Müxalifətin birləşməsi yeni siyasi proseslərə təkan
verə bilərmi?
11 aprel 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkisindən
sonra ölkə daxilində ictimai-siyasi münasibətlərin daha da kəskinləşməsi
müşahidə edilir. Cəmiyyətdə ümumi gərginlik və qeyri-müəyyənlik hökm sürür.
Sanki iqtidar öz maraqları baxımından hansısa həlli çətin mürəkkəb vəziyyətlə
üzləşib. Ən kiçik ictimai-siyasi fəallıq nəinki narahatlığına, hətta böyük təlaşına
səbəb olur. İqtidarın narahatlığının artması ilə cəmiyyətin fəallaşması
arasında əlaqə olduğu aydın görünür. Odur ki müxalifətə qarşı təzyiqləri
durmadan artırır və yeni həbs dalğası ilə ölkədə qorxu mühitini saxlamağa
çalışır.
Ölkədə və regionda cərəyan edən siyasi prosesləri təhlil etdikdə
iqtidarın təşvişinə əsas olmasa da, əslində narahatlığına müəyyən əsasların
olduğu üzə çıxır. Keçən müddət ərzində ölkədə iqtisadi-siyasi və idarəetmə
islahatları istiqamətində heç bir ciddi addım atılmayıb. Yoxsulluq, işsizlik,
hüquq pozmalar artmaqdadır. Söz, mətbuat, ifadə, birləşmək, sərbəst toplaşmaq,
siyasi və digər fundamental azadlıqlarla bağlı böhranlı durum dərinləşir. Ölkənin
demokratikləşməsi, sosial-iqtisadi, siyasi və digər problemlərinin həlli ilə
bağlı da vəziyyət pisləşməyə doğru gedir.
Həmçinin Rusiya və İranın regional siyasətinə təsir edə bilən qlobal
proseslərin inrensivləşməsi, Avropa Şurası ilə Azərbaycan arasında siyasi məhbus
probleminə görə münasibətlərin gərginləşməsi iqtidarın narahatlığını artıran məsələlərdəndir.
Əsasən sosial şəbəkələrdə ölkənin bugünkü durumu və gələcəyi ilə
bağlı müzakirələr də genişlənir. Cəmiyyətin lokomotivi olan müxalif siyasi
qurumların hansı addımlar atacağı, proseslərə necə təsir edəcəyi maraqla izlənir.
Hətta belə bir situasiyada müxalifətin birləşməsinə yönəlik çağrışlar da
artmaqdadır. Məsələnin aktuallığını nəzərə alaraq bu istiqamətdə real durumu təhlil
etməyə çalışaq.
Müxalifətin birliyi ölkədə yeni siyasi proseslərə təkan verə bilərmi?
Belə bir birlik sosial sifarişdirmi? İndiki şəraitdə müxalifət nə etməlidir?
Öncə ondan başlayaq ki, cəmiyyətdə hökm sürən apolitik vəziyyət ölkədaxili
bütün münasibətlər sisteminə olduqca mənfi təsir edib. İnsanların sosial-siyasi
məsələlərə yanaşmasındakı neqativ ovqat müxalifətin də fəaliyyətindən yan keçmir.
Belə şəraitdə geniş xalq kütlələrinə çatan təbliğat aparmaq, onları cəlb etmək,
təşkilatlandırmaq olduqca çətindir. Digər tərəfdən isə ölkədə real müxalifətin
mövcudluğunda maraqlı olmayan iqtidarın sistemli çalışmaları mütəmadi diqqət çəkir.
Ölkədə prezident səviyyəsində real müxalifətçiliyə qarşı çox mənfi
münasibət var. Rəsmi çıxışlarda mütəmadi olaraq müxalifətin ünvanına olduqca sərt
və aşağılayıcı ifadələr işlədilir. Rəsmi dövlət səviyyəsində müxalifətin fəaliyyət
imkanları ciddi nəzarət altına alınıb. Davamlı olaraq müxalifət nümayəndələrinə
qarşı təqiblər, inzibati həbslər həyata keçirilir. Sanki hüquq mühafizə
orqanlarının qarşısına əsas vəzifələrdən biri kimi müxalifətin siyasi proseslərdən
tamamilə sıxışdırılması vəzifəsi qoyulub.
Xüsusilə də müxalifətin xaricdən maliyyələşməsi ilə bağlı siyasi
ittihamların son günlər qanuniləşdirilməsi istiqamətində rəsmi addımlar atılıb.
26 may 2018-ci il tarixdə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin
birgə məlumatında AXCP üzvlərinə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1,
193-1.3.2-ci və sair maddələri ilə cinayət işi açılıb və 5 nəfər partiya üzvü təqsirləndirilən
şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs
qətimkan tədbiri seçilib.
Faktiki olaraq ictimai-siyasi proseslərdə təsir imkanları xeyli zəifləmiş
müxalifətə qarşı iqtidarın apardığı davamlı təzyiq kampaniyasının səbəblərini
anlamaq çətindir.
Hazırda ölkədə ictimai-siyasi fəallığın yüksəlməsi hiss edilsə də, bu,
müxalifətin fəaliyyəti ilə bağlı deyil. Cəmiyyətin bütün yetkin insanları
anlayır ki, bu şəraitdə ölkədə yeni siyasi proseslərə təkan müxalifətin
birliyinə bağlı deyil. Odur ki müxalifətin birliyi istiqamətində sosial sifariş
hiss edilmir.
İqtidar ölkədə və mühacirətdə müxalifət adına iddialıların çoxluğunu və
fərqliliyini süni şəkildə cəmiyyətə təqdim etməkdə maraqlıdır. Bunun üçün bütün
resurslar səfərbər edilib və sosial şəbəkələr üzərindən məqsədyönlü iş
aparılır. Proseslər göstərir ki bu tendensiya qarşıdakı dövrdə daha da arta bilər.
Son günlər müxtəlif səpkili ictimai-siyasi müzakirələrin və diskussiyaların
artması da təsadüfi deyil.
Ölkədə dinc, demokratik və köklü dəyişiklik istəyən müxalifət, habelə
müstəqil fərdlər hazırkı situasiyada qanunların imkan verdiyi çərçivəni
aşmamalıdır. Hətta bu istiqamətdə istənilən provakasiyalara, kənardan təqdim
edilən yeni yanaşmalara təmkinli reaksiya verməlidir. Cəmiyyətdə bir sıra
sosial-siyasi amillər tam yetişmədən demokratik proseslərin yüksəlməsi gözlənilən,
eyni zamanda arzulanan deyil.
Hazırda xalq ölkədə bütün sosial-siyasi məsələlərdə müşahidəçidir. Cəmiyyətiçi
münasibətlərdə tərəf olmağa nə özü cəhd edir, nə də onu tərəf olmağa sövq edə
bilən siyasi qüvvə var.
İqtidar isə monolitdir və ya hələlik öz daxili problemlərini maksimum
cəmiyyətdən gizlədə bilir. Vəzifədə olan və ya vəzifəsindən çıxarılan məmurlar
da bu barədə danışmqda maraqlı deyil. Bu susqunluğun səbəblərini mövcud vəziyyətdə
anlamaq elə də çətin deyil.
Son olaraq, ölkədə ciddi dəyişikliklərdə maraqlı olan qüvvələr əsas hədəfdən
yayınmamalıdır. Diqqətini və enerjisini birmənalı olaraq daxili müzakirələrə sərf
etməməlidir. Nəinki sağlam tənqidə, hətta qarayaxma, böhtan və təhqirə də
maksimum reaksiya verməməlidir. Belə təşəbbüsləri tamamilə susqunluqla izləməlidir.
Fikrimizcə müxalifət Azərbaycan cəmiyyətinin real durumunu və ətrafda
baş verənlərə necə reaksiya verdiyini dərindən öyrənərək hazırlıq işlərini
artırmalıdır. Sosial şəbəkələrin imkanlarını nəzərə alaraq sadə vətəndaşlarla,
siyasi iddialı şəxslərlə, sahibkarlarla, məmurlarla necə iş qurulacağı barədə peşəkar
yanaşmalar sərgiləməlidir. Ölkədə ümumi sosial-siyasi vəziyyət çox kövrəkdir.
İqtidarın cəmiyyəti monipulyasiya etmək imkanları xeyli tükənib. Bütövlükdə
informasiya-təbliğat siyasəti müasir tələblərə cavab vermir. Həmçinin, idarəetmədə
gözlənilmədən daha böyük böhran yaranması ehtimalı xeyli artıb.
Hiç yorum yok:
Yorum Gönder