Türkiyədə iyunun 24-də keçiriləcək seçkilər başa
çatmaq üzrədir. Seçicilər 16 aprel 2017-ci ildə qəbul edilən yeni Konstitusiya
ilə ilk dəfədir ki dövlət başçısını birbaşa seçəcək. Bu seçki həm də Türkiyədə
geniş səlahiyyətlərə malik prezident üsul idarəsinə keçid olacaq. Eyni zamanda
Böyük Millət Məclisinə seçkilər də həmin gün keçirilir.
Ölkədə fövqəladə vəziyyət şəraiti hökm sürsə də,
siyasi azadlıqlara heç bir məhdudiyyət gətirilməyib. Son illər yaxın və uzaq
regionların ən hərarətli və çox rəqabətli seçki kampaniyası aparılır. Açıq ifadə
edilməsə də, bu rəqabət şəxsi yarışdan daha çox ideolojidir. Seçkiyə qatılan əsas
tərəflər üçün son dərəcə həyati əhəmiyyət kəsb etməsi diqqət çəkir.
Hakim partiyanın uzun müddət iqtidarda qalmasına və
güclənməsinə səbəb kimi dini cərəyanların dövlət işlərinə sirayət etməsi göstərilir.
Sekulyar müxalifətin isə Atatürk ideyalarının gələcəyi ilə bağlı narahatlığı
getdikcə artır. Odur ki bu seçkini ölkə tarixinin ən gərgin və həlledici siyasi
proesei adlandırmaq olar.
Bu seçki Türkiyənin daxili və xarici siyasətinin
öncəliklərini, regional və qlobal siyasətdə mövqelərini, ölkə daxilində
ideoloji, siyasi və sosial münasibətlər sistemini müəyyən edəcək. Türkiyənin də
yerləşdiyi coğrafiya hazırda dünyanın ən mürəkkəb və ziddiyyətli hərbi-siyasi
münaqişələrinin mərkəzi halındadır.
Bu gərginlik qarşıdakı illərdə daha da yüksələcək və
Türkiyə üçün çox məsuliyyətli dönəm olacaq.
Ərdoğan iqtidarının yürütdüyü çağdaş xarici siyasət
qənaətbəxş olsa da, risklidir və dayanıqlı deyil. Daha çox xarici faktorların təsiri
altındadır. Həmçinin, daxili siyasətdə də möhkəm və dayanıqlı sosial-iqtisadi
sabitlik yoxdur. İstər milli-etnik, istər dini-ideoloji, istərsə də
sosial-siyasi baxımdan həlli çətin ziddiyyətlər mövcuddur.
Analizlər göstərir ki 24 iyun seçkisində seçicilərin
iştirak faizi indiyədək müşahidə edilməyən ən yüksək həddə çatacaq. Türkiyə və
ölkə xaricində keçirilən seçkilərdə ümumilikdə 59 milyon 391 min 328 nəfər seçici
iştirak edəcək. Ölkənin bütün siyasi təşkilatları, ictimai qurumları, vətəndaş
cəmiyyəti, sahibkarlar və media bu seçkidə çox fəal iştirak edir. Hər kəsin açıq
dəstəklədiyi namizədləri var. Seçicilərin iradəsi həlledici olduğundan milyonlarla
seçici açıq təbliğat və təşviqat prosesində iştirak edir. Xüsusilə də
prezidentliyə namizədlərin uğurlu və azad seçki kampaniyası ölkədə seçici fəallığına
ciddi təsir edib.
Türkiyə prezidentliyinə 6 namizəd mübarizə aparır.
Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasından Məhərrəm
İncə, "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Təməl
Karamollaoğlu, Xalqların Demokratik Partiyasından Səlahəddin Demirtaş, Vətən
Partiyasından Doğu Perinçek namizəd kimi iştirak edirlər. XDP-nin namizədi S.Demirtaşdan
başqa bütün namizədlərə bərabər şərait yaradılıb. Hətta həbsxanada olmasına
baxmayaraq S.Demirtaşın da seçicilərə müraciət etmək imkanı təmin edilib. Namizədlər hamısı əsas rəqib kimi hazırkı
prezident Ərdoğanı açıq hədəf alaraq təbliğat aparır.
Müstəqil rəy sorğuları göstərir ki prezidentlik
uğrunda əsas mübarizə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla-Məhərrəm İncə
arasında olacaq. Namizədlərdən kimin qalib gələcəyini hələlik qəti şəkildə demək
çətin olsa da müəyyən ehtimallar var.
Ərdoğanın uzun müddət iqtidarda olmasını və dövlət
başçısı kimi inzibati resurslara qismən təsir imkanlarını kənara qoysaq belə,
o, bəlli bir sabit elektorata sahibdir. Bütün sorğular göstərir ki Ərdoğan kifayət
qədər güclü rəqibdir və yenidən prezident seçilməsi ehtimalı xeyli yüksəkdir. MHP-nin
dəstəyi də ona əlavə güc qazandırır. Müxtəlif rəy sorğularında ölkənin ən
reytinqli siyasətçisidir və 48-53 faiz səs alacağı proqnoz edilir.
CHP-nin namizədi Məhərrəm İncə də kifayət qədər
hazırlıqlı və yetkin siyasətçidir. Apardığı seçki kampaniyası göstərdi ki, o da
Türkiyə cəmiyyətini hərəkətə gətirə bilən natiq siyasətçilərdəndir. Arxasında
dayanıqlı siyasi güc və stabil elektorat var. CHP-nin təqribən 25 faizlik sabit
seçiciləri ilə yanaşı, tərəddüdlü seçicilərin də qismən dəstəyini ala bilər. Rəy
sorğularına görə 28-33 faiz səs alması ehtimalı var.
Təhlillər göstərir ki hər iki namizədin həm
xalqdan, həm də beynəlxalq aləmdən güclü dəstəyi var. Nəzəri baxımdan hər iki
namizədin ikinci tura qalması ehtimalını da istisna etmək olmaz. Müxalifətin seçkiyə
daha çox namizədlə qatılması iqtidar namizədinə çoxsaylı tənqidlər istiqamətləndirmək
baxımından uğurlu taktika olsa da, eyni
zamanda müxalifətin səslərinin bölünməsinə də səbəb olacaq. Əgər seçkinin ilk
turunda qalib müəyyən olmasa, o zaman ikinci turda Ərdoğana qarşı geniş
koalisiya formalaşması imkanları hələ də var.
Parlament və prezident seçkisinin eyni vaxtda
keçirilməsi müxalifətin iqtidara qarşı vahid güc kimi çıxış etməsini də müəyyən
qədər əngəllədi. Parlamentin səlahiyyətləri qismən azalsa da, ölkənin əsas siyasi
müstəvisi kimi qalır. Partiyalar da məhz öz siyasi maraqları baxımından seçkilərdə
ayrılıqda iştirak etməyi üstün tutdular.
Parlament seçkisinin təhlili göstərir ki hakim AKP-nin
əvvəlki kimi böyük üstünlülər əldə etməsi real deyil. Ərdoğan prezident seçilsə
belə, parlamentdə həlledici çoxluğa sahib olması xeyli çətindir. Bu, Türkiyə cəmiyyətinin
demokratik ənənələrini qoruyub saxlaması baxımından əhəmiyyətli ola bilər.
Seçki sonrası ölkədə müəyyən etirazların olmasını
istisna etməsək də, irimiqyaslı qeyri sabitliyin yaranması ehtimalı aşağıdır. Türkiyədə
dövlət-vətəndaş münasibətlərinin dərin tarixi kökləri, ənənələri və qanuni əsasları
var. Regionda sabit və güclü Türkiyənin olması ölkəmizin də marağındadır.
20 iyun 2018-ci il.
Hiç yorum yok:
Yorum Gönder