28 Aralık 2015 Pazartesi

Ənənəvi “əfv” hakimiyyətə müsbət dvident gətirməyəcək.

      “Əfv” günahsız insanlara mənəvi işgəncədir!

Ölkəmizdə siyasi düşüncələrinə görə vətəndaşların qondarma ittihamlarla həbs edilməsi və təqsirsiz olduqları halda məhkəmə hökmü ilə cəzalanması adi hal alıb. Sanki məhkumluqdan daha çox girovluq həyatı yaşayan bu insanların bir müddət sonra “humanizm” nəticəsində “əfv” edilməsi praktikası da geniş tətbiq olunur. Ehtimal olunur ki, bu “humanizm”ənənəsi yenə də təkrar ediləcək və bir çox günahsız insan öz nisbi azadlığına qovuşacaq. Nisbi azadlığına qovuşan insanların sevincinə şərik olmaqla yanaşı, bunu heç də nə onların, nə də toplumun qələbəsi hesab etmirəm.

Siyasi məhbus probleminin səbəbləri.

Dünya təcrübəsində siyasi məhbus probleminin səbəbləri müxtəlifdir. Bu barədə beynəlxalq normalardan, siyasi-hüquqi kriteriyalardan ətraflı danışmaq və faktoloji incələmək xeyli zaman tələb etdiyi üçün o məsələlərə toxunmadan keçək ölkəmizlə bağlı olan əsas mətləbə.
Ölkəmizdə siyasi məhbus probleminin çox qabarıq mövcudluğu birbaşa hakimiyyətin siyasi zəifliyindən və idarəetmədə mövcud olan nöqsanlardan qaynaqlanır. İqtidara sahib olduqdan keçən 22 il ərzində ölkəyə milyardlarla vəsait daxil olmasına baxmayaraq, vətəndaşların heç bir sosial-iqtisadi, ictimai-siyasi və hüquqi problemlərini həll etməyən hakimiyyət komandası öz səriştəsizliyini müxtəlif vasitələrlə ört-basdır etməyə çalışır. Həm də hakimiyyətdə olduğu bu uzun müddətdə topluma yeni-yeni ağır problemlər yaradıb və gələcək nəsillərə miras qoymasını dərk etdikcə daha da aqressiv siyasətə meyllənir. Baş verənləri tədricən anlayan əhalinin artan haqlı narazılığını dinc və effektli etiraza çevirə biləcək şəxslərə və qurumlara qarşı iqtidarın repressiv davranmağa üstünlük verməsi yalnız bu səbəblərdən doğan nəticədir. Heç bir əsas olmadan günahsız fikir və düşüncə adamlarını, siyasi oponentləri zindana doldurmaqla toplumda qorxu yaratmaq və idarəetməyə polis gücü ilə davam etmək yolunun uğurlu olacağının yanlış qənaətidir. Məhz bu repressiv idarəetmənin əsas səbəbi odur ki, hakimiyyət yürütdüyü siyasətin təhlükəli mahiyyətini anlayır və müvəqqəti də olsa azad mühitin olmaması üçün bütün zəruri tədbirləri görməyə çalışır. Siyasi məhbus probleminin bu qədər qabarıq ortaya çıxması, əslində hökumətin öz oponentlərinin siyasi arqumentləri qarşısında acizliyinin də etirafıdır.

            Siyasi oponentlərin həbslə “islah” edilməsi totalitar düşüncədir.

Siyasi mübarizədə hökumətlərin rəqiblərinə qarşı istifadə etdikləri ən primitiv önləyici vasitə həbs və repressiyalardır. Dialoqların, müzakirələrin, diskussiyaların tamamilə tükəndiyi bir ortamda cəmiyyətiçi münasibətləri zədələyən qanundan kənar fəaliyyətləri durdurmaq üçün son çarə kimi seçilirsə, bunu bəlkə də anlamaq olar. Lakin, öz səriştəsizliyini pərdələmək, fərqli fikri boğmaq, hakimiyyət hərisliyindən doğan qanunsuz əməllərini daha rahat davam etdirmək üçün seçilirsə, bu hüquq terrorudur və qətiyyən qəbul edilə bilməz. Tarixi təcrübə göstərir ki siyasi mübarizə aparan, özünü ifadə etmək potensialı olan insanları həbslə məqsədindən çəkindirmək mümkün deyil. Təkcə müstəqilliyimizdən keçən 24 illik zaman kəsiyində, xalqına qarşı çox qəddar və amansız davranan diktatorların faciəli sonluğunu görən mübarizə adamlarını belə primitiv üsllarla sıradan çıxarıb yox etmək arzusunda olanlar ciddi yanlışlığa yol verirlər. Görünən budur ki, hakimiyyətin dövlət resursları ilə “qara gün” üçün gen-bol bəsləyib, siyasi vitrinə düzdüyü kadrları arasında 5-10 nəfər yoxdur ki, müxalifətin qarşısına çıxıb onları siyasi arqumentlərlə susdura bilsin. Bu aqressivlik sürətlə zəifləməyin, sadə vətəndaşı və müxalifəti qarşısında arqumentsizliyin təzahürüdür. Təcrübə göstərir ki, günahsız şəxslərin siyasi motivli həbsləri cəmiyyəti müvəqqəti olaraq siyasi proseslərdən çəkindirsə də, siyasi iddialı şəxsləri daha da mətnləşdirir və sıralarını möhkəmləndirir.
                    
                    Təqsirsiz insanların həbsi cəmiyyətə qarşı sui-qəsddir.

Cinayət törətmiş şəxslərin həbsi ədalətin təntənəsi olduğu üçün cəmiyyətdən təqdir alır və ictimai münasibətləri sağlamlaşdırır. Hətta, həbs olunan şəxslər özləri və yaxınları da bunu şüuraltı ədalətli sayır. Məhkum olunan şəxs öz törətdiyi əməlin qarşılığında cəza aldığını dərk etdiyi üçün bu qərara daxilən üsyan etmir, onu məhkum edənlərə dərin nifrət bəsləmir. Cəmiyyət də ədalətli cəzaların insanları islah etdiyinə inandığı üçün, onların müəyyən müddətə təcrid olunmasını normal qəbul edir.
Heç bir cinayət törətmədiyi halda müxalif fikir və düşüncələrinə görə insanların təqib olunması, həbs edilməsi totalitar düşüncə tərzidir və dövlət üçün ağır təhlükələrə yol açır. Son illər günahsız insanların kütləviləşən həbsi sanki cəmiyyətin vicdanlı kəsimindən intiqam almağa yönəlib. Çoxluq tərəfindən açıq etiraz ifadə olunmasa da bu qanunsuz əməl cəmiyyətdə ciddi gərginlik və narazılıq yaradır. Dövlət vətəndaş münasibətlərində etimadsızlıq dərinləşir.
                            
                             Qanunsuz həbslər topluma hansı mesajı verir?

Əlindəki nəhəng gücdən suistifadə edib təkəbbürcəsinə öz vətəndaşına meydan oxuyan, onları siyasi düşüncəsinə görə günahsız həbsə məhkum edən rejimlər müvəqqəti qalib olsalar da əbədi məğlubiyyətə uğradıqlarını şüuraltı anlayırlar. Odur ki, fərqli görünən heç bir mütərəqqi qüvvəni, demokratik təşəbbüsləri qəbul edə bilmirlər. Ona düşməncəsinə münasibət bəsləyir və məhv etməyə çalışırlar. Ölkəmizdə də əhalinin xeyli hissəsi hökumətin repressiv siysətinin gizli mahiyyətini anlayır. Bu sadə, işsiz əhalidən tutmuş, aşağı və orta məmura kimi böyük bir təbəqəni əhatə edir. Hökumət xalqa qəbul etdirməyə çalışır ki, qanuni və ya qanunsuz vasitələrlə əldə etməsindən asılı olmayaraq ona məxsus olan heç nəyin təminatlı sahibi deyil. Qanunların tətbiqi siyasi iradənin əlindədir və heç kim bu “nizamı” poza bilməz.
                     
                        Hökumətin həbs siyasətindən qazanan və itirənlər...

Bütün qondarma həbslər dövlətimizi nüfuzlu demokratik dünyanın gözündən salmaqla yanaşı, topluma da ağır zərbə vurur. Davamlı olaraq əzəli düşmənlərimiz olan, müstəqilliyimizi həzm edə bilməyən qonşularımıza tutarlı arqumentlər qazandırmaqdadır. Həmçinin, korrupsiya və rüşvət girdabında olan mütəşəkkil komanda da təqsirsiz şəxslərin həbsindən ustalıqla özünü qorumaq üçün yararlanır. Dovlətimiz və cəmiyyətimiz adına nə qədər təhlükəli tərəflər varsa, hamısı bu siyasətdən maksimum qazanır. İtirən isə yalnız ölkəmizin vicdanlı vətəndaşları və dövlətimizdir. Təhsilindən, səhiyyəsindən, iqtisadiyyatından, ordusundan, diplomatiyasından tutmuş, bütün dövlət-idarəetmə sisteminə qədər hər sahə itirməkdədir. Xalqımızın mənəvi-psixoloji aşınmasını, öz talehinə biganəliyini və cəmiyyətiçi etimadsızlığını şərtləndirən əsas səbəblər də məhz bu siyasətdir.
                                  
                                Günahkarı əfv etmək humanistlikdir.

Həm dinimizdə həm də ictimai münasibətlərdə humanizm nümunəsi sayılacaq addım odur ki, günahkarı və islah olunmuş cinayətkarı bağışlayırsan. Bu addım cəmiyyətə həmrəylik, barış, sevgi və etimad gətirir. Günahsız cəza alanların “əfv”i isə mənəvi işgəncədir. Düşüncəsi və fəaliyyəti ilə cəmiyyəti azad, firavan, təminatlı və təhlükəsiz görmək istəyən, bunun üçün fədakarlıqla mübarizə aparan yüzə yaxın insan təqsirsiz məhbus həyatı yaşayır. Məhkum edilmiş insanlar və onların yaxınları ilə yanaşı, cəmiyyətin bütün sağlam düşüncəli insanları da bilir ki bu şəxslər qondarma ittihamlarla, siyasi sifarişlə həbs ediliblər. Belə şəxslərin “əfv”ini humanist addım kimi təqdir edənlər haqlı olaraq cəmiyyət tərəfindən qınanır. Ağlı başında olan sağlam insanlara necə izah edəsən ki, günahsız şəxsləri zindana salıb, işgəncələrə məruz qoyub, təhqir etdirib, şərəf və ləyaqətini alçaldıb sonra da bir bağışlanma ərizəsi yazdırıb “əfv”etdirmək humanistlikdir? Məncə, təqsirsiz məhkum edilmiş şəxslər və demokratik düşüncəli insanlar heç bir zaman bu davranışı humanistlik kimi qəbul etməyəcək.  
        
             Ənənəvi “əfv” hakimiyyətə heç bir müsbət dvident gətirməyəcək.

Hökumətin “əfv” siyasətinin mahiyyətini anlamaq çox çətindir. Kiçik bir monitorinq aparılsa məlum olacaq ki, nə günahsız məhkum olmuş insanlar, nə onların yaxınları və doğmaları, nə də fəal vətəndaşlar bunu ədalətin təntənəsi hesab etmir. Təqsirsiz məhkum olunmuşları zorla imdad diləməyə məcbur etmək, süni ədalət fenomeni yaratmaq məzhəkəsi yalnız əks reaksiya doğurur. Günahsız qadınları, gəncləri, ictimai-siyasi xadimləri qanunsuz olaraq həbs etmək, işgəncə verərək yarımcan etmək və sonra da beynəlxalq təyziqlər qarşısında onları azad etmək məcburiyyətində qalmaq heç bir halda humanistlik kimi qəbul edilməyəcəkdir. Bunu qəbul etmək lazımdır ki, günahsız məhkum həyatı yaşayanlara zorla bağışlanma ərizəsi yazdırmaq və sonra da “əfv” edilməsi cəmiyyətdən təqdir almayacaqdır. Özünə hörmət edən hökumətlər vətəndaşını həbslə deyil, siyasi arqumentlərlə, debatlarla susdurmalıdır. Nəhəng resurslara malik hökumət təmsilçiləri müxalifəti fikirləri, düşüncələri, şəffaf idarəçiliyi və demokratik seçki ilə məğlub etməlidir. Onları qondarma ittihamlarla həbs edib adını tarixin amansız səhifələrinə yazdırmaq, ciddi təyziqlərə, sanksiyalara məruz qalmaq və sonra da məcburiyyət qarşısında “məhkumları” azad etmək prinsiplərindən bir dəfəlik imtina edilməlidir. İstisnasız olaraq bütün siyasi və vicdan məhbusları qeyd şərtsiz sərbəst buraxılmalı və bu repressiv siyasət bir daha təkrar edilməməlidir. Bu, hökumətin ağır böhran dövründə ən doğru addımı olmaqla yanaşı, həmrəylik günü ərəfəsində cəmiyyətə yüksək əhval-ruhiyyə və həmrəylik də qazandırar. 

Qərb Azərbaycandan nə istəyir?

Qərb Azərbaycandan nə istəyir və biz qərbə nəyi vermək istəmirik?

Azərbaycan-Qərb münasibətlərinin real durumu, gələcək perspektivləri daim cəmiyyətimizin gündəmində öncəlik təşkil edir. Çünki, mövcud dünya düzənində ən önəmli, etibarlı və güclü tərəfdaş dövlətlər məhz bu geosiyasi məkana daxıldır. Təsadüfi deyil ki, bu münasibətlərdə ən kiçik addımlar da böyük müzakirələrə yol açır.

Qərblə münasibətlərimizin real durumu necədir?

Bir cümlə ilə ifadə etsək, siyasi münasibətlərimiz pisləşməyə doğru gedir. Təkcə bu il ərzində Azərbaycan-qərb münasibətlərinin korlanması yönündə xeyli qarşılıqlı addımları müşahidə etmişik. Ən nüfuzlu beynəlxalq təşkilatlar dəfələrlə ölkəmizdə insan hüquq və azdlıqlarının pisləşməsi ilə bağlı  hesabatlarla çıxış edib. Avropa Parlamentinin Azərbaycan hakimiyyətinə qarşı çox sərt qətnamə qəbul etməsi, ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı bir neçə dəfə müzakirələr keçirməsi, Avropa Şurasının Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxması, siyasi məhbuslarla bağlı AŞ-nın məruzəçi təyin etməsi, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının ölkəyə gəlməkdən imtina etməsi və digər fəaliyyətlər vəziyyətin gərginliyindən xəbər verir.
Öz növbəsində Azərbaycan iqtidarı da cavabsız qalmır və qərblə münasibətlərin daha da kəskinləşməsinə doğru ardıcıl addımlar atır. ATƏT-in Bakı ofisinin qapadılması, Avronest PA-da iştirakımızın dayandırılması, BMT-nin İşgəncələrin qarşısının alınması üzrə alt komitəsinin (İQAT) ölkəmizdə öz mandatını həyata keçirməyə imkan verilməməsi , hətta beynəlxalq QHT-lərin və KİV-lərin fəaliyyətini dayandırması kimi addımlar buna misal ola bilər.
Nəhayət, Azərbaycanın hakimiyyət nümayəndələrinə qarşı Helsinki Komissiyasının “Azərbaycanda Demokratiya 2015” adlı qanun layihəsini konqressə təqdim etməsi ilə yeni siyasi-hüquqi mərhələnin təməli qoyuldu. Bu addımın atılmasına səbəb ölkədə siyasi məhbus probleminin çox qabarıq şəkildə mövcudluğu, demokratik azadlıqların boğulması və bunların aradan qaldırılmaması istiqamətində hökumətin yersiz inadkarlıq göstərməsidir. Rəsmi şəxslərin bəyanatlarından açıq şəkildə görünən budur ki, hökumətimiz qərblə yalnız iqtisadi-ticarət əməkdaşlığını məqbul sayır. Bununla belə, iqtisadiyyatın liberallaşmasını və rəqabətə davamlı iqtisadiyyatı əngəlləmək üçün hətta Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan da imtina edir. Təsadüfi deyil ki, dünyada yegənə ölkəyik ki, müxtəlif bəhanələrlə 17 ildir bu quruma üzv olmağı gecikdiririk. Digər əməkdaşlıqların da yalnız Azərbaycan standartları çərçivəsində baş verdiyi təqdirdə qəbul ediləcəyinə işarə vurulur. Hakimiyyət öz məntiqinə əsaslanaraq insan hüquqları sahəsində üzərinə götürdüyü belnəlxalq öhdəliklərə məhəl qoymur. Artıq bu çərçivədə əməkdaşlıq imkanlarının ortadan qalxdığını və hakimiyyətin getdikcə daha da özünü təcridə yuvarladığını deyə bilərik.

Biz niyə Avropaya üz tutduq, buna zərurət nə idi?

Ölkəmiz müstəqilliyini bərpa etsə də, onu qoruyub saxlamaq və möhkəmləndirmək istiqamətində ciddi problemlərimiz mövcud idi. Bir tərəfdən Rusiyanın açıq dəstəyi ilə Qarabağ cəbhəsində qanlı döyüşlərin getməsi, çoxsaylı insan itkiləri, ərazilərimizin işğalı, digər tərəfdən isə müstəqilliyimizə qənim kəsilmiş məkirli qonşularımızın təxribat xarakterli fəaliyyəti ölkəmizi təhlükə çənbərinə salmışdı. Bir-birinin ardınca qanlı terror aktları, dövlət çevrilişləri senariləri cəmiyyəti sosial-siyasi gərginlikdə saxlayırdı.

Zəngin karbohidrogen ehtiyyatlarının istismarı və dünya bazarına çıxarılması müstəqilliyimizin möhkəmlənməsində yeganə təsirli vasitə olsa da, bu şəraitdə onu uğurla həyata keçirmək mümkün deyildi. Odur ki, dövlətimizin bu coğrafiyada mövcudluğunun yeganə qarantiyası 1992-ci ildən start görürən qərbə inteqrasiya xəttinin daha da sürətlənməsi idi. Təməli mərhum eks-prezident Əbülfəz Elçibəyin zamanında qoyulan və sonra da davam etdirilən iqtisadi-siyasi əməkdaşlıq ölkəmizi təhlükə çənbərindən çıxarmağa istiqamətlənmiş doğru strategiya idi. Bir tərəfdən "əsrin müqaviləsi", digər tərəfdən isə Avropa qurumlarına inteqrasiya xətti ölkəmizi xarici təhlükələrdən qoruya bilən əsas addımlar oldu. Bu baxımdan Azərbaycan könüllü olaraq öz təhlükəsizliyini təmin etmək üçün qərbə doğru istiqamət götürdü. Qərbin sosial-siyasi standartlarına uyğun olaraq ölkəmiz üzərinə götürdüyü öhdəliklərlə 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu.

Nüfuzlu Avropa qurumlarında təmsilçilik bizə nə verdi?
 
Bu, arxada qalan illər ərzində Azərbaycana neft gəlirlərindən maneəsiz olaraq milyardlarla vəsait daxil oldu. Ölkəmizin beynəlxalq miqyasda yeri möhkəmləndi. Müstəqilliyimizə yönələn regional hərbi-siyasi və iqtisadi təhlükələr səngiməyə başladı. Ölkəyə daxil olan böyük pullardan sadə vətəndaşlara çox cüzi pay düşsə də hökumət üzvləri və onlara yaxın qüvvələr küllü miqdarda sərvətə sahib oldular. Xeyli infrastruktur layihələrin maliyyələşməsi imkanları artdı. Hakimiyyət Avropa ilə əməkdaşlığı yalnız iqdisadi mənfəətlə məhdudlaşdırıb, ölkə daxilində insan hüquqlarını sistemli olaraq kobud şəkildə pozmaq xəttini tutdu. Siyasi sabitliyin pozulacağı ilə cəmiyyəti şantaj edib, qeyri qanuni üsullarla hakimiyyətini möhkəmləndirdi. Öz öhdəliklərinə ardıcıl və məqsədyönlü şəkildə əməl etməməklə etibarsız beynəlxalq imic qazandı.
                     
Qərb bizdən nə istəyir?

Qərbin Azərbaycandan istədikləri demək olar ki, bütün vətəndaşlarımıza bəllidir. Onların ölkəmizdən gizlində nəyisə tələb etdiyini və cəmiyyətin də bundan xəbərsiz olduğunu zənn etmirəm. Nə istəyirlərsə, onu rəsmi təmaslarda, beynəlxalq tədbirlərdə, müxtəlif tribunalardan açıq dillə səsləndirirlər. Heç hakimiyyət nümayəndələrinin də dilindən belə gizlin məqamların olduğunu eşitməmişik. Əgər belə bir hal olsaydı bunu mütləq hansısa formada cəmiyyətə sızdırardılar. Qərb öz iqtisadi-siyasi istəyini açıq formada ifadə etdiyinə görə, hakimiyyət də ya birbaşa, ya da dolayı yollarla bunu təsdiq edib.
Əsasən qərbin bizdən istədikləri qarşılıqlı maraqlara söykənib. Bu əməkdaşlıq iqtisadi, siyasi və təhlükəsizlik baxımından daha çox ölkəmizin maraqlarına xidmət etdiyi üçün həmişə cəmiyyətin bütün sağlam kəsimindən dəstək alıb. Hər kəsin anlayacağı dillə desək, biz satışa neft çıxarmışıq, onlar əlverişli alıcı olub. Biz qlobal və regional təhlükələrdən müstəqilliyimizi qorumaq istəmişik, onlar beynəlxalq konvensiyalara qoşulmaqla bunu təmin edəcəyimizə zəmanət verib. İkitərəfli və çoxtərəfli əməkdaşlığın elə bir sahəsi olmayıb ki, o bizim milli maraqlarımıza xələl gətirsin. Yalnız öz vətəndaşlarının hüquq və azadlıqların təminatı ilə bağlı məsələlər istisna olmaqla, bütün digər sahələrdə əməkdaşlıq qaydasında olub. Qərb son illər dünyada artan iqtisadi-siyasi böhran fonunda bu tələblərində daha prinsipial mövqe sərgilədiyi üçün antidemokratik rejimlərlə münasibətləri gərginləşib. Məhz qərbin hal-hazırda hakimiyyətdən istədiyi budur ki, öz vətəndaşlarınla bağlı üzərinə götürdüyün öhdəlikləri yerinə yetirməlisən.

Hakimiyyət bu tələbi təmin etmək istəmir və ya edə bilmir?

Qərbin siyasi standartlarında öncəlik təşkil edən insan hüquq və azadlıqlarının təminatı ilə bağlı prinsiplər bizim hakimiyyət tərəfindən hələ də qəbul edilməyən əsas paradiqmadır. Azad dünyanın nüfuzlu ekspertləri birmənalı olaraq hesab edirlər ki, dünyada hökm sürən hərc-mərciliyin, böhranın, qanlı qarşıdurmaların, qaçqın probleminin əsas səbəbi öz vətəndaşlarını geniş hüquq və azadlıqlardan məhrum edən rejimlərdir. Dəhşətlisi budur ki, bu rejimlər vətəndaşlarının təbii haqqı olan hüquqları onlara verməmək üçün öz əhalisini təhqir edir, döyür, həbsə atır, işgəncələrə məruz qoyur, öldürür və qanlı toqquşmalarla siyasi səhnədə qalmaq istəyirlər. Basqasına məxsus olanı uzun müddət zorakı üsulla əlində saxlayan rejimlər bəşəriyyətin ən böyük bəlasına çevrilməkdədir. Təcrübə göstərir ki, heç bir xalq öz qəddar rejimi ilə təkbaşına mübarizə apara bilmədiyi üçün mütləq güclü beynəlxalq dəstəyə möhtacdırlar. Korrupsiyalaşmış, monopolist hakimiyyətlərin ən böyük düşməni azad və şəffaf cəmiyyətlərdir.
Pülüralist, hesabatlı, ifadə azadlığının geniş çərçivəsi olan, demokratik seçki keçirən cəmiyyətlərdə vətəndaşlar tam güvənli yaşaya bilir. Belə cəmiyyətə gedən yol isə hüquq və azadlıqlara sahib olan vətəndaşlardan keçir. Təəssüf ki, hakimiyyətin dəyişməsini normal qanunauyğun hal kimi deyil, faciə kimi qəbul edən düşüncə, bu hüquqları təmin etməyə imkan vermir. Əbədi hakimiyyətdə olmaq duyğusu demokratik qərarların qəbulunu xeyli çətinləşdirdiyi üçün insan hüquq və azadlıqlarının təmin edilməsi ciddi problem olaraq qalır.
Hökumət yubanmadan öz öhdəliklərinə əməl etməli, siyasi məhbusları sərbəst buraxmalı və cəmiyyətin etimad göstərəcəyi siyasi islahatlara başlamalıdır. Vətəndaşların təməl hüquqlarını pozmağı daxili işimiz hesab edənlər çox ciddi yanlışlığa yol verir. İnsan hüquq və azadlıqları dövlətlərüstü qaydalarla qorunur. Buna mütləq əməl olunmalıdır. Öz vətəndaşlarının davamlı olaraq hüquqlarını pozan hakimiyyətlərin və hüquqları pozulan xalqların amansız faciələr yaşadığını unutmamalıyıq.


                                                        28 dekabr 2015-ci il.