Xaricdə yaşayan soydaşlarımızın sayı günbəgün artır. Bir az imkanı olan vətəndaşlarımız arasında ölkədən getməyə çalışanlar getdikcə çoxalır. Hər gün bu kimi xəbərlər eşidirik. Tanıdığım onlarla fəal gənc artıq belə addım atmağa hazırlaşır. Bunun yaxşı və ya pis olması, onu doğuran səbəblər barədə fikir bildirmək istəmirəm, çünki aşağı-yuxarı əksəriyyət bu barədə bilir.
Xaricdə yaşayanlar indiyədək çox dağınıq, ölkədəki olaylara əsasən laqeyd təsir bağışlayırdı. İndi bu hal çox sürətlə dəyişir və özü ilə bərabər yeni siyasi situasiya doğurur. Xüsusilə də son illər xaricə üz tutanların arasında siyasi təfəkkürü olan şəxslərin artması xaricdə yaşayan həmyerlilərimizin yeni yanaşma ortaya qoyması ilə nəticələnib.
Artıq müşahidələr göstərir ki xaricdə yaşayan azərbaycanlılar yeni bir mərhələyə qədəm qoyub. Bütün mərhələlərdə olduğu kimi bu mərhələnin də ilk addımlarında neqativ hallar var və onun ortadan qaldırılması vacibdir. İlk mərhələdə bu neqativ halların olmasını bəlkə də təbii qəbul etmək lazımdır. Müasir dövrün informasiya resursları, komunikasiya imkanları bu problemlərin qısa zaman kəsiyində yoluna qoyulacağına ümid yaradır.
Xaricdə yaşayan fəal vətəndaşlarımızın yeni mərhələyə addımlaması bir sıra yerli və beynəlxalq amillərlə, habelə qlobal informasiya mühitinin yaratdığı təsirlərlə bağlıdır. Hələlik onlara əsaslı şəkildə toxunmuram. Lakin səthi də olsa bir iki məqamı qeyd edəcəm. Xüsusilə də Qərb ölkələrində yaşayan fəal şəxslərin təşkilatlanması onların ictimai-siyasi fəaliyyətlərinin ilkin təsirlərini göstərməkdədir. Xaricdə yaşayan bir qrup fəal şəxsin yeni media resurslarından səmərəli istifadəsi ilə ölkənin informasiya-təbliğat məkanında mövcud olan monopoliya çox sürətlə dağılır.
İqtidar on illər boyu bütün inzibati resurslarını, maliyyə və informasiya şəbəkələrinı səfərbər edərək yaratdığı mühit gözlənilməz şəkildə dəyişir. Xüsusilə də onların daim təbliğ etdiyi və özü üçün ən toxunulmaz dəyərlər kimi cəmiyyətə qəbul etdirməyə çalışdığı dəyərlər sistemi sürətlə sökülməkdədir. Ölkə daxilində çox yerlərdə bu barədə inanılmaz müzakirələr gedir. Hökumət isə bu tendensiyanın qarşısını çox primitiv metodlarla almağa cəhd edir və durumu özü üçün daha da mürəkkəbləşdirir.
Ölkə daxilindəki basqıçı idarəetmə nəticəsində gənclər ölkəni tərk edir və yeni mühitə alışdıqdan qısa müddət sonra hökumətə yönəlik tənqidlərə başlayırlar. Xaricdəki bu fəaliyyətlərin yaratdığı yeni psixoloji dalğa cəmiyyətin müxtəlif sosial qruplarında maraqla müzakirə edilir. Xaricdə məskunlaşan gənclər tamamilə yeni etiraz formaları və siyasi təsir alətlərindən istifadə etməyə başlayıblar. Bəzən bu etirazların öz əndazəsini aşması halları da müşahidə edilir.
Dünyanın bir sıra ölkələrində həyata keçirilən müxtəlif səpkili bu aksiyalar hakimiyyətin beynəlxalq arenada mövqelərini zəiflətməklə yanaşı, ölkə daxilində də müxtəlif təsirlər yaradır. Görünən budur ki müvafiq hökumət qurumları və bu sahəyə məsul olan şəxslər belə halların qarşısını almaq istiqamətində bacarıqsızdırlar. Bəzən isə hətta ağıla başqa variantlar da gəlir.
Bir neçə blogerin, sosial şəbəkə fəalının xaricdəki fəaliyyətlərinin daha çox səs-küyə səbəb olması üçün sanki hökumət daxilində məqsədyönlü bir iş aparılır. Onların ailə üzvləri ətrafında baş verən qanunsuzluqlar sadə insanlarda bu fəalların çıxışlarına marağı daha da artırır.
Bir neçə blogerin, sosial şəbəkə fəalının xaricdəki fəaliyyətlərinin daha çox səs-küyə səbəb olması üçün sanki hökumət daxilində məqsədyönlü bir iş aparılır. Onların ailə üzvləri ətrafında baş verən qanunsuzluqlar sadə insanlarda bu fəalların çıxışlarına marağı daha da artırır.
Bir neçə gün öncə sosial şəbəkələrdə qarşıma bir video çıxdi. “YouTube”da ilk dəfə rastlaşdığım “AntiDiktatura TV” adlı kanaldan bir gənc danışırdı. Bir neçə saniyə izlədikdən sonra “Daha sonra izlə” menyusuna daxil edib bağladım. 2338 izləyici olmuşdu. Bir gün sonra sonadək izlədim və videoya baxış sayı 17534 idi. Həmin gün başqa blogerlərin Azərbaycandakı ailə üzvlərinə basqılarla bağlı xəbərlər yayıldı. Bu statusu yazarkən yenidən həmin videonun izləmə sayına baxdım. Artıq bu dəqiqələrdə izlənmə sayı 330.881-ə çıxmış, 1.741 yorum yazılmışdı. (PS: Faktın skrinşotu var)
Qeyd edim ki sosial statusundan asılı olmayaraq heç kimin təhqir edilməsini müsbət saymıram və bu halın olmamasını arzulayıram. Hətta dəfələrlə iqtidarın televiziyalardan, saytlardan və qəzetlərdən müxalifətin ünvanına söylədiyi təhqirlərə görə narahatlıq ifadə etmişəm. Müxalifətin iqtidarı təhqir etməsi halları demək olar ki yoxdur, çünki bu hal dərhal həbslə, işgəncə ilə sonuclana bilər. Ancaq belə halların bir gün xaricdən eşidiləcəyini də istisna etməmişdim.
Son olaraq, bu mövzuda obyektiv bir analiz hazırlamağa zərurət olduğunu düşünürəm. İqtidar bütün köhnə metodlarından imtina etməklə, öz sıralarından bu kimi qanunsuzluğu törədənləri sərt cəzalandırmaqla durumu müsbətə dəyişə bilər. Xaricdən təhqir söyləyən gəncləri cəmiyyətin müstəqil və müxalif düşüncəli şəxsləri deyil, hökumətə yaxın şəxslərin qınaması və polis gücü ilə susdurulması cəhdi yalnız hakimiyyətin zərərinə işləyəcək.
Görünən budur ki uzun müddət hətta öz daxilində siyasi mübarizəni qadağan edən iqtidar indiki halda çox uğursuz durumla üzləşib. Sağlam tənqidlərə reaksiya vermək baxımından öz sıralarından yeni insanlar yetişdirə bilməyib. İqtidar müxalifətə qarşı açıq siyasi oponentlik edə biləcək kadrlar hazırlamaqda çox gecikib. Sosial şəbəkələrdə iqtidarı açıq müdafiə edən bir şəxsə qarşı (trolları nəzərdə tutmuram) müxalif fikirli 20-30 şəxs dərhal əks fikir bildirir. Bunların mütləq əksəriyyətini isə heç kim kordinasiya etmir. Hər kəs özü müstəqil şəkildə oponentlik edir. Yəni, iqtidar bütün açıq siyasi müstəvilərdə rəqiblərinə böyük fərqlə uduzur. Yeganə güclü olduğu dövlətin inzibati resurslarını idarə etməsidir. Tarixi proseslər göstərir ki belə resurslara bel bağlayan bütün iqtidarların aqibəti eyni sonluqa bitir.
21 fevral 2018-ci il.
Hiç yorum yok:
Yorum Gönder