Təhsili məhv edən düşüncə, güclü ordu yarada bilməz!
Vicdansızlıq və laqeydlik mənəvi impotetlikdir
Vətəndaşlarımızın ictimai-sosial münasibətlərlə bağlı laqeydliyi son illər daha da artmaqdadır. Cəmiyyətimizi dəhşətli fəlakətlərə sürükləyən bu mərəz, savadsız vətəndaşlarla yanaşı, həm də savadlı və fəal insanlarımızı da öz ağuşuna almaqdadır. Sanki, hər kəs qulaqlarını qapayıb ki, fəryadları eşitməsin, gözlərini yumub ki, dəhşətləri görməsin. Qulağı da, gözü də qapamaqla bir təhər yaşamaq olar, lakin vicdanı boğaraq laqeyd yaşamaq mənəvi impotentlik əlamətidir.
Biz
hara gedirik və ya savadsızlıq bizi hara aparır?
Kütləvi savadsızlıq sindromundan çox məmnun görünən
cəmiyyət olmaq yolunda iri addımlar atırıq. Savadsız cəmiyyət qaranlığa qərq
olmuş cəhalət meydanıdır. Cəmiyyətin qaranlığını aydınladan işıq, cəhalətdən
xilas edən yeganə vasitə məhz təhsildir. Əsrlər boyu millətini sevib təəsübünü
çəkən ziyalılar, öndər şəxsiyyətlər və idarəçilər ilk növbədə çalışıblar ki,
insanları təhsilə meylləndirsinlər. Bunun üçün cəmiyyətin bütün imkanlarını səfərbər
edərək, təhsilə sərmayə qoyublar. Müqəddəs dinimizin də təhsilə və elmə münasibəti
bütün digər münasibətləri üstələyir. Hətta, İslam Peyğəmbəri (s.ə.s) alimin mürəkkəbi
ilə şəhid qanı arasında paralellik apararaq, müsəlmanlara tövsiyyə edir ki, təhsil
ardınca uzaq Çinə belə gedin. Amma, xalqımız təəssüf ki, bizi savadsızlığa
sürükləyən ardıcıl bir siyasətin könüllü alətinə çevrilibdir.
Ayılmaq
üçün bəzən silkələnmək də yetərli olmur
Cəmiyyətin əksər hissəsi haqlı olaraq Milli Məclisdən
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik ediləcəyini, magistratura
və doktaranturaya qəbul olunan şəxslərə hərbi xidmətdən möhlət hüququnun veriləcəyini
gözləyidi. Lakin, MM-in son iclası bu qanuna dövlətin və vətəndaşın marağının
ziddinə olan bir dəyişiklik edərək, cəmiyyətə sürpriz yaşatdı. Ali təhsilin
növbəti pillələrində tələbələrin təhsilə ardıcıl davam etməsinə şərait yaratmaq
əvəzinə, əksinə Təhsil Nazirliyinin siyahısında adı olmayan xarici ölkə
universitetlərində təhsil almaq istəyənlərin də hərbi xidmətdən möhlət hüququ ortadan
qaldırıldı. Bu dəyişikliyə nə qədər zərurət olduğunu müzakirə etmədən, deyə bilərəm
ki, müxtəlif ali dövlət qurumlarının vətəndaşların əleyhinə olan bir sıra qərarları
cəmiyyəti mütəmadi olaraq silkələyir.
Kasıb
müəllimə ironiya, diplom dalınca qaçan tələbəyə tənə
MM-də müzakirə zamanı spiker Oqtay Əsədovun bu dəyişikliyi
əslandırmaq üçün gətirdiyi arqumentlər yenidən təhsil mövzusunu aktuallaşdırdı.
Onun, “5 minə yaxın tələbə lazımsız təhsillə, diplom almaqla məşğul olub. 1200
magistra da möhlət hüququ veriləndən sonra hansı vəziyyətin yaranacağını təsəvvür
etmək çətin deyil. Ona görə də lazımsız təhsillə, diplom almaqla məşğul olmağın
qarşısı alınmalıdır” deməsi, hökumətin çağdaş təhsil siyasətinin acı
reallığının etirafı idi. Əslində, belə bir yüksək siyasi vəzifə daşıyan şəxsin
neqativ hallarla bağlı daha təsirli tədbirlər görmək imkanı olduğu halda, bəyanat
verməklə kifayətlənməsi normal qəbul edilə bilməz. Bir müddət əvvəl də
parlamentin Sosial Siyasət Komisiyasının sədri Hadı Rəcəblinin “Bu gün müəllim
150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul
olmalıdır” fikri cəmiyyətin müəyyən hissəsini məyus etmişdi. Daşıdığı vəzifənin
məsuliyyətinə varmadan səlahiyyət sahibi olmaq ənənəsi hər sahədə olduğu kimi,
təhsil sahəsində də problemləri daha da dərinləşdirib.
Professorun
tövsiyyəsi...
Hadı Rəcəblinin müəllimlik kimi müqəddəs bir peşəni
aşağılayan fikirdən təsirlənib bir yazı yazmışdım. “Müəllimlərin sükuta məhkum
olmuş iradəsi” başlıqlı yazımı oxuyub, mənimlə əlaqə saxlayan tanınmış və
nüfuzlu bir professorun maraqlı tövsiyyəsini bu yazını yazarkən yenidən xatırladım.
“Yazın çox xoşuma gəldi. Hər cümlənlə razıyam. Amma, bir məqama toxunmamağın
diqqətimi çəkdi. Sıravi müəllimlərin susmasını və bu yanlış fikrə etiraz etməmələrini
hardasa anlamaq olar. Bəs Təhsil Nazirliyi rəhbərliyinin Hadı müəllimin fikirlərinə
heç bir reaksiya verməməsinin üstündən niyə sükutla keçmisən?” Elm və təhsil
sahəsində mükəmməl bilikləri olan o təcrübəli professora etiraf etdim ki, bu məqam
xeyli əhəmiyyətli olsa da diqqətimdən qaçıb. O zaman yazmalı olduğum, lakin
diqqətimdən yayınan bu məsələyə indi başqa bir səbəbdən təkrar qayıtmalı oldum.
Dövlət rəsmilərinin təhsilə ironik yanaşmalarına qarşı, təhsilə məsul şəxslərin
ya deyiləcək sözləri ya da cəsarətləri yoxdur.
Hökumətin təhsil siyasətinin
acı reallığı
Ölkəmizdə mövcud olan təhsil problemlərinin
sistemliliyinə nəzər salanda, bəzən düşünürsən ki, bu səriştəsizlikdən daha
çox, qəsdin nəticəsidir. Sanki, milləti tam savadsızlaşdırmaq məqsədi ilə belə
bir proqram həyata keçirilir. Vətəndaş
diplomun deyil, savadın əsas rolda olduğunu bilsəydi diplom ardınca qaçmazdı.
Bu vəziyyətin yaradıcısı diplom dalınca qaçan vətəndaşlar deyil, onları bu
saxtakarlığa məcbur edənlərdir.
...Repetitor ümidinə qalmış təhsilimiz
Ümumtəhsil məktəblərinin ibtidai sinfinə şagirdlərin
qəbulundan başlayaraq, məzun olanadək davam edən bərbad vəziyyəti bu ölkədə bilməyən
tək bir vətəndaş, bir valideyn belə tapmaq mümkün deyil. İbtidai sinif şagirdlərinin
dərs saatından sonra repetitor yanında hazırlaşmağa məcbur edilməsi artıq bir
standarta çevrilib. Savad almaq üçün orta məktəbin sinif otaqlarında deyil,
repetitorlara əlavə pul ödəyərək övladlarımızın təhsili üçün çarə axtarıq. Məktəbdən
kənarda hazırlaşmağa məhkum edilmiş övladlarımızda vətənə və dövlətə hansı
sevgi ola bilər? Dövlətin və vətənin əleyhinə ən böyük təbliğatçı ordusu, elə övladının
təhsilindən nigaran qalan çarəsiz valideynlərdir. Vətəndaşın vergisi ilə
toplanan büdcədən milyonlarla vəsait təhsil adı altında havaya sovrulduğu
halda, övladlarının təhsili üçün valideynlər ciblərindən əlavə pul xərcləyir. Bu
prosses orta məktəblə yekunlaşsaydı bəlkə də susmaq olardı. Axı ali məktəblərdə
də bu prosesin daha təhlükəli davamı heç kəsə sirr deyil. Xaricdə təhsilin əhəmiyyətsizliyini
yüksək səslə söyləyən səlahiyyət sahibləri niyə bu bərbad gedişə dur demirlər. Təhsil
Nazirliyi və dövlətin təhsil siyasətinin strateji planlamasını həyata keçirən
müvafiq qurumlar bu fəlakəti niyə belə arxayınlıqla və susqunluqla müşahidə
edirlər?
...2-3 universitetin diplomunu alan
savadsızlara ziyalı deyirik
Xaricdə təhsil adı altında həyata keçirilən
qanunsuzluqlara nəzər salsaq, görərik ki, bütün neqativ hallara rəvac verən
bizim hökumətin təhsilə və diploma olan münasibətidir. TQDK imtahanlarında yetərli
bal yığmayıb, sonra rüşvətlə hansısa Ukrayna, Dağıstan universitetlərinə
"qəbul" olanlar, bir il sonra BDU-nun hüquq fakültəsinə, digər prestijli
ali məktəblərə keçid şansı əldə ediblər. Hətta, aldıqları bu diplomlarla dövlət
idarəetməsində yüksək yer tutub, müəllim, həkim, vəkil olublar. Bu qanunsuz əməllərə
rəvac verənlərin cəzalanmalı olduğunu gözlədiyimiz halda, bəzən
mükafatlandırıldıqlarının şahidi oluruq. Təhsilimizin başı üzərindəki qara
buludları, sürükləndiyimiz fəlakətləri Təhsil Nazirliyi doğrudanmı görmür?
...xaricdə təhsilə məhdudiyyət özünə
qəsddir
Ölkə universitetlərimiz dünyanın 1000 universiteti
arasında ilk 650-də yer almırsa, xaricdəki təhsilə heç bir halda barmaqarası
baxmağa haqqımız yoxdur. Cəmi 3 universitetimizin dünya reytinqində yeri var. Qafqaz
Universireti-651-700 arasında, BDU və Xəzər Universiteti isə 701-dən sonrakı
yerləri tutur. Bu statistika onu deməyə əsas verir ki, təhsilimizin səviyyəsini
yüksəltmədən xaricdə təhsilə heç bir halda məhdudiyyət gətirilməməlidir. Xaricdə
təhsil alıb gələn xeyli yüksək səviyyəli məzunlarımız var ki, onlar bu gün cəmiyyətə
ciddi fayda verirlər. Ölkəmizdə Dövlət büdcəsindən milyonlarla vəsait xərcləyərək
“Xaricdə Təhsil Dövlət Proqramı” həyata keçirən hökumət, digər tərəfdən təhsilə
başqa əngəllər yaradır. Xarici ölkələrin aparıcı universitetlərində bakalavr təhsilini
yüksək nəticələrlə başa vuran gəncin hərbi xidmətdən sonra elmi araşdırmaya həvəsi
azalır. Elmi fəaliyyətin ardıcıllığı olmasa onun nəticəsi də olmayacağını
bildiyiniz halda bu tənzimləməni etməməyiniz hansı maraqdan doğur? Doğrudanmı
bu millətin elmli övladlarının olmamasında maraqlı olan hansısa gizli əllər iş
başındadır.
Xidmətdən
yayınmanın səbəbi təhsil deyil
Çünki, əgər hərbi xidmətdən möhlət hüququ ordunun şəxsi
heyyətinin sayına, komplektləşməsinə problemdirsə, onda ümumiyyətlə möhlət
hüququ ləğv edilməliydi. Yox əgər problem deyilsə, o zaman təhsilin digər pillələri
üçün də möhlət hüququnun tətbiq olunması daha məntiqlidir. Təhsili məhv edən
düşüncə, güclü ordu yarada bilməz. Güclü ordunun təməli, orta məktəb siniflərində
qazanılan təhsildən başlayır. O ki qaldı ordudan yayınmağa, gerçək təhsil alan
şəxs harda oxumasından asılı olmayaraq, hərbi xidmətə tələsir. Minlərlə belə nümunələr
var. Xidmətdən yayınan isə harda oxumasından asılı olmayaraq onsuzda yayınır.
Onu önləmənin başqa yolları axtarılmalıdır.
Qaranlıqda
qaçış xəsarətsiz bitməz
Təminatlı sabahımız idmanla, şou-bizneslə deyil, təhsillə
mümkündür. Təəssüf ki, ölkə gəncləri sistemli olaraq idmançıların, şou-biznes əhlinin
təmtəraqlı həyatı ilə bağlı zərərli təbliğatın təsiri altında böyüyür. Hökumətin
öncəlikləri arasında musiqi və idman, elm və təhsildən daha əsasdır. Beynəlxalq
musiqi yarışlarında ilk 3-də, olimpiada da 30-da yer tutdugumuz halda,
universitetlərin reytinqində 700-cü pillədə qərarlaşmağımız təsadüfi deyil. Elmdə
yüksək naliyyət əldə etmək üçün uzun illər masa arxasında çalışmaq, ağır zehni
zəhmət və səbr tələb olunur. İdmanın müxtəlif növlərində çempionluq qazanmış
idmançılara, mahnı müsabiqələrinin qaliblərinə səxavətlə maşınlar, evlər hədiyyə
edən hökumət, hətta olimpiya çempionuna 760 min dollar verdiyi halda, bir nəfər
də olsun elmi naliyyəti olan gəncə eyni həssaslığı göstərmir. Bir idmançının,
bir şou-biznes əhlinin uğurundan cəmiyyətə əylənmək qalırsa, bir elmi uğurdan
bütün bəşəriyyətə qazanmaq düşər. Təhsilimizin səviyyəsinin ilbəil aşağı düşməsini
hər bir ortabab savadı olan vətəndaşlarımız gördüyü və həyəcanla söylədiyi halda,
bu sahədə səlahiyyət sahibi olanlardan uyğun reaksiya yoxdur. Dövlətimizin bu
günü və gələcəyi üçün məsuliyyət daşıyan insanlar təəssüf ki, bu fəlakətə biganədirlər.
Bu siyasətlə cəmiyyətin taleyində oynadıqları mənfi rolun fərqində deyillər. Önünü
və ayağının altını görmədən qaranlıqda qaçan bir insan nə qədər xəsarətsiz
davam edə bilər? Əlbəttə ki, uzun yol gedə bilməz. Ayağı büdrəyib və ya bir şeyə
ilişib yıxılacaq. Təhsili bərbad durumda olan cəmiyyət də qaranlıqda hərəkət
edir. Bu hərəkət mütləq ciddi xəsarətlə sonuclanacaq.
Təhsil Nazirliyi təhsilin
ağır problemlərini həll etməyə qadir deyil
Təhsil sahəsinə yeni rəhbər dəyişikliyi ediləndə
düşündük ki, bəlkə gənc, müasir dünya görüşlü bir şəxsin təyinatı müsbət dəyişikliklərə
qapı açacaq. Hökumətin təhsil siyasətinə yenidən baxılacaq, ciddi islahatlar
aparılacaq, müəllimlərin əmək haqqısı yüksəldiləcək, orta məktəblərin nüfuzu
qaldırılacaq, ali məktəblərdə smestr imtanlarında toplanan rüşvətə son
qoyulacaq. Lakin, çox təəssüf ki, bu sahədə mövcud olan bütün neqativlərin
davam etdiyini görməkdəyik.
Son olaraq
Dövlətin aydın təhsil strategiyası hazırlanmalı və cəmiyyətin
müzakirəsinə təqdim edilməlidir. Ölkəmizdə elmin karyera kimi dərk edilməsini dağıtmaq
lazımdır. İstənilən ortabab məmur özünü elmlər doktoru, professor, akademik
rütbəsində görmək istəyir. Sərhədlərimizdən kənarda tanınmayan, heç bir mötəbər
elmi dərgilərdə nəşr olunmayan çox saylı “alimlər” ordusuna dövlət vəsaitini xərcləmək
mənasız uşaq oyununa bənzəyir. Məktəb drektorlarının, universitet rektorlarının
az qala siyasi-inzibati vəzifə daşıyan məmura çevrilməsi prosesi
durdurulmalıdır. Ali və orta təhsil müəssisələrinin rəhbərləri istisnasız
olaraq, hakim partiyanın üzvləridir və təhsildən çox partiya funksionerlərinə
çevriliblər. Sabah ölkəmizin təbii sərvətləri tükənəndə, xammal istehlakçısı
kimi qlobal böhranlara tab gətirmək imkanı olmayanda, rəqabətə davamlı iqtisadiyyatımızın
çöküşünü yalnız yüksək təhsilli cəmiyyət önləyə bilər. Hökumət xalqın aqibətini
düşünürsə, mütləq elm və təhsilə yeni baxış ortaya qoymalıdır. Onsuz da çox dəyərli
zamanımızı itirmişik.
Hiç yorum yok:
Yorum Gönder