Hər
il qanlı 20 yanvarın ildönümündə bu barədə qızğın müzakirələr açılır, ziddiyyətli
fikirlər səslənir. Bu sətrlərin vətənpərvər və dəyərli gənclərimiz üçün çox maraqlı
olacağını nəzərə alaraq yazıram. Ətraflı yazmaqda yeganə məqsədim xalqımızın həmişə
qorxaq, aciz, bədbəxt gündə olduğunu düşünənlərə, o gecə insanların aldadıldığını
deyənlərə həmin qanlı gecənin canlı şahidlərindən birinin cavabıdır.
1990-cı
ilin qanlı 19 yanvar gecəsi hər kəsin yaddaşında silinməz iz buraxıb. Xüsusilə
də o saatlarda küçələrdə olan, səhərə kimi yaralılara kömək edən insanların fədakarlığı
və qəhrəmanlığı öyülməyə layiqdir. Biz xalq olaraq o gecə əsil qəhrəmalıq nümunəsi
yaratdıq, keçmiş sovet ordusunun generalları əliyalın dinc insanların iradəsi
qarşısında mənəvi baxımdan məğlub oldu və qürurları əbədi sındırıldı. Azərbaycanın
təkrar istiqlalına gedən yolda 20 yanvar böyük mübarizə tarixinin qızıl səhifəsidir.
1989-cu
ilin sonlarından tələbə könüllü özünümüdafiə dəstələri yaradıb sərhəd bölgələrində
erməni hücumlarının qarşısını almağa getmişdik. Sərhədyanı rayonlarda, Gəncədə və
DQMV-də “Fövqəladə vəziyyət” elan edildiyi üçün artıq Bakıya dönmək əmri
almışdıq. Bəzi vacib səbəblərə görə Qubadlı rayonunu ən son tərk edən tələbələrdən
biri idim. Günorta Qubadlının Mahrızlı kəndində Hüseyn adlı tələbə yoldaşımızın
evində qısamüddətli qonaq olduqdan sonra mənə tapşırılan işləri həll edib 1990-cı
ilin 17 yanvarında sazaqlı, şaxtalı bir gecədə Bakıya doğru yola çıxdım. Əynimdə
xüsusi geyim (tələbə inşaat formasını hərbi paltar kimi istifadə edirdik) və iki
silah olduğu üçün gecə bir yük maşını ilə Fizuliyə, ordan isə bir tanışla
Sabirabada gəldim. Bizimlə bərabər Qubadlıda keşik çəkən sabirabadlıların komandiri
Yaqub kişinin dediyi adama silahları verib, gecə saat 4-də onların müəyyən
etdiyi “moskviç”lə Bakiya çıxdım.
18
yanvarda hələ hava tam açılmamış səhər tezdən artıq Bakıda idim. Şəhərdə 13
yanvardan davam edən gərginlik hələ də hökm sürürdü. Hərbi uniforma kimi
istifadə etdiyimiz xüsusi geyimdə Milli Müdafiə Şurasının könüllüləri kimi fəaliyyətə
başladıq. Heç bir neçə saatlıq istirahət etməyə də zaman olmadı. Əsas məqsədlərdən
biri Bakının dinc erməni sakinlərinin öldürülməsinə imkan verməmək, ikinci məqsəd
isə hərbi hissələrin önündə və şəhərin müxtəlif yerlərində yaradılmış “istehkam”larda
növbə çəkmək idi. Hərdən tanınmış hərəkat liderləri bu “istehkam”lara
yaxınlaşır, müxtəlif təlimatlar verərək gedirdilər. (O şəxslərin kimliyi və
verdikləri təlimat barədə yazmayacağam)
Neçə
günün gərginliyindən, yuxusuzluğundan çox yorulduğuma görə səhər tezdən özümü
güclə yataqxanaya çatdırıb yatdım. Təqribən saat 17-18 radələrində Laçındakı dəstəmizin
komandirlərindən Seymur Babayev və kimya fakultəsinin tələbəsi Nurməmməd bəy otağıma
gəlib məni yuxudan oyatdılar. Həmin saatlardan
etibarən bir qrup BDU tələbəsi ilə "Salyan kazarması"nın arxa
qapısında qurulmuş "istehkam"da keşik çəkməyə başladıq. Keşik çəkdiyimiz
yerə “Xəzər” kinoteatrı tərəfdən piyada keçidi, “Olimp” mağazasına tərəf isə
maşın yolu var idi. Hərbi hissənin bu darvazasının önünə bir benzin daşıyan “benzovoz”
maşını da saxlamışdılar ki hərbiçilərin şəhərə çıxmasına əngəl olsun. İçərisində
heç kimin olmadığı bu “benzovoz”u kimin gətirdiyini bilməsəm də, bura gələndə içərisində
benzin olduğunu dedilər və ehtiyyatlı olmağımız barədə təlimat verildi.
Mən
də bu darvazanın qarşısında dayanan əsas şəxslərdən biri idim. Şəhərin müxtəlif
yerlərindən intensiv atəş səsləri eşidilir, xeyli yaralı və şəhidlərimizin
olduğu xəbəri gəlirdi. Bizim olduğumuz yerdə sakitlik bir anda pozuldu, “həyacan
siqnalı” ilə hərbi hissənin içərisində səs-küy qopdu, zirehli texnikalar gurultu
ilə bu darvazaya doğru gəlirdi. Tank darvazanı “benzovoz”un üstünə aşırıb
dayandı. Tankların şəhərə çıxmasına əngəl yaratmaq üçün benzin maşınına od vurmaq
üçün cəld irəli atıldım və “kranı” açıb bir az kənardan kibriti çəkib ora atdım.
Amma “benzovoz”un çənində benzin əvəzinə su olduğu üçün yanğın baş vermədi. İkinci
dəfə təkrar edəndə artıq tank hərəkətə başladı. “Benzovoz”un altında əzilməkdən
bir anda qurtuldum.
Tank
qarşısında olan hər şeyi əzib atmağa başladı. Biz güllə yağışı altında ordan
qaçmağa məcbur olduq. Fizika fakultəsində 2-ci kurs tələbəsi olan tovuzlu Tağı
adlı yoldaşımız başından yüngül güllə yarası aldı. Onu bir maşınla yataqxanaya
yola salıb özümüz Səttarxan adına zavodda yerləşən qərargaha getmək üçün bir
" Jiquli-011" markalı ağ maşına əyləşdik. Maşının ön oturacağında bir
milis nəfəri, arxada isə 4 nəfər oturmuşduq. Əslən Kələkidən olan tələbə
yoldaşım Shaman Rustemov, hal-hazırda Şeyxülislamın mühafizə xidmətinə rəhbərlik
edən Səxavət adlı tələbə yoldaşımız, bir tanımadığım şəxs və mən maşında idik. "Olimp" mağazasının qarşısında əyləşdiyimiz
maşını atəşə tutdular. Sürücü əlindən yaralansa da özünü itirmədi. (Əgər o
maşının sahibi sağdırsa və bu olayı xatırlayırsa, mütləq görüşmək istəyərdim) Maşını
yolun içində saxlayıb özümüzü yerə atdıq. Maşın deşik-deşik olsa da biz salamat
qurtarmışdıq. Qəribə bir hiss keçirirdim. Səxavət yaralanmadığına inana
bilmirdi. Elə bilirdi ki ona güllə dəyib. Hətta maşının yanında uzandığımız yerdə
onun bədənini yoxlamalı oldum ki yaralanmadığına tam əmin olaq. Güllə yağışı ara
verən kimi yolu qaçaraq keçməyə başladıq. Bizimlə bərabər xeyli insan da yolu
keçməyə çalışırdı.”Olimp” mağazasının qarşısında düz yolun sonunda, mağazanın
tinində bir nəfər ortayaşlı şəxs gülləyə tuş gəldi və yıxıldı. Güllələr yağış
kimi yağırdı. Qarşımda yıxılan bu adamı qaldırmaq üçün əl uzatdım. Üzümə baxıb
“qorxma” dedi və elə ordaca son nəfəsini verdi. Şahmərdan və bir neçə nəfərlə
onu mağazanın yanına çəksək də artıq yaşamırdı.
Səxavət
orda bizdən ayrılsa da Şahmərdanla səhərə kimi küçə və meydanlarda bir yerdə
olduq. Sovet ordusu işıq gələn evlərə və dinc insanlara atəş açırdı. Şəhər
qaranlığa qərq olmuşdu. Biz ora çatanda qərargahda bir tələbə yoldaşımızla (hazırda
millət vəkilidir) rastlaşdıq. Qərargahdan bəzi şeyləri çıxarmaq üçün gəlmişdi.
Şahmərdan bəylə səhərə qədər çox dəhşətli hadisələr gördük və təsadüfən sağ
qalmışdıq. Təxminən səhər saat 6-dan sonra ordu tədricən çəkilməyə başladı. Biz
yarımçıq bir tikintiyə daxil olub ora sığındıq. Əynimdəki hərbi geyimə görə səhər
yataqxanaya qayıda bilmirdim. Bir nəfər yaşlı adam öz uzun paltosunu soyunub mənə
verdi və özü pencəkdə yataqxanaya kimi yanımca gəldi. Əsgərlər məni formada görməsin deyə
yataqxanaya kimi o kişinin paltosu ilə gəlmişdim. Yalnız səhər saat 10-dan
sonra yataqxanaya qayıda bildim. Yataqxanada qalan tələbələr ən gec məndən xəbər
tutmuşdular. Hətta məni görəndə yataqxanadakı qızların necə ağladığı hələ də
gözlərimin önündədir. Uşaqlar o gecə mənim etdiklərimi yataqxanada danışdıqları
üçün heç kim sağ qaldığıma inana bilmirdi. Ordu tələbə yataqxanalarını üzükqaşı
kimi mühasirəyə almışdı. Bir neçə gün yataqxanalarda heç kim işıq yandırmadı, hər
yer qaranlığa qərq olmuşdu. 22 yanvarda milyonlarla insan qorxmadan şəhidlərin
dəfnində iştirak edəndə sovet rəhbərliyi rəsmən mənəvi məhv oldu. Ordu hissələri bu dəfə
dinc insan selinin qarşısından başıaşağı geri çəkilməyə başladı.
Allah
şəhidlərimizə rəhmət eləsin. Azadlıq uğrunda cəsarətlə savaşanlara Allah
yardımçı olsun. Biz ali ideyaları qalib gələn qürurlu bir xalqıq. Yaşadığımız bu
böhranlı halımızdan da çox keçməz əbədi qurtulacağıq. Yetər ki hər birimiz öz dəyərimizi
bilək, öz gücümüzə inanaq və xalqımızın müqəddəs dəyərlərinə sahib çıxaq!
Hiç yorum yok:
Yorum Gönder