27 Mart 2016 Pazar

Sosial şəbəkələr toplumu dəyişikliklərə kökləyir.

        Sosial şəbəkələr toplumu dəyişikliklərə kökləyir.

Müasir toplumu internetsiz, bilgisayarsız, mobil telefonlarsız təsəvvür etmək mümkün deyil. İnternet bütün maneələri, sərhədləri aşaraq dünyanı bir-birinə birləşdirən, yaxınlaşdıran əsrarəngiz bir fenomendir. Həyatımızın hər sahəsində zəkamızın bir parçası olaraq bizə dəstək olan vasitədir. Məişətdə, təhsildə, idarəetmədə, bilgi almaqda, fikir və düşüncələrimizin formalaşmasında xüsusi rola sahibdir. Bu vasitədən hər bir ağıllı insanın istifadə etməsi, sosial şəbəkələrin, sosial medianın daha effektli olması üçün çalışması zəruridir. Bu istiqamətdə istənilən müzakirələrin aktuallığını və səmərəliliyini nəzərə alaraq bəzi fikirlərimizi müzakirənizə təqdim edirik.

             İnternetin sosial-ictimai həyata təsirləri.

Bu barədə nəzəri fikirləri uzun-uzadı sadalamadan toplum olaraq birbaşa bizə gərəkli olan məqamlara qısaca toxunaq. Azərbaycanın adı əksər nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkələrin sırasında olduğundan, bizim üçün zəruru olan məqamlar dərhal aydınlaşacaq. İfadə azadlığının məhdudlaşdırıldığı, birləşmə və sərbəst toplaşma azadlığına süni əngəllərin gətirildiyi, azad medianın boğulduğu bir yerdə internet üzərindən yayılan sosial medianın və sosial şəbəkələrin əhəmiyyəti xeyli qabarıq nəzərə çarpır. İnternet üzərindən yayılan sosial resursların real həyata, ictimai-siyasi proseslərə, ictimai fikrin formalaşmasına təsirləri əhəmiyyətli dərəcədə artır.
Ölkəmizdə mövcud olan sosial şəbəkələr arasında ən geniş yayılan “Facebook” dan istifadə edən insanların sayı təqribən 1.3 milyondan çoxdur. Təsadüfi deyil ki, sosial şəbəkələrdən istifadə edənlərin sayına görə Azərbaycan MDB-də ən ön sıralardadır. Bu, sosial şəbəkələrə insanlarımızın çox ciddi marağının və təlabatının nəticəsidir. Toplumun sosial şəbəkələrə yanaşmalarını nəzərə alaraq, bu virtual müstəvidən ölkənin demokratikləşməsi istiqamətində çox səmərəli təşəbbüslər həyata keçirmək olar. Hətta, uzun illər avtoritar rejimlərin idarəçiliyində əziyyət çəkən toplumların da bu nəhəng fürsəti ən ciddi şəkildə dəyərləndirib özlərinə yeni səhifələr açdıqları təcrübəsi var. Biz də ölkəmizin ümummilli problemlərinin həllində internetin yaratdığı əlverişli imkanlardan maksimum yararlanmalıyıq.
Televiziyaların efir monopoliyasının toplum üzərindəki fərdi və kütləvi təsirlərinə tədricən internetin son qoyduğunu da müşahidə etməkdəyik. Son illər çox sürətlə inkişaf edən sosial medianın, xüsusilə də sosial şəbəkələrin cəmiyyətdə yaratdığı təsirlər sosiolqlar və psixoloqlar tərəfindən diqqətlə öyrənilməlidir. İnternetin sürətlə yayılmasından narahatlıq keçirən hökumət dairələri bəzən məqsədyönlü şəkildə onun topluma, xüsusilə də gənclərə mənfi təsirlərini ifrat formada şişirtməyə çalışırlar. Gənclərin sosial şəbəkələrə ifrat aludəçiliyi və onların real həyatdan uzaqlaşması tendensiyaları çox geniş problem olmasa da bilgisayar oyunlarına  aludəçilik müəyyən qədər narahatlıq yaradır. Bu sahədə müəyyən neqativ hallar mövcud olsa da, sosial şəbəkələrin müsbət təsirlərini heç nə ilə pərdələmək mümkün deyil.

İctimai-siyasi həyatın monitorinqi birmənalı olaraq sübut edir ki, sosial medianın və sosial şəbəkələrin ictimai fikrə təsirləri günü-gündən yüksəlməkdədir. İnternet üzərində olan resurslar televiziyaların ictimai fikir üzərindəki inhisarına artıq son qoyub. Hər bir internet istifadəçisi anlamalıdır ki, bu fürsət fərdlərə və topluma önəmli imkanlar açıb. Xüsusilə də ölkənin demokratikləşməsinə, hüquq və azadlıqların qorunmasına çalışan şəxslər və qurumlar bu fürsəti imkana çevirməlidirlər.

   Sosial şəbəkələrin siyasət üzərində rolu artmaqdadır.

Qeyri azad dövlətlərin vətəndaşları bir qayda olaraq azad düşüncə yaradacaq informasiyaya çatmaqdan məhrumdurlar. Azad media resursları sıradan çıxarılan, hüquqları tapdanan toplumu istənilən istiqamətə sürükləmək anti-demokratik rejimlər üçün elə də ciddi çətinlik yaratmır. Yaxın tarixdə siyasi səhnədən silinən və silinməkdə olan avtoritar rejimlərin çöküşündə daxili sosial-ictimai faktor kimi internet üzərindən yürüdülən fəaliyyətlərin çox ciddi rol oynadığını müşahidə edirik. Qeyri-azad ölkələrin siyasi həyatına sosial şəbəkələrin yeni paradiqmalar gətirməsi bir reallığa çevrilib.
Son illər təəssüf ki, ölkəmizdə də siyasi fəaliyyətin azad müstəvisi repressiv metodlarla tamamilə qapadılıb. Sərbəst siyasi fəaliyyətin real müstəvisi məhdudlaşsa da internet üzərindən yayılan sosial şəbəkələr yeni virtual müstəvi yaradıb. Virtual müstəvi real siyasət müstəvisindən effektli olmasa da indiki repressiv şərait üçün ən optimal vasitəyə çevrilib. Təsadüfi deyil ki, bu durumu hökumət də aydın müşahidə edir və ölkə daxilində bu sahəyə çox ciddi nəzarət tətbiq etməyə çalışır. Həm internetin ucuz və keyfiyyətli yayılmasının qarşısını alır, həm virtual müstəvidə fəal şəxslərin təqib edilməsini davam etdirir, həm də yeni metodla saxta profillərlə sosial şəbəkələrə müdaxilə etməyə çəhd göstərir.
2015-cü ildə ölkənin internet infrastrukturuna təxminən 150 milyon dollarlıq kapital qoyulması planlaşdırılmışdı. Bütün kəndələrə fiber optik kabel çəkilməsi və sürətli internetin hər yerə çatdırılması nəzərdə tutulsa da bu plan məlum olmayan səbəbdən həyata keçirilmədi. Ölkəmizdə internet qiymətləri də xeyli bahadır. 1-2 mb sürəti olan internetə limitsiz giriş üçün lazım olan vəsait minimum əmək haqqının 12-14 faizi olduğu halda, Rusiyada 3, Türkiyədə 2 faizi keçmir. İnternetin ölkə boyu daha rahat yayılmasında hökumətin maraqlı olmadığını açıqca görmək mümkündür.
Çoxsaylı ictimai-siyasi fəal şəxs məhz sosial şəbəkələrdəki aktiv fəaliyyətinə görə həbs edilib. İnsanları bu müstəvidə fəallaşmaqdan çəkindirmək üçün xeyli inzibati cəhdlər olsa da, sosial şəbəkələrin sürətlə genişlənməsi və yayılması izlənməkdədir. Xüsusilə də xaricdən sosial şəbəkələrə və sosial mediaya daxil olan fəal şəxslərə heç bir nəzarət və məhdudlaşdırma gətirmək mümkün olmadığı üçün, hökumətin ölkə daxilində həyata keçirdiyi repressiv tədbirlər də əks nəticə doğurur. Təcrübə göstərir ki, xaricdən yayılan sosial media fəallarının yaxın qohumlarına edilən total basqılar nəinki onları susdurdu, əksinə daha geniş əks-təbliğat imkanı yaratdı.
Ölkənin siyasi fəaliyyət müstəvisinin monitorinqi onu deməyə əsas verir ki, real həayatda siyasi fəaliyyətə gətirilən məhdudiyyətlər sürətlə öz əhəmiyyətini itirir. Virtual aləmdə dominantlıq edən müxalif qurumlar birbaşa maddi vəsait xərcləmədən addım-addım real həyatda sosial bazalarını daha da genişləndirməyə nail olurlar. Ölkə üzrə apardığımız monitorinqlər göstərir ki, hökumətin ən konfidensial saxladığı ictimai maraq kəsb edən məlumatlar da internetin sayəsində artıq geniş auditoriyaya çatmağa başlayıb. Müxalifətin regionlara gedərək öz tərəfdarlarına deyə biləcəyi nə varsa, artıq onu sosial medianın verdiyi imkanlarla daha peşəkar, daha az vəsaitlə və daha təhlükəsiz həyata keçirmək mümkündür. Deməli, həm də müxalifət fəallarının bölgələrdə qaşısını zorakı metodlarla almağın da artıq elə bir əhəmiyyəti qalmayıb. Sosial şəbəkələrin təsirləri o qədər yüksəlib ki, hətta hökumətə bağlı olduqları şübhə doğurmayan yüzlərlə saxta profillər də sistemli virtual fəaliyyət qurmağa çalışırlar. Xüsusilə də müxalif düşərgədə təbii rəylərə müdaxilə etməklə, ictimai rəyi çaşdırmaq və süni ictimai rəy yaratmaq üçün fəal şəbəkələşmədən istifadə etməklə iş başındadırlar.

 İnternet informasiya blokadasını yarmağa imkan yaratdı.

İnternet resurslarının yayılması avtoritar idarəçiliyin yatatdığı sosial-siyasi mühiti sürətlə dağıdır və yeni münasibətlər sistemi yaradır. Xüsusilə də sosial şəbəkələrin yaratdığı yeni münasibətlər sistemi toplumu demokratik dəyişikliklərə kökləməkdədir. 2.0 veb texnologiyasının yaratdığı imkanlar yüz minlərlə insanı həm əyləndirir, həm düşündürür, həm də hərəkətə keçirir. Sosial şəbəkələrin insanları daha çox cəlb etdiyi və apardığı bir virtual aləm var. Tanışlarla asan əlaqə saxlamaq, dünyanın istənilən tərəfində yeni tanışlar tapmaq, onlarla müxtəlif söhbətlər etmək əhalinin böyük təbəqələri üçün artıq həyati zərurətə çevrilib.

Artıq minlərlə fəal insan, xüsusilə də təşəbbüskar gənclər sosial şəbəkələrdən informasiya yayıcısına çevrilib. Əksəriyyət insanlar televiziya proqramlarının monoloqundansa, sosial medianın çoxtərəfli müzakirəsini izləməyi daha üstün tutur. Apardığımız araşdırmalar göstərir ki, sosial şəbəkələrdə gedən müzakirələr daha möhkəm və qalıcı ictimai rəy yaradır. Hər bir sağlam insan qanun və ictimai etiket çərçivəsində düşüncələrini yaymaq, adi həyatda görüşmək imkanları olmayan ictimai-siyasi xadimlərlə sual-cavab etmək, bəyənmədiyi fikirlərə reaksiya vermək, bəyəndiklərini təqdir etmək kimi nəhəng ictimai rəy platforması yaradıb. Hər kəs öz potensialına uyğun şəkildə internet resurslarından istifadə edir və ondan yararlanır. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə internetin topluma damla-damla bəxş etdiyi fərqli düşüncə və impuls yeni ictimai-siyasi nəticə doğuracaq. 

27 mart 2016-cı il.

17 Mart 2016 Perşembe

Siyasi məhbus problemini "əfv" həll edə bilməz!

                 Siyasi məhbus problemini “əfv” həll edə bilməz.

Bu gün məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında ölkə prezidenti tərəfindən sərəncam imzalandı. Sərəncam nəticəsində siyasi məhbusların təqribən 15%-i nisbi azadlığına qovuşdu. Novruz bayramı öncəsi təqsirsiz məhkum həyatı yaşayan şəxslərin hətta çox kiçik bir qrupunun nisbi azadlığa çıxmasını da müsbət hal kimi qiymətləndirir və hər birini təbrik edirik.
Bu təbriklərdən həm də siyasi məhbusların azadlığı uğrunda ardıcıl və prinsipial mübarizə aparan şəxslərə pay düşür.
Nisbi azadlığına qovuşan insanların sevincinə şərik olmaqla yanaşı, bunu nə onların, nə də demokratik toplumun qələbəsi saymaq olar. Çox istərdik ki, bir gün belə addımı hökumətin yanlış yoldan dönüşü kimi dəyərləndirək və təqdir edək. Lakin, hələ də çoxsaylı təqsirsiz insanın həbsdə qalması mənfi hal kimi davam etməkdədir. Xədicə İsmayılın, İntiqam Əliyevin, İlqar Məmmədovun və AXCP-nin həbsdə olan rəhbərliyinin və üzvlərinin tam tərkibdə məhbəsdə qalması hökumətin müxalifətə və müstəqil şəxslərə münasibətini çox aydın ifadə edir. Elə son günlər təqsiri sübut olunmayan AXCP üzvü Məmməd İbrahimə hökm oxunması, təsirsizliyi hər kəsə bəlli olan araşdırmaçı jurnalist Rauf Mirqədirova şərti cəzanın kəsilməsi, REAL Hərəkatının sədri İlqar Məmmədovun barəsində Avropa Məhkəməsi qərarlarından başqa, Avropa Şurası Nazirlər Komitəsinin 6 qərar qəbul etməsinə baxmayaraq hələ də azad edilməməsi dediklərimizin əyani sübutudur. Ölkədə etimadlı ictimai-siyasi münasibətlərin yaranması naminə digər siyasi məhbusların da tezliklə azad edilməsi və geniş məhkəmə-hüquq islahatlarına başlanması olduqca zəruridir.

Sərəncamın yaratdığı ilk qənaət budur ki, hökumət normal ictimai-siyasi münasibətlərə zərbə vuran addımlarından tamamilə imtina etməkdə çox az maraqlı görünür. Lakin, həm özünə, həm də topluma ağır zərbə vuran öncəki inadkarlığından qismən geri çəkilib. Sanki hökumətin hansısa üzvləri hər fürsət düşdükcə siyasi düşüncələrinə və fəaliyyətinə görə xoşlamadıqları şəxsləri qondarma ittihamlarla həbsə məhkum etməkdən həzz alırlar. Nəinki topluma, hətta demokratik beynəlxalq ictimaiyyətə də aydındır ki, xeyli sayda müxalif düşüncəli şəxslər təqsirsiz olduqları halda məhkəmə hökmü ilə cəzalandırılıblar və bu hal bu gün də davam edir. Məhkumluqdan daha çox girovluq həyatı yaşayan bu insanların bir müddət sonra hansısa geosiyasi və ya beynəlxalq münasibətlərə görüntü vermək məqsədilə “humanizm” nəticəsində “əfv” edilməsi praktikası da əfsuslar olsun ki, geniş tətbiq olunur. Hər il onlarla təqsirsiz insanın qondarma ittihamlarla həbs edilməsi və bir müddət sonra “əfv” edilməsi heç də toplumda və beynəlxalq arenada hökumətə qarşı rəğbət oyatmır.

Bu günlər dünyada baş verən hərbi-siyasi proseslər bütün anti-demokratik rejimlərə çox aydın mesajlar verib. İnsan hüquq və azadlıqlarının nümayişkəranə şəkildə təhlükəsizlik və iqtisadi maraqlara qurban verildiyi zaman artıq arxada qalıb. Xalqına demokratik seçim tanımayan bütün rejimlərin aqibəti bu mesajı dəqiq oxumalarına bağlıdır. Azərbaycanın beynəlxalq imici sürətlə pisləşməyə doğru gedir. Hökumətin sistemli və kütləvi hüquq pozmaları nəticəsində bir neçə nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkələrin sırasında yerimizi möhkəmləndirməkdəyik. Hökumət üzvlərinə və onların ailələrinə qarşı sanksiyaların tətbiqi çağırışları da getdikcə artmaqdaır. Göründüyü kimi, ölkədə çox qabarıq mövcud olan siyasi məhbus problemi həm daxili ictimai-siyasi duruma, həm də beynəlxalq münasibətlərə ciddi gərginlik gətirib. Dünyada mövcud olan anti-demokratik rejimləri davamlı olaraq ruhlandıran Rusiyanın geriləməkdə olan iqtisadi-siyasi durumu, beynəlxalq siyasətdəki aqressiv rolu getdikcə daha qabarıq aydınlaşmaqdadır. Bir tərəfdən idarəetmənin yaratdığı və getdikcə kəskinləşən sosial böhran, digər tərəfdən isə hüquq və azadlıqlara qənim kəsilməsi nəticəsində yaranan beynəlxalq təzyiqlər iqtidarı xeyli çətin dilemma qarşısında qoyub.

Hökumət vaxt itirmədən siyasi məhbus probleminin səbəblərini ortadan qaldırmağa siyasi iradə nümayiş etdirməlidir. Məhkəmələr müstəqil olmadıqca, ictimai-siyasi qurumlara normal şərait yaradılmadıqca, media və ifadə azadlıqları təmin edilmədikcə ölkənin nə daxilində, nə də beynəlxalq aləmdə hökumətə etimad olacaq. Öz vətəndaşlarının təməl hüquqlarına qənim kəsilən qeyri-azad ölkə kimi qalmaqda davam edəcəyik.
Kim zəmanət verə bilərki, belə bir məhkəmə-hüquq sisteminin davam etdiyi və siyasi münasibətlərin qanunçuluğa söykənmədiyi ortamda sabah o həbsxanalara yeni təqsirsiz insanlar doldurulmayacaq?

Onsuz da iqtidar ölkədə qanuna və hüquqa məhəl qoymadan istədiyi hər şeyi etməyə qadirdir. Hələlik toplumun kütləvi şəkildə bu vəziyyətə əks reaksiyası yoxdur və əksəriyyət insanlar sanki bu vəziyyətlə barışıb. Həmçinin beynəlxalq tələblər də hökuməti geri çəkilməyə məcbur edəcək qədər kəsərli deyil. Kimi istəsələr həbs edirlər, kimi istəsələr “əfv” edirlər. Hakimiyyətin güc üzərində hegomonluğunun nə qədər davam edəcəyini proqnoz etməsək də, Azərbaycanın çağdaş tarixinin ən utanc gətirən ləkəli səhifəsi kimi yazılacağına qətiyyən şübhəmiz yoxdur. Təəssüf ki, son illər ölkə daxilində haqqın, hüququn, barışın, həmrəyliyin ayaq altına atıldığı, zorun mütləq qalib olduğu bir dövr kimi yaşamaqdayıq.


Ölkə vətəndaşlarının hüquq problemləri beynəlxalq masalarda bu qədər geniş müzakirə olunmamalıdır. Onu geniş siyasi və hüquqi islahatlarla ölkə daxilində həll etmək lazımdır. Öz təməl hüquqlarını demokratik yolla istəyən vətəndaşlarla zorakılıq, həbs dilində danışmaq heç bir dövlətə nüfuz gətirməyib. 

7 Mart 2016 Pazartesi

Televiziyaların beynimizə yeritdiyi virusdan necə xilas olmalı?

       Televizyaların beynimizə yeritdiyi virusdan necə xilas olmalı?

Televiziyalar çağdaş insan həyatının vazkeçilməz bir parçasına çevrilib. Onun yaranmasından keçən müddət bir əsrə yaxın olsa da, yaratdığı sosial-siyasi və psixoloji effekt minilliklərin nəticəsinə bərabərdir. Televiziya auditoriyasının formalaşdırdığı qlobal mühit, insanlara fərdi və kütləvi təsirləri heç bir başqa alternativlərlə müqayisə oluna bilməz. Topluma yönəlik psixoloji təsirlərini, insanların düşüncələrinə, dünya görüşünə, məişətinə yön verdiyini nəzərə alaraq bu mövzuda bəzi fikirlərimizi müzakirənizə təqdim etməyi qərara aldıq.

 Elmi kəşflərin üzərində xeyir və şərin amansız mübarizəsi hökm sürür

XIX-əsrin ortalarında irəli sürülən fundamental elmi nəzəriyyələr XX-əsr elminin nəhəng mayağı kimi tarixə damğasını vurub və yeni bəşəri təfəkkür formalaşdırıb . Elektronika sahəsində elmi araşdırmaların genişlənməsi müasir elmi-texniki nailiyyətlərə yeni səhifə açdı. Elektronikanın dərindən öyrənilməsi və tətbiqi XX-əsrin əvvəllərində televiziyanın, sonlarında isə internetin yaranması ilə nəticələndi. 

Televiziyaların kəşfindən xeyli müddət sonra da onun təkmilləşdirilməsi mərhələ-mərhələ uzun bir dövrü əhatə edərək müasir vəziyyətinə gəlib çıxıb. Təəssüf ki, insanlar həmişə elmi kəşfləri toplumun mənafelərini qorumaq üçün bir vektor üzrə tətbiq edə bilmir. Sanki, hər bir elmi kəşfin üzərində xeyir və şərin amansız mübarizəsi hökm sürür. Kimisi elmi nailiyyətləri insanlığin xidmətinə, kimisi də məhvinə istiqamətləndirərək tarixə adını yazdırır.


İqtisadi, siyasi və hərbi baxımdan dünyanın qüdrətli demokratik dövlətləri öz vətəndaşlarının hərtərəfli formalaşmasına ciddi önəm verirlər. Onların fiziki və mənəvi sağlığı istiqamətində televiziyalar üzərindən nəhəng sosial-psixoloji layihələr həyata keçirilir. Məqsəd azad düşüncəli, elmli, güvənli vətəndaş yetişdirərək toplumun qüdrərtli təhlükəsizlik zirehini formalaşdırmaqdır. Son illər internet resurslarının genişlənməsi bu istiqamətdə alternativ müstəvi yaratsa da əsas rolu hələ də televiziyalar tutur. Televiziyalar cəmiyyətiçi ictimai münasibətlərin tənzimlənməsini ən asan həyata keçirən vasitədir.

                    Televiziya aydınlığa da çıxarır, qaranlığa da qərq edir  

Vətəndaşlarını sevən, qayğısına qalan, onu dövlətin ən zəngin resursu hesab edən demokratik ölkələrin televiziyaları ilə, avtoritar ölkələrin televiziyaları arasında çox ciddi fərq var. Demokratik ölkələrin bütün televiziyaları geniş proqram və yayım azadlığına sahibdir. Xüsusilə də ictimai televiziyaları alternativ fikrin, siyasi pülüralizmin, ictimai nəzarətin, sosial münasibətlərin, elmin, inkişafın, fərdi və kollektiv təşəbbüskarlığın dəstəklənməsi misiyasını daşıyaraq topluma həmrəylik gətirir. Körpə uşaqlardan tutmuş ahıl yaşda olan hər kəsin mənafeni qoruyan, sosial-siyasi statusundan aslı olmayaraq bütün insanların üzünə açıq olan həqiqi bir ictimai tribunadır.

Avtoritar rejimlərin bütün televiziyaları isə vahid sosial-siyasi məngənədədir. Davamlı olaraq vətəndaşlarda hakimiyyətə itaət, qorxu, acizlik, tənbəllik, güvənsizlik, savadsızlıq, yüngül həyat tərzi, əyləncə aşılayır. Belə toplumlar nəhəng televiziya terrorunun qurbanları hesab edilə bilər. Davamlı olaraq insan beyninə təlqin olunan təbliğat xarakterli informasiyalar onların şüuraltında yeni bir insan yaradır. Tədqiqatlar göstərir ki, 30-50 illik bir dönəmdə ardıcıl olaraq “teleterror” təbliğatının qurbanı olan insanlar öncəki nəsllərindən tamamilə fərqlənir. Belə toplumu dünyadan təcrid edərək istənilən düşüncəni beyninə hopdurmaq olur. Dünyada belə nümunələr var və artıq avtoritar rejimlər belə bir toplumu yarada biliblər. Televiziya nə qədər ideal alət olsa da onu əlində istifadə edənlərin  məqsədinə xidmət etməsi ilə fərqlənir. Hansısa toplumun önündə yeni üfüqlər açır, hansısa toplumu qaranlığa qərq edir.

                                       Ölkə televiziyaları bizi hara aparır?

Aydındır ki, televiziyalar hələ də hər kəsin ən asan çata bildiyi informasiya qaynağıdır və çoxmilyonlu seyriçi auditoriyası var. Sağlam dövlət-vətəndaş münasibətlərinin hökm sürdüyü ölkələrdə televiziyaların əsas məqsədi reklam və ticarət, qeyri-azad ölkələrdə isə kütləyə yönəlik təbliğatdır. Odur ki, azad, şəffaf və rəqabətli toplumu özü üçün təhlükə hesab edən bütün antidemokratik rejimlər kimi, bizim hökumət də televiziyaları bütövlükdə inhisarına alıb. Ölkə televiziyaları azad sözün, fikrin, yeni ideyaların üzünə tamamilə qapalıdır. Xüsusilə də fəaliyyəti ayrıca qanunla tənzimlənən ictimai və dövlət televiziyasının indiki durumu sovet dövründə sosialist təbliğatı ilə məşğul olan televiziyaları xatırladır. "İctimai yayım haqqında" qanunda təsbit olunsa da televiziyanın balanslılıq, siyasi plüralizm kimi təməl prinsiplərini hakimiyyət elə başlanğıcdaca boğmağa nail olub.

Səthi monitorinqlər aparmaqla televiziyaların xəbərlər və digər proqram siyasətində qeyri-peşəkarlıqdan doğan çox ciddi qüsurlarla yanaşı, həm də məqsədyönlü təbliğat ruporuna çevrilməsini də müşahidə etmək mümkündür. Xəbər proqramlarını izləyən seyriçilərin ilk dəqiqələrdə eşitdiyi xəbərlər yalnız hakimiyyətin tərifi və övgüsündən ibarət olur. Bütün metodlarla iqtidarın əndazəsini aşan təbliğatı ilə qarşı-qarşıya qalırsan. Xəbər sonluqları isə yalnız dünyada, xüsusilə də Avropada baş verən qəzalar, terrorlar, dağıntılar, yanğınlar, amansız cinayətlər, qarşıdurmalar və digər neqativ hadisələri topluma təqdim etməkdən ibarətdir. Ölkə TV-lərini izləyərkən bir anlıq düşünürsən ki, deyəsən elə dünyanın ən ideal ölkəsi Rusiya və Azərbaycandır. Başqa ölkələrdən, əsasən də demokratik toplumlardan götürüləcək heç bir müsbət nümunə yoxdur. Digər proqramlar da hakimiyyətin alternativsizliyini, “humanizmini”, siyasətini təbliğ etmək və məişət səviyyəsində ucuz əyləncələrdən ibarətdir. TV ekranlarından müxtəlif üsullarla daim seyriçilərə təqdim edilən simalar da əsasən əxlaq, savad, şəxsiyyət baxımından topluma müsbət nümunə ola bilməyən insanlardan seçilir. Cüzi istisnalar olsa da, ya hakimiyyətin təbliğat maşınında rol alan, ya da müxalifətə qarşı kəskin mövqeyi olan şəxslər topluma təqdim edilir. TV-lərin yayım siyasəti toplumu qaranlığa, itaətə, çarəsizliyə, hərəkətsizliyə doğru proqramlaşdırır. Belə təbliğatın yaratdığı psixoloji effektdən toplumu uzun müddət xilas etmək olmur. Adətən qeyri-azad dövlətlərin vətəndaşları edamını gözləyən məhkumlar kimidir. Tədqiqatlar sübut edir ki, TV vasitəsilə uzun müddətli təbliğat topluma mənəvi terror edir.

Ölkəmizdə təməl hüquq və azadlıqların maarifləndirilməsi, ictimai-siyasi mövzularda debatların, diskussiyaların təşkili, müstəqil və müxalif fikirlərə efir məkanı tam senzura altındadır. Müşahidələrimizə əsasən deyə bilərik ki, TV-lər əhalinin şüuraltına qorxu və itaət aşılamağa qismən də olsa nail ola biliblər. İnternet resurslarının, xüsusilə də sosial şəbəkələrin geniş yayılması toplumun qarşısında yeni alternativ informasiya qaynaqlarının açılmasına imkan yaradıb. Hökumət isə ictimai rəy üzərində TV-lərin monopoliyasını saxlamaq üçün internetin ölkədə yayılmasına qarşı da önləyici addımlar atır. Ölkə internet infrastrukturuna 2015-cü ildə təxminən 150 milyon dollarlıq kapital qoyulması planlaşdırılırsa da, bütün kəndələrə fiber optik kabel çəkilməsi və sürətli internetin hər yerə çatdırılması nəzərdə tutulsa da məlum olmayan səbəbdən bu plan həyata keçirilmədi. Həmin vəsaitin xərclənmədən saxlanmasına qərar verildi.
“Teleterror” dan qurtulmaq üçün internet resurslarının imkan verdiyi fürsətdən yararlanaraq mütləq alternativ xəbər qaynaqlarına müraciət edilməlidir. İnternet çıxışı olan toplum televiziyaların təqdim etdiyi məlumatların həqiqəti əks etdirmədiyini çox yaxşı anlayır və rəsmi məlumatlara artıq etibar etmir. Bu halın davam etməsi mütləq yeni ictimai-siyasi təşəbbüslərə meydan yaradacaq. Hakimiyyət nümayəndələri təxirə salınmadan TV məkanını liberallaşdırmasa, efir məkanını alternativ fikrə açmasa özü də ciddi problemlərlə qarşılaşacaq.