AXC-nın 100 ili: Dialoq ümidləri özünü doğruldmadı
Müsahibə
Müsahibə
Azərbaycan ictimaiyyətində prezident seçkilərindən sonra islahat gözləntisi vardı. Bəzi siyasi şərhçilər Cümhuriyyətin 100 illiyi ilə bağlı imzalanacaq əfv sərəncamına da böyük ümidlər bəsləyirdilər. Amma bu gözləntilər özünü doğrultmadı. Eyni zamanda son günlər AXCP üzvlərinə qarşı cinayət işi açıldı, Cümhuriyyətin 100 illiyi ilə bağlı dinc yürüşdə iştirak etdiklərinə görə REAL Partiyasının üzvləri müxtəlif ittihamlarla inzibati həbsə məhkum olundu. Bütün baş verənlərlə bağlı siyasi şərhçi Nəsimi Məmmədli Turan İA suallarını cavablandırır.
***
- Nəsimi bəy, əfv sərəncamından öncə bəzi gözləntilər var idi. Xüsusən siyasi məhbuslar mövzusunda. Verilən proqnozlarda da bu dəfə siyahıda daha çox siyasi məhbusun adını görəcəyimiz vurğulanırdı. Amma nəticə proqnozlardakından fərqli oldu. Sizcə, hakimiyyət bununla nə demək istəyir?
- Prezident seçkilərinin növbədənkənar keçirilməsi ətrafında aparılan diskussiyalar zamanı həqiqətən də belə ehtimallar səslənirdi. Hətta seçkidən sonra siyasi-hüquqi islahatların aparılacağı, növbədənkənar parlament seçkisinin keçiriləcəyi, siyasi məhbusların hamılıqla azad olunacağı və iqtidar-müxalifət münasibətlərinin yeni müstəvidə tənzimlənəcəyi barədə proqnozlar da var idi. Buna səbəb kimi nüfuzlu beynəlxalq qurumların və aparıcı dövlətlərin qeyri-müəyyən reaksiyaları, iqtidar yetkililərinin seçkinin önə çəkilməsini heç bir ağlabatan sosial-siyasi və hüquqi arqumentlərlə izah edə bilməməsi, həmçinin ölkədəki real böhranlı durumdan çıxmağın yolunun islahatlarla mümkün olacağı rol oynayırdı. O zaman bütün çıxışlarımda cəmiyyətin fəal kəsiminə çatdırmağa çalışırdım ki, azadlıq indeksinə görə qeyri-azad ölkələrdə siyasi məsələlərlə bağlı qanunauyğun proqnozlar vermək mümkün deyil. Bu ölkələrdə siyasi qərarların qəbulu mexanizmi məlum deyil. İqtidarın özəl maraqları, hansısa xarici amillər və siyasi iradə sahibinin ovqatı nəyi tələb edəcəksə onu da edə bilərlər. Bu kimi ehtimalları nə təsdiq, nə də inkar etmək mümkündür. Bundan sonra da məhz belə olacaq. Siyasi məhbusların "əfv edilməməsinə" gəldikdə isə burada iki əsas amil var. Birincisi, iqtidarın cəmiyyətdə xof yaratmaq istəyindən qaynaqlanır. İnsanlara göstərmək istəyirlər ki, biz heç kimdən çəkinmədən təqsiri olmayan insanları istənilən an həbs edə və məhkəmə qərarı ilə 5-10 il zindanda saxlaya bilərik. Bizim üçün beynəlxalq təzyiq, ölkədaxili ictimai rəy önəmli deyil. İkinci amil isə bu kimi əfvlərin məhkum edilmiş şəxsləri "islah" etməməsidir. Müşahidələr göstərir ki, son illərin əfv sərəncamları hökumətə siyasi divident qazandırmır, müxalifətin tənqidlərini azaltmır, cəmiyyətdə iqtidara itaəti dərinləşdirmir və səs-küylü beynəlxalq təqdir almır. Əfv sərəncamı şamil edilən siyasi məhbusların əksəriyyəti, habelə müstəqil və müxalif mövqeli insanlar da artıq bu kimi sərəncamları humanizm nümunəsi kimi təqdir etmir. Əfv o zaman humanizm nümunəsi sayılır ki, insanlar ədalətli məhkəmə ilə mühakimə edilir. Müəyyən müddət öz cəzalarını çəkdikdən sonra cəmiyyətdə təhlükə törətmədiyi üçün əfv olunur. Belə qərarlar cəmiyyətdə münasibətlər sisteminə müsbət təsir edir və islahedici xarakter daşıyır. Ancaq təqsiri olmadığı halda müxtəlif səbəblərdən məhkum edilmiş insanların əfv edilməsi təcrübəsi onlara qarşı ən böyük mənəvi işgəncədir. Odur ki son vaxtlar hökumət əfv sərəncamları imzalayarkən bu tendensiyanı nəzərə almağa başlayıb.
- Yenidən həbs dalğası başlayıb. AXCP üzvlərinə qarşı cinayət işi açıldı. Cümhuriyyət yürüşü keçirənlər inzibatı həbs edilir. Bununla hakimiyyət xof yaratmaq istəyir, yoxsa növbəti 7 il ərzində də siyasətində dəyişikliklərin olmayacağı mesajını verir?
- Son həbsləri daha öncə yaşanan həbslərdən ayıraraq qiymətləndirmək doğru olmaz. Artıq bu kimi həbslər mütəmadi xarakter alıb. İqtidarın daxili siyasətini müşahidə etdikdə aydın görünür ki, bu yanaşma ali siyasi iradənin ifadəsidir və idarəetmə forması kimi tətbiq edilir. Son günlər AXCP üzvlərinə qarşı açılmış cinayət işləri də qorxu mühitini saxlamağa hesablanıb. Ancaq AXCP gənclərinin təşkil etdiyi "məni tut" aksiyası hökumətin qorxu yaratmaqla bağlı bir sıra planlarına müvəqqəti olsa da psixoloji zərbə vurdu. Basqılar əks-effekt verdi və cümhuriyyət bayramı ilə bağlı keçirilən tədbirlərin daha çox rezonans yaratması bunun sübutu idi. Həm İstiqlal abidəsi önündə və Nizami küçəsində, həm də Novxanı kəndində keçirilən bayram tədbirləri kütləviliyi və coşğusu ilə xeyli fərqlənirdi. REAL Partiyasının məclis üzvü Azər Qasımlının və digər fəalların inzibati həbsi də məhz bu uğurlu aksiyalarla bağlıdır. Hakimiyyət cəmiyyətdə qorxu mühitinin dağılmasından və demokratik proseslərin başlanmasından ciddi narahatdır. İqtidar sosial dayaqlarının getdikcə zəiflədiyini hiss edir. Güzəranının ağırlığına görə əhali arasında narazılıq artır. Beynəlxalq arenada mütəmadi olaraq qanunsuz əməllərinə görə gündəmdədir. Regionda demokratik siyasi proseslər dərinləşir. Xüsusilə də Ermənistanda baş verən dinc demokratik dəyişiklik psixoloji olaraq Azərbaycan iqtidarına və cəmiyyətə təsir edir. Hakimiyyətin özünüqoruma instinkti işə düşüb. Cəmiyyətin fəal kəsiminin daha çox cəmləşdiyi müxalifətin üzərinə basqıların artması da bununla bağlıdır. İqtidar hesab edir ki fəal şəxslər həbs edildikcə cəmiyyətdə qorxu mühitini saxlamaq və bununla da özünü daha 7 il qorumaq mümkün olacaq.
- Amma belə nəticə çıxaranlar da var ki, hakimiyyət özü qorxduğu üçün belə addımlar atır. Yəni, narazı kütlədən ehtiyatlandığı üçün ən xırda aksiyalara belə dözümsüz yanaşır. Ən kiçik səsləri belə boğmağa çalışır. Bu fikirlərlə razılaşırsınızmı?
- Son illər qeyri- azad və qismən azad ölkələrdə yaşanan siyasi dəyişikliklərin öyrətdiyi ciddi dərslər var. Kütləvi etirazlara iqtidarların yumşaq davranışları dinc demokratik məxməri inqilablara, sərt davranışları isə qanlı və dağıdıcı inqilablara səbəb olur. Hökumət ən kiçik təşəbbüsləri, ara-sıra görünən etirazları boğmaqla bu prosesin qarşısını almağa çalışır. Peşəkar müşahidələr göstərir ki, ölkəmizdə əhali arasında narazılıq həddindən çoxdur. Ancaq bu narazılıqların etirazlara çevrilməsi hələ tam yetişməyib. Yetişəcəyi halda onun qarşısını heç bir qüvvə ala bilməyəcək. İqtidarın bütün davranışlarının analizi göstərir ki, onlar ölkədə narazılıqların miqyasını bilir və hər an böyük etiraz hərəkatının yarana biləcəyiehtimalına qarşı önləyici tədbirlər görürlər. İqtidar önləyici tədbirləri siyasi vasitələrlə, islahatlarla deyil, yalnız dövlətin güc strukturları ilə almaqdadır. Hələlik ictimai rəyi istiqamətləndirməyə müvəffəq olur, özünü güclü və monolit təqdim edə bilir, habelə, cəmiyyətə və müxalifətə nəzarət imkanlarını da əldə saxlayır. Ancaq eyni zamanda etirazlardan qorxması da təbiidir. Çünki ölkədə bütövlükdə münasibətlər sistemi pozulub və bu situasiyada dayanıqlı sabitlik mümkün deyil.
- Hakimiyyətdən islahat gözləyənlər var. Amma görünən odur ki, hələ ki hakimiyyət buna lüzum görmür. Siz necə? İslahat gözləyənlərdənsiz?
- İqtidar faktiki olaraq dövləti bu şəkildə idarə etməklə daha təhlükəsiz davam etdiyinə inanır. Cəmiyyətdə xüsusi nəzərəçarpan etirazlar da yox səviyyəsindədir. Ara-sıra müxalifətin təşkil etdiyi etiraz aksiyalarına isə xalq əsasən qoşulmur. İstənilən monitorinqlər göstərir ki, cəmiyyət kollektiv etirazlara meylli deyil. İnsanlar hələ də öz sosial problemlərini fərdi şəkildə həll edə bilir. Həm də bu yol sadə vətəndaşlar üçün daha təhlükəsiz və risksizdir. Odur ki iqtidar da cəmiyyətin üzdə görünən real durumuna uyğun davranır. İstənilən iqtisadi-siyasi islahat cəmiyyətdə gözlənilməz sosial-siyasi dalğa yarada bilər. Mən iqtidarın hansısa ciddi islahata gedəcəyinə inanmasam da islahatların vacibliyinə inanıram. Bunun olmayacağı təqdirdə ölkənin iqtisadi-siyasi gələcəyi ilə bağlı heç bir müsbət gözlənti ola bilməz.
- Nə vaxt islahat ola bilər? Hakimiyyət buna nə vaxt gedə bilər?
- Azərbaycan hakimiyyətinin islahatlara nə zaman gedəcəyini heç bir sosioloji, politoloji qanunauyğunluqla izah etmək olmur. Çünki ölkədə mövcud olan idarəetmə rejimini klassik rejim formalarının heç biri ilə eyniləşdirmək mümkün deyil. Ölkəmizdə çox qarışıq və özünəməxsus bir rejim var. Elmi baxımdan öyrənilmiş diktarura, avtoritarizm, totalitarizm, monarxiya və demokratiya rejimlərinin ayrı-ayrı elementlərini özündə cəmləşdirib. Belə rejimlərin nə atdığı, nə də atacağı addımları proqnozlaşdırmaq olmur. Bir anda gözlənilməz dəyişikliklərin şahidi ola bilərik. Xatırlayırsınızsa neftin dünya üzrə bazar qiyməti aşağı endiyi vaxtlarda hökumət iqtisadi və struktur islahatlarından hər gün danışmağa başlayırdı. Ancaq neftin qiyməti yüksəldikcə hökumət islahatları yenidən unutdu. Görünən budur ki, hökumət heç bir islahat paketinə sahib deyil. Neftin qiymətlərinə bağlı mövsümi yanaşma mövcuddur. Ölkədə islahatların vacibliyini əksəriyyət ekspertlər söyləsə də onun zamanını deyə bilməz. Çünki hakimiyyətin özəl siyasi maraqları dövlətin və vətəndaşın maraqlarından qat-qat yuxarıda dayanır. O maraqların qalıcı təminatı bütövlükdə islahatları istisna edir.
- İslahatlar olmasa, bu gedişat ölkəni hara aparır? Sizcə, bu vəziyyətdən hakimiyyət üçün, xalq üçün, ölkə üçün çıxış yolu nədir?
- Ölkədə işsizlik, yoxsulluq, qanunsuzluq dərinləşdikcə sosial gərginlik də paralel olaraq artır. Vətəndaşlar arasında ölkədən mühacirət etmək istəyənlər çoxalıb. Fəal mübarizəyə can atan vətəndaşlara qarşı indi hakimiyyət daha aqressivdir. Ən qorxulusu budur ki, yetkin vətəndaşlar arasında dövlətə güvənən şəxslər demək olar ki, qalmayıb. Ölkə əhalisinin əksəriyyəti indiki sosial-siyasi durumun daha da pis olacağına özünü psixoloji hazırlayıb. Bu "hazırlıq"da bir tərəfdən ümumölkə televiziyalarının, digər tərəfdən isə təəssüf ki cəmiyyətin nüfuzlu müstəqil və müxalif şəxslərinin də rolu var. Bəzən real durumu obyektiv analiz edərkən işlədilən ehtiyatsız ifadələr insanların altşüuruna qorxu və tərəddüd yükləyir. Əksəriyyət gələcəkdə ümumi vəziyyətin daha da pisləşəcəyini eşitdikcə fəal mübarizəyə qoşulmur, əksinə bugünkü durumu ilə barışır. Sosial şəbəkələrin yaratdığı geniş imkanlar cəmiyyətin fəallaşmasında yeni mərhələ açıb. Qeyri peşəkarlıq nəzərə çarpsa da alternativ informasiya mənbələrinin günbəgün artması yeni siyasi müzakirələr doğurub. Ölkədə siyasi fəallıq yüksələn xətlə inkişaf edir. Belə davam etməyin mümkün olmayacağını anlayanların da sırası genişlənir. Hökumətin basqıları artsa da bu şəraitdə müxalifətin sıradan çıxarılması, cəmiyyətin uzunmüddətli ətalətə məhkum edilməsi də artıq mümkün olmayacaq. Ölkədə sosial-siyasi durum mürəkkəb və ziddiyyətlidir. İqtidar öz mövqelərini qorumaq üçün yalnız əlindəki inzibati resurslara ümid edir. Müxalifətin fəaliyyətinin uğurlu olması isə xalqın etirazlara reaksiyasından asılıdır. Hazırkı apatiya durumundan çıxmaq üçün hələ ki müxalifətin konseptual yanaşması da nəzərə çarpmır. Bu situasiyanın kəskin dəyişməsində daxili və xarici fors-major ehtimalları kənara qoysaq, hələlik cəmiyyət siyasi proseslərdə aparıcı faktor deyil. Son olaraq, ölkədə etimadlı hüquqi-siyasi və iqtisadi islahatlar aparılmasa dövlətin təhlükəsizlik zirehi tamamilə söküləcək. Hökumətin yersiz inadkarlıqdan imtina etməsi və siyasi məhbusların hamılıqla azad olunması ən ideal variant ola bilər. Həmçinin köklü iqtisadi islahatların aparılması, seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsi, azad və ədalətli parlament seçkisinin keçirilməsi ölkə üçün olduqca vacib məsələlərdir.
Hiç yorum yok:
Yorum Gönder