Müxalifətin etiraz mitinqləri məqsədinə çatıb?
Hakimiyyətin Konstitusiyaya
əlavə və dəyişiklikləri nəzərdə tutan Referendum qərarından sonra ölkənin sadə əhalisinin
də, ictimai fəallığı olan tanınmış müstəqil şəxslərinin də, müxalif siyasi təşkilatlarının
da ayrı-ayrılıqda yanaşmalarını cəmiyyət müşahidə edir. Vətəndaş məsuliyyətini
anlayan hər kəs öz resurslarına, sosial statusuna, psixoloji durumuna, ideoloji
və ictimai-siyasi dünyagörüşünə uyğun mövqe sərgiləyir. Hətta bu ərəfədə səsini
çıxarmayan və özünü tamamilə gizləyənlər də az deyil. Hələlik bu barədə geniş
danışmağın zamanı olmadığı üçün gündəmin daha aktual mövzusu olan etiraz
mitinqlərinə münasibət bildirməyi zəruri hesab edirəm.
Referenduma
çıxarılan məsələləri dəstəkləyənlər də, ona fəal və passiv etiraz edənlər də,
laqeydliklə kənardan izləyənlər də artıq hər kəsə bəllidir. Bu yazımda qısaca
olaraq yalnız fəal etirazları təşkil edənlərdən bəhs edəcəm. Çünki, digər tərəflərin
yanaşması ətrafında müzakirələr hələlik ictimai maraq doğurmur. Həmişə olduğu
kimi müzakirənin əsas mərkəzi yenə də haqlı olaraq ictimai rəyi yönləndirən və ən
təsirli etiraz görüntüsünü cəmiyyətə təqdim edən müxalifətdir. Onu həm iqtidar “müzakirə”
edir, həm də cəmiyyətin digər fəal kəsimi.
Referendum əleyhinə
ən yadda qalan və əhəmiyyətli siyasi addımlar kimi tarixə düşəcək olaylar məhz müxalifətin
təşkil etdiyi etiraz mitinqləri olacaq. Uzun fasilədən və total basqı şəraitində
təşkil edilmiş bu kütləvi etirazların çağdaş siyasi proseslərə gələcəkdə daha aydın
istiqamət verəcəyi qənaətindəyəm. Əminliklə deyə bilərəm ki, artıq müxalifətin bu
etirazları lazımı ünvanlara çatıb və öz təsirini mütləq göstərəcək.
Müxalifətin üzərinə
dövlətin gücünü yeritməklə sadə əhalidə qorxu yaratmaq taktikası yenidən total
şəkildə işə düşsə də son illərin acı təcrübəsi göstərir ki, atrıq müxalifəti və
cəmiyyəti bu metodla dayandırmaq mümkün deyil. Onsuz da ölkədə yüzdən çox
siyasi məhbus və təqsirsiz olduqları halda istintaq altında olan fəal vətəndaşlar
var. Buna baxmayaraq müxalifətin sıraları daha da genişlənir, mənəvi-psixoloji
hazırlığı yüksəlir. Cəmiyyətin də müxalifətə dəstəyi ləng olsa da özünü göstərir.
Antidemokratik
rejimlərin hakim olduğu cəmiyyətlərdə bir müxalif siyasi qüvvənin nisbətən önə
çıxması ilə uğurlu siyasi proseslərə yeni səhifə açılmasının çoxsaylı müsbət nümunələri
var. Məhz bu referendum ərəfəsində artıq bu istiqamətdə nəzərəçarpacaq müsbət dəyişikliyin
baş verməsinin şahidi olduq. Ən çox təzyiq altında olan müxalif qüvvənin önə
çıxmasından ciddi narahatlıq keçirənlər var. Bu durumu hazırda ən aqressiv
qarşılayan tərəf məhz iqtidardır. Onlar artıq görünən və görünməyən
resurslarını bu qüvvənin zəiflədilməsinə səfərbər etməyə çalışırlar.
Görünən budur ki,
iqtidarın ən çox təzyiq etdiyi qüvvənin ətrafında təşkilatlanma daha sürətli
baş verir. Bu, insanların iqtidara münasibətilə mütənasibdir. Bir qüvvənin nisbətən
önə çıxmasını siyasi iddialı müxalif təşkilatlar da çox güman ki, bir müddət qəbul
etməyə çətinlik çəkəcəklər. Amma, bu hal əslində digər müxalif siyasi təşkilatlar
üçün də çox əlverişli siyasi-təşkilati vəziyyət yaradır. Onlar yaranmış duruma
uyğun təmkinli qərarlar verməklə yeni siyasi münasibətlərə müstəvi yarada bilərlər.
Bu istiqamətdə müxalifət daxilində mübahisələri süni şəkildə qızışdıranlar və qərəzli
tənqidçilər bir müddət fəal hücumda olsalar da sonradan bu reallıqla barışamalı
olacaqlar.
Milli Şuranın növbəti
dəfə mitinq keçirməklə bağlı qərar verməməsi indiki reallıqlarla anlaşılandır. Çünki
ilk növbədə cəmiyyətin bütün kəsiminə çatan uğurlu etirazlar təşkil edilib və
keçirilib. İnternet resursları üzərindən də yüz minlərlə insan müxalifətin
mesajlarını dinləyib. Cəmiyyətin geniş təbəqələri bu etirazlarda iştiraka cəsarət
etməsə də rəğbət bəslədiyi sezilir. Lakin nə qədər ki, aksiyalar müxalifətin
resursları ilə baş tutacaq, iqtidarın geri çəkilməsi baş verməyəcək. Odur ki, belə
mitinqlər gələcək tarixi yaddaş üçün zəngin fəaliyyət hesab edilsə də davamlı
olması zərərli olardı.
Əlbətdə ki, bu
etirazları yüksələn xətlə davam etdirmək mümkün olsaydı cəmiyyətin maraqları
baxımından ideal variant olardı. Lakin hazırda bu imkan qeyri-rəsmi olaraq hökumət
tərəfindən tamamilə qapadılıb. Həm də sosial problemlərdən əziyyət çəkən əhali ilk
aksiyalara kütləvi şəkildə qatılsaydı tamamilə yeni siyasi mühit yaranacaqdı. Təəssüf
ki, xalqımız növbəti fürsətini də qaçırdı və bunun bədəlini yaxın vaxtlarda çox
ağır ödəyəcək.
Onu da qeyd etmək
lazımdır ki, MŞ-nın bu stüasiyada növbəti mitinqlərə qərar verməməsini tənqid edənlərin
əksəriyyəti cəmiyyətin maraqlarını deyil, ayrı-ayrı qrupların maraqlarını
qabarıq ifadə edənlərdir. Hətta o qruplar MŞ-nın uğurlu mitinqlərinə də müxtəlif
formalarda tənqidlər və iradlar səsləndiriblər. Hüquq və qanun tanımayan hökumətin
qarşısında dayanan müxalifəti yeri gəldi-gəlmədi tənqid etməklə cəmiyyətin
altşüuruna hansı mesajın verildiyini dərk etmək heç də çətin deyil. Müxalifəti
tənqid etməyin təhlükəsiz olduğunu və çox zaman da qazanc gətirdiyini nəzərə
alsaq, bu barədə təşəbbüslərin heç də azalmayacağı gerçəkliyini də qəbul etmək
lazımdır.
Cəmiyyətin bütün
siyasi yetkin kəsimi referendum qərarı veriləndən anlayırdı ki, bu proses
başlamadan iqtidarın marağına uyğun şəkildə bitib. Çünki bu prosesi durduracaq
ümumxalq iradəsi hələlik aktiv fazaya keçməyib. Xalq kütləvi etirazlara hazır deyil. Lakin bütün bunlara baxmayaraq müxalifətin ən yaxşı təşkilatlanmış
mütəşəkkil hissəsi öz tarixi missiyasını anlayaraq, bu, zamanı çatmayan
etirazlara qərar vermək durumunda qaldı. Halbuki bu etirazların təşkil edilməsi
heç də birbaşa müxalifətin vəzifəsi deyildi və növbəti dəfə cəmiyyətin yükünün
altına məcburiyyət qarşısında çiyin verilməli oldu.
Müxalifət təşkil
etdiyi etiraz mitinqləri və digər fəaliyyətləri ilə mənəvi və siyasi öhdəliklərini
qismən də olsa yerinə yetirdi. Bundan sonra o təşkilatları kimsə referenduma münasibətinə
görə tənqid edə bilməyəcək. Çünki, bir müxalifət təşkilatı etməli olduğundan
daha çoxunu edibsə, ona hansı iradı bildirmək olar? Bu durumda müxalifətin Referendumla
bağlı nə etməsi mümkün idisə, bu qurumlar onu ediblər.
Ardıcıl tənqidlərdən
də narahat olmağa dəyməz. Siyasi tənqidlərin sosiologiyası göstərir ki, əgər
bir qurum və ya şəxs haqqında müxtəlif siyasi qütblərdə müzakirə açılırsa, deməli
o subyektdən ya gözlənti çoxdur, ya da iddiaçıların hər biri onu özlərinə rəqib
görür. Nəzərə almaq lazımdır ki, onun istənilən addımları və qərarları geniş
müzakirə yaradacaq. Bu subyekt cəmiyyətdəki yerinə uyğun olaraq mütləq təmkinlə
öz yanaşmalarını öncə tərəfdarlarına, daha sonra isə cəmiyyətə izah etməlidir. Rəqiblərinə
isə reaksiya verməməsi daha doğru olar. Etiraz mitinqlərini isə zamanı gəldikdə
yenidən müzakirə etmək olar. İndi isə bu stüasiyada hər bir iddialı tərəf qərəzli
yanaşmalara əhəmiyyət vermədən öz tərəfdarlarını təşkilatlandırmağa davam etməlidir.
Nəzərə almaq lazımdır ki, qarşıdan daha məsuliyyətli dövr və idarə edilməsi çətin
olacaq proseslər gəlir. Görünür həm də iqtidarın ciddi təşvişinə səbəb olan
hansısa daha həssas amillər də mövcuddur.
19 sentyabr 2016-cı il.
Hiç yorum yok:
Yorum Gönder