(2-ci yazı)
“Köhnə
iqtidarın “yeni müxalifət” arzusu dəyişməyib” başlıqlı yazının davamını oxucularımızın
rəyinə təqdim edir və mövzu ətrafında əsasən siyasi hazırlıqlı şəxslərin müzakirələrinin
faydalı olacağını düşünürəm. Bu yazıda “yeni qüvvə” haqqında hakimiyyətin,
toplumun fəal kəsiminin və “yeni qüvvə” iddiasında olanların bir-birindən
fərqlənən yanaşmalarını göstərməyə çalışacağam. Həmçinin, müxalifət adına
iddialıların real təsnifatına və “yeni qüvvə” nin necə təsəvvür olunduğuna birlikdə
nəzər salmağımız məqsədə uyğun olar.
Hakimiyyətin görmək istədiyi “yeni
qüvvə”
Hakimiyyət
birmənalı olaraq “yeni qüvvə”dən toplumu siyasi baxımdan manipulyasiya etmək
üçün yararlanmaq niyyətindədir. Onun təsəvvürü və arzusu budur ki, toplumun
ictimai şüurunda qəbul edilən müxalifətə qarşı istifadə edəcəyi yeni, daha
cəlbedici bir müxalif platforma ortaya çıxsın. Demokratiyadan əsər-əlamət
olmayan bir sistemdə (qeyri azad) müxalifətdaxili çoxtərəfli siyasi rəqabətin, demaqogiyadan
başqa nəticə doğurmadığı təcrübələri uğurla sınaqdan keçib.
Müxalifət
adına iddialıların rəngarəngliyi hakimiyyətin uzun illərdir böyük maliyyə sərf
edərək tətbiq etdiyi sistemli siyasətinin tərkib hissəsidir. Hakimiyyət müxalifətin
sırasını geniş göstərmək üçün siyasət vitrininə süni şəkildə sırınmış şəxsləri
və qurumları müxtəlif üsullarla ayaqda tutmağa çalışır. Bu siyasətlə real
alternativlərin təsir gücünü azaltmaq, siyasi yetkinliyi aşağı olan əhalidə tərəddüd
yaratmaq, toplumun fəal kəsimində isə ümidsizliyi dərinləşdirməyə əsasən nail
olur.
Müşahidələr
göstərir ki, avtoritar rejimlərin (qeyri azad) mövcud olduğu heç bir ölkədə yeni demokratik
qüvvələrin yaranması baş verməyib. Avtoritar hakimiyyətlər “yeni qüvvə” tezisi ilə əsasən demokratiyanı imitasiya edib. Öz korporativ maraqlarını təmin etmək və ya diqqəti
siyasi baxımdan özünə təhlükə hesab etdiyi əsas qüvvədən yayındırmaq məqsədilə bundan yararlanmağa çalışıb.
Avtoritar
idarəetmə təfəkkürünü mənimsəyən rejimlər ölkənin demokratikləşməsi və inkişafı
naminə yeni qüvvənin formalaşmasına qətiyyən imkan verməz. Belə “təhlükə”ni hiss
etdiyi andan mütləq onun sonuna çıxmaq istəyəcək.
“Yeni qüvvə” iddiasında olanların ənənəvi
baxışı
Siyasi
fəaliyyətin qanunvericiliyə söykənən demokratik müstəvisi yoxdursa, belə
şəraitdə yeni və kütləvi demokratik qüvvənin yaranması olduqca çətindir. Həyatın
davamlılığı tədricən nəsil dəyişmələri ilə siyasi elitada təbii dəyişikliklərə gətirib
çıxarsa da, bu dəyişiklik yeni siyasi qüvvənin doğulması anlamına gələ bilməz.
İndiyə
kimi özünü “yeni qüvvə” adlandıraraq meydana atılan şəxslərin və qurumların öncəliklə
hədəfi əsasən müxalifət olub. Sanki, hər dəfə meydana yeni atılan şəxslərin və
qurumların siyasətdə ilk sınağı ənənəvi müxalifətə vurduğu zərbələrlə ölçülür. “Yeni
qüvvə” iddiasında olanların müxalifətin indiyə kimi tətbiq etdiyi
siyasi-təşkilati metodlardan kəskin şəkildə fərqlənən hər hansı yeniliyə imza
atdığını da müşahidə etməmişik.
Bu
təsisatlar həm də toplumu inandırmağa çalışır ki, siyasi dəyişikliklərin
uğursuzluğa düçar olmasının səbəbi elə müxalifətdir. Müxalifətin tənqidinə
istiqamətlənən tezislər isə istisnasız olaraq hakimiyyət tərəfindən hazırlanan
və topluma təlqin edilən total anti-təbliğatın qalib gələn nümunəsidir.
Özünü
təsdiq etmək üçün mövcud şərtlər altında siyasi uğur qazanmaq xeyli çətin olsa
da mümkünsüz də deyil. Siyasət müstəvisində belə uğurlu nümunələr də var. Müxalifət
adına iddia edərək hər addımbaşı müxalifəti hədəfə almaqla siyasi gündəmdə
mövcud olmaq acı istehza ilə qarşılanır.
Xüsusilə
də, AXCP-Müsavat iqtidarında təmsil olunmamağı hansısa üstünlük kimi təqdim edərək
siyasi iddia irəli sürmək, tamamilə hakimiyyətin müxalifətə qarşı anti-tezislərini
gücləndirmək üçün sərgilənən davranış kimi görünür.
Gerçəkdən
səmimi şəkildə yeni qüvvə olmaq iddiasında olanlar hakimiyyətə sərf edən ənənəvi
baxış bucağını dəyişməlidir. Müxalifəti qətiyyən hədəf almamalıdır. Əvvəlki
dövrün şərtləri indi çox dəyişib. Sosial media, sosial şəbəkələr yeni ictimai mühit
yaradıb. Toplumu manipulyasiya etmək üçün meydana çıxan “yeni qüvvə” çox da
nəzərə çarpacaq uğur qazana bilməz və qısa müddət içərisində ifşa olunacaq.
Toplumun fəal kəsimi “yeni
qüvvə” axtarır?
Real siyasi
qüvvələrin uzun illər müxalifətdə qalması toplumda belə təsəvvür yaradıb ki,
bəlkə də yeni demokratik qüvvənin meydana çıxması siyasi durumu köklü surətdə
dəyişə bilər. Hətta, iqtidarın yeni qüvvələrlə dil tapacağına və siyasi
islahatlara meyllənəcəyinə hələ də sadəlövcəsinə inanan insanlar var. İqtidar
yetkililəri də toplumun bu yanaşmasından faydalanmaq, əsas müxalifəti siyasi
səhnədən sıxışdırmaq və müxalif elektoratda tərəddüd yaratmaq üçün yararlanmağa
cəhd edir.
Təəssüf
ki, bəzən toplumun fəal kəsimi də prinsipial müxalifətçiliyin müsbət ənənəsi
ilə, ənənəvi müxalifəti ucdantutma eyniləşdirir. Əslində isə ənənəvi müxalifət
kimi təqdim edilənlərin heç də hamısı prinsipial müxalifətçilik ənənəsinə sadiq
deyil. Ölkədə mövcud olan prinsipial müxalifətçilik ənənəsi kifayət qədər dərin
köklərə və nüfuza malikdir. Təsadüfi deyil ki, toplumun siyasi hazırlıqlı fəal
kəsimi üçün də yeni qüvvə deyil, əsas qüvvə daha cəlbedicidir.
Hakimiyyəti
ənənəvi müxalifət deyil, prinsipial müxalifətçilik ənənəsi daha çox narahat
edir və heç bir vasitə ilə bu yanaşmanı dəyişdirməyə nail ola bilməyib. Hətta,
tamamilə gənc nəslin nümayəndələrindən ibarət yeni simalar var ki, ən ağır
şərtlər altında belə prinsipial müxalifətçilik ənənəsini uğurla davam
etdirirlər
Müxalifət adına iddia edənlərin real
təsnifatı
Fürsətdən
istifadə edərək müxalifəti ümumi şəkildə təsnifatlaşdırmaqla qeyd etmək
istəyirəm ki, yeni yaranacaq istənilən qüvvə bu mövcud təsnifatdan kənarda ola
bilməz. Qısa zaman içərisində onun harda olduğunu müəyyən etmək mümkün olacaq.
Birincisi, mövcud rejimi dəyişmək uğrunda prinsipial və
güzəştsiz mübarizə aparanlardır. Bunlar hakimiyyəti bütövlükdə sərt tənqid
edərək bütün resurslarını narazı insanları səfərbər etməyə və fürsət düşdükcə
etirazların təşkil olunmasına çalışırlar. Təzyiqlərə, mərhumiyyətlərə və
həbslərə baxmayaraq hakimiyyəti zəiflətmək, demokratik dəyişikliklərə məcbur
etmək istiqamətində göstərdikləri siyasi fəaliyyətdən bir addım da geri
çəkilmirlər. Toplumun maraqlarını öz siyasi maraqlarından üstün tutmağa çalışan
bu qüvvələrə qarşı hökumət və ona yaxın qüvvələr ən barışmaz mövqe
sərgiləyir. Məhz bu kateqoriyadan olan insanların fəaliyyətinə görə ölkədə siyasi məhbus problemi yaranıb.
İkincisi, hakimiyyətə açıq müxalifətçılık etməklə
yanaşı, onun dəyişməsində də maraqlıdırlar. Lakin, iqtidar davam etdiyi
müddətdə onun zərbələrindən maksimum yayınmağa və hətta fürsət düşdükcə ondan
yararlanaraq öz mararaqlarını təmin etməyə çalışırlar. Maraqlarına uyğun
gəldikdə gah prinsipial müxalifətlə birgə mübarizədə yer alır, gah da
hakimiyyətin imitasiya siyasətində vasitəyə çevrilirlər. Bu qüvvələri hər bir
cinahda müşahidə etmək mümkündür. Onlar müxalifətin bütün spektri ilə
əməkdaşlığa və dialoqa açıqdırlar. Maraqlarının hüdudlarından kənara çıxmırlar.
Üçüncüsü isə müxalifət adı altında rejimə xidmət edənlərdir.
Onlar hakimiyyəti gücləndirmək məqsədilə açıq və gizli fəaliyyət göstərirlər.
Hər bir strateji addımları hökumətə dəstək üçün atılır. Əsas hədəfləri isə
prinsipial müxalifətçilik ənənəsinə sadiq olan müxalifətdir.
“Yeni qüvvə” tezisləri kimin
marağındadır?
Məqsədimiz
yeni qüvvələrin yaranmasına kölgə salmaq yox, onun daha sağlam əsaslar üzərində
formalaşmasına yardımçı olmaqdır. Nə qədər ki, “yeni qüvvə” anlayışı yeni
yanaşmalarla deyil, yeni simalarla və qurumlarla təsəvvür edilir, hansısa yeni
qüvvədən danışmaq əbəsdir. Ölkədə yeni situasiya olmadan yeni qüvvə yarana bilməz.
Ölkədə
yeni qüvvə varmı və onlar hansıdır? 2018-ci ilin Prezident seçkisində “yeni
qüvvə” tezisi aktual olacaqmı? Yaxın vaxtlarda meydana yeni demokratik qüvvələr
çıxa bilərmi? Hakimiyyət daxilindən və ya radikal dini qüvvələrin sırasından
meydana yeni qüvvə çıxması perspektivi varmı? Anti-demokratik şəraitdə yeni
qüvvə tədricən formalaşacaq, yoxsa anidən meydana çıxacaq? Bu kimi suallar
ətrafında bəzi aydın cavablar olsa da peşəkar müzakirələrin hələ davam
edəcəyini də istisna etmirik.
İlkin
qənaətimiz budur ki, “yeni qüvvə” tezisləri daha çox iqtidarın və ona yaxın
çevrələrin təqdimatında qabardılacaq. Tamamilə təsadüfi seçmə üsulları ilə
apardığımız monitorinqlər əsasında deyə bilərik ki, problemlərdən,
hüquqsuzluqdan, qanunsuzluqdan əziyyət çəkən narazı toplumun siyasi
müzakirələrində yeni müxalif qüvvə axtarışlarına çox az rast gəlinir.
(Bu
mövzu ətrafında araşdırmalarımız davam edəcək) 10 iyun 2016-cı il.
https://www.meydan.tv/az/site/politics/15171/
YanıtlaSilhttp://www.azadliq.info/140695.html
YanıtlaSilhttp://arqument.az/az/yeni-qvve-toplumun-feallasmasna-tekan-ola-biler/#.V6YttbiLTIU
YanıtlaSilhttp://milletinsesi.info/index.php?newsid=11439
YanıtlaSilhttp://www.xural.com/yeni-quvv%C9%99-toplumun-f%C9%99allasmasina-t%C9%99kan-ola-bil%C9%99r/
YanıtlaSilhttp://gozetci.az/article/index/5894
YanıtlaSil