Sosial şəbəkələr toplumu dəyişikliklərə kökləyir.
Müasir
toplumu internetsiz, bilgisayarsız, mobil telefonlarsız təsəvvür etmək mümkün
deyil. İnternet bütün maneələri, sərhədləri aşaraq dünyanı bir-birinə
birləşdirən, yaxınlaşdıran əsrarəngiz bir fenomendir. Həyatımızın hər sahəsində
zəkamızın bir parçası olaraq bizə dəstək olan vasitədir. Məişətdə, təhsildə,
idarəetmədə, bilgi almaqda, fikir və düşüncələrimizin formalaşmasında xüsusi
rola sahibdir. Bu vasitədən hər bir ağıllı insanın istifadə etməsi, sosial
şəbəkələrin, sosial medianın daha effektli olması üçün çalışması zəruridir. Bu
istiqamətdə istənilən müzakirələrin aktuallığını və səmərəliliyini nəzərə
alaraq bəzi fikirlərimizi müzakirənizə təqdim edirik.
İnternetin sosial-ictimai həyata təsirləri.
Bu
barədə nəzəri fikirləri uzun-uzadı sadalamadan toplum olaraq birbaşa bizə gərəkli
olan məqamlara qısaca toxunaq. Azərbaycanın adı əksər nüfuzlu beynəlxalq
hesabatlarda qeyri-azad ölkələrin sırasında olduğundan, bizim üçün zəruru olan
məqamlar dərhal aydınlaşacaq. İfadə azadlığının məhdudlaşdırıldığı, birləşmə və
sərbəst toplaşma azadlığına süni əngəllərin gətirildiyi, azad medianın
boğulduğu bir yerdə internet üzərindən yayılan sosial medianın və sosial
şəbəkələrin əhəmiyyəti xeyli qabarıq nəzərə çarpır. İnternet üzərindən yayılan
sosial resursların real həyata, ictimai-siyasi proseslərə, ictimai fikrin
formalaşmasına təsirləri əhəmiyyətli dərəcədə artır.
Ölkəmizdə
mövcud olan sosial şəbəkələr arasında ən geniş yayılan “Facebook” dan istifadə
edən insanların sayı təqribən 1.3 milyondan çoxdur. Təsadüfi deyil ki, sosial
şəbəkələrdən istifadə edənlərin sayına görə Azərbaycan MDB-də ən ön
sıralardadır. Bu, sosial şəbəkələrə insanlarımızın çox ciddi marağının və
təlabatının nəticəsidir. Toplumun sosial şəbəkələrə yanaşmalarını nəzərə
alaraq, bu virtual müstəvidən ölkənin demokratikləşməsi istiqamətində çox
səmərəli təşəbbüslər həyata keçirmək olar. Hətta, uzun illər avtoritar
rejimlərin idarəçiliyində əziyyət çəkən toplumların da bu nəhəng fürsəti ən
ciddi şəkildə dəyərləndirib özlərinə yeni səhifələr açdıqları təcrübəsi var. Biz
də ölkəmizin ümummilli problemlərinin həllində internetin yaratdığı əlverişli imkanlardan
maksimum yararlanmalıyıq.
Televiziyaların
efir monopoliyasının toplum üzərindəki fərdi və kütləvi təsirlərinə tədricən
internetin son qoyduğunu da müşahidə etməkdəyik. Son illər çox sürətlə inkişaf
edən sosial medianın, xüsusilə də sosial şəbəkələrin cəmiyyətdə yaratdığı
təsirlər sosiolqlar və psixoloqlar tərəfindən diqqətlə öyrənilməlidir. İnternetin
sürətlə yayılmasından narahatlıq keçirən hökumət dairələri bəzən məqsədyönlü
şəkildə onun topluma, xüsusilə də gənclərə mənfi təsirlərini ifrat formada
şişirtməyə çalışırlar. Gənclərin sosial şəbəkələrə ifrat aludəçiliyi və onların
real həyatdan uzaqlaşması tendensiyaları çox geniş problem olmasa da bilgisayar
oyunlarına aludəçilik müəyyən qədər
narahatlıq yaradır. Bu sahədə müəyyən neqativ hallar mövcud olsa da, sosial
şəbəkələrin müsbət təsirlərini heç nə ilə pərdələmək mümkün deyil.
İctimai-siyasi
həyatın monitorinqi birmənalı olaraq sübut edir ki, sosial medianın və sosial
şəbəkələrin ictimai fikrə təsirləri günü-gündən yüksəlməkdədir. İnternet
üzərində olan resurslar televiziyaların ictimai fikir üzərindəki inhisarına artıq
son qoyub. Hər bir internet istifadəçisi anlamalıdır ki, bu fürsət fərdlərə və
topluma önəmli imkanlar açıb. Xüsusilə də ölkənin demokratikləşməsinə, hüquq və
azadlıqların qorunmasına çalışan şəxslər və qurumlar bu fürsəti imkana
çevirməlidirlər.
Sosial şəbəkələrin siyasət üzərində rolu artmaqdadır.
Qeyri
azad dövlətlərin vətəndaşları bir qayda olaraq azad düşüncə yaradacaq informasiyaya
çatmaqdan məhrumdurlar. Azad media resursları sıradan çıxarılan, hüquqları
tapdanan toplumu istənilən istiqamətə sürükləmək anti-demokratik rejimlər üçün elə
də ciddi çətinlik yaratmır. Yaxın tarixdə siyasi səhnədən silinən və silinməkdə
olan avtoritar rejimlərin çöküşündə daxili sosial-ictimai faktor kimi internet
üzərindən yürüdülən fəaliyyətlərin çox ciddi rol oynadığını müşahidə edirik. Qeyri-azad
ölkələrin siyasi həyatına sosial şəbəkələrin yeni paradiqmalar gətirməsi bir
reallığa çevrilib.
Son illər
təəssüf ki, ölkəmizdə də siyasi fəaliyyətin azad müstəvisi repressiv metodlarla
tamamilə qapadılıb. Sərbəst siyasi fəaliyyətin real müstəvisi məhdudlaşsa da internet
üzərindən yayılan sosial şəbəkələr yeni virtual müstəvi yaradıb. Virtual
müstəvi real siyasət müstəvisindən effektli olmasa da indiki repressiv şərait
üçün ən optimal vasitəyə çevrilib. Təsadüfi deyil ki, bu durumu hökumət də aydın
müşahidə edir və ölkə daxilində bu sahəyə çox ciddi nəzarət tətbiq etməyə
çalışır. Həm internetin ucuz və keyfiyyətli yayılmasının qarşısını alır, həm virtual
müstəvidə fəal şəxslərin təqib edilməsini davam etdirir, həm də yeni metodla saxta
profillərlə sosial şəbəkələrə müdaxilə etməyə çəhd göstərir.
2015-cü
ildə ölkənin internet infrastrukturuna təxminən 150 milyon dollarlıq kapital
qoyulması planlaşdırılmışdı. Bütün kəndələrə fiber optik kabel çəkilməsi və
sürətli internetin hər yerə çatdırılması nəzərdə tutulsa da bu plan məlum
olmayan səbəbdən həyata keçirilmədi. Ölkəmizdə internet qiymətləri də xeyli bahadır. 1-2 mb sürəti olan internetə limitsiz
giriş üçün lazım olan vəsait minimum əmək haqqının 12-14 faizi olduğu halda,
Rusiyada 3, Türkiyədə 2 faizi keçmir. İnternetin
ölkə boyu daha rahat yayılmasında hökumətin maraqlı olmadığını açıqca görmək
mümkündür.
Çoxsaylı
ictimai-siyasi fəal şəxs məhz sosial şəbəkələrdəki aktiv fəaliyyətinə görə həbs
edilib. İnsanları bu müstəvidə fəallaşmaqdan çəkindirmək üçün xeyli inzibati
cəhdlər olsa da, sosial şəbəkələrin sürətlə genişlənməsi və yayılması
izlənməkdədir. Xüsusilə də xaricdən sosial şəbəkələrə və sosial mediaya daxil
olan fəal şəxslərə heç bir nəzarət və məhdudlaşdırma gətirmək mümkün olmadığı
üçün, hökumətin ölkə daxilində həyata keçirdiyi repressiv tədbirlər də əks
nəticə doğurur. Təcrübə göstərir ki, xaricdən yayılan sosial media fəallarının
yaxın qohumlarına edilən total basqılar nəinki onları susdurdu, əksinə daha
geniş əks-təbliğat imkanı yaratdı.
Ölkənin
siyasi fəaliyyət müstəvisinin monitorinqi onu deməyə əsas verir ki, real
həayatda siyasi fəaliyyətə gətirilən məhdudiyyətlər sürətlə öz əhəmiyyətini
itirir. Virtual aləmdə dominantlıq edən müxalif qurumlar birbaşa maddi vəsait
xərcləmədən addım-addım real həyatda sosial bazalarını daha da genişləndirməyə
nail olurlar. Ölkə üzrə apardığımız monitorinqlər göstərir ki, hökumətin ən
konfidensial saxladığı ictimai maraq kəsb edən məlumatlar da internetin
sayəsində artıq geniş auditoriyaya çatmağa başlayıb. Müxalifətin regionlara
gedərək öz tərəfdarlarına deyə biləcəyi nə varsa, artıq onu sosial medianın
verdiyi imkanlarla daha peşəkar, daha az vəsaitlə və daha təhlükəsiz həyata
keçirmək mümkündür. Deməli, həm də müxalifət fəallarının bölgələrdə qaşısını
zorakı metodlarla almağın da artıq elə bir əhəmiyyəti qalmayıb. Sosial
şəbəkələrin təsirləri o qədər yüksəlib ki, hətta hökumətə bağlı olduqları şübhə
doğurmayan yüzlərlə saxta profillər də sistemli virtual fəaliyyət qurmağa
çalışırlar. Xüsusilə də müxalif düşərgədə təbii rəylərə müdaxilə etməklə,
ictimai rəyi çaşdırmaq və süni ictimai rəy yaratmaq üçün fəal şəbəkələşmədən
istifadə etməklə iş başındadırlar.
İnternet informasiya blokadasını yarmağa imkan yaratdı.
İnternet
resurslarının yayılması avtoritar idarəçiliyin yatatdığı sosial-siyasi mühiti
sürətlə dağıdır və yeni münasibətlər sistemi yaradır. Xüsusilə də sosial
şəbəkələrin yaratdığı yeni münasibətlər sistemi toplumu demokratik
dəyişikliklərə kökləməkdədir. 2.0 veb texnologiyasının yaratdığı imkanlar yüz
minlərlə insanı həm əyləndirir, həm düşündürür, həm də hərəkətə keçirir. Sosial
şəbəkələrin insanları daha çox cəlb etdiyi və apardığı bir virtual aləm var.
Tanışlarla asan əlaqə saxlamaq, dünyanın istənilən tərəfində yeni tanışlar
tapmaq, onlarla müxtəlif söhbətlər etmək əhalinin böyük təbəqələri üçün artıq
həyati zərurətə çevrilib.
Artıq
minlərlə fəal insan, xüsusilə də təşəbbüskar gənclər sosial şəbəkələrdən
informasiya yayıcısına çevrilib. Əksəriyyət insanlar televiziya proqramlarının
monoloqundansa, sosial medianın çoxtərəfli müzakirəsini izləməyi daha üstün tutur.
Apardığımız araşdırmalar göstərir ki, sosial şəbəkələrdə gedən müzakirələr daha
möhkəm və qalıcı ictimai rəy yaradır. Hər bir sağlam insan qanun və ictimai
etiket çərçivəsində düşüncələrini yaymaq, adi həyatda görüşmək imkanları
olmayan ictimai-siyasi xadimlərlə sual-cavab etmək, bəyənmədiyi fikirlərə
reaksiya vermək, bəyəndiklərini təqdir etmək kimi nəhəng ictimai rəy
platforması yaradıb. Hər kəs öz potensialına uyğun şəkildə internet
resurslarından istifadə edir və ondan yararlanır. Əminliklə deyə bilərik ki,
yaxın gələcəkdə internetin topluma damla-damla bəxş etdiyi fərqli düşüncə və
impuls yeni ictimai-siyasi nəticə doğuracaq.
27 mart 2016-cı il.
27 mart 2016-cı il.
http://milletinsesi.info/index.php?newsid=8477
YanıtlaSilhttp://arqument.az/az/sosial-sebekeler-toplumu-deyisikliklere-kkleyir/#.VvkTTfmLTIV
YanıtlaSilhttps://www.meydan.tv/az/site/opinion/12984/Sosial-%C5%9F%C9%99b%C9%99k%C9%99l%C9%99r-toplumu-d%C9%99yi%C5%9Fiklikl%C9%99r%C9%99-k%C3%B6kl%C9%99yir.htm
YanıtlaSilhttp://www.azadliq.info/127026.html
YanıtlaSilhttp://muxalifet.az/sosial-sbklr-toplumu-dyisikliklr-koklyir-thlil.html
YanıtlaSil