7 Kasım 2018 Çarşamba

Siyasi dəyişikliklərin seçki ilə baş tutması yollarını iqtidar tamamilə qapadı



Reytinq qəzetinə müsahibəm...

Adətən payızda ictimai-siyasi fəallıq artır. Doğrudur, hazırda ölkəmizdə hər hansı seçki olmasa da, ümumi baxımdan da siyasi fəallıq çox aşağıdır.

Qonşu ölkələrdəki siyasi aktivlik də Azərbaycana hər hansı formada təsir eləmir. Heç ölkə müxalifətinin də siyasi fəallıq cəhdləri hiss olunmur. Maraqlıdır, siyasi passivlik nə ilə bağlıdır?

Yayımların Monitorinq Mərkəzinin sədri, siyasi təhlilçi Nəsimi Məmmədli “Reytinq” qəzetinə müsahibəsinə bu mövzudan başlayıb:

- Hökumətin son illər apardığı basqıçı siyasət 2018-ci ildə daha da kəskin xarakter alıb. Müxalifətin fəaliyyət müstəvisi xeyli daralıb. Siyasi fəallıq göstərən müxalifət qurumlarının aktiv üzvləri müxtəlif ittihamlarla həbs olunub. Eyni zamanda, bu il hüquq-mühafizə orqanlarının “radikal dindar” adı altında bəzi vətəndaşlara qarşı istintaqsız, məhkəməsiz keçirdikləri “məhvetmə” əməliyyatları da cəmiyyətə psixoloji təsir göstərib. Artıq ölkədə qorxu mühiti ilə siyasi sabitliyin təmin olunma ənənəsi yaranıb. Belə bir mühitdə müxalifətin fəallıq göstərə bilməməsi qanunauyğunluqdur.

- Bütün zamanlarda zəruri olan məqamlardan biri müxalifətin vahid mövqedən çıxış etməsidir. Yəni müxalifət vahid mərkəzdə toplananda daha güclü görünüb. Amma son illər iqtidar əleyhdarları birlik istiqamətində hər hansı addım atmırlar. Sizcə, buna zərurət yoxdur, yoxsa mane olan başqa səbəblər var?

- Artıq ölkəmiz 2014-cü ildən sonra bütün nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkə kimi xarakterizə olunur. Belə siyasi şəraitdə öncəki illərin təcrübəsi artıq işə yaramır.

Ümumiyyətlə, qeyri-azad ölkələrdə klassik mənada anladığımız müxalifət olmur. Bir var iqtidarın müxalifəti, bir də var rejimin müxalifəti. Demokratik ölkələrdə iqtidarın müxalifətini azad seçkilər müəyyən edir. Seçkilərdə bərabər rəqabət şəraitində uduzan qüvvə avtomatik olaraq iqtidara müxalifət olur. Antidemokratik ölkələrdə isə iqtidar öz müxalifətini özü müəyyən edir. Seçkilərdə kimi özünə alternativ görmək istəyirsə, bu missiyanı ona verir.

Qeyri-azad ölkələrdə isə bu təsnifat işə yaramır. Rejimin müxalifətini cəmiyyətdə baş verən neqativlərə etiraz edə bilən cəsarətli şəxslər müəyyən edir. Etiraz etməkdən çəkinməyən şəxslər daha çox hansı qüvvənin və siyasi liderin arxasında dayanırsa, rejimin müxalifəti də o qüvvə olur.

Bu gün iqtidara müxalifətdə olan qüvvələrlə, rejimə müxalifətdə olan qüvvələr bir-birindən fərqlənir. Onları birliyə çağırmaq, onlardan birgə mübarizə strategiyası ummaq yanlışdır. İqtidarın müxalifəti çoxsaylı və dağınıqdır. Hökumət də onlardan çəkinmir. Rejim müxalifəti isə azsaylıdır və monolitdir. Amma hökumət ondan çəkinir və basqı altında saxlayır.

Bu halda müxalifətin hansısa birliyindən danışmaq, sadəcə, vaxt itkisidir. Qeyri-azad ölkələrdə rejim müxalifəti ilə iqtidar müxalifətinin birləşməsi fors-major situasiyalarda və irimiqyaslı siyasi proseslərdə mümkündür.

- O fikirlər də səslənir ki, nöbbədənkənar parlament seçkilərinin keçirilməsi, yaxud da böş qalan deputat yerlərinə seçki keçirilməsi planlaşdırılır. Növbədənkənar seçki ola bilərmi? Bu seçki baş tutarsa, aktivlik yarana, yaxud ölkədə siyasi dəyişikliklərin olacağına zəmin yarana bilərmi?
- Öncə bir məsələyə diqqət çəkmək istəyirəm. Ölkə Konstitusiyasının 84-cü maddəsinin II hissəsində qeyd edilir ki, Milli Məclisə hər çağırışın seçkiləri 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Eyni zamanda Seçki Məcəlləsinin 145.1-ci maddəsində də göstərilir ki, Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, habelə, 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü ölkə prezidenti təyin edir. Yəni, bu, imperativ norma kimi qanunvericilikdə təsbit olunub.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi mexanizmi isə qanunvericilikdə birbaşa təsbit olunmasa da, dolayısı ilə və bir qədər də mürəkkəb hüquqi mexanizm kimi mümkündür. Xüsusilə də 2016-cı ilin 26 sentyabrında Konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkə prezidentinə Milli Məclisə seçkilər barəsində fərman vermək səlahiyyəti verilib. Ölkə qanunvericiliyi növbədənkənar parlament seçkilərinin keçirilməsinə hüquqi əngəl törətmir.

Siyasi baxımdan da, hakimiyyətin siyasi iradəsi həlledicidir. Nə zaman öz maraqlarına uyğun saysalar seçkini təyin edə bilərlər. Günü sabah da növbədənkənar parlament seçkisi ola bilər, 2 ildən sonra da. Bu, nəinki onların siyasi maraqlarına, hətta onların ovqatına bağlı bir məsələdir.

Ümumiyyətlə, fəal vətəndaşlarımız bilməlidir ki, Konstitusiyanın 109-cu maddəsi ölkə prezidentinə çox geniş səlahiyyətlər verib. 32 bənddən ibarət olan bu səlahiyyətlərə ölkənin bütün sahələri daxildir və prezident ölkədə nə istəsə edə bilər.

Belə şəraitdə keçiriləcək seçkilərin cəmiyyətdə siyasi fəallıq doğurması çətindir. O cümlədən də siyasi dəyişikliklərin seçki ilə baş tutması yollarını iqtidar tamamilə qapadıb. Hətta bu fakt ABŞ Dovlət Departamentinin hesabatlarında da öz əksini tapıb.

- Ümumiyyətlə, parlament vasitəsiylə siyasi qüvvələrin ölkədə dəyişikliklərə başlaması nə dərəcədə inandırıcıdır? Siyasi qüvvələrin parlamentdə toparlanması və bu tribunadan islahatlara start verilməsini tələb etməsi nə dərəcədə realdır?

- Azərbaycanda keçirilən seçkiləri müzakirə etməyi artıq bir kənara qoymaq lazımdır. Sonuncu parlament seçkisi göstərdi ki, cəmiyyətin seçkilərə diqqət və marağı xeyli azalıb. Bu inamı təkcə müxalifətin gücü ilə bərpa etmək çətindir. Cəmiyyətin maraq göstərmədiyi seçki heç bir irimiqyaslı demokratik siyasi proses doğura bilməz. Təcrübə göstərir ki, Azərbaycanda hər seçkidə xalqımız, dövlətimiz və demokratiyamız ağır məğlubiyyətə uğrayır.

Həmçinin, hökumət parlamentdə kimin və niyə təmsil olunmasına tam nəzarət edir. Belə bir nəzarət şəraitində parlamentdə təsadüfi təmsilçilik ola bilməz. Deməli, hansısa müsbət dəyişikliklərdən də danışmaq əbəsdir. Əgər hakimiyyət demokratikləşmə ilə bağlı siyasi iradə sərgiləməsə və ya cəmiyyət fəallaşmasa, bu şərait hələ bir müddət də davam edəcək.

- Son dövrlər deputatların fəaliyyətini məhdudlasdırmaq, onları cəzalandırmaq, mandatdan məhrum etməklə bağlı qaydalar və cazalar sərtləşdirilir. Hətta bəzi güzəştlər də ləğv olunur. Sizcə, bu dəyişiklik nəyə hesablanıb? 


- Hakimiyyət istənilən halda cəmiyyətin bütün fəal kəsimini, o cümlədən də deputatları tam nəzarətdə saxlamaqda maraqlıdır. Bu, ümumiyyətlə, cəmiyyətə yönəlik basqıçı siyasətin tərkib hissəsidir. Siyasi psixologiya sübut edib ki, məhdudiyyətlər itaətkarlıq doğurur. Hakimiyyət məhkəmə hakimlərinin, deputatların üzərində məhdudiyyətləri sıxlaşdırdıqca, cəmiyyətdə itaəti dərinləşdirir.

Bəzi şəxslərdə yanlış olaraq belə qənaət var ki, guya iqtidar parlamentə müxalifəti buraxmaq niyyətində olduğu üçün belə profilaktik tədbirlər görür. Bunun heç bir əsası yoxdur. Qeyri-azad ölkələrin hakimiyyətlərinin addımlarında məntiqi ardıcıllıq və ya məna axtarmağa dəyməz. Sadəcə, siyasi sabitliyi yalnız bu yolla uzun müddət təmin etməyi düşünürlər.

- Bir məqama da diqqətinizi yönəltmək istərdim. 2000-ci ilin əvvəllərinə qədər beynəlxalq təşkilatlar Azərbaycan müxalifətinə qarşı daha dəstəkçi mövqe tuturdu. Amma son illər bu dəstək bir qədər zəifləyib. Bunun nə ilə izah edə bilərsiniz?
- Haqlısınız, indi Qərbdə yanaşmalar xeyli dəyişib. Əvvəllər Azərbaycan hakimiyyəti Qərbə izah etməyə çalışırdı ki, biz coğrafi baxımdan Avropalı olsaq da, siyasi baxımdan Orta Asiyalıyıq. Bizimlə Avropa standartlarında əməkdaşlığınızdan imtina edin və bizim standartları qəbul edin. Avropa qurumları əvvəllər bu yanaşmaya kəskin müqavimət göstərirdi. Vahid Avropa standartlarından kənara çıxmalar az idi. Amma indi onlar da bununla barışıb. Bir sıra nüfuzlu Avropa qurumları Azərbaycanla münasibətlərdə Avropa dəyərlərini, standartlarını israrla qəbul etdirmək taktikasından imtina edib. Hətta bəzi hallarda Azərbaycan standartları ilə uğurlu əməkdaşlıq formulası da tapılıb.

Mövcud qlobal və regional siyasi reallıqlar da münasibətlərə öz təsirini göstərir. İndi Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları ilə deyil, Orta Asiya respublikaları ilə eyni dəyərləri daşıyır. Demokratik dəyərləri daşıyan siyasi məkandan addım-addım uzaqlaşır. Belə görünür ki, Qərb bu tendensiyadan narahat deyil.

- Ümumiyyətlə, beynəlxalq təşkilatların, böyük dövlətlərin demokratiyaya dəstək siyasətini necə dəyərləndirirsiniz? Sizcə, onlar nəsə almamış...
- Beynəlxalq münasibətlər hər zaman iqtisadi-siyasi maraqlar üzərində qurulub. Dünyanın ən demokrtaik ölkələri də, ən amansız diktatura rejimlərinin hökm sürdüyü ölkələrlə ticarət əlaqələrində olub. Bu gün də belə hallar davam edir.

Azərbaycanın da iqtisadi-ticarət əlaqələrinin əhəmiyyətli hissəsi Qərblədir. Bizim anti-demokratik ölkə olmağımız, demokratik Qərbin bizimlə ticarət əlaqələrində olmasına heç də əngəl deyil. Demokratik cəmiyyətin üstünlüyü ilk növbədə həmin ölkələrin xalqlarına lazımdır.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda könüllü olaraq öz üzərinə çoxsaylı öhdəliklər götürsə də, müxtəlif bəhanələrlə bu öhdəlikləri icra etməkdən yayındı. Təəssüf ki, beynəlxalq qurumlar da bu neqativ hallara qarşı heç bir təsirli addım atmadı.

Zaur ƏHMƏD

24 Ekim 2018 Çarşamba

Mitinqlər Qarabağ məsələsinin həllinə müsbət təsir edə bilərmi?


Mitinqlər Qarabağ məsələsinin həllinə müsbət təsir edə bilərmi?

Son vaxtlar ölkədə Qarabağ məsələsi və onunla əlaqəli mövzuların müxtəlif formatlarda gündəmə gətirilməsi müşahidə edilir. İlk baxışdan 30 ilə yaxındır davam edən münaqişəyə, habelə, 26 ildir məruz qaldığımız işğala görə cəmiyyətdən müəyyən təşəbbüslərin gəlməsi anlaşılandır. Xüsusilə də yeni yaranmaqda olan qlobal və regional siyasi reallıqlar fonunda bu müzakirələrin intensiv xarakter alması təbiidir.

Göründüyü kimi dəyişən reallıqlar ölkədə uzun müddətdir mövcud olan siyasi düzənə təsir göstərir. Qarabağ mövzusunda nəzərə çarpan fəallıq da ölkə daxili sosial-siyasi durumdan və xarici amillərdən qaynaqlanır. Mövcud beynəlxalq şərtlər daxilində hakimiyyətin Qarabağ məsələsində ictimai dəstəyə ehtiyacının yaranması ehtimalı artıb. Ona görə də cəmiyyətdə bəzi müzakirələrin aparılmasına dözümlü yanaşma sərgiləyir.

Ermənistanda baş tutan hakimiyyət dəyişikliyinin yaratdığı siyasi-psixoloji təsirlər Azərbaycan hökumətini çox ehtiyyatla olsa da Qarabağla bağlı öz daxili siyasətinə düzəlişlər etməyə vadar edir. Ermənistanda cərəyan edən siyasi proseslərdən asılı olaraq, gələcəkdə özü üçün təhlükəli saymadığı kütləvi təşəbbüslərə daha ilıq yanaşması da istisna edilmir. Hətta, 29 sentyabr 2018-ci ildə “Qarabağ Komitəsi”nin  təşəbbüsü ilə keçirilən “Qarabağ Mitinqi”nə iqtidar düşərgəsindən çox ehtiyyatlı dəstək ifadə edilməsi də bu amillərlə bağlı idi.

Son günlər Qarabağ məsələsi ətrafında geniş müzakirələr nisbətən səngisə də, müəyyən qrupların bu istiqamətdə təşəbbüsləri hələlik davam edir. Media üzərindən apardığımız monitorinqlər göstərir ki, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 27-də ölkəmizə işgüzar səfərindən sonra hökumətyönlü mediada Qarabağ mövzusu əsasən arxa plana keçib. Həmçinin, Ermənistanda cərəyan edən hazırkı siyasi böhran fonunda da demək olar ki, eyni yanaşma müşahidə olunur. Nədənsə hökumətdən təlimat alan mediada Qarabağ mövzusuna çox ehtiyatlı və səthi münasibət bildirilir.

Ölkədə bəzi ictimai-siyasi qrupların Qarabağ mövzusunda fəallığı hansı nəticələrə səbəb ola bilər?

Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun 26 ildir işğalda qalması ölkəmizə olduqca təhlükəli gələcək vəd edir. Ötən illərin təcrübəsinə nəzər salsaq, ölkənin bir sıra aparıcı müxalif ictimai-siyasi qurumları və müstəqil şəxslər Qarabağ mövzusunu mütəmadi gündəmdə saxlamağa çalışıb. Mitinqlər, piketlər, dəyirmi masalar keçirilib, müxtəlif təkliflər və konsepsiyalar irəli sürülübdür. 

Qarabağ probleminin həllinin uzanmasında ölkədaxili subyektiv və obyektiv faktorlarla yanaşı, xarici amillərin də rolu var. Xüsusilə də 25 ildir hökumətin Qarabağda işğala son qoymaq istiqamətdə heç bir ağılabatan həll konsepsiyasının olmaması ən ciddi problemdir. Bununla yanaşı, iqtidarın apardığı yanlış daxili siyasətə görə xarici təzyiqlərə effektli müqavimət göstərmək də xeyli çətinləşib.

Bu gün Qarabağda işğala son qoymaq üçün səmimi şəkildə fəal mübarizə aparanlarla yanaşı, bu məsələdən öz korparativ maraqları üçün yararlanmaq istəyənlər də var. Hakimiyyətin daxilində yeni münasibətlər sisteminin yaranması sürətlənir. Dövlət konyukturası çərçivəsində mövcud maraqlardan daha üstün təsirə malik olan və idarəetmədə dərin kök salmış spesifik maraqların tədricən dəyişməsi baş verir. Belə gərgin psixoloji mühitdə Qarabağ mövzusunda istənilən qeyri-peşəkar və müəmmalı təşəbbüslərə ehtiyyatlı yanaşmaq lazımdır. Qarabağ məsələsini öz maraqlarına alət etmək cəhdlərinə qarşı diqqətli olmaq vacibdir.

Qarabağla bağlı kütləvi etiraz aksiyaları lazımdırmı? Bu aksiyaları kim təşkil etməlidir?
                                                                                                                                                  
Təəssüf ki indiyədək hökumətin bu kimi təşəbüslərə münasibəti neqativ olub. Cəmiyyətin bu istiqamətdə fəallığından daim narahatlıq keçiribdir. Proseslərin gedişi göstərir ki, artıq bu yanaşma dəyişməlidir.
   
İctimaiyyətin Qarabağ məsələsinin müxtəlif vasitələrlə daim gündəmdə saxlanması olduqca vacibdir. Öncəki illərlə müqayisədə sosial şəbəkələrin və sosial medianın mövcudluğu şəraitində bu imkanlar indi daha genişdir. Mitinqlər hər zaman ən təsirli vasitə olsa da, digər resurslar da nəzərdən kənar qalmamlıdır.

Qarabağla bağlı mitinqləri zəruri edən məsələlər hansılardır?
-Ermənistan ictimaiyyətinə psixoloji təsir göstərmək;
-ATƏT-i və digər beynəlxalq qurumları münaqişənin həllinə təşviq etmək;
-25 ildir Qarabağda davam edən işğala son qoymağı bacarmayan iqtidara təzyiq göstərmək;
-Cəmiyyəti Qarabağla bağlı siyasi proseslərdə fəal iştirakçıya çevirmək.

Təhlillər göstərir ki, indiki siyasi situasiyada Azərbaycan cəmiyyətinin mitinqlər vasitəsi ilə nə Ermənistan ictimaiyyətinə psixoloji təsir göstərməsi, nə də beynəlxalq qurumları və aparıcı dövlətləri münaqişənin həllinə sövq etməsi mümkündür. Nüfuzlu beynəlxalq hesabatlarda "qeyri-azad" ölkə kimi tanınan, fundamental hüquq və azadlıqları kobud şəkildə pozan bir dövlətin bu məsələdə demokratik siyasi iradə nümayiş etdirməsi ciddi qəbul edilə bilməz.

O cümlədən də, 25 ildir Qarabağla bağlı heç bir həll konsepsiyasına malik olmayan iqtidara təzyiq göstərmək üçün “Qarabağ Komitəsi” kimi kövrək qurumun təşkilatçılığı ilə uğur əldə etmək olmaz. Cəmiyyətin siyasi məsələlərə laqeyd olduğu, özünü ifadədən çəkindiyi bir şəraitdə belə qarışıq tərkibin ictimai etimad qazanması və siyasi proses yaratması mümkün deyil. Eyni zamanda, bir sıra obyektiv və subyektiv sosial-siyasi amillərə görə hələlik cəmiyyəti Qarabağla bağlı siyasi proseslərə fəal cəlb etmək də real görünmür. Bütün məsuliyyətli şəxslər anlayır ki, əhalinin mitinqlərdə zəif iştirakı həm daxildə, həm də xaricdə ölkəmizin maraqlarına zərbə ola bilər. 

Mitinqlərin və digər tədbirlərin keçirilməsi vacib olduğu halda, bəs bunu kim təşkil etməlidir?
Təcrübələr göstərir ki, ictimai-siyasi qurumların və aparıcı müxalifətin təşkilatçılığı ilə keçirilən Qarabağ mitinqləri hələlik effektli olmur. Ölkədə siyasi azadlıqlar olmadığı üçün müxalifətin bütün aksiyalarına hökumət müxtəlif üsullarla sərt əngəl yaradır. Sadə vətəndaşlar belə aksiyalarda iştirakdan çəkinir.  Odur ki, Qarabağ mitinqlərinin təşkilatçıları arasında siyasi partiya nümayəndələrinin olması məqsədəuyğun deyil.

Mitinqləri və digər aksiyaları Qarabağ münaqişəsi nəticəsində yaranmış sosial qruplar təşkil etməlidir. Bunlar hansılardır?
-Qarabağ müharibəsinin veteranları;
-Qarabağ müharibəsində əlil olan vətəndaşlar;
-Şəhid ailələri;
-Məcburi köçkünlər və qaçqınlar.
Məhz bu kateqoriyadan olan şəxslər və müstəqil ziyalılardan ibarət istənilən təşkilati təşəbbüsə ölkə ictimaiyyəti tərəddüdsüz dəstək verə bilər. Heç bir siyasi maraqları olmayan şəxslərin konkret təşəbbüslərinə hakimiyyətin loyal yanaşması, müxalifətin isə açıq dəstək verməsi mümkündür.

29 sentyabr “Qarabağ mitinqi”ndən sonra sosial şəbəkələr və sosial media üzərindən apardığımız monitorinqlər göstərdi ki, bəzi təşkilatçıların mitinq təbliğatları prosesə kölgə saldı. Mitinqdən öncə müxalifətə və məcburi köçkünlərə yönəlik xüsusi çağırışlar, habelə, mitinqdə iştirak etməyin ölüm-dirim məsələsinə çevirilməsi yersiz və zərərli nəticə doğurdu.
Mitinqdən dərhal sonra xüsusi qrupların müxalifəti, Qarabağ və ətraf rayonlardan köçkün olan insanları sərt ifadələrlə qınaması bəzi təşkilarçıların heç də xoş olmayan niyyətindən xəbər verirdi. Sanki mitinqin əsas məqsədi müxalifəti və məcburi köçkünləri ictimai rəydə qınağa gətirmək idi.  

Son olaraq, Qarabağla bağlı mitinqlərdə qarşıya qoyulan məqsədlərin real və aydın olması zəruridir. İctimai rəyi çaşdıran qeyri-peşəkar və qərəzli yanaşmaların qarşısını almaq vacibdir. Belə mitinqlərin mövsümi siyasi maraqlara alət edilməsinə imkan vermək olmaz. Müstəqil müşahidələr və sorğular göstərir ki, təşkilatçılar sırasında siyasi partiya rəhbərlərinin və nümayəndələrinin olması məqsədəuyğun deyil. İndiki mürəkkəb və ziddiyyətli geosiyasi reallıqlar, həmçinin ölkədəki sosial-psixoloji mühit nəzərə alınmasa, cəmiyyətin ictimai-siyasi fəal hissəsinin dəstəyini almaq mümkün olmayacaq.

24 oktyabr 2018-ci il.

24 Haziran 2018 Pazar

Əbülfəz Elçibəyin 80 illik yubleyinə həsr edirəm!


Salam olsun o pak ruhuna, bəy! 80 yaşın mübarək!

Əbülfəz Elçibəy həyatımda və siyasi dünyagörüşümdə misilsiz rolu olan şəxsiyyətlərdən biridir. Onu ilk dəfə canlı olaraq 30 il öncə BDU-da təhsil aldığım vaxt tanımışam. Sonradan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın ilk və hələlik sonuncu demokratik yolla seçilmiş prezidenti, Bütöv Azərbaycan məfkurəsinin siyasiləşməsinin şəriksiz müəllifi olan siyasətci, ədalətli insan, alim, ideoloq və demokrat kimi hörmət bəsləmişəm.

Elçibəy əsil insanliq nümunəsi olan siyasi xadim kimi çağdaş tariximizə adını əbədi yazdırıb. Prezidentliyi müddətində xalqın və dövlətin bir manatına da əl uzatmayıb. Dünyanın ən kasıb prezidenti kimi qürurlu titul yəqin ki əbədi olaraq ona məxsus olacaq.
Hətta bəzən onu kasıb olduğuna, rüşvət almadığına, özünə sərvət toplamadığına, övladlarının adına xaricdə bank hesabları açmadığına, xalqı ilə yumşaq davrandığına, hakimiyyətini qorumaq üçün qardaş qanı tökmədiyinə görə qınayanlara da rast gəlirik.
Amma hətta ona müxalifətdə olanlar da heç vaxt onun barəsində korrupsioner, rüşvətxor, oğru, tamahkar, hakimiyyət hərisi, zülmkar, ədalətsiz prezident sözünü işlətmədilər. Nəinki işlətmədilər, heç ağıllarından belə keçirmədilər.

Elçibəy hakimiyyətinin ən kiçik məmuru və ya nümayəndəsi olmasam da, vaxtilə onu bir gənc kimi fəal dəstəkləyənlərdən olmuşam. Bir illik iqtidarı dönəmində çox böyük işlərə imza atdığı kimi, səhvləri də olmuşdu. Səmimi söhbətlərində səhvlərini etiraf etməkdən çəkinmir və bir gün onları düzəltmək fürsəti olacağına inanırdı. Təəssüf ki, əcəl imkan vermədi...

Sağlığında Elçibəy onu tənqid və hətta təhqir edənləri də bağışlamışdı. Onun şəxsiyyətini bəyənməyən, hakimiyyətdən getməsi üçün çalışan insanların heç birinə kin bəsləmirdi. Millətin həmrəyliyi, ölkənin ərazi bütövlüyü və müstəqilliyi naminə daim güzəştə hazır idi.

O, iqtidardan salındıqdan sonra ölkənin xarici siyasət kursu qismən sabit qalsa da, daxili siyasətdə çox ciddi mənfi dəyişiklik baş verdi. Ölkə tamamilə fərqli siyasi kurs götürdü. İnsan hüquq və azadlıqlarına hörmət ortadan qalxdı, qanunun aliliyi arxa plana keçdi, söz və mətbuat azadlığı boğuldu, siyasi azadlıqlar yox edildi, ənənələrə və hüquqa söykənən bütün münasibətlər sistemi pozuldu, vətəndaşların ləyaqətli yaşaması imkanları tükənmək üzrədir.

Zaman göstərdi ki dövlətimiz üçün Elçibəyin də daim sadiq qaldığı “demokratik cümhuriyyət” kursunun alternativi yoxdur. Tale elə gətirdi ki nə Elçibəy özü, nə də yüzlərlə dünyasını dəyişən əqidədaşları bu kursun qəti qələbəsini görmədən haqq dünyasına köçdülər.
Təəssüf ki hələlik müsbət nəticələrə nail olunmasa da, bu kursun indi də kifayət qədər layiqli, prinsipial, savadlı davamçıları var. Ölkəni düşdüyü bu ağır sosial-siyasi durumdan çıxarmaq üçün çalışmalar artmaqdadır. Beynəlxalq və yerli şərait yaranan kimi bu siyasi kursun ölkədə yenidən iqtidar olacağına qətiyyən şübhə etmirəm.  
Allahdan Elçibəyə rəhmət diləyirəm.

20 Haziran 2018 Çarşamba

Türkiyədə seçkilərin gözlənilən nəticəsinə baxış.



Türkiyədə iyunun 24-də keçiriləcək seçkilər başa çatmaq üzrədir. Seçicilər 16 aprel 2017-ci ildə qəbul edilən yeni Konstitusiya ilə ilk dəfədir ki dövlət başçısını birbaşa seçəcək. Bu seçki həm də Türkiyədə geniş səlahiyyətlərə malik prezident üsul idarəsinə keçid olacaq. Eyni zamanda Böyük Millət Məclisinə seçkilər də həmin gün keçirilir.

Ölkədə fövqəladə vəziyyət şəraiti hökm sürsə də, siyasi azadlıqlara heç bir məhdudiyyət gətirilməyib. Son illər yaxın və uzaq regionların ən hərarətli və çox rəqabətli seçki kampaniyası aparılır. Açıq ifadə edilməsə də, bu rəqabət şəxsi yarışdan daha çox ideolojidir. Seçkiyə qatılan əsas tərəflər üçün son dərəcə həyati əhəmiyyət kəsb etməsi diqqət çəkir.
Hakim partiyanın uzun müddət iqtidarda qalmasına və güclənməsinə səbəb kimi dini cərəyanların dövlət işlərinə sirayət etməsi göstərilir. Sekulyar müxalifətin isə Atatürk ideyalarının gələcəyi ilə bağlı narahatlığı getdikcə artır. Odur ki bu seçkini ölkə tarixinin ən gərgin və həlledici siyasi proesei adlandırmaq olar.

Bu seçki Türkiyənin daxili və xarici siyasətinin öncəliklərini, regional və qlobal siyasətdə mövqelərini, ölkə daxilində ideoloji, siyasi və sosial münasibətlər sistemini müəyyən edəcək. Türkiyənin də yerləşdiyi coğrafiya hazırda dünyanın ən mürəkkəb və ziddiyyətli hərbi-siyasi münaqişələrinin mərkəzi halındadır.

Bu gərginlik qarşıdakı illərdə daha da yüksələcək və Türkiyə üçün çox məsuliyyətli dönəm olacaq.
Ərdoğan iqtidarının yürütdüyü çağdaş xarici siyasət qənaətbəxş olsa da, risklidir və dayanıqlı deyil. Daha çox xarici faktorların təsiri altındadır. Həmçinin, daxili siyasətdə də möhkəm və dayanıqlı sosial-iqtisadi sabitlik yoxdur. İstər milli-etnik, istər dini-ideoloji, istərsə də sosial-siyasi baxımdan həlli çətin ziddiyyətlər mövcuddur.

Analizlər göstərir ki 24 iyun seçkisində seçicilərin iştirak faizi indiyədək müşahidə edilməyən ən yüksək həddə çatacaq. Türkiyə və ölkə xaricində keçirilən seçkilərdə ümumilikdə 59 milyon 391 min 328 nəfər seçici iştirak edəcək. Ölkənin bütün siyasi təşkilatları, ictimai qurumları, vətəndaş cəmiyyəti, sahibkarlar və media bu seçkidə çox fəal iştirak edir. Hər kəsin açıq dəstəklədiyi namizədləri var. Seçicilərin iradəsi həlledici olduğundan milyonlarla seçici açıq təbliğat və təşviqat prosesində iştirak edir. Xüsusilə də prezidentliyə namizədlərin uğurlu və azad seçki kampaniyası ölkədə seçici fəallığına ciddi təsir edib.

Türkiyə prezidentliyinə 6 namizəd mübarizə aparır. Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasından Məhərrəm İncə, "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Təməl Karamollaoğlu, Xalqların Demokratik Partiyasından Səlahəddin Demirtaş, Vətən Partiyasından Doğu Perinçek namizəd kimi iştirak edirlər. XDP-nin namizədi S.Demirtaşdan başqa bütün namizədlərə bərabər şərait yaradılıb. Hətta həbsxanada olmasına baxmayaraq S.Demirtaşın da seçicilərə müraciət etmək imkanı təmin edilib.  Namizədlər hamısı əsas rəqib kimi hazırkı prezident Ərdoğanı açıq hədəf alaraq təbliğat aparır.

Müstəqil rəy sorğuları göstərir ki prezidentlik uğrunda əsas mübarizə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla-Məhərrəm İncə arasında olacaq. Namizədlərdən kimin qalib gələcəyini hələlik qəti şəkildə demək çətin olsa da müəyyən ehtimallar var.

Ərdoğanın uzun müddət iqtidarda olmasını və dövlət başçısı kimi inzibati resurslara qismən təsir imkanlarını kənara qoysaq belə, o, bəlli bir sabit elektorata sahibdir. Bütün sorğular göstərir ki Ərdoğan kifayət qədər güclü rəqibdir və yenidən prezident seçilməsi ehtimalı xeyli yüksəkdir. MHP-nin dəstəyi də ona əlavə güc qazandırır. Müxtəlif rəy sorğularında ölkənin ən reytinqli siyasətçisidir və 48-53 faiz səs alacağı proqnoz edilir.

CHP-nin namizədi Məhərrəm İncə də kifayət qədər hazırlıqlı və yetkin siyasətçidir. Apardığı seçki kampaniyası göstərdi ki, o da Türkiyə cəmiyyətini hərəkətə gətirə bilən natiq siyasətçilərdəndir. Arxasında dayanıqlı siyasi güc və stabil elektorat var. CHP-nin təqribən 25 faizlik sabit seçiciləri ilə yanaşı, tərəddüdlü seçicilərin də qismən dəstəyini ala bilər. Rəy sorğularına görə 28-33 faiz səs alması ehtimalı var.

Təhlillər göstərir ki hər iki namizədin həm xalqdan, həm də beynəlxalq aləmdən güclü dəstəyi var. Nəzəri baxımdan hər iki namizədin ikinci tura qalması ehtimalını da istisna etmək olmaz. Müxalifətin seçkiyə daha çox namizədlə qatılması iqtidar namizədinə çoxsaylı tənqidlər istiqamətləndirmək baxımından uğurlu taktika olsa da,  eyni zamanda müxalifətin səslərinin bölünməsinə də səbəb olacaq. Əgər seçkinin ilk turunda qalib müəyyən olmasa, o zaman ikinci turda Ərdoğana qarşı geniş koalisiya formalaşması imkanları hələ də var.

Parlament və prezident seçkisinin eyni vaxtda keçirilməsi müxalifətin iqtidara qarşı vahid güc kimi çıxış etməsini də müəyyən qədər əngəllədi. Parlamentin səlahiyyətləri qismən azalsa da, ölkənin əsas siyasi müstəvisi kimi qalır. Partiyalar da məhz öz siyasi maraqları baxımından seçkilərdə ayrılıqda iştirak etməyi üstün tutdular.

Parlament seçkisinin təhlili göstərir ki hakim AKP-nin əvvəlki kimi böyük üstünlülər əldə etməsi real deyil. Ərdoğan prezident seçilsə belə, parlamentdə həlledici çoxluğa sahib olması xeyli çətindir. Bu, Türkiyə cəmiyyətinin demokratik ənənələrini qoruyub saxlaması baxımından əhəmiyyətli ola bilər.
Seçki sonrası ölkədə müəyyən etirazların olmasını istisna etməsək də, irimiqyaslı qeyri sabitliyin yaranması ehtimalı aşağıdır. Türkiyədə dövlət-vətəndaş münasibətlərinin dərin tarixi kökləri, ənənələri və qanuni əsasları var. Regionda sabit və güclü Türkiyənin olması ölkəmizin də marağındadır.

20 iyun 2018-ci il.

Müxalifətin birləşməsi yeni siyasi proseslərə təkan verə bilərmi?


Müxalifətin birləşməsi yeni siyasi proseslərə təkan verə bilərmi?

11 aprel 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkisindən sonra ölkə daxilində ictimai-siyasi münasibətlərin daha da kəskinləşməsi müşahidə edilir. Cəmiyyətdə ümumi gərginlik və qeyri-müəyyənlik hökm sürür. Sanki iqtidar öz maraqları baxımından hansısa həlli çətin mürəkkəb vəziyyətlə üzləşib. Ən kiçik ictimai-siyasi fəallıq nəinki narahatlığına, hətta böyük təlaşına səbəb olur. İqtidarın narahatlığının artması ilə cəmiyyətin fəallaşması arasında əlaqə olduğu aydın görünür. Odur ki müxalifətə qarşı təzyiqləri durmadan artırır və yeni həbs dalğası ilə ölkədə qorxu mühitini saxlamağa çalışır.

Ölkədə və regionda cərəyan edən siyasi prosesləri təhlil etdikdə iqtidarın təşvişinə əsas olmasa da, əslində narahatlığına müəyyən əsasların olduğu üzə çıxır. Keçən müddət ərzində ölkədə iqtisadi-siyasi və idarəetmə islahatları istiqamətində heç bir ciddi addım atılmayıb. Yoxsulluq, işsizlik, hüquq pozmalar artmaqdadır. Söz, mətbuat, ifadə, birləşmək, sərbəst toplaşmaq, siyasi və digər fundamental azadlıqlarla bağlı böhranlı durum dərinləşir. Ölkənin demokratikləşməsi, sosial-iqtisadi, siyasi və digər problemlərinin həlli ilə bağlı da vəziyyət pisləşməyə doğru gedir.
Həmçinin Rusiya və İranın regional siyasətinə təsir edə bilən qlobal proseslərin inrensivləşməsi, Avropa Şurası ilə Azərbaycan arasında siyasi məhbus probleminə görə münasibətlərin gərginləşməsi iqtidarın narahatlığını artıran məsələlərdəndir.

Əsasən sosial şəbəkələrdə ölkənin bugünkü durumu və gələcəyi ilə bağlı müzakirələr də genişlənir. Cəmiyyətin lokomotivi olan müxalif siyasi qurumların hansı addımlar atacağı, proseslərə necə təsir edəcəyi maraqla izlənir. Hətta belə bir situasiyada müxalifətin birləşməsinə yönəlik çağrışlar da artmaqdadır. Məsələnin aktuallığını nəzərə alaraq bu istiqamətdə real durumu təhlil etməyə çalışaq.
Müxalifətin birliyi ölkədə yeni siyasi proseslərə təkan verə bilərmi? Belə bir birlik sosial sifarişdirmi? İndiki şəraitdə müxalifət nə etməlidir?

Öncə ondan başlayaq ki, cəmiyyətdə hökm sürən apolitik vəziyyət ölkədaxili bütün münasibətlər sisteminə olduqca mənfi təsir edib. İnsanların sosial-siyasi məsələlərə yanaşmasındakı neqativ ovqat müxalifətin də fəaliyyətindən yan keçmir. Belə şəraitdə geniş xalq kütlələrinə çatan təbliğat aparmaq, onları cəlb etmək, təşkilatlandırmaq olduqca çətindir. Digər tərəfdən isə ölkədə real müxalifətin mövcudluğunda maraqlı olmayan iqtidarın sistemli çalışmaları mütəmadi diqqət çəkir.

Ölkədə prezident səviyyəsində real müxalifətçiliyə qarşı çox mənfi münasibət var. Rəsmi çıxışlarda mütəmadi olaraq müxalifətin ünvanına olduqca sərt və aşağılayıcı ifadələr işlədilir. Rəsmi dövlət səviyyəsində müxalifətin fəaliyyət imkanları ciddi nəzarət altına alınıb. Davamlı olaraq müxalifət nümayəndələrinə qarşı təqiblər, inzibati həbslər həyata keçirilir. Sanki hüquq mühafizə orqanlarının qarşısına əsas vəzifələrdən biri kimi müxalifətin siyasi proseslərdən tamamilə sıxışdırılması vəzifəsi qoyulub.

Xüsusilə də müxalifətin xaricdən maliyyələşməsi ilə bağlı siyasi ittihamların son günlər qanuniləşdirilməsi istiqamətində rəsmi addımlar atılıb. 26 may 2018-ci il tarixdə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında AXCP üzvlərinə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2-ci və sair maddələri ilə cinayət işi açılıb və 5 nəfər partiya üzvü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Faktiki olaraq ictimai-siyasi proseslərdə təsir imkanları xeyli zəifləmiş müxalifətə qarşı iqtidarın apardığı davamlı təzyiq kampaniyasının səbəblərini anlamaq çətindir.
Hazırda ölkədə ictimai-siyasi fəallığın yüksəlməsi hiss edilsə də, bu, müxalifətin fəaliyyəti ilə bağlı deyil. Cəmiyyətin bütün yetkin insanları anlayır ki, bu şəraitdə ölkədə yeni siyasi proseslərə təkan müxalifətin birliyinə bağlı deyil. Odur ki müxalifətin birliyi istiqamətində sosial sifariş hiss edilmir.

İqtidar ölkədə və mühacirətdə müxalifət adına iddialıların çoxluğunu və fərqliliyini süni şəkildə cəmiyyətə təqdim etməkdə maraqlıdır. Bunun üçün bütün resurslar səfərbər edilib və sosial şəbəkələr üzərindən məqsədyönlü iş aparılır. Proseslər göstərir ki bu tendensiya qarşıdakı dövrdə daha da arta bilər. Son günlər müxtəlif səpkili ictimai-siyasi müzakirələrin və diskussiyaların artması da təsadüfi deyil.

Ölkədə dinc, demokratik və köklü dəyişiklik istəyən müxalifət, habelə müstəqil fərdlər hazırkı situasiyada qanunların imkan verdiyi çərçivəni aşmamalıdır. Hətta bu istiqamətdə istənilən provakasiyalara, kənardan təqdim edilən yeni yanaşmalara təmkinli reaksiya verməlidir. Cəmiyyətdə bir sıra sosial-siyasi amillər tam yetişmədən demokratik proseslərin yüksəlməsi gözlənilən, eyni zamanda arzulanan deyil.        

Hazırda xalq ölkədə bütün sosial-siyasi məsələlərdə müşahidəçidir. Cəmiyyətiçi münasibətlərdə tərəf olmağa nə özü cəhd edir, nə də onu tərəf olmağa sövq edə bilən siyasi qüvvə var.
İqtidar isə monolitdir və ya hələlik öz daxili problemlərini maksimum cəmiyyətdən gizlədə bilir. Vəzifədə olan və ya vəzifəsindən çıxarılan məmurlar da bu barədə danışmqda maraqlı deyil. Bu susqunluğun səbəblərini mövcud vəziyyətdə anlamaq elə də çətin deyil.

Son olaraq, ölkədə ciddi dəyişikliklərdə maraqlı olan qüvvələr əsas hədəfdən yayınmamalıdır. Diqqətini və enerjisini birmənalı olaraq daxili müzakirələrə sərf etməməlidir. Nəinki sağlam tənqidə, hətta qarayaxma, böhtan və təhqirə də maksimum reaksiya verməməlidir. Belə təşəbbüsləri tamamilə susqunluqla izləməlidir.

Fikrimizcə müxalifət Azərbaycan cəmiyyətinin real durumunu və ətrafda baş verənlərə necə reaksiya verdiyini dərindən öyrənərək hazırlıq işlərini artırmalıdır. Sosial şəbəkələrin imkanlarını nəzərə alaraq sadə vətəndaşlarla, siyasi iddialı şəxslərlə, sahibkarlarla, məmurlarla necə iş qurulacağı barədə peşəkar yanaşmalar sərgiləməlidir. Ölkədə ümumi sosial-siyasi vəziyyət çox kövrəkdir. İqtidarın cəmiyyəti monipulyasiya etmək imkanları xeyli tükənib. Bütövlükdə informasiya-təbliğat siyasəti müasir tələblərə cavab vermir. Həmçinin, idarəetmədə gözlənilmədən daha böyük böhran yaranması ehtimalı xeyli artıb.

9 Haziran 2018 Cumartesi

AXC-nın 100 ili: Dialoq ümidləri özünü doğruldmadı
Müsahibə 

Azərbaycan ictimaiyyətində prezident seçkilərindən sonra islahat gözləntisi vardı. Bəzi siyasi şərhçilər Cümhuriyyətin 100 illiyi ilə bağlı imzalanacaq əfv sərəncamına da böyük ümidlər bəsləyirdilər. Amma bu gözləntilər özünü doğrultmadı. Eyni zamanda son günlər AXCP üzvlərinə qarşı cinayət işi açıldı, Cümhuriyyətin 100 illiyi ilə bağlı dinc yürüşdə iştirak etdiklərinə görə REAL Partiyasının üzvləri müxtəlif ittihamlarla inzibati həbsə məhkum olundu. Bütün baş verənlərlə bağlı siyasi şərhçi Nəsimi Məmmədli Turan İA suallarını cavablandırır.
***
- Nəsimi bəy, əfv sərəncamından öncə bəzi gözləntilər var idi. Xüsusən siyasi məhbuslar mövzusunda. Verilən proqnozlarda da bu dəfə siyahıda daha çox siyasi məhbusun adını görəcəyimiz vurğulanırdı. Amma nəticə proqnozlardakından fərqli oldu. Sizcə, hakimiyyət bununla nə demək istəyir?
Nəsimi Məmmədli - Prezident seçkilərinin növbədənkənar keçirilməsi ətrafında aparılan diskussiyalar zamanı həqiqətən də belə ehtimallar səslənirdi. Hətta seçkidən sonra siyasi-hüquqi islahatların aparılacağı, növbədənkənar parlament seçkisinin keçiriləcəyi, siyasi məhbusların hamılıqla azad olunacağı və iqtidar-müxalifət münasibətlərinin yeni müstəvidə tənzimlənəcəyi barədə proqnozlar da var idi. Buna səbəb kimi nüfuzlu beynəlxalq qurumların və aparıcı dövlətlərin qeyri-müəyyən reaksiyaları, iqtidar yetkililərinin seçkinin önə çəkilməsini heç bir ağlabatan sosial-siyasi və hüquqi arqumentlərlə izah edə bilməməsi, həmçinin ölkədəki real böhranlı durumdan çıxmağın yolunun islahatlarla mümkün olacağı rol oynayırdı. O zaman bütün çıxışlarımda cəmiyyətin fəal kəsiminə çatdırmağa çalışırdım ki, azadlıq indeksinə görə qeyri-azad ölkələrdə siyasi məsələlərlə bağlı qanunauyğun proqnozlar vermək mümkün deyil. Bu ölkələrdə siyasi qərarların qəbulu mexanizmi məlum deyil. İqtidarın özəl maraqları, hansısa xarici amillər və siyasi iradə sahibinin ovqatı nəyi tələb edəcəksə onu da edə bilərlər. Bu kimi ehtimalları nə təsdiq, nə də inkar etmək mümkündür. Bundan sonra da məhz belə olacaq. Siyasi məhbusların "əfv edilməməsinə" gəldikdə isə burada iki əsas amil var. Birincisi, iqtidarın cəmiyyətdə xof yaratmaq istəyindən qaynaqlanır. İnsanlara göstərmək istəyirlər ki, biz heç kimdən çəkinmədən təqsiri olmayan insanları istənilən an həbs edə və məhkəmə qərarı ilə 5-10 il zindanda saxlaya bilərik. Bizim üçün beynəlxalq təzyiq, ölkədaxili ictimai rəy önəmli deyil. İkinci amil isə bu kimi əfvlərin məhkum edilmiş şəxsləri "islah" etməməsidir. Müşahidələr göstərir ki, son illərin əfv sərəncamları hökumətə siyasi divident qazandırmır, müxalifətin tənqidlərini azaltmır, cəmiyyətdə iqtidara itaəti dərinləşdirmir və səs-küylü beynəlxalq təqdir almır. Əfv sərəncamı şamil edilən siyasi məhbusların əksəriyyəti, habelə müstəqil və müxalif mövqeli insanlar da artıq bu kimi sərəncamları humanizm nümunəsi kimi təqdir etmir. Əfv o zaman humanizm nümunəsi sayılır ki, insanlar ədalətli məhkəmə ilə mühakimə edilir. Müəyyən müddət öz cəzalarını çəkdikdən sonra cəmiyyətdə təhlükə törətmədiyi üçün əfv olunur. Belə qərarlar cəmiyyətdə münasibətlər sisteminə müsbət təsir edir və islahedici xarakter daşıyır. Ancaq təqsiri olmadığı halda müxtəlif səbəblərdən məhkum edilmiş insanların əfv edilməsi təcrübəsi onlara qarşı ən böyük mənəvi işgəncədir. Odur ki son vaxtlar hökumət əfv sərəncamları imzalayarkən bu tendensiyanı nəzərə almağa başlayıb.
- Yenidən həbs dalğası başlayıb. AXCP üzvlərinə qarşı cinayət işi açıldı. Cümhuriyyət yürüşü keçirənlər inzibatı həbs edilir. Bununla hakimiyyət xof yaratmaq istəyir, yoxsa növbəti 7 il ərzində də siyasətində dəyişikliklərin olmayacağı mesajını verir?
- Son həbsləri daha öncə yaşanan həbslərdən ayıraraq qiymətləndirmək doğru olmaz. Artıq bu kimi həbslər mütəmadi xarakter alıb. İqtidarın daxili siyasətini müşahidə etdikdə aydın görünür ki, bu yanaşma ali siyasi iradənin ifadəsidir və idarəetmə forması kimi tətbiq edilir. Son günlər AXCP üzvlərinə qarşı açılmış cinayət işləri də qorxu mühitini saxlamağa hesablanıb. Ancaq AXCP gənclərinin təşkil etdiyi "məni tut" aksiyası hökumətin qorxu yaratmaqla bağlı bir sıra planlarına müvəqqəti olsa da psixoloji zərbə vurdu. Basqılar əks-effekt verdi və cümhuriyyət bayramı ilə bağlı keçirilən tədbirlərin daha çox rezonans yaratması bunun sübutu idi. Həm İstiqlal abidəsi önündə və Nizami küçəsində, həm də Novxanı kəndində keçirilən bayram tədbirləri kütləviliyi və coşğusu ilə xeyli fərqlənirdi. REAL Partiyasının məclis üzvü Azər Qasımlının və digər fəalların inzibati həbsi də məhz bu uğurlu aksiyalarla bağlıdır. Hakimiyyət cəmiyyətdə qorxu mühitinin dağılmasından və demokratik proseslərin başlanmasından ciddi narahatdır. İqtidar sosial dayaqlarının getdikcə zəiflədiyini hiss edir. Güzəranının ağırlığına görə əhali arasında narazılıq artır. Beynəlxalq arenada mütəmadi olaraq qanunsuz əməllərinə görə gündəmdədir. Regionda demokratik siyasi proseslər dərinləşir. Xüsusilə də Ermənistanda baş verən dinc demokratik dəyişiklik psixoloji olaraq Azərbaycan iqtidarına və cəmiyyətə təsir edir. Hakimiyyətin özünüqoruma instinkti işə düşüb. Cəmiyyətin fəal kəsiminin daha çox cəmləşdiyi müxalifətin üzərinə basqıların artması da bununla bağlıdır. İqtidar hesab edir ki fəal şəxslər həbs edildikcə cəmiyyətdə qorxu mühitini saxlamaq və bununla da özünü daha 7 il qorumaq mümkün olacaq.
- Amma belə nəticə çıxaranlar da var ki, hakimiyyət özü qorxduğu üçün belə addımlar atır. Yəni, narazı kütlədən ehtiyatlandığı üçün ən xırda aksiyalara belə dözümsüz yanaşır. Ən kiçik səsləri belə boğmağa çalışır. Bu fikirlərlə razılaşırsınızmı?
- Son illər qeyri- azad və qismən azad ölkələrdə yaşanan siyasi dəyişikliklərin öyrətdiyi ciddi dərslər var. Kütləvi etirazlara iqtidarların yumşaq davranışları dinc demokratik məxməri inqilablara, sərt davranışları isə qanlı və dağıdıcı inqilablara səbəb olur. Hökumət ən kiçik təşəbbüsləri, ara-sıra görünən etirazları boğmaqla bu prosesin qarşısını almağa çalışır. Peşəkar müşahidələr göstərir ki, ölkəmizdə əhali arasında narazılıq həddindən çoxdur. Ancaq bu narazılıqların etirazlara çevrilməsi hələ tam yetişməyib. Yetişəcəyi halda onun qarşısını heç bir qüvvə ala bilməyəcək. İqtidarın bütün davranışlarının analizi göstərir ki, onlar ölkədə narazılıqların miqyasını bilir və hər an böyük etiraz hərəkatının yarana biləcəyiehtimalına qarşı önləyici tədbirlər görürlər. İqtidar önləyici tədbirləri siyasi vasitələrlə, islahatlarla deyil, yalnız dövlətin güc strukturları ilə almaqdadır. Hələlik ictimai rəyi istiqamətləndirməyə müvəffəq olur, özünü güclü və monolit təqdim edə bilir, habelə, cəmiyyətə və müxalifətə nəzarət imkanlarını da əldə saxlayır. Ancaq eyni zamanda etirazlardan qorxması da təbiidir. Çünki ölkədə bütövlükdə münasibətlər sistemi pozulub və bu situasiyada dayanıqlı sabitlik mümkün deyil.
- Hakimiyyətdən islahat gözləyənlər var. Amma görünən odur ki, hələ ki hakimiyyət buna lüzum görmür. Siz necə? İslahat gözləyənlərdənsiz?
- İqtidar faktiki olaraq dövləti bu şəkildə idarə etməklə daha təhlükəsiz davam etdiyinə inanır. Cəmiyyətdə xüsusi nəzərəçarpan etirazlar da yox səviyyəsindədir. Ara-sıra müxalifətin təşkil etdiyi etiraz aksiyalarına isə xalq əsasən qoşulmur. İstənilən monitorinqlər göstərir ki, cəmiyyət kollektiv etirazlara meylli deyil. İnsanlar hələ də öz sosial problemlərini fərdi şəkildə həll edə bilir. Həm də bu yol sadə vətəndaşlar üçün daha təhlükəsiz və risksizdir. Odur ki iqtidar da cəmiyyətin üzdə görünən real durumuna uyğun davranır. İstənilən iqtisadi-siyasi islahat cəmiyyətdə gözlənilməz sosial-siyasi dalğa yarada bilər. Mən iqtidarın hansısa ciddi islahata gedəcəyinə inanmasam da islahatların vacibliyinə inanıram. Bunun olmayacağı təqdirdə ölkənin iqtisadi-siyasi gələcəyi ilə bağlı heç bir müsbət gözlənti ola bilməz.
- Nə vaxt islahat ola bilər? Hakimiyyət buna nə vaxt gedə bilər?
- Azərbaycan hakimiyyətinin islahatlara nə zaman gedəcəyini heç bir sosioloji, politoloji qanunauyğunluqla izah etmək olmur. Çünki ölkədə mövcud olan idarəetmə rejimini klassik rejim formalarının heç biri ilə eyniləşdirmək mümkün deyil. Ölkəmizdə çox qarışıq və özünəməxsus bir rejim var. Elmi baxımdan öyrənilmiş diktarura, avtoritarizm, totalitarizm, monarxiya və demokratiya rejimlərinin ayrı-ayrı elementlərini özündə cəmləşdirib. Belə rejimlərin nə atdığı, nə də atacağı addımları proqnozlaşdırmaq olmur. Bir anda gözlənilməz dəyişikliklərin şahidi ola bilərik. Xatırlayırsınızsa neftin dünya üzrə bazar qiyməti aşağı endiyi vaxtlarda hökumət iqtisadi və struktur islahatlarından hər gün danışmağa başlayırdı. Ancaq neftin qiyməti yüksəldikcə hökumət islahatları yenidən unutdu. Görünən budur ki, hökumət heç bir islahat paketinə sahib deyil. Neftin qiymətlərinə bağlı mövsümi yanaşma mövcuddur. Ölkədə islahatların vacibliyini əksəriyyət ekspertlər söyləsə də onun zamanını deyə bilməz. Çünki hakimiyyətin özəl siyasi maraqları dövlətin və vətəndaşın maraqlarından qat-qat yuxarıda dayanır. O maraqların qalıcı təminatı bütövlükdə islahatları istisna edir.
- İslahatlar olmasa, bu gedişat ölkəni hara aparır? Sizcə, bu vəziyyətdən hakimiyyət üçün, xalq üçün, ölkə üçün çıxış yolu nədir?
- Ölkədə işsizlik, yoxsulluq, qanunsuzluq dərinləşdikcə sosial gərginlik də paralel olaraq artır. Vətəndaşlar arasında ölkədən mühacirət etmək istəyənlər çoxalıb. Fəal mübarizəyə can atan vətəndaşlara qarşı indi hakimiyyət daha aqressivdir. Ən qorxulusu budur ki, yetkin vətəndaşlar arasında dövlətə güvənən şəxslər demək olar ki, qalmayıb. Ölkə əhalisinin əksəriyyəti indiki sosial-siyasi durumun daha da pis olacağına özünü psixoloji hazırlayıb. Bu "hazırlıq"da bir tərəfdən ümumölkə televiziyalarının, digər tərəfdən isə təəssüf ki cəmiyyətin nüfuzlu müstəqil və müxalif şəxslərinin də rolu var. Bəzən real durumu obyektiv analiz edərkən işlədilən ehtiyatsız ifadələr insanların altşüuruna qorxu və tərəddüd yükləyir. Əksəriyyət gələcəkdə ümumi vəziyyətin daha da pisləşəcəyini eşitdikcə fəal mübarizəyə qoşulmur, əksinə bugünkü durumu ilə barışır. Sosial şəbəkələrin yaratdığı geniş imkanlar cəmiyyətin fəallaşmasında yeni mərhələ açıb. Qeyri peşəkarlıq nəzərə çarpsa da alternativ informasiya mənbələrinin günbəgün artması yeni siyasi müzakirələr doğurub. Ölkədə siyasi fəallıq yüksələn xətlə inkişaf edir. Belə davam etməyin mümkün olmayacağını anlayanların da sırası genişlənir. Hökumətin basqıları artsa da bu şəraitdə müxalifətin sıradan çıxarılması, cəmiyyətin uzunmüddətli ətalətə məhkum edilməsi də artıq mümkün olmayacaq. Ölkədə sosial-siyasi durum mürəkkəb və ziddiyyətlidir. İqtidar öz mövqelərini qorumaq üçün yalnız əlindəki inzibati resurslara ümid edir. Müxalifətin fəaliyyətinin uğurlu olması isə xalqın etirazlara reaksiyasından asılıdır. Hazırkı apatiya durumundan çıxmaq üçün hələ ki müxalifətin konseptual yanaşması da nəzərə çarpmır. Bu situasiyanın kəskin dəyişməsində daxili və xarici fors-major ehtimalları kənara qoysaq, hələlik cəmiyyət siyasi proseslərdə aparıcı faktor deyil. Son olaraq, ölkədə etimadlı hüquqi-siyasi və iqtisadi islahatlar aparılmasa dövlətin təhlükəsizlik zirehi tamamilə söküləcək. Hökumətin yersiz inadkarlıqdan imtina etməsi və siyasi məhbusların hamılıqla azad olunması ən ideal variant ola bilər. Həmçinin köklü iqtisadi islahatların aparılması, seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsi, azad və ədalətli parlament seçkisinin keçirilməsi ölkə üçün olduqca vacib məsələlərdir.

25 Mayıs 2018 Cuma

Siyasi məhbus probleminin həlli nə zaman mümkün olacaq?


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə məhkum edilmiş bir sıra şəxslərin “əfv” olunması barədə ölkə prezidenti 24 may 2018-ci ildə “əfv” sərəncamı imzadı. “Əfv” sərəncamı 634 nəfər məhbusa şamil edildi. Onlardan yalnız 12 nəfəri siyasi məhbus statusunda olan şəxslərdir.

“Əfv” sərəncamı və “Amnistiya aktı” nəticəsində bəzi məhbusların azadlığına qovuşması təcrübəsi 1993-cü ildən etibarən mütəmadi olaraq tətbiq edilir. Ancaq bu kimi addımlar ümumiyyətlə məhbus probleminin müsbət həllinə ciddi töhfə verməyib. Xüsusilə də bütün nüfuzlu beynəlxalq hesabatlarda ölkəmiz məhbusların saxlanma şəraitinə və sayına, habelə siyasi məhbus probleminə görə Avropa Şurası ölkələri arasında ön yer tutur.

Aparılan monitorinqlər göstərir ki hökumətin atdığı addımlar cəmiyyətdə islahedici əhəmiyyət daşımır, cəzaçəkmə müəssisələrində məhkumların sayının azalmasına, saxlanma şəraitinə və siyasi məhbus probleminin müsbət həllinə gətirib çıxarmır.

Siyasi məhbus problemini "əfv"sərəncamı ilə həll etmək mümkündürmü?

Cinayət törətmiş şəxslərin ədalətli mühakimə hüququnun təmin edilməsi insan hüquq və azadlıqlarının təminatı baxımından ən mühüm şərtdir. Ədalətli mühakimə hüququnun önündən mövcud siyasi-hüquqi əngəllər qaldırılmasa bu problem öz müsbət həllini tapmayacaq.

Ədalətli məhkəmə ilə məhkum edilmiş şəxslərin müəyyən müddət öz cəzalarını çəkdikdən sonra “əfv” olunması humanizm nümunəsi sayılır. Belə qərarlar cəmiyyətdə münasibətlər sisteminə müsbət təsir edir və islahedici xarakter daşıyır.

Ancaq təqsiri olmadığı halda müxtəlif səbəblərdən məhkum edilmiş insanların “əfv” edilməsi təcrübəsi onlara qarşı ən böyük mənəvi işgəncədir. Bu addım nə məhkum edilmiş şəxsləri islah edir, nə hökumətə siyasi divident qazandırır, nə də cəmiyyətdə həmrəyliyə səbəb olur.
“Əfv” sərəncamı şamil edilən siyasi məhbusların əksəriyyəti, habelə müstəqil və müxalif mövqeli insanlar da bu kimi sərəncamları humanizm nümunəsi kimi təqdir etmir. Odur ki son vaxtlar hökumət “əfv” sərəncamları imzalayarkən bu tendensiyanı nəzərə almağa başlayıb.

Mütəmadi “əfv” sərəncamları imzalansa da təəssüf ki hökumət öz ənənəvi basqıçı siyasətindən imtina etməkdə maraqlı görünmür. Normal ictimai-siyasi münasibətlərə zərbə vuran addımlarından geri çəkilmir və siyasi məhbus probleminin birdəfəlik həllində maraqlı olmadığı aydın sezilir. Həm özünə, həm də cəmiyyətə ağır zərbə vuran bu yanaşmalarını daxili siyasətinin prioritetinə çevirib.

Sanki hökumət hər fürsət düşdükcə siyasi düşüncələrinə və fəaliyyətinə, habelə özünü ifadə azadlığına can atdıqlarına görə vətəndaşları qondarma ittihamlarla həbsə məhkum etməkdən həzz alır. Məhkumluqdan daha çox  girovluq həyatı yaşayan bu insanların “humanizm” nəticəsində “əfv” edilməsi praktikası dövlət-vətəndaş münasibətlərinə də sağalmaz zərbə vurur.

Göründüyü kimi, ölkədə çox qabarıq mövcud olan siyasi məhbus problemi həm daxili ictimai-siyasi duruma, həm də beynəlxalq münasibətlərə ciddi gərginlik gətirib. Cəmiyyətdə və demokratik beynəlxalq ictimaiyyətdə hər kəsə aydındır ki, Azərbaycanda təqsirsiz insanların məhkəmə hökmü ilə cəzalandırılması adi hal alıb.  Hökumətin sistemli və kütləvi hüquq pozmaları nəticəsində  Azərbaycan dövlətinin beynəlxalq imici sürətlə pisləşməyə doğru gedir. Dövlətimiz artıq bütün nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkələrin sırasında yer alıb.  

Ölkəmizdə ifadə azadlığının məhdudluğu, siyasi azadlıqların boğulması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması və azad mətbuatın susdurulması paralel olaraq artmaqdadır. Nəinki Avropa ölkələri ilə, hətta müharibə vəziyyətində olduğumuz Ermənistandan da bir çox sosial-iqtisadi və siyasi istiqamətlər üzrə geridə qalırıq. Sərhədsiz Repartyorların 2018-ci il hesabatında mətbuatın azadlıq indeksinə görə Ermənistan 80-ci, Azərbaycan isə 163-cü yerdə qərar tutub. Medianın azadlığı baxımından qonşu Ermənistandan 83 pillə geridəyik. Bu geriləmə bütün digər sahələr üzrə də davam edir.

Məhkəmə-hüquq sisteminin siyasi sifarişlə işlədiyi və siyasi münasibətlərin qanunçuluğa söykənmədiyi mühitdə “əfv” sərəncamları ciddi əhəmiyyət daşımır. Sabah yeni bəhanələrlə və qondarma ittihamlarla həbsxanalara təqsirsiz insanların doldurulmayacağına heç bir təminat yoxdur. Hakimiyyətin güc üzərində hegomonluğunun nə qədər davam edəcəyini isə proqnoz etmək mümkün deyil.

İqtidar ölkədə qanuna və hüquqa məhəl qoymadan istədiyi hər şeyi etməyə qadirdir. Hələlik cəmiyyətin kütləvi şəkildə bu vəziyyətə əks reaksiyası yoxdur. Əksəriyyət insanlar sanki bu durumla barışıb. Həmçinin beynəlxalq tələblər də hökuməti geri çəkilməyə məcbur edəcək qədər kəsərli deyil. Ölkə vətəndaşlarının hüquq problemləri beynəlxalq masalarda vaxtaşırı müzakirə olunsa da müstət həllini tapmır. Kimi istəsələr həbs edirlər, kimi istəsələr “əfv” edirlər.

100 il öncə şərqdə ilk demokratik respublika quran xalqın hazırkı hüquqi durumu çox dərin böhran həddindədir. Ölkədə etimadlı ictimai-siyasi münasibətlərin yaranması naminə bütün siyasi məhbusların azad edilməsi və geniş məhkəmə-hüquq islahatlarına başlanması olduqca zəruridir. Öz təməl hüquqlarını demokratik yolla istəyən vətəndaşlarla zorakılıq, həbs dilində danışmaq heç bir dövlətə nüfuz gətirməyib.

Hökumət vaxt itirmədən siyasi məhbus probleminin səbəblərini ortadan qaldırmağa siyasi iradə nümayiş etdirməlidir. Azad və ədalətli seçkilər keçirilmədikcə, məhkəmələr müstəqil olmadıqca, ictimai-siyasi qurumlara normal şərait yaradılmadıqca, media və ifadə azadlıqları təmin edilmədikcə ölkənin nə daxilində, nə də beynəlxalq aləmdə hökumətə etimad olacaq. Öz vətəndaşlarının təməl hüquqlarına qənim kəsilən qeyri-azad ölkə kimi qalmaqda davam edəcəyik.

25 may 2018-ci il

14 Mayıs 2018 Pazartesi

ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməkdə məqsədi nədir?

Uzun müddət gözlənilməz dəyişikliklərdən sonra mayın 14-də ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürüb.  Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla bağlı ABŞ Konqresinin 22 il öncə qəbul etdiyi, lakin icrası təhlükəsizlik baxımından ertələnən qanununu 6 dekabr 2017-ci ildə imzaladı. O zaman ABŞ ictimaiyyəti bu qərara birmənalı yanaşmadığını ortaya qoydu. Ölkə daxilində keçirilən müstəqil rəy sorğularında 63 faiz amerikalı ABŞ səfirliyinin Qüdsə köçürülməsinin əleyhinə çıxmışdı. Həmçinin, ABŞ-ın xarici müttəfiqlərinin mütləq əksəriyyəti də bu addımı zərərli sayırdı. Ancaq sadalanan amillər Trampı öz qərarından çəkindirmədi və artıq bu qərarın icrasına başlanılıb.

Bu addımın regionda yeni gərginliklərə yol açacağını, habelə ABŞ-ın özü üçün də ciddi problemlər doğuracağını elə amerikalıların özləri də bəyan edir. Artıq Rusiyanın, Türkiyənin, İranın və Avropa Birliyinin də bu qərarın icrası ilə bağlı narahatlıqları və etirazları yayılıb.

İsrail-Fələstin münaqişəsi 70 ilə yaxındır davam edir və müasir dünyanın həlli çətin problemlərdən sayılır. Qüds hərbi əməliyyatlar nəticəsində İsrailin nəzarətinə keçsə də, o vaxtdan bu günədək Qüds üzərində hüquqi status məsələsi nə BMT, nə də əksər dövlətlər tərəfindən tanınıb. İsrail-Fələstin münaqişəsi müxtəlif dönəmlərdə hərbi toqquşmalarla, lokal müharibələrlə dünya gündəminə gəlsədə nə müharibə, nə də sülh prosesi heç bir müsbət nəticə yaratmayıb. Məsələnin mürəkkəbliyi ondadır ki, Qüds müsəlmanların da, xristianların da, yəhudilərin də müqəddəs şəhəridir. Hər üç səmavi dinin bu şəhərdə müqəddəs hesab etdikləri məbədləri var.

İsrail dövləti demokratik idarəetməsi ilə təqdir olunsa da, onun beynəlxalq hüququ kobud şəkildə pozması faktı diqqətdən qaçmamalıdır. İsrail Fələstin torpaqlarını zorla işğal edib. Əlindəki hərbi gücdən yararlanıb işğalı dünya birliyinə və fələstinlilərə qəbul etdirmək istəyir. Çağdaş dünya üçün bu yanaşma çox təhlükəli örnəkdir və dünyanın bir çox yerlərində mövcud olan münaqişələrə mənfi təsir edə bilər. Belə çıxır ki, kim güclüdürsə, arxalıdırsa başqasının ərazilərini ələ keçirə və uzun müddət məskunlaşma həyata keçirərək həmin ərazilərə sahib ola bilər?

İsrail artıq uzun illərdir de-fakto bu ərazilərə nəzarət etsə də, sülh danışıqlarında Qüds şəhərinə hər iki tərəfin iddiası davam edir. BMT Təhlükəsizlik Şurasının bu barədə çoxsaylı icra edilməyən qətnamələri mövcuddur. Odur ki ABŞ prezidentinin bu addımı beynəlxalq hüquqa zidd olmaqla yanaşı, həm də BMT qətnamələrinə də sayğısızlıqdır. Təsadüfi deyil ki keçən ilin sonlarında BMT Baş Assambleyası Qüdsün İsrailin paytaxtı kimi tanımaması barədə növbəti Qətnamə qəbul edib. Səsvermə nəticəsində BMT TŞ-nın 4 daimi üzvü və Avropa Birliyinin bütün üzvlərinın də daxil olduğu 128 ölkə bu qətnaməni dəstəkləyib.

Əslində ABŞ İsrail-Fələstin sülh razılaşması ilə bağlı üzərinə götürdüyü öhdəliklərinə sadiq qalmayaraq ziddiyyət doğuracaq bir qərara imza atıb. Təsadüfi deyil ki ərəb və müsəlman ölkələri də belə bir mübahisəli qərarın regionda gərginlikləri alovlandıracağını, İsrail-Fələstin sülh razılaşmalarına ağır zərbə vuracağını bildirir. Həmçinin, bu qərar təkcə İslam ölkələrini deyil, bütün aparıcı dövlət və birliklərin də haqlı qınağına tuş gəlib. Böyük Britaniya, Fransa, Almanya da ABŞ-ın bu addımını tənqid edərək, sulh prosesinə zərər verəcəyini bəyan edib.

Orta Şərqin qanlı qarşıdurmalardan taqətsiz hala gəldiyi bir vaxtda Trampın belə addım atması nə ilə bağlıdır?
Bu suala cavab axtararkən daxili və xarici amilləri nəzərdən keçirmək lazımdır.
İlk növbədə, Tramp ABŞ-da getdikcə zəifləməkdə olan mövqeyini və ictimai rəydə aşağı enən nüfuzunu yəhudi lobbisinin ciddi dəstəyi ilə bərpa etmək niyyətindədir. Həm də ABŞ Konqresinin icrası müvəqqəti dayandırılan qanunlarını icraya yönəldən prezidenti kimi də özünü cəmiyyətə təqdim etmək istəyir.

Tramp administrasiyası dünyanın bir sıra münaqişələrinin həllində özünəməxsus cəhdlər edir. Hər iki Koreya (KXDR və Cənubi Koreya) dövlətinin yaxınlaşmasında onun təşəbbüsləri və siyasəti özünü göstərir.
Habelə, ABŞ-ın Orta Şərqdəki mövqelərini gücləndirməklə bağlı yeni planının tərkib hissəsidir. Xatırladaq ki, hələ keçən ilin may ayının ortalarında prezident kimi ilk xarici səfərinə çıxan Tramp 50 İslam ölkəsinin təmsilçilərini Riyadda bir araya gətirmişdi.  “ABŞ-Ərəb və İslam ölkələri zirvə toplantısı” çərçivəsində müsəlman dövlətləri ilə gələcək əməkdaşlığına aydınlıq gətirmiş və İsrail-Fələstin sülh sazişinə çox yaxın olduqlarını bəyan etmişdi. İsrail-Fələstin sülh razılaşmasına ən böyük əngəl kimi İranı göstərmiş və ona qarşı təsirli addımlar atacağını da bəyan etmişdi.
Tramp özünü “sülhə nail olan prezident” kimi tarixə salmaq fürsətini qaçırmaq istəmir. Onun əlində Fələstinə qarşı istifadə edəcəyi xeyli təsirli vasitələr də var. Məhz ABŞ bu addımı ilə Fələstin tərəfinə sülh sazişi istiqamətində təzyiq etmək məqsədi güdür.

Regiondakı mövcud siyasi-ideoloji və hərbi durum İsrail-Fələstin arasında nəzərdə tutulan sülhün tezliklə mümkün olmasına imkan verəcəkmi?
Rusiya-Türkiyə və İranın ortaq siyasi maraqlarına qarşı İsrail və Ərəb Dövlətləri Birliyinin siyasi maraqları ABŞ-la üst-üstə düşür. Odur ki ABŞ regionda yeni oyunçularla növbəti münaqişələr və gərginliklər yaratmaqda maraqlı ola bilər. İranın və Türkiyənin regionda artan fəallığını zəiflətmək üçün müxtəlif variantlar üzərində çalışmalar nəzərə çarpır. Öncəliklə də İrana qarşı radikal addımların atılmasının zəruriliyi barədə ABŞ-ın sərgilədiyi mövqe daha çox cavabı açıq suallar doğurur. İranın regionda artan nüfuzundan və fəallığından Səudiyyə Ərəbistanı və Misirin də ciddi narahatlıq keçirməsi ABŞ üçün əlavə imkanlar yarada bilər.

ABŞ-ın İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planından birtərəfli qaydada çıxması, habelə İsrailin Suriyadakı İran hərbi mövqelərinə raket zərbələri endirməsi bu planın tərkib hissəsi kimi qəbul edilə bilər. ABŞ hazırda bölgədə İsrailin və kürd silahlılarının açıq və fəal rol aldığı yeni proseslərın başlanmasında maraqlı görünür.
Təhlillər göstərir ki proseslər heç də yaxşı sonluğa getmir. Bu ziddiyyətlərdən zərər çəkən təkcə region ölkələri olmayacaq. Qlobal və regional güclərin Orta Şərqdə toqquşan strateji maraqları yeni siyasi-hərbi şərait doğuracaq. Son 15 ildə qərbin hərbi-siyasi həmlələri nəticəsində bölgədəki əsas diktatura rejimlərinin çöküşü və regionun yenidən şəkilləndirilməsi istiqamətində çalışmalar gərginliyin yeni mərhələsinə qədəm qoyub.

ABŞ Orta Şərqdə müsəlman dövlətləri ilə barışmaz ziddiyyətləri olan İsrailin vasitəsilə regiondakı strateji maraqlarına uzunmüddətli qarantiya əldə edə bilmir. Çoxmilyonlu müsəlman kürdlərin vasitəsilə regionda yeni platformanın yaradılması bütün kənar güclər tərəfindən ən əlverişli variant kimi qəbul edilir və dəstəklənir. Kürd amili həm türklərə, həm farslara, həm də ərəblərə qarşı ən təsirli riçaq sayılır və bu məqsədlə intensiv çalışmalar var.
Qərb Orta Şərqdə qüdrətli müsəlman dövlətlərinin varlığını və birliyini öz maraqlarına təhlükə görür. Regionda bir-biri ilə ziddiyyətli durumda olan çoxsaylı kiçik müsəlman dövlətlərinin olmasında maraqlıdır. Artıq “kürd məsələsi” qərb dövlətlərin geosiyasətin əsas təsir riçaklarından birinə çevrilib və bu strategiyanı bacardığı qədər uğurla sonlandırmağa çalışır. ABŞ öz səfirliyini Qüdsə köçürməklə məhz regiondakı bütün passiv gərginliyi sürətlə üzə çıxarmaq məqsədi güdür. İsrail-Fələstin sülhünə nail olmaq və regionda yerini möhkəmləndirmək üçün artıq ABŞ daha böyük hərbi-siyasi hədəflərə istiqamət götürüb. Bölgədə yeni hərbi qarşıdurmalar arta və siyasi ziddiyyətlər dərinləşə bilər!
14 may 2018-ci il.