24 Eylül 2016 Cumartesi

Sosial durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm qoyur.

        Sosial durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm qoyur.


Artıq cəmiyyətin ictimai-siyasi fəal kəsimi və nüfuzlu beynəlxalq təsisatlar Referenduma çıxarılacaq Konstitusiyaya əlavə və dəyişikliklərə öz münasibətini açıqlayıb. Əksəriyyət açıq mənfi rəy və tənqidi yanaşmalar ortaya qoysa da iqtidar öz mövqeindən geri çəkilmək niyyətində deyil.

Keçirilməsi tələm-tələsik qərarlaşdırılan bu dəyişikliklər iqtidar üçün “olmazsa-olmaz”a çevrilib. İradə bundan ibarətdir ki, nəyin bahasına olursa-olsun təklif edilən əsas əlavə və dəyişikliklər baş tutmalıdır. Etiraz edən tərəflər də bu zora söykənən reallıqla barışıb və sonrakı mərhələni gözləmək məcburiyyətindədir.

Növbəti mərhələ üçün nikbin proqnozlar səsləndirmək çətin olsa da, referenduma hər şeyin sonu kimi baxmaq da doğru olmaz. Ölkədə hüquqlar daha da məhdudlaşmağa, sosial durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm qoyacaq. Belə gərginlik şəraitində demokratik islahatlardan imtina edərək qətiyyən uğurlu idarəetmə modeli tətbiq edilə bilməz. Peşəkar iqtisadçı ekspertlərin də rəylərinə nəzər salsaq yaxın illərdə maliyyə sabitliyi və iqtisadiyyatın inkişafı bu şərtlər altında mümkünsüz görünür. 

Gələcək sosial-siyasi riskləri neytrallaşdırmaq üçün heç bir sistemli proqrama malik olmayan hökumətin əlindəki tək etibarlı resursu cəmiyyəti bəlli bir müddət basqı altında saxlamaq üçün zor aparatının gücləndirilməsi olacaq. İlk baxışda bunun effektli olacağı illuziyası iqtidar mənsublarını da ruhlandıran amillərdən biri kimi qabarıq görünür. Amma bir neçə məsələ var ki, iqtidarın nikbinliyinin qısa zamanda dəyişməsinə səbəb olacaq.

Ölkədə mövcud olan taleyüklü ictimai, siyasi, iqtisadi, hərbi problemlərə əsasən biganə olan xalqımızın düşüncə və hərəkətlərinə yeganə təsir edən amil təəssüf ki, yalnız onun sosial vəziyyətidir. Sadə dillə desək, “dolanışığı”dır. Hökumət iqtisadi islahatlar adı altında nə qədər imitasiya etsə belə sosial durumu ağırlaşan əhaliyə bunu arzuladığı kimi qəbul etdirə bilməyəcək.

Xüsusilə də sosial durumun sürətlə pisləşməsi, çox ciddi təzyiqlərə baxmayaraq etirazları təşkil edə bilən müxalifətin təkqütblü güclənməsi, alternativ informasiya resurslarının genişlənməsi, qarşılıqlı etimadsızlıq və şübhələrlə bir-birilə ziddiyyətdə olan hakimiyyət komandası, həmçinin beynəlxalq münasibətlərdə mövcud olan dərin problemlər iqtidarı ciddi sınaq qarşısında qoyacaq. İlk dəfədir ki, sadaladığımız bütün təsirli faktorlar hamısı paralel olaraq hakimiyyətin zərərinə inkişaf edir.

Çox güman ki, hakimiyyət mövcud durumu və gələcək ehtimalları analiz edərək daxili siyasətinə də, komandasına da nəzərəçarpacaq əl gəzdirmək məcburiyyətində qalacaq. Mərkəzi və yerli icra orqanlarında çoxsaylı “təmizləmə” aparılacaq. Ola bilər ki, hətta vaxtından öncə prezident seçkilərinə gedilməsi də qaçılmaz olsun. Məhz buna görə də ölkə daxilində özü üçün real təhlükə hesab etdiyi demokratik qüvvələrə qarşı dövlətin gücünü səfərbər edərək indidən proflaktik tədbirlər görür.

Lakin hakimiyyət üçün əsas təhlükə heç də demokratik qüvvələr deyil. Vitse prezidentlərin prezidentliyə çox qısa və seçkisiz yolu açılır. Fəaliyyətdə olan prezident hansısa səbəbdən vəzifəsini icra edə bilmədikdə, onun səlahiyyətlərinə sahib olan vitse-prezidentin bu posta asanlıqla yiyələnməsi və növbəti “seçki”ləri təyin etməsi artıq hakimiyyət komandasının daxilində prezidentlik kürsüsünü də intriqalara açdığı qənaətindəyəm. Demokratik seçkilərin olmaması isə bu hal üçün daha “münbit” şərait yaradır.

Müxalifətin əsas güc mərkəzini nəzarətdə saxlamaq üçün ölkə boyu total təzyiq riçaqları işə salınıb. Hətta bəzi iddialara görə hüquq-mühafizə orqanlarının minlərlə orta və yüksək rütbəli əməkdaşı məhz bu istiqamətdə görəvləndirilib. Xüsusilə də müxalifətin kütləvi aksiyalara hazırlaşmasına imkan verməmək üçün minlərlə müxalifətçi, fəal müşahidə altına alınıb. Bütün vasitələrlə tədbir görülür ki, sosial vəziyyəti pisləşən xalqın üz tuta biləcəyi mütəşəkkil, qətiyyətli və təşkilatlanmış müxalif ünvan olmasın.

Müxalifətə total təzyiqlərlə bərabər müəyyən imitasiya xarakterli güzəştli addımların da atılacağı mediaya sızan bilgilərdəndir. Qərbin təzyiqlərini qismən azaltmaq üçün siyasi məhbus kateqoriyasından olan və qərbin israrla azadlığını tələb etdiyi bəzi tanınmış şəxslərin də həbsdən çıxarılacağı barədə söhbətlər dolaşır.

İndi həm də çoxlarını düşündürən xeyli çətin suallar var. Bizi qarşıda nə gözləyir? Əlbətdə ki, bu suala zaman özü aydınlıq gətirəcək. Lakin aparılan təhlillər onu göstərir ki, xalqımız hər cür sürprizlərə hazır olmalıdır. Qarşıda əhalini öncəki illərdən daha ağır və xoş olmayan durum gözləyir. İnsanların əksəriyyətinin siyasi proseslərə biganə yanaşması təəssüf ki, ölkə müxalifətinin aydın və təminatlı siyasi təşəbbüslərinə də ciddi əngəl törədir.

Bu şəraitdə onsuz da çox məhdud olan ənənəvi ictimai-siyasi fəaliyyət müstəvisi də çox güman ki, bir müddət sonra iqtidarı qane etməyəcək. Tam qapalı cəmiyyətə keçid iqtidara daha böyük təhlükə törətsə də müəyyən müddətlik buna cəhd oluna bilər. Hətta, internet resursları üzərinə müəyyən məhdudiyyətlərin qoyulması, cəmiyyətin enerjisini hərbi-siyasi istiqamətə yönəltmək kimi addımlar da isstisna deyil.

Bütün mənfi ehtimallara baxmayaraq, qarşıdakı dönəmdə ölkəni uzun müddət gərginlikdə saxlamaq mümkün olmayacaq. Lokal sosial etirazlar çoxaldıqca, resursları tükənən iqtidar öz yanaşmasını dəyişmək məcburiyyətində qalacaq. Ölkədə real demokratik islahatlara başlanmasa yeni demokratik hərəkat üçün psixoloji zəmin yaranması qaçılmaz olacaq.


                                                                                                            24 sentyabr 2016-cı il.

20 Eylül 2016 Salı

Müxalifətin etiraz mitinqləri məqsədinə çatıb?

                                Müxalifətin etiraz mitinqləri məqsədinə çatıb?

İstənilən ictimai-siyasi məsələyə münasibət ifadə edilərkən cəmiyyətin bəlli bir kəsimi müzakirələrə meyl edir. Bu, əsasən ictimai-siyasi təfəkkürü olan, vətəndaş məsuliyyətini anlayan, yerli və beynəlxalq siyasi proseslərə maraq göstərən insanlar olur. Tərəddüd etmədən məhz belə düşüncəli, savadlı, vicdanlı, qərəzsiz insanlarla açıq müzakirələri səmərəli hesab edirəm.



Hakimiyyətin Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan Referendum qərarından sonra ölkənin sadə əhalisinin də, ictimai fəallığı olan tanınmış müstəqil şəxslərinin də, müxalif siyasi təşkilatlarının da ayrı-ayrılıqda yanaşmalarını cəmiyyət müşahidə edir. Vətəndaş məsuliyyətini anlayan hər kəs öz resurslarına, sosial statusuna, psixoloji durumuna, ideoloji və ictimai-siyasi dünyagörüşünə uyğun mövqe sərgiləyir. Hətta bu ərəfədə səsini çıxarmayan və özünü tamamilə gizləyənlər də az deyil. Hələlik bu barədə geniş danışmağın zamanı olmadığı üçün gündəmin daha aktual mövzusu olan etiraz mitinqlərinə münasibət bildirməyi zəruri hesab edirəm.

Referenduma çıxarılan məsələləri dəstəkləyənlər də, ona fəal və passiv etiraz edənlər də, laqeydliklə kənardan izləyənlər də artıq hər kəsə bəllidir. Bu yazımda qısaca olaraq yalnız fəal etirazları təşkil edənlərdən bəhs edəcəm. Çünki, digər tərəflərin yanaşması ətrafında müzakirələr hələlik ictimai maraq doğurmur. Həmişə olduğu kimi müzakirənin əsas mərkəzi yenə də haqlı olaraq ictimai rəyi yönləndirən və ən təsirli etiraz görüntüsünü cəmiyyətə təqdim edən müxalifətdir. Onu həm iqtidar “müzakirə” edir, həm də cəmiyyətin digər fəal kəsimi.  

Referendum əleyhinə ən yadda qalan və əhəmiyyətli siyasi addımlar kimi tarixə düşəcək olaylar məhz müxalifətin təşkil etdiyi etiraz mitinqləri olacaq. Uzun fasilədən və total basqı şəraitində təşkil edilmiş bu kütləvi etirazların çağdaş siyasi proseslərə gələcəkdə daha aydın istiqamət verəcəyi qənaətindəyəm. Əminliklə deyə bilərəm ki, artıq müxalifətin bu etirazları lazımı ünvanlara çatıb və öz təsirini mütləq göstərəcək.

Müxalifətin üzərinə dövlətin gücünü yeritməklə sadə əhalidə qorxu yaratmaq taktikası yenidən total şəkildə işə düşsə də son illərin acı təcrübəsi göstərir ki, atrıq müxalifəti və cəmiyyəti bu metodla dayandırmaq mümkün deyil. Onsuz da ölkədə yüzdən çox siyasi məhbus və təqsirsiz olduqları halda istintaq altında olan fəal vətəndaşlar var. Buna baxmayaraq müxalifətin sıraları daha da genişlənir, mənəvi-psixoloji hazırlığı yüksəlir. Cəmiyyətin də müxalifətə dəstəyi ləng olsa da özünü göstərir.

Antidemokratik rejimlərin hakim olduğu cəmiyyətlərdə bir müxalif siyasi qüvvənin nisbətən önə çıxması ilə uğurlu siyasi proseslərə yeni səhifə açılmasının çoxsaylı müsbət nümunələri var. Məhz bu referendum ərəfəsində artıq bu istiqamətdə nəzərəçarpacaq müsbət dəyişikliyin baş verməsinin şahidi olduq. Ən çox təzyiq altında olan müxalif qüvvənin önə çıxmasından ciddi narahatlıq keçirənlər var. Bu durumu hazırda ən aqressiv qarşılayan tərəf məhz iqtidardır. Onlar artıq görünən və görünməyən resurslarını bu qüvvənin zəiflədilməsinə səfərbər etməyə çalışırlar.

Görünən budur ki, iqtidarın ən çox təzyiq etdiyi qüvvənin ətrafında təşkilatlanma daha sürətli baş verir. Bu, insanların iqtidara münasibətilə mütənasibdir. Bir qüvvənin nisbətən önə çıxmasını siyasi iddialı müxalif təşkilatlar da çox güman ki, bir müddət qəbul etməyə çətinlik çəkəcəklər. Amma, bu hal əslində digər müxalif siyasi təşkilatlar üçün də çox əlverişli siyasi-təşkilati vəziyyət yaradır. Onlar yaranmış duruma uyğun təmkinli qərarlar verməklə yeni siyasi münasibətlərə müstəvi yarada bilərlər. Bu istiqamətdə müxalifət daxilində mübahisələri süni şəkildə qızışdıranlar və qərəzli tənqidçilər bir müddət fəal hücumda olsalar da sonradan bu reallıqla barışamalı olacaqlar.

Milli Şuranın növbəti dəfə mitinq keçirməklə bağlı qərar verməməsi indiki reallıqlarla anlaşılandır. Çünki ilk növbədə cəmiyyətin bütün kəsiminə çatan uğurlu etirazlar təşkil edilib və keçirilib. İnternet resursları üzərindən də yüz minlərlə insan müxalifətin mesajlarını dinləyib. Cəmiyyətin geniş təbəqələri bu etirazlarda iştiraka cəsarət etməsə də rəğbət bəslədiyi sezilir. Lakin nə qədər ki, aksiyalar müxalifətin resursları ilə baş tutacaq, iqtidarın geri çəkilməsi baş verməyəcək. Odur ki, belə mitinqlər gələcək tarixi yaddaş üçün zəngin fəaliyyət hesab edilsə də davamlı olması zərərli olardı.

Əlbətdə ki, bu etirazları yüksələn xətlə davam etdirmək mümkün olsaydı cəmiyyətin maraqları baxımından ideal variant olardı. Lakin hazırda bu imkan qeyri-rəsmi olaraq hökumət tərəfindən tamamilə qapadılıb. Həm də sosial problemlərdən əziyyət çəkən əhali ilk aksiyalara kütləvi şəkildə qatılsaydı tamamilə yeni siyasi mühit yaranacaqdı. Təəssüf ki, xalqımız növbəti fürsətini də qaçırdı və bunun bədəlini yaxın vaxtlarda çox ağır ödəyəcək.  

Onu da qeyd etmək lazımdır ki, MŞ-nın bu stüasiyada növbəti mitinqlərə qərar verməməsini tənqid edənlərin əksəriyyəti cəmiyyətin maraqlarını deyil, ayrı-ayrı qrupların maraqlarını qabarıq ifadə edənlərdir. Hətta o qruplar MŞ-nın uğurlu mitinqlərinə də müxtəlif formalarda tənqidlər və iradlar səsləndiriblər. Hüquq və qanun tanımayan hökumətin qarşısında dayanan müxalifəti yeri gəldi-gəlmədi tənqid etməklə cəmiyyətin altşüuruna hansı mesajın verildiyini dərk etmək heç də çətin deyil. Müxalifəti tənqid etməyin təhlükəsiz olduğunu və çox zaman da qazanc gətirdiyini nəzərə alsaq, bu barədə təşəbbüslərin heç də azalmayacağı gerçəkliyini də qəbul etmək lazımdır.

Cəmiyyətin bütün siyasi yetkin kəsimi referendum qərarı veriləndən anlayırdı ki, bu proses başlamadan iqtidarın marağına uyğun şəkildə bitib. Çünki bu prosesi durduracaq ümumxalq iradəsi hələlik aktiv fazaya keçməyib. Xalq kütləvi etirazlara hazır deyil. Lakin bütün bunlara baxmayaraq müxalifətin ən yaxşı təşkilatlanmış mütəşəkkil hissəsi öz tarixi missiyasını anlayaraq, bu, zamanı çatmayan etirazlara qərar vermək durumunda qaldı. Halbuki bu etirazların təşkil edilməsi heç də birbaşa müxalifətin vəzifəsi deyildi və növbəti dəfə cəmiyyətin yükünün altına məcburiyyət qarşısında çiyin verilməli oldu.

Müxalifət təşkil etdiyi etiraz mitinqləri və digər fəaliyyətləri ilə mənəvi və siyasi öhdəliklərini qismən də olsa yerinə yetirdi. Bundan sonra o təşkilatları kimsə referenduma münasibətinə görə tənqid edə bilməyəcək. Çünki, bir müxalifət təşkilatı etməli olduğundan daha çoxunu edibsə, ona hansı iradı bildirmək olar? Bu durumda müxalifətin Referendumla bağlı nə etməsi mümkün idisə, bu qurumlar onu ediblər.

Ardıcıl tənqidlərdən də narahat olmağa dəyməz. Siyasi tənqidlərin sosiologiyası göstərir ki, əgər bir qurum və ya şəxs haqqında müxtəlif siyasi qütblərdə müzakirə açılırsa, deməli o subyektdən ya gözlənti çoxdur, ya da iddiaçıların hər biri onu özlərinə rəqib görür. Nəzərə almaq lazımdır ki, onun istənilən addımları və qərarları geniş müzakirə yaradacaq. Bu subyekt cəmiyyətdəki yerinə uyğun olaraq mütləq təmkinlə öz yanaşmalarını öncə tərəfdarlarına, daha sonra isə cəmiyyətə izah etməlidir. Rəqiblərinə isə reaksiya verməməsi daha doğru olar. Etiraz mitinqlərini isə zamanı gəldikdə yenidən müzakirə etmək olar. İndi isə bu stüasiyada hər bir iddialı tərəf qərəzli yanaşmalara əhəmiyyət vermədən öz tərəfdarlarını təşkilatlandırmağa davam etməlidir. 

Nəzərə almaq lazımdır ki, qarşıdan daha məsuliyyətli dövr və idarə edilməsi çətin olacaq proseslər gəlir. Görünür həm də iqtidarın ciddi təşvişinə səbəb olan hansısa daha həssas amillər də mövcuddur.
                                                                                                       19 sentyabr 2016-cı il.

14 Eylül 2016 Çarşamba

Etiraz mitinqlərini vahid qüvvə istiqamətləndirməlidir

                 Etiraz mitinqlərini vahid qüvvə istiqamətləndirməlidir

Milli Şuranın təşkilatçılığı ilə keçirilən 11 sentyabr mitinqi çox böyük marağa və geniş müzakirələrə yol açıb. Hakimiyyətin sərt davranışlarının daha çox artdığı bir vaxtda belə kütləvi aksiyanın baş tutması bütün maraqlı tərəflərə ciddi mesajdır. İlkin nəticə nədən ibarətdir? Daha sonra nə olacaq? Bu kimi suallar ətrafında geniş təhlillərə zərurət var. Biz də bu istiqamətdə mövcud durumun səthi analizini apararaq siyasi yetkinliyi olan insanların müzakirəsinə təqdim edirik.

            Kütləvi aksiyalar zamanın tələbidir?

Sosial şəbəkələrdə və mediada kütləvi aksiyalarla bağlı qızğın müzakirələr sosial böhran özünü biruzə verməyə başlayandan aktuallaşırdı. O zaman yazılarımızda və çıxışlarımızda ardıcıl olaraq ifadə edirdik ki, yeni müxalif birliklərə və sosial problemlərlə bağlı etirazlara müxalifət cəhd etməməlidir. Bir müddət xalqla iqtidarın baş-başa qalmasına imkan yaratmalıdır. Durum elədir ki, tərəflər bir-biri ilə üz-üzə qaldıqca müxalifətin sıraları genişlənəcək və psixoloji üstünlük əldə ediləcək.

Məhz həmin dövrlərdə müxalifətin seçdiyi düzgün taktika kifayət qədər uğurlu nəticə verdi. Daim sosial-siyasi məsələlərdə etirazları yalnız müxalifətin vəzifəsi sayan, bu etirazlara laqeyd qalan, hətta bəzən bu aksiyaları məsxərəyə qoyaraq ona qoşulmayan böyük bir kütlə faktiki olaraq çaş-baş durumda qaldı. Bu çaşqınlıq təkcə sadə xalqda deyil, həm hökumət həm də müxalifət adına iddia edən müəyyən təşkilatlarda da müşahidə olunurdu.

Müxalifətin sıralarında dayanmayan, tələblərinə dəstək verməyən insanların tənqidlərinə haqlı olaraq müxalifət təşkilatları məhəl qoymadı. Belə durumlarda dərhal meydanlarda etirazlara meyl edən müxalifətin bu dəfə sosial tələblərlə etirazları təşkil etməməsi yeni sitüasiya yaratdı. Təsadüfi deyil ki, o zaman bəzi rayonlarda müxalifətin təşkil etmədiyi lokal etirazlar baş verdi və olayların qarşısı hökumət tərəfindən sərt şəkildə alındı. Problemlər həll edilməsə də, xaotik etirazlar səngidi. O zaman xalqın müxtəlif qrupları arasında apardığımız monitorinqlər göstərirdi ki, əhali müxalifətə dəstək verməməyin ağır zərbəsini tədricən öz üzərində hiss edir.

Fəal insanlar anlayırdı ki, təşkilatlanmış və cəsarətli müxalifətə dəstək vermədən uğurlu sonuc mümkün deyil. “Müxalifət yoxdur” tezislərinin acısını daha çox o təbliğata uyan sadə insanlar çəkməyə başladı. Təbii ki, hələ də alternativi olmayan, lakin ağır durumda olsa da, tərəddüd etməkdə davam edən böyük bir çoxluq var. Düşüncə ondan ibarətdir ki, müxalifətə verilən açıq dəstək nəyi dəyişəcək ki? Bu suala hələlik aydın cavab olmasa da, alternativlərin olmaması toplumu düşünməyə vadar edir. Hökumət nə özü problemləri həll edə bilir, nə də xalqa imkan verir ki, heç olmasa öz başının çarəsini qılsın.

Xalqın müxalifətə dəstəyi açıq hal almasa da, konkret təşkilatlara rəğbətinin getdikcə artdığını deyə bilərik. Hakimiyyətin qəflətən Konstitusiyaya əlavə və dəyişiklikləri həyata keçirmək üçün referendum qərarı olmasaydı, yəqin ki müxalifətin də kütləvi aksiyalara başlamaq qərarı belə sürətlə aktuallaşmazdı. İndiki etirazlarda əsasən hədəf referendum olsa da, sosial tələblər, idarəetmə və siyasi məhbus problemləri də qabarıq dilə gətirilir. Çünki fəal etirazlara qoşulan insanların çoxunu referendum deyil, sosial böhran və idarəetmənin yaratdığı ağır problemlər  meydana sövq edir. Odur ki, referendumdan sonra ölkədəki sosial-siyasi durum, kütləvi aksiyalarla bağlı müxalifətin yanaşması həssaslıqla incələnməli, təmkinli və düzgün qərarlar qəbul edilməlidir.

                    Mitinq hazırlığı və keçirilməsi çox ağır şərtlər altında baş tutdu

Referenduma etirazlarla bağlı fəal qərar verən siyasi təşkilatlar öncədən fərqli yollarla mübarizə aparacaqlarını bəyan etdilər. Milli Şura ilk gündən tərəddüdsüz referendumu baykot etmək yolunu tutdu. Hakimiyyətin təklif etdiyi siyasi müstəvidən imtina edərək kütləvi aksiyalar keçirəcəyini və hətta “yeni bir xalq hərəkatına başlamağın vacibliyini” bəyan etdi. Müsavat Partiyası və REAL Hərəkatı isə öz resurslarına güvənərək, qanunvericilikdə nəzərdə tutulan prosesə daxil olmağa və təşviqat qrupları vasitəsilə etiraz etməyə qərar verdilər. Təəssüf ki, bu təşkilatlara qanunsuz müdaxilələrlə öz qərarlarını reallaşdırmağa imkan verilmədi.

Referendumu ilk gündən baykot etməyə çağıran MŞ-nın üzərinə daha sistemli və total təzyiqlər başlandı. Heç bir əsas olmadan AXCP üzvü olan fəal gənclərin inzibati həbsləri, qondarma “Gülənçi” ittihamı ilə həbslər, “Azadlıq” qəzetinin çapına yaradılan süni əngəllər və əməkdaşlarının istintaqa cəlb edilməsi, habelə AXCP sədri Əli Kərimlinin qayınına həbsxanada edilən real hədələr və özünün həbs ediləcəyi ilə bağlı hakimiyyət mediasının anonsları faktiki olaraq MŞ-nı repressiyaların mərkəzi təşkilatına çevirdi. Bütün təzyiqlərə baxmayaraq bir addım da geri çəkilməyən MŞ mitinq hazırlığını dayandırmadı. Digər müxalif təşkilatlarla müqayisədə ofis-qərargahı olmadan, rayonlarda keçirilən yarımməxfi və səyyar müşavirələrlə, habelə sosial şəbəkələr üzərindən aparılan təbliğat sayəsində sanki fövqəladə şəraitdə hazırlıq aparılırdı.

Hakimiyyət ənənəvi olaraq mitinqin sönük alınması üçün bütün vasitələrdən istifadə etdi. Əsas resurslar mitinqin uğursuz olması üçün səfərbər edildi və sistemli anti-təbliğat aparıldı. Mitinqə maraq göstərən şəxslərdə qorxu yaratmaq, son ana qədər rəsmi müraciətə cavab verməmək, mitinqin təşkilatçılarını nüfuzdan salmaq üçün geniş kampaniyanın aparılması diqqətdən yayınmırdı. Hətta mitinq günü də psixoloji təsir vasitələrindən maksimium istifadə etməyə cəhdlər göstərildi. Yüzlərlə insanın meydana daxil olmasına tərəddüd yaratmağa nail olundu. Polis mitinqə açıq müdaxilə etməsə də, üzdə görünməyən psixoloji müdaxiləsini edirdi. Meydana daxil olan insanların yoxlanması prosesində seçilən metodlar, xüsusi kameraların quraşdırılması özlüyündə çox güclü psixoloji təsir yaratmağa hesablanmışdı.

Repressiyaları gücləndirməklə müxalifəti zəiflətmək, xalqın müxalifətə meylli hissəsində qorxu yaratmaq, hakimiyyətdaxili narazılıqların etirazlara keçməsini önləmək üçün bir sıra sərt addımlar atıldı. Lakin görünən budur ki, yaxın on illikdə uğurlu sonuc verən repressiya siyasəti artıq əhəmiyyətini itirir və əvvəlki təsirə malik deyil. Bu yanaşma əksinə təşkilatlanmış müxalifətin güclənməsinə xidmət edir. Əqidəsi, inancı uğrunda ölümü seçən insanları döyməklə, həbslə təhdid etmək daha pis nəticələrə gətirib çıxara bilər.

             Mitinqlər zamanı “müxalifətin birliyi” tezislərini kənara qoymaq lazımdır?

Son dövrlər toplumun yanaşmasını analiz edərək dəfələrlə qeyd etmişik ki, “müxalifətin birliyi” tezisləri qətiyyən geniş sosial-siyasi sifariş deyil. Hətta deyərdim ki, son illər bu çağırışlar birlikdən çox, intriqalara və yersiz mübahisələrə əsas yaradır. Adətən fəal etirazlara qoşulmağa cəsarəti çatmayan çoxsaylı insan özləri prosesdə olmadan məhz müxalifətin birləşərək iqtidara müqavimət göstərməsinə çağırış edir.

Çağdaş siyasi tariximizdə mövcud olan birliklərdən müxalifətə çox zərərli miras qalıb. Bir-birinə qarşı inamsızlıq, ittihamlar, şübhələr və bəzi hallarda təhqirlər də ifadə olunur. Sonrakı münasibətlərə dərin yara açan “müttəfiqlik”dənsə, bəri başdan açıq rəqiblik daha çox dəstək qazandırır. Vahid rəhbərlik altında olmayan siyasi-təşkilati proses müəyyən mərhələlərdən sonra daxili çəkişmələrə, hətta siyasi alverlərə də yol açır. Ən mütəşəkkil güc belə effektli proses apara bilmir və dağılmağa məhkum olur.

Odur ki, etiraza meylli insanların mitinqə dəstək verməsi üçün bu “birlik” faktoru artıq çoxdan əhəmiyyətini itirib. Birliklərə vaxt sərf etməkdənsə, təkbaşına hədəfə istiqamətlənmək vacibdir.
Təsadüfi deyil ki, son on ilin ən kütləvi mitinqinə müxalifətin “yeni birliyi” olmadan nail olundu. Birlik olmadan da xeyli müxalif təşkilatlar və müstəqil şəxslər mitinqlərdə iştiraka müsbət çağırış etdilər. Siyasi məhbus həyatı yaşayan insanların yaxınları və tərəfdarları aksiyaya ciddi dəstək verdi. Sosial problemlərdən, məmur özbaşınalığından, rüşvətxorluqdan, monopoliyadan əziyyət çəkən cəsarətli insanlar da mitinqə açıq dəstək ifadə etdilər.

                             İlkin nəticə uğurludur.

MŞ-nın mitinqi son on ilin ən kütləvi, coşğulu, intizamlı, xalqın müxtəlif təbəqələrinin iştirak etdiyi və asan idarəolunan aksiyalarından biri kimi tarixə düşəcək. Meydan təkcə müxalifət təşkilatlarının üzvlərindən ibarət deyildi və iştirakçıların mütləq əksəriyyəti gənclər idi. Təşkilatçılar öz rəmzlərinin meydana gətirməməklə həm də mitinqə ümummilli status qazandırdılar. Təşkilatçılığın şəriksizliyi və iştirakçıların əksəriyyətinin vahid liderə rəğbəti aksiyanın effektliyinı göstərirdi. Tribuna ilə aksiyaçılar arasında da təbii bir harmoniya mövcud idi. İstənilən meydanın və ya prosesin vahid lideri varsa, orada ciddi siyasi nəticələr üçün əlverişli mühit mövcud olur. İndiki halda meydanda olmağı qəbul etməyən, mitinqlərə dəstək verməyən qurumların, fərdlərin tənqid və iradlarına məhəl qoyulmamalıdır.

Mövcud resurslarla iş davam etdirilməli və imkanlar genişləndirilməlidir. Cəmiyyətin etiraza meylli bəlli bir kəsimi faktiki olaraq müxalifətə yeni mandat verib. Aksiyanın bir neçə istiqamətdən çox düşündürücü mesajları da ortadadır. Siyasi iddiası və fəallığı olan insanlar bu mesajları təmkinlə oxumalıdır. Hökumətə ciddi və uzunmüddətli etiraz etməyə iradəsi çatan yeni bir müxalif enerji toplanıb. Müxalifətin bir-biri ilə çəkişmədən, vahid lider ətrafında aparacağı siyasət daha güclü dəstəyə gətirib çıxaracaq.

Xalqın meydana toplaşan hissəsi iqtidarın repressiyalarına baxmayaraq davamlı etiraz edəcək qədər hazırlıqlıdır. Toplumun oyanışına təkan verən və öz gücünə inamını artıran bir proses izlənməkdədir. Bu mitinqin ən önəmli nəticəsindən biri də geniş izləyicisi olan müstəqil internet şəbəkələrinin mitinqin təbliğinə ciddi dəstək verməsi oldu. Meydan TV, Azadlıq Radiosu, "Sancaq", NİDA, "Hamam Times", "Ditdili" və digər sosial media qurumları yüzminlərlə insana obyektiv məlumatlar çatdırdı.

                          Daha sonra nə edilməlidir?

Son dövrlər insanları dinc etirazlara meylləndirən sosial-siyasi amillər kifayət qədər aydındır. Fəal etirazlara meyl edən şəxslərin çoxunun lokal siyasi seçimi yoxdur. Onların əksəriyyətinin proseslərdə iştirakı müvəqqəti xarakterlidir. Odur ki, prosesi başlayan qüvvə bu amili mütləq nəzərə almalıdır. Mövcud uğurlu təşəbbüs əldən verilərsə, etirazların yüksələn xətlə inkişafına təminat olmayacaq. Bu həssas dönəmdə mitinq yarışına çixan hər kəs öz siyasi maraqları naminə ümumxalq maraqlarını təhlükəyə atmamalıdır.

Avtoritar idarəetmənin hakim olduğu cəmiyyətlərdə dinc kütləvi etirazların konkret müsbət siyasi nəticələr doğurması üçün vahid qüvvə tərəfindən istiqamətləndirilməsi zəruridir. Sistemdən kənar siyasi mübarizə xəttini məqbul sayan bütün təşkilatlar və fərdlər bir siyasi qüvvənin lokomotivliyi ilə başlanmış mübarizə xəttini dəstəkləməlidirlər. Müxalifətdaxili yarışa qoşulmaq istəyənlər kütləvi aksiyaları özlərinə alət etməməlidir.

Ötən il kecirilən seçki-təbliğat mitinqləri əslində müxalif siyasi qüvvələrin real durumunu topluma nümayiş etdirib. Bunu qəbul etmək lazımdır ki, o mitinqlərin bəzisi siyasi fəallığı olan insanların yaddaşında heç də ugurlu xatırlanmır. Bəlkə də Milli Şura başladığı uğurlu bir prosesin estafetini əmin olmadığı siyasi qüvvəyə buraxmaqla daha riskli addım atmış olardı. Mitinqlərin kütləviliyi və davamlılığı ilə bağlı qərar verilərkən çox güman ki, bu amillər də nəzərə alınıb. Bu məqamda qərəzli yanaşmalara əhəmiyyət vermədən prosesi başlayan qüvvənin hədəfi iqtidar, müttəfiqi sadə xalq olmaqla daha əzmlə çalışmalıdır.

Əslində ölkədə irimiqyaslı siyasi olaylar referendumdan sonra başlayacaq. İndiki uğurlu prosesləri uğursuzluğa məhkum etməmək üçün mütəşəkkil, cevik və təmkinli siyasi qüvvələrin məsuliyyətli qərarları həlledici olacaq. Mitinqlərdə səslənən mesajların hədəfi aydın olduqca, əlavə monipulyasiyaya yer qalmayacaq. Fürsətdən istifadə edərək xalqa da beynəlxalq ictimaiyyətə də iqtidara da uyğun mesajlar verilməlidir.

Referendumdan sonra veriləcək mitinq qərarları referendum ərəfəsində verilən mitinq qərarlarından fərqli situasiya yaradacaq. Hakimiyyət yeni dövr üçün etiraz mitinqlərindən ciddi nəticə çıxarmalı, ənənəvi repressiv siyasətindən imtina etməli və gerçək dialoq yolunu açmalıdır. Köklü iqtisadi-siyasi islahatlardan imtina etməklə ölkəni fəlakətli durumdan çıxarmaq mümkün olmayacaq. Sosial böhranı nisbətən ağrısız ötüşdürmək və demokratik dəyişiklik üçün müxalifətin idarə etdiyi kütləvi etirazlardan faydalanmaq müasir dünya təcrübəsində uğurlu metod kimi qəbul edilər.
                                                                               
                    12 sentyabr 2016-cı il.