24 Ekim 2018 Çarşamba

Mitinqlər Qarabağ məsələsinin həllinə müsbət təsir edə bilərmi?


Mitinqlər Qarabağ məsələsinin həllinə müsbət təsir edə bilərmi?

Son vaxtlar ölkədə Qarabağ məsələsi və onunla əlaqəli mövzuların müxtəlif formatlarda gündəmə gətirilməsi müşahidə edilir. İlk baxışdan 30 ilə yaxındır davam edən münaqişəyə, habelə, 26 ildir məruz qaldığımız işğala görə cəmiyyətdən müəyyən təşəbbüslərin gəlməsi anlaşılandır. Xüsusilə də yeni yaranmaqda olan qlobal və regional siyasi reallıqlar fonunda bu müzakirələrin intensiv xarakter alması təbiidir.

Göründüyü kimi dəyişən reallıqlar ölkədə uzun müddətdir mövcud olan siyasi düzənə təsir göstərir. Qarabağ mövzusunda nəzərə çarpan fəallıq da ölkə daxili sosial-siyasi durumdan və xarici amillərdən qaynaqlanır. Mövcud beynəlxalq şərtlər daxilində hakimiyyətin Qarabağ məsələsində ictimai dəstəyə ehtiyacının yaranması ehtimalı artıb. Ona görə də cəmiyyətdə bəzi müzakirələrin aparılmasına dözümlü yanaşma sərgiləyir.

Ermənistanda baş tutan hakimiyyət dəyişikliyinin yaratdığı siyasi-psixoloji təsirlər Azərbaycan hökumətini çox ehtiyyatla olsa da Qarabağla bağlı öz daxili siyasətinə düzəlişlər etməyə vadar edir. Ermənistanda cərəyan edən siyasi proseslərdən asılı olaraq, gələcəkdə özü üçün təhlükəli saymadığı kütləvi təşəbbüslərə daha ilıq yanaşması da istisna edilmir. Hətta, 29 sentyabr 2018-ci ildə “Qarabağ Komitəsi”nin  təşəbbüsü ilə keçirilən “Qarabağ Mitinqi”nə iqtidar düşərgəsindən çox ehtiyyatlı dəstək ifadə edilməsi də bu amillərlə bağlı idi.

Son günlər Qarabağ məsələsi ətrafında geniş müzakirələr nisbətən səngisə də, müəyyən qrupların bu istiqamətdə təşəbbüsləri hələlik davam edir. Media üzərindən apardığımız monitorinqlər göstərir ki, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 27-də ölkəmizə işgüzar səfərindən sonra hökumətyönlü mediada Qarabağ mövzusu əsasən arxa plana keçib. Həmçinin, Ermənistanda cərəyan edən hazırkı siyasi böhran fonunda da demək olar ki, eyni yanaşma müşahidə olunur. Nədənsə hökumətdən təlimat alan mediada Qarabağ mövzusuna çox ehtiyatlı və səthi münasibət bildirilir.

Ölkədə bəzi ictimai-siyasi qrupların Qarabağ mövzusunda fəallığı hansı nəticələrə səbəb ola bilər?

Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun 26 ildir işğalda qalması ölkəmizə olduqca təhlükəli gələcək vəd edir. Ötən illərin təcrübəsinə nəzər salsaq, ölkənin bir sıra aparıcı müxalif ictimai-siyasi qurumları və müstəqil şəxslər Qarabağ mövzusunu mütəmadi gündəmdə saxlamağa çalışıb. Mitinqlər, piketlər, dəyirmi masalar keçirilib, müxtəlif təkliflər və konsepsiyalar irəli sürülübdür. 

Qarabağ probleminin həllinin uzanmasında ölkədaxili subyektiv və obyektiv faktorlarla yanaşı, xarici amillərin də rolu var. Xüsusilə də 25 ildir hökumətin Qarabağda işğala son qoymaq istiqamətdə heç bir ağılabatan həll konsepsiyasının olmaması ən ciddi problemdir. Bununla yanaşı, iqtidarın apardığı yanlış daxili siyasətə görə xarici təzyiqlərə effektli müqavimət göstərmək də xeyli çətinləşib.

Bu gün Qarabağda işğala son qoymaq üçün səmimi şəkildə fəal mübarizə aparanlarla yanaşı, bu məsələdən öz korparativ maraqları üçün yararlanmaq istəyənlər də var. Hakimiyyətin daxilində yeni münasibətlər sisteminin yaranması sürətlənir. Dövlət konyukturası çərçivəsində mövcud maraqlardan daha üstün təsirə malik olan və idarəetmədə dərin kök salmış spesifik maraqların tədricən dəyişməsi baş verir. Belə gərgin psixoloji mühitdə Qarabağ mövzusunda istənilən qeyri-peşəkar və müəmmalı təşəbbüslərə ehtiyyatlı yanaşmaq lazımdır. Qarabağ məsələsini öz maraqlarına alət etmək cəhdlərinə qarşı diqqətli olmaq vacibdir.

Qarabağla bağlı kütləvi etiraz aksiyaları lazımdırmı? Bu aksiyaları kim təşkil etməlidir?
                                                                                                                                                  
Təəssüf ki indiyədək hökumətin bu kimi təşəbüslərə münasibəti neqativ olub. Cəmiyyətin bu istiqamətdə fəallığından daim narahatlıq keçiribdir. Proseslərin gedişi göstərir ki, artıq bu yanaşma dəyişməlidir.
   
İctimaiyyətin Qarabağ məsələsinin müxtəlif vasitələrlə daim gündəmdə saxlanması olduqca vacibdir. Öncəki illərlə müqayisədə sosial şəbəkələrin və sosial medianın mövcudluğu şəraitində bu imkanlar indi daha genişdir. Mitinqlər hər zaman ən təsirli vasitə olsa da, digər resurslar da nəzərdən kənar qalmamlıdır.

Qarabağla bağlı mitinqləri zəruri edən məsələlər hansılardır?
-Ermənistan ictimaiyyətinə psixoloji təsir göstərmək;
-ATƏT-i və digər beynəlxalq qurumları münaqişənin həllinə təşviq etmək;
-25 ildir Qarabağda davam edən işğala son qoymağı bacarmayan iqtidara təzyiq göstərmək;
-Cəmiyyəti Qarabağla bağlı siyasi proseslərdə fəal iştirakçıya çevirmək.

Təhlillər göstərir ki, indiki siyasi situasiyada Azərbaycan cəmiyyətinin mitinqlər vasitəsi ilə nə Ermənistan ictimaiyyətinə psixoloji təsir göstərməsi, nə də beynəlxalq qurumları və aparıcı dövlətləri münaqişənin həllinə sövq etməsi mümkündür. Nüfuzlu beynəlxalq hesabatlarda "qeyri-azad" ölkə kimi tanınan, fundamental hüquq və azadlıqları kobud şəkildə pozan bir dövlətin bu məsələdə demokratik siyasi iradə nümayiş etdirməsi ciddi qəbul edilə bilməz.

O cümlədən də, 25 ildir Qarabağla bağlı heç bir həll konsepsiyasına malik olmayan iqtidara təzyiq göstərmək üçün “Qarabağ Komitəsi” kimi kövrək qurumun təşkilatçılığı ilə uğur əldə etmək olmaz. Cəmiyyətin siyasi məsələlərə laqeyd olduğu, özünü ifadədən çəkindiyi bir şəraitdə belə qarışıq tərkibin ictimai etimad qazanması və siyasi proses yaratması mümkün deyil. Eyni zamanda, bir sıra obyektiv və subyektiv sosial-siyasi amillərə görə hələlik cəmiyyəti Qarabağla bağlı siyasi proseslərə fəal cəlb etmək də real görünmür. Bütün məsuliyyətli şəxslər anlayır ki, əhalinin mitinqlərdə zəif iştirakı həm daxildə, həm də xaricdə ölkəmizin maraqlarına zərbə ola bilər. 

Mitinqlərin və digər tədbirlərin keçirilməsi vacib olduğu halda, bəs bunu kim təşkil etməlidir?
Təcrübələr göstərir ki, ictimai-siyasi qurumların və aparıcı müxalifətin təşkilatçılığı ilə keçirilən Qarabağ mitinqləri hələlik effektli olmur. Ölkədə siyasi azadlıqlar olmadığı üçün müxalifətin bütün aksiyalarına hökumət müxtəlif üsullarla sərt əngəl yaradır. Sadə vətəndaşlar belə aksiyalarda iştirakdan çəkinir.  Odur ki, Qarabağ mitinqlərinin təşkilatçıları arasında siyasi partiya nümayəndələrinin olması məqsədəuyğun deyil.

Mitinqləri və digər aksiyaları Qarabağ münaqişəsi nəticəsində yaranmış sosial qruplar təşkil etməlidir. Bunlar hansılardır?
-Qarabağ müharibəsinin veteranları;
-Qarabağ müharibəsində əlil olan vətəndaşlar;
-Şəhid ailələri;
-Məcburi köçkünlər və qaçqınlar.
Məhz bu kateqoriyadan olan şəxslər və müstəqil ziyalılardan ibarət istənilən təşkilati təşəbbüsə ölkə ictimaiyyəti tərəddüdsüz dəstək verə bilər. Heç bir siyasi maraqları olmayan şəxslərin konkret təşəbbüslərinə hakimiyyətin loyal yanaşması, müxalifətin isə açıq dəstək verməsi mümkündür.

29 sentyabr “Qarabağ mitinqi”ndən sonra sosial şəbəkələr və sosial media üzərindən apardığımız monitorinqlər göstərdi ki, bəzi təşkilatçıların mitinq təbliğatları prosesə kölgə saldı. Mitinqdən öncə müxalifətə və məcburi köçkünlərə yönəlik xüsusi çağırışlar, habelə, mitinqdə iştirak etməyin ölüm-dirim məsələsinə çevirilməsi yersiz və zərərli nəticə doğurdu.
Mitinqdən dərhal sonra xüsusi qrupların müxalifəti, Qarabağ və ətraf rayonlardan köçkün olan insanları sərt ifadələrlə qınaması bəzi təşkilarçıların heç də xoş olmayan niyyətindən xəbər verirdi. Sanki mitinqin əsas məqsədi müxalifəti və məcburi köçkünləri ictimai rəydə qınağa gətirmək idi.  

Son olaraq, Qarabağla bağlı mitinqlərdə qarşıya qoyulan məqsədlərin real və aydın olması zəruridir. İctimai rəyi çaşdıran qeyri-peşəkar və qərəzli yanaşmaların qarşısını almaq vacibdir. Belə mitinqlərin mövsümi siyasi maraqlara alət edilməsinə imkan vermək olmaz. Müstəqil müşahidələr və sorğular göstərir ki, təşkilatçılar sırasında siyasi partiya rəhbərlərinin və nümayəndələrinin olması məqsədəuyğun deyil. İndiki mürəkkəb və ziddiyyətli geosiyasi reallıqlar, həmçinin ölkədəki sosial-psixoloji mühit nəzərə alınmasa, cəmiyyətin ictimai-siyasi fəal hissəsinin dəstəyini almaq mümkün olmayacaq.

24 oktyabr 2018-ci il.