Sosial
durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm qoyur.
Artıq cəmiyyətin ictimai-siyasi fəal kəsimi
və nüfuzlu beynəlxalq təsisatlar Referenduma çıxarılacaq Konstitusiyaya əlavə və
dəyişikliklərə öz münasibətini açıqlayıb. Əksəriyyət açıq mənfi rəy və tənqidi yanaşmalar
ortaya qoysa da iqtidar öz mövqeindən geri çəkilmək niyyətində deyil.
Keçirilməsi tələm-tələsik qərarlaşdırılan bu
dəyişikliklər iqtidar üçün “olmazsa-olmaz”a çevrilib. İradə bundan ibarətdir
ki, nəyin bahasına olursa-olsun təklif edilən əsas əlavə və dəyişikliklər baş
tutmalıdır. Etiraz edən tərəflər də bu zora söykənən reallıqla barışıb və
sonrakı mərhələni gözləmək məcburiyyətindədir.
Növbəti mərhələ üçün nikbin proqnozlar səsləndirmək
çətin olsa da, referenduma hər şeyin sonu kimi baxmaq da doğru olmaz. Ölkədə hüquqlar
daha da məhdudlaşmağa, sosial durum ağırlaşmağa, siyasi durum gərginləşməyə qədəm
qoyacaq. Belə gərginlik şəraitində demokratik islahatlardan imtina edərək qətiyyən
uğurlu idarəetmə modeli tətbiq edilə bilməz. Peşəkar iqtisadçı ekspertlərin də
rəylərinə nəzər salsaq yaxın illərdə maliyyə sabitliyi və iqtisadiyyatın inkişafı
bu şərtlər altında mümkünsüz görünür.
Gələcək sosial-siyasi riskləri neytrallaşdırmaq
üçün heç bir sistemli proqrama malik olmayan hökumətin əlindəki tək etibarlı resursu
cəmiyyəti bəlli bir müddət basqı altında saxlamaq üçün zor aparatının gücləndirilməsi
olacaq. İlk baxışda bunun effektli olacağı illuziyası iqtidar mənsublarını da
ruhlandıran amillərdən biri kimi qabarıq görünür. Amma bir neçə məsələ var ki,
iqtidarın nikbinliyinin qısa zamanda dəyişməsinə səbəb olacaq.
Ölkədə mövcud olan taleyüklü ictimai,
siyasi, iqtisadi, hərbi problemlərə əsasən biganə olan xalqımızın düşüncə və hərəkətlərinə
yeganə təsir edən amil təəssüf ki, yalnız onun sosial vəziyyətidir. Sadə dillə
desək, “dolanışığı”dır. Hökumət iqtisadi islahatlar adı altında nə qədər
imitasiya etsə belə sosial durumu ağırlaşan əhaliyə bunu arzuladığı kimi qəbul
etdirə bilməyəcək.
Xüsusilə də sosial durumun sürətlə pisləşməsi,
çox ciddi təzyiqlərə baxmayaraq etirazları təşkil edə bilən müxalifətin təkqütblü
güclənməsi, alternativ informasiya resurslarının genişlənməsi, qarşılıqlı
etimadsızlıq və şübhələrlə bir-birilə ziddiyyətdə olan hakimiyyət komandası, həmçinin
beynəlxalq münasibətlərdə mövcud olan dərin problemlər iqtidarı ciddi sınaq
qarşısında qoyacaq. İlk dəfədir ki, sadaladığımız bütün təsirli faktorlar
hamısı paralel olaraq hakimiyyətin zərərinə inkişaf edir.
Çox güman ki, hakimiyyət mövcud durumu və
gələcək ehtimalları analiz edərək daxili siyasətinə də, komandasına da nəzərəçarpacaq
əl gəzdirmək məcburiyyətində qalacaq. Mərkəzi və yerli icra orqanlarında çoxsaylı
“təmizləmə” aparılacaq. Ola bilər ki, hətta vaxtından öncə prezident seçkilərinə
gedilməsi də qaçılmaz olsun. Məhz buna görə də ölkə daxilində özü üçün real təhlükə
hesab etdiyi demokratik qüvvələrə qarşı dövlətin gücünü səfərbər edərək indidən
proflaktik tədbirlər görür.
Lakin hakimiyyət üçün əsas təhlükə heç də demokratik
qüvvələr deyil. Vitse prezidentlərin prezidentliyə çox qısa və seçkisiz yolu
açılır. Fəaliyyətdə olan prezident hansısa səbəbdən vəzifəsini icra edə bilmədikdə,
onun səlahiyyətlərinə sahib olan vitse-prezidentin bu posta asanlıqla yiyələnməsi
və növbəti “seçki”ləri təyin etməsi artıq hakimiyyət komandasının daxilində prezidentlik
kürsüsünü də intriqalara açdığı qənaətindəyəm. Demokratik seçkilərin olmaması
isə bu hal üçün daha “münbit” şərait yaradır.
Müxalifətin əsas güc mərkəzini nəzarətdə
saxlamaq üçün ölkə boyu total təzyiq riçaqları işə salınıb. Hətta bəzi
iddialara görə hüquq-mühafizə orqanlarının minlərlə orta və yüksək rütbəli əməkdaşı
məhz bu istiqamətdə görəvləndirilib. Xüsusilə də müxalifətin kütləvi aksiyalara
hazırlaşmasına imkan verməmək üçün minlərlə müxalifətçi, fəal müşahidə altına
alınıb. Bütün vasitələrlə tədbir görülür ki, sosial vəziyyəti pisləşən xalqın
üz tuta biləcəyi mütəşəkkil, qətiyyətli və təşkilatlanmış müxalif ünvan
olmasın.
Müxalifətə total təzyiqlərlə bərabər müəyyən
imitasiya xarakterli güzəştli addımların da atılacağı mediaya sızan bilgilərdəndir.
Qərbin təzyiqlərini qismən azaltmaq üçün siyasi məhbus kateqoriyasından olan və
qərbin israrla azadlığını tələb etdiyi bəzi tanınmış şəxslərin də həbsdən çıxarılacağı
barədə söhbətlər dolaşır.
İndi həm də çoxlarını düşündürən xeyli çətin
suallar var. Bizi qarşıda nə gözləyir? Əlbətdə ki, bu suala zaman özü aydınlıq
gətirəcək. Lakin aparılan təhlillər onu göstərir ki, xalqımız hər cür sürprizlərə
hazır olmalıdır. Qarşıda əhalini öncəki illərdən daha ağır və xoş olmayan durum
gözləyir. İnsanların əksəriyyətinin siyasi proseslərə biganə yanaşması təəssüf
ki, ölkə müxalifətinin aydın və təminatlı siyasi təşəbbüslərinə də ciddi əngəl
törədir.
Bu şəraitdə onsuz da çox məhdud olan ənənəvi
ictimai-siyasi fəaliyyət müstəvisi də çox güman ki, bir müddət sonra iqtidarı
qane etməyəcək. Tam qapalı cəmiyyətə keçid iqtidara daha böyük təhlükə törətsə
də müəyyən müddətlik buna cəhd oluna bilər. Hətta, internet resursları üzərinə müəyyən
məhdudiyyətlərin qoyulması, cəmiyyətin enerjisini hərbi-siyasi istiqamətə yönəltmək
kimi addımlar da isstisna deyil.
Bütün mənfi ehtimallara baxmayaraq, qarşıdakı
dönəmdə ölkəni uzun müddət gərginlikdə saxlamaq mümkün olmayacaq. Lokal sosial
etirazlar çoxaldıqca, resursları tükənən iqtidar öz yanaşmasını dəyişmək məcburiyyətində
qalacaq. Ölkədə real demokratik islahatlara başlanmasa yeni demokratik hərəkat
üçün psixoloji zəmin yaranması qaçılmaz olacaq.
24 sentyabr 2016-cı il.
https://www.meydan.tv/az/site/politics/17657/
YanıtlaSil