19 Şubat 2018 Pazartesi

19 fevral 1988-ci il mitinqi ilə bağlı xatirələrim...

Bakıda ilk mitinq 30 il öncə, dumanlı-çisginli 19 fevral günü keçirildi!
Hərdən gündəliklərimi varaqlayaraq yaddaşımı təzələyir və çağdaş tariximizdə iştirakçısı olduğum bəzi anları bölüşmək istəyirəm. Bu gün barəsində çox az danışılan belə günlərdən birinə birgə səyahət edək. Adətən tarixdə elə anlar, olaylar yaşanır ki, onun əhəmiyyətini yalnız illər keçəndən sonra qiymətləndirmək mümkün olur.
Tale elə gətirib ki, gəncliyimdə bir neçə belə tarixi olayların fəal iştirakçısı olmuşam. Hisslərimi ifadə etmək bacarığım olsa da, indi o zamankı olayların yaratdığı psixoloji ovqatı ifadə etməyə çətinlik çəkirəm. O günlər yaşadıqlarımızı kəlmələrlə ifadə edə bilmirəm.
1988-ci ilin əvvəllərindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbi ilə İrəvanda kütləvi mitinqlər başlamış, "Ermənistanı türklərdən təmizləməli", "Ermənistan yalnız ermənilər üçündür" şüarları ilə tarixi yurdlarımızda yaşayan yerli türklərə qarşı təxribatlar başlamışdı. Müxtəlif mənbələrdən alınan həyəcanlı xəbərlər Azərbaycanın vicdanlı insanlarına rahatlıq vermir, müxtəlif səviyyələrdə qızğın müzakirələr gedirdi.
Belə mərkəzlərdən biri də BDU-nun (o zaman S.M.Kirov adına ADU) tələbə yataqxanlarında təşkilatlanan “Yurd” Birliyi idi. Əslən Ermənistandan olan tələbələr valideynlərindən aldıqları həyəcanlı xəbərləri yataqxanada bölüşür, bəzən səhərə kimi dəhlizlərdə qızğın müzakirələr gedir və Ermənistanda yaşayan soydaşlarımıza necə yardım etməyin yollarını axtarırdıq. Demək olar ki Ermənistandan gələn bütün xəbərləri Bakıda ən tez tələbələr ala bilirdi.
Artıq Ermənistanda tək-tək olsa da yerli türklərin təhqir edilməsi, döyülməsi, işgəncələrlə öldürülməsi faktları fəal tələbələr arasında günbəgün qəzəb və nifrət oyadırdı. Təkcə universitetin fəal tələbələri deyil, həm də professor-müəllim heyəti arasında da vətənpərvər, qeyrətli insanlar var idi və onlar da tələbələrlə həmrəylik göstərir, imkan daxilində mənəvi dəstək olurdular.
Həftənin 2-ci günləri hərbi hazırlıq kafedrasında hərbi dərslərimiz olurdu. Hərbi kafedra Tələbə Şəhərciyində beşmərtəbəli bir binada yerləşirdi. Öncə səhər saat 8-də BDU-nun arxasında boş bir asfaltlanmış böyük ərazidə hərbi sıra düzülüşü edilir, sonra təntənəli hərbi yerişlə kafedra rəisinin qarşısından keçərək saat 9-da dərslərə qatılırdıq.
Növbəti hərbi dərs günü (16 fevral 1988-ci il) hərbi düzülüşdə əslən Ermənistandan olan Cəbi adlı tələbə yoldaşım özünü pis hiss etdiyindən əlləri ilə üzünü tutub yerə oturdu. Özünə gələndən sonra ağlayaraq danışdıqları hamımızı şoka salmışdı. Cəbinin dayısını və babasını ermənilər rayon mərkəzində ölümcül döymüş, sonra yarımcan halda yaşadıqları kəndə gətirib atmışdılar. Onlara 3 gün ərzində respublikanı tərk etməyəcəkləri təqdirdə öldürüləcəkləri deyilmişdi. Bu vəhşilik yerli milislərin gözü qarşısında baş versə də onlar heç bir reaksiya verməmişdi.
Cəbi yataqxanada qalmasa da tez-tez mənim otağıma gəlirdi və birlikdə universitetdə “Sambo” güləşi məşqlərinə gedirdik. Onun doğmalarına edilən bu vəhşiliyə görə bir neçə nəfərlə kurs rəisinə (rus millətindən olan ortayaşlı polkovnik-leytinant idi, soyadını unutmuşam) etiraz etdik və onun da bu vəhşiliyə münasibət bildirməsini istədik. Bir az gəncliyin çılğınlığı, bir az da Cəbi ilə olan şəxsi münasibətlərimə görə özümdə bilmədən ermənilər haqqında dediyim ağır sözlər ortalığı qarışdırdı. Hərbi kafedrada dərslər rus dilində keçirildiyi üçün bu dərslərdə rus bölməsi ilə bir yerdə olurduq. Kurs rəisinin də erməniləri müdafiə etməsi rus bölməsindən olan bir neçə erməni əsilli uşaqları da cəsarətləndirdi və başlayan söz mübahisəsi bir anda əlbəyaxa davaya çevrildi. Erməniləri yaxşıca əzişdirməklə yanaşı, demək olar auditoriyanı da alt-üst etdik. Həmin gün hərbi kafedrada bütün dərslər pozuldu. O zaman da ermənilər Bakıda özlərini arxalı hesab edirdi və onlara toxunmaq çox təhlükəli sayılırdı. Ancaq digər kurslardan da uşqaların həmrəyliyi sonradan kafedra rəisinin bizə qarşı tənbeh tədbiri görməsinə imkan vermədi.
Artıq bütün tələbələr anidən baş verən bu olaydan danışır və sanki anbaan canlanma artırdı. Bir gün sonra isə bizim yataqxanamızın (3 saylı) 4-cü mərtəbəsində erməni qızlarla azərbaycanlı qızlar arasında axşam dava baş verdi. Əslən Xankəndindən (Stepanakert) və Əskərandan olan Biologiya fakultəsinin 3-kurs tələbələri Marina və Suzannanı, habelə adlarını unutduğum digər iki erməni qızlarını Cəbrayıl (adı Şəfiqə idi) və Gədəbəy rayonundan olan qızlar döymüşdü. 72 saylı otağın sakinləri olan bu erməni qızlarının döyülməsi ilə yanaşı paltarları da cırılmış, özləri isə otaqlarından qovulmuşdular. Universitet rəhbərliyindən nümayəndələr gələnə kimi bu qızları təhlükəsizlik üçün 1-ci mərtəbədə Tələbə Sovetinin otağına gətirdim. Tətildə Ağdama gedəndə çox vaxt Stepanakert avtobusu ilə bu qızlarla yol yoldaşı olduğuma və eyni yataqxanada qaldığımıza görə normal münasibətlərimiz var idi. Mənə güvənir və dediklərimə əməl edirdilər. Həm də başqa çarələri də qalmamışdı, çünki bizim qızlar onları öz aralarında görmək istəmirdilər.
Bu kiçik olaylarla yanaşı Ermənistandan gələn yeni acı xəbərlər də artmaqdaydı. Fevralın 19-da İrəvan şəhərində böyük mitinq keçiriləcəyi və yerli türklərin qovulacağı barədə gələn xəbərlər əsəbləri tarıma çəkmişdi. Fevralın 17-də “Yurd” Birliyinin toplantısında müzakirələrdən sonra fevralın 19-da mitinq keçirilməsi ilə bağlı qərar verildi. “Yurd”un ilk sədri mərhum dostumuz Əlisəfa Qədirov Tahir adlı dostumuzla birgə həmin axşam bizim otağa gəlib təcili hazırlaşmağı tapşırdı. Çox az vaxt var idi. Mən fizika fakultəsini, mərhum dostumuz Şahin Seyidov (1992-ci ildə Ağdamda şəhid oldu) isə mexanika-riyaziyyat fakultəsini mitinqə çıxarmalıydıq.
Fevralın 19-da səhər dərslər başlamamış BDU-nun əsas binasının qarşısında Şahinlə birgə təşkilatçılığa başladıq. Fəal tələbələrin əksəriyyəti 2-ci korpusada (tarix, hüquq, filologiya) oxuyurdu. Bizim əsas korpusda olan fakultələrin tələbələri çox da fəal deyildi. Ancaq Şahin bəyin cəsarəti və çılğınlığı sayəsində giriş qapılarını 10-15 dəqiqə ərzində bağlamağa nail olduq. Həyətdə bir neçə yüz tələbə toplaşandan sonra artıq qapılar açılsa da heç kim marağa görə içəri keçmirdi. Bu zaman 2-ci korpusdan şüarlar səsləndirərək hərəkətə başlayan böyük dəstəyə biz də qoşularaq yürüşə başladıq.
Öncə Politexnik univesitetinin qarşısında dayanaraq orada “Azərbaycan”, “Qarabağ” şüarları səsləndirməklə onları da aksiyaya qoşduq. Bir neçə yerdə milis kardonu ilə qarşımızı kəsməyə çalışsalar da onları dəf edə bildik. İçərişəhərin “Qoşa qala qapıları” önündə milis kardonunu yarmaq mümkün olmadı. Orada mitinqə başladıq. Öncə mərhum sədrimiz və dəyərli dostumuz Əlisəfa bəy çıxış etdi. Ardınca tarix fakultəsinin fəal tələbələri Dilaver Azimli, Rəsul bəy, Amil bəy, hüquq fakultəsindən Əli Kərimli, Fazil Mustafa və Ganimat Zayidov çıxış etdilər. Sonra indiki Səbayel rayon partiya komitəsinin birinci katibi Vəli Məmmədov çıxış edərək tələblərimizin yerinə yetiriləcəyini vəd etdikdən sonra mitinq başa çatdı. Məhz 1988-ci ilin 19 fevralında BDU tələbələrinin (“Yurd”) təşkilatçılığı ilə bir ilkə imza atıldı.
Bu, çağdaş tariximizin önəmli bir səhifəsidir və onun olduğu kimi yazılmasına nail olmalıyıq. Üzərindən tam 30 il keçsə də bu sətrləri yazarkən o günlərdə keçirdiyim hissləri təkrar yaşayıram, amma olduğu kimi sözlə ifadə edə bilmirəm. Biz tələbə-gənclər olaraq birgə mübarizəmizdə ilk qələbəmizi çalmışdıq və özümüzü məğlubedilməz sayırdıq.
Sonradan 17 noyabrda başladığımız məşhur “Meydan Hərəkatı”nın da təməli bu aksiya ilə qoyuldu. O şanlı mübarizəmizin dünyasını dəyişən qəhrəmanlarına Allahdan rəhmət diləyir, ruhları qarşısında ehtiramla baş əyirəm. Bu gün də elmi, ictimai, siyasi fəaliyyətini sürdürən, adlarını çəkə bilmədiyim çoxsaylı insanlara sağlıqlı uzun ömür və uğurlar arzulayıram.

Hiç yorum yok:

Yorum Gönder