22 Şubat 2017 Çarşamba

Vitse-prezidentlərin təyinatı ölkədə demokratik dəyişikliklərə səbəb olacaqmı?

Vitse-prezidentlərin təyinatı ölkədə demokratik dəyişikliklərə səbəb olacaqmı?

Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra yeni prezident və parlament seçkilərinin olacağ ilə bağlı bir müddət geniş müzakirə aparılsa da, ölkə prezidentinin “yeni seçki olmayacaq” bəyanatından sonra bu mövzu gündəmdən çıxdı. 
Lakin, vitse-prezidentlərin təyinatı ilə bağlı gözləntilər qalırdı və ölkənin əksər düşüncəli şəxslərinin analizlərində irəli sürülən ehtimallar nəhayət dünən özünü doğrultdu. Xüsusilə də iqtidar komandasının təbliğat tezislərində vitse-prezidentlik institutunun tətbiqi ilə ölkədə əsaslı dəyişikliklərin olacağı istiqamətində gözləntilər davam edir.
 
Referendumdan keçən beş ay müddət ərzində iqtidarın bu gözlənilən addımı atmaması xeyli suallar doğurmuşdu. O suallar ətrafında təfərrüatlara varmadan deyə bilərik ki, burada daxili və xarici amillərin rolu istisna deyildi. ABŞ-da keçirilən seçkilərdən sonra beynəlxalq siyasət müstəvisində gözlənilməz proseslərin başlayacağı ehtimalı indi az şübhə doğurur. Hətta ABŞ-la Avropa Birliyinin, Rusiyanın, Çinin və Orta Şərqin yeni münasibətlər sisteminə qədəm qoyacağını proqnozlaşdırmağa əsas verən qərarlar, bəyanatlar və müzakirələr də genişlənməkdədir. 

Təsadüfi deyil ki, adı çəkilən regionların bir sıra dövlətlərində artıq idarəetmənin təkmilləşdirilməsi prosesi başlayıb. Xüsusilə də dövlət-idarəçilik konyukturasında yeni prinsiplərin müzakirəsi gündəmdədir. Dünyadakı geosiyasi prosesləri incələsək görərik ki, Azərbaycan sabit görünsə də əslində yaxın illər üçün gözlənilməz təlatümlərdən, gərginliklərdən sığortalanmayıb. Belə bir situasiyada Azərbaycan iqtidarı da özünəməxsus hazırlıqlar aparır. Bu hazırlıqlar hakimiyyət komandasının daxilindən başlayıb, beynəlxalq tərəfdaşlarla münasibətlərə qədər geniş bir yanaşmanı əhatə edir.

Ölkəmizdə azadlıqların həm qanunvericilik həm də praktik baxımdan sistemli məhdudlaşdırılması xeyli müddətdir ki, hüquq böhranı yaradıb. İdarəetmənin bütün pillələrində hüquq pozmalar adi hala çevrilib. Xüsusilə də məhkəmə instansiyalarında bu kimi hallar daha da dözülməz şəkil alıb. Son vaxtlar cəmiyyətdəki rastlaşdığımız neqativlər də hüquq böhranının nəticəsidir.

Hüquq böhranından əziyyət çəkən cəmiyyətə sosial-iqtisadi böhranın da əlavə olunması durumu daha da ağırlaşdırıb. Bir tərəfdən hüquqları əlindən alınan insanlar digər tərəfdən də yoxsulluqla, işsizliklə baş-başa qalıb. Cəmiyyətiçi münasibətlər sistemi tamamilə zədələnib. Fərdi münasibətlərdən tutmuş dövlət-vətəndaş münasibətlərinə kimi hər sahədə etimadsızlıq, güvənsizlik və ümidsizlik hökm sürür.

Hökumətin böhranla mübarizə tədbirləri adı altında etdiyi bütün cəhdlər səmərəsiz olmaqla yanaşı, həm də əlavə problemlərə yol açır. Artıq yeni bir böhranlı durumla idarəetmə sistemi də üzləşib. Kosmetik addımları özündə etiva edən qanunların, fərman və sərəncamların nizamlayıcı gücü nəzərə çarpmır. Verilən qərarların qısa zaman içərisində dəyişdirilməsi və ya da dayandırılması adi hala çevrilib. Göründüyü kimi idarəetmə böhranı da dərinləşməyə doğru istiqamət götürüb.

Durumun bu qədər mürəkkəbləşməsi irimiqyaslı siyasi böhrana tezliklə keçməsə də, ölkədə yeni situasiyanın yaranmasını qaçılmaz edə bilər. Gəlirlər azalır, oliqarx-məmur biznesi ilə möhkəmləndirilən idarəçilik sistemi çökür və əhalinin iqtidara etimadı getdikcə sarsılır. İndiyədək tətbiq edilən “ənənəvi siyasət doktirinası”nın artıq işə yaramadığını anlayan iqtidar, idarəetməyə yeni yanaşma gətirmək məcburiyyətindədir.

İqtidar komandası cəmiyyət qarşısında elə bir nüfuz itkisinə məruz qalıb ki, istənilən dövlət qulluqçularının danışıqları və davranışları dərhal ictimai qınaq yaradır. Əhalini psixoloji baxımdan sakitləşdirmək gücü olan idarəçilərin azlığı da hakimiyyət üçün ciddi təhlükələrdən birinə çevrilib. Dövlət orqanlarında təmsil olunan şəxslər vətəndaşları kütləvi şəkildə narazı salıb. Çox güman ki, iqtidar mənsubları məhz belə bir məqamda nüfuzdan düşmüş hökumət üzvləri ilə xalqı hansısa “işıqlı gələcəyə” inandıra bilməyəcəklərini də anlayır.

Beynəlxalq və yerli demokratik ictimaiyyətin bu təyinatı xoş qarşılanmayacağını bildiyi halda, prezidentin belə bir addımı atmasının hansısa ciddi səbəbləri ola bilər. İlk baxışda hakimiyyət üçün uğurlu hesab edilən bu addımın bir müddət sonra əks effekt verə biləcəyi də istisna deyil. Prezident öz ətrafındakı siyasi komandaya etimad göstərmədiyini nümayiş etdirməklə, ölkənin ağır dönəmində siyasi məsuliyyəti tamamilə öz ailəsinin üzərinə götürüb. Prezidentin ailə üzvlərinin idarəetmədəki faktiki səlahiyyətləri nəhayət qanuni şəkil alaraq hüquqi məsuliyyətə çevrilib. İqtidardaxili maraqların vitse-prezidentlərin təyinatı ilə balanslaşdırılması mümkün olsa da, effektli idarəçiliyə bəslənən ümidlər qısa müddət sonra yox olacaq.
   
Müxalifətin bu təyinata münasibəti əsasən mənfidir və onların təəccübünə səbəb olmayıb. Çünki, idarəetmədə mövcud status-kvonun şəkli dəyişsə də mahiyyəti dəyişməyib. Odur ki, yaxın vaxtlarda müxalifətin xüsusi olaraq bu istiqamətdə ciddi etirazlara başlayacağı gözlənilmir. Hakimiyyətin mövsümi təbliğat tezislərinə uyaraq qismən ümidlənən cəmiyyətdən də açıq etirazlar olacağı inandırıcı deyil.

Total təbliğatın təsirinə salınmış insanları sosial şəbəkələr tədricən ayıldır. Bu proses sürətli getməsə də qalıcı izlər qoyur. İnsanlar arasından çox azsayda hökumətə ümid edənlər qalıb. Düşünmək imkanı olan şəxslər görür ki, hökumət xalqı daha da ağır duruma aparır. İqtidar atmağa çalışdığı bütün nizamlayıcı addımlarla cəmiyyətin problemlərini daha da dərinləşdirir. Deməli, cəmiyyəti uzun müddət manipulyasiya etmək asan olmayacaq. Ola bilər ki, hökumət yaxın vaxtlarda sosial şəbəkələrlə bağlı da məhdudiyyətlərə cəhd etsin.  


Hakimiyyət vitse-prezidentlərin təyinatı ilə gerçək islahatlara başlamağı hədəfləyirsə, ilk növbədə siyasi məhbusları azad etməli və yeni seçki qanunvericiliyi qəbul edərək demokratik parlament seçkiləri keçirməlidir. Əks halda islahatlara bəslənən ümidlər özünü doğrultmayacaq. Müxalifət qurumları da iqtidarın mövsümi strategiyalarına uymamalı, sistemli olaraq öz hədəflərinə hazırlaşmalıdır. İdarəetmədə təməl siyasi dəyişiklik olmadan ölkədə müsbət dəyişikliklərdən danışmaq çətin olacaq.
                                                                                                              22 fevral 2017-ci il