Mitinqlər Qarabağ məsələsinin həllinə müsbət təsir edə bilərmi?
Son vaxtlar ölkədə Qarabağ məsələsi və onunla əlaqəli
mövzuların müxtəlif formatlarda gündəmə gətirilməsi müşahidə edilir. İlk
baxışdan 30 ilə yaxındır davam edən münaqişəyə, habelə, 26 ildir məruz
qaldığımız işğala görə cəmiyyətdən müəyyən təşəbbüslərin gəlməsi anlaşılandır. Xüsusilə
də yeni yaranmaqda olan qlobal və regional siyasi reallıqlar fonunda bu müzakirələrin
intensiv xarakter alması təbiidir.
Göründüyü kimi dəyişən reallıqlar ölkədə uzun müddətdir
mövcud olan siyasi düzənə təsir göstərir. Qarabağ mövzusunda nəzərə çarpan fəallıq
da ölkə daxili sosial-siyasi durumdan və xarici amillərdən qaynaqlanır. Mövcud
beynəlxalq şərtlər daxilində hakimiyyətin Qarabağ məsələsində ictimai dəstəyə
ehtiyacının yaranması ehtimalı artıb. Ona görə də cəmiyyətdə bəzi müzakirələrin aparılmasına dözümlü yanaşma
sərgiləyir.
Ermənistanda baş tutan hakimiyyət dəyişikliyinin
yaratdığı siyasi-psixoloji təsirlər Azərbaycan hökumətini çox ehtiyyatla olsa
da Qarabağla bağlı öz daxili siyasətinə düzəlişlər etməyə vadar edir. Ermənistanda
cərəyan edən siyasi proseslərdən asılı olaraq, gələcəkdə özü üçün təhlükəli
saymadığı kütləvi təşəbbüslərə daha ilıq yanaşması da istisna edilmir. Hətta,
29 sentyabr 2018-ci ildə “Qarabağ Komitəsi”nin
təşəbbüsü ilə keçirilən “Qarabağ Mitinqi”nə iqtidar düşərgəsindən çox
ehtiyyatlı dəstək ifadə edilməsi də bu amillərlə bağlı idi.
Son günlər Qarabağ məsələsi ətrafında geniş müzakirələr
nisbətən səngisə də, müəyyən qrupların bu istiqamətdə təşəbbüsləri hələlik davam edir. Media
üzərindən apardığımız monitorinqlər göstərir ki, Rusiya prezidenti Vladimir Putinin
sentyabrın 27-də ölkəmizə işgüzar səfərindən sonra hökumətyönlü mediada Qarabağ
mövzusu əsasən arxa plana keçib. Həmçinin, Ermənistanda cərəyan edən hazırkı
siyasi böhran fonunda da demək olar ki, eyni yanaşma müşahidə olunur. Nədənsə hökumətdən
təlimat alan mediada Qarabağ mövzusuna çox ehtiyatlı və səthi münasibət
bildirilir.
Ölkədə bəzi ictimai-siyasi qrupların Qarabağ
mövzusunda fəallığı hansı nəticələrə səbəb ola bilər?
Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun 26 ildir işğalda
qalması ölkəmizə olduqca təhlükəli gələcək vəd edir. Ötən illərin təcrübəsinə nəzər
salsaq, ölkənin bir sıra aparıcı müxalif ictimai-siyasi qurumları və müstəqil şəxslər
Qarabağ mövzusunu mütəmadi gündəmdə saxlamağa çalışıb. Mitinqlər, piketlər, dəyirmi
masalar keçirilib, müxtəlif təkliflər və konsepsiyalar irəli sürülübdür.
Qarabağ probleminin həllinin uzanmasında ölkədaxili
subyektiv və obyektiv faktorlarla yanaşı, xarici amillərin də rolu var. Xüsusilə
də 25 ildir hökumətin Qarabağda işğala son qoymaq istiqamətdə heç bir
ağılabatan həll konsepsiyasının olmaması ən ciddi problemdir. Bununla yanaşı, iqtidarın
apardığı yanlış daxili siyasətə görə xarici təzyiqlərə effektli müqavimət göstərmək
də xeyli çətinləşib.
Bu gün Qarabağda işğala son qoymaq üçün səmimi şəkildə
fəal mübarizə aparanlarla yanaşı, bu məsələdən öz korparativ maraqları üçün
yararlanmaq istəyənlər də var. Hakimiyyətin daxilində yeni münasibətlər sisteminin
yaranması sürətlənir. Dövlət konyukturası çərçivəsində mövcud maraqlardan daha
üstün təsirə malik olan və idarəetmədə dərin kök salmış spesifik maraqların tədricən
dəyişməsi baş verir. Belə gərgin psixoloji mühitdə Qarabağ mövzusunda istənilən
qeyri-peşəkar və müəmmalı təşəbbüslərə ehtiyyatlı yanaşmaq lazımdır. Qarabağ məsələsini
öz maraqlarına alət etmək cəhdlərinə qarşı diqqətli olmaq vacibdir.
Qarabağla bağlı kütləvi etiraz aksiyaları
lazımdırmı? Bu aksiyaları kim təşkil etməlidir?
Təəssüf ki indiyədək hökumətin bu kimi təşəbüslərə
münasibəti neqativ olub. Cəmiyyətin bu istiqamətdə fəallığından daim narahatlıq
keçiribdir. Proseslərin gedişi göstərir ki, artıq bu yanaşma dəyişməlidir.
İctimaiyyətin Qarabağ məsələsinin müxtəlif vasitələrlə
daim gündəmdə saxlanması olduqca vacibdir. Öncəki illərlə müqayisədə sosial şəbəkələrin
və sosial medianın mövcudluğu şəraitində bu imkanlar indi daha genişdir.
Mitinqlər hər zaman ən təsirli vasitə olsa da, digər resurslar da nəzərdən kənar
qalmamlıdır.
Qarabağla bağlı mitinqləri zəruri edən məsələlər
hansılardır?
-Ermənistan ictimaiyyətinə psixoloji təsir göstərmək;
-ATƏT-i və digər beynəlxalq qurumları münaqişənin həllinə
təşviq etmək;
-25 ildir Qarabağda davam edən işğala son qoymağı
bacarmayan iqtidara təzyiq göstərmək;
-Cəmiyyəti Qarabağla bağlı siyasi proseslərdə fəal
iştirakçıya çevirmək.
Təhlillər göstərir ki, indiki siyasi situasiyada Azərbaycan
cəmiyyətinin mitinqlər vasitəsi ilə nə Ermənistan ictimaiyyətinə psixoloji təsir
göstərməsi, nə də beynəlxalq qurumları və aparıcı dövlətləri münaqişənin həllinə
sövq etməsi mümkündür. Nüfuzlu beynəlxalq hesabatlarda "qeyri-azad" ölkə kimi
tanınan, fundamental hüquq və azadlıqları kobud şəkildə pozan bir dövlətin bu məsələdə
demokratik siyasi iradə nümayiş etdirməsi ciddi qəbul edilə bilməz.
O cümlədən də, 25 ildir Qarabağla bağlı heç bir həll
konsepsiyasına malik olmayan iqtidara təzyiq göstərmək üçün “Qarabağ Komitəsi” kimi
kövrək qurumun təşkilatçılığı ilə uğur əldə etmək olmaz. Cəmiyyətin siyasi məsələlərə
laqeyd olduğu, özünü ifadədən çəkindiyi bir şəraitdə belə qarışıq tərkibin ictimai
etimad qazanması və siyasi proses yaratması mümkün deyil. Eyni zamanda, bir
sıra obyektiv və subyektiv sosial-siyasi amillərə görə hələlik cəmiyyəti
Qarabağla bağlı siyasi proseslərə fəal cəlb etmək də real görünmür. Bütün məsuliyyətli
şəxslər anlayır ki, əhalinin mitinqlərdə zəif iştirakı həm daxildə, həm də
xaricdə ölkəmizin maraqlarına zərbə ola bilər.
Mitinqlərin və digər tədbirlərin keçirilməsi vacib
olduğu halda, bəs bunu kim təşkil etməlidir?
Təcrübələr göstərir ki, ictimai-siyasi qurumların və
aparıcı müxalifətin təşkilatçılığı ilə keçirilən Qarabağ mitinqləri hələlik effektli
olmur. Ölkədə siyasi azadlıqlar olmadığı üçün müxalifətin bütün aksiyalarına
hökumət müxtəlif üsullarla sərt əngəl yaradır. Sadə vətəndaşlar belə
aksiyalarda iştirakdan çəkinir. Odur ki,
Qarabağ mitinqlərinin təşkilatçıları arasında siyasi partiya nümayəndələrinin
olması məqsədəuyğun deyil.
Mitinqləri və digər aksiyaları Qarabağ münaqişəsi nəticəsində
yaranmış sosial qruplar təşkil etməlidir. Bunlar hansılardır?
-Qarabağ müharibəsinin veteranları;
-Qarabağ müharibəsində əlil olan vətəndaşlar;
-Şəhid ailələri;
-Məcburi köçkünlər və qaçqınlar.
Məhz bu kateqoriyadan olan şəxslər və müstəqil
ziyalılardan ibarət istənilən təşkilati təşəbbüsə ölkə ictimaiyyəti tərəddüdsüz
dəstək verə bilər. Heç bir siyasi maraqları olmayan şəxslərin konkret təşəbbüslərinə
hakimiyyətin loyal yanaşması, müxalifətin isə açıq dəstək verməsi mümkündür.
29 sentyabr “Qarabağ mitinqi”ndən sonra sosial şəbəkələr
və sosial media üzərindən apardığımız monitorinqlər göstərdi ki, bəzi təşkilatçıların
mitinq təbliğatları prosesə kölgə saldı. Mitinqdən öncə müxalifətə və məcburi
köçkünlərə yönəlik xüsusi çağırışlar, habelə, mitinqdə iştirak etməyin
ölüm-dirim məsələsinə çevirilməsi yersiz və zərərli nəticə doğurdu.
Mitinqdən dərhal sonra xüsusi qrupların müxalifəti,
Qarabağ və ətraf rayonlardan köçkün olan insanları sərt ifadələrlə qınaması bəzi
təşkilarçıların heç də xoş olmayan niyyətindən xəbər verirdi. Sanki mitinqin əsas
məqsədi müxalifəti və məcburi köçkünləri ictimai rəydə qınağa gətirmək idi.
Son olaraq, Qarabağla bağlı mitinqlərdə qarşıya qoyulan
məqsədlərin real və aydın olması zəruridir. İctimai rəyi çaşdıran qeyri-peşəkar
və qərəzli yanaşmaların qarşısını almaq vacibdir. Belə mitinqlərin mövsümi
siyasi maraqlara alət edilməsinə imkan vermək olmaz. Müstəqil müşahidələr və
sorğular göstərir ki, təşkilatçılar sırasında siyasi partiya rəhbərlərinin və
nümayəndələrinin olması məqsədəuyğun deyil. İndiki mürəkkəb və ziddiyyətli
geosiyasi reallıqlar, həmçinin ölkədəki sosial-psixoloji mühit nəzərə alınmasa,
cəmiyyətin ictimai-siyasi fəal hissəsinin dəstəyini almaq mümkün olmayacaq.
24 oktyabr 2018-ci il.
Hiç yorum yok:
Yorum Gönder