14 Aralık 2016 Çarşamba

Azərbaycan-İsrail əməkdaşlığı yeni mərhələyə keçir?

                  Azərbaycan-İsrail əməkdaşlığı yeni mərhələyə keçir?

Müasir dünya siyasətinin konyukturası əsasən strateji maraqlar və milli təhlükəsizlik üzərində təşəkkül tapdığından dövlətlərarası münasibətlərdə dini, milli, ideoloji və hətta iqtisadi maraqların da asanlıqla arxa plana keçdiyinin şahidi oluruq. Strateji maraqlar əməkdaşlığın təməl qaynağı halına gəldiyi üçün dünyada mövcud olan münaqişlərin, müharibələrin, hərbi-siyasi ittifaqların da bu kontekstdə baş verdiyini görürük.  

Strateji münasibətlər zəncirinin həlqəsi əlavə olaraq iqtisadi, siyasi, ideoloji və hərbi bağlarla möhkəmləndikdə, bu, ən etibarlı təhlükəsizlik qarantiyası yaradır. Məhz NATO öz üzvləri və tərəfdaşları üçün belə bir cəlbedici təhlükəsizlik çətiri yaratmağa nail olub.
Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, burada dövlət müstəqilliyimiz üçün hələ də müəyyən təhdidlər mövcuddur. Xüsusilə də yaxın qonşularımız olan İran və Rusiya ölkəmizin müstəqil daxili və xarici siyasətinə dozümlü yanaşmır. Hətta bəzən daxili siyasətimizə, beynəlxalq əlaqələrimizə açıq və gizli şəkildə “səssiz diplomatiya” ilə müdaxilə etməkdən də çəkinmirlər.

Müstəqillik əldə etdikdən dərhal sonra ölkəmizlə davamlı şəkildə strateji münasibətlər quran və bu münasibətlərə sadiq qalan azsaylı dövlətlərdən biri də İsraildır. İsrail Azərbaycanın ən etibarlı iqtisadi, siyasi, hərbi strateji tərəfdaşlarından biridir. Təfərrüatlara toxunmadan qeyd edək ki, ölkəmizin qlobal və regional təhlükəsizlik doktrinasında ən önəmli rolu olan İsraillə siyasi əlaqələrin genişlənməsi ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasındakı möhkəm dostluq əlaqələrinin mövcudluğunu demək olar ki, cəmiyyətin əksər ictimai-siyasi spektri normal qarşılayır. Orta Şərq regionunda davam edən proseslər fonunda yüksək səviyyəli münasibətlər həm də İsrail dövlətinin marağındadır.

ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra Asiya və Avrasiya regionunda siyasi fəallığın artacağı gözlənilir. Qərbin strateji müttəfiqi kimi qlobal siyasi oyunçular arasında özünəməxsus yer tutan İsrailin ən təcrübəli siyasətçilərindən hesab edilən baş nazir Netanyahunun ölkəmizə və Qazaxıstana səfərini bu baxımdan da təsadüfi hesab etmək olmaz. Müşahidələr göstərir ki, İsrail baş nazirinin ölkəmizə gerçəkləşdirilən səfəri qonşularımız tərəfindən narahatlıqla izlənir və iki ölkə arasındakı strateji münasibətlərin genişlənməsindən əsassız olaraq narahatlıq ifadə olunur.

Azərbaycan əraziləri 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib, minlərlə dinc sakinimiz həlak olub, onminlərlə insan yurdundan didərgin salınıb, ev-eşiyi dağıdılıb və bu günə qədər də işğal davam edir. Bu müddət ərzində sözdə müsəlman təəsübkeşi kimi çıxış edən İran hökuməti nəinki Ermənistana təzyiq göstərib, əksinə daim bütün vasitələrlə onların yanında yer alıb. Ermənistan cəmiyyətinin ruhdan düşməməsi üçün əlindən gələn köməyi açıq və gizli şəkildə göstərib. Eyni rolu digər qonşumuz Rusiya da beynəlxalq hüquqa məhəl qoymadan oynamaqdadır.
Xüsusilə də son dövrlər Rusiya açıq şəkildə Ermənistan ordusunun gücləndirilməsi istiqamətində intensiv iş aparır, birgə ordu yaradaraq ölkəmizə hərbi-siyasi təzyiqlərini artırır. İran da Ermənistanla strateji əlaqələrini gücləndirir və faktiki olaraq Qarabağın işğalda qalmasına dolayısı ilə dəstək verir. Belə bir durumda İsrail-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi ölkəmiz üçün olduqca mühüm əhəmiyyətə malikdir.  

Faktiki olaraq Azərbaycan hökuməti Rusiya və İranın həssas yanaşdığı bütün məsələlərdə onları razı salmağa çalışır. Qərbə ineqrasiya yolunu təbliğ edən demokratik siyasi müxalifət Rusiyanın istəyi ilə siyasi müstəvidən sıxışdırılıb və hakimiyyətin heç bir qolunda təmsilçilik imkanı verilmir. Çox ağır basqı altında mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. İranın istəyi ilə milli zəmində çox sərt siyasi-idarəetmə doktrinası mövcuddur. Özünü türk hesab edən bir nəfər də olsun hakimiyyət pilləsində orta və yüksək vəzifəyə təyin edilə bilməz. Nə mediada, nə dərsliklərdə, nə də ictimai ortamda bu mövzuda müzakirələrə imkan var. Sanki, Rusiya və İran xüsusi xidmət orqanları ölkəmizdə sərbəst monitorinq apardığını nəzərə alan hökumət böyük qonşuların bu həssaslığını ciddi şəkildə nəzərə alır.

Azərbaycan hökumətinin bu güzəştləri qarşılığında İranın və Rusiyanın əzici davranışlarından imtina etməməsi, düşmənlərimizə açıq dəstək verməsi bizi bir dövlət kimi aşağılamağa xidmət edir. Odur ki, uzlaşdırıcı, balanslaşdırıcı siyasət tendensiyasını bir kənara qoyub strateji tərəfdaşlarımızla daha sıx əlaqələr qurmalıyıq. Rusiya və İran hökumətləri yalnız Azərbaycan iqtidarının maraqlarını qorumağa üstünlük verdikləri halda, İsrail həm də ölkəmizin mənafelərinə hörmət edən və töhfə verə bilən dövlətdir. Regionda baş verən proseslərdən, habelə görüş zamanı imzalanan sənədlərin və bəyanatların mahiyyətindən də aydın olur ki, İsraillə iqtisadi, siyasi, hərbi və təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi dövlət maraqlarımıza uyğundur və yeni mərhələyə qədəm qoyacaq.


13 dekabr 2016-cı il.

17 Kasım 2016 Perşembe

Millətin dirçəlişi, yoxsa nifrətin oyanışı...

    Millətin dirçəlişi, yoxsa nifrətin oyanışı...
Bəzən elə çətin suallarla qarşılaşırıq ki, birmənalı cavab verməyə tərəddüd edirik. Hərəkətdə olan zamandır, yoxsa biz? Əslində elə biz özümüz də zamanın ayrılmaz hissəsiyik, zaman isə həyatımızın özüdür. Həyatın mövcudluğundan etibarən fəsillər bir-birini əvəz edərək təkrarlandığı kimi sanki insanlar da təkrar doğulur, öz həyatını yaşayır, ölür və sonra da yenisini eyni aqibət gözləyir. Həyatın geriyə dönüşü olmadığı üçün bu fürsət hər kəsə yalnız bir dəfə nəsib olur.

Bu fəlsəfi fikirlərlə başladığım yazının girişi sentimental olsa da mahiyyəti sosial-siyasidir. Ellikcə gələn təhlükələr özünüqoruma və yaşatma instinktinin kollektiv təzahürü kimi ideyaların doğulmasını şərtləndirir. İdeyalardan doğulan cəmiyyət güclü, savadlı və azad fərdlər formalaşdırdığı kimi, sosial-siyasi maraqların təminatı da cəmiyyətin dayanıqlı müqavimətini yaradır. İzolyasiya olunan istənilən canlı təbii halını tədricən itirdiyi kimi azadlığı olmayan insan da zamanla sosial-siyasi mahiyyətini dəyişir. İbtidai təfəkkürün təsir dairəsindən qurtula bilməyən insanlar azad cəmiyyətə meylli olmurlar.

Böyük öndər Mustafa Kamal Atatürkün bir fikrini xatırlatmaqla mövzuya keçmək istəyirəm. “Böyük və tarixi olayları, ancaq böyük uluslar yaşaya bilir. Tarixi yazanlar, tarixi yaradanlar qədər önəmlidir. Yazan, yaradana sadiq qalmalıdır”.

Bu gün xalq olaraq çağdaş tariximizin ən şanlı səhifələrindən birini yaratdığımız günün 28-ci ildönümündəyik. Tarix üçün 28 il çox qısa olsa da bir insan ömrü üçün böyük hesab edilə bilər. O zaman gənc olan insanlar indi orta yaşlı, orta yaşlılar qocalıq çağında, yaşlı insanlar isə əsasən dünyasını dəyişib.
Tarixini öyrənməyən fərdlər və xalqlar onu təkrar faciələrlə yaşamalı olur. Girişdə qeyd etdiyim “təkrar doğulmaq” fikiri məhz bu baxımından ifadə edilmişdir. Çünki yaşanan tarix gələcək nəsillər üçün bir xəbərdarlıq siqnalıdır. Tale elə gətirdi ki, mən də gənc yaşımda “Milli Dirçəliş”günü kimi tariximizə düşən bu coşğulu olayları yaradan və yaşayan şanslı insanlardan biri oldum. Yaddaşımı təzələmək üçün varaqladığım şəxsi arxivimdən görürəm ki, bu istiqamətdə kiçik həcmli yazı yazmaq çox çətindir. Odur ki, təfərrüatlara varmadan çalışacam ki, çox qısa olaraq o günlərə səthi nəzər salaq.

Hərbi xidmətdən 1987-ci ilin yazında dönüb sentyabrda universitetə (BDU) təkrar bərpa olunmuşdum. SSRİ-də yenidənqurmanın dalğasında yaranan ictimai bir oyanış çoxları kimi mənə də təsir etmişdi. Xüsusilə də 1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi ilə bağlı Kremlə göndərdikləri müraciət daha çox əks-səda doğurmuşdu. Universitetin yataqxanalarında yaşayan savadlı və fəal tələbələr arasında açıq ictimai-siyasi diskussiyalar gedirdi. Sonrakı tanışlıqlar zamanı bildim ki, bu diskussiyalar heç də təsadüfi deyilmiş. Böyük elm və siyasət adamları olan Xudu Məmmədov, Əbülfəz Elçibəy və digər adlarını çəkə bilmədiyim dəyərli insanlar da bu istiqamətdə məqsədyönlü iş arparırmışlar.  

Bir qrup fəal universitet tələbələrinin yaratdığı “Yurd” birliyi haqqında məlumat aldıqdan sonra dostların vasitəçiliyi ilə bu quruma üzv olmaq üçün müraciət etdim və həmin ilin sentyabrın 23-də ilk dəfə üzv kimi ümumi yığıncağa qatıldım. Təşkilat üzvlərinin əksəriyyəti gənc olsalar da olduqca savadlı, yetkin, təmkinli və cəsarətli davranışları ilə seçilirdilər. Tarixi abidələrimizin bərpası və qorunması istiqamətində başladığımız işlər soydaşlarımızın Zəngəzurdan kütləvi şəkildə didərgin salınması ilə yaranan duruma uyğun xarakterini dəyişməyə başladı. Bir də gördük ki, artıq ictimai-siyasi proseslərin önündəyik.

Ermənistan hökumətinin soydaşlarımızın başna olmazın müsibətləaçılmasını, ata-baba yurdlarından kütləvi şəkildə qovulmasını, vəhşicəsinə döyməsini, öldürməsini, diri-diri yandırmasını SSRİ və Azərbaycan rəhbərliyi laqeydliklə izləyir və heç bir əməli addım atmırdılar. Vətəndaşı olduğun bir ölkənin idarəçilərinin xalqımıza qarşı bu qədər yad və düşmən olduğunu anladığım o günlər sovet dövlətinə nifrətimin oyanış günü kimi yaddaşıma yazıldı. Azərbaycan, Ermənistan və SSRİ rəhbərliyi sanki sadə xalqa qarşı bu amansız repressiyanı birlikdə kordinasiya edirdilər. 1988-ci ilin 19 fevralında bütün bu “susqunluğa” etiraz məqsədi ilə təşkil etdiyimiz ilk mitinqimiz Bakı sakinlərini silkələsə də hələ ümumi əhalimizin oyanmasına gətirib çıxarmamışdı. Sonra Sumqayıt hadisələri ilə qızışan qarşısıalınmaz proseslər yeni dönəmin başlandığınin siqnalı oldu. 
Mərkəzi və yerli hakimiyyət hər yerdə azərbaycanlıların əl-qolunu bağlayır, ermənilərə isə yeni imkanlar açaraq aydın iradə sərgiləyirdi. Mərkəzi və yerli hakimiyyətin davam edən ziddiyyətli davranışları fonunda biz tələbələr və digər fəal insanlar etirazların yeni dalğasına hazırlaşırdıq. Belə bir situasiyada müstəqillik ideyasının yenidən gündəmə gəlməsi ilə sanki cəmiyyət çarəsizlik sindromundan qurtuluş yolunu tapdı. Yeni cəmiyyətin doğulması məhz bu ideyadan qaynaqlandı.

Mərkəzi hakimiyyət Ermənistandan didərgin salınmış insanların başını qatmaq üçün hiyləgər addımlar atır, onların öz yurdlarına dönüşünü gündəmdən çıxarmaq üçün Azərbaycanda məskunlaşmasını həyata keçirirdi. Xatırlayıram ki, o zaman tələbə hərəkatını önləmək üçün dəridən-qabıqdan çıxan hakimiyyət tələbə yataqxanalarında yüksək səviyyədə görüşlər təşkil edirdi. İştirakçısı olduğum belə görüşlərin birində Moskvadan gələn SSRİ Komsomol Komitəsinin 1-ci katibi və sonralar Azərbaycan Ali Sovetin sədri olan Elmira Qafarova bizim yataqxanada görüşə gəlmişdilər. Öncə sakit başlayan görüş sonradan qızğın və əsəbi diskussiyaya çevrildiyindən qonaqlar görüşü yarımçıq tərk edərək tələsik getməli oldular. Ermənistanda və DQMV-də baş verənləri geniş şərh etmədən deyə bilərəm ki, həmin dövrdə milli iradəmizi səfərbər edib hərəkata başlamasaydıq, yəqin ki indi Qarabağ da Zəngəzur kimi rəsmən Ermənistanın ərazisi idi.
 
Beləliklə noyabrın 17-də BDU-nun qarşısından başlayan aksiya yüz minlərlə insanın meydana axışması ilə dekabrın 5-dək davam etdi. Sovet silahlı qüvvələrinin müxtəlif bölmələrinin keçirdiyi əməliyyat nəticəsində meydan dağıdılsa da bu kükrəyən milli iradə mərkəzi və yerli hakimiyyəti bəzi planlarından imtina etməyə məcbur etdi.

O olaylar çağdaş tariximizin ən nəhəng nailiyyətlərindən biridir. Təəssüf ki, tariximizdə ellikcə uğur qazandığımız, birlik ifadə etdiyimiz çox az nümunələr var. Onu cəmiyyətə unutdurmaq istəyənlər milli birlikdən, kollektiv iradəmizdən qorxan, xalqın coşğusundan yuxusu ərşə çəkilən çevrələrdir. Təəssüf ki, hələ də bu tarixi olaylara obyektiv siyasi qiymət verilməsinə əngəllər qalır.

Haqlı bir deyim var ki, qəhrəmancasına ölməkdən çox, qəhrəmancasına yaşamaq çətindir. Geriyə boylanıb baxdıqda görürük ki, bir çox meydan qəhrəmanları öz əməlləri ilə keçmiş uğurlarına silinməz ləkə vurub. Bəzi insanlar özünü cəmiyyətin gözündən salsa da, cəmiyyətin etimadını böyük fədakarlıqla qoruyub saxlayan nümunəvi siyasətçələrimiz hələ də qalmaqdadır.  

Kiminsə xidmətini xüsusi fərqləndirmədən deyə bilərik ki, bu olaylar ümumxalq iradəsinin təzahüri idi. Sonrakı mərhələdə qazanılmış müstəqilliyin açarı da məhz bu idi. Yazının əvvəlində qeyd etdiyim kimi böyük ideyanın doğurduğu cəmiyyət dünyada “ilin xalqı” titulunu qazansa da, müstəqillikdən sonra sosial-siyasi maraqların təminatına yaradılan süni əngəllər cəmiyyətin müqavimətini öldürdü.

Milli dirçəlişdən ictimai çöküşə yuvarlanmış bir cəmiyyəti yenidən doğacaq ideyaların sistemli təbliğinə artıq əlverişli şərait yaranıb. İnsanlarımız yenidən çarəsizliyə yuvarlanıb.  Səbəbləri əksəriyyətə bəlli olan sosial böhranın siyasi intibah doğuracağı gün uzaqda deyil. 28 il öncə ilə müqayisədə əsas fərqimizin biri budur ki, indi cəmiyyətin müəyyən kəsimi təşkilatlanıb, sınaqdan keçmiş ictimai-siyasi qurumlar var və fəal insanlar dəyişikliklərin sosiologiyasına bələddir. Hakimiyyətin davranışları da göstərir ki, onlar müxalifətçilərin arasından əsas alternativini artıq müəyyən edib. Tədricən cəmiyyətin gənc və enerjili kəsimi də məhz əsas alternativə doğru istiqamətlənəcək. Bu tendensiya intensivləşdikdən sonra sadə insanların da diqqətini çəkəcək.
  

17 noyabr 2016

13 Kasım 2016 Pazar

ABŞ yaxın on illikdə dünya siyasətində çox mühüm rola malik olacaq!

ABŞ yaxın on illikdə dünya siyasətində çox mühüm rola malik olacaq!

Dünyanın supergüc ünvanına sahib olan ABŞ-da baş verən olaylar daim dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu baxımdan başa çatmış son prezident seçkiləri də dünyanın bir çox yerlərində olduğu kimi ölkəmizdə də maraqla izləndi. Seçki kampaniyasının gedişi, namizədlərin qələbəsini və məğlubiyyətini şərtləndirən amillər ətrafında kifayət qədər təhlillər aparıldığı üçün biz bu məsələlərə toxunmayacağıq. Daha çox ölkəmizin maraqları baxımından dəyərləndirmə aparmağa çalışacağıq.



Öncə qeyd edək ki, ABŞ demokratik dövlətçilik ənənəsinə sahib tam pülüralist bir cəmiyyət olduğundan orada kimin prezident olmasından asılı olmayaraq dövlətin dərin maraqlarında ciddi dəyişikliklər baş vermir. Həm də orada elə bir seçki sistemi mövcuddur ki, bəzən seçki başa çatana kimi qalib haqqında qəti fikir söyləmək xeyli çətin olur. Xüsusilə də müstəqil rəy sorğularına görə namizədlər arasındakı fərq yaxın olduqda proqnozlar özünü doğrultmaya bilir. Azad seçki mühiti olan yerdə seçki kampaniyasının gedişində də seçicilərin rəyi çox sürətlə dəyişə bilir və biz bunun dəfələrlə şahidi olmuşuq. Odur ki,  ABŞ-da prezident seçkilərində hansı namizədin qalib olacağı ilə bağlı müzakirələrə qoşulmamağa çalışdıq.

Artıq seçkilər arxada qalıb və Respublikaçıların namizədi Donlad Tramp təxminən iki ay sonra prezidentlik səlahiyyətlərinin icrasına başlayacaq. Yeni prezidenti də olduqca çətin daxili və xarici siyasət gözləyir. ABŞ-ın strateji maraqlarına daxil olan qlobal iqtisadi-siyasi məsələlər, Avropanın yaxınlığında cərəyan edən gərgin hərbi-siyasi münaqişələr qərbdən daha cevik və konkret reaksiyalar tələb edir. Belə bir situasiyada Ağ evin rəsmi siyasətində köklü əks dəyişikliklər baş verə bilərmi? Ölkəmizin qarşısında duran problemlərin həllində, ikitərəfli əməkdaşlığın gələcək perspektivləri istiqamətində yeni administrasiyanın yanaşmaları öncəkindən fərqlənəcəkmi? Bu kimi sualların konkret cavablarını zamana buraxmadan da deyə bilərik ki, ABŞ-ın dünya siyasətindəki rolu elə bir mərhələdədir ki, ciddi əks dəyişiklik baş verməyəcək.

İlk növbədə ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumu barədə uzun-uzadı müzakirə açmadan deyə bilərik ki, ölkələrimiz arasında münasibətlərdə hər hansı həlli çətin problem yoxdur. İqtisadi, siyasi, mədəni əlaqələrlə yanaşı iri beynəlxalq layihələrdə, antiterror koalisiyasında və beynəlxalq sülhməramlı missiyanın tərkibində əməkdaşlığımız davam edir. Qarabağ probleminin həlli istiqamətində də ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ davamlı olaraq ərazi bütövlüyümüzü dəstəkləyən açıq mövqe ifadə edir. İnsan hüquqları sahəsində mövcud olan problemlərin nüfuzlu beynəlxalq qurumlar tərəfindən gündəmə gətirilməsi müəyyən gərginliklər yaratsa da, hələ  münasibətlərin tamamilə korlanmasına səbəb olacaq miqyasda deyil. Azərbaycan hökumətinin daha çox ABŞ-Rusiya münasibətlərindən qaynaqlanan ehtiyyatlı siyasi-strateji seçimi və tərəddüdləri əməkdaşlığın rəvan olmasına əngəl olaraq qalır.

Təcrübə göstərir ki, çox zaman prezidentliyə namizədlərin verdiyi bəyanatlar prezident olduqdan sonra unudulub. Hətta çox yaxın tarixdə prezident Barak Obama ilk seçkisində namizəd kimi öz seçicilərinə vəd etdi ki, fəaliyyətə başladığı gündən ABŞ hərbi qüvvələrini Əfqanıstandan və İraqdan tam çıxaracaq. Ondan sonra təkrar prezident seçilsə də həmin bəyanatı bu günə kimi icra edə bilməyib. ABŞ-ın təməl dövlət siyasətini müəyyən edən yüzlərlə peşəkar institutlar və orada çalışan çoxsaylı peşəkar mütəxəssislər mövcuddur. Odur ki, nəzərə çarpacaq təməl siyasət dəyişikliyini prezidentlərin müəyyən edəcəyini düşünmək yumşaq desək, sadəlöv yanaşmadır.

Çağdaş dünya siyasətində artıq elə bir dövr yetişib ki, ABŞ öz hərbi-siyasi üstünlüyünü nəinki əldən verəcək, əksinə mövcud əlverişli durumdan yararlanaraq onu daha da artıracaq. Qlobal siyasi-hərbi məsələlərə öncəki illərdən daha fəal və prinsipial müdaxilələr ediləcək. Proseslər onu göstərir ki, Çin, Rusiya, Ş.Koreya, İran, Orta Şərq və Avropa Birliyinə yönəlik siyasət yeni fazaya keçəcək. Xüsusilə də Rusiyada iqtisadi böhranın dərinləşməsi və siyasi böhrana çevrilməsi ABŞ-ın maraqlarına uyğun şəkildə sürətlənəcək. Orta Şərq regionunda yeni ziddiyyətlərin doğulacağı, nizamlayıcı proseslərdə Türkiyənin rolunun daha da artacağı və nüfuzunun yüksələcəyi istisna deyil. 

Dünyada mövcud olan münaqişələrə dərindən bələd olan, təbii resursları analiz edən, siyasi sistemləri incələyən, qlobal iqtisadi-siyasi, hərbi layihələri istiqamətləndirən institutların açıqladıqları rəylərə istinad edərək deyə bilərik ki, ABŞ yaxın on illikdə dünya siyasətində daha mühüm rola malik olacaq. Totalitar və avtoritar rejimlərin çöküşü də qarşıdakı illərdə daha da sürətlənəcək.

Ölkəmizin mövcud problemlərinin həllinə gəldikdə isə burada əsas iş yalnız öz üzərimizə düşür. Azərbaycan ərazilərinin işğaldan azad olunmaması, sosial-iqtisadi böhranın dərinləşməsi, insan hüquq və azadlıqları ilə bağlı problemlərin artması vətəndaşlarımızı gərginlikdə saxlayır. Ölkəmizi təhlükələrə sürükləyən problemlərinin həllində ABŞ ilə münasibətlərin yüksək səviyyəyə qalxması ən çox bizə lazımdır və bu əlaqələr yalnız müsbət nəticə doğura bilər. Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin həssas yanaşdığı məsələlərin həlli istiqamətində nəzərə çarpacaq addımlar atarsa, siyasi təqiblərə son verərsə, iqtisadi-siyasi və köklü məhkəmə islahatlarına başlayarsa, o zaman etimadlı münasibətlərin şahidi ola bilərik.   


13 noyabr 2016

25 Ekim 2016 Salı

Ən çox qorxuya yoluxmuş insanlar itirməyə heç nəyi olmayanlardır!

Bu yazıda ölkə əhalisinin təxminən 50 faizinin yaşadığı kəndlərin sosial durumuna səthi nəzər salmağa və subyektiv baxışlarımı müzakirənizə təqdim etməyə çalışacağam. Bu müşahidələrimi kimlərinsə bəyənməməsini anlayışla qəbul edir və ictimai-siyasi təfəkkürü olan insanların təkliflərini eşitməyə hazır olduğumu bildirirəm.

Cəmiyyətimizin hazırkı real mənzərəsi sabit görünsə də, ölkə vətəndaşlarına olduqca təhlükəli gələcək vəd edir. İnsanların ictimai-siyasi təşəbbüslərə və öz hüquqlarına laqeydliyi, bir-birinə etimadsızlığı elə geniş miqyas alıb ki, onu sözlə ifadə etmək çox çətindir. İdarəetmənin yaratdığı mühitdən qaynaqlanan bu mənfi tendensiya müsbət ənənələrin qismən də olsa yaşadığı kənd yerlərində də artıq çox sürətlə pisləşməyə doğru gedir. Bu qorxulu gedişi necə durdurmaq, hansı zəruri addımları atmaq barədə çağırışlara hökumətin göstərdiyi etinasız münasibət təəssüf ki, tədricən fəal insanların da əlini işdən soyudur.
Kəndlərimizdə mövcud olan sosial-psixoloji münasibətlər sistemi hər zaman qanunlarla yanaşı həm də ənənələrə söykənən ailə, qohum, tayfa əlaqələrindən qaynaqlanıb. Hər bir çətinlik və ya hansısa iş zamanı qarşılıqlı yardımlaşan insanlar indi bu əlaqələri yalnız xeyir-şər olayları ilə məhdudlaşdırıb. Bu amilləri yaradan səbəblər müxtəlif olsa da, mənfi təsirlərinin nəticəsi eynidir. Müasir kommunikasiyanın və elektronikanın yaratdığı yeni mühitlə yanaşı, efirlərin “reytinqli” bayağı verilişləri, qeyri-peşəkar təbliğat və topluma aşılanan “mədəniyyət”, teleserial “terroru”, habelə anti-demokratik idarəetmənin fəsadları birlikdə özünü göstərir.
Kəndlərin ictimai-siyasi mənzərəsi də şəhərlə müqayisədə daha acınacaqlıdır. 15 ildən artıqdır ki, kəndlərimizə bir dənə də olsun müstəqil və müxalif qəzetlər gətirilmir. Əhaliyə asan çatan informasiya mənbələri olan televiziyalar isə tamamilə hökumətin nəzarətindədir. Efirlərin təqdim etdiyi məlumatlar yalnız birtərəfli qaydada hökumətin siyasətinə xidmət edir. Alternativ məlumat almaq imkanı məhdud olan əhali ictimai-siyasi dünyagörüşdən və müzakirələrdən xeyli uzaqlaşıb. Məşğuliyyəti olmayan kişilər də təəssüf ki, bütün günü çayxanalara yığışıb domino və nərd oynamaqla vaxt keçirirlər. Kənddə heç bir ictimai faydalı işlə məşğul ola bilməyən gənc və orta yaşlı insanlar tədricən özünün sosial əhəmiyyətini də itirir.
Kəndlərin çoxunda artıq elə bir vəziyyət hökm sürür ki, insanlar dolanışığını yaxşılaşdırmaq üçün hətta az-çox əllərində olan imkanlardan belə istifadə etmək istəmirlər. Çünki zəhməti çox, gəliri isə cüzi olan işlərə sərf edilən əmək bəzən heç bir ailənin illik ehtiyatını toplamağa da yetərli olmur. Hökumətin səmərəsiz fəaliyyətindən ümumi narazılıq edən böyük çoxluq əsasən bu duruma etiraz etmək məqamı çatanda nədənsə gözdən itirlər. Təzadlı olan budur ki, ən çox qorxuya yoluxmuş insanlar itirməyə heç nəyi olmayanlardır. Əhalidə elə bir psixoloji vəziyyət hökm sürür ki, istənilən ictimai-siyasi təşəbbüslərə də qeyri-ciddi münasibət göstərilir. Yerli icra hakimiyyətindən tam asılı olan, heç bir yerli problemi həll etməyə qadir olmayan bələdiyyələrə də etimad qalmayıb.
Hətta bir-biri ilə qohum olan insanlar da birgə işləməyə, birgə etiraz etməyə, birgə nəticə almağa cəhd etmirlər. Sadə insanlarda bir-birinə və dövlətin strukturlarına qarşı şübhə, inamsızlıq, güvənsizlik müşahidə edilir. Sakinlər tərəfindən kollektiv yerli təşəbbüslər də yox səviyyəsindədir. Dolanışıq qayğılarından başqa heç bir mövzuda müzakirəyə meyl qalmayıb.
Bir haşiyə çıxaraq qeyd edim ki, aprel döyüşləri zamanı ermənilərlə təmas xətti boyunca məskunlaşan kənd və qəsəbə sakinlərinin, habelə 30-40 kilometr uzaqlıqda yerləşən rayon əhalisinin reaksiyası da ciddi narahatlıq doğururdu. O zaman müəyyən səbəblərdən bunu yazmaq mədsədəuyğun olmasa da, indi qeyd etməyi zəruri hesab edirəm. Yerli əhali 1993-cü ildə daha ağır şərtlər altında qalsa da təmkinli davrandığı halda, aprel əməliyyatları zamanı həmin əhali daha böyük təşviş və vahimə içərisində ev-eşiyini tərk edirdi. Nə rəsmi məlumatların mötəbərliyinə etibar edən var idi, nə də yerli məmurların çağırışlarına məhəl qoyan. 
Yerlərdə idarəçilər yalnız öz ailələrinin büdcəsini artırmaqdan və onların qayğısına qalmaqdan savayı heç bir ümumi fəaliyyətə cəhd etmirlər. Əhali arasında səlahiyyət sahiblərinin ictimai nüfuzu yox səviyyəsində olsa da, bu amil o məmurları qətiyyən narahat etmir. Əhalinin güzəranını yaxşılaşdırmaq, dövlət-vətəndaş münasibətlərində etimad yaratmaq düşüncəsində olan tək bir məmura belə rast gəlmək mümkün deyil. Gündə bir-iki saat dövlət işlərinə vaxt sərf edən yerli məmurlar qalan vaxtlarda əlindəki imtiyazdan yararlanaraq öz biznesini, təsərrüfat işlərini idarə edirlər.
Kəndlərdə nə bir xeyriyyəçi fərd, nə də təşkilat var. Bu ənənə kəndlərdə yox olmaq həddindədir. Əgər kimsə ümumi faydalı bir iş görmək istəsə, yerli hakimiyyət nümayəndələri dərhal bu işə şübhə ilə yanaşır və belə təşəbbüslərin qarşısını müxtəlif bürokratik əngəllərlə kəsirlər. Yerli idarəetmə strukturları sanki əhalinin əlinə və ayağına keçirilmiş “qandala” bənzəyir. Böhranın yaratdığı sosial durumun kənd və rayon əhalisini inzibati buxovdan xilas edəcəyi də inandırıcı görünmür.
Belə bir yerli idarəçiliklə kənd təsərrüfatı layihələrinin uğur qazanma etimalı da sıfıra bərabərdir. Yerli dövlət qurumları zəhmətkeş insanlara dəstək olmaq əvəzinə onlara qənim kəsilib. İş ardınca şəhərlərə üz tutan insanlar da artıq iş tapa bilmədikləri üçün kəndlərə qayıdır və yerlərdə böyük bir işsizlər ordusu yaranmaqdadır. Bir az taqəti və pulu olan əhali tədricən biznes mühitinin əlverişli olduğu qonşu ölkələrə üz tutsa da, böyük çoxluq çarəsizlik içərisində ümidini mücərrəd gələcəyə bağlayıb. Bu hal uzun müddət belə davam edə bilməz. Hökumət təcili tədbirlər həyata keçirməsə, kəndlərdə yoxsulluq daha da artacaq.
25 oktyabr 2016

21 Ekim 2016 Cuma

Böhranın ağırlığını əhali çəkməli olacaq?

Böhranın ağırlığını əhali çəkməli olacaq?

Ölkəmiz yeni sosial-siyasi mərhələ ərəfəsində olsa da, baş verə biləcək olayların təfərrüatlarını proqnoz etmək çox çətindir. Sadəcə onu demək olar ki, bu dönəm çağdaş siyasi tariximizin olduqca mühüm səhifəsi kimi dövlətimizin və vətəndaşlarımızın bundan sonrakı aqibətini müəyyən edəcək.
Proqnozları çətinləşdirən obyektiv və subyektiv amilləri sadalamaqla vaxt itirmədən qısaca olaraq deyə bilərik ki, ölkədə sosial, iqtisadi, siyasi, hüquqi və psixoloji durum çox gərgindir. Ən təhlükəlisi isə odur ki, ölkədaxili siyasətin konyukturası dövlətçilik ənənəsindən uzaqlaşaraq şəxsi iradəyə tabe etdirilib. Atılan bütün addımlar cəmiyyətin tələbatından, qanunauyğunluqdan və ictimai-siyasi proseslərdən deyil, iqtidarın korporativ maraqlardan qaynaqlanır.
Məhz bu amilləri nəzərə alaraq, hətta ölkədə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı ehtimallara da ehtiyatla yanaşaraq bu diskusiyalardan uzaq durmağa çalışdıq. Çünki siyasi proseslərin qanuna və hüquqa əsaslanması son dövrlər iqtidarı çox az qayğılandırdığı açıq görünür. İstisnalar olsa da, heç cəmiyyət də bunu hakimiyyətdən tələb etmir. Sanki xalqımızın əksəriyyəti öz ölkəsində müvəqqəti məskunlaşan mühacirlər kimi davranırlar.
Yaxın regionda genişlənən hərbi münaqişələr və iqtisadi-siyasi maraqlar fonunda beynəlxalq qlobal güclərin ölkəmizə təzyiqləri də getdikcə artmaqdadır. Xalqımız sosial problemlərin məngənəsində əzilsə də, “dözüm” nümayiş etdirməkdə, hökumət isə heç bir çıxış yolu tətbiq etməyə qadir olmasa da, köklü islahatlara başlamamaqdadır. Hələlik əhali dolanışığının, hakimiyyət isə özünü necə qoruyacağının və gücləndirəcəyinin qayğısındadır.
Hökumətin məsuliyyəti birbaşa iqtidarın üzərində olsa da, cəmiyyətin durumu və gələcəyi ilə bağlı hər bir yetkin vətəndaşın da üzərində məsuliyyət var. Anti-demokratik rejimlərin güclənərək vətəndaş hüquqlarına qənim kəsilməsində, özünəməxsus münasibətlər sistemi formalaşdırmasında vətəndaş laqeydliyinin də çox böyük “xidməti” olduğunu qeyd etmək yəqin ki faydalı olar. 
İqtidar bütün vasitələrlə çalışır ki, ölkədə mövcud olan ictimai-siyasi durum, ənənəvi idarəetmə metodları, sistemdaxili münasibətlər böhranın mənfi təsirlərinə tabe olmasın. Sosial böhran cəmiyyətdə siyasi fəallıq doğurmasın. Əhalini idarəolunan lokal iqtisadi-siyasi gündəmə kökləməklə manipulyasiyanı davam etdirmək mümkün olsun.
Maraqlıdır ki, konstitusiyaya tələm-tələsik əlavə və dəyişikliklər edilsə də, ona uyğun addımların atılması da yubanır. Sanki hansısa gözlənilməzlik iqtidarı tərəddüdlü davranmağa və ya cari planlarının müəyyən hissəsindən müvəqqəti olsa da vaz keçməyə sövq edir. Hökumətin son müşavirəsində də bu amil hiss edilirdi və prezidentin çıxışı əslində çox ciddi məsələlərin cərəyan etdiyinin mesajı idi. İlk dəfə idi ki, müşavirədə iştirak edən komanda üzvlərinin də çox gərgin və ümidsiz görüntüləri ekranda əks olunurdu.
Ölkə başçısının xüsusi sətiraltı eyhamla real durumu dəqiq bilməsini ifadə etməsi və hələ uzun müddət hakimiyyətdə qalacağını xüsusi vurğulaması da təsadüfi deyildi. Hökumət üzvlərinin alqışlarla qarşıladığı bu tezislər yaranmış və artmaqda olan daxili narahatlığı azaltmağa hesablanmışdı.
Çox güman artıq ölkə rəhbərinə də dəqiq məlumdur ki, nəinki sadə xalq, hətta neft gəlirləri ilə uzun müddət bəslədiyi məmur ordusu da onun haqqında nə düşünür və nə xısınlaşır. Cəmiyyətin fəal kəsiminə qarşı polisin gücü ilə aparılan total təzyiq kampanilyası da məhz bu amillə bağlıdır. Müxalif və müstəqil şəxslərə güc tətbiq etməklə məmur ordusunun və sadə xalqın gözünü qorxutmaq xətti tutulub.
Görünən budur ki, gerçək islahatlara başlamağa risk etməyən hökumət ölkəni taleyin ümidinə buraxıb. Büdcənin birdən-birə kəskin azalması getdikcə ölkəni çıxılmaz duruma sala bilər. Uzun müddət proseslərə müqavimət göstərməyə təbii resursları tükənən hökumətin tədricən proseslərin mənfi axınına təslim olmaqdan sığortalanacağı inandırıcı görünmür. Hər dəfə dinc insanların qarşısına hüquq-mühafizə orqanlarının gücü ilə çıxmaq yaxşı gələcək vəd etmir.
Artıq Qarabağ probleminin həlli ilə bağlı da cəmiyyəti manipulyasiya etmək imkanının bu dönəm üçün bitdiyini söyləmək mümkündür. ABŞ-ın və Rusiyanın diplomatik mesajları o qənaəti yaradır ki, hökumət problemin mümkün həllində dalana dirənib. Hətta ölkənin ən yüksək tribunasından da buna bənzər etiraflar eşidilir. Deyəsən böhran təkcə sosial-iqtisadi sahədə deyil, siyasi və diplomatik sahəni də əhatə edir.
Ermənistanı fəal şəkildə silahlandıran və arxasında dayanan Rusiyanı təqdir edib, ərazi bütövlüyümüzü dəstəkləyərək vətəndaş hüquqlarına hörmətlə yanaşmağı tələb etdiyi üçün Qərbə savaş açmaq da milli maraqlarımıza təhlükə törədə bilər. Ölkənin strateji əhəmiyyətini və dəyərini cari siyasətə qurban vermək yolverilməzdir.  “Qarabağın müstəqilliyinin tanınması” kimi qəbul edilməz təzyiqlərdən qurtulmaq üçün ölkədaxili siyasət köklü şəkildə dəyişməlidir.                                                             
Xalqımızın son etiraz aksiyalarına laqeyd münasibətindən iqtidarın xeyli arxayınlaşdığı da görünür. Çətinliklərə etiraz etməyərək məhrumiyyətlərə sinə gərmək yolu tutan əhali iqtidara əlavə şans verib. Hökumət bu dəstəkdən bir fürsət olaraq maksimum yararlanmağa çalışır. Etirazları təşkil edən müxalifəti əzməklə sosial problemlərin ağırlığını arxayınlıqla əhaliyə yükləmək üçün inamla addım atır.
Qiymətlər sürətlə bahalaşır, iş yerləri ixtisar edilir, müxalifətə qarşı təzyiqlər daha da güclənir və büdcə təşkilatlarında çalışanları “könüllü” təsərrüfat işlərinə rahatlıqla cəlb edilməsi imkanı genişlənir. Hətta ictimai rəyi nəzərə almadan illərlə formalaşan müəyyən dini mərasimlərə də yeni qaydaların tətbiqinə başlanılıb. Bir sözlə, hökumət bütün resurslarını işə salaraq sosial böhranın ağırlığını tamamilə xalqın üzərinə yükləməyə çalışır. Əslində artıq buna xeyli dərəcədə nail olduğunu da müşahidə etmək mümkündür. Əhali böhranın ağırlığını çəkə biləcəkmi?
21 oktyabr 2016-cı il

24 Eylül 2016 Cumartesi

Sosial durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm qoyur.

        Sosial durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm qoyur.


Artıq cəmiyyətin ictimai-siyasi fəal kəsimi və nüfuzlu beynəlxalq təsisatlar Referenduma çıxarılacaq Konstitusiyaya əlavə və dəyişikliklərə öz münasibətini açıqlayıb. Əksəriyyət açıq mənfi rəy və tənqidi yanaşmalar ortaya qoysa da iqtidar öz mövqeindən geri çəkilmək niyyətində deyil.

Keçirilməsi tələm-tələsik qərarlaşdırılan bu dəyişikliklər iqtidar üçün “olmazsa-olmaz”a çevrilib. İradə bundan ibarətdir ki, nəyin bahasına olursa-olsun təklif edilən əsas əlavə və dəyişikliklər baş tutmalıdır. Etiraz edən tərəflər də bu zora söykənən reallıqla barışıb və sonrakı mərhələni gözləmək məcburiyyətindədir.

Növbəti mərhələ üçün nikbin proqnozlar səsləndirmək çətin olsa da, referenduma hər şeyin sonu kimi baxmaq da doğru olmaz. Ölkədə hüquqlar daha da məhdudlaşmağa, sosial durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm qoyacaq. Belə gərginlik şəraitində demokratik islahatlardan imtina edərək qətiyyən uğurlu idarəetmə modeli tətbiq edilə bilməz. Peşəkar iqtisadçı ekspertlərin də rəylərinə nəzər salsaq yaxın illərdə maliyyə sabitliyi və iqtisadiyyatın inkişafı bu şərtlər altında mümkünsüz görünür. 

Gələcək sosial-siyasi riskləri neytrallaşdırmaq üçün heç bir sistemli proqrama malik olmayan hökumətin əlindəki tək etibarlı resursu cəmiyyəti bəlli bir müddət basqı altında saxlamaq üçün zor aparatının gücləndirilməsi olacaq. İlk baxışda bunun effektli olacağı illuziyası iqtidar mənsublarını da ruhlandıran amillərdən biri kimi qabarıq görünür. Amma bir neçə məsələ var ki, iqtidarın nikbinliyinin qısa zamanda dəyişməsinə səbəb olacaq.

Ölkədə mövcud olan taleyüklü ictimai, siyasi, iqtisadi, hərbi problemlərə əsasən biganə olan xalqımızın düşüncə və hərəkətlərinə yeganə təsir edən amil təəssüf ki, yalnız onun sosial vəziyyətidir. Sadə dillə desək, “dolanışığı”dır. Hökumət iqtisadi islahatlar adı altında nə qədər imitasiya etsə belə sosial durumu ağırlaşan əhaliyə bunu arzuladığı kimi qəbul etdirə bilməyəcək.

Xüsusilə də sosial durumun sürətlə pisləşməsi, çox ciddi təzyiqlərə baxmayaraq etirazları təşkil edə bilən müxalifətin təkqütblü güclənməsi, alternativ informasiya resurslarının genişlənməsi, qarşılıqlı etimadsızlıq və şübhələrlə bir-birilə ziddiyyətdə olan hakimiyyət komandası, həmçinin beynəlxalq münasibətlərdə mövcud olan dərin problemlər iqtidarı ciddi sınaq qarşısında qoyacaq. İlk dəfədir ki, sadaladığımız bütün təsirli faktorlar hamısı paralel olaraq hakimiyyətin zərərinə inkişaf edir.

Çox güman ki, hakimiyyət mövcud durumu və gələcək ehtimalları analiz edərək daxili siyasətinə də, komandasına da nəzərəçarpacaq əl gəzdirmək məcburiyyətində qalacaq. Mərkəzi və yerli icra orqanlarında çoxsaylı “təmizləmə” aparılacaq. Ola bilər ki, hətta vaxtından öncə prezident seçkilərinə gedilməsi də qaçılmaz olsun. Məhz buna görə də ölkə daxilində özü üçün real təhlükə hesab etdiyi demokratik qüvvələrə qarşı dövlətin gücünü səfərbər edərək indidən proflaktik tədbirlər görür.

Lakin hakimiyyət üçün əsas təhlükə heç də demokratik qüvvələr deyil. Vitse prezidentlərin prezidentliyə çox qısa və seçkisiz yolu açılır. Fəaliyyətdə olan prezident hansısa səbəbdən vəzifəsini icra edə bilmədikdə, onun səlahiyyətlərinə sahib olan vitse-prezidentin bu posta asanlıqla yiyələnməsi və növbəti “seçki”ləri təyin etməsi artıq hakimiyyət komandasının daxilində prezidentlik kürsüsünü də intriqalara açdığı qənaətindəyəm. Demokratik seçkilərin olmaması isə bu hal üçün daha “münbit” şərait yaradır.

Müxalifətin əsas güc mərkəzini nəzarətdə saxlamaq üçün ölkə boyu total təzyiq riçaqları işə salınıb. Hətta bəzi iddialara görə hüquq-mühafizə orqanlarının minlərlə orta və yüksək rütbəli əməkdaşı məhz bu istiqamətdə görəvləndirilib. Xüsusilə də müxalifətin kütləvi aksiyalara hazırlaşmasına imkan verməmək üçün minlərlə müxalifətçi, fəal müşahidə altına alınıb. Bütün vasitələrlə tədbir görülür ki, sosial vəziyyəti pisləşən xalqın üz tuta biləcəyi mütəşəkkil, qətiyyətli və təşkilatlanmış müxalif ünvan olmasın.

Müxalifətə total təzyiqlərlə bərabər müəyyən imitasiya xarakterli güzəştli addımların da atılacağı mediaya sızan bilgilərdəndir. Qərbin təzyiqlərini qismən azaltmaq üçün siyasi məhbus kateqoriyasından olan və qərbin israrla azadlığını tələb etdiyi bəzi tanınmış şəxslərin də həbsdən çıxarılacağı barədə söhbətlər dolaşır.

İndi həm də çoxlarını düşündürən xeyli çətin suallar var. Bizi qarşıda nə gözləyir? Əlbətdə ki, bu suala zaman özü aydınlıq gətirəcək. Lakin aparılan təhlillər onu göstərir ki, xalqımız hər cür sürprizlərə hazır olmalıdır. Qarşıda əhalini öncəki illərdən daha ağır və xoş olmayan durum gözləyir. İnsanların əksəriyyətinin siyasi proseslərə biganə yanaşması təəssüf ki, ölkə müxalifətinin aydın və təminatlı siyasi təşəbbüslərinə də ciddi əngəl törədir.

Bu şəraitdə onsuz da çox məhdud olan ənənəvi ictimai-siyasi fəaliyyət müstəvisi də çox güman ki, bir müddət sonra iqtidarı qane etməyəcək. Tam qapalı cəmiyyətə keçid iqtidara daha böyük təhlükə törətsə də müəyyən müddətlik buna cəhd oluna bilər. Hətta, internet resursları üzərinə müəyyən məhdudiyyətlərin qoyulması, cəmiyyətin enerjisini hərbi-siyasi istiqamətə yönəltmək kimi addımlar da isstisna deyil.

Bütün mənfi ehtimallara baxmayaraq, qarşıdakı dönəmdə ölkəni uzun müddət gərginlikdə saxlamaq mümkün olmayacaq. Lokal sosial etirazlar çoxaldıqca, resursları tükənən iqtidar öz yanaşmasını dəyişmək məcburiyyətində qalacaq. Ölkədə real demokratik islahatlara başlanmasa yeni demokratik hərəkat üçün psixoloji zəmin yaranması qaçılmaz olacaq.


                                                                                                            24 sentyabr 2016-cı il.

20 Eylül 2016 Salı

Müxalifətin etiraz mitinqləri məqsədinə çatıb?

                                Müxalifətin etiraz mitinqləri məqsədinə çatıb?

İstənilən ictimai-siyasi məsələyə münasibət ifadə edilərkən cəmiyyətin bəlli bir kəsimi müzakirələrə meyl edir. Bu, əsasən ictimai-siyasi təfəkkürü olan, vətəndaş məsuliyyətini anlayan, yerli və beynəlxalq siyasi proseslərə maraq göstərən insanlar olur. Tərəddüd etmədən məhz belə düşüncəli, savadlı, vicdanlı, qərəzsiz insanlarla açıq müzakirələri səmərəli hesab edirəm.



Hakimiyyətin Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan Referendum qərarından sonra ölkənin sadə əhalisinin də, ictimai fəallığı olan tanınmış müstəqil şəxslərinin də, müxalif siyasi təşkilatlarının da ayrı-ayrılıqda yanaşmalarını cəmiyyət müşahidə edir. Vətəndaş məsuliyyətini anlayan hər kəs öz resurslarına, sosial statusuna, psixoloji durumuna, ideoloji və ictimai-siyasi dünyagörüşünə uyğun mövqe sərgiləyir. Hətta bu ərəfədə səsini çıxarmayan və özünü tamamilə gizləyənlər də az deyil. Hələlik bu barədə geniş danışmağın zamanı olmadığı üçün gündəmin daha aktual mövzusu olan etiraz mitinqlərinə münasibət bildirməyi zəruri hesab edirəm.

Referenduma çıxarılan məsələləri dəstəkləyənlər də, ona fəal və passiv etiraz edənlər də, laqeydliklə kənardan izləyənlər də artıq hər kəsə bəllidir. Bu yazımda qısaca olaraq yalnız fəal etirazları təşkil edənlərdən bəhs edəcəm. Çünki, digər tərəflərin yanaşması ətrafında müzakirələr hələlik ictimai maraq doğurmur. Həmişə olduğu kimi müzakirənin əsas mərkəzi yenə də haqlı olaraq ictimai rəyi yönləndirən və ən təsirli etiraz görüntüsünü cəmiyyətə təqdim edən müxalifətdir. Onu həm iqtidar “müzakirə” edir, həm də cəmiyyətin digər fəal kəsimi.  

Referendum əleyhinə ən yadda qalan və əhəmiyyətli siyasi addımlar kimi tarixə düşəcək olaylar məhz müxalifətin təşkil etdiyi etiraz mitinqləri olacaq. Uzun fasilədən və total basqı şəraitində təşkil edilmiş bu kütləvi etirazların çağdaş siyasi proseslərə gələcəkdə daha aydın istiqamət verəcəyi qənaətindəyəm. Əminliklə deyə bilərəm ki, artıq müxalifətin bu etirazları lazımı ünvanlara çatıb və öz təsirini mütləq göstərəcək.

Müxalifətin üzərinə dövlətin gücünü yeritməklə sadə əhalidə qorxu yaratmaq taktikası yenidən total şəkildə işə düşsə də son illərin acı təcrübəsi göstərir ki, atrıq müxalifəti və cəmiyyəti bu metodla dayandırmaq mümkün deyil. Onsuz da ölkədə yüzdən çox siyasi məhbus və təqsirsiz olduqları halda istintaq altında olan fəal vətəndaşlar var. Buna baxmayaraq müxalifətin sıraları daha da genişlənir, mənəvi-psixoloji hazırlığı yüksəlir. Cəmiyyətin də müxalifətə dəstəyi ləng olsa da özünü göstərir.

Antidemokratik rejimlərin hakim olduğu cəmiyyətlərdə bir müxalif siyasi qüvvənin nisbətən önə çıxması ilə uğurlu siyasi proseslərə yeni səhifə açılmasının çoxsaylı müsbət nümunələri var. Məhz bu referendum ərəfəsində artıq bu istiqamətdə nəzərəçarpacaq müsbət dəyişikliyin baş verməsinin şahidi olduq. Ən çox təzyiq altında olan müxalif qüvvənin önə çıxmasından ciddi narahatlıq keçirənlər var. Bu durumu hazırda ən aqressiv qarşılayan tərəf məhz iqtidardır. Onlar artıq görünən və görünməyən resurslarını bu qüvvənin zəiflədilməsinə səfərbər etməyə çalışırlar.

Görünən budur ki, iqtidarın ən çox təzyiq etdiyi qüvvənin ətrafında təşkilatlanma daha sürətli baş verir. Bu, insanların iqtidara münasibətilə mütənasibdir. Bir qüvvənin nisbətən önə çıxmasını siyasi iddialı müxalif təşkilatlar da çox güman ki, bir müddət qəbul etməyə çətinlik çəkəcəklər. Amma, bu hal əslində digər müxalif siyasi təşkilatlar üçün də çox əlverişli siyasi-təşkilati vəziyyət yaradır. Onlar yaranmış duruma uyğun təmkinli qərarlar verməklə yeni siyasi münasibətlərə müstəvi yarada bilərlər. Bu istiqamətdə müxalifət daxilində mübahisələri süni şəkildə qızışdıranlar və qərəzli tənqidçilər bir müddət fəal hücumda olsalar da sonradan bu reallıqla barışamalı olacaqlar.

Milli Şuranın növbəti dəfə mitinq keçirməklə bağlı qərar verməməsi indiki reallıqlarla anlaşılandır. Çünki ilk növbədə cəmiyyətin bütün kəsiminə çatan uğurlu etirazlar təşkil edilib və keçirilib. İnternet resursları üzərindən də yüz minlərlə insan müxalifətin mesajlarını dinləyib. Cəmiyyətin geniş təbəqələri bu etirazlarda iştiraka cəsarət etməsə də rəğbət bəslədiyi sezilir. Lakin nə qədər ki, aksiyalar müxalifətin resursları ilə baş tutacaq, iqtidarın geri çəkilməsi baş verməyəcək. Odur ki, belə mitinqlər gələcək tarixi yaddaş üçün zəngin fəaliyyət hesab edilsə də davamlı olması zərərli olardı.

Əlbətdə ki, bu etirazları yüksələn xətlə davam etdirmək mümkün olsaydı cəmiyyətin maraqları baxımından ideal variant olardı. Lakin hazırda bu imkan qeyri-rəsmi olaraq hökumət tərəfindən tamamilə qapadılıb. Həm də sosial problemlərdən əziyyət çəkən əhali ilk aksiyalara kütləvi şəkildə qatılsaydı tamamilə yeni siyasi mühit yaranacaqdı. Təəssüf ki, xalqımız növbəti fürsətini də qaçırdı və bunun bədəlini yaxın vaxtlarda çox ağır ödəyəcək.  

Onu da qeyd etmək lazımdır ki, MŞ-nın bu stüasiyada növbəti mitinqlərə qərar verməməsini tənqid edənlərin əksəriyyəti cəmiyyətin maraqlarını deyil, ayrı-ayrı qrupların maraqlarını qabarıq ifadə edənlərdir. Hətta o qruplar MŞ-nın uğurlu mitinqlərinə də müxtəlif formalarda tənqidlər və iradlar səsləndiriblər. Hüquq və qanun tanımayan hökumətin qarşısında dayanan müxalifəti yeri gəldi-gəlmədi tənqid etməklə cəmiyyətin altşüuruna hansı mesajın verildiyini dərk etmək heç də çətin deyil. Müxalifəti tənqid etməyin təhlükəsiz olduğunu və çox zaman da qazanc gətirdiyini nəzərə alsaq, bu barədə təşəbbüslərin heç də azalmayacağı gerçəkliyini də qəbul etmək lazımdır.

Cəmiyyətin bütün siyasi yetkin kəsimi referendum qərarı veriləndən anlayırdı ki, bu proses başlamadan iqtidarın marağına uyğun şəkildə bitib. Çünki bu prosesi durduracaq ümumxalq iradəsi hələlik aktiv fazaya keçməyib. Xalq kütləvi etirazlara hazır deyil. Lakin bütün bunlara baxmayaraq müxalifətin ən yaxşı təşkilatlanmış mütəşəkkil hissəsi öz tarixi missiyasını anlayaraq, bu, zamanı çatmayan etirazlara qərar vermək durumunda qaldı. Halbuki bu etirazların təşkil edilməsi heç də birbaşa müxalifətin vəzifəsi deyildi və növbəti dəfə cəmiyyətin yükünün altına məcburiyyət qarşısında çiyin verilməli oldu.

Müxalifət təşkil etdiyi etiraz mitinqləri və digər fəaliyyətləri ilə mənəvi və siyasi öhdəliklərini qismən də olsa yerinə yetirdi. Bundan sonra o təşkilatları kimsə referenduma münasibətinə görə tənqid edə bilməyəcək. Çünki, bir müxalifət təşkilatı etməli olduğundan daha çoxunu edibsə, ona hansı iradı bildirmək olar? Bu durumda müxalifətin Referendumla bağlı nə etməsi mümkün idisə, bu qurumlar onu ediblər.

Ardıcıl tənqidlərdən də narahat olmağa dəyməz. Siyasi tənqidlərin sosiologiyası göstərir ki, əgər bir qurum və ya şəxs haqqında müxtəlif siyasi qütblərdə müzakirə açılırsa, deməli o subyektdən ya gözlənti çoxdur, ya da iddiaçıların hər biri onu özlərinə rəqib görür. Nəzərə almaq lazımdır ki, onun istənilən addımları və qərarları geniş müzakirə yaradacaq. Bu subyekt cəmiyyətdəki yerinə uyğun olaraq mütləq təmkinlə öz yanaşmalarını öncə tərəfdarlarına, daha sonra isə cəmiyyətə izah etməlidir. Rəqiblərinə isə reaksiya verməməsi daha doğru olar. Etiraz mitinqlərini isə zamanı gəldikdə yenidən müzakirə etmək olar. İndi isə bu stüasiyada hər bir iddialı tərəf qərəzli yanaşmalara əhəmiyyət vermədən öz tərəfdarlarını təşkilatlandırmağa davam etməlidir. 

Nəzərə almaq lazımdır ki, qarşıdan daha məsuliyyətli dövr və idarə edilməsi çətin olacaq proseslər gəlir. Görünür həm də iqtidarın ciddi təşvişinə səbəb olan hansısa daha həssas amillər də mövcuddur.
                                                                                                       19 sentyabr 2016-cı il.

14 Eylül 2016 Çarşamba

Etiraz mitinqlərini vahid qüvvə istiqamətləndirməlidir

                 Etiraz mitinqlərini vahid qüvvə istiqamətləndirməlidir

Milli Şuranın təşkilatçılığı ilə keçirilən 11 sentyabr mitinqi çox böyük marağa və geniş müzakirələrə yol açıb. Hakimiyyətin sərt davranışlarının daha çox artdığı bir vaxtda belə kütləvi aksiyanın baş tutması bütün maraqlı tərəflərə ciddi mesajdır. İlkin nəticə nədən ibarətdir? Daha sonra nə olacaq? Bu kimi suallar ətrafında geniş təhlillərə zərurət var. Biz də bu istiqamətdə mövcud durumun səthi analizini apararaq siyasi yetkinliyi olan insanların müzakirəsinə təqdim edirik.

            Kütləvi aksiyalar zamanın tələbidir?

Sosial şəbəkələrdə və mediada kütləvi aksiyalarla bağlı qızğın müzakirələr sosial böhran özünü biruzə verməyə başlayandan aktuallaşırdı. O zaman yazılarımızda və çıxışlarımızda ardıcıl olaraq ifadə edirdik ki, yeni müxalif birliklərə və sosial problemlərlə bağlı etirazlara müxalifət cəhd etməməlidir. Bir müddət xalqla iqtidarın baş-başa qalmasına imkan yaratmalıdır. Durum elədir ki, tərəflər bir-biri ilə üz-üzə qaldıqca müxalifətin sıraları genişlənəcək və psixoloji üstünlük əldə ediləcək.

Məhz həmin dövrlərdə müxalifətin seçdiyi düzgün taktika kifayət qədər uğurlu nəticə verdi. Daim sosial-siyasi məsələlərdə etirazları yalnız müxalifətin vəzifəsi sayan, bu etirazlara laqeyd qalan, hətta bəzən bu aksiyaları məsxərəyə qoyaraq ona qoşulmayan böyük bir kütlə faktiki olaraq çaş-baş durumda qaldı. Bu çaşqınlıq təkcə sadə xalqda deyil, həm hökumət həm də müxalifət adına iddia edən müəyyən təşkilatlarda da müşahidə olunurdu.

Müxalifətin sıralarında dayanmayan, tələblərinə dəstək verməyən insanların tənqidlərinə haqlı olaraq müxalifət təşkilatları məhəl qoymadı. Belə durumlarda dərhal meydanlarda etirazlara meyl edən müxalifətin bu dəfə sosial tələblərlə etirazları təşkil etməməsi yeni sitüasiya yaratdı. Təsadüfi deyil ki, o zaman bəzi rayonlarda müxalifətin təşkil etmədiyi lokal etirazlar baş verdi və olayların qarşısı hökumət tərəfindən sərt şəkildə alındı. Problemlər həll edilməsə də, xaotik etirazlar səngidi. O zaman xalqın müxtəlif qrupları arasında apardığımız monitorinqlər göstərirdi ki, əhali müxalifətə dəstək verməməyin ağır zərbəsini tədricən öz üzərində hiss edir.

Fəal insanlar anlayırdı ki, təşkilatlanmış və cəsarətli müxalifətə dəstək vermədən uğurlu sonuc mümkün deyil. “Müxalifət yoxdur” tezislərinin acısını daha çox o təbliğata uyan sadə insanlar çəkməyə başladı. Təbii ki, hələ də alternativi olmayan, lakin ağır durumda olsa da, tərəddüd etməkdə davam edən böyük bir çoxluq var. Düşüncə ondan ibarətdir ki, müxalifətə verilən açıq dəstək nəyi dəyişəcək ki? Bu suala hələlik aydın cavab olmasa da, alternativlərin olmaması toplumu düşünməyə vadar edir. Hökumət nə özü problemləri həll edə bilir, nə də xalqa imkan verir ki, heç olmasa öz başının çarəsini qılsın.

Xalqın müxalifətə dəstəyi açıq hal almasa da, konkret təşkilatlara rəğbətinin getdikcə artdığını deyə bilərik. Hakimiyyətin qəflətən Konstitusiyaya əlavə və dəyişiklikləri həyata keçirmək üçün referendum qərarı olmasaydı, yəqin ki müxalifətin də kütləvi aksiyalara başlamaq qərarı belə sürətlə aktuallaşmazdı. İndiki etirazlarda əsasən hədəf referendum olsa da, sosial tələblər, idarəetmə və siyasi məhbus problemləri də qabarıq dilə gətirilir. Çünki fəal etirazlara qoşulan insanların çoxunu referendum deyil, sosial böhran və idarəetmənin yaratdığı ağır problemlər  meydana sövq edir. Odur ki, referendumdan sonra ölkədəki sosial-siyasi durum, kütləvi aksiyalarla bağlı müxalifətin yanaşması həssaslıqla incələnməli, təmkinli və düzgün qərarlar qəbul edilməlidir.

                    Mitinq hazırlığı və keçirilməsi çox ağır şərtlər altında baş tutdu

Referenduma etirazlarla bağlı fəal qərar verən siyasi təşkilatlar öncədən fərqli yollarla mübarizə aparacaqlarını bəyan etdilər. Milli Şura ilk gündən tərəddüdsüz referendumu baykot etmək yolunu tutdu. Hakimiyyətin təklif etdiyi siyasi müstəvidən imtina edərək kütləvi aksiyalar keçirəcəyini və hətta “yeni bir xalq hərəkatına başlamağın vacibliyini” bəyan etdi. Müsavat Partiyası və REAL Hərəkatı isə öz resurslarına güvənərək, qanunvericilikdə nəzərdə tutulan prosesə daxil olmağa və təşviqat qrupları vasitəsilə etiraz etməyə qərar verdilər. Təəssüf ki, bu təşkilatlara qanunsuz müdaxilələrlə öz qərarlarını reallaşdırmağa imkan verilmədi.

Referendumu ilk gündən baykot etməyə çağıran MŞ-nın üzərinə daha sistemli və total təzyiqlər başlandı. Heç bir əsas olmadan AXCP üzvü olan fəal gənclərin inzibati həbsləri, qondarma “Gülənçi” ittihamı ilə həbslər, “Azadlıq” qəzetinin çapına yaradılan süni əngəllər və əməkdaşlarının istintaqa cəlb edilməsi, habelə AXCP sədri Əli Kərimlinin qayınına həbsxanada edilən real hədələr və özünün həbs ediləcəyi ilə bağlı hakimiyyət mediasının anonsları faktiki olaraq MŞ-nı repressiyaların mərkəzi təşkilatına çevirdi. Bütün təzyiqlərə baxmayaraq bir addım da geri çəkilməyən MŞ mitinq hazırlığını dayandırmadı. Digər müxalif təşkilatlarla müqayisədə ofis-qərargahı olmadan, rayonlarda keçirilən yarımməxfi və səyyar müşavirələrlə, habelə sosial şəbəkələr üzərindən aparılan təbliğat sayəsində sanki fövqəladə şəraitdə hazırlıq aparılırdı.

Hakimiyyət ənənəvi olaraq mitinqin sönük alınması üçün bütün vasitələrdən istifadə etdi. Əsas resurslar mitinqin uğursuz olması üçün səfərbər edildi və sistemli anti-təbliğat aparıldı. Mitinqə maraq göstərən şəxslərdə qorxu yaratmaq, son ana qədər rəsmi müraciətə cavab verməmək, mitinqin təşkilatçılarını nüfuzdan salmaq üçün geniş kampaniyanın aparılması diqqətdən yayınmırdı. Hətta mitinq günü də psixoloji təsir vasitələrindən maksimium istifadə etməyə cəhdlər göstərildi. Yüzlərlə insanın meydana daxil olmasına tərəddüd yaratmağa nail olundu. Polis mitinqə açıq müdaxilə etməsə də, üzdə görünməyən psixoloji müdaxiləsini edirdi. Meydana daxil olan insanların yoxlanması prosesində seçilən metodlar, xüsusi kameraların quraşdırılması özlüyündə çox güclü psixoloji təsir yaratmağa hesablanmışdı.

Repressiyaları gücləndirməklə müxalifəti zəiflətmək, xalqın müxalifətə meylli hissəsində qorxu yaratmaq, hakimiyyətdaxili narazılıqların etirazlara keçməsini önləmək üçün bir sıra sərt addımlar atıldı. Lakin görünən budur ki, yaxın on illikdə uğurlu sonuc verən repressiya siyasəti artıq əhəmiyyətini itirir və əvvəlki təsirə malik deyil. Bu yanaşma əksinə təşkilatlanmış müxalifətin güclənməsinə xidmət edir. Əqidəsi, inancı uğrunda ölümü seçən insanları döyməklə, həbslə təhdid etmək daha pis nəticələrə gətirib çıxara bilər.

             Mitinqlər zamanı “müxalifətin birliyi” tezislərini kənara qoymaq lazımdır?

Son dövrlər toplumun yanaşmasını analiz edərək dəfələrlə qeyd etmişik ki, “müxalifətin birliyi” tezisləri qətiyyən geniş sosial-siyasi sifariş deyil. Hətta deyərdim ki, son illər bu çağırışlar birlikdən çox, intriqalara və yersiz mübahisələrə əsas yaradır. Adətən fəal etirazlara qoşulmağa cəsarəti çatmayan çoxsaylı insan özləri prosesdə olmadan məhz müxalifətin birləşərək iqtidara müqavimət göstərməsinə çağırış edir.

Çağdaş siyasi tariximizdə mövcud olan birliklərdən müxalifətə çox zərərli miras qalıb. Bir-birinə qarşı inamsızlıq, ittihamlar, şübhələr və bəzi hallarda təhqirlər də ifadə olunur. Sonrakı münasibətlərə dərin yara açan “müttəfiqlik”dənsə, bəri başdan açıq rəqiblik daha çox dəstək qazandırır. Vahid rəhbərlik altında olmayan siyasi-təşkilati proses müəyyən mərhələlərdən sonra daxili çəkişmələrə, hətta siyasi alverlərə də yol açır. Ən mütəşəkkil güc belə effektli proses apara bilmir və dağılmağa məhkum olur.

Odur ki, etiraza meylli insanların mitinqə dəstək verməsi üçün bu “birlik” faktoru artıq çoxdan əhəmiyyətini itirib. Birliklərə vaxt sərf etməkdənsə, təkbaşına hədəfə istiqamətlənmək vacibdir.
Təsadüfi deyil ki, son on ilin ən kütləvi mitinqinə müxalifətin “yeni birliyi” olmadan nail olundu. Birlik olmadan da xeyli müxalif təşkilatlar və müstəqil şəxslər mitinqlərdə iştiraka müsbət çağırış etdilər. Siyasi məhbus həyatı yaşayan insanların yaxınları və tərəfdarları aksiyaya ciddi dəstək verdi. Sosial problemlərdən, məmur özbaşınalığından, rüşvətxorluqdan, monopoliyadan əziyyət çəkən cəsarətli insanlar da mitinqə açıq dəstək ifadə etdilər.

                             İlkin nəticə uğurludur.

MŞ-nın mitinqi son on ilin ən kütləvi, coşğulu, intizamlı, xalqın müxtəlif təbəqələrinin iştirak etdiyi və asan idarəolunan aksiyalarından biri kimi tarixə düşəcək. Meydan təkcə müxalifət təşkilatlarının üzvlərindən ibarət deyildi və iştirakçıların mütləq əksəriyyəti gənclər idi. Təşkilatçılar öz rəmzlərinin meydana gətirməməklə həm də mitinqə ümummilli status qazandırdılar. Təşkilatçılığın şəriksizliyi və iştirakçıların əksəriyyətinin vahid liderə rəğbəti aksiyanın effektliyinı göstərirdi. Tribuna ilə aksiyaçılar arasında da təbii bir harmoniya mövcud idi. İstənilən meydanın və ya prosesin vahid lideri varsa, orada ciddi siyasi nəticələr üçün əlverişli mühit mövcud olur. İndiki halda meydanda olmağı qəbul etməyən, mitinqlərə dəstək verməyən qurumların, fərdlərin tənqid və iradlarına məhəl qoyulmamalıdır.

Mövcud resurslarla iş davam etdirilməli və imkanlar genişləndirilməlidir. Cəmiyyətin etiraza meylli bəlli bir kəsimi faktiki olaraq müxalifətə yeni mandat verib. Aksiyanın bir neçə istiqamətdən çox düşündürücü mesajları da ortadadır. Siyasi iddiası və fəallığı olan insanlar bu mesajları təmkinlə oxumalıdır. Hökumətə ciddi və uzunmüddətli etiraz etməyə iradəsi çatan yeni bir müxalif enerji toplanıb. Müxalifətin bir-biri ilə çəkişmədən, vahid lider ətrafında aparacağı siyasət daha güclü dəstəyə gətirib çıxaracaq.

Xalqın meydana toplaşan hissəsi iqtidarın repressiyalarına baxmayaraq davamlı etiraz edəcək qədər hazırlıqlıdır. Toplumun oyanışına təkan verən və öz gücünə inamını artıran bir proses izlənməkdədir. Bu mitinqin ən önəmli nəticəsindən biri də geniş izləyicisi olan müstəqil internet şəbəkələrinin mitinqin təbliğinə ciddi dəstək verməsi oldu. Meydan TV, Azadlıq Radiosu, "Sancaq", NİDA, "Hamam Times", "Ditdili" və digər sosial media qurumları yüzminlərlə insana obyektiv məlumatlar çatdırdı.

                          Daha sonra nə edilməlidir?

Son dövrlər insanları dinc etirazlara meylləndirən sosial-siyasi amillər kifayət qədər aydındır. Fəal etirazlara meyl edən şəxslərin çoxunun lokal siyasi seçimi yoxdur. Onların əksəriyyətinin proseslərdə iştirakı müvəqqəti xarakterlidir. Odur ki, prosesi başlayan qüvvə bu amili mütləq nəzərə almalıdır. Mövcud uğurlu təşəbbüs əldən verilərsə, etirazların yüksələn xətlə inkişafına təminat olmayacaq. Bu həssas dönəmdə mitinq yarışına çixan hər kəs öz siyasi maraqları naminə ümumxalq maraqlarını təhlükəyə atmamalıdır.

Avtoritar idarəetmənin hakim olduğu cəmiyyətlərdə dinc kütləvi etirazların konkret müsbət siyasi nəticələr doğurması üçün vahid qüvvə tərəfindən istiqamətləndirilməsi zəruridir. Sistemdən kənar siyasi mübarizə xəttini məqbul sayan bütün təşkilatlar və fərdlər bir siyasi qüvvənin lokomotivliyi ilə başlanmış mübarizə xəttini dəstəkləməlidirlər. Müxalifətdaxili yarışa qoşulmaq istəyənlər kütləvi aksiyaları özlərinə alət etməməlidir.

Ötən il kecirilən seçki-təbliğat mitinqləri əslində müxalif siyasi qüvvələrin real durumunu topluma nümayiş etdirib. Bunu qəbul etmək lazımdır ki, o mitinqlərin bəzisi siyasi fəallığı olan insanların yaddaşında heç də ugurlu xatırlanmır. Bəlkə də Milli Şura başladığı uğurlu bir prosesin estafetini əmin olmadığı siyasi qüvvəyə buraxmaqla daha riskli addım atmış olardı. Mitinqlərin kütləviliyi və davamlılığı ilə bağlı qərar verilərkən çox güman ki, bu amillər də nəzərə alınıb. Bu məqamda qərəzli yanaşmalara əhəmiyyət vermədən prosesi başlayan qüvvənin hədəfi iqtidar, müttəfiqi sadə xalq olmaqla daha əzmlə çalışmalıdır.

Əslində ölkədə irimiqyaslı siyasi olaylar referendumdan sonra başlayacaq. İndiki uğurlu prosesləri uğursuzluğa məhkum etməmək üçün mütəşəkkil, cevik və təmkinli siyasi qüvvələrin məsuliyyətli qərarları həlledici olacaq. Mitinqlərdə səslənən mesajların hədəfi aydın olduqca, əlavə monipulyasiyaya yer qalmayacaq. Fürsətdən istifadə edərək xalqa da beynəlxalq ictimaiyyətə də iqtidara da uyğun mesajlar verilməlidir.

Referendumdan sonra veriləcək mitinq qərarları referendum ərəfəsində verilən mitinq qərarlarından fərqli situasiya yaradacaq. Hakimiyyət yeni dövr üçün etiraz mitinqlərindən ciddi nəticə çıxarmalı, ənənəvi repressiv siyasətindən imtina etməli və gerçək dialoq yolunu açmalıdır. Köklü iqtisadi-siyasi islahatlardan imtina etməklə ölkəni fəlakətli durumdan çıxarmaq mümkün olmayacaq. Sosial böhranı nisbətən ağrısız ötüşdürmək və demokratik dəyişiklik üçün müxalifətin idarə etdiyi kütləvi etirazlardan faydalanmaq müasir dünya təcrübəsində uğurlu metod kimi qəbul edilər.
                                                                               
                    12 sentyabr 2016-cı il.

24 Ağustos 2016 Çarşamba

Həbs və təqiblər narahatlığın siqnalıdır.

                   Həbs və təqiblər hakimiyyətin narahatlığının siqnalıdır.

Ölkədə vətəndaş hüquqlarının açıq-aşkar və intensiv şəkildə pozulduğu dövrü yaşamaqdayıq. Bu barədə ictimai rəydə özünə yer edən bütün müstəqil fikirlər və arqumentlər əsasən üst-üstə düşür. 
Səbəb nədir? Niyə hökumət ölkəni fəlakətə sürükləyən problemlərin həllinə deyil, onu dilə gətirənlərə qarşı səfərbər olub və kəskin mövqe sərgiləyir? Doğrudanmı hökumətin siyasi arqumentləri artıq tükənib və yalnız zor aparatını hərəkətə gətirməklə ölkəni idarə etməyi düşünür? 
Əlbətdə ki, bu istiqamətdə çoxsaylı sualların olması mövcud durumun yaratdığı apolitik mühitdən qaynaqlanır.


Görünür hökumət yenidən rəqiblərinin üzərinə dövlətin gücünü yeritməklə bütün ölkəboyu gərginlik və qorxu yaratmaqla bir neçə gizli siyasi məqsədinə çatmaq arzusundadır. Getdikcə ağırlaşan sosial-iqtisadi böhranın qarşısını almağı bacarmayan iqtidar idarəetmənin yalnız zor üzərindən davam etməsi alternativsizliyinə sığınmağa məcbur olub. Əhalinin sürətlə artan narazılığı, komanda daxili tarazlığın pozulması, Qarabağla bağlı milli maraqlara zidd olan sülh təşəbbüsləri, Türkiyədən, Rusiyadan və qərbdən gələn müxtəlif səpkili təzyiqlər hakimiyyətdə dərin narahatlıq yaradıb və onu isterik addımlara sürükləyir.

Təəssüf ki, hələ də hökumətdə təşkilatlanmış müxalifəti əzməklə, toplumu hüquqsuz idarə etməklə hakimiyyətin təhlükəsiz və uzun ömürlü olacağını düşünənlər var. Sovet totalitar düşüncə tərzini mənimsəmiş səlahiyyət sahibləri nə çağdaş dünya siyasətinin öncəliklərini qəbul edir, nə də insan hüquq və azdlıqlarına söykənən idarəetmənin üstünlüklərini dərk edir. Müasir idarəetmə metodlarını inkar edən bütün antidemokratik rejimlərin təcrübəsində anoioji addımlar təkrarlanır. 

Ölkəmizin ən yaxın siyasi tarixinə nəzər salsaq görərik ki, repressiyalarla müxalifəti fəaliyyətindən çəkindirmək qətiyyən mümkün olmayıb. Hər bir təqsirsiz həbs olunan fəalın yeri görünsə də, müxalif siyasətə yeni-yeni narazı gənclər axışıb. Elə son həbslərin tərkibinə nəzər salmaqla da görərik ki, bu gənclərin çoxu məhz bundan öncəki hay-küylü həbslərin dalğasında müxalifətin sıralarına qoşulublar. Uzun illərdir davam edən repressiv siyasət uğurlu olsaydı, onda gərək müxalif düşərgədə bir nəfər də olsun gənc olmayaydı. Halbuki, bu gün müxalifətin ən prinsipial liderlərinin və təşkilatlarının arxasında minlərlə yeni gənc var. Müəyyən səbəblərdən özünü tam göstərə bilməyən, lakin müxalifətə rəğbət bəsləyən gənclərin sayı isə görünənlərdən bir neçə dəfə çoxdur və günü-gündən artmaqdadır.

Dünya dövlətlərinin son 50 illik siyasi tarixlərini incələyəndə də görünür ki, mübarizəyə və ya siyasətə şüurlu şəkildə atılan insanları onsuz da həbslə, təzyiqlə hədəfindən çəkindirmək mümkün olmayıb. Ölkəmizdə də müxalifət qorxu mərhələsini çoxdan keçib və bu metodla onu hədəfdən yayındırmaq mümkün olmayacaq. İndi həbs olunan gənclərin çoxu məhz repressiyaların şiddətli dövründə siyasi prosesə qoşulublar. Elə indi də hər həbs olunan müxalifətçinin yerinə 5-6 nəfər yeni gənc qoşulur. Nə qədər qəribə səslənsə də son həbs və təzyiq dalğasında müxalifət daha çox ümidli, hakimiyyət isə daha çox çarəsiz və isterik görünür. Sanki, iqtidar ölkə daxilində köməksiz durumda olan hər kəsə güc göstərməklə üzdə görünməyən hansısa ciddi zəifliyini ört-basdır etməyə çalışır.

Ardı-arası kəsilməyən repressiyalar, dərinləşməkdə olan sosial böhran, korrupsiya və rüşvətxorluq, idarəetmənin qeyri-müəyyən xarakteri təəssüf ki, cəmiyyəti təşkilatlanmış və dağınıq olan bir neçə hissəyə bölüb. Bu isə özlüyündə yaxın perspektivdə hakimiyyətin ənənəvi qaydada davam etməsinə nəzəri olaraq xidmət etsə də mövcud problemlərin həllini daha da çətinləşdirən, hətta mümkünsüz edən amilə çevrilib. İqtidarı güclü, qüdrətli və məğlubedilməz göstərən bütün davranışlar əslində çox ciddi zəifliyin və tərəddüdlərin təzahürüdür. Bu hal gələcəkdə cəmiyyət üçün daha böyük təhlükələrin xəbərçisidir.  

Daha öncə qeyd etdiyimiz kimi hakimiyyətin özəl siyasi məqsədləri ilə yanaşı qlobal əndişələri də repressiv davranışlarında əsas rol oynayır. Əhalinin sürətlə artan narazılığını və komanda daxili sabitliyi qorxu yaradaraq önləmək ilk məqsəddir. Konstitusiyaya zidd olaraq referenduma çıxarılan əlavə və dəyişikliklərə qarşı ciddi kütləvi etiraz aksiyalarını boğmaq da əsas qayğılardandır. Qarabağla bağlı milli maraqlarımıza zidd olan sülh təkliflərinə görə yarana biləcək müqaviməti bəribaşdan yox etmək, habelə Türkiyədən, Rusiyadan və qərbdən gələn müxtəlif səpkili təzyiqləri isə daxildə müəyyən addımlarla neytrallaşdırmaq istəyi var.

Təsadüfi deyil ki, iqtidar yenə də ən çox çəkindiyi qüvvəni xüsusilə ciddi hədəfə alıb. Etirazları ölkə daxilində təşkil edə bilən və xarici əlaqələri yüksək səviyyədə olan təşkilatlar əsas hədəfdədir. Ən mütəşəkkil və cəsarətli qüvvəni əzməklə bütölükdə toplumu sükunətə qərq edəcəyini güman edən iqtidar nəhayət qəbul etməlidir ki, müxalif təbəqə onsuz da bu repressiyalardan çəkinmir. Nə tanınmış iqtisadçı ekspert, REAL hərəkatının rəhbərlərindən olan Natiq Cəfərlinin həbsi, nə də AXCP üzvlərinə qarşı davam edən total həbs dalğası cəmiyyəti sükunətə atacaq. İctimaiyyətə tamamilə aydındır ki, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə qarşı irəli sürülən ittiham və digər AXCP üzvləri olan fəal gənclərdən Fuad Əhmədli, Məsud Rzalı, Qədim Bəkirov, Vasif Fətiyev habelə, NİDA hərəkatının üzvü Elgiz Qəhrəman məhz siyasi fəaliyyətlərinə görə həbs və təqiblə üz-üzədirlər.  

Mövcud durumun dəqiq analizini apardıqda aydın olur ki, hökumətin müxalifətə qarşı bu siyasəti də uğursuz olacaq. Çünki, hakimiyyətdən qorxan təbəqə onsuz da uzun illərdir meydana çıxmır, qorxu və tərəddüdlə baş verənləri kənardan seyr edir. Amma, bu seyriçi mövqe onların heç bir problemini həll etməməklə yanaşı, son vaxtlar güzaranlarını daha da ağırlaşdırır. Toplumun xarakterini bilən hər kəsə aydındır ki, ümumiyyətlə fürsət gözləyən və qorxusundan səsini çıxarmayan insanların müxalif siyasi proseslərə fəal qoşulmaması heç də müxalifətin fəaliyyətindən asılı deyil. Bunun bir sıra dəyişkən sosial və psixoloji səbəbləri var. Odur ki, bu repressiyalar müxalif siyasət müstəvisinə fərqli dəyişiklik gətirməyəcək. Ola bilsin ki, iqtidar komandasının və tərəfdarlarının daxilində müvəqqəti sabitlik üçün mövsümi bir təsir görüntüsü yaratsın. Amma, unutmayaq ki, cəmiyyət böyük böhrana hələ indi yaxınlaşır və onun səbəbkarı isə müxalifət deyil. Əminliklə qeyd edirəm ki, hökumət polis gücü ilə bu prosesi qətiyyən ağrısız idarə edə bilməyəcək. Hətta, deyərdim ki, bu siyasət ölkədə gərginliyi daha da artıracaq və ictimai-siyasi fəallığı yüksəldəcək.

24 avqust 2016-cı il.