanunvericilik, həm də onun tətbiqi müxalifətin və müstəqil şəxslərin əl-qolunu bağlamağa, fəaliyyət imkanlarını məhdudlaşdırmağa yönəlib. Siyasi durum əlverişli olmasa da müxalifət bütün seçkilərdə böyük insan resursları ilə iştirak edib, nüfuzlu namizədlər irəli sürüb, ciddi təbliğat aparıb və seçki günü peşəkar müşahidələr təşkil edib. Bir-iki istisnalar olsa da əksər dairələrdə qazanılmış qələbələr açıq-aşkar zorakılıqla dəyişdirilib və hökumət öz istədiyi şəxsləri deputat “seçib”. Müxalifətin böyük bir hissəsi saxtakarlıqlara etiraz məqsədilə hər dəfə iri miqyaslı dinc aksiyalar təşkil etsədə saxta nəticələrə təsir edə bilməyib. Aksiyalar zorakılıqla dağıdılıb, kütləvi həbslər həyata keçirilib, partiyalar zəifləyib və siyasi azadlıqlar getdikcə məhdudlaşıb. Belə dilemmalar qarşısında qalan müxalifət seçkinin total şəkildə saxtalaşdırıldığını əsas tutub nəticələri qəbul etməyiblər. Müxalifətlə yanaşı, fəal müşahidə aparan nüfuzlu beynəlxalq təşkilatların missiyası da seçkiləri demokratik hesab etməyib. Saxtalaşdırma faktlarına diqqət çəkməklə nəticələr sərt şəkildə tənqid olunub və sonda demokratya istiqamətində atılan növbəti addım kimi dəyərləndirilib. Nə seçki komissiyaları, nə də məhkəmə instansiyaları şikayətlərə məhəl qoyub. Hakimiyyət pozuntuları araşdırıb ədalətli qərar verməkdənsə, əksinə yüzlərlə cinayət tərkibli faktları ört-basdır edərək şikayətçilərin cəzalandırılmasını həyata keçirib.

Bu seçkini əvvəlkilərdən fərqləndirən mühüm amillər hansıdır?

Oxşarlıqlar əsasən dəyişməyib. Hakimiyyət və onun maraqlarının təminatçısına çevrilmiş dövlət məmurları tam tərkibdə yerində, bütün instansiya seçki komissiyaları olduğu kimi iş başında, repressiyaların yaratdığı qorxu mühiti, cəmiyyətin apolitik vəziyyəti daha da ağır davam etməkdədir. Fərqliliklərə diqqət etsək görərik ki, bir neçə ciddi amillər mövcuddur. Ölkəmizin seçki və siyasi tarixində ilk dəfədir ki, prezident seçkisində əsas alternatv olan təşkilat parlament seçkisini boykot qərarı verib. Bu hal öncəki seçkilərin heç birində baş verməyib. 1998 və 2008-ci illərdə keçirilən Prezident Seçkilərində boykot qərarları verilsə də, parlament seçkilərində iştirakdan heç vaxt imtina edilməyib. İlk fərq budur ki, prezident seçkilərində hakimiyyətin əsas alternativi, yəni rəsmi nəticələrə görə ana müxalifət olan Milli Şura parlament seçkisinə qatılmır. İkinci mühüm fərq budur ki, seçkilərə start verilərkən yüzə yaxın siyasi məhbus olduğunu həm yerli, həm də beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Avropa Parlamenti qətnamə ilə bəyan edir. Üçüncü fərq budur ki, seçkilərin nəticəsi öncədən nüfuzlu beynəlxalq qurumlar tərəfinfən şübhə altına alınıb və ATƏT-seçkiləri müşahidə etməkdən imtina edib. Başqa fərqləri də sadalamaq olar, lakin bu əsas fərqlərlə kifayətlənək.

    Partiya və fərdlərin seçkidə iştirakının klassik səbəbləri.

Nəzərdə tutduğumuz oxucuların hər birinə gün kimi aydındır ki, partiyaların yaranmasının əsas məqsədi hakimiyyətə gəlmək və öz proqram məqsədlərini həyata keçirməkdən ibarətdir. Bunun üçün də ən geniş yayılmış və qəbul edilən legitim yol seçkilərdir. Seçiklər həm də cəmiyyət daxili münasibətlərin legitim tənzimlənməsinin yeganə üsuludur. Məhz azad və ədalətli seçkilər nəticəsində cəmiyyətin seçilmiş insanları onun önünə çıxa bilər. İdarəetmənin bütün pillələrində təbii seçim cəmiyyətin inkişafının, sabitliyinin, tərəqqisinin və dövlətin gücünün yeganə qarantiyasıdır. Təkrar olaraq vurğulamaq istəyirəm ki, bu yalnız demokratik seçkilərlə mümkün olan paradiqmadır. Total şəkildə saxtalaşdırılacağı öncədən bəlli olan, antidemokratik seçkilərdə partiyaların və fərdlərin dəfələrlə iştirakı cəmiyyətin müqavimətini zəiflətməklə yanaşı, həm də iştirak edən tərəfləri də nüfuzdan salır. Antidemokratik seçkilər cəmiyyətdaxili təbii münasibətləri pozmaqla yanaşı, həm də süni vitrin yaratmağa xidmət edir.   

Anti-demokratik seçkilərdə iştiraka haqq qazandıran səbəblər.

İndiyədək keçirilən seçkilərin heç biri demokratik olmasa da müxalifət bu seçkilərdə iştirak edib. Antidemokratik seçkilərdə iştirak etdiklərinə haqq qazandıran müxalifət siyasətçilərinin arqumentlərini təxminən belə ümumiləşdirmək olar. İlk növbədə, cəmiyyətin müqvimətini səfərbər etməklə hakimiyyəti təzyiq altında saxlamaq, geniş təbliğat imkanlardan istifadə etməklə çoxluqla tənqid etmək. Seçki günü toplanmış pozuntuları həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırmaqla nəticələri şübhə altına almağa nail olmaq. Nüfuzlu beynəlxalq qurumların tövsiyyələrini nəzərə alaraq, demokratik prosesin davam etməsinə töhfə vermək, həmçinin partiyaların təşkilatlanması fürsəti kimi baxmaq və mümkün olarsa mandata sahib olmaq da məqsədlərdən biri sayılıb.

           Müxalifət qarşıya qoyduğu vəzifələrə nail ola bilibmi?

Əvvəla, müşahidələr onu göstərir ki, hər seçkidə bir-iki müxalif mandata sahib olmaqla parlament tribunasından tənqid səsləndirmək cəmiyyətədə hər hansı siyasi nəticə doğurmayıb və doğura da bilməz. Olsa-olsa bir iki müxalif şəxs 5 il yaxşı əmək haqqı alıb və bəzi güzəştlərdən yararlanıb. Amma, on minlərlə müxalifətçilərə bu mandatların heç bir faydası toxunmayıb. Hakimiyyətə qarşı müqavimətə səfərbər edilmiş yüzminlərlə etirazçı sayı isə minlərə, yüzlərə qədər azalıb və xeyli fəal insan proseslərdən çəkilib. Müxalifətin cəmiyyətdən dəstəyinin azalması heç də ölkənin sürətli inkişafı, insanların maddi rifahının yüksəlməsi, hakimiyyətin xalqın maraqlarına uyğun siyasəti ilə bağlı deyil. Burada hakimiyyətin repressiv siyasəti ilə yanaşı, müxalifətin yanlış taktiki gedişləri də az rol oynamayıb.

Müxalifətin seçkidə iştirak etməməsi reallığın qəbul edilməsidir.

İndiyədək müxalifətin seçkilərdə iştirakından qazanılan nəticələr nə müxalifət, nə də cəmiyyət üçün uğurlu sayıla bilməz. Hər seçkidən sonra hakimiyyətin total repressiyası nəticəsində onminlərlə fəal insan siyasi proseslərdən çəkilib, partiyalar zəifləyib və ümumi etimadsızlıq mühiti hökm sürür. Nə cəmiyyətin demokratikləşməsinə, nə insan hüquq və azadlıqlarının qorunmasına, nə hakimiyyətin qanunsuz əməllərinin qarşısını almağa, nə də ictimai-siyasi proseslərə zərrə qədər müsbət qatqısı olmayan bu siyasətin davam etməsi müxalifətin və cəmiyyətin ziyanınadır. Müxalifətin seçkini boykot etməsi reallığın səmimi şəkildə qəbul edilməsi baxımından cəmiyyətdə rəğbət oyadacaq.

 Milli Şuranın boykot qərarı müxalifətin ümumi maraqlarına xidmətdir.

İlk dəfədir ki, müxalifətin önəmli hissəsi parlament seçkisinə start verilməmiş onun boykot edilməsinin zəruriliyini bəyan etdi. Digər müxalifət partiyalarından bu çağrışlara müsbət reaksiya verilməsə də kifayət qədər siyasi-hüquqi əsasları olan bu yanaşma indiki durumda ciddi siyasi nəticələr doğura bilər. Boykotun effektli siyasi nəticə doğurmayacağını əsaslandıran hər kəs, boykot olunmuş prezident seçkilərinin nəticələrinə əsasən fikir bildirir. İndiki vəziyyətin fərqli siyasi nəticə doğuracağına ümid yaradan bir neçə ciddi amil var. Əvvəla, ölkədaxili sosial, iqtisadi və siyasi vəziyyət sürətlə pisləşməyə doğru gedir. Neft hasilatı və gəlirləri kəskin şəkildə azalıb, manatın alıcılıq qabiliyyəti xeyli zəifləyib, dövlət büdcəsi kəskin şəkildə ixtisar olunub.
Beynəlxalq müstəvidə də hakimiyyətin apardığı balanslı siyasət öz qeyri-müəyyən sonluğuna yaxınlaşıb. Nə Avropadan , nə də MDB məkanından özü üçün təminat ala bilir. Qarşısında rəsmi öhdəliyimiz olan beynəlxalq qurumlar seçkini müşahidə etməkdən imtina edib və nəticələri bəri başdan şübhə altına alıb. Artıq seçkinin legitimliyinin nüfuzlu beynəlxalq arenada qəbul edilməyəcəyi nigarançılığı əsas müzakirə mövzusudur. Gələcək parlamentin Avropa qurumları ilə praktik və hüquqi baxımdan əməkdaşlığı əvvəlki səviyyədə olmayacaq.

Müxalifətin və beynəlxalq təşkilatların seçkiyə münasibəti ölkənin deyil, hakimiyyətin siyasi gücünü zəiflədəcək.

Seçkidə iştirak edən heç bir tərəf hökumətin rəqabətli, azad və ədalətli seçki keçirəcəyinə inanacaq qədər sadəlöv deyil. Hətta, hər birinin bəyanatlarında seçkinin antidemokratik və saxta keçiriləcəyi ilə bağlı açıq və birmənalı mövqelər ifadə olunub. Haqlı olaraq belə bir sual ortaya çıxır ki, bütün bunlar aydın olduğu halda seçkidə iştirak nəyə hesablanıb?
Yuxarıda anti-demokratik seçkilərdə iştiraka haqq qazandıracaq amillərlə bağlı fikirlərimizi qeyd etmişik və təkrarlamağa lüzum yoxdur. Antidemokratik seçkidə iştirakdan başqa qazanclar da var. Lakin, bu qazanclar nə cəmiyyətin, nə də müxalifətin ümumi maraqları ilə bağlı deyil. Ya həmin şəxslərin özlərinin, ya da partiyaların korporativ maraqları ilə bağlıdır. ADP seçkilərdə iştirakla bağlı qərar versə də sonradan bu qərarını dəyişməli oldu. Çünki, partiya yetkililəri aydın şəkildə analiz etdilər ki, onların seçkiyə qatılmasından nə cəmiyyət, nə müxalifət, nə də partiya qazanacaq. Odur ki, qazanılacaq heç nə olmadığı üçün seçkidən çəkilməklə bağlı çox doğru qərar verdilər. Əgər seçkidə iştirak etməyə israr edən digər müxalifət qurumları mandat əldə etmək və ya 3%-lik səs barajını keçmək üçün hakimiyyətlə hər hansı razılaşma əldə ediblərsə, o zaman sona qədər davam etmələri doğrudur. Çünki, indiki şəraitdə cəmiyyət və müxalifət qazanmasa da müəyyən bir qism müxalifətçi qazanacaqsa, bundan da imtina etmək lazım deyil. Belə razılaşmalar yoxdursa, onda seçkidə iştirak edən müstəqil şəxslərin və müxalifət təşkilatların öz qərarlarına yenidən baxmaları məsləhətdir. Bütün təhlillər onu göstərir ki, məhz bu “seçki”də razılaşma olmayacağı təqdirdə nəyinsə əldə ediməsi qeyri mümkündür. 
                                        
                                           Son olaraq...

Mühüm hazırlıqlar aparılmalıdır. Siyasi proseslərin yeni dalğasının başlayacağı gün çox da uzaqda deyil. Təəssüf ki, bizim kimi ölkələrdə daxili siyasəti çox zaman xarici faktorlar hərəkətə gətirib. Əgər daxildə monolit siyasi xətt ardıcıl qorunub saxlansa, xarici faktorlardan qaynaqlanan proseslər nəticə doğuracaq. Seçkilərin boykot olunmasını bəyan edən təşkilatların ilk növbədə aktiv boykotla bağlı bir eksperment aparmaları doğru olar. Bütün ölkə üzrə çətin olacağını nəzərə alıb Bakı şəhərinin bir rayonunda aktiv baykot siyasəti həyata keçirilə bilər. Məsələn, Xətai rayonunda 4 dairə var və nəqliyyat imkanları əlverişli olduğu üçün bu rayon hədəf kimi seçilə bilər.
                                              Təklif...

* Seçkinin baykotunu evdə oturmaqla deyil, vətəndaşlarla səmimi ünsiyyəti təşkil etməklə həyata keçirmək;
*Bakıda yaşayan fəal müxalifətçiləri səfərbər edərək mənzil-mənzil boykotun əsaslarını seçicilərə izah etmək;  
*Müxalifət liderlərinin əsaslandırılmış müraciətlərini, məktublarını bir-bir vətəndaşlara paylamaq və seçicilərlə məxsusi iş aparmaq;
* Hər gün yüzlərlə fəal insan bu aksiyada rastlaşdıqları halları sosial şəbəkələr vasitəsilə cəmiyyətə təqdim etmək;
*Mobil telefonların imkanları ilə görüntülər, videolar çəkib sosial mediada yerləşdirmək;
* MSK-ya fərdi müraciət etməklə yüzlərlə müşahidəçi və ya məşvərətçi səs hüquqlu komissiya üzvü kimi qeydiyyatdan keçmək;
*Seçki günü hər məntəqəyə 10-15 nümayəndə təyin etməklə həm məntəqənin içərisində, həm də çölündə ciddi müşahidə aparmaq;

Bu aksiya müxalifəti hərəkətə gətirən maraqlı bir aksiya ola bilər. Əminliklə deyə bilərik ki, yeni metod kimi bunun siyasi nəticələri də kifayət qədər uğurlu olacaq. Ələ düşən bu fürsətdən müxalifətin yararlanması lazımdır. 

18 Eylül 2015 Cuma

Xalq Cəbhəsi gəncliyimin şərəfli səhifəsidir!

Ölkəmizin samballı jurnalistlərindən olan Xural qəzetinin baş redaktoru Əvəz Zeynalının “Qaynar Qazan” layihəsi çərçivəsində AXCP sədri Əli Kərimli ilə söhbətini dinlədim. 
Etiraf edim ki, bu söhbətdən çox böyük zövq aldım. Əli bəyə də, Əvəz bəyə də təşəkkür edirəm. Əminəm ki, həm jurnalist peşəkarlığı, intellektuallığı və obyektivliyi, həm də siyasətçi məntiqi, səmimiyyəti və dürüstlüyü, bütün qərəzsiz insanlarda xoş təəsürat yaratdı. 

Artıq 1 ildən çoxdur ki, siyasi partiya fəaliyyətindən uzaqlaşmışam və “Qaynar Qazan”da bu söhbəti dinlədikdən sonra bəzi düşüncələrimi yazmaq qərarına gəldim. Hazırda heç bir siyasi iddiam olmadığı üçün ictimai-siyasi proseslərdə iştirak etmirəm. Amma, bütün ictimai-siyasi prosesləri yaxından izləyirəm və sosial şəbəkələr üzərindən mövqe ifadə edirəm. 

Nə iqtidar, nə də müxalifət qarşısında siyasi-təşkilati öhtəliklərim var. Təcrübələrimə, müşahidələrimə və bilgilərimə əsaslanaraq doğru bildiyim hər şeyə özəl münasibətimi ifadə edirəm. 27 ildir fasiləsiz siyasətlə məşğul olmuş bir şəxs kimi cəmiyyət qarşısında az da olsa mənəvi öhtəliklərim var. 

Kiminsə xoşuna gəlib-gəlməmək də məni qətiyyən narahat etmir. Nə yazılı, nə səsli, nə görüntülü mediada, nə də canlı çıxışlarımda bir kəlmə də olsun millətimizin, dövlətimizin, vətəndaşlarımızın mənafeyinə xələl gətirən davranışım olub. Cəmiyyət qarşısında məsuliyyətimi anlayaraq danışmışam və hərəkət etmişəm. 

Üzv olduğum siyasi qurumlar rəsmən müxalif siyasət apardıqlarını bəyan etdikləri üçün heç bir zaman müxalifətin ümumi maraqlarına, mənafeyinə zidd qərarları dəstəkləməmişəm. Müxalifətin ümumi maraqlarına xələl gətirən nə açıq, nə də gizli addım atmışam. Bu barədə alnım açıq, üzüm ağdır. Şəxsi münasibətlərimlə, siyasi münasibətlərimin sərhəddini dəqiq cızmışam və öz tərəfimdən onu daim qorumuşam.

Əli Kərimlini tələbəlik illərindən yaxşı tanıyan və uzun illər onunla birgə fəaliyyət göstərən şəxslərdən biriyəm.
Tələbə yataqxanalarında, universitet dəhlizlərində, siyasi auditoriyalarda, mübarizə meydanlarında, hətta düşmənlə üz-üzə də xeyli xatirələrimiz var. 

Əli bəy gənc yaşlarından çox mükəmməl təşkilatçılığı, siyasi analiz qabiliyyəti, kəskin məntiqi, natiqliyi, savadı, cəsarəti və təkrarolunmaz liderlik keyfiyyəti ilə həmişə seçilirdi. Məhz bu keyfiyyətlərinə görə onun şəxsiyyətinə və siyasətinə gənclərdə daim maraq olub.

Cəbhəçi olduğum zamanlarda, o dövrün ən istedadlı gənclərini, ən intizamlı və ən mütəşəkkil şəkildə təşkilatlandırmağı bacarmışdıq. Mobil telefonlarının, sosial şəbəkələrin olmadığı bir zamanda istənilən an yüzlərlə gənci çox qısa zamanda bir araya toplayacaq təşkilati mexanizmlər yaratmışdıq.

Siyasi hədəflərlə bağlı mesajlarımız dövrün reallıqları ilə uzlaşmadığı üçün o qüvvəni uzun müddət ayaqda saxlamaq mümkün olmadı. Amma, illər keçsə də o gənclərin müəyyən hissəsi indi də ictimai-siyasi proseslərin içərisindədir və demokratik dünya görüşləri ilə seçilirlər. 

Əli bəylə birgə fəaliyyətimiz müddətində daim qarşılıqlı hörmətə söykənən münasibətlərimiz olsa da tədricən aramıza inamsızlıq toxumu səpildi. Sonralar onun ən güclü olduğu vaxtlarda siyasətdə yollarımız ayrıldı və nadir hallarda siyasi tədbirlərdə rastlaşırdıq. 

Siyasi baxımdan yollarımız ayrılsa da heç bir zaman onun haqqında nə mətbuatda, nə də şəxsi söhbətlərdə bir kəlmə də olsa tənqidi və ya xoşagəlməz ifadələr işlətmişəm. Eynilə də onun mənim haqqımda nə mətbuatda, nə də şəxsi söhbətlərdə hansısa xoşagəlməz söz işlətdiyini eşitmişəm. Narazı qaldığım hərəkətlərini yaxın dostlarla söhbətdə üstüörtülü qeyd etsəm də mətbutda heç vaxt müzakirə etməmişəm. Ümumiyyətlə şəxsiləşən sualları mediada cavablandırmaqdan uzaq olmuşam.

Siyasi fəaliyyətimdə şəxslərə deyil, aparılan siyasətə münasibət öncəlik təşkil edib. Cəbhədən sonra da siyasi fəaliyyətdə birgə olduğum və ayrıldığım şəxslər olub. Onların da haqqında ictimaiyyətə danışmağı məqbul saymamışam. Bəlkə də nə zamansa, nələrsə deyiləcək və mən də cavablandırmalı olacağam. Amma, bunu ilk edən mən olmayacağam. 

Bir sözlə Xalq Cəbhəsi daim qürurla xatırladığım, siyasəti öyrəndiyim məktəbim və mübariz gəncliyimin şərəfli səhifəsidir.

Siyasi proseslərdə 2002-ci ildən bu günədək çox ciddi dəyişikliklər baş verib. Hətta, o vaxtdan sonra da AXCP sıralarından müxtəlif vaxtlarda uzaqlaşan şəxslər az olmayıb. Əksəriyyəti ilə şəxsi münasibətlərim normaldır və çox zaman səmimi müzakirələrimiz də olur. 

Hərənin bir doğrusu olsa da həqiqət birdir. Əli Kərimlinin zəiflədilməsi rəqiblərinin ən əsas qayğısıdır və bunun üçün intensiv iş aparılır. Cəbhədən ayrılmalara tam olaraq səbəb bu olmasa da əsasən budur. 
Bu müsahibəni dinlədikdən sonra bir daha əmin oldum ki, iddialı siyasətçilər cəmiyyətlə səmimi davranmalıdırlar. O zaman ciddi nəticələr mütləq xalqın dəstəyi ilə qazanılacaq. Bir vətəndaş kimi əzmkar, məqsədyönlü və dürüst fəaliyyət göstərən insanlara daim dəstəyimi ifadə edəcəm. Bu gərəkli insanlardan biri də Əli Kərimlidir. O, ölkəmizin istedadlı və cəsarətli müxalifət siyasətçilərindən biridir. 
Bu gün hakimiyyətin müxtəlif resursları açıq və gizli şəkildə səfərbər olunub ki, onun əl-qolunu bağlasın, ruhdan salsın və siyasi səhnədən silsinlər. Hal-hazırda iqtidar və iqtidarın təsirində olan rəngarəng qüvvələr  tərəfindən müxalifət düşərgəsində ən çox və sistemli təzyiq altında olan, təhqirlərə, bohtanlara, repressiyalara məruz qalan siyasi partiyanın sədridir. 


Əli bəyi yaxından tanıdığım üçün əminliklə deyə bilərəm ki, bu basqıların uğurla sonuclanması elə də asan məsələ deyil. Onun açıq və gizli rəqiblərinin planlarında rol alan şəxslərə bu qərarlarına yenidən baxmağı tövsiyyə edərdim. Hakimiyyətdə təmsil olunan xeyli sağlam düşüncəli insanlar var ki, onlar da Əli bəyə qarşı ədalətsiz hücumlarda vasitəyə çevrilməməlidirlər. Onun siyasi arenada mövcudluğu və güclü olması həm də onların marağında olmalıdır. 

Ölkəmizi qarşıdakı illərdə çox ağır sınaqlar gözləyir. Regionda siyasi-hərbi gərginliyin yüksələcəyi ehtimalı var. Qərbin Rusiya və İranla münasibətləri pisləşə bilər. Beynəlxalq arenada da ölkəmizin əlverşsiz duruma düşəcəyi istisna deyil. Ölkə daxilində də sosial-siyasi münasibətlər böhranlı şəkil alacaq. Hər bir vətəndaşımız ayıq olmalı və bu proseslərə hazırlaşmalıdır. Düşmənçiliklə hüzurlu gələcək qura bilmərik. Dialoq və uzlaşma ilə ölkəmizi təlatümlərdən qoruya bilərik. Bu qərar isə birbaşa hakimiyyətin iradəsindədir

Ə.Kərimli ilə mənim aramda olan siyasi və şəxsi münasibətlərə baxmayaraq, vicdanım rahat olsun deyə indiki məqamda bu həqiqəti söyləyirəm. Siyasi fəaliyyətdən kənarda olmaq, siyasi düşüncədən uzaqlaşmaq deyil. Əminəm ki, nə zaman qolumu çırmayıb siyasət meydanına atılsam, yenə də yüzlərlə fəal insanı ən çətin şərtlər altında hərəkətə gətirə və mükəmməl şəkildə təşkilatlandıra bilərəm. Bu gün belə bir planım olmadığı üçün sadəcə mövqe ifadə etməkdən dərinə getmirəm. Cəmiyyətə faydalı olan siyasətə və siyasətçilərə dəstək verməkdən usanmayın.  
                                                                                               16 sentyabr 2015-ci il



11 Eylül 2015 Cuma

Hüquq pozanlar bunu açıq deyənlərə nifrət etməməlidirlər!

Hüquq pozanlar bunu açıq deyənlərə nifrət etməməlidirlər!


Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkənin fəal vətəndaşlarının maraqla müzakirə etdiyi bir sənədə çevrilib. Bu qətnamənin doğuracağı ictimai-siyasi nəticələrə, hökumətin atacağı addımlara toxunmadan deyə bilərəm ki, belə bir qətnamənin qəbul ediləcəyi gözlənilən idi. Çünki, ölkəmizdə repressiyaların miqyasının artdığını, siyasi məhbus probleminin ağırlığını, bütün seçkilərin çox kobud və açıq şəkildə saxtalaşdırıldığınını artıq heç bir halda ört-basdır etmək mümkün deyil. Nəinki Avropanın demokratik cəmiyyətləri, hətta ölkəmizin ən ucqar kəndində yaşayan adi vətəndaşlarımız belə çox ciddi qanun pozuntularının mütəmadi baş verdiyini aydın müşahidə edir. Çoxsaylı tanınmış insanın müxalif siyasi fəaliyyətinə, hüquq müdafiəçiliyinə və jurnalist araşdırmalarına görə qondarma ittihamlarla azadlıqdan məhrum edilməsi o qədər nümayişkəranə edilir ki, sanki orta əsrlərdə yaşayırıq. Hökumət və yandaşları istisna olmaqla, bütün cəmiyyətimiz və beynəlxalq aləm bu vəziyyəti narahatlıqla ifadə edir. Yalnız hökumət və dəstəkçiləri bu qanunsuz əməllərinə, hüquq pozmalarına başqa görütü verməklə, sanki öz siyasətlərindən həzz alırmış kimi sərt idarəetməyə davam etməkdədirlər. Hüquq pozanlar bu hüquq pozmaları açıq deyənlərə nifrət etməməlidirlər!

Qətnamə obyektiv, ədalətli və təsirlidir!

Avropa Parlamentinin bu qətnaməsi sadə vətəndaşlarımızın və dövlətimizin mənafeyi baxımından indiyə kimi qəbul edilən sənədlərin ən obyektivi, ədalətlisi, təsirlisi olsa da, xeyli gecikib. Ölkənin aparıcı real siyasi müxalifətinin tamamilə zəiflədildiyi, hökumətin səhvlərini tənqid edən müstəqil QHT-lərin sıradan çıxarıldığı, cəmiyyətin fəal kəsiminin bütün ictimai təşəbbüslərdən məhrum edildiyi reallığı ilə üz-üzəyik. Ölkənin demokratik dünyagörüşlü fəal insanları hökumətin repressiyalarından qorunmaq üçün passiv fəaliyyətə üstünlük verməyə məcbur olublar. Nüfuzlu Avropa təsisatlarından insan hüquq və azadlıqlarnın qorunması istiqamətində ciddi dəstək uman, lakin təsirli dəstək ala bilməyən cəmiyyətimiz getdikcə o qrumlara olan etimadını itirməkdədir. Ölkəni beynəlxalq aləmdə sürətlə nüfuzdan salan hökumət nümayəndələri və onların dəstəkçiləri istisna olmaqla, bütün mütərəqqi vətəndaşlarımız Avropa Parlamentinin qətnaməsində heç bir qərəz görmür. Əksinə, Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı ünvanlı sanksiyaların mümkünlüyünü təqdir edir. Çünki, vətənpərvər insanlar məhkəmə sisteminin icra hakimiyyətindən asılılığını, ədalət mühakiməsinə vətəndaşların inamının sarsılmasını, xüsusilə qanunsuz saxlanmaları, polis bölmələrində baş verən ölüm hadisələrini və siyasi motivli həbsləri dövlətimizin təhlükəsizliyinə ciddi zərbə vuracağının fərqindədirlər. 

İnsan haqları dövlətlərüstü hüquqi qaydalarla qorunur.

Avropa Parlamentinin insan haqlarının durumuna dair qəbul etdiyi qətnamələr olduqca mühüm əhəmiyyət daşıyır. Avropa üzv dövlətlərinin hökumətləri öz siyasətlərinin prioritetlərini məhz bu sənədlərə uyğun qururlar. İnsan haqları dövlətlərüstü hüquqi qaydalarla qorunduğu üçün, nüfuzlu beynəlxalq təşkilatların belə qətnamələrinə diqqətlə yanaşmaq lazımdır. Demokratik idarə olunan dövlətlər öz vətəndaşlarına geniş azadlıqlar təmin etməklə inkişafın, firavanlığın və təhlükəsizliyin coğrafiyasını yaradıblar. Təəssüf ki, hökumət rəsmilərimiz hələ də bu həqiqəti qəbul etmək istəmir və öz oponentlərini zorla təcrid etməyə davam edirlər. Ən təhlükəlisi isə budur ki, ölkəmizdə insan hüquq və azadlıqları sahəsində mövcud olan problemlər getdikcə daha da ağırlaşmağa doğru gedir. Diqqət etsək görərik ki, son illərin bütün nüfuzlu beynəlxalq hesabatlarında ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair əsaslı narahatlıqlar ifadə olunub. Dəfələrlə hökumətə bu neqativ halların aradan qaldırılması üçün çağrışlar edilib. Ölkəmizdə həm qanunvericilik, həm də praktik baxımdan insan hüquqlarının vəziyyəti çox ağırdır. Konstitusiyanın 158 maddəsinin təqribən 50 maddəsində insan hüquq və azadlıqları təsbit olunsa da, fundamental azadlıqlar hakimiyyət tərəfindən tam məhdudlaşdırıb. Halbuki, hüququn mahiyyəti azadlıqdır. Konstitusiyanın vətəndaşlara verdiyi ifadə, vicdan, sərbəst toplaşma, məlumat, mülkiyyət, səyahət və birləşmə azadlıqları kağız üzərində qalıb. Hüquqları təmin etmək və qorumaq dövlətin əsas vəzifəsi olsa da, bunun tam əksinin baş verdiyini görürük. İnsan haqlarını pozan məmurların cəzalandırılması əvəzinə mükafatlandırması tendensiyası çox qabarıq görünür.
 
Qətnamədən qəzəblənmək əvəzinə, ondan yararlanmaq lazımdır...


Vətəndaş cəmiyyətinə basqılar, jurnalistlərin, hüquq-müdafiəçilərinin və demokratik fəalların qorxudulması, həbs edilməsi, dinc etirazçılara qarşı həddindən artıq yersiz güc tətbiq edilməsi halları cəmiyyətimizdə diktatura ab-havası yaradıb. Bu kimi neqativ halların ölkəmizdə adi hala çevrildiyi heç kəsə sirr olmadığı halda, Avropa qurumlarının bunu rəsmiləşdirməsi niyə təəcüb doğurmalıdır? Vətəndaş dövlətinə o zaman güvənir ki, hər kəs qanun qarşısında bərabər olsun. Əks halda ölkədə uzunmüddətli sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və hüquq sisteminə hörmət ola bilməz. Hökumət və Milli Məclis Avropa Parlamentini tənqid etməkdənsə, onun çağrışlarını dinləməlidir. Tamamilə obyektiv və real vəziyyəti əks etdirən bu qətnamədən qəzəblənmək əvəzinə, ondan yararlanmaq lazımdır. Vətəndaşlarımizın hüquq və azadlıqlarına hörmət edilməli, pozulan hüquqların bərpası istiqamətində təxirə salınmaz addımlar atılmalı və həbsdə olan günahsız insanlar dərhal azad olunmalıdır.

10 Eylül 2015 Perşembe

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə qüvvət diləyirəm!


Son günlər Türkiyədə üç terror təşkilatının eyni zamanda və kordinasiyalı terror aktları törətməsi tək qardaş ölkə vətəndaşlarını deyil, həmçinin ölkəmizin də türk soylu vətəndaşlarını ciddi narahat edir. Milli təəsübkeşliyi olan hər bir insan bu narahatlıqlarını bir formada ifadə edir, Türkiyə dövlətinə və xalqına dəstək nümayiş etdirir. Öncə Əmrah Qəribov adlı bir gəncin Türkiyə Silahlı Qüvvələrinin baş qərərgah rəisinə, sonra isə Vaqif Əlisoyun və bir qrup tanınmış Qarabağ qazisinin Türkiyə hökumətinə müraciəti yayıldı. Türk ordusu sıralarında PKK və digər terror təşkilatlarına qarşı döyüşmək arzusunun ifadə edildiyi bu müraciətlər cəmiyyətdə bir mənalı qarşılanmır. Kimisi bunu böyük qəhrəmanlıq və milli təəsübkeşlik kimi təqdir edir, kimisi də Qarabağın işğalı davam etdiyi halda, başqa ölkəyə döyüşə getmək istəyənləri qınayır. Məncə, milli-etnik mənsubiyyətdən və dini təriqətçilikdən doğan ifrat yanaşmaları istisna etsək, əsasən əksər vətəndaşlarımız bu cür təşəbbüsləri alqışlayır və dəstəkləyir.



Dünyanın və orta şərqin çağdaş siyasi mənzərəsini yaxından müşahidə edən siyasi ekspertlərlə yanaşı, ən adi ortabab insan da Türkiyədə nəyin və niyə baş verdiyini anlayır. 
Əsrlər boyu türk millətinə düşmən kəsilən, onun qarşısını almağa, məhv etməyə çalışan böyük güclərin dəstəklədiyi terror qruplaşmaları qardaş ölkəni daxildən zəiflətmək üçün səfərbər olublar.
Dünyanın harasında yaşamasından asılı olmayaraq bunu anlayan hər bir türk, Türkiyəyə dəstək ifadə edir və edəcək.
Əhsən qazilərimizə və gənclərimizə ki, zamanında belə bir müraciətə imza atıblar. Terrorla mübarizəyə dəstək üçün ölkəmizin yaşlı qazilərinin və ya gənclərinin Türkiyə ordusuna yazılmaq istəməsi təbii ki, o orduya fiziki güc qatası deyil. Lakin, bu müraciət milli iradənin fərdi təəsübkeşliyinin ictimai təzahürü kimi önəmlidir. Bu müraciətin ictimailəşməsi və Türkiyə mediasının da bu xəbəri yayması təqdirə layiqdir. Əminəm ki, terroru dəstəkləyən dövlətlər, terrorçular və onlara gizli simpatiya bəsləyən çevrələr, türkdilli dövlətlərin vətəndaşlarının belə çağrışlarından narahat olacaqlar. Çünki, düşmənlərimiz türk xalqlarının dostluğunu pozmaq, aramıza nifaq salmaq üçün min oyundan çıxırlar. Hətta, içimizdə olan, maskalanmış düşmən yandaşları da kifayət qədərdir və onlar da cəhd edirlər ki, bu dostluğa zərbə vursunlar.
Qazilərimizin bu xoşməramlı addımı həm türk xalqına və dövlətinə dəstək, həm qəhrəman mehmetciklərə mənəvi güc, həm də şəhid yaxınlarına bir təsəllidir. Bu gün Türkiyə dövlətinin iradəsi terrorla mübarizəyə tam səfərbər olunub. İtkilərə baxmayaraq ciddi nəticələr də əldə edilir və terrorçulara sarsıdıcı zərbələr vurulur. Nə qədər ki, Azərbaycan dövləti düşmənlə döyüşmək üçün iradə sərgiləməyib, ayrı-ayrı vətəndaşların və qrupların özbaşına Qarabağda belə bir fəaliyyətə can atması qanunsuzluq olar. Lakin, Türkiyədə terrorçularla döyüşmək üçün müraciətlərdə zərrə qədər də qanunsuzluq yoxdur. Terrorla mübarizə beynəlxalq öhtəlikdir və təqdir olunur. Dövlətimiz də rəsmən düşmənlə döyüşmək iradəsini elan edən kimi, hamımız döyüşə hazır olacaq və vətən uğrunda savaşacağıq. Hələ ki, bu baş vermədiyi üçün kimisə xaricdə döyüşə getməkdə qınamaq yersiz və qərəzli davranışdır.


Son olaraq bir vacib məsələyə də mövqe bildirmək istəyirəm. Hökumətlər gəldi gedərdi. Dövlət isə əbədidir. Bizi və Türkiyəni idarə edənləri tənqid etmək, onların fəaliyyətlərini bəyənməmək olar. Hökumətləri dəstəkləyənlərlə yanaşı, tənqid edənlərin də olması normal haldır. Biz Türkiyədə T. Özalın, S. Dəmirəlin və digər şəxslərin hakimiyyətinin şahidi olmuşuq. Onlar dəyişib, amma Türkiyə dövləti bizim strateji müttəfiqimiz olaraq qalıb. Odur ki, qardaş ölkənin hökumətlərinə olan münasibət, türk dövlətinə münasibəti kölgələməməlidir. Bu addım türk xalqına və dövlətinə mənəvi dəstək olmaqla yanaşı, alqışlara layiqdir.

8 Eylül 2015 Salı

Təhsili məhv edən düşüncə, güclü ordu yarada bilməz!

     
Vicdansızlıq və laqeydlik mənəvi impotetlikdir

Vətəndaşlarımızın ictimai-sosial münasibətlərlə bağlı laqeydliyi son illər daha da artmaqdadır. Cəmiyyətimizi dəhşətli fəlakətlərə sürükləyən bu mərəz, savadsız vətəndaşlarla yanaşı, həm də savadlı və fəal insanlarımızı da öz ağuşuna almaqdadır. Sanki, hər kəs qulaqlarını qapayıb ki, fəryadları eşitməsin, gözlərini yumub ki, dəhşətləri görməsin. Qulağı da, gözü də qapamaqla bir təhər yaşamaq olar, lakin vicdanı boğaraq laqeyd yaşamaq mənəvi impotentlik əlamətidir.

Biz hara gedirik və ya savadsızlıq bizi hara aparır?

Kütləvi savadsızlıq sindromundan çox məmnun görünən cəmiyyət olmaq yolunda iri addımlar atırıq. Savadsız cəmiyyət qaranlığa qərq olmuş cəhalət meydanıdır. Cəmiyyətin qaranlığını aydınladan işıq, cəhalətdən xilas edən yeganə vasitə məhz təhsildir. Əsrlər boyu millətini sevib təəsübünü çəkən ziyalılar, öndər şəxsiyyətlər və idarəçilər ilk növbədə çalışıblar ki, insanları təhsilə meylləndirsinlər. Bunun üçün cəmiyyətin bütün imkanlarını səfərbər edərək, təhsilə sərmayə qoyublar. Müqəddəs dinimizin də təhsilə və elmə münasibəti bütün digər münasibətləri üstələyir. Hətta, İslam Peyğəmbəri (s.ə.s) alimin mürəkkəbi ilə şəhid qanı arasında paralellik apararaq, müsəlmanlara tövsiyyə edir ki, təhsil ardınca uzaq Çinə belə gedin. Amma, xalqımız təəssüf ki, bizi savadsızlığa sürükləyən ardıcıl bir siyasətin könüllü alətinə çevrilibdir.

Ayılmaq üçün bəzən silkələnmək də yetərli olmur

Cəmiyyətin əksər hissəsi haqlı olaraq Milli Məclisdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik ediləcəyini, magistratura və doktaranturaya qəbul olunan şəxslərə hərbi xidmətdən möhlət hüququnun veriləcəyini gözləyidi. Lakin, MM-in son iclası bu qanuna dövlətin və vətəndaşın marağının ziddinə olan bir dəyişiklik edərək, cəmiyyətə sürpriz yaşatdı. Ali təhsilin növbəti pillələrində tələbələrin təhsilə ardıcıl davam etməsinə şərait yaratmaq əvəzinə, əksinə Təhsil Nazirliyinin siyahısında adı olmayan xarici ölkə universitetlərində təhsil almaq istəyənlərin də hərbi xidmətdən möhlət hüququ ortadan qaldırıldı. Bu dəyişikliyə nə qədər zərurət olduğunu müzakirə etmədən, deyə bilərəm ki, müxtəlif ali dövlət qurumlarının vətəndaşların əleyhinə olan bir sıra qərarları cəmiyyəti mütəmadi olaraq silkələyir.

Kasıb müəllimə ironiya, diplom dalınca qaçan tələbəyə tənə

MM-də müzakirə zamanı spiker Oqtay Əsədovun bu dəyişikliyi əslandırmaq üçün gətirdiyi arqumentlər yenidən təhsil mövzusunu aktuallaşdırdı. Onun, “5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200 magistra da möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın qarşısı alınmalıdır” deməsi, hökumətin çağdaş təhsil siyasətinin acı reallığının etirafı idi. Əslində, belə bir yüksək siyasi vəzifə daşıyan şəxsin neqativ hallarla bağlı daha təsirli tədbirlər görmək imkanı olduğu halda, bəyanat verməklə kifayətlənməsi normal qəbul edilə bilməz. Bir müddət əvvəl də parlamentin Sosial Siyasət Komisiyasının sədri Hadı Rəcəblinin “Bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır” fikri cəmiyyətin müəyyən hissəsini məyus etmişdi. Daşıdığı vəzifənin məsuliyyətinə varmadan səlahiyyət sahibi olmaq ənənəsi hər sahədə olduğu kimi, təhsil sahəsində də problemləri daha da dərinləşdirib.

Professorun tövsiyyəsi...

Hadı Rəcəblinin müəllimlik kimi müqəddəs bir peşəni aşağılayan fikirdən təsirlənib bir yazı yazmışdım. “Müəllimlərin sükuta məhkum olmuş iradəsi” başlıqlı yazımı oxuyub, mənimlə əlaqə saxlayan tanınmış və nüfuzlu bir professorun maraqlı tövsiyyəsini bu yazını yazarkən yenidən xatırladım. “Yazın çox xoşuma gəldi. Hər cümlənlə razıyam. Amma, bir məqama toxunmamağın diqqətimi çəkdi. Sıravi müəllimlərin susmasını və bu yanlış fikrə etiraz etməmələrini hardasa anlamaq olar. Bəs Təhsil Nazirliyi rəhbərliyinin Hadı müəllimin fikirlərinə heç bir reaksiya verməməsinin üstündən niyə sükutla keçmisən?” Elm və təhsil sahəsində mükəmməl bilikləri olan o təcrübəli professora etiraf etdim ki, bu məqam xeyli əhəmiyyətli olsa da diqqətimdən qaçıb. O zaman yazmalı olduğum, lakin diqqətimdən yayınan bu məsələyə indi başqa bir səbəbdən təkrar qayıtmalı oldum. Dövlət rəsmilərinin təhsilə ironik yanaşmalarına qarşı, təhsilə məsul şəxslərin ya deyiləcək sözləri ya da cəsarətləri yoxdur.

Hökumətin təhsil siyasətinin acı reallığı

Ölkəmizdə mövcud olan təhsil problemlərinin sistemliliyinə nəzər salanda, bəzən düşünürsən ki, bu səriştəsizlikdən daha çox, qəsdin nəticəsidir. Sanki, milləti tam savadsızlaşdırmaq məqsədi ilə belə bir proqram həyata keçirilir. Vətəndaş diplomun deyil, savadın əsas rolda olduğunu bilsəydi diplom ardınca qaçmazdı. Bu vəziyyətin yaradıcısı diplom dalınca qaçan vətəndaşlar deyil, onları bu saxtakarlığa məcbur edənlərdir.

...Repetitor ümidinə qalmış təhsilimiz

Ümumtəhsil məktəblərinin ibtidai sinfinə şagirdlərin qəbulundan başlayaraq, məzun olanadək davam edən bərbad vəziyyəti bu ölkədə bilməyən tək bir vətəndaş, bir valideyn belə tapmaq mümkün deyil. İbtidai sinif şagirdlərinin dərs saatından sonra repetitor yanında hazırlaşmağa məcbur edilməsi artıq bir standarta çevrilib. Savad almaq üçün orta məktəbin sinif otaqlarında deyil, repetitorlara əlavə pul ödəyərək övladlarımızın təhsili üçün çarə axtarıq. Məktəbdən kənarda hazırlaşmağa məhkum edilmiş övladlarımızda vətənə və dövlətə hansı sevgi ola bilər? Dövlətin və vətənin əleyhinə ən böyük təbliğatçı ordusu, elə övladının təhsilindən nigaran qalan çarəsiz valideynlərdir. Vətəndaşın vergisi ilə toplanan büdcədən milyonlarla vəsait təhsil adı altında havaya sovrulduğu halda, övladlarının təhsili üçün valideynlər ciblərindən əlavə pul xərcləyir. Bu prosses orta məktəblə yekunlaşsaydı bəlkə də susmaq olardı. Axı ali məktəblərdə də bu prosesin daha təhlükəli davamı heç kəsə sirr deyil. Xaricdə təhsilin əhəmiyyətsizliyini yüksək səslə söyləyən səlahiyyət sahibləri niyə bu bərbad gedişə dur demirlər. Təhsil Nazirliyi və dövlətin təhsil siyasətinin strateji planlamasını həyata keçirən müvafiq qurumlar bu fəlakəti niyə belə arxayınlıqla və susqunluqla müşahidə edirlər?

 ...2-3 universitetin diplomunu alan savadsızlara ziyalı deyirik

Xaricdə təhsil adı altında həyata keçirilən qanunsuzluqlara nəzər salsaq, görərik ki, bütün neqativ hallara rəvac verən bizim hökumətin təhsilə və diploma olan münasibətidir. TQDK imtahanlarında yetərli bal yığmayıb, sonra rüşvətlə hansısa Ukrayna, Dağıstan universitetlərinə "qəbul" olanlar, bir il sonra BDU-nun hüquq fakültəsinə, digər prestijli ali məktəblərə keçid şansı əldə ediblər. Hətta, aldıqları bu diplomlarla dövlət idarəetməsində yüksək yer tutub, müəllim, həkim, vəkil olublar. Bu qanunsuz əməllərə rəvac verənlərin cəzalanmalı olduğunu gözlədiyimiz halda, bəzən mükafatlandırıldıqlarının şahidi oluruq. Təhsilimizin başı üzərindəki qara buludları, sürükləndiyimiz fəlakətləri Təhsil Nazirliyi doğrudanmı görmür?

 ...xaricdə təhsilə məhdudiyyət özünə qəsddir

Ölkə universitetlərimiz dünyanın 1000 universiteti arasında ilk 650-də yer almırsa, xaricdəki təhsilə heç bir halda barmaqarası baxmağa haqqımız yoxdur. Cəmi 3 universitetimizin dünya reytinqində yeri var. Qafqaz Universireti-651-700 arasında, BDU və Xəzər Universiteti isə 701-dən sonrakı yerləri tutur. Bu statistika onu deməyə əsas verir ki, təhsilimizin səviyyəsini yüksəltmədən xaricdə təhsilə heç bir halda məhdudiyyət gətirilməməlidir. Xaricdə təhsil alıb gələn xeyli yüksək səviyyəli məzunlarımız var ki, onlar bu gün cəmiyyətə ciddi fayda verirlər. Ölkəmizdə Dövlət büdcəsindən milyonlarla vəsait xərcləyərək “Xaricdə Təhsil Dövlət Proqramı” həyata keçirən hökumət, digər tərəfdən təhsilə başqa əngəllər yaradır. Xarici ölkələrin aparıcı universitetlərində bakalavr təhsilini yüksək nəticələrlə başa vuran gəncin hərbi xidmətdən sonra elmi araşdırmaya həvəsi azalır. Elmi fəaliyyətin ardıcıllığı olmasa onun nəticəsi də olmayacağını bildiyiniz halda bu tənzimləməni etməməyiniz hansı maraqdan doğur? Doğrudanmı bu millətin elmli övladlarının olmamasında maraqlı olan hansısa gizli əllər iş başındadır.

Xidmətdən yayınmanın səbəbi təhsil deyil

Çünki, əgər hərbi xidmətdən möhlət hüququ ordunun şəxsi heyyətinin sayına, komplektləşməsinə problemdirsə, onda ümumiyyətlə möhlət hüququ ləğv edilməliydi. Yox əgər problem deyilsə, o zaman təhsilin digər pillələri üçün də möhlət hüququnun tətbiq olunması daha məntiqlidir. Təhsili məhv edən düşüncə, güclü ordu yarada bilməz. Güclü ordunun təməli, orta məktəb siniflərində qazanılan təhsildən başlayır. O ki qaldı ordudan yayınmağa, gerçək təhsil alan şəxs harda oxumasından asılı olmayaraq, hərbi xidmətə tələsir. Minlərlə belə nümunələr var. Xidmətdən yayınan isə harda oxumasından asılı olmayaraq onsuzda yayınır. Onu önləmənin başqa yolları axtarılmalıdır.

Qaranlıqda qaçış xəsarətsiz bitməz

Təminatlı sabahımız idmanla, şou-bizneslə deyil, təhsillə mümkündür. Təəssüf ki, ölkə gəncləri sistemli olaraq idmançıların, şou-biznes əhlinin təmtəraqlı həyatı ilə bağlı zərərli təbliğatın təsiri altında böyüyür. Hökumətin öncəlikləri arasında musiqi və idman, elm və təhsildən daha əsasdır. Beynəlxalq musiqi yarışlarında ilk 3-də, olimpiada da 30-da yer tutdugumuz halda, universitetlərin reytinqində 700-cü pillədə qərarlaşmağımız təsadüfi deyil. Elmdə yüksək naliyyət əldə etmək üçün uzun illər masa arxasında çalışmaq, ağır zehni zəhmət və səbr tələb olunur. İdmanın müxtəlif növlərində çempionluq qazanmış idmançılara, mahnı müsabiqələrinin qaliblərinə səxavətlə maşınlar, evlər hədiyyə edən hökumət, hətta olimpiya çempionuna 760 min dollar verdiyi halda, bir nəfər də olsun elmi naliyyəti olan gəncə eyni həssaslığı göstərmir. Bir idmançının, bir şou-biznes əhlinin uğurundan cəmiyyətə əylənmək qalırsa, bir elmi uğurdan bütün bəşəriyyətə qazanmaq düşər. Təhsilimizin səviyyəsinin ilbəil aşağı düşməsini hər bir ortabab savadı olan vətəndaşlarımız gördüyü və həyəcanla söylədiyi halda, bu sahədə səlahiyyət sahibi olanlardan uyğun reaksiya yoxdur. Dövlətimizin bu günü və gələcəyi üçün məsuliyyət daşıyan insanlar təəssüf ki, bu fəlakətə biganədirlər. Bu siyasətlə cəmiyyətin taleyində oynadıqları mənfi rolun fərqində deyillər. Önünü və ayağının altını görmədən qaranlıqda qaçan bir insan nə qədər xəsarətsiz davam edə bilər? Əlbəttə ki, uzun yol gedə bilməz. Ayağı büdrəyib və ya bir şeyə ilişib yıxılacaq. Təhsili bərbad durumda olan cəmiyyət də qaranlıqda hərəkət edir. Bu hərəkət mütləq ciddi xəsarətlə sonuclanacaq.

Təhsil Nazirliyi təhsilin ağır problemlərini həll etməyə qadir deyil

Təhsil sahəsinə yeni rəhbər dəyişikliyi ediləndə düşündük ki, bəlkə gənc, müasir dünya görüşlü bir şəxsin təyinatı müsbət dəyişikliklərə qapı açacaq. Hökumətin təhsil siyasətinə yenidən baxılacaq, ciddi islahatlar aparılacaq, müəllimlərin əmək haqqısı yüksəldiləcək, orta məktəblərin nüfuzu qaldırılacaq, ali məktəblərdə smestr imtanlarında toplanan rüşvətə son qoyulacaq. Lakin, çox təəssüf ki, bu sahədə mövcud olan bütün neqativlərin davam etdiyini görməkdəyik.

Son olaraq

Dövlətin aydın təhsil strategiyası hazırlanmalı və cəmiyyətin müzakirəsinə təqdim edilməlidir. Ölkəmizdə elmin karyera kimi dərk edilməsini dağıtmaq lazımdır. İstənilən ortabab məmur özünü elmlər doktoru, professor, akademik rütbəsində görmək istəyir. Sərhədlərimizdən kənarda tanınmayan, heç bir mötəbər elmi dərgilərdə nəşr olunmayan çox saylı “alimlər” ordusuna dövlət vəsaitini xərcləmək mənasız uşaq oyununa bənzəyir. Məktəb drektorlarının, universitet rektorlarının az qala siyasi-inzibati vəzifə daşıyan məmura çevrilməsi prosesi durdurulmalıdır. Ali və orta təhsil müəssisələrinin rəhbərləri istisnasız olaraq, hakim partiyanın üzvləridir və təhsildən çox partiya funksionerlərinə çevriliblər. Sabah ölkəmizin təbii sərvətləri tükənəndə, xammal istehlakçısı kimi qlobal böhranlara tab gətirmək imkanı olmayanda, rəqabətə davamlı iqtisadiyyatımızın çöküşünü yalnız yüksək təhsilli cəmiyyət önləyə bilər. Hökumət xalqın aqibətini düşünürsə, mütləq elm və təhsilə yeni baxış ortaya qoymalıdır. Onsuz da çox dəyərli zamanımızı itirmişik.