17 Kasım 2016 Perşembe

Millətin dirçəlişi, yoxsa nifrətin oyanışı...

    Millətin dirçəlişi, yoxsa nifrətin oyanışı...
Bəzən elə çətin suallarla qarşılaşırıq ki, birmənalı cavab verməyə tərəddüd edirik. Hərəkətdə olan zamandır, yoxsa biz? Əslində elə biz özümüz də zamanın ayrılmaz hissəsiyik, zaman isə həyatımızın özüdür. Həyatın mövcudluğundan etibarən fəsillər bir-birini əvəz edərək təkrarlandığı kimi sanki insanlar da təkrar doğulur, öz həyatını yaşayır, ölür və sonra da yenisini eyni aqibət gözləyir. Həyatın geriyə dönüşü olmadığı üçün bu fürsət hər kəsə yalnız bir dəfə nəsib olur.

Bu fəlsəfi fikirlərlə başladığım yazının girişi sentimental olsa da mahiyyəti sosial-siyasidir. Ellikcə gələn təhlükələr özünüqoruma və yaşatma instinktinin kollektiv təzahürü kimi ideyaların doğulmasını şərtləndirir. İdeyalardan doğulan cəmiyyət güclü, savadlı və azad fərdlər formalaşdırdığı kimi, sosial-siyasi maraqların təminatı da cəmiyyətin dayanıqlı müqavimətini yaradır. İzolyasiya olunan istənilən canlı təbii halını tədricən itirdiyi kimi azadlığı olmayan insan da zamanla sosial-siyasi mahiyyətini dəyişir. İbtidai təfəkkürün təsir dairəsindən qurtula bilməyən insanlar azad cəmiyyətə meylli olmurlar.

Böyük öndər Mustafa Kamal Atatürkün bir fikrini xatırlatmaqla mövzuya keçmək istəyirəm. “Böyük və tarixi olayları, ancaq böyük uluslar yaşaya bilir. Tarixi yazanlar, tarixi yaradanlar qədər önəmlidir. Yazan, yaradana sadiq qalmalıdır”.

Bu gün xalq olaraq çağdaş tariximizin ən şanlı səhifələrindən birini yaratdığımız günün 28-ci ildönümündəyik. Tarix üçün 28 il çox qısa olsa da bir insan ömrü üçün böyük hesab edilə bilər. O zaman gənc olan insanlar indi orta yaşlı, orta yaşlılar qocalıq çağında, yaşlı insanlar isə əsasən dünyasını dəyişib.
Tarixini öyrənməyən fərdlər və xalqlar onu təkrar faciələrlə yaşamalı olur. Girişdə qeyd etdiyim “təkrar doğulmaq” fikiri məhz bu baxımından ifadə edilmişdir. Çünki yaşanan tarix gələcək nəsillər üçün bir xəbərdarlıq siqnalıdır. Tale elə gətirdi ki, mən də gənc yaşımda “Milli Dirçəliş”günü kimi tariximizə düşən bu coşğulu olayları yaradan və yaşayan şanslı insanlardan biri oldum. Yaddaşımı təzələmək üçün varaqladığım şəxsi arxivimdən görürəm ki, bu istiqamətdə kiçik həcmli yazı yazmaq çox çətindir. Odur ki, təfərrüatlara varmadan çalışacam ki, çox qısa olaraq o günlərə səthi nəzər salaq.

Hərbi xidmətdən 1987-ci ilin yazında dönüb sentyabrda universitetə (BDU) təkrar bərpa olunmuşdum. SSRİ-də yenidənqurmanın dalğasında yaranan ictimai bir oyanış çoxları kimi mənə də təsir etmişdi. Xüsusilə də 1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi ilə bağlı Kremlə göndərdikləri müraciət daha çox əks-səda doğurmuşdu. Universitetin yataqxanalarında yaşayan savadlı və fəal tələbələr arasında açıq ictimai-siyasi diskussiyalar gedirdi. Sonrakı tanışlıqlar zamanı bildim ki, bu diskussiyalar heç də təsadüfi deyilmiş. Böyük elm və siyasət adamları olan Xudu Məmmədov, Əbülfəz Elçibəy və digər adlarını çəkə bilmədiyim dəyərli insanlar da bu istiqamətdə məqsədyönlü iş arparırmışlar.  

Bir qrup fəal universitet tələbələrinin yaratdığı “Yurd” birliyi haqqında məlumat aldıqdan sonra dostların vasitəçiliyi ilə bu quruma üzv olmaq üçün müraciət etdim və həmin ilin sentyabrın 23-də ilk dəfə üzv kimi ümumi yığıncağa qatıldım. Təşkilat üzvlərinin əksəriyyəti gənc olsalar da olduqca savadlı, yetkin, təmkinli və cəsarətli davranışları ilə seçilirdilər. Tarixi abidələrimizin bərpası və qorunması istiqamətində başladığımız işlər soydaşlarımızın Zəngəzurdan kütləvi şəkildə didərgin salınması ilə yaranan duruma uyğun xarakterini dəyişməyə başladı. Bir də gördük ki, artıq ictimai-siyasi proseslərin önündəyik.

Ermənistan hökumətinin soydaşlarımızın başna olmazın müsibətləaçılmasını, ata-baba yurdlarından kütləvi şəkildə qovulmasını, vəhşicəsinə döyməsini, öldürməsini, diri-diri yandırmasını SSRİ və Azərbaycan rəhbərliyi laqeydliklə izləyir və heç bir əməli addım atmırdılar. Vətəndaşı olduğun bir ölkənin idarəçilərinin xalqımıza qarşı bu qədər yad və düşmən olduğunu anladığım o günlər sovet dövlətinə nifrətimin oyanış günü kimi yaddaşıma yazıldı. Azərbaycan, Ermənistan və SSRİ rəhbərliyi sanki sadə xalqa qarşı bu amansız repressiyanı birlikdə kordinasiya edirdilər. 1988-ci ilin 19 fevralında bütün bu “susqunluğa” etiraz məqsədi ilə təşkil etdiyimiz ilk mitinqimiz Bakı sakinlərini silkələsə də hələ ümumi əhalimizin oyanmasına gətirib çıxarmamışdı. Sonra Sumqayıt hadisələri ilə qızışan qarşısıalınmaz proseslər yeni dönəmin başlandığınin siqnalı oldu. 
Mərkəzi və yerli hakimiyyət hər yerdə azərbaycanlıların əl-qolunu bağlayır, ermənilərə isə yeni imkanlar açaraq aydın iradə sərgiləyirdi. Mərkəzi və yerli hakimiyyətin davam edən ziddiyyətli davranışları fonunda biz tələbələr və digər fəal insanlar etirazların yeni dalğasına hazırlaşırdıq. Belə bir situasiyada müstəqillik ideyasının yenidən gündəmə gəlməsi ilə sanki cəmiyyət çarəsizlik sindromundan qurtuluş yolunu tapdı. Yeni cəmiyyətin doğulması məhz bu ideyadan qaynaqlandı.

Mərkəzi hakimiyyət Ermənistandan didərgin salınmış insanların başını qatmaq üçün hiyləgər addımlar atır, onların öz yurdlarına dönüşünü gündəmdən çıxarmaq üçün Azərbaycanda məskunlaşmasını həyata keçirirdi. Xatırlayıram ki, o zaman tələbə hərəkatını önləmək üçün dəridən-qabıqdan çıxan hakimiyyət tələbə yataqxanalarında yüksək səviyyədə görüşlər təşkil edirdi. İştirakçısı olduğum belə görüşlərin birində Moskvadan gələn SSRİ Komsomol Komitəsinin 1-ci katibi və sonralar Azərbaycan Ali Sovetin sədri olan Elmira Qafarova bizim yataqxanada görüşə gəlmişdilər. Öncə sakit başlayan görüş sonradan qızğın və əsəbi diskussiyaya çevrildiyindən qonaqlar görüşü yarımçıq tərk edərək tələsik getməli oldular. Ermənistanda və DQMV-də baş verənləri geniş şərh etmədən deyə bilərəm ki, həmin dövrdə milli iradəmizi səfərbər edib hərəkata başlamasaydıq, yəqin ki indi Qarabağ da Zəngəzur kimi rəsmən Ermənistanın ərazisi idi.
 
Beləliklə noyabrın 17-də BDU-nun qarşısından başlayan aksiya yüz minlərlə insanın meydana axışması ilə dekabrın 5-dək davam etdi. Sovet silahlı qüvvələrinin müxtəlif bölmələrinin keçirdiyi əməliyyat nəticəsində meydan dağıdılsa da bu kükrəyən milli iradə mərkəzi və yerli hakimiyyəti bəzi planlarından imtina etməyə məcbur etdi.

O olaylar çağdaş tariximizin ən nəhəng nailiyyətlərindən biridir. Təəssüf ki, tariximizdə ellikcə uğur qazandığımız, birlik ifadə etdiyimiz çox az nümunələr var. Onu cəmiyyətə unutdurmaq istəyənlər milli birlikdən, kollektiv iradəmizdən qorxan, xalqın coşğusundan yuxusu ərşə çəkilən çevrələrdir. Təəssüf ki, hələ də bu tarixi olaylara obyektiv siyasi qiymət verilməsinə əngəllər qalır.

Haqlı bir deyim var ki, qəhrəmancasına ölməkdən çox, qəhrəmancasına yaşamaq çətindir. Geriyə boylanıb baxdıqda görürük ki, bir çox meydan qəhrəmanları öz əməlləri ilə keçmiş uğurlarına silinməz ləkə vurub. Bəzi insanlar özünü cəmiyyətin gözündən salsa da, cəmiyyətin etimadını böyük fədakarlıqla qoruyub saxlayan nümunəvi siyasətçələrimiz hələ də qalmaqdadır.  

Kiminsə xidmətini xüsusi fərqləndirmədən deyə bilərik ki, bu olaylar ümumxalq iradəsinin təzahüri idi. Sonrakı mərhələdə qazanılmış müstəqilliyin açarı da məhz bu idi. Yazının əvvəlində qeyd etdiyim kimi böyük ideyanın doğurduğu cəmiyyət dünyada “ilin xalqı” titulunu qazansa da, müstəqillikdən sonra sosial-siyasi maraqların təminatına yaradılan süni əngəllər cəmiyyətin müqavimətini öldürdü.

Milli dirçəlişdən ictimai çöküşə yuvarlanmış bir cəmiyyəti yenidən doğacaq ideyaların sistemli təbliğinə artıq əlverişli şərait yaranıb. İnsanlarımız yenidən çarəsizliyə yuvarlanıb.  Səbəbləri əksəriyyətə bəlli olan sosial böhranın siyasi intibah doğuracağı gün uzaqda deyil. 28 il öncə ilə müqayisədə əsas fərqimizin biri budur ki, indi cəmiyyətin müəyyən kəsimi təşkilatlanıb, sınaqdan keçmiş ictimai-siyasi qurumlar var və fəal insanlar dəyişikliklərin sosiologiyasına bələddir. Hakimiyyətin davranışları da göstərir ki, onlar müxalifətçilərin arasından əsas alternativini artıq müəyyən edib. Tədricən cəmiyyətin gənc və enerjili kəsimi də məhz əsas alternativə doğru istiqamətlənəcək. Bu tendensiya intensivləşdikdən sonra sadə insanların da diqqətini çəkəcək.
  

17 noyabr 2016

13 Kasım 2016 Pazar

ABŞ yaxın on illikdə dünya siyasətində çox mühüm rola malik olacaq!

ABŞ yaxın on illikdə dünya siyasətində çox mühüm rola malik olacaq!

Dünyanın supergüc ünvanına sahib olan ABŞ-da baş verən olaylar daim dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu baxımdan başa çatmış son prezident seçkiləri də dünyanın bir çox yerlərində olduğu kimi ölkəmizdə də maraqla izləndi. Seçki kampaniyasının gedişi, namizədlərin qələbəsini və məğlubiyyətini şərtləndirən amillər ətrafında kifayət qədər təhlillər aparıldığı üçün biz bu məsələlərə toxunmayacağıq. Daha çox ölkəmizin maraqları baxımından dəyərləndirmə aparmağa çalışacağıq.



Öncə qeyd edək ki, ABŞ demokratik dövlətçilik ənənəsinə sahib tam pülüralist bir cəmiyyət olduğundan orada kimin prezident olmasından asılı olmayaraq dövlətin dərin maraqlarında ciddi dəyişikliklər baş vermir. Həm də orada elə bir seçki sistemi mövcuddur ki, bəzən seçki başa çatana kimi qalib haqqında qəti fikir söyləmək xeyli çətin olur. Xüsusilə də müstəqil rəy sorğularına görə namizədlər arasındakı fərq yaxın olduqda proqnozlar özünü doğrultmaya bilir. Azad seçki mühiti olan yerdə seçki kampaniyasının gedişində də seçicilərin rəyi çox sürətlə dəyişə bilir və biz bunun dəfələrlə şahidi olmuşuq. Odur ki,  ABŞ-da prezident seçkilərində hansı namizədin qalib olacağı ilə bağlı müzakirələrə qoşulmamağa çalışdıq.

Artıq seçkilər arxada qalıb və Respublikaçıların namizədi Donlad Tramp təxminən iki ay sonra prezidentlik səlahiyyətlərinin icrasına başlayacaq. Yeni prezidenti də olduqca çətin daxili və xarici siyasət gözləyir. ABŞ-ın strateji maraqlarına daxil olan qlobal iqtisadi-siyasi məsələlər, Avropanın yaxınlığında cərəyan edən gərgin hərbi-siyasi münaqişələr qərbdən daha cevik və konkret reaksiyalar tələb edir. Belə bir situasiyada Ağ evin rəsmi siyasətində köklü əks dəyişikliklər baş verə bilərmi? Ölkəmizin qarşısında duran problemlərin həllində, ikitərəfli əməkdaşlığın gələcək perspektivləri istiqamətində yeni administrasiyanın yanaşmaları öncəkindən fərqlənəcəkmi? Bu kimi sualların konkret cavablarını zamana buraxmadan da deyə bilərik ki, ABŞ-ın dünya siyasətindəki rolu elə bir mərhələdədir ki, ciddi əks dəyişiklik baş verməyəcək.

İlk növbədə ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumu barədə uzun-uzadı müzakirə açmadan deyə bilərik ki, ölkələrimiz arasında münasibətlərdə hər hansı həlli çətin problem yoxdur. İqtisadi, siyasi, mədəni əlaqələrlə yanaşı iri beynəlxalq layihələrdə, antiterror koalisiyasında və beynəlxalq sülhməramlı missiyanın tərkibində əməkdaşlığımız davam edir. Qarabağ probleminin həlli istiqamətində də ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ davamlı olaraq ərazi bütövlüyümüzü dəstəkləyən açıq mövqe ifadə edir. İnsan hüquqları sahəsində mövcud olan problemlərin nüfuzlu beynəlxalq qurumlar tərəfindən gündəmə gətirilməsi müəyyən gərginliklər yaratsa da, hələ  münasibətlərin tamamilə korlanmasına səbəb olacaq miqyasda deyil. Azərbaycan hökumətinin daha çox ABŞ-Rusiya münasibətlərindən qaynaqlanan ehtiyyatlı siyasi-strateji seçimi və tərəddüdləri əməkdaşlığın rəvan olmasına əngəl olaraq qalır.

Təcrübə göstərir ki, çox zaman prezidentliyə namizədlərin verdiyi bəyanatlar prezident olduqdan sonra unudulub. Hətta çox yaxın tarixdə prezident Barak Obama ilk seçkisində namizəd kimi öz seçicilərinə vəd etdi ki, fəaliyyətə başladığı gündən ABŞ hərbi qüvvələrini Əfqanıstandan və İraqdan tam çıxaracaq. Ondan sonra təkrar prezident seçilsə də həmin bəyanatı bu günə kimi icra edə bilməyib. ABŞ-ın təməl dövlət siyasətini müəyyən edən yüzlərlə peşəkar institutlar və orada çalışan çoxsaylı peşəkar mütəxəssislər mövcuddur. Odur ki, nəzərə çarpacaq təməl siyasət dəyişikliyini prezidentlərin müəyyən edəcəyini düşünmək yumşaq desək, sadəlöv yanaşmadır.

Çağdaş dünya siyasətində artıq elə bir dövr yetişib ki, ABŞ öz hərbi-siyasi üstünlüyünü nəinki əldən verəcək, əksinə mövcud əlverişli durumdan yararlanaraq onu daha da artıracaq. Qlobal siyasi-hərbi məsələlərə öncəki illərdən daha fəal və prinsipial müdaxilələr ediləcək. Proseslər onu göstərir ki, Çin, Rusiya, Ş.Koreya, İran, Orta Şərq və Avropa Birliyinə yönəlik siyasət yeni fazaya keçəcək. Xüsusilə də Rusiyada iqtisadi böhranın dərinləşməsi və siyasi böhrana çevrilməsi ABŞ-ın maraqlarına uyğun şəkildə sürətlənəcək. Orta Şərq regionunda yeni ziddiyyətlərin doğulacağı, nizamlayıcı proseslərdə Türkiyənin rolunun daha da artacağı və nüfuzunun yüksələcəyi istisna deyil. 

Dünyada mövcud olan münaqişələrə dərindən bələd olan, təbii resursları analiz edən, siyasi sistemləri incələyən, qlobal iqtisadi-siyasi, hərbi layihələri istiqamətləndirən institutların açıqladıqları rəylərə istinad edərək deyə bilərik ki, ABŞ yaxın on illikdə dünya siyasətində daha mühüm rola malik olacaq. Totalitar və avtoritar rejimlərin çöküşü də qarşıdakı illərdə daha da sürətlənəcək.

Ölkəmizin mövcud problemlərinin həllinə gəldikdə isə burada əsas iş yalnız öz üzərimizə düşür. Azərbaycan ərazilərinin işğaldan azad olunmaması, sosial-iqtisadi böhranın dərinləşməsi, insan hüquq və azadlıqları ilə bağlı problemlərin artması vətəndaşlarımızı gərginlikdə saxlayır. Ölkəmizi təhlükələrə sürükləyən problemlərinin həllində ABŞ ilə münasibətlərin yüksək səviyyəyə qalxması ən çox bizə lazımdır və bu əlaqələr yalnız müsbət nəticə doğura bilər. Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin həssas yanaşdığı məsələlərin həlli istiqamətində nəzərə çarpacaq addımlar atarsa, siyasi təqiblərə son verərsə, iqtisadi-siyasi və köklü məhkəmə islahatlarına başlayarsa, o zaman etimadlı münasibətlərin şahidi ola bilərik.   


13 noyabr 2016