Televizyaların beynimizə yeritdiyi virusdan necə xilas olmalı?
Televiziyalar çağdaş insan həyatının
vazkeçilməz bir parçasına çevrilib. Onun yaranmasından keçən müddət bir əsrə
yaxın olsa da, yaratdığı sosial-siyasi və psixoloji effekt minilliklərin
nəticəsinə bərabərdir. Televiziya auditoriyasının formalaşdırdığı qlobal mühit,
insanlara fərdi və kütləvi təsirləri heç bir başqa alternativlərlə müqayisə
oluna bilməz. Topluma yönəlik psixoloji təsirlərini, insanların düşüncələrinə,
dünya görüşünə, məişətinə yön verdiyini nəzərə alaraq bu mövzuda bəzi
fikirlərimizi müzakirənizə təqdim etməyi qərara aldıq.
Elmi kəşflərin
üzərində xeyir və şərin amansız mübarizəsi hökm sürür
XIX-əsrin ortalarında irəli sürülən fundamental elmi nəzəriyyələr XX-əsr elminin nəhəng mayağı kimi tarixə damğasını vurub və yeni bəşəri təfəkkür formalaşdırıb . Elektronika sahəsində elmi araşdırmaların genişlənməsi müasir elmi-texniki nailiyyətlərə yeni səhifə açdı. Elektronikanın dərindən öyrənilməsi və tətbiqi XX-əsrin əvvəllərində televiziyanın, sonlarında isə internetin yaranması ilə nəticələndi.
Televiziyaların kəşfindən xeyli müddət sonra da onun təkmilləşdirilməsi mərhələ-mərhələ uzun bir dövrü əhatə edərək müasir vəziyyətinə gəlib çıxıb. Təəssüf ki, insanlar həmişə elmi kəşfləri toplumun mənafelərini qorumaq üçün bir vektor üzrə tətbiq edə bilmir. Sanki, hər bir elmi kəşfin üzərində xeyir və şərin amansız mübarizəsi hökm sürür. Kimisi elmi nailiyyətləri insanlığin xidmətinə, kimisi də məhvinə istiqamətləndirərək tarixə adını yazdırır.
İqtisadi, siyasi və hərbi
baxımdan dünyanın qüdrətli demokratik dövlətləri öz vətəndaşlarının hərtərəfli
formalaşmasına ciddi önəm verirlər. Onların fiziki və mənəvi sağlığı
istiqamətində televiziyalar üzərindən nəhəng sosial-psixoloji layihələr həyata
keçirilir. Məqsəd azad düşüncəli, elmli, güvənli vətəndaş yetişdirərək toplumun
qüdrərtli təhlükəsizlik zirehini formalaşdırmaqdır. Son illər internet
resurslarının genişlənməsi bu istiqamətdə alternativ müstəvi yaratsa da əsas
rolu hələ də televiziyalar tutur. Televiziyalar cəmiyyətiçi ictimai
münasibətlərin tənzimlənməsini ən asan həyata keçirən vasitədir.
Televiziya aydınlığa da çıxarır, qaranlığa da qərq edir
Vətəndaşlarını sevən,
qayğısına qalan, onu dövlətin ən zəngin resursu hesab edən demokratik ölkələrin
televiziyaları ilə, avtoritar ölkələrin televiziyaları arasında çox ciddi fərq
var. Demokratik ölkələrin bütün televiziyaları geniş proqram və yayım
azadlığına sahibdir. Xüsusilə də ictimai televiziyaları alternativ fikrin, siyasi
pülüralizmin, ictimai nəzarətin, sosial münasibətlərin, elmin, inkişafın, fərdi
və kollektiv təşəbbüskarlığın dəstəklənməsi misiyasını daşıyaraq topluma
həmrəylik gətirir. Körpə uşaqlardan tutmuş ahıl yaşda olan hər kəsin mənafeni
qoruyan, sosial-siyasi statusundan aslı olmayaraq bütün insanların üzünə açıq
olan həqiqi bir ictimai tribunadır.
Avtoritar rejimlərin bütün televiziyaları
isə vahid sosial-siyasi məngənədədir. Davamlı olaraq vətəndaşlarda hakimiyyətə
itaət, qorxu, acizlik, tənbəllik, güvənsizlik, savadsızlıq, yüngül həyat tərzi,
əyləncə aşılayır. Belə toplumlar nəhəng televiziya terrorunun qurbanları hesab
edilə bilər. Davamlı olaraq insan beyninə təlqin olunan təbliğat xarakterli
informasiyalar onların şüuraltında yeni bir insan yaradır. Tədqiqatlar göstərir
ki, 30-50 illik bir dönəmdə ardıcıl olaraq “teleterror” təbliğatının qurbanı
olan insanlar öncəki nəsllərindən tamamilə fərqlənir. Belə toplumu dünyadan təcrid
edərək istənilən düşüncəni beyninə hopdurmaq olur. Dünyada belə nümunələr var
və artıq avtoritar rejimlər belə bir toplumu yarada biliblər. Televiziya nə
qədər ideal alət olsa da onu əlində istifadə edənlərin məqsədinə xidmət etməsi ilə fərqlənir.
Hansısa toplumun önündə yeni üfüqlər açır, hansısa toplumu qaranlığa qərq edir.
Ölkə televiziyaları bizi hara aparır?
Aydındır ki, televiziyalar
hələ də hər kəsin ən asan çata bildiyi informasiya qaynağıdır və çoxmilyonlu
seyriçi auditoriyası var. Sağlam dövlət-vətəndaş münasibətlərinin hökm sürdüyü
ölkələrdə televiziyaların əsas məqsədi reklam və ticarət, qeyri-azad ölkələrdə
isə kütləyə yönəlik təbliğatdır. Odur ki, azad, şəffaf və rəqabətli toplumu özü
üçün təhlükə hesab edən bütün antidemokratik rejimlər kimi, bizim hökumət də
televiziyaları bütövlükdə inhisarına alıb. Ölkə televiziyaları azad sözün,
fikrin, yeni ideyaların üzünə tamamilə qapalıdır. Xüsusilə də fəaliyyəti ayrıca
qanunla tənzimlənən ictimai və dövlət televiziyasının indiki durumu sovet
dövründə sosialist təbliğatı ilə məşğul olan televiziyaları xatırladır. "İctimai
yayım haqqında" qanunda təsbit olunsa da televiziyanın balanslılıq, siyasi
plüralizm kimi təməl prinsiplərini hakimiyyət elə başlanğıcdaca boğmağa nail olub.
Səthi monitorinqlər aparmaqla
televiziyaların xəbərlər və digər proqram siyasətində qeyri-peşəkarlıqdan doğan
çox ciddi qüsurlarla yanaşı, həm də məqsədyönlü təbliğat ruporuna çevrilməsini
də müşahidə etmək mümkündür. Xəbər proqramlarını izləyən seyriçilərin ilk
dəqiqələrdə eşitdiyi xəbərlər yalnız hakimiyyətin tərifi və övgüsündən ibarət
olur. Bütün metodlarla iqtidarın əndazəsini aşan təbliğatı ilə qarşı-qarşıya
qalırsan. Xəbər sonluqları isə yalnız dünyada, xüsusilə də Avropada baş verən
qəzalar, terrorlar, dağıntılar, yanğınlar, amansız cinayətlər, qarşıdurmalar və
digər neqativ hadisələri topluma təqdim etməkdən ibarətdir. Ölkə TV-lərini
izləyərkən bir anlıq düşünürsən ki, deyəsən elə dünyanın ən ideal ölkəsi Rusiya
və Azərbaycandır. Başqa ölkələrdən, əsasən də demokratik toplumlardan
götürüləcək heç bir müsbət nümunə yoxdur. Digər proqramlar da hakimiyyətin alternativsizliyini,
“humanizmini”, siyasətini təbliğ etmək və məişət səviyyəsində ucuz əyləncələrdən
ibarətdir. TV ekranlarından müxtəlif üsullarla daim seyriçilərə təqdim edilən
simalar da əsasən əxlaq, savad, şəxsiyyət baxımından topluma müsbət nümunə ola
bilməyən insanlardan seçilir. Cüzi istisnalar olsa da, ya hakimiyyətin təbliğat
maşınında rol alan, ya da müxalifətə qarşı kəskin mövqeyi olan şəxslər topluma
təqdim edilir. TV-lərin yayım siyasəti toplumu qaranlığa, itaətə, çarəsizliyə,
hərəkətsizliyə doğru proqramlaşdırır. Belə təbliğatın yaratdığı psixoloji
effektdən toplumu uzun müddət xilas etmək olmur. Adətən qeyri-azad dövlətlərin
vətəndaşları edamını gözləyən məhkumlar kimidir. Tədqiqatlar sübut edir ki, TV
vasitəsilə uzun müddətli təbliğat topluma mənəvi terror edir.
Ölkəmizdə təməl hüquq və
azadlıqların maarifləndirilməsi, ictimai-siyasi mövzularda debatların,
diskussiyaların təşkili, müstəqil və müxalif fikirlərə efir məkanı tam senzura
altındadır. Müşahidələrimizə əsasən deyə bilərik ki, TV-lər əhalinin şüuraltına
qorxu və itaət aşılamağa qismən də olsa nail ola biliblər. İnternet
resurslarının, xüsusilə də sosial şəbəkələrin geniş yayılması toplumun qarşısında
yeni alternativ informasiya qaynaqlarının açılmasına imkan yaradıb. Hökumət isə
ictimai rəy üzərində TV-lərin monopoliyasını saxlamaq üçün internetin ölkədə
yayılmasına qarşı da önləyici addımlar atır. Ölkə internet infrastrukturuna
2015-cü ildə təxminən 150 milyon dollarlıq kapital qoyulması planlaşdırılırsa
da, bütün kəndələrə fiber optik kabel çəkilməsi və sürətli internetin hər yerə
çatdırılması nəzərdə tutulsa da məlum olmayan səbəbdən bu plan həyata
keçirilmədi. Həmin vəsaitin xərclənmədən saxlanmasına qərar verildi.
“Teleterror” dan qurtulmaq
üçün internet resurslarının imkan verdiyi fürsətdən yararlanaraq mütləq
alternativ xəbər qaynaqlarına müraciət edilməlidir. İnternet çıxışı olan toplum
televiziyaların təqdim etdiyi məlumatların həqiqəti əks etdirmədiyini çox yaxşı
anlayır və rəsmi məlumatlara artıq etibar etmir. Bu halın davam etməsi mütləq
yeni ictimai-siyasi təşəbbüslərə meydan yaradacaq. Hakimiyyət nümayəndələri
təxirə salınmadan TV məkanını liberallaşdırmasa, efir məkanını alternativ fikrə
açmasa özü də ciddi problemlərlə qarşılaşacaq.
Meydan TV: https://www.meydan.tv/az/site/politics/12613/''Teleterror''-t%C9%99hl%C3%BCk%C9%99si.htm
YanıtlaSilXural qəzeti: http://www.xural.com/?p=33049
YanıtlaSilArqument.az: http://arqument.az/az/teleterror-toplumu-qaranla-aparr/#.VuK7wJyLTIW
YanıtlaSilMilletinsesi.info: http://milletinsesi.info/index.php?newsid=7846
YanıtlaSilGozetci.az: http://gozetci.az/article/index/5462
YanıtlaSilhttp://www.ps-nota.com/archives/3195
YanıtlaSilƏla yazıdır!
YanıtlaSil