20 Mart 2018 Salı

Putinin yenidən prezident seçilməsi Rusiyaya nə vəd edir?


Putinin yenidən prezident seçilməsi Rusiyanın gələcəyinə necə təsir edəcək?

 Rusiyada növbəti prezident seçkiləri başa çatdı. Gözlənildiyi kimi Vladimir Putin dördüncü dəfə prezident kürsüsünə sahib oldu. Rusiya dünyanın böyük dövlətlərindən biri olsa da, bu seçki prosesi dünya gündəmində xüsusi müzakirələrə səbəb olmadı.

Məsələnin mahiyyəti çox sadədir. Rusiyada prezident seçkisinin nəticəsini öncədən hər kəs bilirdi. Nəyin bahasına olursa-olsun Putunin prezidentliyinin davam edəcəyi aydın idi. Qeyri-azad ölkələrin hamısında oxşar siyasi proseslər yaşanır. Bu baxımdan Rusiyadakı son seçki kampaniyasının və onun nəticəsinin xüsusi analizini aparmağa zərurət qalmayıb.

Avtoritar rejimlərin hakim olduğu ölkələrdə seçkilər demokratik dəyişiklik üçün siyasi vasitə sayılmır. Əksinə, antidemokratik rejimi möhkəmləndirmək, müxalif düşüncəli insanlara ümidsizlik aşılamaq, siyasi rəqabət mühitini nəzarətdə saxlamaq üçün bir vasitədir. Bu baxımdan Rusiyada başa çatan seçkidə gözlənilməz heç nə baş vermədi.

İndi əksəriyyəti düşündürən suallar seçkinin nəticələri ilə bağlı deyil. Rusiyanı yaxın və uzaq gələcəkdə nə gözləyir? Putun administrasiyası xarici və daxili siyasətində hansısa köklü dəyişiklik edəcəkmi?

Son illər Rusiya yalnız aqresiv siyasəti ilə dünyanın diqqət mərkəzindədir. Beynəlxalq hüquqa məhəl qoymadan qonşu dövlətlərin ərazi bütövlüyünə təcavüz edir. Əksəriyyət münaqişə bölgələrində baş roldadır. Aqresiv hərbi-siyasi bəyanatları ilə dünyanı təhdid edir.
Rusiyanı diplomatik yollarla cilovlamağın çətinləşdiyini anlayan Qərb dövlətləri artıq sistemli şəkildə anti-Rusiya siyasəti həyata keçirməyin zəruriliyini qəbul edirlər.

Çağdaş Rusiyanın daxili və xarici siyasəti öz tarixinin ən böhranlı dönəminə qədəm qoyub. Rusiyada prezident seçkiləri məhz belə bir gərgin dövrə təsadüf etdi.
Ölkə xaricdən sanksiyalar, iqtisadi-siyasi təcrid və psixoloji basqı altindadır. Daxildə isə əhalinin sosial durumu günbəgün pisləşir.  Putin administrasiyasına cəmiyyətin fəal kəsiminin etimadı sürətlə azalır. Müxalifət təşkilatlanır və cəmiyyətə təsir imkanları böyüyür.

Rusiya çox böyük problemlərin astanasındadır. Hökumət bu böhranlı durumdan itkisiz çıxmaq üçün hansı yolu seçəcək? Beynəlxalq müstəvidə köklü siyasət dəyişikliyi etməsi mümkündürmü? Daxildə demokratik siyasi-iqtisadi islahatlar aparacaqmı? Cəmiyyəti dövlət idarəetməsində fəal iştirakçıya çevirmək yolu tutacaqmı? Əgər islahatlar aparılsa, bu hansı nəticələrə gətirib çıxara bilər? Cəmiyyəti daha da basqıçı siyasətlə təcrid etmək yolunu davam etmək nə qədər effektli olacaq?

Bu sualların cavabını zamanın öhdəsinə buraxaq. Putin administrasiyasının yaxın dövr üçün proqramlarını analiz edərkən çox məsələlər aydın olacaq.
İndi isə bəzi ehtimallara nəzər salaq.

Rusiyanın Suriyadan çıxması onun süqutunun başlanğıcı ola bilər. Dünyanın ən nəhəng rəqabət dənizi olan Aralıq dənizində mövcudluğuna ağır zərbə dəyər. İqtisadi, siyasi və hərbi baxımdan qolobal əhəmiyyətini tam itirər. Odur ki Rusiya Orta Şərqdə mövcudluğunu saxlamaq üçün bütün vasitələrə əl atacaq. Həmçinin, Asiyada əzəli müttəfiqləri Çin, Şimali Koreya və İran ilə Qərbə qarşı yeni aktiv müqavimət müstəvisi formalaşdırmağa cəhd edəcək.
Bununla yanaşı, “yaxın xaric” adlandırdığı keçmiş sovet respublikaları ilə bağlı öz iddialarından da asanlıqla geri çəkilməsi mümkün deyil. Əksinə, bu istiqamətdə yeni hərbi-siyasi həmlələri artıracağı istisna deyil.
Avropa Birliyi-Rusiya münasibətləri gərgin olsa da, tərəflər hələ ehtiyyatlı yanaşmasını davam etdirir. Ancaq Rusiyanın aqresiv bəyanatlarından narahatlıq artmaqdadır. ABŞ və AB-nin Rusiya ilə ziddiyyətlərinin dərinləşməsi getdikcə yüksəlir.

Putin adminstrasiyasının daxili siyasətində də ciddi dəyişiklik mümkün deyil.
Demokratik siyasi-iqtisadi islahatlar aparılması üçün əlverişli fürsət itirilib. İqtisadi-siyasi durum və beynəlxalq konyuktura artıq Rusiyanın əleyhinə inkişaf edir. İndiki situasiyada cəmiyyəti dövlət idarəetməsində fəal iştirakçıya çevirmək ölkədə idarəedilməz kütləvi proseslərə yol aça bilər.

Cəmiyyət üzərində basqını artırmaq da eyni dərəcədə risklidir. Beynəlxalq təcridin intensivləşdiyi bir vaxtda cəmiyyəti daha da sıxmaq əks effekt doğura bilər. İndi Rusiyda da sosial şəbəkələr, sosial media alternativ təbliğat müstəvisi kimi çox populyardır. Cəmiyyətin fəallaşmasında bu resurs önəmli rol oynayır.
Habelə, yaşlı nəsildən fərqli olaraq gənclərin müasir sosial-siyasi proseslərə yanaşması Rusiya hökumətinin istəklərinə uyğun gəlmir. Sosial problemlərin artmasına cəmiyyətin reaksiyası da birmənalı deyil. Bu durum etirazlara yol aça bilər. Rusiya hökuməti yalnız yeni irimiqyaslı hərbi-siyasi ziddiyyətlərlə cəmiyyəti monipulyasiya edə bilər.

Təhlillər göstərir ki, nə Putin administrasiyası ənənəvi siyasətindən asanlıqla geri çəkiləcək, nə də Qərb. Ancaq nəzərə almaq lazımdır ki Rusiyanın resursları bu gərginliyi uzun müddət sürdürməyə yetərli deyil. Zamanla Rusiyanın antidemokratik rejimi zəifləyəcək və siyasi gücünü itirəcək.

İstənilən halda Rusiya çox böyük dövlətdir və onun yürütdüyü siyasətin regiona ciddi təsirləri var. Azərbaycanın da daxil olduğu region çox mürəkkəb geosiyasi proseslərin ərəfəsindədir. Xüsusilə də Qarabağ probleminin həlli istiqamətində Azərbaycan hökuməti daha fəal siyasətə üstünlük verməlidir. Rusiya ilə münasibətlərdə məsafəli davranmalı və yalnız ölkənin təməl maraqları əsas götürülməlidir.

20 mart 2018-ci il

Hiç yorum yok:

Yorum Gönder