ABŞ yaxın on illikdə dünya siyasətində çox
mühüm rola malik olacaq!
Dünyanın
supergüc ünvanına sahib olan ABŞ-da baş verən olaylar daim dünya ictimaiyyətinin
diqqət mərkəzindədir. Bu baxımdan başa çatmış son prezident seçkiləri də
dünyanın bir çox yerlərində olduğu kimi ölkəmizdə də maraqla izləndi. Seçki
kampaniyasının gedişi, namizədlərin qələbəsini və məğlubiyyətini şərtləndirən
amillər ətrafında kifayət qədər təhlillər aparıldığı üçün biz bu məsələlərə
toxunmayacağıq. Daha çox ölkəmizin maraqları baxımından dəyərləndirmə aparmağa
çalışacağıq.
Öncə
qeyd edək ki, ABŞ demokratik dövlətçilik ənənəsinə sahib tam pülüralist bir cəmiyyət
olduğundan orada kimin prezident olmasından asılı olmayaraq dövlətin dərin
maraqlarında ciddi dəyişikliklər baş vermir. Həm də orada elə bir seçki sistemi
mövcuddur ki, bəzən seçki başa çatana kimi qalib haqqında qəti fikir söyləmək xeyli çətin olur. Xüsusilə də müstəqil rəy sorğularına görə namizədlər arasındakı fərq
yaxın olduqda proqnozlar özünü doğrultmaya bilir. Azad seçki mühiti olan yerdə seçki
kampaniyasının gedişində də seçicilərin rəyi çox sürətlə dəyişə bilir və biz
bunun dəfələrlə şahidi olmuşuq. Odur ki, ABŞ-da prezident seçkilərində hansı namizədin
qalib olacağı ilə bağlı müzakirələrə qoşulmamağa çalışdıq.

Artıq
seçkilər arxada qalıb və Respublikaçıların namizədi Donlad Tramp təxminən iki
ay sonra prezidentlik səlahiyyətlərinin icrasına başlayacaq. Yeni prezidenti də
olduqca çətin daxili və xarici siyasət gözləyir. ABŞ-ın strateji maraqlarına daxil
olan qlobal iqtisadi-siyasi məsələlər, Avropanın yaxınlığında cərəyan edən gərgin
hərbi-siyasi münaqişələr qərbdən daha cevik və konkret reaksiyalar tələb edir.
Belə bir situasiyada Ağ evin rəsmi siyasətində köklü əks dəyişikliklər baş verə
bilərmi? Ölkəmizin qarşısında duran problemlərin həllində, ikitərəfli əməkdaşlığın
gələcək perspektivləri istiqamətində yeni administrasiyanın yanaşmaları öncəkindən
fərqlənəcəkmi? Bu kimi sualların konkret cavablarını zamana buraxmadan da deyə
bilərik ki, ABŞ-ın dünya siyasətindəki rolu elə bir mərhələdədir ki, ciddi əks dəyişiklik
baş verməyəcək.
İlk
növbədə ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumu barədə uzun-uzadı
müzakirə açmadan deyə bilərik ki, ölkələrimiz arasında münasibətlərdə hər hansı
həlli çətin problem yoxdur. İqtisadi, siyasi, mədəni əlaqələrlə yanaşı iri beynəlxalq
layihələrdə, antiterror koalisiyasında və beynəlxalq sülhməramlı missiyanın tərkibində
əməkdaşlığımız davam edir. Qarabağ probleminin həlli istiqamətində də ATƏT-in
Minsk Qrupunun həmsədri kimi ABŞ davamlı olaraq ərazi bütövlüyümüzü dəstəkləyən
açıq mövqe ifadə edir. İnsan hüquqları sahəsində mövcud olan problemlərin nüfuzlu
beynəlxalq qurumlar tərəfindən gündəmə gətirilməsi müəyyən gərginliklər yaratsa
da, hələ münasibətlərin tamamilə korlanmasına səbəb olacaq miqyasda deyil. Azərbaycan
hökumətinin daha çox ABŞ-Rusiya münasibətlərindən qaynaqlanan ehtiyyatlı siyasi-strateji
seçimi və tərəddüdləri əməkdaşlığın rəvan olmasına əngəl olaraq qalır.
Təcrübə
göstərir ki, çox zaman prezidentliyə namizədlərin verdiyi bəyanatlar prezident
olduqdan sonra unudulub. Hətta çox yaxın tarixdə prezident Barak Obama ilk
seçkisində namizəd kimi öz seçicilərinə vəd etdi ki, fəaliyyətə başladığı gündən
ABŞ hərbi qüvvələrini Əfqanıstandan və İraqdan tam çıxaracaq. Ondan sonra təkrar
prezident seçilsə də həmin bəyanatı bu günə kimi icra edə bilməyib. ABŞ-ın təməl
dövlət siyasətini müəyyən edən yüzlərlə peşəkar institutlar və orada çalışan çoxsaylı
peşəkar mütəxəssislər mövcuddur. Odur ki, nəzərə çarpacaq təməl siyasət dəyişikliyini
prezidentlərin müəyyən edəcəyini düşünmək yumşaq desək, sadəlöv yanaşmadır.
Çağdaş
dünya siyasətində artıq elə bir dövr yetişib ki, ABŞ öz hərbi-siyasi
üstünlüyünü nəinki əldən verəcək, əksinə mövcud əlverişli durumdan yararlanaraq
onu daha da artıracaq. Qlobal siyasi-hərbi məsələlərə öncəki illərdən daha fəal
və prinsipial müdaxilələr ediləcək. Proseslər onu göstərir ki, Çin, Rusiya, Ş.Koreya, İran, Orta Şərq və Avropa Birliyinə yönəlik siyasət yeni fazaya keçəcək. Xüsusilə də
Rusiyada iqtisadi böhranın dərinləşməsi və siyasi böhrana çevrilməsi ABŞ-ın
maraqlarına uyğun şəkildə sürətlənəcək. Orta Şərq regionunda yeni ziddiyyətlərin doğulacağı, nizamlayıcı
proseslərdə Türkiyənin rolunun daha da artacağı və nüfuzunun yüksələcəyi istisna deyil.
Dünyada
mövcud olan münaqişələrə dərindən bələd olan, təbii resursları analiz edən,
siyasi sistemləri incələyən, qlobal iqtisadi-siyasi, hərbi layihələri istiqamətləndirən
institutların açıqladıqları rəylərə istinad edərək deyə bilərik ki, ABŞ yaxın
on illikdə dünya siyasətində daha mühüm rola malik olacaq. Totalitar və
avtoritar rejimlərin çöküşü də qarşıdakı illərdə daha da sürətlənəcək.
Ölkəmizin mövcud problemlərinin həllinə gəldikdə isə burada əsas
iş yalnız öz üzərimizə düşür. Azərbaycan ərazilərinin işğaldan azad olunmaması,
sosial-iqtisadi böhranın dərinləşməsi, insan hüquq və azadlıqları ilə bağlı
problemlərin artması vətəndaşlarımızı gərginlikdə saxlayır. Ölkəmizi təhlükələrə
sürükləyən problemlərinin həllində ABŞ ilə münasibətlərin yüksək səviyyəyə qalxması ən
çox bizə lazımdır və bu əlaqələr yalnız müsbət nəticə doğura bilər. Azərbaycan
hökuməti beynəlxalq ictimaiyyətin həssas yanaşdığı məsələlərin həlli istiqamətində
nəzərə çarpacaq addımlar atarsa, siyasi təqiblərə son verərsə, iqtisadi-siyasi və
köklü məhkəmə islahatlarına başlayarsa, o zaman etimadlı münasibətlərin şahidi
ola bilərik.
13 noyabr 2016
https://www.meydan.tv/az/site/politics/18980/
YanıtlaSilhttp://milletinsesi.info/index.php?newsid=18945
YanıtlaSil