Milli Şuranın “8 Aprel Mitinqi” barədə analizim
Milli Şuranın təşkil
etdiyi “8 Aprel Mitinqi”ni meydanda izləyənlər arasında idim. Yaranmış fürsətdən
istifadə edərək hökumətin siyasətinə etirazlarını ifadə edən insanların bir
hissəsi böyük ruh yüksəkliyi ilə meydana toplaşmışdı. Mitinqdən öncə yazmağı məqbul
saymadığım bəzi fikirlərlə birlikdə mitinqin yekununa da münasibətimi bildirmək
istəyirəm. Heç də o iddiada deyiləm ki, mənim subyektiv düşüncələrim bir çox məsələyə
aydınlıq gətirə bilər. Sadəcə olaraq bir fəal vətəndaş kimi hər zaman siyasi
proseslər barəsində subyektiv fikirlərimi ifadə etməyə çalışıram.
Qeyd 1: Mitinqə ictimai maraqla bağlı
Cəmiyyətin əksəriyyət fəal
kəsimi mitinqdən öncə və sonra kütləvi aksiyanı qızğın müzakirə edir. Hər kəs
öz dünyagörüşünə, sosial statusuna, siyasi baxışına uyğun dəyərləndirmə aparır.
Müzakirələr təkcə virtual müstəvidə deyil, həm də bir sıra iri, strateji dövlət
və özəl müəssisələrin kollektivlərində, dini qrupların arasında da canlı gedir.
İndiyə kimi hakimiyyətin hansısa repressiv addımları müxalifəti müzakirə gündəminə
çıxarırdısa, nəhayət uzun müddətdən sonra müxalifət özü ictimai müzakirə müstəvisinə
mövzu təqdim etməyə nail ola bilib. İstər-istəməz əksəriyyətin bu müzakirələrə qoşulması
cəmiyyətin və müxalifətin xeyirinə işləyir. İqtidarın bu müzakirələri tezliklə necə
dəyişəcəyini təxmin etsək də, müxalifətin ictimai müzakirə mühitində
status-kvonu bir müddət saxlamağı bacardığını müsbət qəbul etmək lazımdır. Deməli
artıq müxalifətin ictimai rəyə nəzarət imkanları yaranıb və artır. Bu ərəfədə
ictimai müzakirəyə iqtidar heç bir mövzu diqtə edə bilmədi.
Qeyd 2: Mitinqlərin zəruriliyi
Bir müddət öncə sosioloji
tədqiqatlara əsaslanaraq “avtoritar idarəçiliyin xalqı tədricən uşağa çevirdiyini“
yazmışdım. Uşaqlarda olan xüsusiyyətlərin əksəriyyəti xalqın davranış və
yanaşmalarında özünü göstərir. Uşaq kimi tez sevinir və kədərlənir, bir anlıq
qızışır və soyuyur, unutqandır, asanlıqla aldanır, küsür, məsuliyyətini dərk
etmir, qorxaq olur, sığal-tumar umur, nə istədiyini dəqiq dərk etmir, ərköyünlük
edir, əyləncəyə, şouya və parıltılara meyilli olur, düşünməyi beyninə yük etmək
istəmir. İstəyir ki kimsə onu yedizdirib-içirtsin, qayğısına qalsın, qucağında
gəzdirsin və hətta döyülməsi də qüruruna toxunmur. Demək istədiyim budur ki, “uşaqlıq
sindromu”na yoluxmuş xalqlardan düşünülmüş ictimai-siyasi fəallıq ummaq olmaz. Bu fikir heç də o anlama gəlməməlidir ki,
artıq xalqımız “uşaqlıq sindromu”na tam yoluxub. Lakin etiraf etməliyik ki, cəmiyyətimiz
sürətlə o istiqamətə gedir.
Təcrübələr göstərir ki
siyasi təfəkkürü zəif olan antidemokratik cəmiyyətlərdə adətən sosial böhranın
dərinləşməsi əhalini etirazlara sövq edir, lakin özbaşına siyasi nəticələr
doğurmur. Hətta, bir müddət keçdikdən sonra cəmiyyət bu duruma tədricən uyğunlaşır
və öncəki sərt reaksiyalar xeyli zəifləyir. Sosial çətinliklər yoxdursa, bütün
hallarda toplum öz “halından məmnun” yaşamağa davam edir. Yalnız mütəşəkkil və
təşkilatlanmış qurumların lokomotivliyi ilə siyasi proseslərə keçid mümkün
olur. Müxalifətin açıq və gizli təşkilatçılığı olmadan cəmiyyətdə baş qaldıran
istənilən lokal sosial etirazların qarşısını iqtidarın yanıltıcı qərarları və
cüzi güzəştləri təəssüf ki asanlıqla ala bilir. Müxalifətin vasitəçiliyi
olmadan iqtidarla üz-üzə qalan xalqın narazılığı dərinləşsə də, onun özbaşına hansı
halda etirazlara keçəcəyini proqnoz etmək xeyli çətindir. Odur ki, xalqla iqtidarın
üz-üzə qalmasına hələ bir müddət də seyriçi olmağın effektli olmayacağı qənaəti
müxalifət düşərgəsində artmaqdadır.
Xalqımızı bu sindromdan
qorumaq və hərəkətə gətirmək üçün bəzi ictimai-siyasi institutların müxtəlif
vasitələrdən istifadə edərək daha gərgin çalışmalara çağırış etməsi yaxşı
haldır. Çalışmaların arasında mitinqi də əsas vasitələrdən biri kimi qəbul edənlər
və mitinqləri təşkil etməyə resursları çatan qüvvələr bu taktikadan qətiyyən vaz
keçməməkdə haqlıdırlar.
Qeyd 3: Mitinqin təşkili barədə
Xatırlayırsınızsa
mitinq ərəfəsində qeyd etmişdim ki, indiki halda təşkilatçılar üçün nə mitinqin
kütləviliyi böyük qələbə, nə də zəif olması böyük məğlubiyyət olacaq. Bu aksiya
bir siyasi qurum tərəfindən təşkil edilsə də, yalnız o siyasi qurumun
maraqlarına deyil, bütövlükdə cəmiyyətin maraqlarına hədəfləndiyindən, kütləvi
də, zəif də olsa təşkilatçılar uduzmayacaq. Onlar əhaliyə fəallaşmaq və etiraz
etmək üçün üçün növbəti bir fürsət təqdim edir, əhalinin də gələcək siyasi
durumu onun öz reaksiyasından asılı olacaq. Yenə də bu fikirdəyəm ki, müxalifət
tərəfindən cəmiyyətə mütəmadi olaraq müxtəlif fürsətlərin yaradılması doğru
yanaşmadır. Dəyişiklik iddiasında olan hər bir ciddi qurum öz resurslarına
uyğun vasitələri xalqa təqdim etdikcə cəmiyyətdə seçim imkanları artır. Müxalifət
təşkilatları bir-birini təftiş və tənqid etməklə deyil, özlərinin konkret fəaliyyətləri
ilə xalqın arasında görünməklə cəlbedici olurlar. Əks halda belə qurumlar nə
özlərinə, nə müxalifətə, nə də cəmiyyətə fayda verəcəklər. Onsuz da hər füsətdə,
hər bir görünən fəaliyyətləri təftiş edən, “qulp qoyan” çoxsaylı şəxslər var və
belə faydasız işləri onların öhdəsinə buraxmaq lazımdır.
Mitinqin vaxtı ilə
bağlı diskussiyalarda da onun “çox gecikdiyi”, “zamanında keçirildiyi”, ”tələsik
çağırıldığı” iddiaları təəssüf ki daha çox siyasi maraqları olan tərəflərin təbliğat
və antitəbliğatında istifadə olunan yanaşmadır. Bu mitinqin seçilən zamanı ilə onun
şüarları arasında hər hansı bir bağlılıq yox idi və siyasi nəticələri də onun zamanlanması
ilə ölçülə bilməz.
Qeyd 4: Müxalifətin birliyi
Müşahidələrimizə əsasən
deyə bilərik ki, cəmiyyətin altşüuruna davamlı olaraq müxalifətin birliyinin ən
yaxşı çıxış yolu olduğu təlqin edilir. Burada məqsədyönlü təbliğatçılarla, sadə
əhalinin yanaşması üst-üstə düşdüyündən, davamlı olaraq bu tezislər gündəmə gəlir.
Əksəriyyət dəyişiklik istəsə də anlayır ki, bunu yalnız kütləvi şəkildə ayağa
qalxmaqla etmək mümkündür. Lakin dəyişiklik prosesində ya özünü ümumiyyətlə təsəvvür
etmir, ya da müəyyən subyektiv səbəblərdən iştirakçı olmaq istəmir. Düşünür ki,
başqaları birləşməklə, bu işi daha asan edə bilər və davamlı olaraq hərəkəti məhz
başqalarından umur. Dəyişiklik üçün “mən nə etməliyəm” düşüncəsinə deyil,
“başqaları nə etməlidir” məsləhətçisinə çevrilir. İqtidarın da zaman-zaman müxalifətin geniş birliyindən
daha asan faydalanması və prosesləri istiqamətləndirməsi nəzəri baxımdan daha əlverişlidir.
Gərgin situasiyada iqtidarın çoxbaşlı müxalifətlə gizli əməkdaşlığı, sövdələşməsi
imkanları daha rahatdır. Amma, bu halı geniş əhaliyə və sadə müxalifətçilərə
izah etmək elə də asan deyil. Dərhal müxalifət düşərgəsində qarşılıqlı
ittihamlar başlayır və zərərli nəticələr ortaya çıxır.
Etirazları qismən olsa
da səfərbər etməyi bacaran qüvvələr nə qədər çətinliklərlə üzləşsələr də yollarını
ardıcıl davam etdirməsi zəruridir. Müxalifətin geniş birliklərinə meyllənmək yanlış
addım olar. Dəyişikliklərə iddialı olan təşkilatların nə etdiyini və ya etmədiyini
cəmiyyətin siyasətlə birbaşa məşğul olmayan əhəmiyyətli hissəsi diqqətlə izləyir.
Bu gün müəyyən səbəblərdən açıq dəstək verə bilməsə də, qapalı şəkildə onlara rəğbət
bəsləyir.
Qeyd 5: Mitinqin təşkilatçılığı
Avtoritar rejimlərin ən
çox çəkindiyi paradiqma xalqın təşkilatlanmış şəkildə idarə olunan kütləvi etirazlarıdır.
Bunu zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edilir. Təəssüf ki, indiki
durumda kütləvi aksiyalara təşkilatçılıq etmək müxtəlif istiqamətlərdən çox ağır
zərbə altına düşməkdir. Sosial-siyasi mühitin ən mürəkkəb və ziddiyyətli dönəmindəyik.
Etirazları təşkil etmədikdə narazı kəsim real müxalifəti xalqın önünə düşməməkdə
qınayır və tənqid edir, təşkil etdikdə isə əhalinin proseslərə qoşulmamasına
görə siyasi zərbələr almalı olur. Bütün neqativləri təşkilatçıların üzərinə
yükləyərək əksəriyyət “ağıl verməyə” və “yol göstərməyə” başlayır. Təşkilatçılar
isə siyasi nəticələrin müzakirəsindən çox, iqtidarın və digər müxalifət adına
iddia edən qüvvələrin hücumunu dəf etməyə vaxt ayırmalı olur.
Qeyd 6: Mitinqin şüarları
Kütləvi aksiyanın şüarlarının
etirazçı kəsimin istəklərinə uyğun seçilməsi onların təşkilatçıya çevrilməsinə
gətirib çıxarır. Mitinqin şüarlarında xalqın altşüurunda güvənsizlik,
inamsızlıq, tərəddüd yaradan yanaşmalar yoxdur. Bəlkə cəmiyyət üçün daha təşviq
edici tezislərdən də istifadə oluna bilərdi, lakin belə situasiyada əsas şüarlar
adətən təşkilatçıların siyasi gücünü artırmağa hədəflənir. Onsuz da cəmiyyətin durumu çox ümidsiz və
ziddiyyətli olduğundan bir neçə şüarla onu düzəltmək mümkün deyil.
Qeyd 7: Mitinqin kütləviliyi
Əslində "8 aprel
mitinqi" xalqımız üçün çox mühüm bir fürsət idi. Meydana onminlərlə insan çıxıb
ən azı hakimiyyətə real durumunu göstərməyə cəhd edə bilərdi. Amma, bu ciddi
şansı yenə də əldən verdi. Hakimiyyət indi daha inamla iddia edəcək ki,
xalqımız çox yaxşı yaşayır, ciddi problemləri yoxdur və hökumətin siyasətini də
dəstəkləyir. Təmasda olduğumuz çoxsaylı insanlar isə bəzən pıçıltı ilə bəzən də
hayqıraraq bunun belə olmadığını söyləyir. Dinc mintiqdə iştirak etməklə hakim
komandaya real durumu göstərmək istəməyən əhalinin nəyə ümid etdiyini anlamaq
çox çətindir. Gəlin razılaşaq ki yaşayışı çətin olan xalqımız yerindən tərpənmədiyi
üçün, yaşayışı əla olan korrupsionerlər xeyli rahat nəfəs alacaq.
Ən çətin şərtlər
altında meydana çıxan fədakar insanların zəhməti qətiyyən hədər getmir. Şəxsən
mən, bu qədər insanın hələ də etiraza qalxmaq cəsarətində olduğunu görməkdən
motivasiya aldım. Müxalifət mitinqlərə davam etmək qərarı verərsə, bu zaman
hazırlıq işlərində yeniliklər etməsı yaxşı olar. Mitinq öncəsi ictimai rəyi öyrənmək
məqsədilə keçirdiyimiz sorğuda əhalinin 23% -nin mitinq barədə xəbəri olduğu
halda, 77%-nin bundan xəbəri yox idi. Mitinqdən xəbərdar olanların yalnız 11%-i
dəqiq vaxtı bilirdi. Hökumətin mitinqin vaxtını dəyişməsi, müxalif fikirli
insanların ziyarət etdiyi saytlara girişin məhdudlaşması və digər inzibati tədbirlərin
görülməsi də öz mənfi təsirini göstərdi. Müxalifət bu kimi neqativ halları növbəti
tədbirlərində nəzərə alarsa itkisi az olar.
Xalq ona can yandıran,
davamlı olaraq problemlərini cəsarətlə qabardan və buna görə haqsız hücumlara
tuş gələn qüvvələrə gec-tez mütləq dəstək verəcək. Odur ki, mitinqin təşkilatçıları,
dəstəkçiləri daha inamlı davranmalıdır. Apardığı mübarizəyə inanan, yolunu yorulmadan
davam edən mübariz insanların bir gün mütləq qalib gələcəyi şübhəsizdir.
Qeyd 8: Xalq etirazdan çəkinir
Hazırda cəmiyyətdəki
tendensiyanı müxtəlif üsullarla öyrənib bilsək də, hansı çıxış yollarının daha effektli
olduğunu deməyə çətinlik çəkirik. Cəmiyyətin fəal, mübariz kəsimi davamlı açıq etiraza
meylləndiyi kimi, mübarizə əzmi qırılmış hissəsi də ümidsizliyə, çarəsizliyə,
itaətə və hətta intihara meyllənib. Mübarizə əzmi olan insanların azlıqda
olması siyasi proseslərin böyük təkanla qalxmasına ciddi əngəl yaradır. Hətta
çoxluğun neqativ yanaşmasını müşahidə edən azlığın da tədricən ruhdan düşməsi
halları baş verir.
Belə bir situasiyada cəmiyyətin
fəal kəsiminin əksəriyyəti tərəddüd içərisindədir və sadə xalq kimi onlar da
seyriçiyə çevrilib. Xalqı ictimai-siyasi baxımdan səfərbər etmənin yolları barədə
sağlam müzakirələr aparmaq da olduqca çətinləşib. Müxalifət adına iddia edənlərin
sırası geniş olduğu üçün bəzən təbii fikir müxtəlifliyinin düzgün
qavranılmaması ucbatından da narazı kəsimin parçalaması baş verir. İqtidarın da
müxtəlif vasitələrlə siyasi müzakirələrə yön vermək imkanları yüksəkdir.
Qeyd 9: Siyasi nəticələr
Ağır basqılar altında olsa
da, yenə yalnız müxalifət etirazları təşkil etməyə qadir olduğunu nümayiş
etdirdi. Əhali meydana gəlməsə də sosial duruma meydanda açıq etiraz edənləri
tanıdı. Hakimiyyət mitinqlərdən çəkindiyini, narahat olduğunu bir daha biruzə
verdi və bütün inzibati resurslarla mitinqin kütləviliyini əngəlləməyə çalışdı.
Cəmiyyətdə ictimai oyanış yarandı və siyasi müzakirələr üçün aktual mövzu
verildi. Əhalinin düşüncəli kəsimi özü üçün ciddi mesajlar aldı. Müxalifət
sıralarında olan insanlar bütün metodlarla təşkilatlanmanı və hazırlığı davam
etdirməyin əhəmiyyətini bir daha anladı.
09 aprel 2017-ci il.
Hiç yorum yok:
Yorum Gönder