Orta
Şərqdə nəhəng hərbi sövdələşmələr yeni qarşıdurmalar doğuracaq?!
Müasir dünyanın yeni siyasi mərhələyə qədəm
qoyduğunu söyləsək, yəqin ki yanılmarıq. Bu dönəmdə bəşəriyyəti hansı sürprizlər
gözlədiyini dəqiq proqnoz etmək çətin olsa da, qlobal güclərin atdığı addımları
izlədikcə yaxın dövr üçün beynəlxalq münasibətlərin xeyli gərginləşəcəyi
ehtimalı getdikcə artır.
Son günlər dünyanın qlobal və regional
güclərinin çağdaş Orta Şərq siyasətini dərindən incələyərkən olduqca qorxulu
senarilərin hələ gələcəkdə işə düşəcəyini ehtimal etmək olar. Orta Şərqdə hökm
sürən hərbi-siyasi böhran regionda daha böyük fəlakətlərin yaşanacağını, müsəlmanlar
arasında ziddiyyətlərin daha da dərinləşəcəyini deməyə əsas verir. Bu bölgədə
ağır müharibələrin genişlənməsi, qarşıdurmaların dərinləşməsi, terrorizmin
artması, yeni dövlətlərin doğulması yolunda nəhəng layihələr mövcuddur. Görünən
budur ki, region hələ bir müddət də dünyanın ən qanlı senarilərinə meydan
olacaq.
Dünyanın super güc ünvanına sahib olan
ABŞ-ın prezidenti 9 gün sürəcək xarici səfər proqramları çərçivəsində Orta Şərq
və Avropa ölkələrində mühüm görüşlər keçirir. Tramp ilk rəsmi səfərini gerçəkləşdirdiyi
Orta Şərqin iri müsəlman dövləti olan Səudiyyə Ərəbistanı ilə imzaladığı hərbi razılaşmalarla
regionun gələcək hərbi-siyasi mənzərəsinə də xeyli işıq (qaranlıq) saldı. Çox
güman ki bununla da özünün gələcək xarici siyasətinin əsas mesajlarını da dünyaya
çatdırmağa nail oldu. Bu səfər ABŞ-ın müsəlmanlara verdiyi önəmi deyil, regiondakı siyasi-iqtisadi
maraqlarının gələcək mənzərəsini ifadə edir. 50 İslam ölkəsinin təmsilçilərini
Riyadda bir araya gətirən ABŞ-Ərəb və İslam ölkələri zirvə toplantısı həm də müsəlman
dövlətlərinin gələcək əməkdaşlığına da aydınlıq gətirdi.
Heç kəsə sirr deyil ki, antidemokratk
rejimlərin yaratdığı nəhəng ekoloji, iqtisadi, hərbi, ideoloji və siyasi
problemlər demokratik cəmiyyətlərə də mənfi təsir göstərir. Çağdaş dünyada
terrorizmin kökünü kəsmək, demoqrafik problemləri önləmək, dayanıqlı sülhü bərqərar
etmək naminə antidemokratik rejimlərə son verilməsi zərurətini kimsə inkar edə
bilməz. Bu istiqamətdə konkret addımların atılmasını qərb dairələri mütəmadi bəyan
etsə də, təəssüf ki əməldə fərqli davranırlar. İqtisadi-siyasi maraqlar naminə
ikili standartların tətbiqi adi hala çevrilib və diplomatiyanın normalarından
biri kimi qəbul edilir.
Tramp Orta Şərq böhranı ilə bağlı ABŞ
administrasiyasının yeni və prinsipial siyasi kursunu açıq şəkildə ifadə edərkən,
ölkəsinin öncəliklərini də göstərməyə çalışdı. Bəşəriyyətin problemlərinin mədəniyyətlər
arasındakı fərqlərdən deyil, yaxşı ilə pisin mübarizəsindən qaynaqlandığını deyən
prezident, bu məsələdə Orta Şərq ilə birlikdə savaşacaqlarına, qarşılığında isə
radikal İslamın və hər bir İslamçı terror təşkilatlarının kökünü kəsməkdə ərəb
dövlətlərindən ciddi addımlar gözlədiyini qeyd etdi.
Trampın prezident seçilməsi ilə ABŞ-ın
yeni xarıci siyasət kursunun konturları da artıq özünü göstərməyə başlayıb. Əsədin
hərbi bazalarına raket zərbələrinin ardından Tramp administrasiyası açıq şəkildə
İran və Rusiyanı Suriya böhranında Əsədi dəstəkləməməyə çağırış etmişdi. Hətta
ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycan hökumətindən də Suriya məsələsində açıq dəstək
istəyirdi. Azərbaycan hökuməti həmin vaxt susqunluq nümayiş etdirsə də, bu zirvəyə
özünəməxsus formada qatılmaqla ABŞ-ın mesajlarına ehtiyyatlı və müsbət reaksiya
verməyə çalışdı. Ancaq görünən budur ki, ABŞ-ın Azərbaycandan istədiyi bu deyil
və istədiyini hələlik almayıb. Təəssüf ki ölkəmizi sürətlə təhlükəli gələcəyə
yaxınlaşdıran Azərbaycan diplomatiyası nə qlobal, nə də regional güclərlə
etibarlı əlaqələr yarada bilib.
Zirvə görüşündəki çıxışında da əsas hədəfə
və ortaq düşmənə qarşı vahid mövqedən çıxış ediləcəyinin anonsunu verən Tramp, Bəşər
Əsədin İranın dəstəyi ilə törətdiyi qoxrunc cinayətlərin hələ də davam etdiyini
bildirdi. Habelə, İran rejimini qlobal terrorizmə öncüllük edən, bölgədə dağıntıların,
xaosun səbəbkarı olan ölkə kimi xarakterizə etdi. Xüsusilə də İranın Suriyada,
Livanda, İraqda və Yəməndə həyata keçirdiyi məzhəpçi siyasətin doğurduğu təhlükələrdən,
iranlı silahlıların bölgədə sabitliyin və təhlükəsizliyin pozulmasının əsas
qaynağı olduğundan bəhs etdi.
Səfər zamanı ABŞ və Körfəz ölkələri arasında
terror gruplarının maliyyələşdirilməsinə qarşı cəhdlərin birləşdirilməsi və bir
sıra məsələlərlə bağlı razılaşmalar imzalanıb. ABŞ-ın S.Ərəbistanı ilə imzaladığı
hərbi müqavilə isə daha çox müzakirələrə səbəb olub. İrana qarşı müdafiənin
gücləndirilməsi məqsədilə imzalanan müqavilədə 110 milyard dollarlıq müasir
silahların alınması və 10 il ərzində bu məqsədlə 350 milyarda qədər vəsaitin xərclənməsi
nəzərdə tutulur. Bu sövdələşmələrin regionda yeni hərbi-siyasi proseslərə gətirib
çıxaracağı ehtimalı yüksəkdir. İranla S.Ərəbistanı arasında olduqca gərgin
münasibətlər yeni fazaya keçə bilər. ABŞ-ın əsas müttəfiqləri kimi Misirin və
S.Ərəbistanının ərəb dövlətləri arasında siyasi nüfuz dairəsini genişləndirməsi,
Türkiyənin İslam dünyasındakı yeri və rolunun qismən məhdudlaşdırılması, İranın
isə regiondakı siyasi maraqlarının yaxın gələcəkdə tam nəzarət altına alınması
nəzərdə tutulur.
Bəzi ehtimallara görə ABŞ-ın İranla
bağlı siyasətinə Türkiyənin ehtiyyatlı davranması və qarşıdurmalara səbəb
olacaq proseslərə dəstək verməyəcəyi bəlli olub. Türkiyə öz təhlükəsizliyi və ərazi
bütövlüyü naminə həm İranla, həm də Rusiya ilə balanslı siyasətinə sadiq
qalacağını ifadə edib. Çox güman ki İran da öz növbəsində Rusiya ilə hərbi-siyasi
əməkdaşlığını genişləndirməyə cəhd edə bilər. Regionun yeni gərginliklərə istiqamət
götürəcəyi istisna edilmir. Rusiyanın resurslarının tədricən tükəndiyini nəzərə
alsaq, bu nüfuz mübarizəsində kimin məğlubiyyətə uğrayacağını yaxın dövrdə proqnoz
etmək çətin olmayacaq.
Hiç yorum yok:
Yorum Gönder