29 Temmuz 2017 Cumartesi

Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılması ölkəmizə nə vəd edir?

Rusiya-Ermənistan birgə qoşun qrupunun yaradılması ilə bağlı xəbər ölkəmizdə narahatlıqla müzakirə edilməkdədir. Xüsusilə də Qarabağın gələcək taleyi ilə bağlı daha da pessimist fikirlər dolaşmaqdadır. Bu qərarın ölkəmizə hərbi-siyasi təsirləri nə ola bilər?
Mütəmadi olaraq Rusiya-Azərbaycan dostluğundan məqsədyönlü şəkildə pafosla dəm vuran, strateji müttəfiqlikdən ağız dolusu danışan, habelə bu dostluğun perspektivinə inanlar üçün bəlkə də hansısa gözlənilməzlik baş verib. Ancaq Rusiyanın dövlət siyasətinin mahiyyətini bilənlər üçün heç bir gözlənilməzlik və təşviş doğuracaq hal yoxdur. İndiyədək qeyri-rəsmi mövcud olan bu ittifaqın indi açıq şəkildə ortaya çıxması əslində xeyli müsbət haldır. Rusiya regionda yerləşən və maraqları olan hər bir dövlətə bu addımı ilə açıq mesajını verib.
Faktiki olaraq Azərbaycan ərazilərində erməniləri məskunlaşdıran, Ermənistan dövlətinin yaranmasına dəstək verən və onun mövcudluğuna qarantiya olan dövlət Rusiyadır. Hazırda işğal altında olan Azərbaycan ərazilərini də erməni-rus hərbi birləşmələri birgə işğal edib. Xocalıda minlərlə dinc insana qarşı əsrin ən dəhşətli soyqırım cinayətini törədən də bu ittifaq olub.
Putin administrasiyasının Orta Şərq siyasəti getdikcə iflasa uğrayır. Nizamlama prosesində qlobal güc kimi onunla masa arxasına əyləşib bazarlıq etmək istəyən yoxdur. Rusiyanın iqtisadi resursları Orta Şərq siyasətini uzun müddət bu şəkildə sürdürməyə imkan vermir. Sanksiyalar Rusiya iqtisadiyyatını getdikcə zəiflədir və daxili sosial-siyasi tarazlığı tədricən pozur.
Rusiya MDB üzvü olan keçmiş sovet respublikalarını yeni birlik formatında öz nəzarəti altına almaqla daxili və xarici siyasətinə yeni nəfəs vermək ümidindədir. Putin iqtidarı bu ölkələrə son siyasi həmləsini etməyə hazırlaşır. Bir tərəfdən qərbində və cənubunda mövcud olan dövlətlərin müstəqil xarici siyasətini özünə təhlükə hesab edir, digər tərəfdən də sadə rus xalqının diqqətini daxili sosial problemlərdən yayındırmaq üçün yeni geosiyasi ideyaların arxasına sığınmaq istəyir. Beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayaraq qonşularının daxili işinə bütün vasitələrlə müdaxilə etmək niyyətini göstərir.
Azərbaycan hökumətinin demokratik islahatlardan yayınmaq üçün daim sığındığı “etibarlı dost” artıq Ermənistanla açıq hərbi ittifaqını təsdiq etdi. Azərbaycan hökuməti fakt qarşısında qalıb və çətin seçim etməli olacaq. Hakimiyyət marağının təminatı dövləti təhlükəyə sürüklədiyi kimi, dövlət marağının qorunması da hakimiyyət üçün arzuolunmaz proseslərə təkan verəcək.
İndi hakimiyyətin əsas iki yolu var. Ya üzünü aydın şəkildə qərbə tutub onun siyasi dəyərlərini qəbul edərək ölkənin təhlükəsizliyinə qlobal qarantiyanı təmin etməli, ya da Rusiyanın şərtlərinə razılaşaraq onun istəklərinə boyun əyməlidir.
Görünən budur ki hakimiyyət komandası son anadək Rusiyaya müəmmalı bağlılığına sadiq qalacaq. Bu yanaşma ilə Rusiyanı neytrallaşdırmağa çalışacaq. Rusiyanın şərtləri qəbul edilərsə, yaxın perspektivdə öncə suverenliyimiz, sonra isə Qarabağ itiriləcək. Nisbi müstəqilliyimiz qalsa da, burada bütün siyasi dəyişikliklərin təşəbbüsü daha açıq şəkildə Rusiyanın əlinə keçəcək. Hətta bir müddət sonra özünə daha yaxın olan hakimiyyət də formalaşdırmağa cəhd edilə bilər. Azərbaycanın belə bir seçimi İranın da, Ermənistanın da maraqlarına cavab verir. Onlar hakimiyyəti və cəmiyyəti buna təşviq etmək üçün bütün vasitələrdən yararlanacaqlar.
Qərblə sıx siyasi əməkdaşlıq dövlət təhlükəsizliyimizə təminat yaratsa da, hakimiyyət üçün arzuolunmaz proseslərə start verəcək. Həm Rusiyanın, həm İranın, həm də Ermənistanın iqtisadi, siyasi, hərbi təzyiqləri artacaq. Demokratik açılım, iqtisadi-siyasi islahatlar, hüquqların təminatına imkan yaradan siyasət bir müddət sonra hakimiyyətin dinc yolla dəyişməsinə gətirib çıxaracaq. Ölkənin demokratik inkişaf yoluna qədəm qoyması reallaşa bilər.
Çox güman ki, hakimiyyət özünə yaxın müxlif siyasi qüvvələrlə birgə dövlət maraqlarının təhlükədə olması ilə cəmiyyəti bir müddət şantaj etməyə çalışacaq. Beynəlxalq münasibətlərin elə bir çərçivəsi yaranıb ki, artıq qərbin heç nə ilə şantaj edilməsi mümkün deyil. İqtidarın nə qədər vaxt uda biləcəyini demək çətin olsa da, bu gərgin situasiyanı itkisiz aşa bilməyəcəyini demək çətin deyil. Qarabağ məsələsi və daxili siyasi proseslərlə bağlı gözlənilən duruma növbəti yazıda birgə nəzər salmağa çalışacağıq.

21 Temmuz 2017 Cuma

Jurnalistlərə göstərilən qayğının, səxavətin səbəbi nədir?


Azad mətbuat nəfəs aldıqca, jurnalistlərin mükafatlanması da davam edəcək!

Jurnalistlərin bir qrupuna büdcə vəsaitləri hesabına mənzil hədiyyə edilməsi sosial şəbəkələrdə maraqlı müzakirələr yaradıb. Təriflərin, təşəkkürlərin, tənqidlərin bir-birinə qarışdığı ortamda məsələyə fərqli aspektdən münasibət bildirmək birmənalı qarşılanmasa da, onu yazmağın zəruri olduğu qənaətindəyəm.

Öncə qeyd edim ki, ayrı-ayrı peşə sahiblərinin dövlət büdcəsi hesabına mükafatlandırılması ənənəsi sovet idarəetməsindən qalma təfəkkürün davam etdiyini göstərir. Bu yanaşma cəmiyyətdə qismən mövcud olan azad düşüncə müstəvisinin önünə yeni sədd çəkmə cəhdidir. Necəki illər öncə müxtəlif təqiblərlə, döyməklə, yüksək cərimələrlə, həbslərlə ifadə və söz azadlığının önünə sədd çəkilmişdi, indi eyni siyasət daha fərqli və effektli üsulla həyata keçirilir. Bütün basqılara baxmayaraq azad mətbuat nəfəs aldıqca, jurnalistlərin mükafatlanması da davam edəcək!

Əgər indiyə kimi özünəsenzura qorxudan tətbiq edilirdisə, indi həm də şəxsi maraqların təminatı əksər jurnalistləri buna könüllü təşviq edəcək. Qorxudan yaranan özünəsenzura açıq və gizli nifrət doğururdusa, maraqların təminatından doğan könüllü özünəsenzura nifrət yaratmayacaq və bəzi hallarda hətta rəğbət də oyadacaq. İstər-istəməz az da olsa ədalət görüntüsü yaradıcı insanların düşüncəsinə və davranışına müəyyən təsir göstərəcək və hakimiyyətə yönəlik tənqidlərini də bir az zəiflədəcək.

Ölkədə real durum elədir ki istənilən peşə sahibləri halal əməkhaqqı ilə özlərinə mənzil, maşın, bağ almaq üçün 100-200 il yaşayıb, işləməlidir. Bir insanın dövlət büdcəsindən və çalışdığı digər işlərdən aldığı rəsmi əməkhaqqı ilə mənzil sahibi olması faktiki olaraq mümkünsüzdür. Yaş artdıqca insanlar məişət problemlərin altında daha çox əzilir və tədricən bu problemləri həll etmək üçün ümümi axara qoşulmağa məcbur olurlar. Belə yanaşma bütün sahələrdə çalışan insanlara aiddir və kimsəni bu davranışlarına görə qınamaq da olmur. Son illər əksəriyyət insanlarda belə düşüncə möhkəmlənib ki, onsuz da dövlət büdcəsi necə gəldi talanır və onu durdurmaq hələlik mümkün deyil. Bu şəraitdə açıq cinayətə bulaşmadan böyük talandan kiçik pay almaq yarışında iştirak etməkdə hər hansı qəbahət görmürlər.

Bütün sahələrdə olduğu kimi, mənzil hədiyyə edilməsi prosesində də korrupsiya hallarının baş verdiyini iddia edənlər az deyil. Bu iddiaları təsdiq və ya təkzib edəcək faktlara sahib olmasam da, idarəetmənin xarakterini bildiyim üçün belə halların mümkünlüyünə şübhə edə bilmirəm. Bütün neqativlərə baxmayaraq mənzil alan jurnalistlər arasında şəxsən tanıdığım və qələminə hörmət etdiyim insanlar da var. Onların hər biri ən yaxşı mənzillərdə yaşamağa layiq insanlardır. Hər birini təbrik edir və bu mənzillərdə sağlıqla yaşamaq arzulayıram. İdarəetmənin yaratdığı ağrılı problemlərin həllində heç bir vətəndaşımıza yardım edə bilmədiyimə görə, onları tənqid etməyə də özümü mənəvi cəhətdən haqlı saymıram. Özünün belə haqqa sahib olduğunu düşünən insanlar varsa, onları da alqışlayır və hörmət edirəm.

Ölkəmizdə demokratiyadan əsər-əlamət olmaması, ifadə, söz, vicdan və siyasi azadlıqlardan istifadə etməyə cəhd etdiklərinə görə yüzlərlə insanın həbs edilməsi, təqibə məruz qalması, işdən çıxarılması və ya mühacirət etməsi heç kimə sirr deyil. Hakimiyyətin cəmiyyətlə istədiyi kimi əzici davrandığı belə bir şəraitdə onun jurnalistlərə göstərdiyi bu qayğının, səxavətin səbəbləri hər halda düşündürücüdür.

Ölkədə sosial böhran davam edir, yoxsulluq artır, hüquqsuzluq və məmur özbaşınalığı insanlarda qəzəb, çarəsizlik, nifrət doğurmaqdadır. Ölkədə bütün ənənəvi münasibətlər sistemi tənəzzülə uğrayır. Maliyyə, iqtisadi, sosial, siyasi sahələrdə geriləmə sürətlə gedir. İdarəetmə sərtləşdikcə cəmiyyətdə gərginlik də yüksəlir. Beynəlxalq platformalarda da hakimiyyətin ənənəvi geniş imkanları əldən çıxır. Beynəlxalq siyasətin yeni doktrinasına uyğunlaşmadan hakimiyyətdə təhlükəsiz davam etmək də xeyli çətinləşib.

Ölkə daxilində iqtidar sürətlə nüfuz itirir. Səsli-küylü məhkəmələrdə açıqlanan korrupsiya faktlarından tutmuş, illərlə davam edən açıq qanunsuzluq mühitinə görə iqtidarın ictimai-siyasi dayaqları xeyli zəifləyib. Sadə vətəndaşlardan tutmuş, büdcə təşkilatlarında çalışanlaradək hər kəs anlayır ki belə davam etmək limiti bitib. İctimai rəyə təsir göstərən sosial qruplar üzərində zorakı metodlar artdıqca savadlı insanların, fəal gənclərin müxalifətə rəğbəti və meyli də artır. Sosial şəbəkələr üzərindən apardığımız səthi monitorinqlər göstərir ki, hakimiyyətin basqısına məruz qalan fərdlər və təşkilatlar daha çox izləyici qazanır. Hətta bəzən bu fərq 50-60 min civarında dəyişir. 2-3 min izləyicisi olan şəxslərə basqı edildiyi andan izləyici fərqi 15-20 dəfə artır. 

Hakimiyyət özünü əmin göstərsə də, əhalinin real durumunu və özü barədə formalaşmış rəyi dəqiq bilir. Mövcud rəyin onlara yaxşı gələcək vəd etmədiyini də anlayırlar. İctimai rəy yaradılmasında rolu olan cəsarətli və prinsipial insanları hər dəfə repressiv üsullarla susdurmaq iqtidarı gücləndirmir, əksinə daha çox zərər vurur. Odur ki, hakimiyyət müstəqil media və jurnalistlərlə öz arasında təminatlı bufer yaratmağa çalışır. Jurnalistlərin qarşı-qarşıya qoyulması ilə həm özünü birbaşa hədəf olmaqdan yayındırır, həm də cəmiyyətin diqqətini fərqli istiqamətə yönləndirə bilir. Bu metod müxalifətin və QHT-lərin üzərində də uğurla sınaqdan keçirilib. Kütlə onsuz da “mən kiməm ki?”, “mənlik nə var ki?” düşüncəsindədir və onun sükunət halını yalnız fəal insanlar dəyişə bilər. Hakimiyyət təkcə repressiyalarla deyil, indi həm də “kökə siyasəti” ilə cəmiyyətin fəal kəsimini neytrallaşdırmaqla kütləni zərərsizləşdirir.

Bu siyasətin nəticəsi nə ola bilər? Yaxın perspektivdə hakimiyyət bu siyasətdən qazancla çıxa bilər. Yeni mediada çalışan çoxsaylı gənc jurnalistlər yəqin ki ölkə rəhbərliyi ilə bağlı tənqidlərdə özünəsenzura tətbiq edəcək. Böyük dəyişikliyə inam yaradan siyasi situasiya olmadıqca, gənclərin əksəriyyəti “böyük talandan kiçik pay” fürsətindən yararlanmağa meyllənəcək. Kimisi hədiyyə aldığı üçün, kimisi də gələcəkdə mükafatlanacağına ümid bəslədiyi üçün ehtiyyatlı davranacaq.

Məsələnin müsbət tərəfi budur ki jurnalistkaya müxtəlif istiqamətlərdən böyük axın başlayacaq. Bu isə özlüyündə yeni nəfəs, yeni müzakirə mühiti yaradacaq. Ölkə ictimai-siyasi həyatı ilə bağlı fəallıq artacaq. Habelə, digər peşə sahələrində də bir rəqabət, fəallıq müşahidə ediləcək. Hər kəs “böyük talandan kiçik pay” qoparmaq uğrunda yeni yollar axtaracaq. İstər-istəməz bəzi peşə sahiblərində jurnalistlərin pulsuz mənzil alması qıcıq yaradacaq və onların da hökumətdən umacağı artacaq.

Son olaraq, ölkənin ictimai-siyasi həyatı ilə bağlı müşahidələr, monitorinqlər aparan bir şəxs kimi qeyd etməliyəm ki, ictimai rəyi artıq sosial şəbəkələr istiqamətləndirir. İndi hökumət mükafatlandırdığı jurnalistlərin vasitəsilə elə də böyük nəticəyə nail ola bilməyəcək. Sosial böhran daha da şiddətləndikcə, işsizlər ordusu, yoxsulluq, xəstəlik, intiharlar artdıqca narazılıq da çoxalacaq. İnsanlar həqiqəti ifadə edə bilən ünvanlara üz tutacaq və doğru söz söyləyən şəxslərə etimad yüksələcək. Dəyişiklik istəyən qüvvələr sosial şəbəkələrdən yararlanaraq samballı fəliyyətlər ortaya qoya bilərlər. Əgər iqtidar internet üzərində daha sərt qadağalara cəhd edəcəksə, bu, cəmiyyətin daha da qaranlığa sürüklənməsi olar. Ancaq əminliklə bildirirəm ki “qaranlıq tunel” bitmək üzrədir və cəmiyyət tezliklə aydınlığa qovuşacaq.

7 Temmuz 2017 Cuma

Diplomatiyamız hökumətin perspektivsiz avtokratik siyasətinin girovudur!


Diplomatiyamız hökumətin perspektivsiz avtokratik siyasətinin girovudur.

Azərbaycan hökumətinin son vaxtlar həyata keçirdiyi xarici siyasət ölkəmizə yaxşı gələcək vəd etmir. Bu siyasətin davam etməsi həm təhlükəsizliyimizə ciddi təhdid yarada, həm də ölkəmizin beynəlxalq aləmdən təcridinə gətirib çıxara bilər. Dünyanın nəhəng dövlətlərinin toqquşan və uzlaşan maraqları kontekstində yeni beynəlxalq siyasi münasibətlər sistemi yaranmaqdadır. Belə bir şəraitdə kiçik dövlətlərin balanslı xarici siyasət yürütmələri mümkün olmadığı üçün seçim etmək məcburiyyəti qaçılmaz olacaq. Bu dilemma ilə üzləşmiş hökumət rəsmilərinin, hakimiyyət təbliğatçılarının, media dəstəkçilərinin davranışlarından və çıxışlarından görünən budur ki, seçim öncəliyi Rusiyaya istiqamətlənib. Faktiki olaraq, qərblə münasibətlərin süni şəkildə gərginləşdirilməsi istiqamətində intensiv addımların atıldığı bir vaxtda, hərbi, siyasi, iqtisadi, coğrafi cazibəsi heç də qərbdən üstün olmayan Rusiya ilə açıq və gizli həmrəylik nümayiş etdirilir. Qərb standartları çərçivəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarla münasibətlər bilərəkdən gərginləşdirilib. ATƏT-in Bakı ofisi və nüfuzlu beynəlxalq humanitar təşkilatların yerli ofisləri qapadılıb, qərbin insan hüquqları təşkilatları ilə əməkdaşlıq edən şəxslər ya həbs edilib, ya da mühacirət edib. Ardıcıl olaraq insan hüquq və azadlıqlarının qorunmasına, demokratik islahatların aparılmasına çağırış edən beynəlxalq qurumlar və Avropa dövlətləri hökumətimizin tənqid hədəfindədir.

Rusiyanı cazibəli edən hansı dəyərləridir?

Son illər avtoritar rejimlərin çöküş proseslərində də müşahidə etdik ki, özlərini qoruma və əbədi hakimiyyətdə qalma iddiasına dəstək üçün, bu rejimlərin üz tutduqları yeganə ünvan məhz Rusiya oldu. Xalqına zülm edən bütün rejimlərin son pənahı, son qalası hələ də Rusiyadır. Bütün sonluqların faciə ilə nəticələnməsinə baxmayaraq, heç kim olanlardan dərs çıxarmaq istəmir. Təəssüf ki, bu düşüncə sahibləri üçün Rusiyanın qəyyumluğu ilə ən repressiv üsullarla nə qədər mümkündür davam etmək, qərblə eyni dəyərləri yaşayıb demokratikləşmədən daha cazibəli və prespektivli görünür. Rusiya ilə müttəfiq olan bütün rejimlərdə dövlət maraqları hakimiyyət maraqlarının arxasında qalıb. Bu “təfəkkür” sahibləri hakimiyyətin dəyişməsindənsə, dövlətin dağılmasını və özlərinin də faciəli sonluqlarını seçirlər. Təəssüf ki, bizim hakimiyyət də hesab edir ki, qərbə yaxınlaşmaq hüdudsuz səlahiyyətdən və hətta tam hakimiyyətdən çəkilməklə sonuclana bilər. Bu zərərli yanaşma hakimiyyəti addım-addım qaranlığa sürükləyir.

Tariximizdə Rusiyanın silinməz izləri...

Ölkəmizin tarixi haqqında ən elementar bilgisi olan, hətta ən savadsız insanlar da Rusiyanın bizə yaşatdıqlarından xəbərdardırlar. Bu barədə mübahisəlik heç nə olmadığı üçün geniş yazmağa da lüzum görmürəm. Elə tariximizdə Azərbaycanın ikiyə parçalanması, Xalq Cümhuriyyətinin süqutu, Dərbəndin, Borçalının, Zəngəzurun, Qarabağın aqibətinə nəzər salmaq kifayətdir. Ərazilərimizə erməniləri kütləvi köçürən, onların məskunlaşmasına şərait yaradan, əzəli torpaqlarımızda erməni dövləti yaratmaqla bizi əbədi bəlaya məhkum edən də Rusiyadır. Ən kütləvi və amansız qətllərin ya birbaşa törədicisi, ya da arxasında dayanan onlar olub. Müasir tariximizdə onların “şah əsəri” olan Xocalı faciəsinin, 20 yanvarın yaraları hələ də qaysaqlamayıb. Bu günümüzdən geriyə boylansaq, tariximizin elə bir dönəmi yoxdur ki, ağır və sarsıdıcı faciələrimizdə, bəlalarımızda Rusiyanın rolu olmasın. 70 ildən çox davam edən sovet hakimiyyəti illərində on minlərlə seçilmiş soydaşımız represiya qurbanı oldu, təbii sərvətlərimiz talandı, özümüzdən başqa hər kəs ölkəmizdən yararlandı. Hətta, bir çox sahələrdə inkişafımız, heç bir təbii sərvəti olmayan Ermənistandan da geri qalırdı. Rusiya ilə qonşu olmağa məhkum olsaq da, yaxın dost olmaq üçün heç bir səbəbimiz yoxdur. Rusiyanın böyük və güclü qonşu kimi bizə gerçək münasibətini bildiyimiz halda yenidən ona doğru açıq və gizli meyli anlamaq çox çətindir. Biz cəmiyyət olaraq Rusiya ilə münasibətlərimizə bu tarixi reallıqların işığında baxmalıyıq. Əks halda itkilərimizin və faciələrimizin sırası daha da genişlənəcək.

ABŞ və Avropadan imtinaya əsasllarımız varmı?

İstər qədim, istərsə də çağdaş tariximizdə Rusiyanın bizə yaşatdıqları ilə müqayisədə qərbdən gələn bəlalarımız yox səviyyəsindədir. Bizim coğrafiya əsrlər boyu rusların təsir dairəsində olduğu üçün burada qərbin nəzərəçarpan qanlı izlərinə rast gəlmirik. Əksinə, həm siyasi-diplomatik, həm də iqtisadi inkişafımızın təminatçısı qərb olub. Qərblə dost və əməkdaş olmamaq üçün tək bir köklü səbəb belə tapmaq mümkün deyil. Qlobal enerji layihələrinin reallaşması qərbin ciddi dəstəyi olmasaydı həyata keçə bilməzdi. Müstəqilliyimizin möhkəmlənməsi, karbohidrogen ehtiyyatlarının səmərəli və təhlükəsiz istismarı, Xəzər dənizinin statusu, Qarabağın tam itirilməməsi hələ ki qərbin fəal siyasi-diplomatik dəstəyi ilə mümkün olub. Son illər həyata keçirilən uğurlu infrastruktur layihələrin təminatçısı birmənalı olaraq qərbdir. Milli maraqlarımızın ziddinə olan heç bir fəaliyyəti olmadığı halda qərbdən uzaq qaçmağın, üz döndərməyin məntiqli izahı ola bilməz. Ölkəmizdə ardıcıl və sistemli şəkildə insan haqlarının kobud şəkildə pozmasına göz yummadığı üçün qərbi durmadan düşmən obrazında təqdim etmək, milli mənafelərimizə birbaşa zərbədir. Qərblə açıq strateji müttəfiq, tərəfdaş olmaq əvəzinə, onunla münasibətləri korlamaq olduqca qaranlıq perspektiv vəd edir.

Qarabağın itirilməsinə aparan yoldan dönmək lazımdır.

Bütün dünyaya bəllidir ki, Qarabağ probleminin yaradıcısı və ətraf rayonların da
daxil olduğu işğalı gerçəkləşdirən Rusiyadır. Bu həqiqəti Azərbaycan hökuməti beynəlxalq tribunalardan sərt şəkildə səsləndirmədikcə, ünvanı dünya ictimaiyyətinə birbaşa göstərmədikcə, başqa dövlətlərin bu həqiqəti səsləndirməsi və problemin həllində müsbət dönüş mümkün olmayacaq. Rusiya Ermənistanın strateji müttəfiqi və etibarlı dostu kimi durmadan onları ən müasir silahlarla silahlandırır. Bu bədnam qonşularımız isə hər əlverişli məqamda torpaqlarımıza göz dikib, suverenliyimizə təhlükə törədib və milli mövcudluğumuza qənim kəsilib. Ölkəmizlə bağlı düşmənlərimzin ən məkrli planlarının rahatlıqla həyata keçməsində özümüzün də payımız az deyil. Xüsusilə də hər addımda vətəndaşlarımızın hüquqlarını pozan, insanlarımızla zor və təhdidlə danışan, ictimai-siyasi fəallığa imkan verməyən, demokratik seçkilərdən imtina etmiş hökumətimiz istəməsə belə düşmənlərimizin müttəfiqinə çevrilir.

Cəbhədə döyüşlər yenidən başlaya bilərmi?

Sürətlə cərəyan edən prosesləri diqqətlə izlədikcə, belə bir ehtimalı istisna etmək olmur. Avropa oyunlarının təmtəraqlı təqdimatının, yarışların təşkilinə külli miqdarda vəsaitin xərclənməsinin arxasında çox ciddi daxili və regional siyasi amillər dayanır. Rusiya ilə iqtisadi-siyasi ittifaqa qərbin və Azərbaycan cəmiyyətinin müqaviməti birmənalıdır. Bu müqaviməti qıra biləcək yeganə nöqtə məhz Qarabağda status-kvonun Azərbaycanın xeyrinə dəyişməsi görüntüsü ola bilər. Belə bir məsələdə Rusiyanın Ermənistanı və Azərbaycanı razı salmaq imkanları kifayət qədərdir. Qərbin ardıcıl olaraq demokratik islahatlarla bağlı təzyiqi qarşısında qalan hakimiyyət nümayəndələri hesab edir ki, iqtidarın ömrünü daha da uzatmaq və qərbi şantaj etmək üçün ən samballı dəstəyi Rusiyadan ala bilərlər. İslahat tələbi qarşısında hakimiyyət nümayəndələrinin təlaşlı davranışını müşahidə etdikcə bəzən adama elə gəlir ki, bu zehniyyət demokratik islahatlardansa hətta Qarabağı da itirməyə hazırdır. Rusiyaya yaxınlaşmaqdan cəmiyyətimizin uda biləcəyi heç nə olmadığı üçün, bu dostluq cəmiyyətə müsbət heç nə verə bilməz. Olsa-olsa hakimiyyət özəl maraqlarına müvəqqəti təminat alacaq, dövləti isə yenidən bataqlığa sürükləyəcək.

Ermənistan gec-tez Qarabağ ətrafı rayonlardan çəkiləcəyini bilir...

Bu, nə zaman və nəyin müqabilində baş verməlidir ki, erməni cəmiyyəti də bunu məğlubiyyət kimi qəbul etməsin? Erməni cəmiyyətində sosial-siyasi gərginlik yaratmaqla bu planın hayata keçirilməsi daha asan ola bilər. Ermənistanda mövcud olan daxili iqtisadi gərginliyi, süni şəkildə artırmaqla siyasi gərginliyə çevirmək perspektivləri davam edir. Ola bilsin ki, belə gərginliyin və etirazların fonunda Qarabağ ətrafı bir-iki rayon razılaşdırılmış lokal hərbi əməliyyatla qaytarılsın. Ermənistan hökuməti lazımi müqavimət göstərə bilməməsini daxili etirazlarla əlaqələndirib siyasi məsuliyyətin bir qismini müxalifətin və etirazçıların üzərinə atmaqla cəmiyyətin təbii etirazını özündən uzaqlaşdırmağa nail olsun. Rusiya isə yenidən Ermənistana müasir silahlar verməklə, onların təhlükəsizliyində maraqlı olduqlarını bir daha sübut edərək cəmiyyəti sakitləşdirməyə müvəffəq olacaq. Erməni və rus ittifaqı anlayır ki, bir-iki rayonun qaytarılması müqabilində Ermənistanın qazanacaqları daha çox olacaq. Onlar bu tarixi fürsətdən yararlanmaq üçün Azərbaycanı da müharibəyə şirnikləndirirlər...

Nəinki bir-iki rayon, hətta bir kənd azad edilsə belə, günlərlə atəş-fəşanlıq izləyəcəyik...

Artıq 5-ci dönəmdir hakimiyyətdə olan komanda cəmiyyətə fərqli təqdim olunmalıdır. Sosial şəbəkələrin və sosial medianın geniş imkanları ilə hakimiyyətin gerçək mahiyyəti çox sürətlə cəmiyyətə təqdim olunur. Musiqi və idman yarışmalarının təmtəraqlı təşkilatçılığı, iri korrupsiya layihələrində hökumət üzvlərinin adının hallanmasını, milyardlarla dövlət vəsaitinin mənimsənilməsini ört-basdır etməyə qadir deyil. Cəmiyyətin dəstəyini hakimiyyətə qazandıra bilən yeganə yol işğal edilmiş ərazilərdən gələn qələbə xəbərləri ola bilər. Hər bir vətəndaşın səbrsizliklə və ümidlə gözlədiyi hadisə Qarabağ məsələsində ölkəmizin qələbə çalmasıdır. Bunu isə öz gücü ilə həyata keçirmək riskinin altına hakimiyyətin girəcəyi qəti inandırıcı deyil. İndiki məqamda bir-iki rayonun razılaşdırılmış şəkildə azad olunması hakimiyyətə də hava su kimi lazımdır. Qələbə təbliğatı ilə növbəti seçkilərin taleyini və hakimiyyətinin ömrün uzatmaq, həm də Rusiyanın regional maraqlarını təmin etmək imkanı genişlənər. Rusiyanın əsl dost obrazında təqdimatı üçün bütün resurslar hərəkətə gətirilə və onunla strateji birliklərdə yer almağa mane olan psixoloji amillər ortadan qalxar. Daxildə isə bütün real siyasi rəqiblərin amansız təqiblə tam sıradan çıxarılmasına müvəffəq oluna bilər. Avropa yay oyunlarının göz qamaşdıran təqdimatı onu göstərir ki, cəmiyyətimiz təmtəraqlı təbliğatın təsiri altına çox asanlıqla düşür. Ağdamın, Fizulinin və ya başqa bir rayonun işğaldan azad edildiyinin hay-küylü təbliğatı, qələbə ab-havası yaradılması cəmiyyətimizdə istənilən siyasətin həyata keçirilməsinə imkan yaradar. Hətta, bu toy-bayramla Qarabağın əbədi itirilməsinə siyasi-hüquqi zəmin hazırlanarsa, buna da qətiyyən təəcüblənmək lazım deyil. Eyforik qələbə havasına salınmış cəmiyyətə heç bunu izah etmək də mümkün olmaz. Rusiya Azərbaycan dostluğundan bizim qazancımız, “qapaz dəyən başımızın papağı” olacaq.
                                                                                          07 iyul 2015-ci il.



PS: Bu yazını gec də olsa bloqumda yerləşdirirəm ki, arxivimdə qalsın.