25 Mayıs 2018 Cuma

Siyasi məhbus probleminin həlli nə zaman mümkün olacaq?


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə məhkum edilmiş bir sıra şəxslərin “əfv” olunması barədə ölkə prezidenti 24 may 2018-ci ildə “əfv” sərəncamı imzadı. “Əfv” sərəncamı 634 nəfər məhbusa şamil edildi. Onlardan yalnız 12 nəfəri siyasi məhbus statusunda olan şəxslərdir.

“Əfv” sərəncamı və “Amnistiya aktı” nəticəsində bəzi məhbusların azadlığına qovuşması təcrübəsi 1993-cü ildən etibarən mütəmadi olaraq tətbiq edilir. Ancaq bu kimi addımlar ümumiyyətlə məhbus probleminin müsbət həllinə ciddi töhfə verməyib. Xüsusilə də bütün nüfuzlu beynəlxalq hesabatlarda ölkəmiz məhbusların saxlanma şəraitinə və sayına, habelə siyasi məhbus probleminə görə Avropa Şurası ölkələri arasında ön yer tutur.

Aparılan monitorinqlər göstərir ki hökumətin atdığı addımlar cəmiyyətdə islahedici əhəmiyyət daşımır, cəzaçəkmə müəssisələrində məhkumların sayının azalmasına, saxlanma şəraitinə və siyasi məhbus probleminin müsbət həllinə gətirib çıxarmır.

Siyasi məhbus problemini "əfv"sərəncamı ilə həll etmək mümkündürmü?

Cinayət törətmiş şəxslərin ədalətli mühakimə hüququnun təmin edilməsi insan hüquq və azadlıqlarının təminatı baxımından ən mühüm şərtdir. Ədalətli mühakimə hüququnun önündən mövcud siyasi-hüquqi əngəllər qaldırılmasa bu problem öz müsbət həllini tapmayacaq.

Ədalətli məhkəmə ilə məhkum edilmiş şəxslərin müəyyən müddət öz cəzalarını çəkdikdən sonra “əfv” olunması humanizm nümunəsi sayılır. Belə qərarlar cəmiyyətdə münasibətlər sisteminə müsbət təsir edir və islahedici xarakter daşıyır.

Ancaq təqsiri olmadığı halda müxtəlif səbəblərdən məhkum edilmiş insanların “əfv” edilməsi təcrübəsi onlara qarşı ən böyük mənəvi işgəncədir. Bu addım nə məhkum edilmiş şəxsləri islah edir, nə hökumətə siyasi divident qazandırır, nə də cəmiyyətdə həmrəyliyə səbəb olur.
“Əfv” sərəncamı şamil edilən siyasi məhbusların əksəriyyəti, habelə müstəqil və müxalif mövqeli insanlar da bu kimi sərəncamları humanizm nümunəsi kimi təqdir etmir. Odur ki son vaxtlar hökumət “əfv” sərəncamları imzalayarkən bu tendensiyanı nəzərə almağa başlayıb.

Mütəmadi “əfv” sərəncamları imzalansa da təəssüf ki hökumət öz ənənəvi basqıçı siyasətindən imtina etməkdə maraqlı görünmür. Normal ictimai-siyasi münasibətlərə zərbə vuran addımlarından geri çəkilmir və siyasi məhbus probleminin birdəfəlik həllində maraqlı olmadığı aydın sezilir. Həm özünə, həm də cəmiyyətə ağır zərbə vuran bu yanaşmalarını daxili siyasətinin prioritetinə çevirib.

Sanki hökumət hər fürsət düşdükcə siyasi düşüncələrinə və fəaliyyətinə, habelə özünü ifadə azadlığına can atdıqlarına görə vətəndaşları qondarma ittihamlarla həbsə məhkum etməkdən həzz alır. Məhkumluqdan daha çox  girovluq həyatı yaşayan bu insanların “humanizm” nəticəsində “əfv” edilməsi praktikası dövlət-vətəndaş münasibətlərinə də sağalmaz zərbə vurur.

Göründüyü kimi, ölkədə çox qabarıq mövcud olan siyasi məhbus problemi həm daxili ictimai-siyasi duruma, həm də beynəlxalq münasibətlərə ciddi gərginlik gətirib. Cəmiyyətdə və demokratik beynəlxalq ictimaiyyətdə hər kəsə aydındır ki, Azərbaycanda təqsirsiz insanların məhkəmə hökmü ilə cəzalandırılması adi hal alıb.  Hökumətin sistemli və kütləvi hüquq pozmaları nəticəsində  Azərbaycan dövlətinin beynəlxalq imici sürətlə pisləşməyə doğru gedir. Dövlətimiz artıq bütün nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkələrin sırasında yer alıb.  

Ölkəmizdə ifadə azadlığının məhdudluğu, siyasi azadlıqların boğulması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması və azad mətbuatın susdurulması paralel olaraq artmaqdadır. Nəinki Avropa ölkələri ilə, hətta müharibə vəziyyətində olduğumuz Ermənistandan da bir çox sosial-iqtisadi və siyasi istiqamətlər üzrə geridə qalırıq. Sərhədsiz Repartyorların 2018-ci il hesabatında mətbuatın azadlıq indeksinə görə Ermənistan 80-ci, Azərbaycan isə 163-cü yerdə qərar tutub. Medianın azadlığı baxımından qonşu Ermənistandan 83 pillə geridəyik. Bu geriləmə bütün digər sahələr üzrə də davam edir.

Məhkəmə-hüquq sisteminin siyasi sifarişlə işlədiyi və siyasi münasibətlərin qanunçuluğa söykənmədiyi mühitdə “əfv” sərəncamları ciddi əhəmiyyət daşımır. Sabah yeni bəhanələrlə və qondarma ittihamlarla həbsxanalara təqsirsiz insanların doldurulmayacağına heç bir təminat yoxdur. Hakimiyyətin güc üzərində hegomonluğunun nə qədər davam edəcəyini isə proqnoz etmək mümkün deyil.

İqtidar ölkədə qanuna və hüquqa məhəl qoymadan istədiyi hər şeyi etməyə qadirdir. Hələlik cəmiyyətin kütləvi şəkildə bu vəziyyətə əks reaksiyası yoxdur. Əksəriyyət insanlar sanki bu durumla barışıb. Həmçinin beynəlxalq tələblər də hökuməti geri çəkilməyə məcbur edəcək qədər kəsərli deyil. Ölkə vətəndaşlarının hüquq problemləri beynəlxalq masalarda vaxtaşırı müzakirə olunsa da müstət həllini tapmır. Kimi istəsələr həbs edirlər, kimi istəsələr “əfv” edirlər.

100 il öncə şərqdə ilk demokratik respublika quran xalqın hazırkı hüquqi durumu çox dərin böhran həddindədir. Ölkədə etimadlı ictimai-siyasi münasibətlərin yaranması naminə bütün siyasi məhbusların azad edilməsi və geniş məhkəmə-hüquq islahatlarına başlanması olduqca zəruridir. Öz təməl hüquqlarını demokratik yolla istəyən vətəndaşlarla zorakılıq, həbs dilində danışmaq heç bir dövlətə nüfuz gətirməyib.

Hökumət vaxt itirmədən siyasi məhbus probleminin səbəblərini ortadan qaldırmağa siyasi iradə nümayiş etdirməlidir. Azad və ədalətli seçkilər keçirilmədikcə, məhkəmələr müstəqil olmadıqca, ictimai-siyasi qurumlara normal şərait yaradılmadıqca, media və ifadə azadlıqları təmin edilmədikcə ölkənin nə daxilində, nə də beynəlxalq aləmdə hökumətə etimad olacaq. Öz vətəndaşlarının təməl hüquqlarına qənim kəsilən qeyri-azad ölkə kimi qalmaqda davam edəcəyik.

25 may 2018-ci il

14 Mayıs 2018 Pazartesi

ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməkdə məqsədi nədir?

Uzun müddət gözlənilməz dəyişikliklərdən sonra mayın 14-də ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürüb.  Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı ABŞ Konqresinin 22 il öncə qəbul etdiyi, lakin icrası təhlükəsizlik baxımından ertələnən qanununu 6 dekabr 2017-ci ildə imzaladı. O zaman ABŞ ictimaiyyəti bu qərara birmənalı yanaşmadığını ortaya qoydu. Ölkə daxilində keçirilən müstəqil rəy sorğularında 63 faiz amerikalı ABŞ səfirliyinin Qüdsə köçürülməsinin əleyhinə çıxmışdı. Həmçinin, ABŞ-ın xarici müttəfiqlərinin mütləq əksəriyyəti də bu addımı zərərli sayırdı. Ancaq sadalanan amillər Trampı öz qərarından çəkindirmədi və artıq bu qərarın icrasına başlanılıb.

Bu addımın regionda yeni gərginliklərə yol açacağını, habelə ABŞ-ın özü üçün də ciddi problemlər doğuracağını elə amerikalıların özləri də bəyan edir. Artıq Rusiyanın, Türkiyənin, İranın və Avropa Birliyinin də bu qərarın icrası ilə bağlı narahatlıqları və etirazları yayılıb.

İsrail-Fələstin münaqişəsi 70 ilə yaxındır davam edir və müasir dünyanın həlli çətin problemlərdən sayılır. Qüds hərbi əməliyyatlar nəticəsində İsrailin nəzarətinə keçsə də, o vaxtdan bu günədək Qüds üzərində hüquqi status məsələsi nə BMT, nə də əksər dövlətlər tərəfindən tanınıb. İsrail-Fələstin münaqişəsi müxtəlif dönəmlərdə hərbi toqquşmalarla, lokal müharibələrlə dünya gündəminə gəlsədə nə müharibə, nə də sülh prosesi heç bir müsbət nəticə yaratmayıb. Məsələnin mürəkkəbliyi ondadır ki, Qüds müsəlmanların da, xristianların da, yəhudilərin də müqəddəs şəhəridir. Hər üç səmavi dinin bu şəhərdə müqəddəs hesab etdikləri məbədləri var.

İsrail dövləti demokratik idarəetməsi ilə təqdir olunsa da, onun beynəlxalq hüququ kobud şəkildə pozması faktı diqqətdən qaçmamalıdır. İsrail Fələstin torpaqlarını zorla işğal edib. Əlindəki hərbi gücdən yararlanıb işğalı dünya birliyinə və fələstinlilərə qəbul etdirmək istəyir. Çağdaş dünya üçün bu yanaşma çox təhlükəli örnəkdir və dünyanın bir çox yerlərində mövcud olan münaqişələrə mənfi təsir edə bilər. Belə çıxır ki, kim güclüdürsə, arxalıdırsa başqasının ərazilərini ələ keçirə və uzun müddət məskunlaşma həyata keçirərək həmin ərazilərə sahib ola bilər?

İsrail artıq uzun illərdir de-fakto bu ərazilərə nəzarət etsə də, sülh danışıqlarında Qüds şəhərinə hər iki tərəfin iddiası davam edir. BMT Təhlükəsizlik Şurasının bu barədə çoxsaylı icra edilməyən qətnamələri mövcuddur. Odur ki ABŞ prezidentinin bu addımı beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həm də BMT qətnamələrinə də sayğısızlıqdır. Təsadüfi deyil ki keçən ilin sonlarında BMT Baş Assambleyası Qüdsün İsrailin paytaxtı kimi tanımaması barədə növbəti Qətnamə qəbul edib. Səsvermə nəticəsində BMT TŞ-nın 4 daimi üzvü və Avropa Birliyinin bütün üzvlərinın də daxil olduğu 128 ölkə bu qətnaməni dəstəkləyib.

Əslində ABŞ İsrail-Fələstin sülh razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəliklərinə sadiq qalmayaraq ziddiyyət doğuracaq bir qərara imza atıb. Təsadüfi deyil ki ərəb və müsəlman ölkələri də belə bir mübahisəli qərarın regionda gərginlikləri alovlandıracağını, İsrail-Fələstin sülh razılaşmalarına ağır zərbə vuracağını bildirir. Həmçinin, bu qərar təkcə İslam ölkələrini deyil, bütün aparıcı dövlət və birliklərin də haqlı qınağına tuş gəlib. Böyük Britaniya, Fransa, Almanya da ABŞ-ın bu addımını tənqid edərək, sulh prosesinə zərər verəcəyini bəyan edib.

Orta Şərqin qanlı qarşıdurmalardan taqətsiz hala gəldiyi bir vaxtda Trampın belə addım atması nə ilə bağlıdır?
Bu suala cavab axtararkən daxili və xarici amilləri nəzərdən keçirmək lazımdır.
İlk növbədə, Tramp ABŞ-da getdikcə zəifləməkdə olan mövqeyini və ictimai rəydə aşağı enən nüfuzunu yəhudi lobbisinin ciddi dəstəyi ilə bərpa etmək niyyətindədir. Həm də ABŞ Konqresinin icrası müvəqqəti dayandırılan qanunlarını icraya yönəldən prezidenti kimi də özünü cəmiyyətə təqdim etmək istəyir.

Tramp administrasiyası dünyanın bir sıra münaqişələrinin həllində özünəməxsus cəhdlər edir. Hər iki Koreya (KXDR və Cənubi Koreya) dövlətinin yaxınlaşmasında onun təşəbbüsləri və siyasəti özünü göstərir.
Habelə, ABŞ-ın Orta Şərqdəki mövqelərini gücləndirməklə bağlı yeni planının tərkib hissəsidir. Xatırladaq ki, hələ keçən ilin may ayının ortalarında prezident kimi ilk xarici səfərinə çıxan Tramp 50 İslam ölkəsinin təmsilçilərini Riyadda bir araya gətirmişdi.  “ABŞ-Ərəb və İslam ölkələri zirvə toplantısı” çərçivəsində müsəlman dövlətləri ilə gələcək əməkdaşlığına aydınlıq gətirmiş və İsrail-Fələstin sülh sazişinə çox yaxın olduqlarını bəyan etmişdi. İsrail-Fələstin sülh razılaşmasına ən böyük əngəl kimi İranı göstərmiş və ona qarşı təsirli addımlar atacağını da bəyan etmişdi.
Tramp özünü “sülhə nail olan prezident” kimi tarixə salmaq fürsətini qaçırmaq istəmir. Onun əlində Fələstinə qarşı istifadə edəcəyi xeyli təsirli vasitələr də var. Məhz ABŞ bu addımı ilə Fələstin tərəfinə sülh sazişi istiqamətində təzyiq etmək məqsədi güdür.

Regiondakı mövcud siyasi-ideoloji və hərbi durum İsrail-Fələstin arasında nəzərdə tutulan sülhün tezliklə mümkün olmasına imkan verəcəkmi?
Rusiya-Türkiyə və İranın ortaq siyasi maraqlarına qarşı İsrail və Ərəb Dövlətləri Birliyinin siyasi maraqları ABŞ-la üst-üstə düşür. Odur ki ABŞ regionda yeni oyunçularla növbəti münaqişələr və gərginliklər yaratmaqda maraqlı ola bilər. İranın və Türkiyənin regionda artan fəallığını zəiflətmək üçün müxtəlif variantlar üzərində çalışmalar nəzərə çarpır. Öncəliklə də İrana qarşı radikal addımların atılmasının zəruriliyi barədə ABŞ-ın sərgilədiyi mövqe daha çox cavabı açıq suallar doğurur. İranın regionda artan nüfuzundan və fəallığından Səudiyyə Ərəbistanı və Misirin də ciddi narahatlıq keçirməsi ABŞ üçün əlavə imkanlar yarada bilər.

ABŞ-ın İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planından birtərəfli qaydada çıxması, habelə İsrailin Suriyadakı İran hərbi mövqelərinə raket zərbələri endirməsi bu planın tərkib hissəsi kimi qəbul edilə bilər. ABŞ hazırda bölgədə İsrailin və kürd silahlılarının açıq və fəal rol aldığı yeni proseslərın başlanmasında maraqlı görünür.
Təhlillər göstərir ki proseslər heç də yaxşı sonluğa getmir. Bu ziddiyyətlərdən zərər çəkən təkcə region ölkələri olmayacaq. Qlobal və regional güclərin Orta Şərqdə toqquşan strateji maraqları yeni siyasi-hərbi şərait doğuracaq. Son 15 ildə qərbin hərbi-siyasi həmlələri nəticəsində bölgədəki əsas diktatura rejimlərinin çöküşü və regionun yenidən şəkilləndirilməsi istiqamətində çalışmalar gərginliyin yeni mərhələsinə qədəm qoyub.

ABŞ Orta Şərqdə müsəlman dövlətləri ilə barışmaz ziddiyyətləri olan İsrailin vasitəsilə regiondakı strateji maraqlarına uzunmüddətli qarantiya əldə edə bilmir. Çoxmilyonlu müsəlman kürdlərin vasitəsilə regionda yeni platformanın yaradılması bütün kənar güclər tərəfindən ən əlverişli variant kimi qəbul edilir və dəstəklənir. Kürd amili həm türklərə, həm farslara, həm də ərəblərə qarşı ən təsirli riçaq sayılır və bu məqsədlə intensiv çalışmalar var.
Qərb Orta Şərqdə qüdrətli müsəlman dövlətlərinin varlığını və birliyini öz maraqlarına təhlükə görür. Regionda bir-biri ilə ziddiyyətli durumda olan çoxsaylı kiçik müsəlman dövlətlərinin olmasında maraqlıdır. Artıq “kürd məsələsi” qərb dövlətlərin geosiyasətin əsas təsir riçaklarından birinə çevrilib və bu strategiyanı bacardığı qədər uğurla sonlandırmağa çalışır. ABŞ öz səfirliyini Qüdsə köçürməklə məhz regiondakı bütün passiv gərginliyi sürətlə üzə çıxarmaq məqsədi güdür. İsrail-Fələstin sülhünə nail olmaq və regionda yerini möhkəmləndirmək üçün artıq ABŞ daha böyük hərbi-siyasi hədəflərə istiqamət götürüb. Bölgədə yeni hərbi qarşıdurmalar arta və siyasi ziddiyyətlər dərinləşə bilər!
14 may 2018-ci il.