26 Nisan 2018 Perşembe

Bu gün Şimali Koreya (KXDR) və Cənubi Koreya arasında tarixi görüş olacaq!


Dünyada böyük müharibə risklərinin artdığı bir ərəfəni yaşamaqdayıq. Qlobal təbliğat şəbəkələri elə bir psixoloji mühit yaradıb ki, insanlar hər gün hansısa lokal və ya total müharibənin başlayacağını gözləyir. Belə bir məqamda hansısa böyük sülh təşəbbüslərinə şahidlik etmək gerçəkdən ələdüşməz fürsətdir.

Dünyanın maraqla gözlədiyi sülh görüşünə artıq saatlar qaldı.
Bu görüşün hələlik bizim regiona birbaşa təsirləri olmasa da, yaxın gələcəkdə dolayısı ilə çox ciddi təsiri ola bilər. Bu barədə bir az sonra davam edərik.

Şimali Koreyanın uzaqmənzilli raket sınaqları ilə həddindən artıq gərginləşən ABŞ- Şimali Koreya münasibətləri irimiqyaslı müharibə riskini xeyli artırmışdı. Tərəflər qarşılıqlı olaraq çox sərt ritorikadan və hədələrdən istifadə edirdi. Hətta Çin və Rusiya Şimali Koreyaya qarşı ABŞ-ın hücum ehtimallarını nəzərə alaraq sərhədləri boyunca hərbi texnika və canlı qüvvə cəmləşdirirdi.

Ancaq gözlənilmədən tərəflərin bu sərt ritorikasını anlaşma mesajları əvəzlədi. Məlum oldu ki Şimali Koreya bütün nüvə sınaqlarının dayandırılmasına, sınaq sahələrinin bağlanmasına razılıq verib və ABŞ-la zirvə toplantısı keçirməyə razılaşıb. İstisna deyil ki ABŞ-ın hansısa gizli güc nümayişi öz təsirini göstərib. ABŞ prezidenti D.Trampın öz Twitter hesabında yazdığı mesajlar da bu qənaəti yaradırdı. "Biz heç nədən əl çəkməmişik. Onlar isə nüvəsizləşməyə, obyektlərin bağlanması və sınaqlara son qoyulması ilə razılaşıb!". Bu mesajın ardınca Fransa prezidenti E. Makronla görüşdə də D.Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşü çox tezliklə olacaq.

Nəhayət Şimali Koreya ilə Cənubi Koreya arasında da sülh təmasları intensivləşdi. 65 illik fasilədən sonra iki ölkə liderləri arasında ilk dəfə rəsmi görüş bu gün baş tutacaq.
Xatırladaq ki 25 iyul 1950-ci ildə başlayan müharibə 1953-cü ildə atəşkəs razılaşması ilə dayandırılsa da, tərəflər arasında bu günədək sülh sazişi imzalanmayıb. Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreya lideri Mun Cae-in arasında bu gün Panmunjom kəndində baş tutacaq zirvə toplantısı bütün mənalarda çox mühüm tarixi bir görüş olacaq. 

Cənubi Koreya "Böyük 20-lər" (G20) qrupunun üzvüdür və Asiyanın dördüncü böyük iqtisadiyyatına sahibdir. Dünyanın demokratik idarə olunan ölkələrindəndir. Artıq Cənubi Koreyada müharibəyə qarşı olan qruplar “Müharibəyə Yox” şüarları və hər iki ölkə liderinin əl-ələ tutduqları plakatlarla küçələrə çıxıb, sülh təşəbbüslərini dəstəkləyir.

(Qeyd edim ki zirvə görüşünün keçiriləcəyi Panmunjom kəndi iki ölkə arasında tampon bölgədir. Dünyada belə bir statusu olan ikinci kənd yoxdur. Bu kənd iki hissəyə ayrılıb. Hər iki ölkənin vətəndaşları bu kənddə yaşayır və küçə tam ortadan ikiyə ayrılıb. Kənddə heç bir tərəfin əsgərləri yoxdur. Yalnız BMT sülhməramlıları keşik çəkir. Hətta bu kənddə fəliyyət gösrərən BMT-nin konfrans zalı da küçənin tam ortasında inşa edilib. İçərisində olan dəyirmi masanın tən ortasından xətt çəkilib. Heç bir tərəf barmağını da bu çəkilən xətdən qarşı tərəfə keçirə bilməz. Bu, sərhəd pozuntusu sayılır. Masanın hər iki tərəfində əlisilahlı iki əsgər keşik çəkir. Bu xətti pozan istənilən şəxsə əskərlərin xəbərdarlıqsız atəş açmaq səlahiyyətləri də var.)

Qeyd etdiyim kimi bu görüşün nəticəsində yarana biləcək sülh sazişinin gələcəkdə bizim regiona dolayısı təsirləri mütləq olacaq. Məsələnin iqtisadi-siyasi aspektlərini dərindən hərtərəfli analiz etmədən də, bu barədə fikir bildirmək mümkündür.

Səthi olaraq qeyd edək ki, bu problemin həlli təşəbüsləri dərinləşdikcə Çin və Rusiyanın bölgədəki geosiyasi maraqlarına təsir edəcək. Asiyanın Sakit Okean hövzəsi ölkələri arasında yeni siyasi-iqtisadi əlaqələrin qurulmasına təkan olacaq. ABŞ və Avropa Birliyinin orta və şərqi Asiyada mövqeləri tədricən güclənəcək. Hətta, bu sülh danışıqları ABŞ-ın İranla bağlı həyata keçirmək istədiyi siyasi-hərbi planlarına da əlavə imkanlar yaradacaq. 
İranın Otra Şərqdə mövqelərinin güclənməsindən ABŞ-ın açıq narahatlıq ifadə etməsi son günlər intensivləşib. Trampın Fransa prezidenti ilə Vaşinqtonda mətbuat konfransı zamanı səsləndirdiyi "İranın Aralıq dənizinə çıxışına fürsət verməyəcəyik” fikiri də təsadüfi deyil. 
Şimali Koreya ilə müzakirələrin başlaması ABŞ-a digər regional problemlərin həlli ilə bağlı əlavə imkanlar açacaq. 
Bu istiqamətdə Rusiya və Çinin hansı addımlar atacağını demək isə hələlik  çətindir. Görünən budur ki dünyanın ən qəliz münaqişəli probleminin həlli ilə bağlı yeni siyasi iradə ortaya qoyulub. Bu addımlar sülhlə yanaşı, daha da böyük hərbi-siyasi münaqişələrin doğulmasına da gətirib çıxara bilər. İstənilən halda bu prosesin Rusiya və İrana gələcəkdə təsirləri istisna deyil. Azərbaycanın hər iki qonşusuna olan təsirlər təbii ki bizdən də yan keçməyəcək. 

26 aprel 2018-ci il.

8 Nisan 2018 Pazar

Siyasi mühacirlərin xaricdə fəallaşması ölkədə yeni proseslər doğura bilərmi?

Siyasi mühacirlərin xaricdə fəallaşması ölkədə yeni proseslər doğura bilərmi?
Son illər Azərbaycandan mühacirət günbəgün artır. Minlərlə insan sığınacaq almaq üçün hazırda Avropa ölkələrində xüsusi kamplarda gözləyir. Nüfuzlu beynəlxalq hesabatlarda da ölkəmiz bu problemə görə ilk onluqdadır. Müxtəlif sosial qruplardan olan insanlar ölkədən getmək üçün yollar axtarır. Monitorinqlər göstərir ki ölkədə mühacirət və intihar artımı paralel olaraq yüksəlib.
Vətəndaşlar hansı halda öz ölkəsini tərk edir? Onu doğuran səbəblər nədir? Bu proses ölkəyə nə vəd edir? 
Mühacirəti doğuran sosial-siyasi səbəblər müxtəlifdir. Öz ölkəsində yaşamaq təhlükəli olduğu üçün insanlar mühacirət edir. Burada müharibələr, ekoloji fəlakətlər, dini və milli zəmində təqiblər, diskriminasiyaya məruz qalmaq, ağır humanitar və sosial-iqtisadi böhranlar, habelə diktatura rejimlərinin yürütdüyü əzici siyasəti səbəb kimi göstərmək olar.
BMT-nin Qlobal Miqrasiyaya dair statistik hesabatlarından aydın görünür ki əsasən qeyri-azad ölkələrin vətəndaşları öz ölkəsini tərk edir. Mühacir axını yaşamaq üçün normal sosial-siyasi mühitin olmadığı ölkələrin vətəndaşları arasında geniş yayılıb. Xüsusilə də mühacir müraciətləri sırasında Suriya, Əfqanıstan, Çin, İraq, Sudan, Banqladeş, İran, Nigeriya, Pakistan kimi ölkələr üstünlük təşkil edir.
Azərbaycan son 100 illik tarixində iki dəfə böyük mühacirətlə üzləşib. İlk dəfə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra baş verib. Əldə dəqiq statistika olmasa da, bu mühacirət dalğası əsasən milli burjuaziyanın əksəriyyətini və Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsini təşkil edib. Mühacirətdə olan şəxslər Avropa və Türkiyədə siyasi və yaradıcılıq fəaliyyəti göstərsə də, Azərbaycanın siyasi həyatına heç bir ciddi təsir edə bilməyib. Nəhəng ideoloji və hərbi gücü olan SSRİ qarşısında hansısa müsbət nəticə almaq o zaman mümkün deyildi.
İkinci dalğa isə SSRİ-nin dağılmasından sonrakı dövrü əhatə edir. Bu mühacirət müxtəlif illər üzrə artıb azalsa da, davamlı olub və özlüyündə iki mərhələdə daha qabarıq üzə çıxıb. 1991-96-cı illər və 2014-ci ildən bu günədək olan dövrü xüsusi qeyd edə bilərik.
1991-ci ilin sonundan başlayan mühacirət dalğası bir neçə il çox yüksək olub. Bu, gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ ətrafında yaranmış hadisələrdən qaynaqlanıb. Azərbaycandan kütləvi şəkildə köçənlər əsasən ermənilərlə qarışıq ailələr və səfərbərlik yaşına çatan gənclər idi. Qeyri-rəsmi mənbələrdən sızan informasiyalara görə bu gənclərin mütləq əksəriyyəti hakimiyyətdən gedən kommunist komandanın minlərlə orta və yüksək ranqlı nümayəndələrinin övladları olub.
Əsasən Rusiyaya gedən bu gənclərin böyük əksəriyyəti hərbi çağırışdan və səfərbərlikdən boyun qaçıran şəxslər idi. Təcrübəli kommunist məmurlar oğullarını Dağlıq Qarabağda döyüşlərdən yayındırmaq üçün kütləvi şəkildə ölkədən çıxarıb. Bu tendensiya bütün ölkəboyu on minlərlə gənci əhatə edib.
Ölkədən mühacirət edən gənclərin çoxu həmin dövrlər Rusiya ali məktəblərində hüquq və texniki ixtisaslar üzrə təhsili almaq şansı əldə ediblər. 1996-97-ci illərdə eks-prezident Heydər Əliyevin “hərbi çağırışdan və səfərbərlikdən boyun qaçıran” şəxslərlə bağlı imzaladığı əfv sərəncamları həmin gənclərin ölkəyə dönüşünə hüquqi zəmin yaratdı. Hazırda yüksək dövlət orqanlarında həmin sərəncamlardan faydalanan on minlərlə şəxs çalışır.
2014-cü ildən artmaqda olan mühacirətin əsas səbəbi isə sosial-siyasidir.
Bunu əsasən 3 qrupa bölmək olar. Əmək miqrasiyası, təhsil almaq məqsədi ilə ölkəni tərk edənlər və siyasi təzyiqlərlə üzləşənlərdir.
Əmək miqrasiyasına səbəb yoxsulluq, pulsuzluq, işsizlikdir. Bu insanlar yalnız əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvəqqəti xarici ölkələrə üz tuturlar. Vətəndaşlıqdan və daimi qeydiyyatdan çıxmırlar. Ailələri də burada qalır və ən azı il ərzində bir dəfə ölkəyə qayıdırlar. Bu şəxslərin dəqiq statistikası olmasa da, müxtəlif mənbələrə əsasən saylarının bir neçə yüz minə çatdığı ehtimal edilir. Avropa Qaçqınlara Dəstək Agentliyindən alınan məlumata görə Azərbaycandan Avropa İttifaqına gedən mühacirlərin 89 faizi əmək qabiliyyətli əhalidir və 73 faizi kişilərdir. Qeyri rəsmi mənbələrə istinad etsək Rusiyaya gedən mühacirlərin isə təqribən 90 faizi əmək qabiliyyətli kişilərdir.
Təhsil almaq məqsədilə ölkədən gedən gənclərin əksəriyyəti də müxtəlif yollarla xaricdən geri dönməməyə çalışır. Yüksək təhsil alıb ölkəyə dönən gənclərin Azərbaycanda müvafiq iş yerləri tapması mümkün olmur. Həmçinin, Avropanın demokratik yaşam standartlarına uyğunlaşan gənclər Azərbaycan sosial-siyasi mühitində uzun müddət qala bilmir və ölkəni yenidən tərk edirlər.
Siyasi təqiblərə və bank kreditlərini ödəyə bilmədiklərinə görə ölkədən mühacirət edənlər son illər daha da artıb. Bu qrup insanların çoxu əsasən qeyri-rəsmi yollarla ölkədən çıxırlar. Polis təqibi, qanunsuz həbslər, sifarişli məhkəmə qərarları bu sahədə dözülməz şərait yaradıb.
Yeri gəlmişkən qeyri-rəsmi məlumatlara görə Azərbaycanda da statusu bəlli olmayan on minlərlə əcnəbi yaşayır. Suriya, İraq və İrandan gələn miqrantların çoxunun ya rəsmi sənədləri yoxdur, ya da sənədlərinin etibarlılıq müddəti keçib. Əsasən xüsusi tikinti şirkətlərində çalışırlar.
Üzərində xüsusi dayanmaq istədiyimiz məsələ məhz siyasi mühacirlərlə bağlıdır. 
Siyasi mühacirlər indiyədək çox dağınıq və ölkədəki proseslərə əsasən laqeyd idi. Ancaq son illər bu hal çox sürətlə dəyişir. Avropadakı mühacirlərin yeni yanaşma ortaya qoyması özü ilə bərabər yeni siyasi situasiya doğurur.
Mühacirlərin fəallaşmasında 2 səbəb xüsusi rol oynayır. Birincisi, onların sayı sürətlə artdığı üçün Avropa ölkələrində siyasi sığınacaq almaq çətinləşir, digəri isə qlobal informasiya mühitinin yaratdığı təsirlərlə bağlıdır. Artıq müşahidələr göstərir ki xaricdə yaşayan azərbaycanlılar tamamilə yeni bir mərhələyə qədəm qoyub. Burada bir sıra yerli və beynəlxalq amillər, habelə sosial medianın yaratdığı imkanlar xüsusi rol oynayır.
Belə ki, son illər Qərb ölkələrində çoxsaylı insan itkiləri ilə nəticələnən terror hücumlarının artması, korrupsiya və çirkli pulların yuyulması kimi neqativ halların aşkar olması antidemokratik rejimlərə qarşı mənfi rəy formalaşdırır. Belə rejimlərə qarşı yerli hökumətlərin siyasəti getdikcə sərtləşir. Bu hal isə mühacirətin fəallaşmasına təsirsiz ötüşmür.
Həmçinin, Azərbaycanda mövcud olan antidemokratik idarəetmə vətəndaşları mühacirətə sövq edir. Mühacirlər yeni mühitə alışdıqdan qısa müddət sonra hökumətə yönəlik tənqidlərə başlayırlar. Xüsusilə də Qərb ölkələrində yaşayan siyasi mühacirlərin təşkilatlanması onların ictimai-siyasi fəaliyyətlərini genişləndirir. Avropa şəhərlərində fərdi etiraz edən mühacirlərin də sıraları sürətlə genişlənir. Bu mərhələnin ilk addımları sistemli olmasa da, ölkəyə təsirləri tədricən hiss olunur.
Xaricdəki bu fəaliyyətlərin yaratdığı psixoloji dalğa cəmiyyətin müxtəlif sosial qruplarında maraqla müzakirə edilir. Xaricdə məskunlaşan gənclər tamamilə yeni etiraz formaları və siyasi təsir alətlərindən istifadə etməyə başlayıblar. Bəzən bu etirazların əndazəsini aşması halları da müşahidə edilir.
Xaricdə yaşayan bir qrup fəal şəxsin yeni media resurslarından səmərəli istifadəsi ölkənin informasiya-təbliğat məkanında mövcud olan monopoliyanı çox sürətlə dağıdır. İqtidar on illər boyu bütün inzibati resurslarını, maliyyə və informasiya şəbəkələrinı səfərbər edərək yaratdığı mühit gözlənilməz şəkildə dəyişir. Xüsusilə də onların daim təbliğ etdiyi və özü üçün ən toxunulmaz dəyərlər kimi cəmiyyətə sırımağa çalışdığı dəyərlər sistemi sürətlə sökülməkdədir.
Hökumət bu tendensiyanın qarşısını çox primitiv metodlarla almağa cəhd edir. Mühacirlərin ailə üzvləri ətrafında baş verən qanunsuzluqlar sadə insanlarda bu fəalların çıxışlarına marağı və rəğbəti daha da artırır. Hökumət durumu özü üçün getdikcə mürəkkəbləşdirir. Dünyanın bir sıra ölkələrində həyata keçirilən “Diktatoru Tanıdaq” aksiyası hakimiyyətin beynəlxalq arenada mövqelərini zəiflədir. Ölkə daxilində də müxtəlif təsirlər yaratmaqdadır. Müvafiq hökumət qurumları və bu sahəyə məsul olan şəxslər yeni etiraz aksiyalarının qarşısını almaq istiqamətində bacarıqsızdırlar. Bir neçə blogerin, sosial şəbəkə fəalının xaricdəki fəaliyyətlərinin daha çox səs-küyə səbəb olması da hökumətin bu istiqamətdəki səriştəsiz siyasətidir.
Bəzi mənbələrdən sızan informasiyalara görə hazırda Avropa şəhərlərində “Diktatoru Tanıdaq” aksiyaları ilə bağlı yerli polis orqanları fəal müşahidə aparırlar. Aksiyalarla bağlı toplanmış materiallar əsasında hökumətlərə xüsusi hesabatlar hazırlanır. Bu hal AB ölkələrinin Azərbaycanla bağlı siyasətinə hansı təsirləri göstərəcəyini hələlik demək çətindir. Xatırladaq ki vaxtilə İraq, Misir, Suriya, Liviya kimi ölkələrdən mühacirət edən şəxslər də Avropada bu tipli siyasi aksiyalar keçirib. Ölkələrindəki diktatura rejimlərinə qarşı beynəlxalq ictimaiyyətin və AB idarəçilərinin diqqətini cəlb etməyə nail olublar.
Görünən budur ki uzun müddət hətta öz daxilində siyasi rəqabəti qadağan edən iqtidar indiki halda çox uğursuz durumla üzləşib. Sağlam tənqidlərə uyğun reaksiya vermək baxımından hakim partiyanın sıralarından yeni insanlar yetişdirə bilməyib. İqtidar müxalifətə qarşı açıq siyasi oponentlik edə biləcək kadrlar hazırlamaqda çox gecikib. Sosial şəbəkələrdə iqtidarı açıq müdafiə edən bir şəxsə qarşı müxalif fikirli 20-30 şəxs dərhal əks fikir bildirir. Monitorinqlər göstərir ki bu şəxslərin əksəriyyətini heç kim kordinasiya etmir. Hər kəs özü müstəqil şəkildə hökumətə oponentlik edir. İqtidar bütün açıq siyasi müstəvilərdə rəqiblərinə böyük fərqlə uduzur. Yeganə güclü olduğu dövlətin inzibati resurslarını idarə etməsidir. Tarixi proseslər göstərir ki belə resurslara bel bağlayan bütün iqtidarların aqibəti eyni acı sonluqa bitib.
Azərbaycan iqtidarı bütün primitiv metodlarından imtina etməklə yeni münasibətlər sisteminə şərait yaratmalıdır. Siyasi rəqabətə müstəvi verməli, azad medianın önünü açmalı, vətəndaş cəmiyyətinə qanunvericiliklə şərait yaratmalıdır. Cəmiyyətin müstəqil və müxalif düşüncəli şəxslərinə qarşı bütün basqılar dayandırmalıdır. Habelə, etimadlı iqtisadi-siyasi islahatlara başlamalıdır. Hakim komanda öz sıralarından qanunsuzluq törədənləri sərt cəzalandırmasa, mövcud durumu müsbətə doğru dəyişməsi çətin olacaq. Analizlər göstərir ki siyasi mühacirlərin xaricdə fəallaşması ölkədə yeni sosial-siyasi proseslərin yaranmasına səbəb ola bilər.

08 aprel 2018-ci il.