28 Temmuz 2016 Perşembe

R.T.Ərdoğanla Putinin görüşü nə vəd edir?

Türkiyə prezidenti R.T. Ərdoğanın Rusiyaya gözlənilən rəsmi səfərinin vaxtı məlum oldu. Avqustun 9-da reallaşacağı planlaşdırılan Putin-Ərdoğan görüşü Azərbaycanda da maraqla izlənilir. Hər iki dövlətin ölkəmizə və regionda baş verən proseslərə təsirini nəzərə alsaq, bu marağı anlamaq olar. 

Bu səfər iki dövlətin münasibətlərinin yaxınlaşmasına işarə kimi qəbul edilir. Avropa Birliyi, Amerika-Türkiyə münasibətlərinə bu yaxınlaşma necə təsir göstərə bilər? Xüsusilə də bizi ən çox maraqlandıran məsələ Putin-Ərdoğan görüşündə Qarabağ məsələsinin həlli və Türkiyə-Ermənistan sərhədlərinin acılması mümkünlüyünün müzakirə edilməsidir.

Öncə onu qeyd edək ki, son dövrlər Türkiyənin də yerləşdiyi bölgə dünyanın ən təhlükəli və gərgin münaqişə bölgəsi hesab edilir. Burada nəinki yerli əhəmiyyətli ziddiyyətlər, hətta çox böyük super güclərin də iştirakı ilə nəhəng münaqişə ocaqları mövcuddur. Təbii ki, Türkiyə sərhədində olan bu qeyri-sabitlik, qanlı müharibələr Türkiyənin də bötövlüyünə və milli maraqlarına çox böyük təhlükə törədir.

Hətta, görünən budur ki, regionda yeni düzənin yaranmasında Türkiyənin mövcud hakimiyyəti qərbin bir sıra planlarının asanlıqla icrasına imkan vermir. Sabit və güclü Türkiyənin regionda mövcudluğu qərbin bir sıra regional planlarını ertələməyə məcbur edib. Xüsusilə də bölgədə kürd dövlətinin yaradılması məsələsində Türkiyə ilə qərbin ciddi fikir ayrılığı var. 

Təsadüfi deyil ki, Türkiyə hökuməti son hərbi çevriliş cəhdinə görə daha çox ittiham etdiyi tərəfin himayəsinin qərbdən olduğuna işarə vuraraq ictimai rəyi istiqamətləndirməyə çalışır. Bütün baş verənlərin fonunda Türkiyənin Rusiya ilə münasibətlərini tənzimləməsi zərurəti yaranıb. Əslində elə Rusiyanın da indiki böhranlı durumunda Türkiyə ilə yaxşı münasibətlərə ehtiyacı var. 
Amma, unutmaq olmaz ki, qərb-Türkiyə münasibətləri ilə, qərb-Rusiya münasibətlərinin xarakteri çox fərqlidir. Hər iki dövlətin əhəmiyyətli şəkildə uzlaşan qlobal xarici siyasət yürütmək resursları zəifdir və buna getmək üçün strateji yaxınlıq yoxdu. 

Odur ki, bu yaxınlaşma hər iki tərəf üçün zorən müttəfiqlik məsələsinə çevrilib. Hər iki tərəf qərbdən gələn təyziqləri neytrallaşdırmaq üçün bir-biri ilə yaxınlaşmaq zərurəti hiss edir. Türkiyənin hava sahəsində Rusiya təyarəsinin vurulmasının yaratdığı siyasi böhran, son uğursuz hərbi çevriliş cəhdindən sonra artıq qaydasına düşməkdədir. 

Bu, heç də o anlama gəlməməlidir ki, indiki durumda çox sürətli və strateji yaxınlaşma baş tutacaq. Hələlik bir çox regional və qlobal maraqların uzlaşması mümkün görünmür. Ən azından münasibətlərin 2013-2014 cü il səviyyəsinə gəlməsi istiqamətində addımlar atılacaq.
Bu yaxınlaşma qərbin regional maraqlarına cavab vermədiyi üçün təbii ki, qərb dairələrində gizli etiraz doğuracaq. Lakin, qərb bu yaxınlaşmanı pozmaq iqtidarında da deyil və yəqin ki, proseslərə diplomatik yanaşma sərgiləyəcək.

Türkiyə güclü bir NATO dövlətidir. Qərb onunla münasibətlərin kəskin şəkildə pisləşməsinə getməyəcək. Çünki, mövcud şərtlər daxilində qərbin də Türkiyəni qarşısında görmək kimi siyasəti özlərinə zərər verər. Qərbdə də anlayırlar ki, bu yaxınlaşma müvəqqəti və zorən ittifaqdır. Strateji olaraq Türkiyə və Rusiyanın çox ciddi toqquşan maraqları da var. Heç bir tərəf bu maraqlardan asanlıqla imtina edə bilməz.
Nəzərdə tutulan görüşün böyük beynəlxalq rezonanas doğuracağını da güman etmirəm. Bu görüş daha çox daxili auditoriyaya yönəlik mesajlarla yadda qalacaq. 
Çünki, indiki halda hər iki tərəfin buna çox ciddi ehtiyacı var. Təbii ki, qarşılıqlı maraq doğuran bir çox regional hərbi-siyasi və iqtisadi məsələlər ətrafında müzakirələr və razılaşmalar ola bilər. 
Xüsusilə Suriya məsələsi, regionda kürd dövlətinin yaradılması, qərblə gələcək münasibətlərin prinsipləri, “Mavi Axın”, vizasız səfərlər və digər iqtisadi-siyasi maraq doğuran problemlər müzakirə edilə bilər.

Konkret olaraq Qarabağ məsələsi ilə bağlı hansısa müzakirələrin də olacağını istisna etmirəm. Amma, bu müzakirələrdə xüsusi detalların razılaşdırılacağını və ya problemə yeni baxışın formalaşdırılacağını güman etmirəm. 
Çünki, Qarabağ məsələsi ilə bağlı təşəbbüs ATƏT-in əlindədir və qarşı duran tərəflər hələlik bu staus-kvonu saxlamaqda maraqlı görünür. Odur ki, Türkiyə tərəfinin də indiki məqamda bu məsələ ilə bağlı hansısa xüsusi addımını gözləmirəm. Ermənistanla Türkiyənin sərhədlərinin açılmasının Rusiyada xüsusi müzakirə ediləcəyini də güman etmirəm.Çünki, indi tərəflərin gündəliyində daha vacib məsələlər var.
 

2 yorum:

  1. http://conflict.az/yazar/37335-nesimi-memmedl-erdogan-putn-gorushu-ne-ved-edr.html

    YanıtlaSil
  2. http://www.azadliq.info/149030.html

    YanıtlaSil