17 Mayıs 2020 Pazar

Hakimiyyət tərəfindən təqib olunanların nüfuzu cəmiyyətdə artır

Hakimiyyət tərəfindən təqib olunanların nüfuzu cəmiyyətdə artır
Müsahibə: 2020 May 11 ( Bazar ertəsi )  11:38:54 English-Русский.  ASTNA.biz / Turan.az/

Son vaxtlar müxalifət cameəsinə, xüsusən də iqtidarın radikal qanad adlandırdığı Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinə qarşı təzyiqlər artıb. Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublunun həbsi, Əli Kərimlinin evinin nəzarətə götürülməsi və internetdən məhrum edilməsi, digər partiya üzvlərinin və müxaliflərin inzibati həbsləri belə deməyə əsas verir. Bəs görəsən xüsusi karantin rejimində hakimiyyət bu addımları atmaqla nədən ehtiyyatlanır?Siyasi şərhçi Nəsimi Məmmədli mövzu ilə bağlı ASTNA-nın suallarını cavablayıb.

***

-Nəsimi bəy, son vaxtlar müxalifətin bir hissəsinə, konkret Milli Şura və AXCP üzvlərinə qarşı basqılar artıb. Əli Kərimlinin internetinin kəsilməsi, onun evinə gedən jurnalistlərə basqılara məruz qalması, Səadət Cahangirin evində axtarış aparılması və dindirilməsi, bir neçə partiya üzvü və təəəsübkeşinin inzibati həbsi, Tofiq Yaqublunun həbsi və.s. Bütün bunlar nəyə görə baş verir? Bunu edənlər nədən narahatdırlar?

Nəsimi Məmmədli -İqtidarın müxalifətə yönəlik basqıçı siyasəti uzun illərdir davam etsə də, son günlər daha kəskin xarakter alıb. Bu, sistemli bir siyasətin təzahürüdür. Demokratik seçki keçirməyən, müstəqil mətbuatı boğan, sərbəst toplaşmaq və ifadə azadlığına imkan verməyən, müstəqil vətəndaş cəmiyyətini sıradan çıxaran iqtidarın fərqli bir davranış sərgiləməsi mümkün deyil.

Hakimiyyətin tək əldə cəmləşməsinə, kobud qanun pozuntularına və hüquqsuzluğa etiraz edən, habelə, hökuməti arqumentli və cəsarətlə tənqid edən şəxslərə qarşı iqtidar həmişə barışmaz mövqe göstərib. 

Pis idarəetmədən qaynaqlanan sosial-iqtisadi və maliyyə böhranı neftin ucuzlaşması nəticəsində daha da dərinləşib. Cəmiyyətdə narazılıq və gərginlik səngimir. Ölkədə hər sahədə problemlər artsa da onların həlli imkanları getdikcə çətinləşir. İqtidar öz davranışlarında açıq-aşkar təşviş və qəzəbini biruzə verir.

Bir tərəfdən müxalifətin diqqətini ümumi problemlərdən yayındırmağa, təşkilatlanmasına əngəl olmağa, digər tərəfdən isə cəmiyyətdə qorxu mühitini saxlamağa çalışır.

-Belə bir fikirlər var ki, bu addımları hakimiyyətin hansısa qanadı bilərəkdən atır ki, Milli Şuranın, AXCP-nin,  konkret olaraq Əli Kərimlinin nüfuzu artsın. Yəni ən çox basqıya məruz qalan onlardır və deməli əsl müxalifət də bunlardır fikrini formalaşdırmaq üçün. Bu fikirlər nə dərəcədə məntiqlidir?

-Öncə onu qeyd edək ki, iqtidar tamamilə monolitdir. Hakimiyyət daxilində ölkə başçısının iradəsinə və siyasətinə qarşı gələ biləcək kimsə yoxdur. Əli Kərimliyə, Milli Şuraya və AXCP-yə qarşı həyata keçirilən repressiv siyasət hakimiyyətin hansısa “qanadı”nın “özfəaliyyəti” ola bilməz.

İqtidarın basqısına məruz qalan istənilən şəxsin və qurumun cəmiyyətdə nüfuzunun artması danılmaz faktdır. İstənilən cəmiyyətdə ədalətsiz, qəddar, zalım, mərhəmətsiz obrazı formalaşan  iqtidarla mübarizə aparan qüvvələrə sadə insanlar arasında rəğbət artır.

Konkret olaraq Əli Kərimliyə və mənsub olduğu təşkilata qarşı basqılar onların nüfuzunu artırsa da, məqsəd bu qurumların fəaliyyətini əngəlləməyə və sıradan çıxarmağa hədəflənib.  İqtidar özünə real təhlükə gördüyü istənilən şəxsə və quruma qarşı barışmaz davranır.

Xatırlayırsınızsa, müxtəlif zamanlarda iqtidarın basqıçı siyasətinə məruz qalan çoxsaylı şəxslər və qurumlar olub. Bir neçə il öncə ölkədə insan hüquqlarının ən peşəkar və nüfuzlu müdafiəçiləri həbs olunmuşdu. Sərt beynəlxalq basqılardan sonra həbsdən azad edilsələr də, ölkədə fəaliyyətləri faktiki dayandırıldı. Bir çoxları bu gün də siyasi mühacir həyatı yaşayır.

Habelə, tanınmış araşdırmaçı jurnalistlərə, vətəndaş cəmiyyətinin fəal nümayəndələrinə qarşı da bu basqılar və həbslər həyata keçirilmişdi.

Eyni zamanda cəmiyyətdə nüfuzu və təsiri artan müxalif mövqeli dindarlara, onların mənsub olduğu qurumlara qarşı da eyni yanaşma bu gün də davam edir.

Həbs və basqılar kiminsə nüfuzunu yüksəltməyə deyil, önünü kəsməyə, fəaliyyətini boğmağa və sıradan çıxarmağa yönəlib. 

-Prezident çıxışında deyir ki, heç kim siyasi baxışlarına görə təqib olunmayacaq. Amma o biri tərəfdə biz prezidentin dediklərinin əksini görürük.  Bəlkə elə bunu edənlər prezidenti səhv çıxarmağa çalışırlar?

-Bir daha qeyd edim ki, ölkədə prezidentin iradəsini təhrif və sabotaj edəcək mexanizm və məmur yoxdur.  Əslində bu məsələnin izahı çox sadədir.  Prezident öz çıxışında çox açıq şəkildə iqtidarına “müxalifət”in çərçivəsini müəyyən edib. Həmin çərçivəni qəbul edən heç kəs təqib olunmur və olunmayacaq. Ancaq bu çərçivəni qəbul etməyən kim varsa onların siyasi baxışları qəbul edilmir və fəaliyyətinə də ciddi əngəl yaradılır. Ölkəmizdə iqtidarı və müxalifəti seçici müəyyən etmir. İqtidarın davamlılığının qarantiyası demokratiya deyil, inzibati-zor vasitələridir. Hakimiyyəti də bu üsullarla əldə saxlamağa hələki qadirdir. Narazı və etirazçı insanların birləşərək təşkil etdiyi müxalifətə “sistemdənkənar” müxalifət kimi baxır və sıradan çıxarmağa çalışır.

-Bütün baş verələrin karantin dövrünə təsadüf etməsi də maraqlıdır. Yəni bu dövrdə nə baş verə bilərdi ki, bu addımlar atılır? Ümumiyyətlə müxalifəti sıxışdırmaq kimin xeyrinədir?

-Ümumiyyətlə, müstəqillikdən sonrakı illərdə ölkədə iqtidar-müxalifət münasibətlərinin normal olmasının şahidi olmamışıq. Müxalifət iqtidarın zorla zəbt edildiyini iddia edir. İqtidar isə öz nəzarətindən kənar müxalifətin varlığını qəbul etmir. İqtidar “karantin dövrü”nə  sistemdənkənar müxalifəti tam əzmək və zəiflətmək üçün əlavə imkanlar kimi baxır. Post-pandemiya dövrü ölkədə ehtimal olunan kütləvi etirazlara lokomotivlik edə biləcək qüvvənin mövcudluğundan narahatdır. Qeyri-azad ölkələrdə demokratik siyasi proseslərin uğurlu nəticəsi cəmiyyətin vahid təşkilat və vahid lider ətrafında səfərbər olmasından çox asılıdır. İqtidar bu təhlükənin qarşısını böyümədən almağa çalışır.

Nə etmək olar ki, Azərbaycanda bu hakimiyyətlə müxalifət arasında normal dialoq yaransın? Onlar bir-birinə düşmən kimi deyil, eyni millətin fərqli düşüncəli insanı kimi baxsınlar və bir-birinə hörmətlə yanaşsınlar?

İqtidar gerçək müxalifətlə münasibətlərin normal inkişafında maraqlı deyil. Cəmiyyətdə ağır sosial böhran, irimiqyaslı siyasi fəallıq və etiraz dalğası olmasa, heç vaxt real müxalifətlə normal münasibətlərə meyl etməyəcək. İqtidar təkhakimiyyətliliyə elə aludə olub ki, onun nə zamansa dəyişməsini təsəvvür belə etmir. Hakimiyyətinin əbədiliyinə zərrə qədər tərəddüd və təhlükə törədə bilən heç bir addıma  getmir. Ölkəmizdə iqtidar-müxalifət dialoqu üçün hələ zəmin yaranmayıb. Bir tərəf çox zorakı gücə sahibdir, digər tərəf isə total basqı altında əl-qolu bağlıdır.

İqtidar istədiyi mühiti yaradıb və bunu könüllü dəyişməkdə maraqlı deyil.

Cəmiyyətin fəal və müstəqil kəsimi hələ də ictimai-siyasi prosesləri kənardan seyr edir. İctimai rəy liderlərinin dağınıq və sistemsiz fəaliyyəti də cəmiyyətin təşkilatlanmasına və hazırlığına mənfi təsir göstərir. Bu gün iqtidar-müxalifət dialoqundan daha vacib olan, fəal şəxslərin ədalət, ləyaqət, azadlıq kimi bəşəri dəyərlər ətrafında səfərbərliyinə nail olmaqdır.

Hiç yorum yok:

Yorum Gönder