25 Ekim 2016 Salı

Ən çox qorxuya yoluxmuş insanlar itirməyə heç nəyi olmayanlardır!

Bu yazıda ölkə əhalisinin təxminən 50 faizinin yaşadığı kəndlərin sosial durumuna səthi nəzər salmağa və subyektiv baxışlarımı müzakirənizə təqdim etməyə çalışacağam. Bu müşahidələrimi kimlərinsə bəyənməməsini anlayışla qəbul edir və ictimai-siyasi təfəkkürü olan insanların təkliflərini eşitməyə hazır olduğumu bildirirəm.

Cəmiyyətimizin hazırkı real mənzərəsi sabit görünsə də, ölkə vətəndaşlarına olduqca təhlükəli gələcək vəd edir. İnsanların ictimai-siyasi təşəbbüslərə və öz hüquqlarına laqeydliyi, bir-birinə etimadsızlığı elə geniş miqyas alıb ki, onu sözlə ifadə etmək çox çətindir. İdarəetmənin yaratdığı mühitdən qaynaqlanan bu mənfi tendensiya müsbət ənənələrin qismən də olsa yaşadığı kənd yerlərində də artıq çox sürətlə pisləşməyə doğru gedir. Bu qorxulu gedişi necə durdurmaq, hansı zəruri addımları atmaq barədə çağırışlara hökumətin göstərdiyi etinasız münasibət təəssüf ki, tədricən fəal insanların da əlini işdən soyudur.
Kəndlərimizdə mövcud olan sosial-psixoloji münasibətlər sistemi hər zaman qanunlarla yanaşı həm də ənənələrə söykənən ailə, qohum, tayfa əlaqələrindən qaynaqlanıb. Hər bir çətinlik və ya hansısa iş zamanı qarşılıqlı yardımlaşan insanlar indi bu əlaqələri yalnız xeyir-şər olayları ilə məhdudlaşdırıb. Bu amilləri yaradan səbəblər müxtəlif olsa da, mənfi təsirlərinin nəticəsi eynidir. Müasir kommunikasiyanın və elektronikanın yaratdığı yeni mühitlə yanaşı, efirlərin “reytinqli” bayağı verilişləri, qeyri-peşəkar təbliğat və topluma aşılanan “mədəniyyət”, teleserial “terroru”, habelə anti-demokratik idarəetmənin fəsadları birlikdə özünü göstərir.
Kəndlərin ictimai-siyasi mənzərəsi də şəhərlə müqayisədə daha acınacaqlıdır. 15 ildən artıqdır ki, kəndlərimizə bir dənə də olsun müstəqil və müxalif qəzetlər gətirilmir. Əhaliyə asan çatan informasiya mənbələri olan televiziyalar isə tamamilə hökumətin nəzarətindədir. Efirlərin təqdim etdiyi məlumatlar yalnız birtərəfli qaydada hökumətin siyasətinə xidmət edir. Alternativ məlumat almaq imkanı məhdud olan əhali ictimai-siyasi dünyagörüşdən və müzakirələrdən xeyli uzaqlaşıb. Məşğuliyyəti olmayan kişilər də təəssüf ki, bütün günü çayxanalara yığışıb domino və nərd oynamaqla vaxt keçirirlər. Kənddə heç bir ictimai faydalı işlə məşğul ola bilməyən gənc və orta yaşlı insanlar tədricən özünün sosial əhəmiyyətini də itirir.
Kəndlərin çoxunda artıq elə bir vəziyyət hökm sürür ki, insanlar dolanışığını yaxşılaşdırmaq üçün hətta az-çox əllərində olan imkanlardan belə istifadə etmək istəmirlər. Çünki zəhməti çox, gəliri isə cüzi olan işlərə sərf edilən əmək bəzən heç bir ailənin illik ehtiyatını toplamağa da yetərli olmur. Hökumətin səmərəsiz fəaliyyətindən ümumi narazılıq edən böyük çoxluq əsasən bu duruma etiraz etmək məqamı çatanda nədənsə gözdən itirlər. Təzadlı olan budur ki, ən çox qorxuya yoluxmuş insanlar itirməyə heç nəyi olmayanlardır. Əhalidə elə bir psixoloji vəziyyət hökm sürür ki, istənilən ictimai-siyasi təşəbbüslərə də qeyri-ciddi münasibət göstərilir. Yerli icra hakimiyyətindən tam asılı olan, heç bir yerli problemi həll etməyə qadir olmayan bələdiyyələrə də etimad qalmayıb.
Hətta bir-biri ilə qohum olan insanlar da birgə işləməyə, birgə etiraz etməyə, birgə nəticə almağa cəhd etmirlər. Sadə insanlarda bir-birinə və dövlətin strukturlarına qarşı şübhə, inamsızlıq, güvənsizlik müşahidə edilir. Sakinlər tərəfindən kollektiv yerli təşəbbüslər də yox səviyyəsindədir. Dolanışıq qayğılarından başqa heç bir mövzuda müzakirəyə meyl qalmayıb.
Bir haşiyə çıxaraq qeyd edim ki, aprel döyüşləri zamanı ermənilərlə təmas xətti boyunca məskunlaşan kənd və qəsəbə sakinlərinin, habelə 30-40 kilometr uzaqlıqda yerləşən rayon əhalisinin reaksiyası da ciddi narahatlıq doğururdu. O zaman müəyyən səbəblərdən bunu yazmaq mədsədəuyğun olmasa da, indi qeyd etməyi zəruri hesab edirəm. Yerli əhali 1993-cü ildə daha ağır şərtlər altında qalsa da təmkinli davrandığı halda, aprel əməliyyatları zamanı həmin əhali daha böyük təşviş və vahimə içərisində ev-eşiyini tərk edirdi. Nə rəsmi məlumatların mötəbərliyinə etibar edən var idi, nə də yerli məmurların çağırışlarına məhəl qoyan. 
Yerlərdə idarəçilər yalnız öz ailələrinin büdcəsini artırmaqdan və onların qayğısına qalmaqdan savayı heç bir ümumi fəaliyyətə cəhd etmirlər. Əhali arasında səlahiyyət sahiblərinin ictimai nüfuzu yox səviyyəsində olsa da, bu amil o məmurları qətiyyən narahat etmir. Əhalinin güzəranını yaxşılaşdırmaq, dövlət-vətəndaş münasibətlərində etimad yaratmaq düşüncəsində olan tək bir məmura belə rast gəlmək mümkün deyil. Gündə bir-iki saat dövlət işlərinə vaxt sərf edən yerli məmurlar qalan vaxtlarda əlindəki imtiyazdan yararlanaraq öz biznesini, təsərrüfat işlərini idarə edirlər.
Kəndlərdə nə bir xeyriyyəçi fərd, nə də təşkilat var. Bu ənənə kəndlərdə yox olmaq həddindədir. Əgər kimsə ümumi faydalı bir iş görmək istəsə, yerli hakimiyyət nümayəndələri dərhal bu işə şübhə ilə yanaşır və belə təşəbbüslərin qarşısını müxtəlif bürokratik əngəllərlə kəsirlər. Yerli idarəetmə strukturları sanki əhalinin əlinə və ayağına keçirilmiş “qandala” bənzəyir. Böhranın yaratdığı sosial durumun kənd və rayon əhalisini inzibati buxovdan xilas edəcəyi də inandırıcı görünmür.
Belə bir yerli idarəçiliklə kənd təsərrüfatı layihələrinin uğur qazanma etimalı da sıfıra bərabərdir. Yerli dövlət qurumları zəhmətkeş insanlara dəstək olmaq əvəzinə onlara qənim kəsilib. İş ardınca şəhərlərə üz tutan insanlar da artıq iş tapa bilmədikləri üçün kəndlərə qayıdır və yerlərdə böyük bir işsizlər ordusu yaranmaqdadır. Bir az taqəti və pulu olan əhali tədricən biznes mühitinin əlverişli olduğu qonşu ölkələrə üz tutsa da, böyük çoxluq çarəsizlik içərisində ümidini mücərrəd gələcəyə bağlayıb. Bu hal uzun müddət belə davam edə bilməz. Hökumət təcili tədbirlər həyata keçirməsə, kəndlərdə yoxsulluq daha da artacaq.
25 oktyabr 2016

21 Ekim 2016 Cuma

Böhranın ağırlığını əhali çəkməli olacaq?

Böhranın ağırlığını əhali çəkməli olacaq?

Ölkəmiz yeni sosial-siyasi mərhələ ərəfəsində olsa da, baş verə biləcək olayların təfərrüatlarını proqnoz etmək çox çətindir. Sadəcə onu demək olar ki, bu dönəm çağdaş siyasi tariximizin olduqca mühüm səhifəsi kimi dövlətimizin və vətəndaşlarımızın bundan sonrakı aqibətini müəyyən edəcək.
Proqnozları çətinləşdirən obyektiv və subyektiv amilləri sadalamaqla vaxt itirmədən qısaca olaraq deyə bilərik ki, ölkədə sosial, iqtisadi, siyasi, hüquqi və psixoloji durum çox gərgindir. Ən təhlükəlisi isə odur ki, ölkədaxili siyasətin konyukturası dövlətçilik ənənəsindən uzaqlaşaraq şəxsi iradəyə tabe etdirilib. Atılan bütün addımlar cəmiyyətin tələbatından, qanunauyğunluqdan və ictimai-siyasi proseslərdən deyil, iqtidarın korporativ maraqlardan qaynaqlanır.
Məhz bu amilləri nəzərə alaraq, hətta ölkədə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı ehtimallara da ehtiyatla yanaşaraq bu diskusiyalardan uzaq durmağa çalışdıq. Çünki siyasi proseslərin qanuna və hüquqa əsaslanması son dövrlər iqtidarı çox az qayğılandırdığı açıq görünür. İstisnalar olsa da, heç cəmiyyət də bunu hakimiyyətdən tələb etmir. Sanki xalqımızın əksəriyyəti öz ölkəsində müvəqqəti məskunlaşan mühacirlər kimi davranırlar.
Yaxın regionda genişlənən hərbi münaqişələr və iqtisadi-siyasi maraqlar fonunda beynəlxalq qlobal güclərin ölkəmizə təzyiqləri də getdikcə artmaqdadır. Xalqımız sosial problemlərin məngənəsində əzilsə də, “dözüm” nümayiş etdirməkdə, hökumət isə heç bir çıxış yolu tətbiq etməyə qadir olmasa da, köklü islahatlara başlamamaqdadır. Hələlik əhali dolanışığının, hakimiyyət isə özünü necə qoruyacağının və gücləndirəcəyinin qayğısındadır.
Hökumətin məsuliyyəti birbaşa iqtidarın üzərində olsa da, cəmiyyətin durumu və gələcəyi ilə bağlı hər bir yetkin vətəndaşın da üzərində məsuliyyət var. Anti-demokratik rejimlərin güclənərək vətəndaş hüquqlarına qənim kəsilməsində, özünəməxsus münasibətlər sistemi formalaşdırmasında vətəndaş laqeydliyinin də çox böyük “xidməti” olduğunu qeyd etmək yəqin ki faydalı olar. 
İqtidar bütün vasitələrlə çalışır ki, ölkədə mövcud olan ictimai-siyasi durum, ənənəvi idarəetmə metodları, sistemdaxili münasibətlər böhranın mənfi təsirlərinə tabe olmasın. Sosial böhran cəmiyyətdə siyasi fəallıq doğurmasın. Əhalini idarəolunan lokal iqtisadi-siyasi gündəmə kökləməklə manipulyasiyanı davam etdirmək mümkün olsun.
Maraqlıdır ki, konstitusiyaya tələm-tələsik əlavə və dəyişikliklər edilsə də, ona uyğun addımların atılması da yubanır. Sanki hansısa gözlənilməzlik iqtidarı tərəddüdlü davranmağa və ya cari planlarının müəyyən hissəsindən müvəqqəti olsa da vaz keçməyə sövq edir. Hökumətin son müşavirəsində də bu amil hiss edilirdi və prezidentin çıxışı əslində çox ciddi məsələlərin cərəyan etdiyinin mesajı idi. İlk dəfə idi ki, müşavirədə iştirak edən komanda üzvlərinin də çox gərgin və ümidsiz görüntüləri ekranda əks olunurdu.
Ölkə başçısının xüsusi sətiraltı eyhamla real durumu dəqiq bilməsini ifadə etməsi və hələ uzun müddət hakimiyyətdə qalacağını xüsusi vurğulaması da təsadüfi deyildi. Hökumət üzvlərinin alqışlarla qarşıladığı bu tezislər yaranmış və artmaqda olan daxili narahatlığı azaltmağa hesablanmışdı.
Çox güman artıq ölkə rəhbərinə də dəqiq məlumdur ki, nəinki sadə xalq, hətta neft gəlirləri ilə uzun müddət bəslədiyi məmur ordusu da onun haqqında nə düşünür və nə xısınlaşır. Cəmiyyətin fəal kəsiminə qarşı polisin gücü ilə aparılan total təzyiq kampanilyası da məhz bu amillə bağlıdır. Müxalif və müstəqil şəxslərə güc tətbiq etməklə məmur ordusunun və sadə xalqın gözünü qorxutmaq xətti tutulub.
Görünən budur ki, gerçək islahatlara başlamağa risk etməyən hökumət ölkəni taleyin ümidinə buraxıb. Büdcənin birdən-birə kəskin azalması getdikcə ölkəni çıxılmaz duruma sala bilər. Uzun müddət proseslərə müqavimət göstərməyə təbii resursları tükənən hökumətin tədricən proseslərin mənfi axınına təslim olmaqdan sığortalanacağı inandırıcı görünmür. Hər dəfə dinc insanların qarşısına hüquq-mühafizə orqanlarının gücü ilə çıxmaq yaxşı gələcək vəd etmir.
Artıq Qarabağ probleminin həlli ilə bağlı da cəmiyyəti manipulyasiya etmək imkanının bu dönəm üçün bitdiyini söyləmək mümkündür. ABŞ-ın və Rusiyanın diplomatik mesajları o qənaəti yaradır ki, hökumət problemin mümkün həllində dalana dirənib. Hətta ölkənin ən yüksək tribunasından da buna bənzər etiraflar eşidilir. Deyəsən böhran təkcə sosial-iqtisadi sahədə deyil, siyasi və diplomatik sahəni də əhatə edir.
Ermənistanı fəal şəkildə silahlandıran və arxasında dayanan Rusiyanı təqdir edib, ərazi bütövlüyümüzü dəstəkləyərək vətəndaş hüquqlarına hörmətlə yanaşmağı tələb etdiyi üçün Qərbə savaş açmaq da milli maraqlarımıza təhlükə törədə bilər. Ölkənin strateji əhəmiyyətini və dəyərini cari siyasətə qurban vermək yolverilməzdir.  “Qarabağın müstəqilliyinin tanınması” kimi qəbul edilməz təzyiqlərdən qurtulmaq üçün ölkədaxili siyasət köklü şəkildə dəyişməlidir.                                                             
Xalqımızın son etiraz aksiyalarına laqeyd münasibətindən iqtidarın xeyli arxayınlaşdığı da görünür. Çətinliklərə etiraz etməyərək məhrumiyyətlərə sinə gərmək yolu tutan əhali iqtidara əlavə şans verib. Hökumət bu dəstəkdən bir fürsət olaraq maksimum yararlanmağa çalışır. Etirazları təşkil edən müxalifəti əzməklə sosial problemlərin ağırlığını arxayınlıqla əhaliyə yükləmək üçün inamla addım atır.
Qiymətlər sürətlə bahalaşır, iş yerləri ixtisar edilir, müxalifətə qarşı təzyiqlər daha da güclənir və büdcə təşkilatlarında çalışanları “könüllü” təsərrüfat işlərinə rahatlıqla cəlb edilməsi imkanı genişlənir. Hətta ictimai rəyi nəzərə almadan illərlə formalaşan müəyyən dini mərasimlərə də yeni qaydaların tətbiqinə başlanılıb. Bir sözlə, hökumət bütün resurslarını işə salaraq sosial böhranın ağırlığını tamamilə xalqın üzərinə yükləməyə çalışır. Əslində artıq buna xeyli dərəcədə nail olduğunu da müşahidə etmək mümkündür. Əhali böhranın ağırlığını çəkə biləcəkmi?
21 oktyabr 2016-cı il