Hüquq pozanlar bunu açıq deyənlərə nifrət
etməməlidirlər!
Azərbaycanda insan haqlarının vəziyyəti
ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkənin fəal
vətəndaşlarının maraqla müzakirə etdiyi bir sənədə çevrilib. Bu qətnamənin
doğuracağı ictimai-siyasi nəticələrə, hökumətin atacağı addımlara toxunmadan
deyə bilərəm ki, belə bir qətnamənin qəbul ediləcəyi gözlənilən idi. Çünki,
ölkəmizdə repressiyaların miqyasının artdığını,
siyasi məhbus probleminin ağırlığını, bütün seçkilərin çox kobud və açıq
şəkildə saxtalaşdırıldığınını artıq heç bir halda ört-basdır etmək mümkün
deyil. Nəinki Avropanın demokratik cəmiyyətləri, hətta ölkəmizin ən ucqar
kəndində yaşayan adi vətəndaşlarımız belə çox ciddi qanun pozuntularının
mütəmadi baş verdiyini aydın müşahidə edir. Çoxsaylı tanınmış insanın müxalif siyasi
fəaliyyətinə, hüquq müdafiəçiliyinə və jurnalist araşdırmalarına
görə qondarma ittihamlarla azadlıqdan məhrum edilməsi o qədər nümayişkəranə
edilir ki, sanki orta əsrlərdə yaşayırıq. Hökumət və yandaşları istisna
olmaqla, bütün cəmiyyətimiz və beynəlxalq aləm bu vəziyyəti narahatlıqla ifadə
edir. Yalnız hökumət və dəstəkçiləri bu qanunsuz əməllərinə, hüquq pozmalarına
başqa görütü verməklə, sanki öz siyasətlərindən həzz alırmış kimi sərt
idarəetməyə davam etməkdədirlər. Hüquq
pozanlar bu hüquq pozmaları açıq deyənlərə nifrət etməməlidirlər!
Qətnamə obyektiv, ədalətli və təsirlidir!
Avropa
Parlamentinin bu qətnaməsi sadə vətəndaşlarımızın və dövlətimizin mənafeyi
baxımından indiyə kimi qəbul edilən sənədlərin ən obyektivi, ədalətlisi, təsirlisi
olsa da, xeyli gecikib. Ölkənin aparıcı real siyasi müxalifətinin tamamilə
zəiflədildiyi, hökumətin səhvlərini tənqid edən müstəqil QHT-lərin sıradan
çıxarıldığı, cəmiyyətin fəal kəsiminin bütün ictimai təşəbbüslərdən məhrum edildiyi
reallığı ilə üz-üzəyik. Ölkənin demokratik dünyagörüşlü fəal insanları hökumətin
repressiyalarından qorunmaq üçün passiv fəaliyyətə üstünlük verməyə məcbur olublar.
Nüfuzlu Avropa təsisatlarından insan hüquq və azadlıqlarnın qorunması
istiqamətində ciddi dəstək uman, lakin təsirli dəstək ala bilməyən cəmiyyətimiz
getdikcə o qrumlara olan etimadını itirməkdədir. Ölkəni beynəlxalq aləmdə
sürətlə nüfuzdan salan hökumət nümayəndələri və onların dəstəkçiləri istisna
olmaqla, bütün mütərəqqi vətəndaşlarımız Avropa Parlamentinin qətnaməsində heç
bir qərəz görmür. Əksinə, Azərbaycanda insan haqlarının pozulmasına görə
məsuliyyət daşıyan şəxslərə qarşı ünvanlı sanksiyaların mümkünlüyünü təqdir edir. Çünki, vətənpərvər
insanlar məhkəmə sisteminin icra hakimiyyətindən asılılığını, ədalət
mühakiməsinə vətəndaşların inamının sarsılmasını, xüsusilə qanunsuz saxlanmaları,
polis bölmələrində baş verən ölüm hadisələrini və siyasi motivli həbsləri
dövlətimizin təhlükəsizliyinə ciddi zərbə vuracağının fərqindədirlər.
İnsan haqları dövlətlərüstü hüquqi
qaydalarla qorunur.

Qətnamədən qəzəblənmək əvəzinə, ondan
yararlanmaq lazımdır...
Vətəndaş
cəmiyyətinə basqılar, jurnalistlərin, hüquq-müdafiəçilərinin və demokratik
fəalların qorxudulması, həbs edilməsi, dinc etirazçılara qarşı həddindən artıq
yersiz güc tətbiq edilməsi halları cəmiyyətimizdə diktatura ab-havası yaradıb. Bu
kimi neqativ halların ölkəmizdə adi hala çevrildiyi heç kəsə sirr olmadığı halda,
Avropa qurumlarının bunu rəsmiləşdirməsi niyə təəcüb doğurmalıdır? Vətəndaş
dövlətinə o zaman güvənir ki, hər kəs qanun qarşısında bərabər olsun. Əks halda
ölkədə uzunmüddətli sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və hüquq
sisteminə hörmət ola bilməz. Hökumət və Milli Məclis Avropa Parlamentini tənqid etməkdənsə, onun
çağrışlarını dinləməlidir. Tamamilə obyektiv və
real vəziyyəti əks etdirən bu qətnamədən qəzəblənmək əvəzinə, ondan yararlanmaq lazımdır. Vətəndaşlarımizın hüquq və
azadlıqlarına hörmət edilməli, pozulan hüquqların bərpası istiqamətində təxirə
salınmaz addımlar atılmalı və həbsdə olan günahsız insanlar dərhal azad olunmalıdır.
Hiç yorum yok:
Yorum Gönder