16 Ocak 2018 Salı

15 yanvar 1990-cı il Qubadlı gündəliyimdən kiçik bir qeyd...

15 yanvar 1990-cı il Qubadlı gündəliyimdən kiçik bir qeyd.

28 il öncə bu gün (15 yanvar 1990-cı il) tələbə könüllü özünümüdafiə dəstəsinin tərkibində Qubadlı rayonunun sərhədyanı kəndlərində keşik çəkirdik. Çox qarlı-şaxtalı bir gün idi. Sərt yüksəkliklərdə çətinliklə düzəltdiyimiz açıq səngər və istehkamlarda soyuqdan dayanmaq olmurdu. O zaman 23 yaşlı bir gənc üçün soyuq elə də qorxulu deyildi, ancaq indi o qeydlərimi oxuduqca sanki bədənimə bir titrətmə gəlir. Görünür bu da yaşın təsiri ilə bağlıdır.

Axşamçağı xəbər gəldi ki, Bakı şəhərində erməni əhaliyə qarşı kütləvi qırğın edilib və durum çox gərgindir. Bir tərəfdən Ermənistandan gözlənilən təxribatların qarşısını almaq, digər tərəfdən isə Bakıdakı mübarizə yoldaşlarımızdan xəbər tuta bilməməyimiz narahatlığımızı daha da artırmışdı.
SSRİ rəhbərliyinin ən yüksək vəzifəli və rütbəli şəxslərinin yanvarın 14-də Bakıya gəlməsi, Dağlıq Qarabağda, Azərbaycan-Ermənistan sərhədyanı rayonlarında, habelə Gəncədə fövqəladə vəziyyətin elan edilməsi artıq durumun mürəkkəbliyini göstərirdi. Gərginlik Bakıda yaşansa da fövqəladə vəziyyətin digər bölgələrdə tətbiq edilməsinin məqsədi bu günədək qaranlıqdır. SSRİ tarixində ilk dəfə idi ki Siyasi Büronun üzvü Primakov, Müdafiə naziri Yazov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kryuçkov, Daxili işlər naziri Bakatin və digər yüksək vəzifəli şəxslər Bakıya toplaşmışdı.

Mən Laçın rayonundakı özünümüdafiə dəstəsinin tərkibində olsam da xüsusi tapşırıqla Qubadlıya gəlmişdim və buradakı silahlı dəstəmizin komandiri Ganimat Zayidovla birgə hərəkət edirdim. O zaman Qənimət bəyin təkcə komandirliyinə görə yox, həm də tələbələr arasındakı şəxsi nüfuzuna, uşaqların çoxundan 3-4 yaş böyük olmasına və gerçəkdən çox soyuqqalı, doğru qərarlar qəbul etməsinə görə dəstədə ona böyük güvən yaranmışdı. Məskunlaşdığımız yerdə bizdən əlavə Sabirabad könüllüləri də var idi. Öz komandirləri olsa da, bu xəbərdən sonra onlar da bizim nə qərar verəcəyimizi gözləyirdi. (Sabirabad könüllülərinin komandiri Yaqub kişiyə Allahdan rəhmət diləyirəm) 
Geniş və qapalı müzakirələrin hər ikisində iştirak etdim, fövqəladə vəziyyət şəraitində nə edəcəyimizi götür-qoy etdik. Qızğın müzakirələrdən sonra Qənimət bəy elan etdi ki belə durumda bu kəndləri tərk edə bilmərik. Nə olursa-olsun Bakıdan gələcək göstərişləri gözləyək. Özü öndə olmaqla postlara qalxmağa qərar verdik. Sabirabad könüllüləri də öz postlarına yola düşdü. O şaxtalı-qarlı 15 yanvar gecəsində külək qarı gözümüzə, burnumuza doldursa da çətinliklə yüksəkliklərdə yerləşən postlarımıza qalxdıq.

“Gündəlik” qeydlərimdən qarşıma çıxan bu tezisləri paylaşmaqda məqsədim budur ki, gənclərimiz müstəqillik yolunun hansı çətinliklərdən keçdiyinin kiçik bir epuzodu ilə tanış olsun. Biz o zaman mübarizəmizdən vaz keçmədik, usanmadıq, yorulmadıq, ruhdan düşmədik. Nə sürgündən, nə həbsdən, nə də edamdan qorxumuz var idi. Biz hamımız BDU-nun savadlı tələbələri idik və şəxsi arzularımızı vətənin müstəqilliyinə qurban vermişdik. Ümumi komandirimiz olan AXC BDU şöbəsinin sədri Əli Kərimli hətta universitetdə “Lenin təqaüdü” ilə təhsil alan azsaylı tələbələrdən idi. 

O zaman arxasınca getdiyimiz insanlar nə qərar verdisə, onu vicdanla icra etdik. Hətta sonradan səhv olduğunu anlasaq da, bunu dedi-qoduya çevirmədik. Qətiyyətlə deyirəm, AXC-ni onminlərin biri kimi mən yaratdım, biz yaratdıq. KQB onu dağıtmağa çox çalışdı, amma bacarmadı.
Cümhuriyyətimizin 100 illiyində ölkəmizin mənəvi baxımdan ən qalib övladları bizik. Biz, ideyaları qalib gəlmiş mübariz bir nəsilik! Digər məsələlərin həllində də üzərimizdəki işi başa çatdıracağıq.

14 yanvar 2018-ci il.

Hiç yorum yok:

Yorum Gönder