24 Nisan 2016 Pazar

       “Soyqırım” iddiası ermənilərin milli səfərbərlik düsturudur!

Artıq xeyli müddətdir ki, ermənilərin qondarma soyqırım iddiaları regional siyasətin sərhədlərini aşaraq, qlobal siyasətin alətinə çevrilib. Bu siyasətin Türkiyə və türklər üzərində təsirlərini, qarşıda bizi gözləyən nəticələrini geniş analiz etməklə dövlət səviyyəsində konseptual yanaşma ortaya qoymağa ciddi zərurət var. Bunun üçün regionun son yüz illik tarixini sosial-iqtisadi və hərbi-siyasi münasibətlər baxımından ciddi incələyərək, xüsusilə də Osmanlı, Rusiya, İran və qərbin regionda rolundan və maraqlarından doğan geosiyasi prosesləri elmi baxımdan dəqiq öyrənərək, geniş dövlət proqramı hazırlamağa zərurət var.
Bu yazı ilə erməni “soyqırımı” məsələsinə deyil, bizim tarixən yaşadığımız faciələrə və itkilərə yanaşmamızdan doğan mövcud durumumuza ötəri fikir bildirmək istəyirəm. Bəzi suallar var ki, onları konkret cavablandırmaq, həllinə yönəlik təkliflər vermək və həllinə nail olmaq vacibdir. Faciəli tarixlərimizdən ibrət götürməyimizə əngəl olan səbəblər nədir? Düşüncələrimizin önündə dayanan bu görünməz səddi aşmaq mümkündürmü? Toplumu düşdüyü durumdan xilas olmağa istiqamətləndirmək mümkün olacaqmı? Əlbəttə, bu suallara başqa yazılarımızda ətraflı cavab tapmağa, sosial-siyasi aspektdən analiz etməyə çalışacağıq.
Hər kəsə bəllidir ki, ermənilərin və havadarlarının bu qondarma “soyqırım” iddiaları hansısa tarixi faciənin acısından, yaralarından deyil, siyasi məqsədlərindən qaynaqlanır. Tarixçilər, politoloqlar və siyasətçilər zaman-zaman bu siyasi səbəbləri açmağa, əsl gerçəkləri dünyaya çatdırmağa çalışıblar. Bu 100 illik tarixə nəzər salsaq görərik ki, “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi yönündə “soyqırım” iddiası və onun tanıdılması siyasəti bütün dünya ermənilərini birləşdirən, həmrəy və səfərbər edən əsas paradiqmaya çevrilib. Erməni milli varlığını və müasir erməni dövlətçiliyinin siyasi-ideoloji sütununu bu yanaşma təşkil edir. Görünən budur ki, qondarma “soyqırım” iddiası ermənilərin milli özünüqoruma düsturudur.
Əsrlər boyu türk torpaqları kimi mövcud olmuş ərazilərdə öz dövlətini yaratmağa nail olmuş ermənilər, hər tarixi fürsətdən maksimum istifadə edərək, ərazilərini bizim torpaqlar hesabına daha da genişləndirməyə çalışıblar. Bu qonşumuz, müstəqilliyimizi yenidən bərpa etdikdən sonra da ərazilərimizin bir hissəsini Rusiya ordusunun birbaşa dəstəyi və iştirakı ilə işğal etməyə nail olub. Hərbi-siyasi hazırlığımız yetərli olmadığı üçün ərazilərimiz işğal olunub, şəhərlərimiz və kəndlərimiz tamamilə yerlə-yeksan edilib, minlərlə soydaşımız qətlə yetirilib, insanlarımız öz yurd-yuvasından didərgin düşüb. Sülh təşəbbüsləri, diplomatik cəhdlər səmərə vermədiyi üçün ermənilər hələ də ərazilərimizi işğal atıinda saxlamağa və milli heysiyyatımızla oynamağa davam edir.
 Səbəbləri aradan qaldırmağa deyil, bəhanələr axtarmağa meylliyik
Ən yaxın qonşularımız Rusiya və İranın Ermənistana hərtərəfli hərbi-siyasi dəstəyi həmişə olub və yəqin ki, bundan sonra da davam edəcək. Biz, bu durumu olduğu kimi qəbul etməli və toplumu bu gerçəkləri dərk edərək yaşamağa hazırlamalıyıq. Ermənilərin hər tarixi fürsətdə niyə həmişə bizi hədəf seçdiyinin, torpaqlarımıza göz dikdiyinin səbəblərini təkcə düşmənçilikdə və məkrli qonşularımızın dəstəyində deyil, həm də daha çox özümüzün-özümüzə olan münasibətimizdə axtarmalıyıq. Görünən budur ki, ermənilər bizim zəif yerimizi dəqiq tapıb və özü üçün asan hədəf seçib.
Türkün keçmişi, tarixə hökm edən rolu, çoxsaylı imperiyalar yaratması və fərdi qəhrəmanlıqları haqqında oxuduğumuz, eşitdiyimiz faktların heç biri bizi bu bəlalardan qorunmağa hazırlaya bilməyib. Həm ərazicə, həm sayca, həm də tarixi naliyyətləri və təbii sərvətləri ilə qat-qat bizdən aşağı olan, zəif qonşumuza üstün gələ bilməmişik. Ermənilər dədə-baba torpaqlarımızda özlərinə dövlət qurub və nəyin sayəsində olmasına baxmayaraq bizə meydan oxumaqda davam edir.
Fərdlər öz acizliyini, savadsızlığını, bacarıqsızlığını ört basdır etmək üçün müxtəlif bəhanələr axtarıb günahı başqalarının üstünə atdığı kimi, təəssüf ki, bizim toplum da öz məğlubiyyətinin əsas səbəblərini pərdələmək üçün beynəlxalq gücləri, güclü qonşularımızı günahlandırmaqla özünə təsəlli verib. Ümummilli iradənin azad və şəffaf şəkildə idarəetməyə daşınmasına əngəl olan bütün açıq və gizli təşəbbüslərə toplumun seyriçi qalması ölkənin inkişafına, təhlükəsizliyinə problem olaraq qalır. Hökumətin çoxsaylı istedadlı və bacarıqlı insanlarımızın önünə çəkdiyi nəhəng süni səddin qaldırılmasına toplumun reaksiyası yox səviyyəsindədir. Halbuki, problemlərimizin, məğlubiyyətimizin köklü səbəbləri daha çox toplumun təbii yolla ələkdən keçməsinə imkan verilməməsi və toplumun buna müqavimət göstərməməsidir.
Ermənilər əzəli türk torpaqlarında özlərinə dövlət qurmağa nail olsalar da, demokratik idarəetmə və tərəqqi istiqamətində elə də böyük nailiyyətlərə imza atmayıblar ki, onlara həsəd aparaq. Onlarda da işsizlik, yoxsulluq, korrupsiya və rüşvətxorluq baş alıb gedir, ədalətli cəmiyyət, şəffaf idarəçilik, azad seçki və insan haqları sahəsində problemlər hökm sürür. Problemlərin oxşarlığı baxımından elə də ciddi fərqimiz olmasa da, dövlətçilik üçün çox vacib bir məsələdə onlar bizdən xeyli öndədirlər.
Erməni cəmiyyətinin vahid birlik düsturu var və bütün cəmiyyət bu düsturu könüllü qəbul edib. Erməni xalqı öz mövcudluğunu, təhlükəsizliyini və həmrəyliyini bu düsturla həll edə bilir. Daxili siyasətdə milli maraqlarının bütün elementlərini kollektiv dərk edərək qoruyan ermənilər, xarici siyasətdə də öz milli mövcudluğunu, dövlət maraqlarını ardıcıl, sistemli, konüllü lobbiçiliklə həyata keçirirlər. Ermənilərin milli iradəsi Ermənistanın müstəqilliyindən asılı olmayaraq və mövcud sərhədlərindən çox uzaqda da üstün qüvvəyə malikdir.
Təəssüf ki, biz hələ də çoxluğun könüllü qəbul ediləcəyi bu ortaq düsturu tətbiq edə bilmirik. Hökumət toplumu yalnız öz ideoloji atributları ətrafında birləşdirmək üçün səmərəsiz cəhdlərini davam etdirir. Faktiki olaraq hökumətin dövlət marağına səriştəsiz və mövsümi yanaşması səbəbindən dövlətin təməlli və qalıcı ideoloji birlik düsturu yoxdur. Bu gün toplumu öz ətrafında birləşdirə bilən təbii dəyərlərin möhkəmləndirilməsinə deyil, dağıdılmasına yönəlik sistemli çalışmalar mövcuddur.

19 Nisan 2016 Salı

Hökumətin ənənəvi yanaşması ilə ərazi bütövlüyümüzün bərpası mümkün olmayacaq

Hökumətin ənənəvi yanaşması ilə ərazi bütövlüyümüzün bərpası mümkün olmayacaq
Ermənistan hərbi birləşmələrinin işğal altında saxladığı torpaqlarımızın təmas xəttində törədilən qanlı təxribatların nəticəsində yaranmış irimiqyaslı hərbi toqquşmalar, tərəflərin verdiyi böyük itkilər, yeni atəşkəs razılaşması regionda və ölkədə fəal müzakirələrə təkan verib. Uzun zamandır xalqımızın laqeydliklə izlədiyi və müzakirələrində öncəlik vermədiyi Qarabağ məsələsi artıq ölkə gündəmini tamamilə ağuşuna alıb. Nəinki beynəlxalq təşkilatların, ictimai-siyasi qurumların, hətta hər ailənin də əsas müzakirə mövzusu Qarabağ ətrafında baş verənlərdir.
               Duruma uyğun davranış
Hakimiyyətin Qarabağ məsələsinin həlli istiqamətində indiyə kimi apardığı daxili və xarici siyasəti ən səthi şəkildə analiz etsək, ortaya çox neqativ mənzərə çıxar.
Anlaşılan budur ki, hökumətin münaqişənin həllinə dair konseptual yanaşması olmadığı üçün heç vaxt əməli şəkildə bu problemə fokuslanmayıb. 22 ildir davam edən status-kvonun dəyişməsini ölkəmizin maraqları birmənalı şəkildə tələb etsə də, hökumət bu istiqamətdə əməli addımlar atmağa qətiyyən həvəs göstərməyib. Sanki bu məsələyə ən az aidiyyatı olan tərəf Azərbaycan hökuməti olub. İndiyə kimi tək bir fakt belə yoxdur ki, hökumət bu illər ərzində problemin həlli istiqamətində hansısa təşəbbüslərə müəlliflik etsin. Yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin hansısa mövsümi səfərlərində səslənən təkliflərə “yox” deməklə işini bitmiş sayıb. Ara-sıra səslənən bəyanatlarda vurğulanıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək hüququna sahibdir və lazım gələrsə, bu addımı atacaq.
Ölkə əhalisi də, beynəlxalq ictimaiyyət də sanki bu yanaşmadan məmnun qalıb. Qarabağ münaqişəsinin əsasən dondurulmuş halda olması beynəlxalq nəhəng layihələrə əngəl törətmədiyi üçün beynəlxalq sülhyaratma təşəbbüslərində ciddi tələbkarlıq müşahidə edilməyib. Ölkə daxilində də xüsusi ictimai təzyiq olmadığı üçün hökumət də xüsusi narahatlıq keçirməyib. Məcburi köçkünlərin məskunlaşdırılması prosesi onların əksəriyyətini qismən qane etdiyi üçün hökumətə qarşı loyal münasibət sərgiləyib və torpaqların azad edilməsi üçün yüksək tələblərdən yayınıblar. İctimai-siyasi qurumların təşkilatçılığı olmadan torpaqların azad edilməsini tələb edən tək bir kütləvi etiraz aksiyasının baş verməməsi dediklərimizə sübutdur.
Bu illər ərzində hökumət əsas təbliğatını onun üzərində qurmuşdu ki, atəşkəs nəticəsində itkilərin qarşısının alınmasına, yeni ərazilərin itirilməməsinə, sabitliyin qorunub saxlanılmasına nail olub. Atəşkəsin yaratdığı imkanlardan yararlanaraq ordu quruculuğunda və sosial-iqtisadi sahədə ciddi uğurlara imza atması ilə bağlı tezislərlə toplumu total təbliğat altında saxlayıb.
Hətta “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun media üzərindən apardığı monitorinqlərə əsasən 22 illik atəşkəs dövründə tək-tək şəhid olan hərbi qulluqçularımızın sayı iki minə yaxın olsa da, bu hal toplumun fəal reaksiyasi ilə nəticələnməyib. Məsələnin təhlükəli mahiyyətini dərk edənlərin istənilən etirazları və hətta “Əsgər ölümlərinə son” aksiyası da toplumun geniş dəstəyini qazanmayıb. Nə müharibədən birbaşa zərər görənlərin, nə geniş xalq kütlələrinin, nə mütəşəkkil ictimai-siyasi qurumların, nə hökumətin, nə də beynəlxalq sülhyaratma missiyasının nəzərə çarpacaq addımları olub. Hər bir tərəf duruma uyğun davranış sərgiləyib. Bu günün şərtlərindən boylanaraq geriyə baxsaq, arxada qalan 22 illik dönəm olduqca mühüm fürsətlərin qaçırıldığı illər kimi tarixə yazılacaq.
          Son hərbi toqquşmanın ictimai-siyasi həyata göstərəcəyi təsirlər
Son qanlı toqquşmanın acı nəticəsi zaman keçdikcə daha böyük ictimai müqavimət yaradacaq. Qısa müddət sonra süni şəklidə şişirdilmiş qələbə eyforiyasını, reallığa söykənən sərt münasibət əvəz edəcək. Onsuz da gərgin sosial-iqdisadi böhranla baş-başa qalan toplum, mövcud olmayan qələbə ilə uzun müddət ovundurula bilməz. Çoxsaylı şəhid və yaralıların olduğu əməliyyatda heç bir rayonun belə azad edilmədiyi halda Rusiyanın təzyiqi ilə yeni atəşkəs razılaşması xeyli suallar yaradacaq. 
Böyük dövlətlərin regional və qlobal maraqları kontekstində Qarabağ probleminə yeni məzmun verilməsi cəhdləri açıq-aydın başlayıb. Xüsusilə də Rusiyanın münaqişədən yararlanaraq özünü əsas sülhpərvər nizamlayıcı statusunda təqdim etməsi qabarıq nəzərə çarpır. Daim qonşuları ilə zor dili ilə danışmağa adət edən Rusiya sanki bölgəyə açıq müdaxilə etmək üçün bəhanə axtarır. Qərbin regiona daha geniş nüfuz etməsini önləmək üçün Azərbaycanı tamamilə öz müstəvisinə çəkmək planlarını işə salıb. 
Toplumun da problemə ənənəvi yanaşmasında ciddi dəyişiklik baş verir. İndi hər kəs anlayır ki, problemin uzun illərdir həll edilmədən saxlanılması böyük təhlükə mənbəyinə çevrilib. Bir anda alovlanacaq münaqişə hər bir sadə insanının ocağına düşə bilər və acı faciələr yaşadar. Hökumətin ənənəvi tezisləri artıq öz əhəmiyyətini itirib və insanları qane etməsi mümkünsüzdür. Ən müxtəlif müstəvilərdə aparılan müzakirələrə diqqət etsək görərik ki, toplum artıq hökumətdən konkret və aydın mövqe gözləyir. Yəqin ki, müxalifətin də gündəmində, siyasi müzakirələrində və tələblərində Qarabağ mövzusu əsas yerdə olacaq.
Döyüş şəraitində Silahlı Qüvvələrə toplumun bütün kəsimindən açıq dəstək ifadə olunması dövlət ənənəsinə və ölkədaxili həmrəyliyə müsbət nümunə yaratsa da, hökumətin ənənəvi yanaşması uğurlu münasibətlərə əngəl törətməkdə davam etdi. Hərbi əməliyyatlar zamanı müxalifətin dövlət konyukturasına uyğun yanaşması nəinki sadə insanlar, hətta hakimiyyətin də müəyyən dairələrində rəğbətlə qarşılandığı barədə məlumatlar var idi. Müxalifətin ümummilli maraqlara daha məsuliyyətlə yanaşdığı və hərbi əməliyyatlara dəstək ifadə etməsi hökumətin illərlə müxalifətə qarşı apardığı anti-təbliğata sarsıdıcı zərbə oldu. Görünür müxalifətin belə davranışına toplumun daxilində rəğbətin artması tendensiyası hökumət üçün gözlənilməz oldu və ciddi narahatlıq yaratdı. Ölkənin mənafeyi baxımından müxalifətin atdığı əhəmiyyətli addımların yeni siyasi münasibətlərə körpü olmasına ciddi müqavimət göstərildi. Azərbaycan hökuməti yaranmış daxili həmrəylikdən və hərbi üstünlükdən milli maraqlarımız baxımından maksimum yararlanmaq, torpaqlarımızın azad edilməsi uğrunda əmin addımlar atmaq əvəzinə, müxalifətlə münasibətləri gərginləşdirməyə doğru addımlar atdı.
Qlobal beynəlxalq münasibətləri analiz etdikdə aydın görünür ki, Qarabağ məsələsinin ədalətli həlli istiqamətində yeni əlverişli geosiyasi vəziyyət yaranıb. Hökumət bu tarixi fürsəti qaçırmamalı və indiyədək sərgilədiyi ənənəvi yanaşmaları sürətlə dəyişməlidir. Siyasi əqidəsinə görə qondarma ittihamlarla həbsə məhkum edilmiş şəxsləri son nəfərinə kimi azad etmək, vətəndaşların təməl hüquqlarına hörmət qoyulması istiqamətində islahatlara başlamaq və ölkənin demokratikləşməsinə keçid etmək zamanıdır. Ən əsası isə hökumət Qarabağ danışıqlarında şəffaflığı təmin etməli, toplumun bütün kəsiminin açıq müzakirələrə qoşulmasında maraqlı olmalıdır.  

4 Nisan 2016 Pazartesi

Toplum Qarabağın hərbi yolla azad edilməsinə meyllənib.

Cəbhənin Ağdərə-Tərtər-Ağdam istiqamətindən təmas xəttində baş verən irimiqyaslı, çoxsaylı itkilərlə nəticələnən lokal hərbi toqquşma bir anda ölkəni və beynəlxalq ictimaiyyəti silkələdi. 
Rəsmi məlumatlara əsasən, bu döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub, 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub, 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb, mülki şəxslər arasında ölənlər və yaralananlar var. Qarşı tərəfin də onlarla hərbi texnikası və yüzdən çox canlı qüvvəsinin məhv edildiyi, bəzi ərazilərin düşməndən təmizləndiyi Müdafiə Nazirliyinin məlumatında qeyd edilir. 
Qeyri rəsmi mənbələrin və qarşı tərəfin yaydığı məlumatlarda isə itkilərimizin rəsmi göstərilənlərdən xeyli çox olması iddiasıdır. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyir, onların doğmalarına və yaxınlarına baş sağlığı veririk.
Konkret olaraq bu irimiqyaslı toqquşmanı hərbi nöqteyi-nəzərdən təhlil edəcək qədər məlumata sahib olmadığımızdan, məsələni peşəkar şərhlər üçün hərbi ekspertlərin öhdəsinə buraxaq. Fürsətdən istifadə edərək qeyd edək ki, son vaxtlar hərbi xarakterli hətta açıq məlumatlar da ucdantutma məxfi saxlanıldığı üçün bir çox suallara dəqiq cavab tapmaq mümkün olmur. Həmin gecə nə baş verdiyini, necə baş verdiyini, öncə kimin hansı şəraitdə hücum etdiyini, əsgərlərimizin harada və necə şəhid olduğunu dəqiq bilmədiyimiz üçün bu barədə fikir bildirməyi də doğru saymırıq. Həmçinin, tankın və döyüş helikopterinin hansı ərazidə necə vurulması, əməliyyat uçuşlarına neçə helikopterin cəlb edilməsi və vurulduqdan sonra hansı əraziyə düşməsi, şəhid olan pilotlarımızın cəsədləri ilə bağlı rəsmi məlumatların olmaması da bu mövzuda açıq müzakirəyə imkan vermir. Bəzi mənbələrdən əldə etdiyimiz məlumatların təhlilinə əsasən ilkin qənaətimiz bundan ibarətdir ki, təxribatlar qarşı tərəfdən edilib və Silahlı Qüvvələrimizin öncədən genişmiqyaslı hərbi əməliyyatlarla bağlı hazırlığı olmayıb. Elə Müdafiə Nazirliyinin də ilk rəsmi mövqeyi belədir. Amma nədənsə həm tankların, həm də helikopterlərin belə lokal əməliyyata cəlb edilməsi zərurəti yaranıb. Müşahidə etdiyimiz ləng və çaşqın informasiya siyasəti də bunu açıq təsdiq edirdi ki, əməliyyat gözlənilməz olub.
Müasir dövrün tələblərinə əsasən informasiya müharibəsi hərbi toqquşmalardan heç də az əhəmiyyət kəsb etmir. Təəssüflə qeyd etməliyik ki, bu istiqamətdə həmişə olduğu kimi düşmən tərəfinə xeyli uduzuruq. Müqayisə üçün deyə bilərik ki, cəbhə bölgəsindən yayılan ilk rəsmi məlumatların əksəriyyəti şəkil və video görüntü ilə təsdiqlənmədiyi halda, erməni tərəfi çoxsaylı belə görüntülərlə informasiya mühitinə təsir göstərdi. Olaylarla bağlı inandırıcı informasiya yaymaqda çox ləng qalan rəsmi strukturlar özlərinə olan etimadı ciddi şəkildə zədələyir. Gün ərzində helikopterin vurulmasını həm təkzib, həm də təsdiq edəcək qədər ziddiyyət nümayiş etdirildi. Düşmən tərəfin şişirdilmiş məlumatları ilə ölkə tam tanış olduqdan sonra şəhid və yaralılar haqqında, vurulan hərbi texnikalar barəsində informasiyaların yayılması olduqca pis göstəricidir. Müdafiə Nazirliyinin müvafiq qurumları ölkə daxilində yayılan hərbi xarakterli informasiyalara qadağalar tətbiq etməyə deyil, etimad göstərilən müstəqil medianın obyektiv və operativ xəbərlər hazırlamasına şərait yaratmalıdır. Yayılan rəsmi məlumatların şəkil və video görüntü ilə dəstəklənməsi peşəkarlıqla yanaşı, həm də toplumda ruh yüksəkliyini, orduda döyüş əzminin artmasına ciddi təkan ola bilər.      
Konkret olaraq ilk atəşi kimin, hansı şəraitdə açmasından asılı olmayaraq, Azərbaycan tərəfinin atdığı heç bir cavab addımları onu haqsız göstərə bilməz. Azərbaycan faktiki olaraq ərazisi işğalda olan, əhalisi köçkün düşən, mövqeləri hər gün atəş altında qalan tərəf kimi beynəlxalq hüquqa istinad edərək hərbi əməliyyatlara başlamaq haqqına sahibdir. İstənilən əlverişli an bu hüququn gerçəkləşdirilməsi vacibdir və yəqin ki, nə zamansa gerçəkləşdiriləcəkdir.
Son vaxtlar dünyada baş verən qlobal münaqişələr fonunda Ermənistan-Azərbaycan arasındakı hərbi-siyasi gərginlik arxa plana keçsə də, hər zaman alovlanma ehtimalını saxlayırdı. Təhlillər göstərirdi ki, Rusiya Suriyada uzun müddət qalmağın ona baha başa gəldiyini anlayır və Qafqazda daha da möhkəmlənmək üçün yeni cəhdlər edəcək. Bu məqsədlə mövcud hərbi münaqişələrin yenidən qızışdırılacağı da istisna deyildi. Qərbin regionda fəallaşması açıq müstəviyə keçməmiş Rusiya burada təşəbbüsü tam ələ götürməyə cəhd edir. Hətta Ermənistanın da ondan uzaqlaşması təhlükəsini hesablayan Rusiya, indiki halda qızışmaqda olan müharibədən ən çox faydalanmaq arzusundadır. Ermənistan və Azərbaycan hakimiyyətlərində çox güclü təsir riçaqlarına sahib olan Rusiya, bu dövlətlərin daxili və xarici siyasətlərinə təsiri tam olaraq əlində saxlamağa və çoxtərəfli strateji uduş əldə etməyə çalışır. Hər iki tərəfdə onun strateji maraqları naminə əmr gözləyən güclü qüvvələr mövcuddur.
Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da keçirdiyi yüksək səviyyəli görüşlərin şimal qonşumuzun narahatlığını xeyli artıracağını gözləyirdik.  Məhz Qarabağ ətrafında yaranmış bu gərginliyin ssenarisi şübhə yox ki, Rusiyada hazırlanıb və onun tərəfindən istiqamətləndirilir. Hərbi əməliyyatlarla bağlı Ermənistan mediasının da, cəmiyyətinin də hökumətinin də hazırlıqsız olduğu və təşviş keçirdiyi görünür. Həmçinin eyni hal Azərbaycan tərəfində də yaşanır. Nə düşünülmüş hazır rəsmi informasiya siyasəti var, nə də cəbhəyanı bölgədə dinc sakinlərin təhlükəsizliyini təmin etmək istiqamətində məqsədyönlü addımlar atılıb. Qarabağın erməni əhalisi Ermənistana doğru, Azərbaycanın cəbhəyanı ərazidə məskunlaşan əhalisi isə təşviş içərisində və pərakəndə halda  ölkə daxilinə doğru qaçmağa çalışır. Yalnız Rusiya mətbuatı və rəsmi qurumları çox hazırlıqlı davranır, sanki öncədən proseslərin necə olacağını bilirmişlər və əllərində hazır "konspektlər" var. Çox güman ki, Rusiya ABŞ da səfərdə olan Azərbaycan və Ermənistan prezidentlərinə özünəməxsus mesaj verir.  Hər halda bu gün Rusiyanın yüksək rütbəli nümayəndələrinin səfərlərindən sonra olaylar yəqin ki aydınlığa qovuşacaq. Müzakirələrin nəticəsi olaraq ya hərbi vəziyyət tam sabitləşəcək, ya da daha da qızışaraq yeni mərhələyə keçəcək. 
Atəşkəsin belə iri miqyasda pozulması çoxsaylı itkilərlə müşayiət olunsa da, bir çox məsələyə aydınlıq gətirməsi baxımından əhəmiyyətli oldu. İlk növbədə beynəlxalq arenada ölkəmizə verilən siyasi dəstəyin müsbət istiqamətdə olduğunu müşahidə etdik. Rusiya və İran ənənəvi müttəfiqlərinə sadiq qalsa da, Azərbaycanın haqq işinə Qərbin siyasi dəstəyinin davam etdiyini gördük. Hökumətin anti-qərb siyasəti isti münasibətlərə müəyyən qədər kölgə salsa da, ümummilli problemlərimizin həllində qərbin dəstəyi əlverişli beynəlxalq durum yaradıb. 
Hökumət ölkədaxili siyasətdə bütün repressiv metodlarla müxalifət və müstəqil şəxslərə qarşı əzici fəaliyyət sərgiləsə də, ümummilli məsələdə qarşı tərəfin yanaşması toplumda rəğbətlə qarşılandı. Hərbi toqquşmaların gücləndiyi bir vaxt da müxalifətin bütün siyasi tənqidləri dayandırması ölkənin mənafeyi baxımından çox əhəmiyyətli olmaqla yanaşı, həm də müxalifətin daha yetkin və məsuliyyətli olduğunu sərgilədi. Döyüş şəraitində Silahlı Qüvvələrə toplumun bütün kəsimindən açıq dəstək ifadə olunması dövlət ənənəsinə xeyli müsbət nümunə yaratdı.
Silahlı Qüvvələrimizin şəxsi heyəti də ilk sınaqdan üzüağ çıxa bildi. Döyüş tapşırıqları uğurla nəticələndi və orduda əhval-ruhiyyə xeyli yüksəkdir. İlk nəticələr təhlil edilərək strateji hazırlıq aparılmalıdır. Qənaət budur ki, ölkə əhalisi torpaqların azad edilməsini istəyir, ordu lokal döyüşlərə hazırlıqlıdır, müxalifət isə siyasi iddialarını ertələməyə hazırdır. İndi son söz və siyasi iradə hökumətindir.
Azərbaycan hökuməti yaranmış daxili həmrəylikdən və hərbi üstünlükdən milli maraqlarımız baxımından maksimum yararlanmalı, torpaqlarımızın azad edilməsi uğrunda gerçək və intizamlı bir hərəkata başlamalıdır. Həmçinin, uğurlu nəticə istəyiriksə, siyasi əqidəsinə görə qondarma ittihamlarla həbsə məhkum edilmiş şəxslər azad olunmalı, vətəndaşların təməl hüquqlarına hörmət qoyulması istiqamətində islahatlara qərar verilməli və ölkənin demokratikləşməsinə keçid edilməlidir. Azərbaycan Silahlı Qüvvələrin atəşi birtərəfli qaydada dayandırması barədə bəyanatı siyasi gediş kimi qəbul edilən olsa da, işğal olunmuş ərazilərimizin təmizlənməsi yönündə əməli fəaliyyətlərə əngəl olmamalı və əməliyyatlar genişlənməlidir.

4 aprel 2016-cı il.