Cəbhənin Ağdərə-Tərtər-Ağdam istiqamətindən təmas xəttində baş verən irimiqyaslı, çoxsaylı itkilərlə nəticələnən lokal hərbi toqquşma bir anda ölkəni və beynəlxalq ictimaiyyəti silkələdi.
Rəsmi məlumatlara əsasən, bu döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub, 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub, 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb, mülki şəxslər arasında ölənlər və yaralananlar var. Qarşı tərəfin də onlarla hərbi texnikası və yüzdən çox canlı qüvvəsinin məhv edildiyi, bəzi ərazilərin düşməndən təmizləndiyi Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.
Qeyri rəsmi mənbələrin və qarşı tərəfin yaydığı məlumatlarda isə itkilərimizin rəsmi göstərilənlərdən xeyli çox olması iddiasıdır. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyir, onların doğmalarına və yaxınlarına baş sağlığı veririk.
Konkret olaraq bu irimiqyaslı toqquşmanı hərbi nöqteyi-nəzərdən təhlil edəcək qədər məlumata sahib olmadığımızdan, məsələni peşəkar şərhlər üçün hərbi ekspertlərin öhdəsinə buraxaq. Fürsətdən istifadə edərək qeyd edək ki, son vaxtlar hərbi xarakterli hətta açıq məlumatlar da ucdantutma məxfi saxlanıldığı üçün bir çox suallara dəqiq cavab tapmaq mümkün olmur. Həmin gecə nə baş verdiyini, necə baş verdiyini, öncə kimin hansı şəraitdə hücum etdiyini, əsgərlərimizin harada və necə şəhid olduğunu dəqiq bilmədiyimiz üçün bu barədə fikir bildirməyi də doğru saymırıq. Həmçinin, tankın və döyüş helikopterinin hansı ərazidə necə vurulması, əməliyyat uçuşlarına neçə helikopterin cəlb edilməsi və vurulduqdan sonra hansı əraziyə düşməsi, şəhid olan pilotlarımızın cəsədləri ilə bağlı rəsmi məlumatların olmaması da bu mövzuda açıq müzakirəyə imkan vermir. Bəzi mənbələrdən əldə etdiyimiz məlumatların təhlilinə əsasən ilkin qənaətimiz bundan ibarətdir ki, təxribatlar qarşı tərəfdən edilib və Silahlı Qüvvələrimizin öncədən genişmiqyaslı hərbi əməliyyatlarla bağlı hazırlığı olmayıb. Elə Müdafiə Nazirliyinin də ilk rəsmi mövqeyi belədir. Amma nədənsə həm tankların, həm də helikopterlərin belə lokal əməliyyata cəlb edilməsi zərurəti yaranıb. Müşahidə etdiyimiz ləng və çaşqın informasiya siyasəti də bunu açıq təsdiq edirdi ki, əməliyyat gözlənilməz olub.
Müasir dövrün tələblərinə əsasən informasiya müharibəsi hərbi toqquşmalardan heç də az əhəmiyyət kəsb etmir. Təəssüflə qeyd etməliyik ki, bu istiqamətdə həmişə olduğu kimi düşmən tərəfinə xeyli uduzuruq. Müqayisə üçün deyə bilərik ki, cəbhə bölgəsindən yayılan ilk rəsmi məlumatların əksəriyyəti şəkil və video görüntü ilə təsdiqlənmədiyi halda, erməni tərəfi çoxsaylı belə görüntülərlə informasiya mühitinə təsir göstərdi. Olaylarla bağlı inandırıcı informasiya yaymaqda çox ləng qalan rəsmi strukturlar özlərinə olan etimadı ciddi şəkildə zədələyir. Gün ərzində helikopterin vurulmasını həm təkzib, həm də təsdiq edəcək qədər ziddiyyət nümayiş etdirildi. Düşmən tərəfin şişirdilmiş məlumatları ilə ölkə tam tanış olduqdan sonra şəhid və yaralılar haqqında, vurulan hərbi texnikalar barəsində informasiyaların yayılması olduqca pis göstəricidir. Müdafiə Nazirliyinin müvafiq qurumları ölkə daxilində yayılan hərbi xarakterli informasiyalara qadağalar tətbiq etməyə deyil, etimad göstərilən müstəqil medianın obyektiv və operativ xəbərlər hazırlamasına şərait yaratmalıdır. Yayılan rəsmi məlumatların şəkil və video görüntü ilə dəstəklənməsi peşəkarlıqla yanaşı, həm də toplumda ruh yüksəkliyini, orduda döyüş əzminin artmasına ciddi təkan ola bilər.
Konkret olaraq ilk atəşi kimin, hansı şəraitdə açmasından asılı olmayaraq, Azərbaycan tərəfinin atdığı heç bir cavab addımları onu haqsız göstərə bilməz. Azərbaycan faktiki olaraq ərazisi işğalda olan, əhalisi köçkün düşən, mövqeləri hər gün atəş altında qalan tərəf kimi beynəlxalq hüquqa istinad edərək hərbi əməliyyatlara başlamaq haqqına sahibdir. İstənilən əlverişli an bu hüququn gerçəkləşdirilməsi vacibdir və yəqin ki, nə zamansa gerçəkləşdiriləcəkdir.
Son vaxtlar dünyada baş verən qlobal münaqişələr fonunda Ermənistan-Azərbaycan arasındakı hərbi-siyasi gərginlik arxa plana keçsə də, hər zaman alovlanma ehtimalını saxlayırdı. Təhlillər göstərirdi ki, Rusiya Suriyada uzun müddət qalmağın ona baha başa gəldiyini anlayır və Qafqazda daha da möhkəmlənmək üçün yeni cəhdlər edəcək. Bu məqsədlə mövcud hərbi münaqişələrin yenidən qızışdırılacağı da istisna deyildi. Qərbin regionda fəallaşması açıq müstəviyə keçməmiş Rusiya burada təşəbbüsü tam ələ götürməyə cəhd edir. Hətta Ermənistanın da ondan uzaqlaşması təhlükəsini hesablayan Rusiya, indiki halda qızışmaqda olan müharibədən ən çox faydalanmaq arzusundadır. Ermənistan və Azərbaycan hakimiyyətlərində çox güclü təsir riçaqlarına sahib olan Rusiya, bu dövlətlərin daxili və xarici siyasətlərinə təsiri tam olaraq əlində saxlamağa və çoxtərəfli strateji uduş əldə etməyə çalışır. Hər iki tərəfdə onun strateji maraqları naminə əmr gözləyən güclü qüvvələr mövcuddur.
Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da keçirdiyi yüksək səviyyəli görüşlərin şimal qonşumuzun narahatlığını xeyli artıracağını gözləyirdik. Məhz Qarabağ ətrafında yaranmış bu gərginliyin ssenarisi şübhə yox ki, Rusiyada hazırlanıb və onun tərəfindən istiqamətləndirilir. Hərbi əməliyyatlarla bağlı Ermənistan mediasının da, cəmiyyətinin də hökumətinin də hazırlıqsız olduğu və təşviş keçirdiyi görünür. Həmçinin eyni hal Azərbaycan tərəfində də yaşanır. Nə düşünülmüş hazır rəsmi informasiya siyasəti var, nə də cəbhəyanı bölgədə dinc sakinlərin təhlükəsizliyini təmin etmək istiqamətində məqsədyönlü addımlar atılıb. Qarabağın erməni əhalisi Ermənistana doğru, Azərbaycanın cəbhəyanı ərazidə məskunlaşan əhalisi isə təşviş içərisində və pərakəndə halda ölkə daxilinə doğru qaçmağa çalışır. Yalnız Rusiya mətbuatı və rəsmi qurumları çox hazırlıqlı davranır, sanki öncədən proseslərin necə olacağını bilirmişlər və əllərində hazır "konspektlər" var. Çox güman ki, Rusiya ABŞ da səfərdə olan Azərbaycan və Ermənistan prezidentlərinə özünəməxsus mesaj verir. Hər halda bu gün Rusiyanın yüksək rütbəli nümayəndələrinin səfərlərindən sonra olaylar yəqin ki aydınlığa qovuşacaq. Müzakirələrin nəticəsi olaraq ya hərbi vəziyyət tam sabitləşəcək, ya da daha da qızışaraq yeni mərhələyə keçəcək.
Atəşkəsin belə iri miqyasda pozulması çoxsaylı itkilərlə müşayiət olunsa da, bir çox məsələyə aydınlıq gətirməsi baxımından əhəmiyyətli oldu. İlk növbədə beynəlxalq arenada ölkəmizə verilən siyasi dəstəyin müsbət istiqamətdə olduğunu müşahidə etdik. Rusiya və İran ənənəvi müttəfiqlərinə sadiq qalsa da, Azərbaycanın haqq işinə Qərbin siyasi dəstəyinin davam etdiyini gördük. Hökumətin anti-qərb siyasəti isti münasibətlərə müəyyən qədər kölgə salsa da, ümummilli problemlərimizin həllində qərbin dəstəyi əlverişli beynəlxalq durum yaradıb.
Hökumət ölkədaxili siyasətdə bütün repressiv metodlarla müxalifət və müstəqil şəxslərə qarşı əzici fəaliyyət sərgiləsə də, ümummilli məsələdə qarşı tərəfin yanaşması toplumda rəğbətlə qarşılandı. Hərbi toqquşmaların gücləndiyi bir vaxt da müxalifətin bütün siyasi tənqidləri dayandırması ölkənin mənafeyi baxımından çox əhəmiyyətli olmaqla yanaşı, həm də müxalifətin daha yetkin və məsuliyyətli olduğunu sərgilədi. Döyüş şəraitində Silahlı Qüvvələrə toplumun bütün kəsimindən açıq dəstək ifadə olunması dövlət ənənəsinə xeyli müsbət nümunə yaratdı.
Silahlı Qüvvələrimizin şəxsi heyəti də ilk sınaqdan üzüağ çıxa bildi. Döyüş tapşırıqları uğurla nəticələndi və orduda əhval-ruhiyyə xeyli yüksəkdir. İlk nəticələr təhlil edilərək strateji hazırlıq aparılmalıdır. Qənaət budur ki, ölkə əhalisi torpaqların azad edilməsini istəyir, ordu lokal döyüşlərə hazırlıqlıdır, müxalifət isə siyasi iddialarını ertələməyə hazırdır. İndi son söz və siyasi iradə hökumətindir.
Azərbaycan hökuməti yaranmış daxili həmrəylikdən və hərbi üstünlükdən milli maraqlarımız baxımından maksimum yararlanmalı, torpaqlarımızın azad edilməsi uğrunda gerçək və intizamlı bir hərəkata başlamalıdır. Həmçinin, uğurlu nəticə istəyiriksə, siyasi əqidəsinə görə qondarma ittihamlarla həbsə məhkum edilmiş şəxslər azad olunmalı, vətəndaşların təməl hüquqlarına hörmət qoyulması istiqamətində islahatlara qərar verilməli və ölkənin demokratikləşməsinə keçid edilməlidir. Azərbaycan Silahlı Qüvvələrin atəşi birtərəfli qaydada dayandırması barədə bəyanatı siyasi gediş kimi qəbul edilən olsa da, işğal olunmuş ərazilərimizin təmizlənməsi yönündə əməli fəaliyyətlərə əngəl olmamalı və əməliyyatlar genişlənməlidir.
4 aprel 2016-cı il.
https://www.meydan.tv/az/site/politics/13299/
YanıtlaSilhttp://milletinsesi.info/index.php?newsid=8947
YanıtlaSil