Ölkəmizdə
hazırda elə bir gərgin sosial-siyasi atmosfer hökm sürür ki, insan öz şəxsi həyatı
ilə bağlı hansısa əlamətdar günləri nəinki təmtəraqlı qeyd etməyə, hətta
dostlarından və yaxınlarından təbrikləri belə qəbul etməyə utanır.
Yubley
yaşım insanlarımızın əksəriyyətinin yoxusulluq içərisində hüquqsuzluqdan və
işsizlikdən əziyyət çəkdiyi, xəstəliklərlə mübarizə aparmağa nə maddi nə də mənəvi
gücünün qalmadığı, intihar xəbərinin durmadan artdığı, təqsirsiz insanların şərlənərək
həbsə məhkum edildiyi, orta və ali təhsilimizin bərbad duruma salındığı, azad
medianın tamamilə susdurulmasına cəhdlərin intensivləşdiyi, cəmiyyətiçi münasibətlərin
ağır böhran keçirdiyi, xalqımızın çarəsiz və ümidsiz hala gəldiyi bir zamana təsadüf
etdi.
Bəlli
bir yetkin yaşdan sonra doğum günlərinin həyatımızda yalnız bir əsas özəlliyi olur.
Yaşadığımız illərə, insanlarla münasibətlərimizə, ictimai problemlərə
yanaşmamıza və davranışlarımıza sanki bir hesabat gününə çevrilir. İki gün ərzində
doğum günümlə bağlı virtual və real dostlarımdan rekord həddə təbriklər almağım
məni məmnun etməklə yanaşı, məsuliyyətimi daha da artırıb. İndiyədək aldığım təbriklərin
2-3 misli qədər artan son təbriklər şəxsimə münasibətlə yanaşı, yəqin ki həm də
son bir il ərzində ictimai fəaliyyətimə verilən qiymətin nəticəsidir.
Təbrik
edənlər arasında real həyatdan tanıdığım və qarşılıqlı hörmət bəslədiyim şəxslərlə
bərabər, heç qarşılaşmadığım, tanımadığım, yalnız virtual olaraq tanış olduğum
dəyərli insanlar da var. Təbriklərin məzmunu ilə tanış olduqca bir daha əmin
oldum ki, cəmiyyətimiz passiv və laqeyd görünsə də, hər kəsi kifayət qədər dəqiq
izləyən, xarakterizə edən və qədir biləndir.
Açıq və qapalı şəkildə aldığım hərarətli təbriklər mənə sanki yenidən
istiqamət və stimul verdi. Xoş sözlərdən və etimaddan qətiyyən eyforiyaya düşən
birisi olmasam da, etiraf edirəm ki təbriklərinizdən xeyli qürurlandım. Məni kövrəldən, düşündürən təbrikləri sanki
bir mənəvi və ictimai mesaj kimi qəbul edirəm. Şəxsi maraqları cəmiyyət
maraqlarından üstün tutan insanlar çətin ki, bu mənəvi həzzi anlasın.
Allahın
verdiyi ömür payını O-nun buyurduğu kimi ən sadə şəkildə sevə-sevə hüzur içərisində
yaşayıram. Addımladığım yolun şəxsi risklərinin və itkilərinin çox böyük
olduğunu anlasam da, ictimai əhəmiyyətinin daha çox insanlara faydalı olduğunu
qəbul etdiyim üçün davam etməkdəyəm. Bu, çoxsaylı dəyərli insanların münasibətindən,
arzularından gəldiyim qəti qənaətdir. Milli
mənsubiyyətindən asılı olmayaraq ən sadə vətəndaşımızdan tutmuş, ən yüksək zirvələri
fəth etmiş dəyəli alimlərimizdən, siyasətçilərdən, hərbiçilərdən, gənclərdən, mədəniyyət və ictimaiyyət xadimlərlərdən, dövlət
qulluğunda olanlardan aldığım səmimi və hərarətli təbriklər məsuliyyətimi daha
da artırdı.
Bu statusu
məni təbrik edib arzularını ifadə edən, şəxsiyyətimə və fəaliyyətimə qiymət verən
dəyərli insanlara bir daha təşəkkür etmək üçün yazdım. Sizin kimi qədirbilən, dəyərli
insanların etimadını qazandığım üçün çox məmnunam. Allah hamımızın yardımçısı
olsun və layiq olduğumuz cəmiyyətdə yaşamağı nəsib etsin.
03 may 2017-ci il.
Hiç yorum yok:
Yorum Gönder