Diplomatiyamız hökumətin perspektivsiz avtokratik siyasətinin girovudur.
Azərbaycan hökumətinin son vaxtlar həyata keçirdiyi xarici siyasət ölkəmizə yaxşı gələcək
vəd etmir. Bu siyasətin davam etməsi həm təhlükəsizliyimizə ciddi təhdid
yarada, həm də ölkəmizin beynəlxalq aləmdən təcridinə gətirib çıxara bilər.
Dünyanın nəhəng dövlətlərinin toqquşan və uzlaşan maraqları kontekstində yeni
beynəlxalq siyasi münasibətlər sistemi yaranmaqdadır. Belə bir şəraitdə kiçik
dövlətlərin balanslı xarici siyasət yürütmələri mümkün olmadığı üçün seçim etmək
məcburiyyəti qaçılmaz olacaq. Bu dilemma ilə üzləşmiş hökumət rəsmilərinin,
hakimiyyət təbliğatçılarının, media dəstəkçilərinin davranışlarından və
çıxışlarından görünən budur ki, seçim öncəliyi Rusiyaya istiqamətlənib. Faktiki
olaraq, qərblə münasibətlərin süni şəkildə gərginləşdirilməsi istiqamətində
intensiv addımların atıldığı bir vaxtda, hərbi, siyasi, iqtisadi, coğrafi cazibəsi
heç də qərbdən üstün olmayan Rusiya ilə açıq və gizli həmrəylik nümayiş
etdirilir. Qərb standartları çərçivəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarla
münasibətlər bilərəkdən gərginləşdirilib. ATƏT-in Bakı ofisi və nüfuzlu beynəlxalq
humanitar təşkilatların yerli ofisləri qapadılıb, qərbin insan hüquqları təşkilatları
ilə əməkdaşlıq edən şəxslər ya həbs edilib, ya da mühacirət edib. Ardıcıl
olaraq insan hüquq və azadlıqlarının qorunmasına, demokratik islahatların
aparılmasına çağırış edən beynəlxalq qurumlar və Avropa dövlətləri hökumətimizin
tənqid hədəfindədir.
Rusiyanı cazibəli edən hansı dəyərləridir?
Son illər avtoritar rejimlərin çöküş proseslərində də müşahidə etdik ki, özlərini
qoruma və əbədi hakimiyyətdə qalma iddiasına dəstək üçün, bu rejimlərin üz
tutduqları yeganə ünvan məhz Rusiya oldu. Xalqına zülm edən bütün rejimlərin
son pənahı, son qalası hələ də Rusiyadır. Bütün sonluqların faciə ilə nəticələnməsinə
baxmayaraq, heç kim olanlardan dərs çıxarmaq istəmir. Təəssüf ki, bu düşüncə
sahibləri üçün Rusiyanın qəyyumluğu ilə ən repressiv üsullarla nə qədər
mümkündür davam etmək, qərblə eyni dəyərləri yaşayıb demokratikləşmədən daha
cazibəli və prespektivli görünür. Rusiya ilə müttəfiq olan bütün rejimlərdə
dövlət maraqları hakimiyyət maraqlarının arxasında qalıb. Bu “təfəkkür” sahibləri
hakimiyyətin dəyişməsindənsə, dövlətin dağılmasını və özlərinin də faciəli
sonluqlarını seçirlər. Təəssüf ki, bizim hakimiyyət də hesab edir ki, qərbə
yaxınlaşmaq hüdudsuz səlahiyyətdən və hətta tam hakimiyyətdən çəkilməklə
sonuclana bilər. Bu zərərli yanaşma hakimiyyəti addım-addım qaranlığa sürükləyir.
Tariximizdə Rusiyanın silinməz izləri...
Ölkəmizin tarixi haqqında ən elementar bilgisi olan, hətta ən savadsız insanlar da
Rusiyanın bizə yaşatdıqlarından xəbərdardırlar. Bu barədə mübahisəlik heç nə
olmadığı üçün geniş yazmağa da lüzum görmürəm. Elə tariximizdə Azərbaycanın
ikiyə parçalanması, Xalq Cümhuriyyətinin süqutu, Dərbəndin, Borçalının, Zəngəzurun,
Qarabağın aqibətinə nəzər salmaq kifayətdir. Ərazilərimizə erməniləri kütləvi
köçürən, onların məskunlaşmasına şərait yaradan, əzəli torpaqlarımızda erməni
dövləti yaratmaqla bizi əbədi bəlaya məhkum edən də Rusiyadır. Ən kütləvi və
amansız qətllərin ya birbaşa törədicisi, ya da arxasında dayanan onlar olub.
Müasir tariximizdə onların “şah əsəri” olan Xocalı faciəsinin, 20 yanvarın
yaraları hələ də qaysaqlamayıb. Bu günümüzdən geriyə boylansaq, tariximizin elə
bir dönəmi yoxdur ki, ağır və sarsıdıcı faciələrimizdə, bəlalarımızda Rusiyanın
rolu olmasın. 70 ildən çox davam edən sovet hakimiyyəti illərində on minlərlə
seçilmiş soydaşımız represiya qurbanı oldu, təbii sərvətlərimiz talandı,
özümüzdən başqa hər kəs ölkəmizdən yararlandı. Hətta, bir çox sahələrdə
inkişafımız, heç bir təbii sərvəti olmayan Ermənistandan da geri qalırdı.
Rusiya ilə qonşu olmağa məhkum olsaq da, yaxın dost olmaq üçün heç bir səbəbimiz
yoxdur. Rusiyanın böyük və güclü qonşu kimi bizə gerçək münasibətini bildiyimiz
halda yenidən ona doğru açıq və gizli meyli anlamaq çox çətindir. Biz cəmiyyət
olaraq Rusiya ilə münasibətlərimizə bu tarixi reallıqların işığında baxmalıyıq.
Əks halda itkilərimizin və faciələrimizin sırası daha da genişlənəcək.
ABŞ və Avropadan imtinaya əsasllarımız varmı?
İstər qədim, istərsə də çağdaş tariximizdə Rusiyanın bizə yaşatdıqları ilə müqayisədə
qərbdən gələn bəlalarımız yox səviyyəsindədir. Bizim coğrafiya əsrlər boyu
rusların təsir dairəsində olduğu üçün burada qərbin nəzərəçarpan qanlı izlərinə
rast gəlmirik. Əksinə, həm siyasi-diplomatik, həm də iqtisadi inkişafımızın təminatçısı
qərb olub. Qərblə dost və əməkdaş olmamaq üçün tək bir köklü səbəb belə tapmaq
mümkün deyil. Qlobal enerji layihələrinin reallaşması qərbin ciddi dəstəyi
olmasaydı həyata keçə bilməzdi. Müstəqilliyimizin möhkəmlənməsi, karbohidrogen
ehtiyyatlarının səmərəli və təhlükəsiz istismarı, Xəzər dənizinin statusu,
Qarabağın tam itirilməməsi hələ ki qərbin fəal siyasi-diplomatik dəstəyi ilə
mümkün olub. Son illər həyata keçirilən uğurlu infrastruktur layihələrin təminatçısı
birmənalı olaraq qərbdir. Milli maraqlarımızın ziddinə olan heç bir fəaliyyəti
olmadığı halda qərbdən uzaq qaçmağın, üz döndərməyin məntiqli izahı ola bilməz.
Ölkəmizdə ardıcıl və sistemli şəkildə insan haqlarının kobud şəkildə pozmasına
göz yummadığı üçün qərbi durmadan düşmən obrazında təqdim etmək, milli mənafelərimizə
birbaşa zərbədir. Qərblə açıq strateji müttəfiq, tərəfdaş olmaq əvəzinə, onunla
münasibətləri korlamaq olduqca qaranlıq perspektiv vəd edir.
Qarabağın itirilməsinə aparan yoldan dönmək lazımdır.
Bütün dünyaya bəllidir ki, Qarabağ probleminin yaradıcısı və ətraf rayonların da
daxil olduğu işğalı gerçəkləşdirən Rusiyadır. Bu həqiqəti Azərbaycan hökuməti
beynəlxalq tribunalardan sərt şəkildə səsləndirmədikcə, ünvanı dünya ictimaiyyətinə
birbaşa göstərmədikcə, başqa dövlətlərin bu həqiqəti səsləndirməsi və problemin
həllində müsbət dönüş mümkün olmayacaq. Rusiya Ermənistanın strateji müttəfiqi
və etibarlı dostu kimi durmadan onları ən müasir silahlarla silahlandırır. Bu bədnam
qonşularımız isə hər əlverişli məqamda torpaqlarımıza göz dikib, suverenliyimizə
təhlükə törədib və milli mövcudluğumuza qənim kəsilib. Ölkəmizlə bağlı düşmənlərimzin
ən məkrli planlarının rahatlıqla həyata keçməsində özümüzün də payımız az
deyil. Xüsusilə də hər addımda vətəndaşlarımızın hüquqlarını pozan,
insanlarımızla zor və təhdidlə danışan, ictimai-siyasi fəallığa imkan verməyən,
demokratik seçkilərdən imtina etmiş hökumətimiz istəməsə belə düşmənlərimizin
müttəfiqinə çevrilir.
Cəbhədə döyüşlər yenidən başlaya bilərmi?
Sürətlə cərəyan edən prosesləri diqqətlə izlədikcə, belə bir ehtimalı istisna etmək
olmur. Avropa oyunlarının təmtəraqlı təqdimatının, yarışların təşkilinə külli
miqdarda vəsaitin xərclənməsinin arxasında çox ciddi daxili və regional siyasi
amillər dayanır. Rusiya ilə iqtisadi-siyasi ittifaqa qərbin və Azərbaycan cəmiyyətinin
müqaviməti birmənalıdır. Bu müqaviməti qıra biləcək yeganə nöqtə məhz Qarabağda
status-kvonun Azərbaycanın xeyrinə dəyişməsi görüntüsü ola bilər. Belə bir məsələdə
Rusiyanın Ermənistanı və Azərbaycanı razı salmaq imkanları kifayət qədərdir. Qərbin
ardıcıl olaraq demokratik islahatlarla bağlı təzyiqi qarşısında qalan hakimiyyət
nümayəndələri hesab edir ki, iqtidarın ömrünü daha da uzatmaq və qərbi şantaj
etmək üçün ən samballı dəstəyi Rusiyadan ala bilərlər. İslahat tələbi
qarşısında hakimiyyət nümayəndələrinin təlaşlı davranışını müşahidə etdikcə bəzən
adama elə gəlir ki, bu zehniyyət demokratik islahatlardansa hətta Qarabağı da
itirməyə hazırdır. Rusiyaya yaxınlaşmaqdan cəmiyyətimizin uda biləcəyi heç nə
olmadığı üçün, bu dostluq cəmiyyətə müsbət heç nə verə bilməz. Olsa-olsa
hakimiyyət özəl maraqlarına müvəqqəti təminat alacaq, dövləti isə yenidən
bataqlığa sürükləyəcək.
Ermənistan gec-tez Qarabağ ətrafı rayonlardan çəkiləcəyini bilir...
Bu, nə zaman və nəyin müqabilində baş verməlidir ki, erməni cəmiyyəti də bunu məğlubiyyət kimi qəbul etməsin? Erməni cəmiyyətində sosial-siyasi gərginlik yaratmaqla bu
planın hayata keçirilməsi daha asan ola bilər. Ermənistanda mövcud olan daxili iqtisadi
gərginliyi, süni şəkildə artırmaqla siyasi gərginliyə çevirmək perspektivləri
davam edir. Ola bilsin ki, belə gərginliyin və etirazların fonunda Qarabağ ətrafı
bir-iki rayon razılaşdırılmış lokal hərbi əməliyyatla qaytarılsın. Ermənistan
hökuməti lazımi müqavimət göstərə bilməməsini daxili etirazlarla əlaqələndirib
siyasi məsuliyyətin bir qismini müxalifətin və etirazçıların üzərinə atmaqla cəmiyyətin
təbii etirazını özündən uzaqlaşdırmağa nail olsun. Rusiya isə yenidən Ermənistana
müasir silahlar verməklə, onların təhlükəsizliyində maraqlı olduqlarını bir
daha sübut edərək cəmiyyəti sakitləşdirməyə müvəffəq olacaq. Erməni və rus
ittifaqı anlayır ki, bir-iki rayonun qaytarılması müqabilində Ermənistanın
qazanacaqları daha çox olacaq. Onlar bu tarixi fürsətdən yararlanmaq üçün Azərbaycanı
da müharibəyə şirnikləndirirlər...
Nəinki bir-iki rayon, hətta bir kənd azad edilsə belə, günlərlə atəş-fəşanlıq izləyəcəyik...
Artıq 5-ci dönəmdir hakimiyyətdə olan komanda cəmiyyətə fərqli təqdim olunmalıdır.
Sosial şəbəkələrin və sosial medianın geniş imkanları ilə hakimiyyətin gerçək
mahiyyəti çox sürətlə cəmiyyətə təqdim olunur. Musiqi və idman yarışmalarının təmtəraqlı
təşkilatçılığı, iri korrupsiya layihələrində hökumət üzvlərinin adının
hallanmasını, milyardlarla dövlət vəsaitinin mənimsənilməsini ört-basdır etməyə
qadir deyil. Cəmiyyətin dəstəyini hakimiyyətə qazandıra bilən yeganə yol işğal
edilmiş ərazilərdən gələn qələbə xəbərləri ola bilər. Hər bir vətəndaşın səbrsizliklə
və ümidlə gözlədiyi hadisə Qarabağ məsələsində ölkəmizin qələbə çalmasıdır.
Bunu isə öz gücü ilə həyata keçirmək riskinin altına hakimiyyətin girəcəyi qəti
inandırıcı deyil. İndiki məqamda bir-iki rayonun razılaşdırılmış şəkildə azad
olunması hakimiyyətə də hava su kimi lazımdır. Qələbə təbliğatı ilə növbəti
seçkilərin taleyini və hakimiyyətinin ömrün uzatmaq, həm də Rusiyanın regional
maraqlarını təmin etmək imkanı genişlənər. Rusiyanın əsl dost obrazında təqdimatı
üçün bütün resurslar hərəkətə gətirilə və onunla strateji birliklərdə yer
almağa mane olan psixoloji amillər ortadan qalxar. Daxildə isə bütün real
siyasi rəqiblərin amansız təqiblə tam sıradan çıxarılmasına müvəffəq oluna bilər.
Avropa yay oyunlarının göz qamaşdıran təqdimatı onu göstərir ki, cəmiyyətimiz təmtəraqlı
təbliğatın təsiri altına çox asanlıqla düşür. Ağdamın, Fizulinin və ya başqa
bir rayonun işğaldan azad edildiyinin hay-küylü təbliğatı, qələbə ab-havası
yaradılması cəmiyyətimizdə istənilən siyasətin həyata keçirilməsinə imkan
yaradar. Hətta, bu toy-bayramla Qarabağın əbədi itirilməsinə siyasi-hüquqi zəmin
hazırlanarsa, buna da qətiyyən təəcüblənmək lazım deyil. Eyforik qələbə
havasına salınmış cəmiyyətə heç bunu izah etmək də mümkün olmaz. Rusiya Azərbaycan
dostluğundan bizim qazancımız, “qapaz dəyən başımızın papağı” olacaq.
07 iyul 2015-ci il.
Hiç yorum yok:
Yorum Gönder