18 Ocak 2018 Perşembe

20 yanvar xalqımızın istiqlal mübarizəsinin qızıl səhifəsidir.

Hər il qanlı 20 yanvarın ildönümündə bu barədə qızğın müzakirələr açılır, ziddiyyətli fikirlər səslənir. Bu sətrlərin vətənpərvər və dəyərli gənclərimiz üçün çox maraqlı olacağını nəzərə alaraq yazıram. Ətraflı yazmaqda yeganə məqsədim xalqımızın həmişə qorxaq, aciz, bədbəxt gündə olduğunu düşünənlərə, o gecə insanların aldadıldığını deyənlərə həmin qanlı gecənin canlı şahidlərindən birinin cavabıdır.

1990-cı ilin qanlı 19 yanvar gecəsi hər kəsin yaddaşında silinməz iz buraxıb. Xüsusilə də o saatlarda küçələrdə olan, səhərə kimi yaralılara kömək edən insanların fədakarlığı və qəhrəmanlığı öyülməyə layiqdir. Biz xalq olaraq o gecə əsil qəhrəmalıq nümunəsi yaratdıq, keçmiş sovet ordusunun generalları əliyalın dinc insanların iradəsi qarşısında mənəvi baxımdan məğlub oldu və qürurları əbədi sındırıldı. Azərbaycanın təkrar istiqlalına gedən yolda 20 yanvar böyük mübarizə tarixinin qızıl səhifəsidir.

1989-cu ilin sonlarından tələbə könüllü özünümüdafiə dəstələri yaradıb sərhəd bölgələrində erməni hücumlarının qarşısını almağa getmişdik. Sərhədyanı rayonlarda, Gəncədə və DQMV-də “Fövqəladə vəziyyət” elan edildiyi üçün artıq Bakıya dönmək əmri almışdıq. Bəzi vacib səbəblərə görə Qubadlı rayonunu ən son tərk edən tələbələrdən biri idim. Günorta Qubadlının Mahrızlı kəndində Hüseyn adlı tələbə yoldaşımızın evində qısamüddətli qonaq olduqdan sonra mənə tapşırılan işləri həll edib 1990-cı ilin 17 yanvarında sazaqlı, şaxtalı bir gecədə Bakıya doğru yola çıxdım. Əynimdə xüsusi geyim (tələbə inşaat formasını hərbi paltar kimi istifadə edirdik) və iki silah olduğu üçün gecə bir yük maşını ilə Fizuliyə, ordan isə bir tanışla Sabirabada gəldim. Bizimlə bərabər Qubadlıda keşik çəkən sabirabadlıların komandiri Yaqub kişinin dediyi adama silahları verib, gecə saat 4-də onların müəyyən etdiyi “moskviç”lə Bakiya çıxdım.

18 yanvarda hələ hava tam açılmamış səhər tezdən artıq Bakıda idim. Şəhərdə 13 yanvardan davam edən gərginlik hələ də hökm sürürdü. Hərbi uniforma kimi istifadə etdiyimiz xüsusi geyimdə Milli Müdafiə Şurasının könüllüləri kimi fəaliyyətə başladıq. Heç bir neçə saatlıq istirahət etməyə də zaman olmadı. Əsas məqsədlərdən biri Bakının dinc erməni sakinlərinin öldürülməsinə imkan verməmək, ikinci məqsəd isə hərbi hissələrin önündə və şəhərin müxtəlif yerlərində yaradılmış “istehkam”larda növbə çəkmək idi. Hərdən tanınmış hərəkat liderləri bu “istehkam”lara yaxınlaşır, müxtəlif təlimatlar verərək gedirdilər. (O şəxslərin kimliyi və verdikləri təlimat barədə yazmayacağam)   

Neçə günün gərginliyindən, yuxusuzluğundan çox yorulduğuma görə səhər tezdən özümü güclə yataqxanaya çatdırıb yatdım. Təqribən saat 17-18 radələrində Laçındakı dəstəmizin komandirlərindən Seymur Babayev və kimya fakultəsinin tələbəsi Nurməmməd bəy otağıma gəlib məni yuxudan oyatdılar. Həmin saatlardan etibarən bir qrup BDU tələbəsi ilə "Salyan kazarması"nın arxa qapısında qurulmuş "istehkam"da keşik çəkməyə başladıq. Keşik çəkdiyimiz yerə “Xəzər” kinoteatrı tərəfdən piyada keçidi, “Olimp” mağazasına tərəf isə maşın yolu var idi. Hərbi hissənin bu darvazasının önünə bir benzin daşıyan “benzovoz” maşını da saxlamışdılar ki hərbiçilərin şəhərə çıxmasına əngəl olsun. İçərisində heç kimin olmadığı bu “benzovoz”u kimin gətirdiyini bilməsəm də, bura gələndə içərisində benzin olduğunu dedilər və ehtiyyatlı olmağımız barədə təlimat verildi.

Mən də bu darvazanın qarşısında dayanan əsas şəxslərdən biri idim. Şəhərin müxtəlif yerlərindən intensiv atəş səsləri eşidilir, xeyli yaralı və şəhidlərimizin olduğu xəbəri gəlirdi. Bizim olduğumuz yerdə sakitlik bir anda pozuldu, “həyacan siqnalı” ilə hərbi hissənin içərisində səs-küy qopdu, zirehli texnikalar gurultu ilə bu darvazaya doğru gəlirdi. Tank darvazanı “benzovoz”un üstünə aşırıb dayandı. Tankların şəhərə çıxmasına əngəl yaratmaq üçün benzin maşınına od vurmaq üçün cəld irəli atıldım və “kranı” açıb bir az kənardan kibriti çəkib ora atdım. Amma “benzovoz”un çənində benzin əvəzinə su olduğu üçün yanğın baş vermədi. İkinci dəfə təkrar edəndə artıq tank hərəkətə başladı. “Benzovoz”un altında əzilməkdən bir anda qurtuldum.

Tank qarşısında olan hər şeyi əzib atmağa başladı. Biz güllə yağışı altında ordan qaçmağa məcbur olduq. Fizika fakultəsində 2-ci kurs tələbəsi olan tovuzlu Tağı adlı yoldaşımız başından yüngül güllə yarası aldı. Onu bir maşınla yataqxanaya yola salıb özümüz Səttarxan adına zavodda yerləşən qərargaha getmək üçün bir " Jiquli-011" markalı ağ maşına əyləşdik. Maşının ön oturacağında bir milis nəfəri, arxada isə 4 nəfər oturmuşduq. Əslən Kələkidən olan tələbə yoldaşım Shaman Rustemov, hal-hazırda Şeyxülislamın mühafizə xidmətinə rəhbərlik edən Səxavət adlı tələbə yoldaşımız, bir tanımadığım şəxs və mən maşında idik.  "Olimp" mağazasının qarşısında əyləşdiyimiz maşını atəşə tutdular. Sürücü əlindən yaralansa da özünü itirmədi. (Əgər o maşının sahibi sağdırsa və bu olayı xatırlayırsa, mütləq görüşmək istəyərdim) Maşını yolun içində saxlayıb özümüzü yerə atdıq. Maşın deşik-deşik olsa da biz salamat qurtarmışdıq. Qəribə bir hiss keçirirdim. Səxavət yaralanmadığına inana bilmirdi. Elə bilirdi ki ona güllə dəyib. Hətta maşının yanında uzandığımız yerdə onun bədənini yoxlamalı oldum ki yaralanmadığına tam əmin olaq. Güllə yağışı ara verən kimi yolu qaçaraq keçməyə başladıq. Bizimlə bərabər xeyli insan da yolu keçməyə çalışırdı.”Olimp” mağazasının qarşısında düz yolun sonunda, mağazanın tinində bir nəfər ortayaşlı şəxs gülləyə tuş gəldi və yıxıldı. Güllələr yağış kimi yağırdı. Qarşımda yıxılan bu adamı qaldırmaq üçün əl uzatdım. Üzümə baxıb “qorxma” dedi və elə ordaca son nəfəsini verdi. Şahmərdan və bir neçə nəfərlə onu mağazanın yanına çəksək də artıq yaşamırdı.

Səxavət orda bizdən ayrılsa da Şahmərdanla səhərə kimi küçə və meydanlarda bir yerdə olduq. Sovet ordusu işıq gələn evlərə və dinc insanlara atəş açırdı. Şəhər qaranlığa qərq olmuşdu. Biz ora çatanda qərargahda bir tələbə yoldaşımızla (hazırda millət vəkilidir) rastlaşdıq. Qərargahdan bəzi şeyləri çıxarmaq üçün gəlmişdi. Şahmərdan bəylə səhərə qədər çox dəhşətli hadisələr gördük və təsadüfən sağ qalmışdıq. Təxminən səhər saat 6-dan sonra ordu tədricən çəkilməyə başladı. Biz yarımçıq bir tikintiyə daxil olub ora sığındıq. Əynimdəki hərbi geyimə görə səhər yataqxanaya qayıda bilmirdim. Bir nəfər yaşlı adam öz uzun paltosunu soyunub mənə verdi və özü pencəkdə yataqxanaya kimi yanımca gəldi.  Əsgərlər məni formada görməsin deyə yataqxanaya kimi o kişinin paltosu ilə gəlmişdim. Yalnız səhər saat 10-dan sonra yataqxanaya qayıda bildim. Yataqxanada qalan tələbələr ən gec məndən xəbər tutmuşdular. Hətta məni görəndə yataqxanadakı qızların necə ağladığı hələ də gözlərimin önündədir. Uşaqlar o gecə mənim etdiklərimi yataqxanada danışdıqları üçün heç kim sağ qaldığıma inana bilmirdi. Ordu tələbə yataqxanalarını üzükqaşı kimi mühasirəyə almışdı. Bir neçə gün yataqxanalarda heç kim işıq yandırmadı, hər yer qaranlığa qərq olmuşdu. 22 yanvarda milyonlarla insan qorxmadan şəhidlərin dəfnində iştirak edəndə sovet rəhbərliyi rəsmən mənəvi məhv oldu. Ordu hissələri bu dəfə dinc insan selinin qarşısından başıaşağı geri çəkilməyə başladı.

Allah şəhidlərimizə rəhmət eləsin. Azadlıq uğrunda cəsarətlə savaşanlara Allah yardımçı olsun. Biz ali ideyaları qalib gələn qürurlu bir xalqıq. Yaşadığımız bu böhranlı halımızdan da çox keçməz əbədi qurtulacağıq. Yetər ki hər birimiz öz dəyərimizi bilək, öz gücümüzə inanaq və xalqımızın müqəddəs dəyərlərinə sahib çıxaq!

16 Ocak 2018 Salı

Şamil Basayev Çeçenistanın azadlığı uğrunda mübarizə tarixinə adını əbədi yazdırdı.

Şamil Basayev Çeçenistanın azadlığı uğrunda mübarizə tarixinə adını əbədi yazdırdı.

Çeçenistanın azadlığı uğrunda mübarizə tarixinə adını əbədi yazdırmağı bacaran əfsanəvi səhra komandirlərindən biri olan mərhum Şamil Basayevin bu gün doğum günüdür. Onun barəsində bu kiçik xatirəmi bölüşməkdə məqsədim heç də hansısa terrorçuluğa, separatizmə, müharibəyə bəraət qazandırmaq deyil, çeçen xalqının əsrlər boyu davam edən və təəssüf ki həmişə də uğursuszluqla bitən azadlıq mübarizəsinə mənəvi dəstək verməkdir.

2006-cı ildə 41 yaşında şəhid olan Şamil Basayevlə görüşüm haqqında indiyədək çox az dost-tanışla danışmışam. Onlar isə əsasən bu görüşün vasitəçiləri olduqları üçün məlumatlı idilər. Onunla 1992-ci ilin yanvarında Bakıda Şeyx Şamil küçəsi (?) ünvanında bir mənzildə görüşmüşdüm. O zaman bu ünvan Çeçenistanın gizli qeyri-rəsmi nümayəndəliyindən biri kimi fəaliyyət göstərirdi. Görüşümüz İstanbulda yaşayan Leçe adlı bir çeçen iş adamı vasitəsilə mümkün olmuşdu. Leçe Çeçenistanda nüfuzlu şəxslərdən sayılırdı. Qroznı şəhərində biznesi və hətta radiosu da var idi. Həm də Çeçenistan prezidenti mərhum Cövhər Dudayevin dostu və o zaman Daxili işlər naziri Maqomedovun yaxın qohumu idi. Hər ikisi çeçen-rus müharibəsində şəhid oldu.

Mənə deyilən ünvana yaxınaşıb qapını döydüm. Kimliyimi soruşduqdan sonra qapını çarşablı gənc bir qadın açdı və gəlişimi gözlədiklərini deyib içəri dəvət etdi. Dəhlizdə və biz görüşdüyümüz otaqda daha iki qadın da var idi. Hər üçü hündür boylu, nazik bədənli, başdan ayağa qara çadrada və üzləri də qismən bağlı idi. Davranışlarından hiss olunurdu ki gənc qadınlardır. Çeçencə danışırdılar və cəld hərəkətlər edirdilər. Bizə çay gətirdilər. Biri biz oturan otaqda oturdu, digərləri isə ayaq üstə xidmət edir və dəhlizdə hərlənirdilər. Başqa otaqlarda da kimlərsə var idi və hərdən telefonla danışdıqları eşidilirdi.

Ş. Basayev həmin vaxt Qarabağda döyüşə gələn çeçen mücahidlərinin sırasında idi. Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparanları özünə müttəfiq, müsəlmanları isə qardaş bilən bir mücahid idi. Söhbət zamanı AXC üzvü olduğumu bildiyi üçün mənimlə sanki köhnə tanış kimi güvənlə danışırdı. AXC rəhbərliyində müsbət münasibətdə olduğu şəxslər də var idi. Həm də bizi İstanbuldan onunla əlaqələndirən nüfuzlu çeçen biznesmen də buna çox yaxın adam olduğu üçün daha da sayğılı və səmimi davranırdı.

Ona bizimlə yaxınlığı olan bir türk iş adamının Moskvada üzləşdiyi problem barədə məlumat verdim və həllinə kömək etməsini xahiş etdim. O da heç nə əlavə soruşmadan kiminləsə telefonla çeçencə danışdı. Aramızda təqribən 1 saata yaxın çəkən söhbətdən sonra oradan ayrıldım.  Onun müdaxiləsi ilə məsələ Moskvada dərhal həll olundu. Türkiyəli iş adımına çatacaq iriməbləğdə pullar bir gün müddətində deyilən ünvana çatdırıldı.

Səhəri gün türkiyəli dostlarımızın təşəkkürünü çatdırmaq və ona müəyyən qədər pul vermək üçün yenidən bu ünvana gəldim. Təklif etdiyim pulu qəti şəkildə qəbul etmədi və pul mövzusuna bir daha qayıtmamağımı gülümsəyərək bildirdi. Tezliklə özünün burada olmayacağını, ancaq Rusiya ilə əlaqəli nə işim olarsa mütləq onun adı ilə bu ünvana çatdırmağımı istədi. Bir az ümumi söhbətlərdən sonra görüşüb oradan çıxdım. Elə o illərdə bir neçə dəfə də Rusiyada yaranan problemləri həll etmək üçün onların vasitəçiliyindən istifadə etməli oldum.


Sonradan onun əfsanəvi çeçen mücahidlərinin komandiri olduğunu görəndə çox təəcüblənmişdim. Fikirləşirdim, necə ola bilər ki belə bir mülayim insan dəyişib mücahid oldu. Qısa müddətli tanışlığım olsa da şəxsən o, çox mülayim insan kimi yadımda qalıb. Çox zəif və asta səslə danışırdı. Elə təsir bağışlayırdı ki, sanki dünyada ondan daha yumşaq, həlim xarakterli adam yoxdur. Çox mədəni, səmimi və təvazökar rəftarı ilə xatırlayıram. Onun haqqında bəzən xeyli ədalətsiz və uydurma danışanlar da olub. Onu terrorçu kimi qələmə verib nüfuzdan salmağa cəhdlər yenə də davam edir. Amma, əminəm ki, bunlar hamısı uydurmadır. O öz xalqını və müsəlmanları sevən, çeçen xalqının azadlığı üçün alışıb-yanan bir mübarizə adamı idi. Hər dəfə Şamil Basayevin şəkillərinə baxanda onun gözlərində çeçen xalqının tarixən yaşadığı dəhşətli faciələri, bəlanı, əzabı və mübariz bir xalqın nakam arzularını görürəm. Doğrudan da hər bir xalqın istiqlaliyyətindən daha böyük nailiyyəti yoxdur! Allahdan Şamil bəyə rəhmət diləyirəm. Ruhu şad olsun!

14 yanvar 2018-ci il 

15 yanvar 1990-cı il Qubadlı gündəliyimdən kiçik bir qeyd...

15 yanvar 1990-cı il Qubadlı gündəliyimdən kiçik bir qeyd.

28 il öncə bu gün (15 yanvar 1990-cı il) tələbə könüllü özünümüdafiə dəstəsinin tərkibində Qubadlı rayonunun sərhədyanı kəndlərində keşik çəkirdik. Çox qarlı-şaxtalı bir gün idi. Sərt yüksəkliklərdə çətinliklə düzəltdiyimiz açıq səngər və istehkamlarda soyuqdan dayanmaq olmurdu. O zaman 23 yaşlı bir gənc üçün soyuq elə də qorxulu deyildi, ancaq indi o qeydlərimi oxuduqca sanki bədənimə bir titrətmə gəlir. Görünür bu da yaşın təsiri ilə bağlıdır.

Axşamçağı xəbər gəldi ki, Bakı şəhərində erməni əhaliyə qarşı kütləvi qırğın edilib və durum çox gərgindir. Bir tərəfdən Ermənistandan gözlənilən təxribatların qarşısını almaq, digər tərəfdən isə Bakıdakı mübarizə yoldaşlarımızdan xəbər tuta bilməməyimiz narahatlığımızı daha da artırmışdı.
SSRİ rəhbərliyinin ən yüksək vəzifəli və rütbəli şəxslərinin yanvarın 14-də Bakıya gəlməsi, Dağlıq Qarabağda, Azərbaycan-Ermənistan sərhədyanı rayonlarında, habelə Gəncədə fövqəladə vəziyyətin elan edilməsi artıq durumun mürəkkəbliyini göstərirdi. Gərginlik Bakıda yaşansa da fövqəladə vəziyyətin digər bölgələrdə tətbiq edilməsinin məqsədi bu günədək qaranlıqdır. SSRİ tarixində ilk dəfə idi ki Siyasi Büronun üzvü Primakov, Müdafiə naziri Yazov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kryuçkov, Daxili işlər naziri Bakatin və digər yüksək vəzifəli şəxslər Bakıya toplaşmışdı.

Mən Laçın rayonundakı özünümüdafiə dəstəsinin tərkibində olsam da xüsusi tapşırıqla Qubadlıya gəlmişdim və buradakı silahlı dəstəmizin komandiri Ganimat Zayidovla birgə hərəkət edirdim. O zaman Qənimət bəyin təkcə komandirliyinə görə yox, həm də tələbələr arasındakı şəxsi nüfuzuna, uşaqların çoxundan 3-4 yaş böyük olmasına və gerçəkdən çox soyuqqalı, doğru qərarlar qəbul etməsinə görə dəstədə ona böyük güvən yaranmışdı. Məskunlaşdığımız yerdə bizdən əlavə Sabirabad könüllüləri də var idi. Öz komandirləri olsa da, bu xəbərdən sonra onlar da bizim nə qərar verəcəyimizi gözləyirdi. (Sabirabad könüllülərinin komandiri Yaqub kişiyə Allahdan rəhmət diləyirəm) 
Geniş və qapalı müzakirələrin hər ikisində iştirak etdim, fövqəladə vəziyyət şəraitində nə edəcəyimizi götür-qoy etdik. Qızğın müzakirələrdən sonra Qənimət bəy elan etdi ki belə durumda bu kəndləri tərk edə bilmərik. Nə olursa-olsun Bakıdan gələcək göstərişləri gözləyək. Özü öndə olmaqla postlara qalxmağa qərar verdik. Sabirabad könüllüləri də öz postlarına yola düşdü. O şaxtalı-qarlı 15 yanvar gecəsində külək qarı gözümüzə, burnumuza doldursa da çətinliklə yüksəkliklərdə yerləşən postlarımıza qalxdıq.

“Gündəlik” qeydlərimdən qarşıma çıxan bu tezisləri paylaşmaqda məqsədim budur ki, gənclərimiz müstəqillik yolunun hansı çətinliklərdən keçdiyinin kiçik bir epuzodu ilə tanış olsun. Biz o zaman mübarizəmizdən vaz keçmədik, usanmadıq, yorulmadıq, ruhdan düşmədik. Nə sürgündən, nə həbsdən, nə də edamdan qorxumuz var idi. Biz hamımız BDU-nun savadlı tələbələri idik və şəxsi arzularımızı vətənin müstəqilliyinə qurban vermişdik. Ümumi komandirimiz olan AXC BDU şöbəsinin sədri Əli Kərimli hətta universitetdə “Lenin təqaüdü” ilə təhsil alan azsaylı tələbələrdən idi. 

O zaman arxasınca getdiyimiz insanlar nə qərar verdisə, onu vicdanla icra etdik. Hətta sonradan səhv olduğunu anlasaq da, bunu dedi-qoduya çevirmədik. Qətiyyətlə deyirəm, AXC-ni onminlərin biri kimi mən yaratdım, biz yaratdıq. KQB onu dağıtmağa çox çalışdı, amma bacarmadı.
Cümhuriyyətimizin 100 illiyində ölkəmizin mənəvi baxımdan ən qalib övladları bizik. Biz, ideyaları qalib gəlmiş mübariz bir nəsilik! Digər məsələlərin həllində də üzərimizdəki işi başa çatdıracağıq.

14 yanvar 2018-ci il.

12 Ocak 2018 Cuma

Seçki Məcəlləsinə edilən son dəyişikliklər hansı zərurətdən irəli gəlir...

Prezident Seçki Məcəlləsinə edilən son dəyişiklikləri  11 yanvar 2018-ci ildə  imzaladı.

Seçki Məcəlləsinə edilən son dəyişiklikləri iki istiqamətdən dəyərləndirmək lazımdır. Birincisi, 26 sentyabr 2016-cı il tarixli referendum nəticəsində qəbul edilmiş dəyişikliklərdən irəli gələn məsələlərdir, digəri isə seçki praktikası zamanı ortaya çıxan məsələlərlə bağlıdır.

Konstitusiya dəyişikliyi nəticəsində ortaya çıxan bəzi texniki və hüquqi məsələləri özündə etiva edən əsas məsələləri təxminən belə təsnifatlaşdıraq. Prezidentin növbədənkənar Prezident seçkilərini 60 gün müddətində elan etməsi, 21 yaşı tamam olan şəxslərin Prezident seçkisində namizəd kimi iştirak etmək hüququ, habelə deputatların mandatdan məhrum edilməsi haqqında qərarı Mərkəzi Seçki Komissiyasının qəbul etməsidir.
Ölkəmizdə prezidentin qanunla müəyyən edilən səlahiyyətləri hüdudsuzdur və hakimiyyətin məhkəmə və qanunvericilik  qolları da elə onun nəzarəti altındadır. Bu hal faktiki olaraq hakimiyyət bölgüsü prinsipinin kobud şəkildə pozulması idi. Milli Məclis üzvlərinin qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozması nəticəsində onların mandatdan məhrum edilməsi hüququnu bundan sonra Konstitusiya Məhkəməsi deyil, MSK yerinə yetirəcək. Bu isə nəinki hakimiyyət bölgüsü prinsipinə, ümumiyyətlə parlamentarizm fəlsəfəsinə ziddir.  

İkinci amili qısaca belə ifadə edə bilərik ki, seçki saxtakarlığını asanlıqla icra etməyə əngəl törədən məsələlərin bir qisminin ortadan qaldırılması “əməliyyatı”.  Bəlkə də son dəyişikliyin müəllifləri elə cəmiyyətə bu real durumu anlatmağa çalışırlar.

Komissiya üzvlərinin saxta bülletenlər hazırlaması və topa-topa qutulara atması zamanı zərflərin möhürlənməsi, bülletenlərin zərflərə qoyulması xeyli vaxt alırdı. Ən uzaq məsafədə oturan müşahidəçilər də, məntəqələrdə quraşdırılan kameralar da bu “əməliyyatın” uğurla başa çatmasına kölgə sala bilirdi. Həmçinin seçki qutularının “möhürləndiyi” sözünün “kilidləndiyi” sözü ilə əvəz edilməsi də bu qayğıdan irəli gəlir. İndi komissiya sədri və ya katibi fürsət düşən kimi dolan qutunu açaraq asanlıqla ona müdaxilə edə biləcək. Təcrübədə “möhürlənmə” bu müdaxiləyə müəyyən problem yaradırdı.  

Seçicilərə  “seçici vəsiqələri”nin paylanması sözünün Məcəllədən çıxarılması da təsadüfi deyil. Görünür ümumi siyasi iradə belədir ki, seçicinin səsvermə yerindən və günündən nə qədər az xəbəri olsa, bir o qədər proses sakit keçər. Bu amili digər dəyişiklik daha açıq ifadə edir. Belə ki, əvvəllər məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlayırdı. Ancaq artıq bu norma da qanundan çıxarıldı. Deməli, bir dəstə təlimatlandırılmış şəxs istənilən məntəqədə ənənəvi “karusel” adlanan “əməliyyatı” daha təhlükəsiz yerinə yetirəcək.

Diqqə çəkən məsələlərdən biri də qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək “məcburedici əsas olmadan namizədliyini geri götürərsə” müddəasının Məcəllədən çıxarılmasıdır. 2015-ci il seçki praktikasında ortaya çıxan ziddiyyətlər yəqin ki MSK-nın yeni Təlimatı ilə tənzimləyəcək və bu məsələyə yeni yanaşma gətiriləcək.


Son olaraq, seçki bir prosedur kimi elə hala salınıb ki, artıq onun hansısa incəlikləri ətrafında müzakirələr çox gülünc görünür. Səsvermənin yekun protokollarına baxanda aydın olur ki, seçki məntəqələrində bütün son rəqəmlər öncədən müvafiq qurumlar tərəfindən hazır göndərilir və ona uyğun yazılır.