Növbədənkənar Prezident seçkilərinin 11 aprel 2018-ci ilə təyin edilməsinin səbəbləri barədə müxtəlif istiqamətlərdən müzakirələr davam edir. Növbədənkənar prezident seçkisini zəruri edən əsas səbəblər nədir?
Bu qərarın qəbulunu şərtləndirən səbəblər sırasında daxili və xarici amillərin rolunu istisna etməsək də, yeganə məqsəd mövcud hakimiyyətin daha uzun müddətə və etibarlı şəkildə əldə saxlanmasına yönəlib.
Bu qərar cəmiyyətin fəal kəsimi üçün gözlənilməz deyildi və müxtəlif səviyyələrdə ara-sıra müzakirə edilirdi. 2016-cı il Konstitusiya dəyişikliyi prezidentə seçkiləri istədiyi vaxt təyin etmək səlahiyyəti verirdi. Belə bir qərar Referendumdan dərhal sonra da elan edilə bilərdi, prezidentin səlahiyyətinin 7 ilədək artırıldığını əsas tutub 2020-ci ilədək ertələnməsi də mümkün idi. Qərarın qəbulu tamamilə prezidentin istəyinə, marağına və hətta ovqatına bağlı məsələ idi.
Qanunvericilikdə bu addıma hüquqi əsaslar olsa da praktik olaraq siyasi səbəbləri barədə hakimiyyətdən heç bir məntiqli açıqlama verilmədi. Xüsusilə də total saxtalaşdırma üçün bütün imkanların, münbit şəraitin və siyasi iradənin olduğu bir mühitdə iqtidarın belə tələsməsinin və ya nədənsə çəkinməsinin sadə səbəbləri ola bilməz. Demokratik ölkə deyilik ki, seçkidə siyasi dəyişikliyin baş vermə ehtimalı olsun. Bütün hallarda seçkinin vaxtını dəyişmək çox ciddi və səs-küylü proseslərin olacağından xəbər verir.
Hakimiyyəti bu addıma vadar edən bir neçə versiya üzərində müzakirə aparmağa çalışaq.
Sosial böhranın dərinləşməsi, iqtisadi vəziyyətin ağırlığı, ölkə daxilində və xaricində iqtidarın dəstəyinin zəifləməsi, sanksiyaların tətbiqi perspektivləri, Qarabağla bağlı durumun mürəkkəbləşməsi kimi məsələlər hakimiyyətə seçkiləri payızda rahatlıqla keçirməyə əngəl yarada bilərdimi?
Təcrübələr göstərir ki sosial böhran şəraitində siyasi fəallığın yüksəlməsi gözlənilməz siyasi nəticələr doğura bilər və yəqin ki qərar verilərkən bu amilin təsirləri də nəzərdən keçirilib. Bu versiyanın aktuallığı nəzəri baxımdan istisna edilməsə də, praktik olaraq həlledici saymaq çətindir. Doğrudur, ölkədə ağır böhran var, cəmiyyətin geniş spektri bu böhranı öz məişətində hiss edir və narazılıqlar da genişlənir. Lakin, bu halın təhlükəli həddə çatmaması üçün hakimiyyət mütəmadi profilaktik addımlar atır. Aparılan monitorinqlər də göstərir ki cəmiyyət sosial böhranın ağırlığına xeyli uyğunlaşıb və hətta bundan daha ağır duruma belə özünü psixoloji hazırlayıb. Xalq böhranın ən kəskin dövründə nə müxalifətin etiraz aksiyalarına dəstək verdi, nə də özü hansısa formada hakimiyyətə təzyiq etməyə maraq göstərdi. Odur ki bu tələskənliyi sosial-iqtisadi çətinliyin yüksələcəyindən doğan təşvişə bağlamağı zəif arqument saymaq olar.
Həmçinin, ictimai rəylə hesablaşmayan, antidemokratik imici üçün narahatlıq keçirməyən, müxalifətlə və xalqla hesablaşmayan bir iqtidar üçün ölkə daxilində və xaricində formalaşan mənfi ictimai rəyin həlledici təsirindən də danışmaq çətindir. Demək olar indiyədək keçirilən seçkilər beynəlxalq ictimaiyyətin haqlı tənqidlərinə səbəb olsa da hakimiyyəti növbəti total saxtakarlıqlardan çəkindirməyib. Ancaq ABŞ-ın Rusiya hökumət üzvlərinə və oliqarxlara tətbiq etdiyi sanksiyaların psixoloji təsirləri Azərbaycan hakimiyyətinin iriranqlı məmurlarının əksəriyyətində ötəri də olsa təşviş yaradıb. Hətta bəzi ehtimallara görə bu mövzuda qapalı müzakirələr də aparılıb. Lakin, bu amillər də seçkini tezləşdirmək üçün əsas səbəb kimi görünmür. Qarabağla bağlı hazırkı beynəlxalq sülhyaratma missiyasının hansısa yeniliklər təqdim edəcəyi və bu amillərin ölkədə gərginliyə yol aça biləcəyi də real deyil.
Növbədənkənar seçkiləri gələcək siyasi-hüquqi islahatlara hazırlığın anonsu hesab etmək də doğru olmaz. İlk növbədə məsələyə iqtidarın maraqları baxımından yanaşdıqda ümumiyyətlə islahatlara başlamağı zəruri edən amillər görünmür. Hakimiyyət cəmiyyətin indiki sükunət halında siyasi islahatlarla özünə başağrısı yaratmaq istəməz. Əgər hakimiyyət hələ bu şəkildə davam edə bilirsə, niyə status-kvonu dəyişməli və özünə problem açmalıdır? Cəmiyyətdən nəzərəçarpacaq basqı yoxdursa, hakimiyyətin geniş demokratik islahatlara başlayacağı inandırıcı deyil.
Üzərində dayanılan versiyalardan biri də hakimiyyətin müxalifəti və ya real alternativi seçki prosesində hazırlıqsız dillemma qarşısında qoymaqdır. Ümumiyyətlə iqtidar mütəmadi olaraq seçki prosesində fəallığın aşağı olması üçün sistemli hüquqi və praktik addımlar atıb. Konstitusiya da, Seçki Məcəlləsi də, müvafiq qanunvericilik aktları da bu istiqamətdə "təkmilləşdirilib". Cəmiyyətdə fəal seçki mühiti yaranmaması üçün azad medianın, vətəndaş cəmiyyətinin, siyasi qurumların fəaliyyət imkanları qapadılıb. Seçkidə yalnız özünün müəyyən etdiyi şəxslərin və qurumların namizəd irəli sürülməsi imkanı mövcuddur. Belə bir hüquqsuzluq şəraitində "seçki"ni baykota çağıran müxalifətin də etirazlara daha yaxşı hazırlaşması imkanı əldən çıxıb. Hakimiyyətin demokratik ictimaiyyətə də "böyük" güzəştləri ola bilər və bu, təqsirsiz həbsə məhkum edilmiş şəxslərin əhəmiyyətli bir qrupunun azad edilməsidir.
Növbədənkənar Prezident seçkilərinin keçirilməsi çox güman ki hakimiyyətin daxilində hansısa gizli, çox mühüm və ciddi narahatlıq doğuran amillə bağlıdır. Analizlər bu ehtimalların da real olmasını söyləməyə əsas verir. Ola bilər, hakimiyyət daxilində hansısa fors-major situasiya var və bu amil onları tələsdirir. Hakimiyyətin rəsmi namizədi təsdiq edilənədək hakim komandanın sonrakı niyyətini dəqiq demək elə də asan deyil.
Seçkilərin 6 ay öncəyə çəkilməsinin əsas səbəblərindən biri kimi gələn ay Rusiyada keçiriləcək prezident seçkiləri ola bilərmi?
Etiraf etməliyik ki Rusiyanın Azərbaycan cəmiyyətinə, xüsusilə də hakimiyyətinə təsirləri elə təxminən sovetlər dönəmindəkinə yaxındır. Rusiya son illər özünün ən aqressiv, gərgin və ziddiyyətli siyasi dövrünü yaşayır. Orada nələrin baş verəcəyini indi təxmin etmək daha da çətinləşib. Zahirən sabit görünən Rusiya, daxilən gizli qaynayır. ABŞ və Avropa ilə münasibətlərdə yaşanan gərginlik, iqtisadi-ticari əlaqələrin pozulması Rusiyanı çətin duruma salıb və seçkidən sonra daxili sabitliyi üçün yeni təlatümlü addımlar ata bilər. Rusiyanın gələcək strateji planında Azərbaycanla bağlı da bir sıra təxirə salınmış məsələlər var və ölkə hakimiyyətinin bu planlara müqavimət imkanı çox zəifdir. Azərbaycanda növbədənkənar prezident seçkilərinin Rusiyada keçiriləcək növbəti seçkilərdən qısa müddət sonraya təyin edilməsi arasında birbaşa əlaqə istisna deyil.
Son olaraq, proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı bəzi ehtimallara nəzər salaq. Seçki prosesinə cəmiyyətin yanaşması öncəki illərdən heç nə ilə fərqlənməyəcək. Bunun bir sıra dərin psixoloji, sosial, siyasi səbəbləri var və onların ortadan qaldırılması üçün müvafiq hazırlıq və müəyyən zaman lazımdır. Beynəlxalq ictimaiyyətin reaksiyası da proseslərin yönünü dəyişəcək səviyyədə ehtimalı edilmir. Müxalifətin və müstəqil vətəndaş cəmiyyəti nümayəndələrinin də seçki prosesinə münasibəti pərakəndə, təsir imkanları isə hakimiyyəti çəkindirəcək səviyyədə deyil. Hakimiyyət təqsirsiz həbsə məhkum edilmiş şəxslərin bir qrupunu azad etməklə yerli və beynəlxalq demokratik ictimaiyyətə "böyük güzəşt" təklif edə bilər.
"Seçki"dən sonra ölkədə sosial-siyasi münasibətlər sisteminin yeni mərhələyə qədəm qoyması qaçılmaz olacaq. Yenidən 7 illik səlahiyyətə sahib olan prezident bir sıra zəruri qərarlar qəbul etməyə məcburdur. Əsas hədəflərdən biri iqtidarın köhnə komandasının əsas yaşlı simaları ilə vidalaşmaq, struktur islahatları adı altında yeni komanda formalaşdırmaq, hakimiyyəti daha sistemli şəkildə tək əldə cəmləşdirməklə növbəti, rejimin dayağlarını sarsıtmadan, struktur və iqtisadi islahatlar mərhələsinə keçməkdir. Hakimiyyət daxilində belə bir mövqe də var ki, bu seçkidən bir müddət sonra yerli və beynəlxalq ictimaiyyətlə yenidən manipulyasiya etmək üçün yeni parlament seçkisi keçirmək və kiçik bir qrup müstəqil və müxalif imicli şəxsləri parlamentə gətirmək olar. Regionda cərəyan edən proseslər qarşıda ölkənin çox ziddiyyətli və gərgin dövrə qədəm qoyacağından xəbər verir.
https://d9mc3ts4czbpr.cloudfront.net/az/site/politics/27295/
YanıtlaSil