24 Aralık 2018 Pazartesi

"Cümhuriyyət İli” nə ilə yadda qaldı?


“Azərbaycan Xalq Cümhuriyyəti İli” nə ilə yadda qaldı?

Ölkə prezidenti Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdi. Qısa müddət sonra, 2018-ci il yanvarın 10-da bu barədə rəsmi Sərəncam da imzalandı. Həmçinin, prezidentin 2017-ci il 16 may tarixli 2867 saylı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən, Nazirlər Kabinetinə həm ölkəmizdə həm də xaricdə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdı. Artıq il sona yaxınlaşır, “Cümhuriyyət İli” hansı tədbirlərlə yadda qaldı? 

Öncə qeyd edim ki bu qərar cəmiyyətin əksəriyyəti tərəfindən müsbət qarşılanan azsaylı qərarlardan biri idi. Çünki ölkəmizin fəal və siyasi təfəkkürü formalaşan insanları üçün cümhuriyyət dəyərləri ən müqəddəs ictimai-siyasi dəyərlər sistemidir. Xalqımızın tarixi yaddaşında dərin izlər buraxan, altşüurumuzda uzun illər əlçatmaz arzu kimi yaşayan cümhuriyyət dəyərləri bu günümüzə qədər gəlib çatdı. Nə qanlı sovet repressiyaları, nə də qondarma kommunizm ideyaları onu unutdura bilmədi. İlk fürsətdə xalqımızın fədakar övladları bu arzunu ağır itkilər bahasına olsa da yenidən reallığa çevirə bildilər.

Cümhuriyyətin siyasi-psixoloji təsirlərini 100 illik yubley ilində effektli istifadə edə bildikmi? 

Bununla bağlı düşüncələrimi üç istiqamətdən nəzərinizə çatdırmaq istəyirəm.
Birincisi, tarixi baxımdan qiymətləndirmə etsək, bütün dövrlərlə müqayisədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ən nəhəng tarixi nailiyyətimizdir.
AXC şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika quruluşunu yaradan, tarixi fürsətdən yararlanıb istiqlaliyyətimizi elan edən, xalqımızın müstəqillik əzmini dünyaya çatdıran siyasi fenomendir. Xalq Cümhuriyyətinin tarixini dərindən öyrənmədən, onun dəyərlərini mənimsəmədən dövlətçilik tariximiz haqqında yeni nəsilin aydın təsəvvürü və milli ruhu ola bilməz.

Təəssüf ki bu istiqamətdə dövlət səviyyəsində geniş imkanların yaradıldığının şahidi olmadıq. Əksinə, bu il Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində qorunan tarixi sənədlər AXC-ni araşdıran tədqiqatçıların üzünə bağlandı.  Xüsusi ilə 1918-ci ilin mart-aprel hadisələrini, o dövrdə respublikada milli məsələləri öyrənmək istəyən tədqiqatçılara qanunsuz olaraq bu arxiv materiallarından istifadəyə müəyyən məhdudiyyətlər qoyuldu. Sanki hökumət bu barədə sanballı tarixi əsərlərin yazılmasında maraqlı deyil.

İkincisi, xalqımızın siyasi şüur səviyyəsini göstərən, tarixi, intellektual və mədəni potensialını ifadə edən, yüksək istedad və qabiliyyətini üzə çıxaran çox qiymətli mirasdır. Cəmiyyətiçi sosial-siyasi münasibətlər sisteminin şəffaflığı və etibarlılığı da məhz AXC-ni ən ali siyasi dəyərə çevirməyimizdən keçirdi.
Ölkədə çoxpartiyalı siyasi sistemə meydan açılması, 150-dən çox siyasi məhbusların hamılıqla azad edilməsi, mətbuat, söz və ifadə azadlığını təmin etmək kimi addımların atılması olduqca vacib idi.  Məhz 2018-ci il 11 apreldə növbədənkənar prezident seçkisinin demokratik keçirilməsi “Cümhuriyyət ili”nə ən yaxşı siyasi töfhədən biri ola bilərdi. Təəssüf ki bu fürsətlər qaçırıldı.

Üçüncüsü, beynəlxalq münasibətlər baxımından məsələyə yanaşma idi.
AXC-ni dünyaya tanıtmaqla ölkəmizin və xalqımızın çağdaş tarixi barədə dolğun münasibət yarada bilərdik. Xalqımızın bu nailiyyətinin müsəlman-şərq xalqlarına bir örnək olduğunu, müstəmləkəçilikdən xilas olmağın yollarını göstərdiyi, dünyəvi dövlət modelini 100 il öncə nümunə kimi təqdim etdiyini beynəlxalq ictimaiyyətə faktlarla çatdırmaq mümkün idi. 
Eyni zamanda Avropanın bir çox ölkələrindən xeyli öncə qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına, insanlıq adına böyük töhfə verdiyimizi təqdim edə bilərdik.
Xüsusi ilə də Qarabağ probleminin həlli baxımından ölkəmizin daim müsbət beynəlxalq imicə ehtiyacı olduğunu unutmamalıyıq. AXC-nin 100 il öncə nail olduğu demokratik dəyərləri bu gün hökumət öz korparativ maraqlarına görə məhdudlaşdırıb. Hətta beynəlxalq arenada belə bir rəy yaratmağa çalışırlar ki, xalqımız demokratik dəyərlərə hələki hazır deyil. Təəssüf ki ölkəmiz bütün beynəlxalq hesabatlarda insan hüquq və azadlıqlarının durumuna görə “Qeyri Azad” ölkə statusu alıb.

Hakimiyyətin 2018-ci ili “Cümhuriyyət ili” elan etdiyinin səbəbləri nə idi?

Bu qərarın qəbulunun hansı zərurətdən irəli gəlməsi ölkə ictimaiyyəti üçün sirr deyildi.
Aydındır ki, hakimiyyətdə olan qüvvələrin Xalq Cümhuriyyətinə baxışı cəmiyyətin fəal kəsimi tərəfindən mütəmadi olaraq narahatlıqla qarşılanıb. Açıq görünür ki iqtidar bu tarixi nailiyyətə anlaşılmaz bir qısqanclıqla yanaşır və ya ümumiyyətlə o dövrdən çox az danışmağa üstünlük verir.

İqtidarın indiyə kimi müşahidə edilən davranışlarını analiz etsək, belə görünür ki, AXC-nin 100 illiyində bu addımın atılması ictimai məcburiyyətdən doğub. Nəticə göstərdi ki bu qərar ictimai qınaqdan yayınmaq naminə sadəcə konyuktura idi. Cəmiyyətin nüfuzlu fəal kəsiminin və ictimai-siyasi qurumların cumhuriyyət dəyərlərinə sadiqliyi, Məhəmməd Əmin Rəsulzadəyə və silahdaşlarına olan sonsuz rəğbəti, habelə beynəlxalq aləmin münasibəti hökuməti belə bir qərarı qəbul etməyə məcbur etmişdi.

Əgər iqtidar maraqlı olsaydı bu qərar ölkənin ictimai-siyasi həyatına çox müsbət və əhəmiyyətli müzakirələr gətirməsi baxımından yadda qala bilərdi. Ölkədə sağlam siyasi mühit yaratmaq mümkün idi.

“Cümhuriyyət İli” nə ilə yadda qaldı?

Tariximizə damğasını vuran elə önəmli olaylar var ki, onlara hansısa vaxt intervalında yanaşmaq və yalnız həmin günlərdə xatırlamaq doğru olmaz. Bunlardan birincisi Xalq Cümhuriyyətinin yaranmasıdır. AXC-nin adının əbədiləşdirilməsi, silsilə tədbirlərin keçirilməsi üçün heç də 2018-ci ili gözləmək lazım deyildi.

27 ildir müstəqilliyimiz bərpa edilib, ancaq AXC dəyərlərinin dərindən mənimsənilməsi üçün heç bir ciddi addım atılmayıb. Cümhuriyyəti quran mütəfəkkirlərin adı çox xəsisliklə əbədiləşdirilib. Hətta M.Ə.Rəsulzadənin 130 illiyi münasibətilə adının əbədiləşdirilməsi və tədbirlərin keçirilməsi ilə bağlı prezidentin imzaladığı 22 noyabr 2013-cü il tarixli sərancamı da kağız üzərində qalıb.

Bu gün ölkəmizdə nə “Cümhuriyyət Muzeyi”, nə də onun banilərinin abidəsi var. Xalqımıza mayak ola biləcək bir tarixi dəyəri doğrudanmı yalnız onun 100 illiyində ötəri xatırlamaq lazım idi?
Görünən budur ki AXC-nin 100 illiyi ilə bağlı tədbirlər keçirmək üçün yalnız hüquqi qərar yetərli olmadı, həm də siyasi iradə lazım idi.

Unutmamalıyıq ki son illər müxtəlif məsələləri özündə əks etdirən, müxtəlif mövzularda elan edilən “İlləri” yola salmışıq. Ancaq bu elan edilən “İllər” cəmiyyətdə hansısa nəzərəçarpan nəticə ilə yadda qalmayıb. Sadəcə olaraq son dövrlər bu metod hakimiyyətin təbliğat maşınının əsas elementlərindən birinə çevrilib. Təəssüf ki “Cümhuriyyəti İli”də belə imitasiyadan biri kimi yadda qalacaq.

Hökumət 28 may “Respublika Günü” Bakının Novxanı kəndində yolları bağlayaraq M.Ə.Rəsulzadənin abidəsini ziyarət etməyə gələn Milli Şura və digər müxalifət partiyalarına süni əngəllər yaratdı. Şəhərin mərkəzində gəzintiyə çıxan REAL partiyasının üzvlərinə və rəhbərlərinə, habelə, ictimaiyyət nümayəndələrinə qarşı inzibati həbslər həyata keçirdi. Dinc bayram tədbirlərini pozaraq süni gərginlik yaratdı.

Avropa ölkələrində AXC-nin 100 illiyi münasibəti ilə ciddi elmi-nəzəri konfranslar, diskussiyalar, flaş-moblar keçirmək əvəzinə, bir neçə ölkədə soydaşlarımızı otel zallarına toplayıb əhəmiyyətsiz iclasların keçirilməsinin şahidi olduq. Eyni zamanda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Gənclər Fondunun  “Cümhuriyyət ili” məqsədilə maliyyələşdirdiyi layihələrdən hansısa yadda qalan ən kiçik epizoddan belə ictimaiyyət xəbər tutmadı.

Cümhuriyyətin 100 illiyində iqtidarın cəmiyyətə ən böyük töhfəsi nə ola bilərdi?
Qarabağın işğaldan azad edilməsi, sosial-siyasi sahədə ciddi islahatların başlanması, demokratik seçkilərin keçirilməsi, siyasi məhbusların azad olunması və ölkədə mövcud olan çox dərin problemlərin həll edilməsi. “Azərbaycan Xalq Cümhuriyyəti İli” yalnız sadaladığım bu problemlərin həll ilə tarixin yaddaşında qala bilərdi.

Son olaraq, Cümhuriyyət dəyərlərinin öyrənilməsi və mənimsənilməsi dövlətlə yanaşı hər bir sahədə çalışan fəal insanların da ən əsas mənəvi vəzifəsi olmalıdır. Təəssüf ki bu istiqamətdə də vətəndaşlarımız çox passivdir. Dövlətin siyasi iradəsi nəzərə çarpmadığına görə çoxsaylı yaradıcı insanlar bu barədə müstəqil təşəbbüslərdən yayınırlar. Sanki xüsusi təlimat olmadan bu mövzuya müraciət etməyə çəkinirlər.